Böyük şəxsiyyətlər
bütün dünyaya məxsusdur
(davamı)
1954-cü
il Hind-Çin müharibəsi problemlərini kəskin
yüksəkliyə qaldırdı. Çörçillin
saziş barədəki müraciəti Britaniya
qoşunlarının Suveyş bazasından geri çəkilməsi
ilə nəticələndi. 30 noyabr 1954-cü ildə onun 80
illik yubileyi qeyd ediləndə, Vestminsterdə ona ehtiram
göstərilməsi şərəfinə bütün
partiyaların birgə təntənəli mərasimi
keçirildi. Ehtiram onu göstərirdi ki, o, tezliklə istirahətə
yollanacaqdır. 5 aprel 1955-ci ildə o, tutduğu vəzifədən
istefa verdi, bir neçə həftə əvvəl onun
seçilmiş varisi ser Entoni İden Cenevrədəki
dörd dövlət başçısının konfransı
qarşısında öz planlarını elan etdi.
Çörçill
İcmalar Palatasında qalmaqla “Palatanın atasına”
çevrildi, hətta 1959-cu ildəki yeni seçkilərdə
mübarizə apardı və qalib gəldi. Dörd cildlik
“İngilis dilli xalqların tarixi” əsərini (1956-1958-ci illər)
yazdı. 1963-cü ilin aprelində ona Birləşmiş
Ştatların fəxri vətəndaşlığı
verildi, bu ona Konqressdə fəaliyyət göstərmək
imkanı verirdi.
O, 24
yanvar 1965-ci ildə Londondakı evində öldü. Dövlət
matəmində demək olar ki, bütün dünya ona öz
ehtiramını nümayiş etdirdi. O, Oksfordşirdəki
Pladon kilsəsinin həyətində ailə qəbiristanlığında
dəfn edildi. Çörçill deyirdi ki, “Zaman – pis müttəfiqdir”.
Özünə münasibətə gəldikdə zamanın əla
müttəfiq olduğu üzə çıxdı.
Şarl
de Qoll
İnsan
üçün ən yaxşı qələbə
özünə qalib gəlməkdir. Başqası tərəfindən
məğlub olmaq biabırçılıqdır və hər
şeydən pisdir.
Platon
Baxışın
məlum genişliyində bütün qorxulu vəziyyətlər
yoxa çıxır.
Şarl
Monteskye
Şarl
de Qoll iki dəfə öz ölkəsini bədbəxtlikdən
xilas etmiş, onun siyasi və konstitusional
normallığını bərpa etmiş və
ardıcılları olan vətəndaşlarının
çoxluğunun dəstəyinə artıq malik
olmadığı aydın olduqda isə iki dəfə özəl
həyata yollanmışdı. Siyasi həyatda əgər
yeganə deyilsə, nadir şəxsiyyət olmaqla o, bu nailiyyətlərini
özünün yazıçılığı və hərbi
nəzəriyyəçi kimi istedadı ilə birləşdirirdi.
Əlbəttə, o, 50 yaşına yaxın olana qədər
siyasi şəxsiyyət kimi meydana
çıxmamışdı, baxmayaraq ki, onun əvvəllər
hərbi xadim və yazıçı kimi artıq bəzi mənəvi,
intellektual, siyasi və digər xarakterik keyfiyyətləri
üzə çıxmışdı. Bu onun sonrakı
karyerasında özünü göstərdi. Birincisi, qalib gələn
Fransanın lideri və onun müharibədən sonrakı
müvəqqəti hökumətin başçısı
kimi; ikincisi, beşinci respublikanın banisi və birinci
prezidenti kimi; üçüncüsü, özünün
iştirak etdiyi hadisələrin tarixçisi və
avtobioqrafik əsərin müəllifi kimi.
Şarl-Andre-Mari-Jozef
de Qoll 22 noyabr 1890-cı ildə Lilldə anadan olmuşdur.
Katolik, vətənpərvər və millətçi, orta
sinfin yuxarısından olan ailənin ikinci oğlu olmaqla,
erudisiya atmosferinə düşmüşdü. Ailədən
tarixçilər və yazıçılar
çıxmışdı, onun atası isə fəlsəfə
və ədəbiyyat professoru idi. Lakin Şarl de Qoll uşaq
kimi artıq hərbi işlərə ehtiraslı maraq göstərirdi.
Sen-Sir Hərbi Akademiyasında oxudu və 1913-cü ildə gənc
ikinci leytenant kimi polkovnik Filipp Petenin piyada polkuna
götürüldü. Sonralar de Qoll öz gəncliyini belə
xatırlayırdı: “Mən hesab edirdim ki, həyatın mənası
Fransa naminə böyük igidlik göstərməkdir və
elə gün gələcəkdir ki, mənə belə imkan
qismət olacaqdır”. Onda ölkəsinə xidmət barədə
mistik bir vəzifə, borc hissi meydana gəlmişdi.
