Təzəpir məscidi: dini-ruhani
ocaq, milli mənəviyyat
abidəsi və parlaq memarlıq əsəri
kimi
(davamı)
1864-cü
ildə Axund molla Məhəmməd Hüseyn Bakı
qubernatoruna “Təzəpir”in həyətində yeni məscidin
tikilməsinə razılıq verilməsi haqqında ərizə
ilə müraciət etmişdi. Lakin qubernator məscidin bir nəfər
tərəfindən deyil, “Müsəlman Cəmiyyəti” tərəfindən
tikilməsinin mümkün olduğunu bildirmişdi. Hətta
1872-ci il sentyabrın 11-də məscidin tikinti layihəsi
qubernator tərəfindən təsdiq olunmuşdu.
1874-1885-ci
illər üçün Bakı quberniyasının vəqf
daşınmaz torpaqları üzrə xəbərlərindən
məlum olur ki, Təzəpir məscidinə
aşağıdakı torpaqlar daxil idi:
1. Məscidin həyətinin
qərbə tərəf
olan küncündə
daşdan tikilmiş dükan. Bu dükan
üç qapıdan
ibarət olaraq Aşağı Təzəpir
küçəsinin tini
və döngəsində
yerləşir, Yuxarı
və Aşağı
Təzəpir küçələrinə
çıxırdı. Sərhədləri bunlar idi: şərqdən –Aşağı Təzəpir,
cənubdan – döngə,
qərbdən və şimaldan – məscidin həyəti.
2. Məscidin həyətinin
şimal-qərb istiqamətindəki
küncündə daşdan
tikilmiş dükan mövcud idi. Bu dükan Aşağı Təzəpir və Kamenisti küçələrinin
küncündə yerləşirdi.
Sərhədləri bunlar
idi: qərbdən Aşağı Təzəpir
küçəsi, həyət
tərəfdən Kamenisti
küçəsi, qərbdən
və cənubdan – məscidin həyəti. Bu dükan da
məscid cəmiyyəti
tərəfindən tikilmişdi
və vəsiyyətnaməsi
haqqında məlumat yoxdur.
3. Məscidin şimal tərəfi istiqamətində
daşdan tikilmiş dörd dükan mövcud idi. Bu dükanlar Kamenisti küçəsində yerləşirdi və sərhədləri şimaldan–Kamenisti
küçəsi, şərqdən,
cənubdan və qərbdən–məscidin həyəti
və məscidin özü ilə əhatələnirdi. Bu dörd dükandan ikisi bir-birinə yaxın olduğu üçün birləşdirilmiş
və məscid tərəfindən pulsuz olaraq məktəb kimi istifadə olunmasına icazə verilmişdi.
4. Məscidin qərb hissəsində səkkiz daş hündürlüyündə
tikili mövcud idi. Bu tikili Yuxarı Təzəpir küçəsində yerləşirdi
və sərhədləri
aşağıdakı kimi
idi: Qərbdən Yuxarı Təzəpir küçəsi, şimaldan
Kamenisti küçəsi,
qərbdən və cənubdan – məscidin həyəti yerləşirdi.
Bu binalar məscid
cəmiyyəti tərəfindən
tikilmişdi. Bu səkkiz tikilidən ikisi məscid cəmiyyətinin razılaşmasına
əsasən Bakı sakini Hacı Baloğlan Abbas oğlunun şəxsi hesabına tikilmiş və ona bu
iki binadan 1902-ci ilin mayına qədər istifadə etmək hüququ verilmişdi. Bu müddət qurtardıqdan
sonra dükanlar məscidin istifadəsinə
keçirdi.
1883-cü
ildə Bakı şəhər bələdiyyə
idarəsi Bakı şəhər əhalisinin
xahişini nəzərə
alaraq müsəlman dini təşkilatlarına
şəhərin mərkəzindəki
köhnə müsəlman
qəbristanlığında məscidin tikilməsinə
razılıq verdi. Bakı şəhər bələdiyyəsi
qeyd olunan yerdə məscidin tikilməsi ilə bağlı qərar da çıxarmışdı.
Lakin məscidin tikilməsi ilə bağlı ayrı-ayrı imkanlı şəxslərlə “Müsəlman
Cəmiyyəti” arasında
mübahisələr yarandı
və çəkişmələr
xeyli vaxt apardı. Müsəlman
dindarlarının çəkişmələrini
bəhanə edən çar hökuməti bu ərazidə “Qızıllı” və ya “Aleksandr Nevski”
kilsəsinin tikilməsinə
qərar verdi.
Çar III Aleksandr köhnə müsəlman
qəbristanlığında (indiki 190 saylı orta məktəbin yerində – A.İ.) möhtəşəm
bir xristian kilsəsinin tikilməsi üçün kifayət
qədər pul buraxılmasına göstəriş
verdi. Akademik Marfeld
tikintiyə baş memar təyin edildi. Layihə tamamlananda məlum
oldu ki, nəzərdə tutulan məbləğ azlıq edir. Kilsənin tikintisini başa
çatdırmaq üçün
ianə toplanmasına
başlandı. Qısa
müddət ərzində
200 min manat ianə toplandı, onun 150 min manatı müsəlman əhalisindən yığılmışdı.
“Qızıllı kilsə” Bakı şəhərinə xüsusi
yaraşıq verirdi.
