Ağrılı həyatın sağlam və işıqlı izləri
XALQ YAZIÇISI ƏNVƏR MƏMMƏDXANLI
100 İLLİYİNDƏ EHTİRAMLA YAD EDİLDİ
Aprelin
22-də Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrında Xalq yazıçısı, görkəmli
nasir, dramaturq, ssenarist, tərcüməçi
Ənvər Məmmədxanlının
anadan olmasının
100 illiyinə həsr
edilmiş yubiley gecəsi keçirildi.
Ənvər Məmmədxanlı Azərbaycan
bədii nəsrinin, dramaturgiyasının, kinosunun
inkişafında böyük
xidməti olan yazıçılarımızdan biridir. Onun yaradıcılığı ənənəvi sovet nəsri ilə yeni nəsrə keçiddə istər mövzu, istər ideya, istərsə də dil baxımından
körpü rolunu oynayıb. Yazıçının
“Qızıl qönçələr”,
“Karvan dayandı”, “Buz heykəl” kimi hekayələri, “Babək” romanı Azərbaycan bədii nəsrinin klassik nümunələri sırasındadır.
Yazıçının ssenariləri
əsasında ekranlaşdırılan
“Fətəli xan”, “Bəxtiyar”, “Leyli və Məcnun”, xüsusilə də, “Babək” filmləri kinomuzun qızıl fonduna daxil olub.
Yaradıcılığının başlanğıc dövrü Stalin repressiyası
dönəminə təsadüf
edən Ənvər Məmmədxanlının həyatı
olduqca ağır sınaqlardan keçib.
Lakin o, bu sınaqlardan üzüağ çıxıb,
hələ sağlığında
ədəbiyyatımızın vicdanı, şərəfi,
ləyaqəti adlarını
qazanıb. Onun yaradıcılığı,
şəxsiyyəti, həyatı
hər kəs üçün bir örnəkdir.
Yubileyi giriş sözü ilə açan Atatürk Mərkəzinin
sədri, Millət vəkili, AMEA-nın müxbir üzvü Nizami Cəfərov yazıçının həyat
və yaradıcılığı
haqqında qısa, lakin dolğun məlumat verdi:
“Ənvər Məmmədxanlı
Göyçayda anadan
olub və gəncliyinin çox hissəsi orda keçib. Onun sonrakı həyatı
isə Bakıyla bağlıdır. Ənvər Məmmədxanlı
texniki ixtisas almışdır, əsas
peşəsi elektriklə
– işıqla bağlıdır.
Elə Ənvər adının mənası da işıq deməkdir.
“Buz heykəl”dən
başlamış “Şərqin
səhərinə” qədər
biz onun yaradıcılığında
bu işığı
görürük. Vaxtilə Nazim
Hikmət ona deyirdi ki, sən
əsərlərində nəyisə
gizlədə bilirsən.
Onun əsərlərinin alt qatında
böyük mənalar
dururdu. O, nəsrdə
şair idi və istənilən əsərində mətnin
poeziyasını, ruhun
poeziyasını görmək
olar. Ənvər Məmmədxanlı Moskvada təhsil alıb, professional kino-dramaturqdu.
O, İkinci Dünya müharibəsində iştirak
edib. İstər hərbçi, istərsə
də jurnalist kimi fəaliyyətində
ən mürəkkəb
dövrü Cənubi
Azərbaycanla bağlıdır.
Onun Cənubi Azərbaycana dair çoxlu xatirələri var. Ssenarist
kimi isə o, bu gün populyar
olan bir çox kinoların yaradıcısıdır. Onu tanıyanlar yaxşı bilirlər ki, Ənvər Məmmədxanlı
dəqiq elmləri yüksək səviyyədə
bilirdi. O, keçmişlə
bağlı xatirələrdən
həmişə riyazi
dəqiqliklə danışardı.
Onun tərcümeyi-halını izah
etmək üçün
Anarın yazıçının
özündən sitat
gətirdiyi və həyatı boyu həmişə təkrar
etdiyi ifadəni nümunə göstərmək
olar. O, həmişə
deyirmiş ki, həyatım
ağrıyır. İnsanın bədəni ağrıyar,
ruhu ağrıyar, amma 1913-cü ildən
1990-cı ilə qədər
davam edən uzun bir ömrün
ağrıması nadir hadisədir.