Hərbi
karyerası onun fərasətli, zəhmətkeş,
qızğın gənc zabit, orijinal ağla malik olan bir adam,
özünə yüksək dərəcədə güvənən
olduğunu və qeyri-adi igidliyə malik olacağını
biruzə verirdi. Birinci Dünya müharibəsində o, Verdendə
vuruşmuşdu, üç dəfə yaralanmış və
iki il səkkiz ayı müharibə əsirliyində
keçirmiş, bu vaxt altı dəfə qaçmağa cəhd
etmiş və adı üç dəfə rəsmi məlumatlarda
qeyd olunmuşdu. Əsirlik ərzində alman müəlliflərini
mütaliə edir, Almaniya barədə daha çox şey
öyrənir. Məhz o vaxtlar o, yeni kitabı olan “Düşmənin
ölkəsində nifaq” əsərini yazır və
1916-cı ildə çap etdirir. De Qoll əsirlikdən
yalnız 11 noyabr 1918-ci ildə, sülh
razılaşmasından sonra azad edilir. İki il Polşada hərbi
məktəbdə taktikadan dərs deyir. Vətənə
döndükdən sonra, 1921-ci ildə aprelin əvvəlində
evlənir və ilin sonunda onun oğlu olur. Uşağı
onun gələcək antoqonisti marşal Petenin şərəfinə
Filipp adlandırır.
Sen-Sirdə
oxuduğu illərdən və iki illik xüsusi strategiya və
taktikanı öyrədən hərbi kollecdə oxuduqdan sonra
marşal Peten tərəfindən 1925-ci ildə Ali Müharibə
Şurasının qərargahına irəli çəkilmişdi.
1927-1929-cu illərdə və yenidən 1936-38-ci illərdə
Reynlandı işğal edən orduda mayor kimi xidmət edəndə
o, alman təcavüzü təhlükəsini və
fransız müdafiə cəhdinin adekvat
olmadığını görməyi bacarmışdı. O,
həmçinin iki ili Orta Şərqdə keçirmiş,
dörd il Milli Müdafiə Şurasının katibliyinin
üzvü kimi çalışmışdı.
Onun
yazıçılıq karyerası Almaniyada mülki və hərbi
hakimiyyətlərlə əlaqədar öz təəssüratlarını
təhlil etdikdə başlanmışdı. 1932-ci ildə “Gələcəyin
ordusu” əsərini yazmışdı. O, professional, yüksək
dərəcədə mexanikləşmiş və mobil
kiçik ordu ideyasını müdafiə edirdi. Statik nəzəriyyə
isə Majino xəttinə (bu fransızların Almaniya sərhədində
980 kilometr məsafədə uzanan möhkəmləndirilmiş
müdafiə sistemi idi, müdafiə naziri olmuş general
Majinonun adını daşıyırdı) arxalanırdı.
Bu xətti tikməkdə başlıca məqsəd
Fransanı alman hücumundan müdafiə etmək idi. Ancaq de
Qollun belə orijinal baxışları onu hərbi rəhbərlik
arasında qeyri-populyar etmişdi və 1938-ci ildə
yazdığı tarixi əsər olan “Fransa və onun ordusu”
kitabı onu hətta marşal Petenlə mübahisə etməyə
aparıb çıxarmışdı. Bunlardan əlavə o,
“Şpaqanın ucunda” əsərini yazmışdı.
İkinci
Dünya müharibəsinə bir gün qalmış, 31 avqust
1939-cu ildə o, yazırdı: “Mənim üzərimə dəhşətli
mistifikasiyada rol oynamaq düşüb. Bir neçə
yüngül tank, hansılara ki, mən komandanlıq edirəm,
yalnız tozcuqdur. Biz hərəkət etməsək, bu
müharibəni biabırçı qaydada uduzacağıq”.
İkinci
Dünya müharibəsi başlandıqda o, 5-ci fransız
ordusuna bağlı olan Saardakı tank briqadasının
komandiri idi. Müharibə başlamamışdan bir gün əvvəl
o, bu vəzifəyə təyin olunmuşdu. 1940-cı ilin
mayında 4-cü zirehli divizionda o, müvəqqəti briqada
generalı oldu, bu rütbəni o, ömrü boyu saxladı.