Qızılı rəngə çalan,
par-par parıldayan kilsənin
qübbələri on kilometrlərlə
uzaqdan görünür,
səfərdən qayıdan
gəmilərin kapitanları
səmti bu qübbələrlə müəyyənləşdirirdilər.
Müsəlman dindarları da sürətlə böyüyən
və inkişaf edən Bakı şəhərində möhtəşəm
bir dini mərkəzin, yəni məscidin tikilməsinə
böyük ehtiyac
hiss edirdilər. Doğrudur, Bibiheybət ziyarətgahında
orta əsrlərdə
tikilmiş məscid gözəlliyinə görə
hamını heyran edirdi. Bu abidə
təkcə Bakı şəhərinin deyil, həm də Abşeronun ən məşhur və möhtəşəm ibadət
yeri idi. Cümə günləri əhali şəhər və kəndlərdən piyada,
atla, uzunqulaqla, qazalaqda, faytonda, varlılar isə karetada və avtomobillərdə ziyarətə
gəlirdilər. Yazda və
payızın ilk aylarında
burada zəvvar və dindarların əlindən tərpənmək
olmurdu. Bayılı keçəndən sonra Hacı Zeynalabdin Tağıyevin çəkdirdiyi yol Bibiheybət dərəsindəki
buruqların arası ilə dolana-dolana dağa qalxırdı.
Dağın yamacındakı üzü günçıxana
baxan məscid qədim qalaları xatırladır, diqqəti
uzaqdan cəlb edirdi. Böyük və balaca
qübbələr firuzəyi
rəngdə parıldayır,
göylərə baş
qaldırmış minarə
günəş altında
qızılı rəngə
çalırdı. Məscidin ətrafındakı
kiçik binalar ağarırdı. Püstə, ərik, söyüd, əncir və çinar ağacları, üzüm tənəkləri
bu mənzərəni
tamamlayırdı. Dağın döşündəki
məsciddən xeyli aralı fəhlələrin
qara damları, daxmaları yerləşirdi.
Şosse
yolları zəmilərin
arasından qarala-qarala
dağ zirvəsinə
qalxırdı. Dərədə bir-birinə sıxılmış,
neft və palçığa bulaşmış
ağac buruqlar qaralırdı.
Zəvvarlar məscidin ətrafında
palaz, həsir döşəyir, qadınlar
imam halvası çalır,
xörək bişirir,
sacda lavaş salırdılar. Çarşablı qadınlar, çuxalı,
arxalıqlı, papaqlı
kişilər məscidin
qabağında toplaşırdılar.
Varlılar süfrə açıb
“əliaşı” verirdilər. Müəzzinlər minacat çəkir, dərvişlər qəsidə
oxuyurdular. Məscidin həyətində,
eyvanlarda zəvvarlar qarışqa kimi qaynaşırdılar. Başı əmmaməli,
əynində ləbbadə
və əba olan şeyxlər uzaqdan diqqəti cəlb edir, onlar savadsız və avam zəvvarlar
üçün ziyarətnamə
oxuyurdular.
Bibiheybət məscidinin içərisi
qaranlıq və rütubətli idi. Pəncərələrdən zəif, dumanlı
işıq süzülürdü.
Abı rəngli uca tavan göy qübbəsini xatırladırdı.
Baş tərəfdə, mehrabın
yanında minbər dururdu, yerə həsir, palaz, köhnə xalça-kilim
döşənirdi. Burada həmişə
namaz qılanlara rast gəlinirdi. Ortadakı qəbri zəvvarlar dövrəyə alırdılar.
Uşağı olmayan
gəlinlər, ərə
getmək istəyən
qızlar, zürriyyətsiz
kişilər, dili tutulanlar, karlar, korlar, bir sözlə
min bir dərdə düçar olanlar özlərini qəbir daşına, dəmir məhəccərlərə bağlayıb,
dua edə-edə, ağlaya-ağlaya Bibidən,
daş məqbərədən
dərdlərinə çarə,
azarlarına şəfa
diləyirdilər.
Orucluq və Qurban bayramlarında, Peyğəmbərin mövludu
günlərində Bibiheybət
məscidində tərpənmək
olmurdu. Amma qış aylarında, yağışlı və
qarlı günlərdə ziyarətə
gələnlərin sayı
azalırdı. Bu səbəbdən Bakı
dindarları Bakının
mərkəzində möhtəşəm
bir məscidin tikintisində israrlı idilər. İçəri şəhərdə onlarla məscidin olmasına baxmayaraq, onların həcmcə kiçik olması və uzaqdan diqqəti cəlb edə bilməməsi, Bibiheybət məscidinin isə şəhərdən
uzaqda yerləşməsi
“Təzəpir” məscidinin
yerində yeni bir məscidin tikilməsini zəruri edirdi.
Bakı şəhər dumasının
köhnə müsəlman
qəbristanlığında məscidin tikilməsi haqqında qərarının
uzun müddət icra olunmaması, onun yerində Qızıllı kilsənin
tikilməsi müsəlman
dindarların ciddi narazılığına səbəb
oldu. Ona görə də məscidin tikilməsi ilə bağlı əlaqədar
təşkilatların razılığı
və qərarından
sonra məscidin kim tərəfindən
maliyyələşdirilməsi mübahisə doğurmadı.
(Ardı var)
Anar İSGƏNDƏROV,
Tarix elmləri doktoru,
professor
525-ci qəzet.- 2013.- 26 aprel.- S.6.