Ulu öndərimiz xatirələrdə
yaşayır
Heydər Əliyev-90
Ulu
öndərimiz, ümummilli liderimiz Heydər Əliyevin bu ilin
may ayının 10-da anadan olmasının 90 illiyi tamam olur.
Ölkəmiz bu möhtəşəm yubileyə ciddi
hazırlıq işləri görür.
Yeni
Azerbaycanın banisi, memarı, Yeni Azərbaycan
Partiyasının yaradıcısı, zəmanəmizin
böyük siyasi və dövlət xadimi, mətbuatımızın böyük himayədarı,
xeyirxah rəhbər, hamımızın dərin hörmət
və rəğbət bəslədiyimiz, xalqın
böyük oğlu Heydər Əliyev cismən aramızda
yoxdursa da qəlbimizdə – millyonların qəlbində
yaşayır. O, bizi siyasi-iqtisadi və mədəni
inkişaf yolu ilə gələcəyə doğru inamla
aparırdı.
Nadir zəka
və fitri istedad sahibi olan Heydər Əliyevin həyat yoluna
qısaca olaraq nəzər salsaq, görərik ki, o, 1967-ci ildən
başlayaraq respublikamızda beş ən mühüm dövlət
vəzifələrində həmişə birinci şəxs
olub. Bu, başqa heç kəsə nəsib olmayıb.
Heydər
Əliyev 1967-1969-cu illərdə respublika Dövlət Təhlükəsizlik
Komitəsinin sədri, 1969-1982- ci illərdə Azərbaycan KP
MK-nın birinci katibi, 1983-1987-ci illərdə SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini 1991-1993-cü illərdə
Naxçivan MR Ali Məclisinin sədri, 1993-cü ilin
iyin-oktyabr aylarında Azərbaycan Respublikasının Milli Məclisinin
sədri olmuşdu. 1993-cü ilin noyabrından dünyasını
dəyişənə kimi isə Azərbaycan
Respublikasının Prezidenti idi.
Bu
müddətlərdə ulu öndərimiz
respublikamızın hərtərəfli inkişafı və
çiçəklənməsi, xalqımızın güzəranının
yaxşılaşdırılması, demokratik, hüquqi,
dünyavi, unitar dövlət quruculuğu, gənc müstəqil
respublikamızın dünya birliyinə qovuşması, beynəlxalq
aləmdə geniş tanıdılması və s. yolunda
gördüyü işlər tükənməzdir, sadalanmaqla
bitməzdir. Xalqımız haqqlı olaraq qoyub getdiyi irsi, onun
daxili və xarici siyasətini, iqtisadi və təhsil
islahatlarını, habelə bütün uğurlarını
qoruyub müdafiə edir.
Fərəhli
və sevindirici haldır ki, xalqımızın böyük
oğlu, dahi rəhbərimiz və yenilməz sərkərdəmiz,
ümummilli liderimiz Heydər Əliyevin daxili və xarici siyasəti
möhtərəm Prezidentimiz İlham Əliyev cənabları
və onun xanımı, Heydər Əliyev Fondunun Prezidenti,
UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban
xanım Əliyevanın səmərəli fəaliyyətləri
tərəfindən müvəffəqiyyətlə davam
etdirilir...
Heydər
Əliyevin SSRİ rəhbərlərindən biri kimi Moskvada
işlədiyi dövrdə də biliyi, bacarığı,
hünəri, cəsarəti, potensial enerjisi, böyük təşkilatçılığı,
səriştəli idarəetmə qabiliyyəti ilə,
gördüyü, həyata keçirdiyi işlər də
indi tarixə çevrilib. Heydər Əliyevin
özünün dediyi kimi: “Tarixdən heç bir şeyi silmək
olmaz, onun hər bir mərhələsi xalqın səlnaməsi,
həyat yoludur”. Bu müdrik sözləri elə Heydər Əliyevin
özünün də tükənməz fəaliyyətinə
şamil etmək olar.
