İlham Əliyev: “Hamımız
dünyada, regionda sülh olmasını istəyirik”
Bu gün
Azərbaycan prezidenti İlham Əliyev “MDB müsəlmanları
sülh və sabit inkişaf naminə” mövzusunda Bakıda
keçirilən konfransın
iştirakçılarını qəbul edib.
525.az-ın
xəbərinə görə, prezident konfransda mühüm və
aktual mövzunun müzakirə edildiyini, xalqlar arasında
qardaşlığın, qarşılıqlı münasibətlərin
və ümumi məqsədin göstəricisi olduğunu
deyib: “ Çünki hamımız istəyirik ki, bütün
dünyada, bizim regionda, Qafqazda sülh olsun, müharibələr,
əzablı günlər olmasın. Bir daha demək istəyirəm
ki, belə bir mövzu düzgün seçilmişdi: “Müsəlmanlar
sülh naminə”. Biz hamımız sülh istəyirik,
hamımız buna can atırıq”.
Prezident
qeyd edib ki, bu tədbirlər həm də ümumi köklərə,
tarixə və ümumi məqsədə əsaslanan əməkdaşlığın
baş tutmuş formatıdır.
Qafqaz
Müsəlmanları İdarəsinin sədri,
Şeyxülislam Allahşükür Paşazadə prezidentə
minnətdarlığını bildirib: “Sizin bu gün bizi qəbul
etməyiniz bir daha dinə, mənəviyyata olan münasibətinizin
göstəricisidir”.
Şeyx
Heydər Əliyevin prezident seçiləndən sonra ilk
addımlarından birinin peyğəmbər əleyhissalamın
mövludu günü Təzəpir məscidinə gəlməsi
olduğunu xatırladıb: “Siz də Azərbaycanda və onun
hüdudlarından kənarda məscidləri, kilsələri
bərpa etdirirsiniz. Bakıya gələn din xadimləri də
bunu xüsusi vurğulayırlar. Azərbaycan həm maddi, həm
də mənəvi cəhətdən sürətlə
inkişaf edir. Biz Prezidentimizlə, Azərbaycanımızla fəxr
edirik.
Bu
konfransın Bakıda keçirilməsi və mənim MDB
Müsəlmanları Məşvərət Şurasına
ikinci dəfə beş illiyə sədr seçilməyim Sizə,
Azərbaycana yüksək hörmət və ehtiramın
göstəricisidir. Biz - müxtəlif dinlərin xadimləri
birlikdə sülh və qardaşlıq üçün
öz təcrübələrimizdən istifadə etmək istəyirik.
Biz Ümrə ziyarətində olduq. Peyğəmbərin məzarının
yanında hamımız Heydər Əliyev həzrətlərinin
və Zərifə xanımın ruhuna dua etdik və mən
Quran oxudum”.
Şeyx
qeyd edib ki, konfransın Bakıda keçirilməsi Azərbaycana
verilən önəmin və hörmətin təsdiqidir.
Rusiya
Federasiyası Qaraçay-Çərkəz
Respublikasının müftisi, Şimali Qafqaz Müsəlmanları
Əlaqələndirmə Şurasının sədri
İsmayıl Berdiyev deyib
ki,onlar hamının böyük hörmət etdiyi, sovet
dövründə isə Siyasi Büronun üzvü olması
ilə fəxr edilən Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində
Bakıya gəliblər: “Biz burada Sizin atanızın,
ananızın ruhuna quran oxuduq, dualar etdik. Allah ruhlarını
şad etsin. Sizə gəlincə, Siz də hər şeyi
xalqınız üçün edirsiniz. Sizin qəlbinizdə
iman işığı var. Şeyxin dediyi kimi, atanız Sizi
özü ilə ilk dəfə məscidə ziyarətə
aparıb və hamısı da bundan başlayıb. Biz Sizin Həcc
ziyarətində olmağınızın kadrlarını
görmüşük. Bütün bunlar sübut edir ki, Sizin
qəlbinizdə iman və inam var. Allah sizi qorusun!”
Prezident
din xadimlərinin arasında görüşlərin mütəmadi
xarakter almasının vacibliyini vurğulayıb: “Biz həmişə
bir yerdəyik, ünsiyyətdəyik. Mən sizin rolunuzu
çox yüksək qiymətləndirirəm. Həm də
müsəlman dünyasında böyük nüfuzu olan
şeyximizin rolunu yüksək dəyərləndirirəm”.
Prezident dünyada cərəyan edən mürəkkəb proseslər fonunda tolerantlığın, dinc yanaşı yaşamanın və qarşılıqlı etimadın möhkəmləndirilməsinin əhəmiyyətindən də danışıb: “Təəssüf ki, bizim bütün səylərimizə baxmayaraq, dünyada həyəcanlı proseslər gedir. Antiislam, islamofobiya təbliğatı aparılır. Biz nə qədər çalışsaq da, hər halda kütləvi informasiya vasitələrində bu terminlər işlədilir. Terrorçuları “islamçı” adlandırırlar. Terrorçunun nə milləti, nə də dini var”.