İki dəfə öz tank müharibəsi nəzəriyyəsini
tətbiq etmək üçün imkana malik oldu. Nəticədə
o, baş komandan general Maksim Veyqan tərəfindən 2 iyun
tarixli depeşada “yüksək enerjili və igid lider” kimi
xatırlanmışdı. İyunun 6-da o, Pol Reyno hökumətinə
müdafiə və müharibə nazirinin müavini kimi daxil
oldu və müharibənin davam etdirilməsi imkanlarını
öyrənmək üçün bir neçə dəfə
tapşırıqla İngiltərəyə getdi. Reyno
hökuməti marşal Peten hökuməti ilə əvəz
edildikdə, axırıncı almanlarla atəşkəs
axtarmaq məqsədini güdürdü, ona görə də
de Qoll İngiltərəyə yollandı.
Hələ
22 iyun 1940-cı ildə Almaniya ilə Fransa arasında sülh
müqaviləsi imzalanmamışdan əvvəl general de Qoll
Londondan radio ilə çıxış edəndə (18 iyun)
fransızları natsist Almaniyası ilə mübarizəni
davam etdirməyə çağırdı. O, bir gün əvvəl
Fransanı tərk etmiş və həmin vaxtdan Londondan
fransız müqavimət hərəkatına
başçılıq etməyə başlamışdı.
De Qoll Böyük Britaniyada fransız Milli Komitəsini
yaratdı və həmvətənlərini
işğalçılarla mübarizəni
dayandırmamağa çağırdı. De Qoll öz həmvətənlərindən
dəstək aldı. Fransada güclü müqavimət hərəkatı
formalaşdı.
De Qoll
“Ümid memuarları”nda bunu belə təsvir edir: “Öz ruhumu
və şərəfimi xilas etmək üçün digər
hansısa bir köməkdən məhrum olmaqla, heç kəsə
məlum olmayan bir de Qoll Fransa üçün məsuliyyəti
öz üzərinə götürməli idi”. Radio ilə müraciətində
belə sözlər işlətmişdi: “Heç nə
itirilməmişdir, çünki bu müharibə dünya
müharibəsidir. Bir gün gələcək ki, onda Fransa
azadlığını və əzəmətini
qaytaracaqdır. Bax buna görə də bütün
fransızlara hərəkət etmək, özünü qurban
vermək və ümid naminə mənim ətrafımda birləşmək
barədə müraciət edirəm”. O, Peten hökumətini
xəyanətdə ittiham etdi.
Fransanın
faktiki təslimçiliyindən və sülh imzalandıqdan
bir neçə gün sonra Vişi kurort şəhərində
çağırılmış fransız Milli Məclisi 74
yaşlı marşal Filipp Petenin 17 iyunda yaradılmış
hökumətinə bütün Konstitusiya səlahiyyətlərini
verdi (10 iyul 1940-cı il). Bu hökumət alman qoşunları
tərəfindən işğal edilmiş Vişidə yerləşirdi.
Marşal Peten Almaniya ilə danışıqlar aparmaq
imkanı axtarırdı. Fransa siyasi rəhbərliyi hələ
Almaniya ilə sülh bağlamamışdan əvvəl
kollaboratsionistlərə və müqavimət tərəfdarlarına
bölünmüşdü.
Populyar əfsanəyə
baxmayaraq, o, çıxışında məşhur “Fransa
döyüşü uduzmuşdur, lakin müharibəni
uduzmamışdır” sözlərini deməmişdi. Bu kəlmə
İngiltərə poçtunda meydana
çıxmışdı. Lakin vurğu tam eyni idi:
müharibə uduzulmamışdır, Fransa tək deyildir.
General de
Qoll Londondan fransız müqavimətinə
başçılıq edəcəkdi. 2 avqust 1940-cı ildə
fransız hərbi məhkəməsi onu öz iştirakı
olmadan mühakimə etdi və ölümə məhkum etdi,
həm də hərbi rütbəsindən məhrum etdi və
mülkiyyətinin müsadirə edilməsinə göstəriş
verdi.
De Qoll
döyüşkən ruhda idi, müharibə dövrü
karyerasına siyasi lider kimi nəhəng vədlərlə
başladı. Bu vaxt o, bir ovuc siyasi tərəfdarlarına və
volyuntorlara malik idi. Bunlar Azad Fransız Qüvvələrini əmələ
gətirməli idi. Onun heç bir siyasi statusu yox idi və
faktiki olaraq İngiltərədə və Fransada
tanınmırdı. Nəyə nail olmuşdusa, yalnız fərdi
qaydada bunları etmişdi. Öz missiyasına mütləq
inamı, liderlik keyfiyyətinə yiyələnməsi barədə
özünü inandırmasını yazılarında səmimi
şəkildə təsvir edir. Memuarlarında onun
özünü Fransaya bütöv qaydada həsr etməsini,
Fransa maraqları naminə vuruşmaq üçün möhkəm
xarakteri (İngiltərədə tez-tez həmçinin üzə
çıxan inadkarlığı), həm də sərəncamında
olan bütün resursları aydın şəkildə
göstərilir.
