Sevginin yaratdığı Güc
Dostum Rəşad Məcid məni qabaqladı. Şimali Kipr təəssüratlarını bölüşərək beynimdə
altını cızdığım
bəzi məqamlardan söz açdı. Ancaq düşünmürəm
ki, indi paylaşacaqlarımın “Qorxunun
yaratdığı Güc..”dəki
fikirlərlə üst-üstə
düşmə ehtimalı
var. Elə bilirəm,
yaddaşımda əbədi
ümman tapmış
xatirələri incələyərkən
təkrarçılığa yol verməyim mümkünsüzdür. Zənnimcə,
birgə səfərə
qatıldığım həmkarlarımızın
hər biri gördüklərini və
eşitdiklərini bölüşsələr
belə, hansısa bənzərlik və ya təkrarçılıq
istisnadır. Çünki
Şimali Kipr təəssürat zənginliyinin
sərhəd tanımadığı
məkandır. Və
mən bu zənginlikdə hərəkətverici
qüvvə kimi yavru Vətəni tarixin acı şərtlərinin doğurduğu
itirmək qorxusu ilə yanaşı, ona bəslənilən hədsiz-hüdudsuz sevgini
də gördüm. Deməli, “Qorxunun yaratdığı Güc...”lə “Sevginin yaratdığı Güc”də
eyni zaman kəsiyində yaşanmış
iki duyum tərzinin vəhdətidir.
Yol yoldaşlarımın bəzisindən
fərqli olaraq Şimali Kiprə ilk gəlişim idi. Müxtəlif vaxtlarda bir neçə dəfə səfər imkanını qaçırmışdım.
Görünür, qismət
indiyəymiş. Azərbaycan
Respublikasının Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun təşəbbüsü ilə
baş tutmuş və İstanbul üzərindən gerçəkləşmiş
yolçuluğumuzun varid
olduğu məkanda, yəni Ərcan hava limanında bizi kıbrıslı dostlarımız qarşıladı.
Elə oradaca bu torpağın sakininin dərin sevgi nümunəsinə
ilk şahidliyim gerçəkləşdi.
Bir qayda olaraq ayaq basdığımız
məmləkətlərə səfərlər pasporta möhür vurulması ilə başlanır. O möhürdən Kıbrıs
türklərində də
var. Bilməzsiniz, hava
limanındakı nəzarətçi
məmur necə böyük həvəslə
onu pasportumuza həkk etmək istəyirdi. Amma bunun üçün ümid dolu baxışlarla icazə almalıydı ki, sonradan tanınmamış
ölkənin möhürünün
gətirə biləcəyi
diskomfortu yaşamayaq.
Məmurun səmimi baxışlarından sezilən
daxili istək möhürün vurulması
ilə vurulmaması arasındakı dilemmada birincini seçirdi. Ani olaraq yadıma
səfər boyu yanımızda olan Şimali Kipr Türk Cümhuriyyətinin
Azərbaycandakı nümayəndəliyinin
keçmiş rəhbəri
Zəki Qazioğlu ilə o hələ Bakıdaykən etdiyimiz söhbət düşdü.
Ölkəmizdəki fəaliyyəti
başa çatmış
cənab Qazioğlu Mətbuat Şurasının
qonağı idi. Mənə çox maraqlıydı deyə bəlkə bir az da ərkyana
Zəki bəydən tanınmamış ölkənin
diplomatı kimi fəaliyyət göstərməyin
necə hiss olduğunu
sormuşdum. Cavabında
əhval-ruhiyyəsindəki ovqatı sifət cizgilərinin ahəstə
hərəkətilə xəfif
duyulacaq tərzdə dəyişə-dəyişə sanki ürəyini boşaltmışdı. Dünyada
16 nümayəndəliyə malik Kıbrısa beynəlxalq miqyaslı tədbirlərdə ciddi maneələrin yaşadıldığını
demişdi. Bildirmişdi
ki, müxtəlif təzyiqlər nəticəsində
qatılmaq imkanlarının
tanınmadığı konfranslarda
üzücü vəziyyətlərlə
qarşılaşırlar. Kiprin yunan kəsimi
təmsilçilərinin hətta
İslam ölkələri
təşkilatlarının tədbirlərinə də
nümayəndə göndərib
iştiraklarını əngəllədiklərini
diqqətə çatdıraraq
hər toplantının
mücadilə ruhuna kökləndiyini vurğulamışdı.