Ölkə başçısı Azərbaycanda milli mənəvi dəyərlərin möhkəmləndirilməsi işinə dövlət səviyyəsində daim diqqət yetirildiyini, dini-tarixi abidələrin bərpası və mühafizəsi sahəsində mühüm tədbirlərin həyata keçirildiyini deyib. Prezident həmçinin Azərbaycanın başqa ölkələrdə də müxtəlif dinlərə məxsus məbədlərin bərpasında və tikintisində fəal iştirak etdiyini, bu işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb. Dövlət başçısı Azərbaycanın ən qədim məscidi olan Şamaxı “Cümə” məscidində gedən bərpa işlərindən də danışıb: “Bu, Azərbaycanın ən qədim məscididir. Bu məscid 743-cü ildə inşa edilib. Onu zəlzələlər dağıtmışdı. Şamaxı şəhəri zəlzələdən zərər çəkəndə paytaxt Bakıya köçürüldü. Sonra isə artıq XX əsrdə məscid erməni vandalizminə məruz qaldı, ermənilər tərəfindən yandırıldı. Bütün bunlar sənədləşdirilib. 1918-ci il bizim xalqımız üçün çox ağır il idi. O vaxt Bakıda, Şamaxıda, Qubada və digər regionlarda minlərlə azərbaycanlı qətlə yetirilib. Biz bütün tarixi və dini abidələrimizi bərpa edirik, onları əziz tutur, qoruyuruq. Biz xalqlarımızın rifahı naminə birlikdə çalışacağıq”.
Rusiya Federasiyası Çeçenistan Respublikasının müftisi Sultan Mirzayev də Bakıda keçirilən konfransın əhəmiyyətindən danışıb. O, MDB dövlətləri ilə yanaşı digər ölkələrin nümayəndələrinin də ilk dəfə bu tədbirdə iştirakını əlamətdar hadisə kimi dəyərləndirib. O, daha sonra gənclərin mənəvi cəhətdən formalaşmasının cəmiyyətin ümumi inkişafına göstərdiyi təsirdən, Azərbaycanın inkişafından danışıb: “Heydər Əliyev ikinci dəfə Azərbaycanda hakimiyyətə gələndə çox ağır dövr idi. O, Azərbaycanı ayağa qaldırdı, ölkəni inkişaf etdirməyin yolunu göstərdi. Çox sağ olun ki, Siz də bu yolla gedirsiniz, olanları qoruyursunuz, inkişaf etdirirsiniz, genişləndirirsiniz”.
S. Mirzayev hazırda Çeçenistanda da sabitlik olduğunu deyib: “Bu gün Çeçenistanda sülh, sabitlik hökm sürür. Bu da Şimali Qafqazda çox mühüm rol oynayır. Bütün Şimali Qafqaz regionunun müftiləri bunu təsdiq edə bilərlər”.
Prezident qeyd edib ki, cəmiyyətin əsasında mənəvi-tərbiyəvi prinsiplər dayanır: “Əgər biz bunu itirsək, cəmiyyət olmayacaq. Onda biz bünövrəni itirmiş olarıq. Biz həm dinimizi, həm dilimizi, həm ədəbiyyatımızı, həm də incəsənətimizi qoruyub saxlamışıq. Müstəqillik illərində də bu mövqeləri möhkəmləndirmişik. Gənclər də milli ruhda tərbiyə olunmalı, savadlı olmalıdırlar”.
Ukraynanın müftisi Təmim Əhməd isə çıxışında Azərbaycan dövlətinin tolerantlığa, dini etiqada, mənəvi dəyərlərə göstərdiyi diqqətin cəmiyyətin ümumi inkişafına müsbət təsir etdiyini deyib. O, Kiyevdə ilk məscidin inşasına Azərbaycan dövlətinin göstərdiyi köməyə görə minnətdarlığını bildirib.
Serbiyanın müftisi Muhammed Yusifpahiç Azərbaycanda sülhün və əmin-amanlığın mövcudluğundan məmnunluq hissi keçirdiyini vurğulayıb. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlı olduğunu da bildirib: “Azərbaycana qarşı haqsızlıq olub və var. Ölkənin Dağlıq Qarabağla birlikdə 20 faiz ərazisi işğal altındadır”.
Serbiyanın müftisi dövlət başçısına Belqradda ölkənin qədim tarixi abidələrindən olan məscidin bərpasına, həmçinin pravoslav kilsəsinin təmirinə göstərilən yardıma görə təşəkkür edib.
Beynəlxalq İslam Missiyasının prezidenti, Qafqaz Müsəlmanları İdarəsinin Moskvadakı səlahiyyətli nümayəndəsi Şafik Pşixaçev qeyd edib ki, bu, onların ikinci konfransıdır: “İlk konfrans 2009-cu ildə Moskvada keçirilmişdi. İndi Bakıda toplaşmışıq. Buranı seçməyimiz təsadüfi deyil. Mənim həmkarlarımın, qardaşlarımın fikirlərinə qoşuluram ki, Bakı İslam mədəniyyətinin mərkəzlərindən biridir. Bu, Sizin xoş məramınızdır, Sizin iradənizdir. Biz Sizə çox minnətdarıq. Biz dua edirik ki, Allah-Təala Sizə həmişə kömək olsun və uğurlarınız daha da artsın”.
Prezident İlham Əliyev Məşvərət Şurası çərçivəsində əməkdaşlığın gələcəkdə də genişləndirilməsi işində Şura üzvlərinə uğurlar arzulayıb.
525-ci qəzet.-
2013.- 25 aprel.- S.6.