De Qoll
Londonda çox sayda çətinliklərlə üzləşməli
oldu: “Mən əvvəllər öz timsalımda heç nəyi
təmsil etmirdim... Fransada heç kəs yox idi ki, mənim barəmdə
zəmanət versin, ölkədə heç bir şöhrətə
malik deyildim. Xaricdə mənə heç bir etimad və mənim
fəaliyyətimə haqq qazandıran nəsə bir şey
yox idi”. Buna baxmayaraq, de Qoll Çörçillin dəstəyini
qazana bildi. O, de Qollu “bütün fransızların
başçısı” kimi tanıdı.
Hərbi
məsələyə gəldikdə, başlıca vəzifədə
“Fransız imperiyasını” – Afrikadakı, Hind-Çindəki
və Okeaniyadakı geniş müstəmləkə ərazilərini
fransız vətənpərvərlərinin tərəfinə
keçirmək idi. De Qoll öz hərəkatının milli
və tarixi köklərini nəzərə
çarpdırır. O, “Azadlıq” ordeni təsis edir, orden
fransız millətinin simvolu olan Lotaringiya xaçını təsvir
edir.
Ser Uinston
Çörçill özünün “Onların ən
yaxşı saatı” əsərində öz unudulmaz
qonaqları ilə toqquşmalarını belə təsvir
edir: “O, britaniyalılara kobud olmalı idi ki, fransızlara əyani
şəkildə sübut etsin ki, o, britaniyalıların
marionetkası deyildir. O, bu siyasəti yorulmadan həyata
keçirirdi. O, bir gün hətta bu texnikanı mənə
izah etdi. Mən onun probleminin qeyri-adi qaydada çətin
olduğunu anlayırdım. Mən həmişə onun
güclü möhkəmliyinə valeh olurdum”.
Onun
qabiliyyətlərinin öz həmvətənlərinin
gözündə böyüməsinin faktı onda idi ki, həm
sol siyasətçilər, katolik dininə sitayiş edən
karyera qulluqçuları onun siyasi liderliyini tezliklə qəbul
etdilər, həm də sağda olanlar üçün bu adam
milli qəhrəman və o vaxtlar fransızların yeganə
feldmarşalı olan Filipp Petenə qarşı qiyam
qaldırmış bir şəxs idi. Ancaq müharibənin
gedişi, Londondan radio ilə çıxışı, Azad
Fransız Qüvvələrinin fəaliyyəti və Fransada
müqavimət qruplarının əlaqələri tədricən
onun liderliyinin milli qaydada tanınmasına gətirib
çıxardı. Lakin onun müttəfiqləri tərəfindən
tam tanınma yalnız Parisin azad olmasından və zəfər
nümayişindən sonra gəldi. Bütün şübhələrin
arxasında fransız xalqı onu qəbul etdi.
Londonda de
Qollun Britaniya hökuməti ilə əlaqələri
heç də asan olmamışdı və o, özü də
bu gərginliyə çox hallarda əlavələr edirdi.
1943-cü ildə o, qərargahını Əlcəzairə
köçürdü, burada o, Fransa Milli Azadlıq Komitəsinin
prezidentinə çevrildi. Bu Azad Fransızların müharibə
cəhdlərinə başçılıq edən mərkəzi
təşkilat idi. İlk əvvəllərdə general Henri
Jiro ilə birgə prezidentlik edirdi. 1943-cü ilin noyabrında
Jiro Komitənin tərkibindən çıxarıldı. 4
iyun 1944-cü ildə Çörçill de Qollu Londona
çağırdı ki, ona müttəfiq
qoşunlarının iki gün sonra Normandiyaya
çıxarılması barədə məlumat versin. De
Qolla başa saldılar ki, onun xidmətinə ehtiyac duymurlar.
Bu, əslində ABŞ-ın Ruzvelt hökumətinin yeritdiyi
xəttdən irəli gəlirdi. De Qoll qəti
etirazını bildirdikdə, ona fransızlar
qarşısında radio ilə ayrıca
çıxış etmək hüququ verildi. General müraciətində
“Döyüşən Fransa”nın təmsil etdiyi hökumətin
legitimliyini bəyan etdi və onun amerikan
komandanlığına tabe edilməsi planlarına
qarşı qətiyyətlə çıxış etdi.
(Ardı
var)
Telman Orucov
525-ci qəzet.- 2013.- 27 aprel.- S.19.