Təzəpir məscidi: dini-ruhani
ocaq, milli mənəviyyat
abidəsi və parlaq memarlıq əsəri
kimi
(davamı)
XIV əsrdə
yaşamış Əbu Səid Abdal həzrətlərinin tərcümeyi-halından
məlum olur ki, o, İmam Museyi Kazımın Bakıya pənah
gətirmiş qızı həzrət Hökumə xanım
ilə eyni soydan olmuşdur. Çünki
Şirvanşahların iqamətgahından kənarda
yaşayan Əbu Səid diqqəti cəlb etməmək və
nəzarətdən yayınmaq üçün
özünü dərviş adlandırırdı və
tezliklə onun ətrafına toplaşanların
mürşidinə çevrilmişdi.
Tarixən
dərviş sözü farsca olub qapı-qapı dolaşan,
dilənçi mənasında işlənir. İslam ölkələrində
isə bu söz təriqət adamı, təriqətə mənsub
olmaq mənasında işlənir. Oturaq həyat keçirən
dərvişlərlə yanaşı, onların müsafir həyatı
sürən abdal-qələndər qolları da var idi. Abdal-qələndərlər
də daimi yaşayış yerləri ilə bağlı
adamlar idi. Ancaq zaman-zaman mahal və vilayətləri, hətta
ölkələri təriqət, yəni yol adamı kimi
dolaşmalı, təriqətin ideyalarını insanlara yetirməli
idilər. XIV əsrdə dərviş icmaları, xüsusilə
abdal-qələndər dərvişlər Ərdəbil əyalətində
və Şərqi Anadoluda böyük nüfuz
qazanmışdılar.
Mənbələrdən
məlum olur ki, Hülaki xanın nəvəsi Olcaytu Məhəmməd
Xudabəndə Əbu Səidin şöhrətini eşidərək
onun görüşünə gəlmişdir. Əbu Səidin
fəzilətindən təsirlənən Məhəmməd
Xudabəndə onunla qardaşlıq əhdi bağlamaqla
özünü onun muridi elan edir. Şirvanşah I Xəlilullahın
və ülamə Seyyid Yəhya Şirvani Bakuvinin müasiri
olan Əbu Səid alim və xeyriyyəçi kimi məşhurlaşsa
da, sarayla əlaqə saxlamırdı. Şirvanşahlar
sarayı ilə əlaqə saxlamasa da, Şirvanda böyük
hörmət sahibi olan Əbu Səid vəfat etdikdə
xüsusi hal kimi öz evində dəfn edilir və qəbrinin
üzərində türbə inşa edilir.
Sağlığında xalqın böyük hörmətini
qazanan Əbu Səid vəfat etdikdən sonra da dindarların və
naumidlərin yadından çıxmır. Xalq bu yerə pir –
ocaq kimi ibadət etməyə
başlayır, xəstələr şəfa,
mömünlər nicat tapmağa gəlir. Beləliklə,
Pirin yerləşdiyi məkan XIX əsrin ortalarına qədər
“Xəlfədəm” adı ilə tanınmış və
sonralar Təzəpir məscidi də bu ərazidə inşa
edilmişdir.
Başqa
bir tarixi sənəddə qeyd olunur ki, Bakı şəhərinin
əhalisi çoxaldıqca əhalinin bir hissəsi tədricən
şəhərin bayırında evlər və daha sonralar məhəllələr
salmağa başladılar. İçərişəhərdən
bir qədər yuxarı, indiki Təzəpir küçəsində
təzə evə köçən bir nəfər
özünə su quyusu qazdığı zaman yerin altından
bir tikili və tikilinin içindən bir qəbr
çıxmışdır. Əhalinin həssas təbəqəsi
bu ərazini ziyarətgah kimi qəbul etmiş və ona Təzəpir
adını qoymuşdular. Bakıdan və ətraf ərazilərdən
Pirə ziyarətə gələnlərin sayı çox
olduğundan Şeyx Əbu Səid adlı bir varlı dindar
köhnə Türbənin içərisində kiçik məscid
tikdirərək ətrafını hasarlayır. Beləliklə,
bu yeni tikili el arasında Təzəpir adlandırılmağa
başlayır.
Bakı
əhalisinin ən böyük problemlərindən biri
içməli su ilə bağlı idi. Təzəpirdə
içməli su quyularının olması əhalinin
buranı ilin hər fəslində ziyarət etməsi
üçün şərait yaradırdı. Bakıda əhalinin
artması və ziyarətə gələnlərin sayı
çoxaldığı üçün şəhər əsilzadələri
bu ziyarətgahı təmir etməyi və genişləndirməyi
özləri üçün böyük şərəf sayırdılar.
Rusiya
imperatoru I Pyotrun 1722-1723-cü illərdə Xəzər
yürüşü zamanı Bakı şəhəri ruslar tərəfindən
işğal olundu. I Pyotr rusların Bakıda möhkəmlənməsini
təmin etmək üçün şəhərə ermənilərin
və kalmıkların köçürülməsi
haqqında qərar verdi. I Pyotr müsəlman əhalisinin rəğbətini
qazanmaq üçün bildirirdi ki, o, İran
şahının dostu olduğu üçün burada
yaşayan müsəlmanların xahişlərinə də
böyük hörmətlə yanaşacaqdır. Əgər
müsəlman əhalisinin müqəddəs tikililərlə
bağlı bir xahişi varsa, onu yerinə yetirməyə
hazırdır. I Pyotr bu barədə Xəzər
yürüşünü həyata keçirən general
Matyuşkinə yazırdı ki, müsəlmanların ən
kiçik xahişini nəzərdən qaçırma. Əks
təqdirdə, biz orada xristian əhalisinin yerləşdirilməsində
çətinliklərlə üzləşməli
olacağıq. Çalış, müsəlmanların dini
ocaqlarının bir neçəsini abadlaşdır. Müsəlmanların
etimadını qazanandan sonra xristian tikililərinə rahat
başlamaq olar.
