Oralarda kimlər var- İnqilab Həsənli
“MAŞINI YOLUN KƏNARINA VERİB
SAXLADIM VƏ ZÜLÜM-ZÜLÜM AĞLADIM”.
ONLAR NƏ DEDİLƏR
:
...1968- ci
ilin payızı idi. Böyük
yazıçımız İsmayıl Şıxlının
məşhur “Dəli Kür” romanı kitab şəklində
nəşr olunmuşdu. Bu əsər tez
bir zamanda oxucuların diqqətini cəlb etmiş (axı, o
vaxtlar kitabı hamı oxuyurdu, xüsusən də “Dəli
Kür” kimi əsəri), ədəbi hadisəyə
çevrilmişdi. O vaxtlar mənim də mənsub olduğum tələbə
nəslinin toplaşdığı yerlərdə hamı bu əsər
barədə danışır, qəzetlərdə məqalələr
dərc olunur, müzakirələr keçirilirdi.
Belə müzakirələrdən biri Mərkəzi
Şəhər Kitabxanasında oldu. Bu tədbiri mərhum
şairimiz Ağacavad Əlizadənin rəhbərliyi ilə
həmin kitabxanada fəaliyyət göstərən ədəbiyyat
dərnəyinin üzvləri təşkil etmişdilər.
İsmayıl Şıxlının özü
də tədbirdə iştirak edirdi.
Yaxşı yadımdadır. Məclisdə jurnalist
Aslan Zeynallı roman barədə geniş məruzə etdi.
Daha sonra çıxışlar başlandı.
Çıxış edənlər arasında o illərin tələbələri-
sonradan gözəl bir şair kimi tanınan, mərhum Eldar
Baxış, mərhum jurnalist Qasid Nağıoğlu, habelə
mənim tanımadığım bir neçə şəxs
də vardı. Hamı öz ürək
sözlərini söyləyir, iradlarını və
arzularını müəllifə bildirirdi. Çıxış edənlərdən bəziləri
müəllifdən xahiş edirdilər ki, “Dəli
Kür”ün ikinci hissəsini də qələmə
alsın.
Daha sonra
o vaxtlar hələ şəxsən tanımadığım
İnqilab Tərtərli ( elə bu
soyadı 1960- cı illərdə qəbul etdiyinə görə
İnqilab müəllimi alqışlamaq olar) adlı bəstəboy
bir gənc çıxış etdi. Onun öz yaşına
uyğun olmayan, daha çox ağsaqqal söhbətini
xatırladan təmkinli çıxışı hamı tərəfindən
razılıqla qarşılandı...
Filologiya elmləri doktoru Adilxan
Bayramov:
(Ardı
yazının sonunda)
______________________________________________________________________________________
–
İnqilab əfəndi, mənə elə gəlir ki, bir az qapalı həyat yaşayırsan. Yazarlar
camiəsində az görünürsən.
Nədir bu özünə qapanış? Bir incikliyinizmi var? Dostlardanmı xəyanət
görmüsən yoxsa...
– Əvvəla onu deyim ki, mən ümumiyyətlə
qapalı yaşamağı bacarmıram. Heç vaxt, heç kimdən,
hətta məni istəməyənlərdən belə
heç nəyi gizlədə bilmirəm... O ki, qaldı sizin
təbirinizcə desək, yazarlar camiəsində az
görünməyimə, bu mənim şəxsi həyatımla
bağlıdır...Dörd övladım var, dördü də
qızdır və onarın uşaqlıq illəri, yeniyetməlik
çağları elə dövrə düşdü ki, qələmlə
çörək qazanmaq sadəcə olaraq mümkün
deyildi. Odur ki, doxsanıncı illərin əvvəllərində
kiçik sahibkarlıqla məşğul olmağa
başladım. Və çox şükürlər
olsun ki, ailəmi ayaqda tutmağı bacardım... Əlbəttə, birdən-birə qələm yerə
qoyub pul dalınca qaçmağım heç də asan
başa gəlməyib mənə. Gündüzlər
birtəhər başımı qatsam da, gecələr yuxum ərşə
çəkilirdi; yaza bilmədiyim mövzular, deyə bilmədiyim
sözlər içimi göyür-göyür göynədirdi...
