Ədəbiyyat yaradıcısı, metodoloqu və təəssübkeşi

 

(Elçin – 70)

 

Azərbaycan ədəbiyyatının tarixində özünə möhkəm yer tutmuş, yaxud böyük mövqe qazanmış, az da olsa, elə şəxsiyyətlər var ki, onlar həm yaradıcı- sənətkar, həm metodoloq- mütəfəkkir və ya metodoloq- ideoloq, həm də ədəbiyyatın, xüsusilə milli ədəbiyyatın təəssübkeşidirlər. Mirzə Fətəli Axundzadədən başlayan bu estetik- intellektual ənənə- məktəbin davamını XX əsrin əvvəllərində, yeni tarixi şəraitdə (və fərqli tipologiyalarla!) Əli bəy Hüseynzadənin, Cəlil Məmmədquluzadənin, 30- cu illərdən tamamilə yeni tarixi şəraitdə isə Səməd Vurğunun, Mirzə İbrahimovun, Mehdi Hüseynin, Rəsul Rzanın... təcrübəsində görürük. Sosializm realizminin tənəzzülünün başlandığı XX əsrin ortalarından sonra milli ədəbiyyatı həm yaradanlar, həm onun metodologiyasının nədən ibarət olduğunu müzakirə edənlər, həm də təəssübbünü çəkənlər ayrı- ayrılıqda kifayət qədər çox olmuşdur. Ancaq bütün bunları öz fəaliyyətində bir küll (kompleks!) halında birləşdirən ən parlaq sima məhz Elçindir.

Bədii yaradıcılığa keçən əsrin 50- ci illərin sonu 60- cı illərin əvvəllərində başlayan (və ilk hekayələrindən etibarən öz yazıçı üslubunun konturlarını cızan!) Elçin “Azərbaycan bədii nəsri ədəbi tənqiddə (1945- 1965)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edəndə (1969) artıq hekayə və povestlərdən ibarət üç kitabın- “Min bir gecədən biri” (1966), “Açıq pəncərə” (1969) və “Sos”un (1969) müəllifi idi.

Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsində elmi işçi kimi çalışdığı illərdə peşəkar yazıçı olmaqla yanaşı, həm də peşəkar ədəbiyyat nəzəriyyəçisi idi. Və təsadüfi deyildi ki, Azərbaycan sovet ədəbi tənqidinə həsr olunmuş məqaləsi 1973- cü ildə məşhur “Drujba narodov” jurnalının “Ən yaxşı məqaləyə görə” mükafatına layiq görülmüşdü... Bununla belə, mənim fikrimcə, Elçinə tənqidçi- ədəbiyyatşünas nüfuzunu o zaman geniş maraq doğuran (və bugünə qədər intellektual- ideoloji təravətini itirməyən) “Tənqid və ədəbiyyatımızın problemləri” kitabı (1981) qazandırdı. Azərbaycan ədəbiyyatının təhlilində, ədəbi üslubların dəyərləndirilməsində və sənətkarlıq meyarlarının müəyyənləşdirilməsində tənqidin (və tənqidçinin) xidmətinin nədən ibarət olduğu barədə aydın elmi- estetik (metodoloji!) təsəvvür yaradan bu kitab çıxana qədər isə müəllifin ondan az populyar olmayan bədii kitabları – “Bu dünyada qatarlar gedər”, “Bir görüşün tarixçəsi”, “Povestlər” və s. nəşr olunmuş, ədəbi- ictimai mühitdə böyük rezonans doğurmuşdu.

Elçinin bu dünyaya birinci növbədə ədəbiyyatın yaradıcısı (yazıçı!), ya metodoloqu (ədəbiyyatşünas!) olaraq gəldiyi sualına cavab vermək çətindir... Bununla belə ümumi yaradıcılıq fenomenologiyası (metafizikası!) baxımından ədəbiyyatın yaradıcısı olmaq missiyası, nə qədər sadəlövh görünsə də, məncə, daha aparıcı mövqedədir...