Sənədlərdən
məlum olur ki, rusların Xəzər yürüşü
zamanı Təzəpirin təmiri ilə bağlı müəyyən
işlər görülmüşdür. Çünki
Bakı şəhərinə komendant təyin olunan knyaz
Baryatinski mərkəzə göndərdiyi raportunda
yazırdı ki, Bakı əsilzadələrini və qara
camaatı öz tərəfimizə çəkmək
üçün əlahəzrət imperatorun əmrinə tam
riayət edirik. Bakıda Təzəpir deyilən ibadət
yerinin təmirində iştirak etdik. Müsəlman əsilzadələri
bizim köməyimizdən istifadə etməyə
razılıq versələr də, bizim orada şəxsən
iştirak etməyimizi qəbul etmədilər. Hər halda belə
bir iştirak da bizi qane edir.
1806-cı
ilin əvvəllərində Qafqazda rus qoşunlarının
komandanı general Sisianov qurudan Bakı şəhərinə
yaxınlaşdı. Sisianov Bakı xanlığının
Rusiya tabeliyinə keçməsi haqqında müqavilənin
layihəsini Bakı xanı Hüseynqulu xana göndərdi. Bu
layihəyə görə xanlığın ərazisi Rusiyaya
birləşdirilməli, xanlığın bütün gəlirləri
çar xəzinəsinə göndərilməli, xan isə
ildə on min manat məbləğində maaş almalı
idi. Hüseynqulu xan Sisianovun şərtlərini qəbul
etdiyini bildirdi. Eyni zamanda, Hüseynqulu xan təklif edirdi ki, o,
Sisianovla şəxsən görüşmək və Bakı
darvazasının açarlarını ona təqdim etmək
istəyir. Görüşün uğurla nəticələnəcəyinə
əmin olan Sisianov fevralın 8-də xanla görüşə
getdi. Hüseynqulu xan açarları ona təqdim edərkən
Sisianov xanın əmisi oğlu İbrahim bəy tərəfindən
öldürüldü.
Rus
qoşunları 1806-cı ilin oktyabrında Bakını
işğal edərkən Sisianovun ölümündə
günahkar bilinənlərə qarşı ən sərt cəza
tədbirlərini həyata keçirdilər. Rusların əlindən
canını qurtaran Hüseynqulu xanın kürəkəni
Qasım bəy bir müddət Təzəpir məscidində
və onun həndəvərində gizlənməli oldu.
Sisianovun ölümündə təqsiri
olmadığını sübuta yetirən Qasım bəy əhd
etdi ki, Təzəpir məscidini və Şeyx Əbusəidin
türbəsini təmir etdirəcəkdir.1813-cü ildə
Qasım bəy Bakı komendantı general Bulqakova Təzəpir
məscidinin təmir olunmasına icazə verilməsi ilə
bağlı müraciət etdi. Lakin Bulqakov Bakı xanı
Hüseynqulu xanın İrana qaçmasını və
Rusiyaya düşmən mövqeyində qalmasını əsas
gətirərək Qasım bəyə rədd cavabı verdi.
Qasım bəy ikinci dəfə Bakı camaatı adından
çar orqanlarına müraciət etdi. Uzun müzakirələrdən
sonra Qafqazın baş hakimi general A.Yermolov 1816-cı ildə
Qasım bəyin arzusuna müsbət cavab verdi. Beləliklə,
1817-ci ildə sonuncu Bakı xanı Hüseynqulu xanın
kürəkəni Qasım bəy Şeyx Əbu Səidin qəbrini
və Təzəpir məscidini əsaslı şəkildə
bərpa etdirməyə nail oldu.
1828-ci
ildə Şimali Azərbaycanın Rusiya tərəfindən
işğal olunmasından sonra Azərbaycanda, o cümlədən
Bakı şəhərində yerləşən dini abidələr,
o cümlədən məscidlər və pirlər çar
Rusiyasının sərt nəzarəti altına
düşdü. Çar hökuməti xristian amilini əsas
götürərək Tiflisi siyasi mərkəz seçdi və
Cənubi Qafqazın dini mərkəzi də bu şəhərə
köçürüldü.
1859-cu
ildə Şamaxıda baş verən zəlzələdən
sonra quberniya mərkəzi Bakıya köçdü. Bu zaman
Bakının şəhər əhalisinin sayı yeddi minə
yaxın idi. Şəhər əsasən Qala divarları
içərisində yerləşirdi. Küçələr
darısqal, evlər bir-iki mərtəbəli idi. Şəhərdə
diqqəti üç böyük bina – Təpədə
Şirvanşahlar sarayı, “Qoşa Qala qapısı” və
ya Şamaxı darvazaları yanında Bakı
xanlığının sarayı və əfsanəvi Qız
qalası cəlb edirdi. Bakı quberniya mərkəzinə
çevriləndən sonra əhalinin sayı sürətlə
artır, qalanın ətrafında, pərakəndə halda
olan xırda məhəllələrin arasında yeni, səliqəli
məhəllələr salınırdı. Şəhər
küçələri get-gedə qaydaya
düşürdü. 1870-ci ildən başlayaraq şəhərdə
inzibati və ictimai binaların sayı artmağa
başladı.
(Ardı var)
Anar İSGƏNDƏROV,
Tarix elmləri doktoru,
professor
525-ci qəzet.- 2013.- 24 aprel.- S.6.