Bir müddət qələm dostlarımdan
qaçıb gizləndim. Döyüş yoldaşını
meydanda tək qoyub qaçan qorxaq əsgər kimi onları
görəndə xəcalət çəkirdim... Heç yadımdan çıxmır,
satıcını çörək yeməyə göndərmişdim,
satılan malların yerinə yenisini qoyurdum. O vaxt təzə
çıxan və çox dəbdə olan “Absalyut”
arağını qaldırıb piştaxtaya qoymaq istəyirdim
ki, doğma bir səs eşitdim, başımı
qaldırdım ki, uşaqlıq dostum şair Dilsuzdu. Nə təhər
özümü itirdimsə, araq şüşəsi əlimdən
düşüb çilik-çilik oldu... Və
mənə elə gəldi ki, o şüşə
qırıqları bir cərrah bıçağı kimi
içimdəki yaradan da betər ağrı verən nəyi
isə kəsib atdı...Daha heç kimdən gizlənmirdim, əksinə,
bütün qələm dostlarımı daha tez-tez görmək,
onlarla birlikdə olmaq istəyirdim. İndi də yaddan
çıxmaqdan, unudulmaqdan qorxurdum... Bir neçə ilin
sözüdü; bir gün şair Adil Şirin mənə zəng
elədi və dedi ki, dünən hardaydın, qardaş, səni
görmədim, toya niyə gəlməmişdin? “Nə toy, –
dedim,- xəbərim yoxdu”, “Vaqif Bəhmənlinin
nəvəsinin kiçik toyuydu”... Daha heç
nə eşitmədim, eləcə gücüm ona
çatdı ki, maşını yolun kənarına verib
saxladım və zülüm-zülüm ağladım.
–
Çox işlənmiş sual olsa da, bilmək istərdim,
jurnalistikanı seçməyində bir təkan olubmu, yoxsa,
Allaha təvəkkül deyib o vaxtın ən gözəl
fakültələrindən biri olan jurnalistikanı
qazanmışdın?
–
Jurnalistika fakültəsinə gəlişimi qətiyyən təsadüf
saymıram. Ona görə ki, hələ orta məktəbdə
oxuyarkən məktəbimizin divar qəzetinə məqalələr,
şeirlər yazar, şəkillər çəkərdim, necə
deyərlər, məktəbimizin həm “şairi” idim, həm
də “rəssamı”. Elə o illərdə də qəti
qərarımı vermişdim; mütləq jurnalist olacam...
Ancaq indi çoxları üçün təəccüblü
görünən əcaib bir əngəl bu arzuma
çatmağımı bir neçə il
ləngitdi. O dövrdə Azərbaycan Dövlət
Universitetinin iki əsas fakültəsinə – jurnalistika və
hüquq fakültələrinə ən azı iki il iş stajı olmayanın sənədlərini
götürmürdülər. Bu səbəbdən
mən də 1965-ci ildə sənədlərimi verə bilmədim.
Bundan xəbər tutan anam sənəd qəbulunun sonuncu
günü – iyul ayının 31-də (indiki kimi
yadımdadır, bazar günü idi) səhər tezdən
Bakıya gəldi və dedi ki, Dəmir-yolu
Vağzalının yanında bir institut var, gördüm sənəd
götürürlər, dur gedək ora. Anamın
sözündən çıxa bilmədim və sənədlərimi
AZİ-nin (indiki Neft Kimya Akademiyası) İqtisadiyyat fakültəsinin
Əməyin iqtisadiyyatı və təşkili şöbəsinə
verdim və qəbul olundum. Ancaq nə illah eləyirdimsə,
nə 90 dəqiqənin çox hissəsini arxasını bizə
çevirib yazı lövhəsini düşmən malı
kimi döyəcləyən müəllimlərimizə, nə
də hələ heç adını belə bilmədiyim
professorların lövhəyə yazdıqlarıynan bərabər
dediklərini də bitdə-bitdə qalın dəftərlərinə
köçürən tələbə yoldaşlarıma
uyuşa bilmirdim. Axır ki, bir ay iyirmi günlük “əsirliyimə”
son verdim; oktyabr ayının 19-da dərsdən
çıxıb Sumqayıta – özünün
qaldığı fəhlə yataqxanasında mənə
sığınacaq verən və hamıya kiçik
qardaşımdı deyib mənə arxa, dayaq olan, uşaqlıq
dostum, kəndçimiz İmranın yanına deyil, qatara minib
birbaşa rayonumuza – Tərtərə getdim...