Qeyd
etdiyim kimi, Heydər Əliyev dünya şöhrətli siyasətçi,
görkəmlidövlət xadimi, böyük nüfuz
sahibidir. O, respublikamıza rəhbərlik etdiyi istər
birinci, istərsə də xalqımızın arzu, istək və
tələbi ilə hakimiyyətə gəldiyi ikinci mərhələdə
elə iş qurur, fəaliyyət göstərirdi ki, dünya
onunla hesablaşmalı olurdu. Buna aid “Moskovski komsomolets” qəzetində
o vaxtlar dərc olunmuş “Virtuoz” adlı məqalədən
yadımda qalan bir cümləni xatırlatsam, məncə
kifayət edər: “Heydər Əliyev Simurq quşu kimi yenidən
pərvazlanaraq bütün dünyanı onunla
hesablaşmağa məcbur etmişdi”. Heç də təsadüfü
deyildir ki, onun gördüyü işlər, yeritdiyi müdrik
siyasət dünyanın tanınmış, görkəmli
siyasətçiləri, dövlət rəhbərləri tərəfindən
bəyənilir, yüksək qiymətləndirilirdi... Heydər
Əliyevin fəaliyyətinə verilən yüksək qiymətlərdən
biri də Mustafa Kamal Atatürk adına Beynalxalq Sülh
mükafatıdır.
Heydər
Əliyevin səmərəli fəaliyyətini bütün azərbaycanlılar
kimi, biz ağdamlılar da ürəkdən dəstəkləyir
və müdafiə edirdik. Ulu öndərin Ağdamla
bağlı çoxlu fikirləri var.
2 avqust
1996-cı ildə Ağdamla bağlı bunları söyləmişdi:
“Ağdam şəhəri Azərbaycanın qədim və
çox böyük tarixə malik şəhərlərindən
biridir. Respublikamızın həyatında Ağdam rayonu həm
iqtisadi, elmi potensialına, həm də insanların fədakarlığına
görə həmişə çox muhum rol
oynamışdır... 1988-ci ildə Ermənistanın Azərbaycana
qarşı hərbi təcavüzünü, bu münaqişənin
ilk qığılcımını Ağdamda hiss etmişlər...
Ağdam rayonu o vaxtdan indiyədək Ermənistanın hərbi
təcavüzünə qarşı aparılan mübarizədə
ön cərgədə olmuşdur. Ağdam vuruşmuşdur,
böyük itkilər vermişdir”.
Məqsədim
heç də ulu öndərimizin çoxşaxəli fəaliyyəti
barədə yazmaqdan ibarət deyil, buna heç güc də
çatmaz. Məqsədim Heydər Əliyev barəsində
yaddaşımda qalan bəzi xatirələri nəzərinizə
çatdırmaqdı. Bu xatirələr mən Ağdam Rayon
Partiya Komitəsində təbliğat və təşviqat
şöbə müdiri, rayonda çıxan qəzetin redaktoru
işlədiyim zamanlarda onun rəhbərliyi ilə
keçirilən büro iclaslarında, plenumlarda, fəallar
yığıncaqlarında zona müşavirələrində,
kənd əməkçiləri ilə görüşlərində
yaxından iştirak etməyimdən, parlaq nitqlərinin və
çıxışlarını dinləməkdən, onunla
şəxsən bir neçə dəfə yaxından
görüşməyimdən qaynaqlanır.
Azərbaycan
KP MK-nın birinci katibi Heydər Əliyev bir neçə dəfə
Ağdamda olub, şəhərimizi, kəndlərimizi gəzib,
əmək adamları ilə görüşüb. Onun
1973-cü ilin payız fəslində Ağdama gəlməsi,
təsərrüfatlarımızda olması, əmək
adamlarının güzaranı ilə maraqlanması, onlarla səmimi
hal-əhval tutması, zarafatları indi də yaxşı
yadımdadır. O nə qədər diqqətli və
qayğıkeş idi. Onun rayonun Karl Marks adına kolxozunun
pambıqçı qadınları ilə söhbətindən
bir epizodu nəzərinizə çardirmaq istəyirəm.
Heydər
Əliyev:
–
İçərinizdə çoxuşaqlı ana varmı?
Qadınlardan
biri irəli çıxaraq dedi:
– Mənəm.
Heydər
Əliyev:
–
Neçə uşağınız var?
Qadın:
– On.
Heydər
Əliyev:
– Nəyə
ehtiyacınız var? Bakıdan bura gəlmişəm, çəkinməyin,
deyin.
Qadın:
– Sizin
sağlığınıza yaxşı dolanırıq. Allah
sizin də, sədrimizin də canını sağ eləsin (sədr
Sosialist Əməyi Qəhrəmanı Məleykə Quliyeva
idi). İkimərtəbəli evimiz, qapımızda
maşınımız, mal-qaramız var. On uşağın
yeddisi məktəblidir. Amma onlara kitab tapmaqda çətinlik
çəkirik.