... “Bülbülün nağılı” (1983), “Mahmud və Məryəm” (1983, 1984), “Beş dəqiqə və əbədiyyət” (1984), “Ağ dəvə” (1985), “Ölüm hökmü” (1989), “Ömrün son səhəri” (1993), “Dəlixanadan dəli qaçıb” (1996), “Baladadaşın ilk məhəbbəti” (2000), “Bayraqdar” (2003), “Qarabağ şikəstəsi” (2009) və s. kitabları, eləcə də on cildlik “Seçilmiş əsərləri”nə (2005) daxil olan əsərlərin əksəriyyəti göstərir ki, Elçin, birinci növbədə, müqtədir bir ədəbiyyat yaradıcısı- sənətkardır. Buraya onun xüsusilə son illərdə Azərbaycan teatrının (eləcə də dünya teatrlarının) səhnəsində uğurla tamaşaya qoyulan əsərlərini, kinossenarilərini əlavə etsək, gözlərimiz önündə olduqca zəngin bir yaradıcılıq mənzərəsi (miqyası!) canlanır ki, burada diqqəti cəlb edən yalnız kəmiyyət (məhsuldarlıq!) deyil, həm də (və daha çox!) keyfiyyət, yazıçı üslubunun özünəməxsusluğu, mükəmməlliyi və ictimai şüura təsirediciliyidir.

Elçinə tənqidçi- ədəbiyyatşünas nüfuzu qazandıran “Tənqid və ədəbiyyatımızın problemləri”ndən sonra nəşr olunan “Klassiklər və müasirlər” (1987), “Ədəbiyyatımızın yaradıcılıq problemləri” (1999), “Tənqid və nəsr” (1999), “Ədəbi düşüncələr” (2002), “Azərbaycan ədəbi tənqidinin və ədəbi prosesin problemləri” (2003) və s. kitabları göstərdi ki, o, Azərbaycan ədəbiyyatının ən böyük metodoloqlarından biridir... Və “Bülbül” (1988), “Məmmədəmin Rəsulzadə” (1994), “Bəstəkarın vətəndaş sözü” (1995), “Klassik aşıq poeziyasında dünya obrazı” (1996), “Nəriman Nərimanov: şəxsiyyəti və fəaliyyəti” (1997), “Şəxsiyyət və istedad (Cəfər Cabbarlı)” (2000), “Cəfər Cabbarlı” (2000) və s. məqalə- kitabçaları həcmcə nə qədər kiçik olsalar da, müəllifin maraq dairəsinin metodoloji genişliyini bir daha təsdiq edir.

Elçin böyük bir ədəbiyyat yaradıcısı- yazıçı, ədəbiyyatşünas- metodoloq olmaqla yanaşı, ədəbiyyatın, xüsusilə milli ədəbiyyatın böyük təəssübkeşidir.

... Elçinin ədəbiyyat yaradıcısı kimi nə qədər böyük uğur qazandığını sübut edən ən azı üç texniki göstərici var: bunlardan birincisi nəşr olunan kitablarının tirajı, tamaşaya qoyulan əsərlərinin sayıdır;

ikincisi, onun bədii istedadı haqqında yazılan ədəbi- tənqidi, elmi yazılar, deyilən fikirlərdir;

üçüncüsü isə əsərlərinin dünya dillərinə tərcüməsi, dünyada doğurduğu rezonansdır...

Mən bu statistikaya getmək istəməzdim, ona görə yox ki, burada müəllifin, həqiqətən, Azərbaycanın az yazıçısı ilə müqayisə olunacaq bir miqyası var... Daha çox ona görə ki, həmin miqyasla müqayisə oluna biləcək ədəbi- estetik, intellektual- metafizik və fərdi- üslubi qüdrəti var. Elə bir qüdrət ki, o, adi insanların ondan da adi məişət həyatından (problemlərindən?..) başlamış cəmiyyətin ən yüksək mövqeyində dayanmış aristokratların “ideal” problemlərinə (həyatına?..) qədər əhatə etmək iqtidarına milikdir...

Və təsadüfi deyil ki, “Müasir Azərbaycan ədəbiyyatında insanın bədii- estetik dərki” mövzusunda müdafiə olunmuş (2004) doktorluq dissertasiyası (Nərgiz Arifqızı) məhz Xalq yazıçısı Elçinin yaradıcılığına həsr edilib.