...
Üç ay keçdi, beş ay keçdi, bilmirəm, bir
gün şair Famil Mehdi (torpağı nurnan dolsun) “Bakı” qəzetinə
göndərdiyim şeirlərim barədə xoş sözlər
yazdı, nümunələr çap elətdirdi və
çox çəkmədi ki, bu fövqalədə hadisə
məni yenidən Bakıya qaytardı. Bu böyük və
yad bir şəhərdə üzümə açılan ilk
qapı da elə son dərəcə mehriban və xeyirxah insan
olan Famil müəllimin qapısı oldu... Məni
Azərbaycanın kitab xəzinəsi hesab olunan “Kitabxana
kollektoru” deyilən bir idarədə işə də Famil
müəllim düzəltdi. Hər ay
aldığım maaşın demək olar ki, çox hissəsini
müdirə verib satışda olmayan çox nadir kitablar
alırdım.Çoxlarının həsəd
aparacağı kitabxna yaratmışdım. İşləyə-işləyə
Xarici Dillər İnstitutu nəzdindəki ikiillik ingilis dili
kursunu bitirdim... 1969-cu ildə jurnalisitika fakültəsinə
qəbul oldum...
–
Ömür yolu deyilən bir yol təbii ki, hər bir adam üçün təkrarsız hesab olunur.
Keçdiyin bu ömür yolundan
razısanmı?
– Hər
kəsin ömür yolu onun alın yazısıdır və
bu yolun haradan başlayıb, nələrdən, kimlərdən
keçəcəyini ulu yaradandan başqa kimsə bilmir, bu
yazını pozmağa kimsənin gücü çatmır. İnsan övladının gücü bircə ona
çatır ki, keçib gəldiyi yola boylanır,
yaşadıqlarını birər-birər yada salır,
saf-çürük eləyir və tanrının ona bəxş
elədiyindən ya razı qalır, ya da narazı.Mən
çəkdiyim bütün əziyyətə,
yaşadığım böyük acılara rəğmən
Allahımdan çox razıyam. Elə təkcə ona
görə ki, ULU YARADAN dünyanın bütün
yaxşılıqlarını özündə cəm eləyən,
son dərəcə mehriban, xeyirxah, övladı yolunda çəkdiyi
heç bir əziyyətdən bezməyən, usanmayan cəfakeş,
eyni zamanda çox ağıllı və müdrik bir
ANAsını mənə qismət eləmişdi...Atam istər
vəzifəsinə (anamla evlənəndə kolxoz sədri
olub), istərsə də sözünün kəsərinə,
ağırbatman davranışına görə təkcə
Kolanı mahalında deyil, bütün Tərtər rayonunda
seçilib-sayılan, böyük hörmətə,
nüfuza sahib bir kişi olub. Və anam atamın nə vaxtsa
ona dediyi bir kəlmə sözün yalan olduğunu eşidən
gün çoxlarının həsəd apardığı
belə bir ƏRDƏN, dağ kimi ARXAdan ömürlük
imtina eləyib, qırx günlük körpəsini – məni
bağrına basıb atamla onu birləşdirən
bütün bağları bir yolluq qırıb...Belə bir
atalar sözü var, deyir, “yetim yekəlir, yamanlıq
tanrıya qalır”. Mən də Gülüstan xalanın və
onun məndən xeyli böyük olan uşaqlarının
qayğısıynan, əziz-xələf briqadir oğlu kimi
anamla birlikdə cəmi iyirmi-iyirmi beş
evdən ibarət olan balaca kəndimizi ev-ev, ocaq-ocaq gəzə-gəzə,
əzizlənə-əzizlənə böyüyürdüm.
Ancaq bu qədər sevgi, əzizlənmə mənə heç
bir güzəşt, necə deyərlər, xüsusi imtiyaz
vermirdi...