Heydər
Əliyev:
– Azərittifaqın
sədri burdadırmı?
Azərittifaqın
sədri xırda arxın üstündən hoppanaraq dərhal
müntəzir oldu, bəli, burdayam, – dedi.
Heydər
Əliyev:
– Mənim
adımdan bu ailəyə bir kitab bağlaması göndərərsən.
Heydər
Əliyev qadınlara müraciətlə daha kimdir
çoxuşaqlı ana?, – deyə soruşdu.
Qadınlardan
bir nəfəri də irəli çıxaraq mənəm, –
dedi.
Heydər
Əliyev:
– Sizin
neçə uşağınız var?
– Doqquz
uşağımız var.
Heydər
Əliyev:
– Sizin nəyə
ehtiyacınız var?
– Biz də
yaxşı dolanırıq. Heç bir şeyə
ehtiyacımız yoxdur. Sizin sayənizdə hər şeyimiz
var. Amma bizim də yeddi uşağımız oxuyur, onlara kitab
tapa bilməmişik. Nədənsə dərslik
tapılmır.
Heydər
Əliyev Azərittifaqın sədrinə bu ailəyə də
kitab bağlaması göndərməyi tapşırdı.
Sonra gülərək həmin qadından soruşdu:
– Deyin
görüm, o qadından niyə geri qalmısınız? Ona
çata bilərsinizmi?
Həmin
qadın:
– Siz deyəndən
sonra niyə çatmıram.
Qadının
bu cavabına Heydər Əliyevlə yanaşı
hamımız gülüşdük.
Heydər
Əliyev cənablarının 1981-ci ilin iyulunda rayonumuza gəlişi
biz ağdamlıların ən unudulmaz günlərindən
biridi. O, Ağdamda keçirilən zona müşavirəsində
iştirak etmək üçün gəlmişdi.
Müşavirədən öncə o, rayonumuzun bir çox təsərrüfatlarında
olmuş, şəhərimizdə təşkil edilmiş “Əmək
şöhrəti” memorialının
açılışında iştirak etmiş,
qırmızı lentini kəsmişdi,
Heydər
Əliyev ilk səfərini rayonun ən böyük
üzümçüluk təsərrüfatı olan
H.Hacıyev adına sovxozdan başlamışdı.
Yeri gəlmişkən
deyim ki, sovxoz rəhbərliyi əziz və hörmətli
qonağın şərəfinə ilin əvvəlində qəbul
etdikləri öhdəliklərini beş min ton artıraraq,
dövlətə 25 min ton üzüm təhvil verəcəklərinə
söz vermişdilər. Dahi rəhbərimiz adlı-sanlı
üzümçü Oktyabr Bayrağı, Qırmızı Əmək
Bayrağı ordenli, respublikanın dövlət
mükafatı laureatı, raykomun büro üzvü Əkbər
Abdullayevin briqadasının bol məhsullu bağında olarkən
yarpaqları ayırtlanmış bir tənəyin
üstündə bol üzüm salxımlarını
görüb, elə hesab etmişdi ki, bu salxımlar başqa tənəklərdən
gətirilib asılmışdır. O, tənəyə
yaxınlaşıb onu yoxladıqdan sonra gördü ki, bu
doğrudan da həmin tənəyin məhsuludur. Sonra Əkbər
Abdullayevlə xeyli zarafatlaşdı... Üzümçülərlə
xatirə şəkli çəkdirdi. Adamlar şəkil
çəkdirdikdən sonra dağılmaq istədikdə Heydər
Əliyev onlara dedi:
–
Dayanın, qoyun, yerli fotomüxbir də öz işini
görsün.
Bax, bu da
ulu öndərimizin region mətbuatına göstərdiyi diqqət
və qayğının təzahürü idi.
Sonra ulu
öndərimiz son illərdə
üzümçülüyü intensiv inkişaf etdirən
Dzerjinski adına sovxozda Əkbər Quliyevin
başçılıq etdiyi gənclər briqadasında hər hektardan 500 sentner məhsul
uğrunda mübarizə aparan qızların plan və öhdəlikləri
ilə maraqlanmışdı. Qızların xahişi ilə
onlarla xatirə şəkli çəkdirmişdi. Heydər Əliyev sonra 6 dəfə ümumittifaq
sosializm yarışının qalibi olmuş, adı SSRİ
XTNS-nın şərəf kitabına düşmüş Qərvənd
kəndindəki kolxozda da pambıqçılarla səmimi
söhbət etmiş, xoş təəssüratlarla
ayrılmışdı.
