Ürəkdən su içən fikirlər
Mənzərə
Sadıqova ilə tez-tez görüşməsək də bu,
mənəvi yaxınlığımıza mane ola bilmir. Hamımız öz həyat
ritminə, sürətinə qoşulub səhərin,
gündüzün necə axşam olduğunu hiss etmirik. Yaradıcı
insanlar daim axtarışdadır, fikirlərinin sürətinə
qoşulmaq istəyir. Onlar hər gün öz qəhrəmanları,
arzuları ilə görüşməyə daha çox can
atırlar. Vaxt isə bizimlə
hesablaşmır...
Bu yaxınlarda Mənzərə xanımın mənə
hədiyyə etdiyi “Yaşam” adlı kitabı ilə söhbətləşməyə,
dərdləşməyə vaxt ayırdım. Kitabda “Yaşam” adlı
kitabının iç dünyasında yaşadıqca
bir-birinə bənzəməyən tale qapıları
açıldı üzümə. Bu qapılar arxasında Mənzərə
xanımın səsini eşidirəm:
“Sözümü üzə deyənəm. Hərdən məəttəl
qalıram ki, qəlbimdə o qədər kövrəklik varkən,
necə belə sərt ola bilərəm?” Axı, mərhəmət ağılda deyil, qəlbdədir.
Ağıl isə hər bir işdə yüz
ölçür bir biçir. Sərtlik
deyil bu, ədalətdir, buna görə özünü
qınamağa dəyərmi?”
Mən onu daha çox Azərbaycan Dövlət
Televiziyasının “Xəbərlər” proqramında
müxbir fəaliyyətindən tanıyırdım. O illərdə Mənzərə
xanım böyük coşqunluqla maraqlı reportajlar aparır, zamanın
nəbzini tutmağa çalışırdı. Onun nitqinin səlisliyi, fikir yükünün
ağırlığı tamaşaçısını
özünə cəlb edirdi. Çünki
bu səs ürəkdən gəlirdi. Qəlbinin
səsi ilə danışırdı.
1994-cü ildə “Azərbaycan qadını”
jurnalında onun haqqında yazdığım məqaləmi
kitaba daxil etdiyi üçün minnətdarlığımı
bildirirəm.
Məqalə “Qız qardaşım”
adlanırdı. O vaxtdan 19 il keçməsinə
baxmayaraq, Mənzərə xanım eyni həvəs və məsuliyyətlə
öz işinə, yaradıcılığına
yanaşır: “...Müxbir-vətəndaş kimi hadisələrə,
Milli Məclisdə çıxışlara onun öz
münasibəti var. Siyasi mövzularda rəsmi qəbullardan
hazırladığı reportajlarda Mənzərə
xanımın dəsti-xətti aydın seçilir...Mənzərə
xanımın “cəmiyyət və şəxsiyyət” konteksində
araşdırıb oxuculara, dinləyicilərə təqdim
etdiyi mövzular öz aktuallığı ilə diqqəti cəlb
edir”.
Kitabda
“jurnalist ömrünün salnaməsi”ndə yazır:
“...uşaqlığıma dair bütün xatirələrimdə
qarşımda kitab, əlimdə kağız-qələm var.
Gözlərimi yuman kimi O Qızı görürəm”. O
qızın gözləri ilə kaş bu gün də
dünyanı müharibəsiz, qansız görmək
mümkün olaydı... İndi yurd həsrəti onun gözlərindən
keçmişə boylanır: “Bədənimdə o yerlərin
dost-doğmaca küləyindən, günəşindən,
mehrindən hörülmüş gözəgörünməz
tor köynək gətirmişəm. Əynimdədir.
Dədə-baba ocağından
aldığım nur qəlbimdədir.” Həsrət
də insanın əyninə biçilərmiş?! Həsrət yolları bizə təzədən
yaşamaq öyrədir. Dözüm
qocaldıqca isə düşmənə qarşı kin də
böyüyür. Mənzərə
xanımın qəlbinə dolan yaralı xatirələr kitaba
sığsa da bir ömrə sığarmı? Mənim
“Fikir qatarı” mənsur şeirimdə belə sətirlər
var: “Doğulduğum gündən ölən günədək
fikir qatarım məni ötəcək...Qəbrimdə də
yarımçıq arzularım çəmən tək
göyərəcək. Qəbrim səbrim
olacaq, son sözüm olmayacaq”.
“Həyat hikməti”ndən “...Xalq da ağaca bənzər,
kökünə yadlaşmayınca məhv olmaz. Öz
soy-kökündən ayrı düşməyən xalqı
qırmaqla qurtarmaz. Ölən igidlərin yerində daha cəsurları baş qaldıracaq. Artacaq, çoxalacaq.
Öz milli mənini təsdiq edəcək.
Soy-kökünə bağlı xalqa zaval yoxdur.