Ənvər Məmmədxanlı həm də yaxşı tərcüməçi
idi. Onun yazıçı istedadı və mədəniyyəti dilə
münasibətdən başlayır.
Onun təqdimində ana dili olduğu gücdə görünür,
belə bir dilin daşıycısı
kimi qürrələnirsən.
Təkcə dili yox, ifadə etdiyi həyat fakturası da belədir. Maksim Qorkidən etdiyi tərcümələr onun
dilimizin ustası olduğunun bir daha sübutudur.
Cənab
Prezidentin onunla bağlı sərəncamından
bir sitat olduqca yerinə düşür: təravətli
bir yaradıcılıq.
Doğrudan da onun həm məzmununa, həm dilinə, həm də düşüncə tərzinə
görə təravətli
bir yaradıcılığı
var. O, həqiqətən ədəbiyyatımızın
tarixində çox böyük sənətkarlarla
birlikdə böyük
bir yer tutur”.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı
Anar Ənvər Məmmədxanlı ilə
bağlı xatirələrini
bölüşdü: “İlk
dəfədir ki, Ənvər Məmmədxanlının
geniş yubileyi keçirilir. Nə sağlığında, nə də ölümündən sonra
belə geniş yubileyi keçirilməyib.
Mən cənab prezidentə təşəkkür edirəm
ki, onun yubileyinin keçirilməsi
haqqında sərəncam
verib, Mədəniyyət
Nazirliyinə təşəkkürümü
bildirirəm ki, bu tədbiri təşkil ediblər.
Uşaqlıqdan Ənvər Məmmədxanlını
əmim kimi qəbul eləmişəm.
O, şən məclislərdə
birdən gözlərini
yumardı, fikrə dalardı, elə bil başqa bir aləmə köçərdi. Və biz nə
olduğunu soruşanda
deyərdi ki, həyatım ağrıyır.
Mən elə bilirdim ki, bu, gəlişigözəl
bir sözdür.
Sonra onun tərcümeyi-halı ilə
tanış olduqdan sonra başa düşdüm ki, bu sözün
arxasında ağrılı
bir həyat, ağrılı bir ömür dayanır. Həmçinin onun atası Qafar Məmmədxanlının,
kiçik qardaşı Niyazinin də həyatı
ağır keçmişdi. O vaxt “Şərqin səhəri”
pyesinə dövlət mükafatı vermişdilər. Rejissor, rəssam, aktyorlar hamısı mükafat
almışdı, bircə müəllifdən başqa.
60-cı illərə qədər onu xaricə
buraxmırdılar. O, müharibənin
iştirakçısıydı, Cənubi Azərbaycanda
olmuşdu. Cənubi Azərbaycan həyatından
“Od içində” adlı pyes də yazmışdı. Bu əsər də başıbəlalı olub.
Yadımdadı ki, bizi tamaşaya dəvət eləmişdi,
gedib gördük ki, teatrın qapısı
bağlıdır. Məlum oldu ki,
tamaşanı qadağan ediblər. Lakin o,
bütün bu çətinliklərə dəyanətlə
dözürdü, çünki ləyaqətli insan idi.
Amma onun həyatında çətinliklərlə
yanaşı yumor da olub, zarafat da. O, Mehdi Hüseynlə
dost idi. Bir gün Ənvər Məmmədxanlı Mehdi
Hüseynə deyib ki, bu gecə yuxuda Qorkini görmüşəm,
mənə ağıllı bir söz deyib, indi, səncə,
mən bunu yazsam, Qorkinin adından yazım, yoxsa öz adımdan?”
Alqışlarla
qarşılanan bu sözlərinin yubiley gecəsindəkiləri
güldürməsinə baxmayaraq,
çıxışının sonunda qəhərləndiyi
hiss olunan Anar
müəllim tamaşaçıları kövrəltdi:
“O vəfat edəndə mən Moskvada idim. Zəng
edib dedilər, həmin gün gəldim Bakıya. Son
günlər deyirmiş ki, Anarı görmək istəyirəm,
ona deyiləsi sözüm var. Nə deyəcəkdi, bilmirəm...
Bəlkə də, deyəcəkdi ki, həyatım
ağrıyır”.