Olurdu ki,
yoldaşlarımdan kiminləsə sözümüz çəp
gəlirdi, dalaşırdıq, döyürdüm, ya
döyülürdüm, fərqi yox idi, hər dəfə,
günah məndə olmayanda belə, anam mənə təpinir,
məni tənbeh edirdi: “ayıb olsun, utanmırsan, adam da
qardaşıynan dalaşar?” – deyirdi. “Yediyim”
şillə-təpiyin göynərtisi canımdan
çıxmamış məni döyən uşağın
başını sığallayıb üzündən
öpürdü: “bilirəm, səndə günah yoxdu, sən
ağıllısan, sən İnqilabın qardaşısan”
deyirdi. Beləcə kəndimizin bütün
oğlan uşaqları dönüb olurdular mənim
“qardaşım” və daha heç kimin mənimlə
dalaşmağa həvəsi qalmırdı. Elə mənim özümə də kiminləsə
dalaşmaq, döyüb, döyülmək ləzət eləmirdi.
Bu münvalla heç özüm də hiss eləmədən
bir də gördüm ki, yaşıdlarımdan
uzaqlaşmışam, “böyüyüb böyük kişi”
olmuşam, başlamışam özümdən böyüklərnən
oturub-durmağa, dostluq eləməyə. Deyəsən, elə
onlar da kəndimizin yekə-yekə kişiləri də mənimlə
– bir qonşunun toyuğuna daş atmayan,
gördüyünü, eşitdiyini kimsəyə deməyən
– xəbərçilik eləməyən
“ağıllı-kamallı” briqadir oğluynan
dostluqlarını özlərinə “şərəf” bilirdilər...Bir
sözlə, anam mənə elə bir tərbiyə verib, elə
bir əxlaq dərsi keçib, atdığım hər
addımıma, hər hərəkətimə elə bir
düzən verib ki, ömrümün bu ağsaqqal
çağında belə o düzəni pozmağa hünərim
çatmır...Sonralar, çox-çox sonralar həyatda
gördüklərim, eşitdiklərim, bir jurnalist kimi qələmə
aldıqlarım hər dəfə məni təəccübləndirib,
heyrətləndirib: necə olur axı, övlad onu dünyaya
gətirən, böyüdüb boya-başa çatdıran
ata-anasından imtina eləyir, qardaş-qardaşa düşmən
kəsilir, qohum-qohuma, qonşu-qonşuya güllə atır?!
Hər dəfə də bu qənaətə gəlmişəm
ki, bütün bu insanlıqdan uzaq hadisələrin
kökündə, mayasında nəsə vaxtında
düzgün verilməyən bir tərbiyə, bir əxlaq məsələsi
var.
ONLAR NƏ DEDİLƏR (ardı):
Filologiya elmləri doktoru Adilxan
Bayramov:
...İnqilab
Tərtərli əsərin ikinci hissəsinin yazılması
ilə bağlı təklifə öz münasibətini belə
bildirdi: “Dəli Kür”ün ikinci hissəsinin
yazılmasının tərəfdarı deyiləm. Qəti
deyirəm: bu romanın ikinci hissəsi qələmə
alınsa, “Dəli Kür” “Dəli Kür”lükdən
çıxacaq. Ona görə ki, müəllif demək istədiklərinin
hamısını elə burada deyib...”
Sonda İsmayıl Şıxlını
danışdı. O, burada səslənən fikirlərə də
münasibət bildirdi və dedi: “İnqilab Tərtərlinin
fikri ilə tam razıyam. “Dəli Kür”ün
ikinci hissəsini yazmaq mənim üçün asandır.
Əsərdəki bir sıra obrazları şəhərə
gətirib inqilabçı da edə bilərəm. Lakin mən bunu etməyəcəyəm”.
Tofiq Abi,
mən İnqilab Tərtərlinin Azərbaycan Dövlət
Universitetində oxuduğu zaman, habelə Azərbaycan Radiosunda
işlədiyi illərdə müşahidə etdiyim bir
sıra insani keyfiyyətləri barədə də
danışa bilərəm. Ancaq mənə elə gəlir
ki, 45 il (!) bundan qabaq şahidi olduğum və
indi “Sarının kafesi”ndə sənə
danışdığım bu kiçik xatirə çox
şey deyir...
(Hər iki hissə davam edəcək.)
Tofiq ABDİN
525-ci qəzet.-
2013.- 27 aprel.- S.23.