Kökündən su içən ağaca
ölüm yoxdur”.
Müəllif yazır ki, cəmiyyətin sosial
sifarişi dəyişib, əsl sənət olmayan yerdə mədəniyyət
cılızlaşır, müasir insanın durumu gərgindir. Bəli, şəxsiyyət
və cəmiyyət arasında harmoniya itirsə, mənəvi sağlam fikirlər
bir araya gələ bilmirsə, ümidsiz arzular insana
nə verə bilər ?
Kitabda
“Düşüncələr” fəslində “Qələmin
ağır məsuliyyəti”, “Tərs mütənasiblik”
yazılarında toxunulan mövzu məni də həmişə
düşündürüb. Şəxsiyyət
ilə sənət arasında bəzən harmoniya pozulur. Mənzərə
xanım bu hallara qarşı qəti barışmaz mövqedədir.
Bu haqda yazır: “Bəzən əsərlərinin vurğunu olduğun
ədiblə təsadüfi tanışlıq bütün təəssüratlarını
alt-üst edir. Yaradıcılığında təlqin etdiyi
uca məramların müqabilində yazarın
özünün nə qədər cılız adam olduğu meydana çıxır. Sarsılırsan”.
Yaxud “Özündə
olmayan keyfiyyətləri poeziyasında, nəsrində,
publisistikasında təbliğ edən sənətkara həyat hikmətlərini
yazdıran hansı qüvvədir?
Qələmin qüdrəti, istedadın
gücü, yoxsa ilham pərisi? Bəlkə də bir
insan kimi şəxsiyyətindəki naqisliyi kompensasiya etmək
ehtiyacı?!” Sədi Şirazi belə insanlar haqqında deyib:
“Yazdığına əməl etməyən alim məşəl
gəzdirən kora bənzəyir”. Mənzərə
xanım öz təbiətinə uyğun olaraq, səmimiyyəti
həyatda hər şeydən uca tutur. Şəxsiyyəti
bütöv olmayan insanlar nədən yazırsa-yazsın onun
sözləri də ölüdür, səmimi hissiyyatdan məhrumdur.
Sözün uzunu, qısası, çəkisi, rəngi
var, ən əsası isə sözün ruhu olsun, həyat
kimi canlı olsun, yalana xidmət etməsin. Kitabdan müəllifin
seçmə fikirlərini oxuculara təqdim edirəm:
“İçimdə bir sevgi intihar etdi. Onu dəfn
etməyə ülvi məkan tapmadım. Məzarı
ürəyim, başdaşı beynim oldu”. “Dünyanın yükünü çiynində
daşıyar tənha qadın. Özü
kimsəyə yük olmaz...Zaman keçdikcə anlar ki, dəyişən
hər şey yerində qalıb. Bircə
onun gəncliyindən savayı”. “Qayıq harada xoşbəxtdir?..Qayığın yaşadığı iki məkan
vardı: biri sahil, biri dəniz”. “Dünən kədəri-qəmi
silib-süpürüb atdım evimdən. Silkinib
qalxdım uğursuzluqların uçqunları altından.”
“Sevgilərin ən yanğılısını
mənə verdin. Vətən dərdi, Ana
məhəbbəti, ailə ocağının həsrəti
gizli-gizli, için-için yandırdı”. “Gözlərimə
sataşan qırmızıyanaq ,
sarımtıl alma mənə ideya verir. Həyatıma bir az
şirinlik gəlsin deyə, bu gözəlin
yanağını dişləyirəm...Görəsən,
alma qazandı, yoxsa məyusluğumun badına getdi”.. “Hamı gileylənir ki,
dünyanın mizan-tərəzisi pozulub. Əgər
hərəmiz bir yandan əyiriksə, bu dünya necə
düzəlsin?” “Həyatda hər şeyi
güc həll edir-gözəlliyin, ağlın, elmin,
silahın, pulun gücü. Baxır harda
hansı qalib gəlir”.
Mənzərə
xanımın son fikirləri əslində kitaba epiqraf da ola bilərdi. Doğrudan da
bunlardan biri, bəlkə də bir neçəsi cəmiyyətimizdə
hakim mövqedədir. Lakin ən ümdə
olanı ağıldır. Həmin ağıl ki,
gözəlliyi qiymətləndirə, elmin zirvələrini fəth
edə, müharibəyə “yox” deyə, qələmi silaha
çevirə və puldan səmərəli istifadə
edə bilər.
Mənzərə xanım zərif qəlbiylə, sərt
ağlıyla əlbir çalışır, hər ikisinə
hörmətlə yanaşır. Çünki onlar həyatı
dərk etməkdə, yaxşı və pis günlərdə
onun ən sadiq dostlarıdır. Onun istər
bədii, istərsə də publisist yazıları süni
boyalardan, ifrat tənqid və tərifdən uzaqdır. Qız qardaşım
həqiqətlə üz-üzə, göz-gözə
dayanıb onunla cəsarətlə
danışmağa həmişə hazır mövqedədir.
