Unudulmaz sevgi
şeirləri- “Bilirəm mən Səni...”
PƏRVİNin təqdimatında
Günahkara
“Get” deyib başından eləmək bəlkə ən sadə
çıxış yoludur! Anlamağa, dərk etməyə
çalışmırsan, bağışlamaq kimi
böyük işlərdən isə, heç söhbət
gedə bilməz. Ola bilsin, bir müddət, lap elə
ömrünün sonuna kimi aldığın o ağır yara
sızıldayır... Sənsə təslim olmursan, guya yaddan
çıxarırsan. Daha ağrımır ürəyin!
Amma...Birdən hansısa söz, xatirə içində
baş qaldırır. ...sıxılır, cavab
axtarırsan... Suallarını gedər-gəlməzə
yollayırsan: Axı bunu necə bacardın? Niyə elədin?
Mən səni doğrudan sevirdim, necə sevirdim?.. Bəlkə
yüz dəfə eşitdiyin və heç vaxt
inanmayacağın izahları yadına salırsan, xilas
üçün “saman çöpü” axtarırsan! Unut, oldu
keçdi! – deyirsən özünə. Mənasız işlərlə
başını qatırsan... Xoşbəxtliyi imitasiya edir,
oynayırsan doyunca. Lakin kim də bilməsə, özün
bilirsən... Rahatlığın sünidi, güclü
halın müvəqqətidi. O zərbə yenə,
ağlına gəlməyən bir məqamda qatlayacaq səni!
Hansı zərbə? Aldadılmaq, yoxsa itirmək? Məsələ
də elə bundadır! Bəlkə heç vaxt ayırd edə
bilməyəcəksən bunu... Və əgər belədirsə,
onda “Get” deməyin nəyi sadə oldu ki? İstənilən halda anlamaqdan, bağışlamaqdan
daha asandı!
... Hüseyn Cavidin “Get” qəzəlinin lirik qəhrəmanı isə
özü də bilmir nə istəyir... Daha doğrusu bilir! Sadəcə
dilinə gətirdiyi həqiqi arzusu, istəyi deyil. Kim nə deyir, desin... Bu şeirdə “getmə” sözü “get”dən daha çoxdur. Yaxud da “get” təkrar olunduqca mənası dəyişilib. Məncə,
insan nədənsə
imtina etmək, kimisə atmaq, yaxud ondan uzaqlaşmaq
istəyirsə, çox
danışmır. Bir
dəfə deyir sözünü... Sakitcə
arxa çevirib gedir, bircə dəfə qanrılıb
geriyə də baxmır! Bu qədər
“get” deyilməz... Deyilirsə,
demək arzu başqadır! Dəli Aşiq Qadını bağışlamaq istəyir!
Amma əvvəlcə
cəzalandırmaq, sonra
əhv etmək... Və olsun ki,
bu yolla qəzəbini, hirsini soyutmaq! Xəyanətkar cəzasını almalıdır. Ən
ağır sözlərlə,
ittihamlarla... Amma bu zavallı
aşiq neyləsin ki, sevir?! “Gülüm”, “gözəlim”
xitablarını idarə
edə bilmir... İroniya ilə də olsa, dilə
gətirir! Xanım bütün şeir boyu müttəhim kürsüsündədir... Hətta “tərsa
qızı” kimi poetik söyüş assosasiyası yaradan ifadələrdə də
aşiqin sevgisi duyulur. Təəssüf
qarışıq sevgisi!
Bir sadədil azadə mələyin iblisə çevrilməsindən,
eşqindəki mənanın
dəyişilməsindən təəssüf! Küskün aşiqin heyfslənməyi
təbiidir. “Başqa
bir aşiq ara, bul!”
– deyəndə hönkürmək həddinə
çatması isə
Dəhşət... Və
indi, bu anda, xanım o kürsüdən enib getməyə üz qoysa, ardınca qışqırıb səsləyəcək...
“Hara? Getmə!” – deyə
çağıracaq! Mütləq!
Əminəm!
Hüseyn
Cavid:
“Hər sözün əfsanə imiş...”
Mənə anlatma ki, eşq,
aləmi-sevda nə imiş?
Bilirəm mən səni,
get! Hər sözün əfsanə
imiş.
Get, gülüm, get, gözəlim!
Başqa bir aşiq ara,
bul!
Duydum artıq sənin eşqindəki məna nə imiş!..
Bivəfasan, mələk olsan
belə uymam daha, get!
Kim ki, uymuş sənə, könlüm kimi divanə imiş.
Yetişir, get! Məni qəhr
eyləmə, tərsa
qızı, get!
Anladıq şəfqəti-ayini Məsiha nə imiş!
Səni
bir sadədil, azadə mələk sanmış idim,
Neyləyim! ... Ahh...könül ruhuna
biganə imiş.
Səni
təqdis edərək
bir daha sevməm əsla,
Nə imiş sanki bu eşq!? Aşiqi-şeyda
nə imiş!
Aləmi-zövqü səfadan mənə bəhs etmə, saqın!
Bildik artıq bu cahan
mülkü nə viranə imiş!..
PƏRVİN
525-ci qəzet.- 2013.- 27 aprel.- S.21.