Daha sonra
Bakı Slavyan Universitetinin rektoru, yazıçı Kamal
Abdulla çıxış etdi: “Ənvər Məmmədxanlı
Azərbaycan mədəniyyət tarixinə adı
yazılmış şəxsiyyətlərdəndir. Gənc
olsam da, ömrünün son beş ilində
onunla yaxından tanış olmaq xoşbəxtliyi mənə
nəsib olmuşdu. Tək mən deyildim, bir
sıra adamlar vardı, əsas da bizim gözəl şairimiz
Vaqif Bayatlı. Biz üçümüz
tez-tez görüşürdük. O görüşlərdə
elə bil biz dərs keçirdik, məktəb keçirdik.
O, böyük və mürəkkəb həqiqətləri
adi məxrəclərə gətirə bilirdi. O, insan
haqqında heç vaxt birmənalı danışmazdı. Qara-ağ rənglər yoxuydu onun üçün,
bəlkələr deyilən, yəqinlər deyilən,
gümankilərdən ibarət bir müstəvi vardı.
Və bu müstəvidə o, nəinki öz həqiqətini,
həm də obyektiv münasibəti əks etdirərdi. Ənvər Məmmədxanlının televiziya ilə
qətiyyən arası yoxuydu. Televiziya
işçiləri həsrətində idi ki, Ənvər
müəllim gəlib onun verilişində iştirak eləsin.
Bir gün Ənvər Məmmədxanlını verilişə
gətirəcəyimi dedim, heç kim buna
inanmadı. Onun bizim verilişimizə gəlməyini
böyük zəfər hesab edirəm. Həmin
verilişdə unudulmuş, ömrünü bu yolda fəda
etmiş adamların adları çəkildi. Çəkiliş
bitəndə yuxarıdakı işıqlar yandı və mən
gözümü açıb gördüm ki, burda ən
azı əlli adam var. Onun televiziyaya gəlməyinə
inanmayan adamların hamısı əl çalırdı və
biz onu alqışlarla yola saldıq. O, Azərbaycan ədəbiyyatının
sonuncu mogikanlarından idi. Allah ona rəhmət
eləsin”.
Yubiley gecəsində
yazıçının ssenari müəllifi olduğu “Bəxtiyar”,
“Babək”, “Fətəli xan”, “Leyli və Məcnun” kino-filmlərindən
fraqmentlər göstərildi. Gülyaz və
Gülyanaq Məmmədova bacılarının “Bəxtiyar”
filmindən Hüseynova bacılarının
mahnısını böyük şövq və ustalıqla
oxuması məclis iştirakçılarına şən
ovqat bəxş etdi.
Yazıçının
“Şərqin səhəri” dramı və “Leyli və Məcnun”
kino-dastanından səhnələşdirilən epizodlar, eləcə
də tanınmış müğənnilər Lalə Məmmədova
və İlkin Əhmədovun “Leyli və Məcnun”
operasından ifa etdikləri parçalar yubiley gecəsinə
teatrallıq və həzin aura verdi.
Tədbirin ən təsirli hissələrindən biri də
tanınmış qiraət ustası, Əməkdar artist Azad
Şükürovun yazıçının “Buz heykəl”
hekayəsini oxuması oldu. A.Şükürovun bəzən
lirik, bəzən də dramatik ladlara söykənən və
möhtəşəm final akkorduyla bitən qiraəti zalı
həm kövrəltdi, həm də ruhlandırdı və
tamaşaçıların gurultulu alqışlarına səbəb
oldu. Tədbirin sonunda Anar müəllimin Ənvər Məmmədxanlıya
həsr etdiyi şeir, Qılman İlkin, Fikrət Qoca, Ramiz
Rövşən, Sabir Rüstəmxanlı, Kamal Abdullanın
yazıçı haqqında fikirlərindən parçalar
aktyorların ifasında səsləndi. Təsirli və mənalı
yubiley gecəsi yazıçının öz sözləri
ilə başa çatdı: “Mən də bu yolu seçdim. Bircə onu bilirəm ki, bu yolun sonunda işıq
var. Mən o işığa üz tutub getdim.”
Ramil Əhməd
525-ci qəzet.-
2013.- 24 aprel.- S.7.