Xalq yazıçısı (1998) Elçin yaradıcılığı ilə nəinki insanın bədii- estetik dərki üçün müasir ədəbi kontekst- material (və miqyas- mühit) vermiş, həmin dissertasiyanın müdafiəsindən yeddi il əvvəl (yəqin ki, bir neçə yeddi il gecikəndən sonra!) “Ədəbiyyatda tarix və müasirlik problemi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdi (1997).

...Elçinin yaradıcılığında (və yaradıcı şəxsiyyətində!) biri digərindən asanlıqla ayrılan (və eyni dərəcədə asanlıqla birləşən,  bütövləşən!) üç parlaq əlamət- komponent var: 1) bədiilik; 2) elmilik; 3) publisistlik.

Nəzərə alsaq ki, bu dünyada ümumən insan fəaliyyətinin (və yaradıcı şəxsiyyətinin!) bunlardan başqa cəmisi iki komponent- əlaməti qalır (rəsmilik və məişət) və onu da nəzərə alsaq ki, həmin sonuncular da Elçinin istedad imkanları kontekstindən nəinki kənarda deyil, bəlkə əksinə, fərdi yaradıcı passionarlığının (kreativliyinin!) üzvü tərkib hissəsidir, onda təsəvvür etmək olar ki, Elçin yaradıcı, metodoloq və təəssübkeş olaraq ən azı ədəbiyyatımızda hansı genotipin varisidir.

O, yalnız bugünə, keçmişə və gələcəyə aid ən mükəmməl kanonları- təhlil, təfsir və proqram- layihələri təsdiq etməklə kifayətlənmir, nəinki bugünə, gələcəyə, hətta “hər işi qaydasında olan” keçmişə də sual verməyi (və bütövlükdə cəmiyyəti bu sual üzərində düşündürməyi!) bacarır. Hər şeydən əvvəl ona görə ki, sualı birinci növbədə özünə (özünün fərdi olduğu qədər də ictimai yaradıcı- intellektual şəxsiyyətinə!) verir... Çünki mühiti (öz sözlərilə desək, idrak “təsərrüfat”ını) özündə ehtiva etmədən nə cəmiyyətə sual verə, nə də ondan cavab gözləyə bilərsən.

Təsadüfi deyil ki, Elçinin “Sosializm realizmi bizə nə verdi?” sual- məqaləsi son illər bizim ədəbi- ictimai təfəkkürümüzü məşğul edən ən mühüm sual- hadisə oldu... Bu onun cəmiyyətə (və özünə!) verdiyi indiyəqədərki neçə- neçə suallardan biri idi... Və bu cür müstəqim və ya məcazi (ritorik) suallar yalnız vaxtaşırı olaraq ədəbi mühiti “silkələmək”lə qalmamış, yeni ədəbi nəslin yetişməsində, müasir ədəbi- estetik (və nəzəri) düşüncə təcrübəsinə yiyələnməsində, ümumən ədəbiyyat adamı kimi formalaşmasında böyük rol oynamışdır. Etiraf etmək lazımdır ki, mənim də daxil olduğum, ədəbiyyatşünaslığa keçən əsrin 70- ci illərində gəlmiş, yaxud gəlməyi qarşısına məqsəd qoymuş nəslin ən böyük kumirlərindən biri Elçin idi. Mövcud kanonlara qarşı çıxan, ancaq həmin kanonları yaratmış ədəbi simalara (və onların görüşlərinə) tarix kimi hörmətlə yanaşmağın parlaq nümunələrini verən, dövrün tələb elədiyi yeni (proqressiv!) modellər təklif edən kifayət qədər gənc ədəbiyyatşünasın inkarçı, yaxud nihilist deyil, mahiyyətcə təkamülçü mübarizəsi gənclik üçün olduqca cəlbedici idi. Və bu nəzəri- estetik mövqeyini o, təkcə bir ədəbiyyat metodoloqu kimi yox, həm də müasir Azərbaycan nəsrinin- yeni nəsrin gözəl nümunələrini yaradan yazıçı- sənətkar olaraq da hər yeni hekayə, povest və ya romanında təsdiq edirdi. Və bugün də təsdiq etməkdədir!..