Onu da xatırlayıram
ki, “bizim üçün rahat başa gələn heç nə yoxdur” deyərək söhbətinə çox
qısa ara vermişdi. Kıbrısda
olduğum müddətdə
daha yaxından tanıdığım Zəki
bəy kimi insanlarla söhbətləşmək
sadəcə zövq verirdi. Bu zövqü istər prezident Dərviş Əroğlunun,
baş nazir İrsən Küçükün,
xarici işlər naziri Hüseyn Özgürgünün qəbulundaykən,
istər media qurumlarımdakı
təmaslarımızda, istərsə
də Rəşadla ortaq qəhrəmanımız
olan Yakın Doğu Universitetinin qurucusu Suat İrfan
Günsellə görüşümüzdə
təkrar-təkrar yaşadım.
Hava limanındakı möhür məsələsində
isə söhbətə
ara verən və köks ötürən mən idim. Son dərəcə təsirli səhnəylə
üzləşmişdim və
onu da hiss etmişdim ki, buradakıların hər biri Bakıdan tanıdığım Zəki
Qazioğlu qədər
vətənsevərdirlər.
Kıbrıs türkləri o qədər
vətənpərvərdirlər ki, doğma yurdlarının tarixini nəinki el-el, oba-oba, hətta ən kiçik daşına qədər bilir və bildiklərini danışmaqdan zövq alırlar. Hər kəs salnaməçi təəssüratı yaradır.
Hadisə və prosesləri anlamaq və anlatmaq tərzləri içərilərindəki
Vətən sevgisi ilə çulğalaşaraq
heyrətamizlik doğurur.
Heç yorulmadan ötən əsrin 50-ci illərinin ortalarında yunan millətçi təşkilatı olan
EOKA-nın törətdikləri
vəhşiliklərdən və bununla da hazırda sayları 300 minə çatan Kipr türklərinə qarşı
ayrı-seçkilik siyasətinə
start verildiyindən danışırdılar.
50-70-ci illərdə mübarizə ruhuna köklənmiş hər bir kıbrıslının mahiyyətinə bir toplum olaraq ayaqda qalma, özünü təsdiqləmə istəyi, arzunu gerçəkliyə qovuşduracaq çoşğu, ən əsası isə örnəkləri hər addımbaşı özünü göstərən doğma torpağına inanılmaz sevgi hissi hakim kəsilmişdi. Həmin hiss hər cür məhrumiyyətlərə, amansız qətllərə, təzyiqlərə və təqiblərə baxmayaraq onu ayaqda saxlamış, tarixə Enozis kimi düşən Kiprin Yunanıstana birləşdirilməsi avantürasının gerçəkləşməsinə yol verməmiş, nəhayət 1974-cü ilin yekun zəfərinə daşımışdı. Kıbrıslılar türk əsgərinin adaya girişi ilə gerçəkləşən tarixi qələbədən danışanda ayrı-ayrı epizodları anbaan xatırlayırlar. Onların söylədiklərinə diqqət yetirərkən gözlər önündə keçmişin türk tarixinin şanlı səhifələri canlanır. Sultan II Mehmet İstanbulun fəthi yolunda hansı möcüzəni gerçəkləşdirmişdisə, deyilənə görə, Türkiyə qoşunlarının Kibrısa qan bir qardaşlarını zülmdən və istibdaddan qurtarmaq üçün yetişməsi də inanılmaz səhnələrlə yadda qalıb. Bələdçimiz İbrahim bəy yunanların bütün mümkün giriş nöqtələrini nəzarətdə saxlaması səbəbindən türk ordusunun heç kəsin gözləmədiyi şəkildə keçilməsi mümkünsüz görünən sıldırımı aşaraq köməyə yetişdiyini nəql edir və böyük fəxrlə tarixi igidliyin vaqe olduğu məkanın incəliklərinə varır. O zaman yunan zülmünün canlı şahidlərindən olan ahıl yaşlı kişi isə yaşadığı kəndin 80-dən artıq qadınının, uşağının və qocasının öldürüldükdən sonra xəndəkdə yandırıldığı yeri göstərir. İndi həmin məkanda ucaldılmış xatirə abidəsini ziyarətlə təskinlik tapdığını deyir. Ümumxalq ziyarətgahına çevrilmiş bu məkanda doğmalarını anır.