Burda qələmin gücü, hökmü də
danılmaz həqiqətdir. Kitabda dövrün gerçəkliyindən doğan qənaətlərində, mənsur şeir və miniatürlərində,
90-cı illərin problemlərində, ədəbi qeydlərində
Mənzərə xanımı fəlsəfə doktoru,
jurnalist, yazıçı, həssas qəlbli azərbaycanlı
xanımı kimi qəlbinə, zərif hisslərinə, vətəndaş
mövqeyinə daha yaxından bələd oluruq. Müəllifdən: “...həyat da güzgü kimidir. Sən ona nikbin yanaşanda, o da sənə
gülümsəyir. Sən həyatdan
küsəndə, o da səndən üz döndərir”.
O, cəmiyyətdə gedən proseslərdə, insanların
mövqeyində dominantlıq edən pozitiv keyfiyyətləri,
münasibətləri daha yüksək qiymətləndirir. Müasir əsrimiz XX əsrin
davamı olsa da, təki müharibələrin
davamçısı olmasın. Müharibə
insanları doğma, şirin xatirələrindən, xoşbəxt
arzularından ayırır. “Necə
xoşbəxt olaq?” sualına silahlar sərt cavab verir.
Mənzərə
xanım arzularının səhərinə və
gündüzünə can atsa da, axşamın
qaranlığında günəşin istisini,
işığını duymağı bacarır. “Mən tənhalığımda möhtəşəməm”
deyərək, sanki üzücü sükutun
bağrını yarır.
“Düşüncələr” fəslində
“Soyqırım” və “İşğal” yazıları
xüsusilə diqqətimi cəlb etdi. Həyatda nəinki
insanların hətta ağacların da soyuırımı,
işğala məruz qalması mümkündür.
“Soyqırım”ın fəryadları: “Şəhərdə
ağacların soyqırımı
başlanmışdı.Yaşına, barına,
faydasına baxmadan amansızcasına qırırdılar
ağacları. Xüsusilə, gecə
saatlarında. Tikinti şirkətləri ağaclara qənim
kəsilmişdilər...Buldozerlərin tapdağına məruz
qalan qocaman ağaclarsa hələm-hələm ram
olmurdular...Xüsusilə, may ayında, yaz günü kəsilən
ağacların ah-naləsi yeri-göyü
yandırırdı...Ağacların soyqırımı
genişlənirdi”. “İşğal”ın həyəcanlarında
isə yerli ağacların yerinə çox vaxt xaricdən gətirilmə
ağacların salınması, “işğalı”
Mənzərə xanımı çox rahatsız edir. Alimlər sübut edib ki, bir ağac ildə 120
kiloqram oksigen ayırır. Axı, ağaclar təbiətin
ağ ciyərləridir. Şairlərimizin vəsf
etdiyi, nəğmələrdə dillər əzbəri olan
ağaclar həyatımızın bir parçası,
tarixidir. Babalarımız həmişə
deyərdi ki, ağacı kəsmək günahdır. Qədimdə elə ağaclar vardı ki, ona pir kimi
yanaşırdılar. Afrikada bitən baobab
ağacının torpağımızdakı
işğalına kim şeir qoşub ondan
ilham alacaq? Yönlü qol-budağı da yoxdur.
Mənzərə
xanımın daha qlobal problemlərlə bağlı
yazılarını oxuyandan sonra fikirləşdim ki,
doğrudan da böyük faciələr əslində gündəlik
həyatda fərqinə varmadığımız kiçik
hadisələrdən yaranır. Necə ki,
ağacların “soyqırım” və “işğal” ından.
Ömür fikirlərin uzanıb getdiyi yolların uzunluğuna bərabərdir. Fikirlər Mənzərə xanımın ürəyindən su içib yola çıxır, qarşısında yeni-yeni cığırlara inamla yol açır. “Yaşam” kitabının “Düşüncələr” fəslində Mənzərə xanım əsrlər boyu insanlara tale yazan xeyir və şər yolların “dünya xəritəsini” görmək istəyir...Düzgün yolun yolçusu olmaq isə ən çətin yoldur. Bu, Mənzərə xanımın seçdiyi yoldur. “Yol”un duaları qəbul olsun: “Yol ver, Yolun möhtəşəmliyini dərk edək, ey Yol sahibi! Bizi ömür boyu müşayiət edən problemin həllində- “yol tapmaqda” qüdrətimizi və acizliyimizi etiraf etmək böyüklüyünə qovuşdur”. Amin!
Zöhrə Əsgərova,
Yazıçı-publisist
525-ci qəzet.- 2013.-
26 aprel.- S.7.