Elçinin 70- ci illərin sonu 80- ci illərin əvvəllərində Azərbaycan ədəbiyyatı tarixini yenidən dərk etmək istiqamətində başladığı (və başçılıq elədiyi) hərəkat, xüsusilə “Fikrin karvanı” silsiləsi milli ədəbiyyatın fəlsəfi- estetik idrakı, daha doğrusu, ədəbiyyat tarixinin (və ədəbi şəxsiyyətlərin) mükəmməl bir modern fundament üzərinə qoyulması üçün həm nəzəri- metodoloji əsas hazırladı, həm də (bəlkə, bu daha əhəmiyyətli idi!) ədəbiyyat tarixi kanonlarının publisistikaya qədər varacaq elmi- tənqidi müzakirəsinə geniş rəvac verdi.

Azərbaycan (ümumən dünya) ədəbiyyatının tarixini yaxşı bilən, 80- ci illərdən demək olar ki, özü də böyük bir yazıçı olaraq bu tarixə qoşulmağa başlayan Elçin ədəbiyyat tarixinə (və ədəbi şəxsiyyətlərə!) canlı, bizim bugünümüzdə iştirak edən, sözün əsl mənasında müasirliyin hadisəsi kimi baxmağın, elə bilirəm ki, praktikasını yaratdı.

Onun yazıçı, mütəfəkkir- metodoloq (və ideoloq), təəssübkeş olaraq ən böyük xidmətlərindən biri də milli ədəbiyyatı dünya ədəbiyyatında, eləcə də ədəbi- nəzəri fikrində həm tarixən mövcud olmuş, həm də müasir dövrdə mövcud olan ideyalar, üslub texnologiyaları kontekstində dəyərləndirməyə- uğurlarımızın (və qüsurlarımızın) miqyasını müəyyənləşdirməyə çalışmasıdır. Gənc dostu, istedadlı yazıçı- jurnalist Yaşara bu yaxınlarda verdiyi bir kitablıq geniş müsahibə də göstərdi ki, Elçin ədəbiyyatı həm milli, həm də ümumbəşəri səviyyədə təhlil etməkdə öz sələflərindən nə qədər qabağa getmiş, müasirlərini isə nə qədər qabaqlamışdır. Ümumən dünyanın, o cümlədən dünya ədəbiyyatının nə ilə nəfəs aldığını bilmədən, özünü dünyadan təcrid etməklə milli ədəbiyyatın təəssübünü çəkmək absurddur, əsl milli ədəbi- mədəni təəssübkeşlik odur ki, bədii yaradıcılıq imkanlarını dünyanın (insanlığın) müvafiq imkanları kontesktində dərk edib dəyərləndirə (və fəxr edə!) biləsən ki, bu baxımdan Elçinin bədii, elmi və publisistik idrak təcrübəsi, həqiqətən, milli bir məktəb, əgər belə demək mümkündürsə, transmilli bir metodologiyadır.

İlk elmi- nəzəri məqalələrindən birinin “Drujba narodov” jurnalının mükafatını almasını bir tərəfə qoysaq, dünya bir sıra müxtəlif dillərdə Elçinin əsasən bədii yaradıcılığı ilə tanışdır- kitablarını oxuyur, teatr tamaşalarına baxır... və qiymətləndirir... Şübhə etmirəm ki, bütün bunlarla yanaşı o, esseləri, elmi- publisistik oçerkləri, nəzəri- fəlsəfi müsahibələri, heç bir janra sığmayan (bəlkə də, yeni janr tipologiyası təqdim edən) yazıları ilə də müasir dövrün bir Azərbaycan mütəfəkkiri kimi də bizi dünyada təmsil etməyə tamamilə (və çoxdan!) layiqdir. Qənaət, müddəa və mülahizələrindəki konkretlik, mükəmməl məntiq və polemikaya açıqlıq, eləcə də idrak- təfəkkür miqyası (və dərinliyi) elə bilirəm ki, Elçinin metodoloji mükalimələri (və şəxsiyyəti!) hər bir mütəfəkkir (filosof) üçün maraqlı bir enerji qaynağıdır...

Çünki o, birinci növbədə, ədəbiyyat yaradıcısı, metodoloqu və təəssübkeşidir.

 

 

Nizami Cəfərov

 

525-ci qəzet.- 2013.- 25 aprel.- S.7.