Mən
“H.Ə.Əliyev yoldaş rayonumuzda” sərlövhəli
reportaj yazdım.Heydər Əliyevin köməkçisi Arif
Mustafayev mənə dedi ki, Heydər Əliyevin
tapşırığıdır, sən yazını gətirərsən,
Heydər Əliyev oxuyandan sonra çapa verərsən. Mən
də reportajı hazırlayıb Mərkəzi Komitəyə
gəlib, həmin yazını Arif Mustafayevə verdim və
onun dediyi vaxta gedib yazını götürdüm. Baxdım
kı, vur-tut iki söz əlavə olunub. Arif Mustafayev dedi ki,
Heydər Əliyevin xoşuna gəldi, apar olduğu kimi
çap et.
Bir
maraqlı epizodu da qeyd etmək istəyirəm:
Xındırıstanda partiya-təsərrüfat fəalları
yığınçağında
nazirlər, ətraf rayonların birinci katibləri
çıxış edtikdən sonra dövlət
başçımız zala müraciət edərək
soruşdu ki, daha kim çıxış etmək istəyir.
Bu zaman rayon qəzetlərinin birinin redaktoru (rəhmətə
getdiyi üçün adını çəkmək istəmirəm)
yerindən qalxaraq söz istədi: o, özünü təqdim
etdikdən sonra tribunaya qalxdı. Dərhal
Xındırıstan kəndinin Qasım bəy Zakirin yurdu
olduğunu deyib, onun bir
şeirini söylədi. Bu şeir heç yerinə
düşmədi. Odur ki, Heydər
Əliyev üzünü zala tutaraq dedi:
– Bəlkə,
bir oynamaq istəyən də var?
Zalda bir
gülüş qopdu... Sonra Heydər
Əliyev dedi:
Yox, bu da
lazımdır, amma yerində.
Daha bir
epizod: – Müşavirələrin birində ilk
çıxış edən rayonun qadın olan rəhbəri
imkanlardan üç dəfə artıq öhdəlik
götürdü və böyük alqışlarla
qarşılandı. Bundan sonra söz Ağdam Rayon Partiya Komitəsinin
birinci katibi Sadıq Murtuzayevə verildi. Sadıq müəllim
əvvəlki qəbul edilmiş öhdəliyin üstündə
dayandı. Söz yox ki, bu da dövlət
başçısının ciddi iradına tuş gəldi.
Bu zaman Sadıq müəllim çox müdrikcəsinə
çıxış yolu tapıb dedi ki, o, on dörd
qardaşın (on dörd pambıq əkən rayonun) bir
bacısıdır, biz istəyirik ki, o, qabağa getsin. Bu
zaman zalda gurultulu alqışlar qopdu. Ulu öndərimiz də
bu alqışlara qoşuldu və barmağını silkələyərək
gülə-gülə dedi: – Vəziyyətdən çox
ustalıqla çıxdın.
Bu da
dövlət başçımızın ədalətinə
dəlalət edir. O, həmişə deyirdi ki, mənə
halal məhsul, halal rəqəm lazımdır,
şişirdilmiş rəqəmlər bizə lazım deyil.
Heydər
Əliyev Azərbaycan dövlətinin banisi və qurucusudur,
böyük filosofdur, milli qürurumuzdur. O, ömrünü
Azərbaycanın xoşbəxtliyinə həsr edən
böyük insandır.
Özbəkistan
prezidenti İslam Kərimov onun barəsində demişdi:
“Kimin xoşuna gəlsə də, gəlməsə də, bu
gün dünya Heydər Əliyevi tanıyır və o, Azərbaycanın
... dünyada yüksəldən qanuni liderdi”.
Mən,
Heydər Əliyev məktəbinin yetirmələrindən
biri kimi, özümü xoşbəxt sanıram ki, Heydər Əliyev
əsrinə çevrilmiş XXİ əsrdə, ulu öndərimizin
qurub-yaratdığı və fəaliyyət göstərdiyi,
hazırda gündən-günə çiçəklənən
bir ölkədə yaşayıram.
Bəbir Hüseynov,
Respublikanın əməkdar
jurnalisti
“Qızıl qələm” mükafatı
laureatı
Azərbaycan Yazıçılar
Birliyinin üzvü
525-ci qəzet.-
2013.- 25 aprel.- S.4.