Türkiyədəki, elə digər türk respublikalarındakı dostlarımız inciməsinlər, ancaq Kıbrıs türkləri öz davranışları ilə daha çalışqan, məsuliyyətli, təvazökar və məqsədyönlü insan obrazı yaratdılar. Orada özümü sözün həqiqi mənasında evimdəki kimi hiss etdim. Kıbrıs türkü türk bağlılığımızı daha çox xatırlatdı. O, Avropalaşıb, batilən dünyəvi, daxilən xurafatı yaxın qoymayan dindardır, solçuluğun və sağçılığın təsirinə uğramayandır, nümunədir, haradasa etalondur, modeldir də. Malik olduğu, qazandığı dəyərlərin qədrini daha çox biləndir. Problemlərini görəndir, onların həlli yollarını etiraz səsini aləmə car çəkməklə deyil, barışda, dialoqda və kompromisdə axtarandır. Mavi dənizi dərin və mənalı baxışlarla seyr edən, hələ də xəyallarında gəzdirdiyi, görmək istədiyi günün xiffətini çəkəndir.
Şimali Kiprdə insanlar yaşadıqları kiçik və kiçik olduğu qədər də əzəmətli məmləkətlə bağlı olayların müxtəlif təfərrüatlarından söz açarkən o qədər var-gəl edirlər ki, elə bil, nəyisə unutmaqdan qorxurlar. Təbii, onların xarakterləri bənzərsiz istiqanlılıqlarının təcəssümüdür. Amma düşünürəm ki, bu, eyni zamanda mövcudiyyətini imkanının düşdüyü hər fürsətdəcə bəyan etmək kimi müqəddəs vəzifənin icrasıdır. Hazırda hər bir Kıbrıs türkü üzərinə düşən bu missiyaya çalışdığı sahədə konkret əməli ilə sadiqdir və sadiqliyin bariz təzahür formalarından biri də tanınmayan ölkənin ali məktəblərinin dünya miqyasında qəbuludur. Həmin ali məktəblərin tələbələri içərisindən 80-dən artıq ölkənin nümayəndələri, o cümlədən azərbaycanlı gənclər də var. Onların sayı ilbəil artır. İlk başlanğıcdakı 127 rəqəmi sonradan 400-ə, 950-yə çevrilib, hazırda 1500-ün hədəfləndiyi bildirilir. Təhsilin səviyyəsinə gəldikdə, baş çəkdiyimiz universitetlərdə qarşılaşdığımız mənzərə azərbaycanlı övladı da daxil olmaqla türk övladının etibarlı əllərdə olduğunu təsdiqləyirdi. Zənnimcə, bu etibar təkcə dərs prosesinin yüksək peşəkarlıqla qurulmasından irəli gəlmir. Məsələ həmin prosesə rəhbərliyin ideya adamlarının əlində olmasındadır. O ideya adamlarının ki, hər cür malı-mülkü, varı-dövlət qazanmaq imkanlarını deyil, millətini, xalqını düşünürlər. Zatən millət və xalq da onların çiyinləri üzərində dayanır. Sizin çiyinləriniz üzərində – deyə söhbətimin əvvəlində haqqında bəhs etdiyim Yakın Doğu Universitetinin qurucusu Suat İrfan Günselə xitab etmişdim. Onun bizimlə görüşdə həssas duyğulara köklənərək söylədikləri hamımızı duyğulandırmışdı. Həm qorxunun, həm də sevginin yaratdığı gücün təsirindən ayrılmaq mümkün deyildi. Nüfuzlu “Forbes” jurnalının siyahısındakı zəngin türklərdən olan Suat bəy az qala bir məmləkətin tarixi ilə qoşa addımlayan həyat hekayəsini anlatdıqca nəzərimdə Azərbaycan milli mətbuatının banisi, dahi mütəfəkkir Həsən bəy Zərdabini, XIX əsrin sonu XX əsrin əvvəllərindəki digər ziyalılarımızı – Əlimərdan bəy Topçubaşovu, Əli bəy Hüseynzadəni, Əhməd Ağaoğlunu və başqalarını canlandırdım. Onların hansı məhrumiyyətlərə qatlaşmasına, əzab-əziyyətlərə sinə gərdikləri gözümün önündən kino lenti kimi keçdi. “Əkinçi”nin mənəvi irsindən qidalanan nəsil əsrin əvvəllərindəki azərbaycanlını sanki qəflət yuxusundan ayıldıb mübarizəyə səsləmişdi. Bu səsləyiş tarixin ənginliklərində itib-batmaqda olan dövlətçilik ideyasını dirçəltmiş, yekunda müstəqil respublikamızın yaranmasına gətirmişdi. Beləcə sayları çox az olan ideya adamlarının haradasa qeyri-bərabər təsir bağışlayan mücadilədəki böyük zəfəri gerçəkləşmişdi. Hesab edirəm ki, bugünkü Kıbrıs özünün inkişaf xüsusiyyətlərilə qurucu prezident mərhum Rauf Denktaş başda olmaqla məhz ideya carçılarının ərsəyə gətirdikləri şah əsərdir. Həmin carçılardan biri kimi gördüyüm Suat İrfan Günsellə söhbətləşmək, fikir mübadiləsi aparmaq necə də xoş idi, inanılmaz daxili rahatlıq hissi gətirirdi. O hiss məni heç tərk etməyəcək kimi görünür.
Yavru Vətəndən ayrılmaq vaxtı gəlir. Zəngin təəssüratlar altında Kıbrısa ayaq basdığımız ilk yerə – Ərcan hava limanına doğru yön alırıq. 1974-cü il müharibəsinin qəhrəmanlarından olan türk pilot Fəhmi Ərcanın şərəfinə adlandırılmış bu məkana gedən yol boyu Kiprlə bağlı bildiklərimi yada salıram – 1983-cü ildə adanın türk kəsiminin müstəqilliyini elan etməsi, bununla bağlı bəyannamədə yunan Kipri ilə uyğun anlaşmanın mümkünlüyünün əksini tapması və nəhayət, “Annan planı” ilə birləşmə üçün real şansın yaranması. Amma 2004-cü ilin referendumunda türk tərəfi vahid dövlətdə birləşməyə “hə”, yunanlar “yox” dedilər. Beləcə ada ilə bağlı illər ərzində sürən danışıqlar yenə də dalana dirəndi. Mövcud durumda nə birləşmə, nə də tanınma var. Zənnimcə, hazırkı status-kvo təkcə kıbrıslıları deyil, ümumilikdə ürəyi Kıbrıs insanı ilə birgə döyünənlərin hamısını sıxır. Nə olacaqsa, bir an öncə olsun, bitsin – kıbrıs türkləri yaranmış naməlum vəziyyətlə bağlı belə söyləyirlər. Onların səbr etmək niyyətləri yoxdur. Bu, sərfəli də deyil. 300 minlik toplum keçdiyi yolla, qazandığı nailiyyətlərlə həm mənəvi, həm də siyasi baxımdan haqqı çatan müstəqilliyinin təkcə kağız parçası üzərində yer almış bir məqam olmadığını isbatlayıb. Heç şübhəsiz, Vətənə, torpağa hədsiz sevginin gətirdiyi bu ali hiss – müstəqil Kipr Türk Cümhuriyyətini tanıdacaq. Mütləq tanıdacaq!
Əflatun Amaşov,
Azərbaycan Mətbuat Şurasının sədri
525-ci qəzet.-
2013.- 26 aprel.- S.5.