Bu adamı sevməyəsən, neyləyəsən...
Məsiağa Məhəmmədinin
doğum gününə
Dünyada
elə alimlər var ki, zaman keçdikcə özləri
unudulur, əsərləri qalır, lap elə olur ki, bu əsərlərin
üstündəki müəllifin adı və soyadı
büsbütün yox olur. Təbiidir, həm də
düşünürsən ki, müəllifin arzusu və
Allaha duası kimi qəbul edilən bir şeydi bu – müəllif
bir damcı su kimi buxarlanıb, özünü fəda edib ki,
yazı-pozusu qalsın. Bu hardasa düşmənin
üstün qüvvəsi qarşısında
torpağını qorumaq üçün özünü
güllə, süngü... ağzına atmaq kimi bir
şeydir. Bu adam yaza-yaza əlləri göydə, tanrı dərgahına
uzanır ki, uca rəbbim, məni gözü götürməyənlərin,
alçaq və şərəfsiz adamların yanında xəcil
eləmə, ürəyimdəki, ruhumdakı gücü,
eşqi, təpəri quru, cansız kağızlara ver, elə
elə ki, bu cansız kağızlar insanlarla mənim dilimdə
danışa bilsinlər. Ancaq mənim adımı heç kəs
bilməsin. Unudulmaq istəyən adamın bu qəribə
arzusu sonralar dünyada ən ruhsal mətnlərin, ən
gözəl və qənirsiz şeirlərin yaranmasına yol
açır. Məsiağa Məhəmmədinin Saib Təbrizidən
bəhs edən tədqiqatında oxuyuruq ki, bu böyük
şair İsfahanda otura-otura dünyanın müxtəlif yerlərində
onun əsərlərinin üzü
köçürülür, bir hökmdar oxuyub digərinə
ötürür, əldən-ələ keçir və bu “qəribə
xəyallı şairin” insanların gözündə adiləşən
şeyləri yerindən, kökündən oynatması nə
qədər aqressiya doğursa da, altdan-altdan işini
görür, məlhəmi şah damarın kəsilən
yerindən qoyur. Dünyanın qeylü-qalını fikirlərə,
özü də son qəlpəsinə qədər
yonulmuş obrazlara çevirən bu şairin şeirlərindən
qabaq özü bir tapıntı,
kəşf idi. Üslub elə budur – ancaq, gəlin bundan vaz
keçək və Məsiağanın Qəzzali haqqında
yazdığı məqalədən bir cümləni
araşdıraq: “... ürəyin cövhəri bu aləmdən
deyil və bu dünyada qəribdir... bir də: onun əsl mədəni
ilahinin hüzurudur, oradan gəlmişdir və oraya da
qayıdacaqdır...”. Bütün bunları niyə yada
saldım, hər şey təsadüfi alınsa da, “qəribə
xəyallı şair” ifadəsi ilə “ürəyin bu
dünyada qərib olması” necə də tuş gəlir, hər
iki ifadəni yazan müəllif qədim dövrlərin və
əyyamların elə məqamlarından bəhs edir ki, ortada
sirr adına heç nə qalmır, ancaq başqaları
yazanda bu – həmişə sirr olur (yəni, bilməcə,
tapmaca; qəribədir, alim yazısı, araşdırması
ilə bir tapmaca qurur və özü də bu tapmacanın
cavabını bilmir). Ancaq biz burada haqqında
danışdığımız adamı bu müqayisələrin
fonunda təqdim etmək istəməzdik, çünki
bütün müqayisələr hardasa kiçiklik, “çəkisizlik”
doğurur, tərəzinin bir gözü müqayisə
gücünə müvəqqəti olaraq əyilir ki, qalxan
gözü hamı görsün.
Belə
ki, Məsiağanın Saib Təbrizi haqqında yazdığı
hətta adi məqalədə belə onun üslubunun fəlsəfəsi,
farsdilli poeziyada yaratdığı və neçə əsr
ondan sonra da davam edən təlatüm bir neçə
ştrixlə bütün incəliklərinə qədər
isbat edilir. Həm bu məqalələrdə, həm də
xüsusən Saib Təbrizidən bəhs edən monoqrafiyada
Saibin poetik hünəri iki başlıca detal üzərində
açıqlanır: farsdilli poeziyada Sədi və Hafizdən
sonra qəzəlin üçüncü ustadı, anadilli
poeziyada Füzulinin davamçısı və müəyyən
məqamlarda ondan daha böyük işlər görməyə
qadir şair kimi haqqında bəhs edilən Saib ənənəvi
poetik sistemi, obrazlar aləmini kökündən dəyişdi,
şeirə, onun poetik sisteminə yeni metod bucağından nəzər
saldı və əslində yeni şeir, yeni bədii təfəkkür
yaratdı. İkinci detal isə məhz poetik qüdrətinə
görə ölümündən neçə əsr sonra
Saiblə “mübarizə”, onun qəribə, çoxmərtəbəli
obrazlarını silib-süpürmək uğrunda davalarla
bağlıdır. Məsiağanın məqaləsində
bu “mübarizənin” ibrətamiz nümunəsi verilir:
“...Görün, “Qayıdış”ın (“hind üslubuna
qarşı yönəlmiş üslubun”) təşəbbüskarları
və nümayəndələrindən biri, məşhur “Atəşgədə”
təzkirəsinin müəllifi Lütfəli bəy Azər
Saib barədə nə yazırdı: “Onun şeir yazmağa
başladığı vaxtdan qədim şairlərin aydın
xəyal yolları bağlandı və keçmiş söz
ustadlarının səlis qaydaları aradan
götürüldü. Xoşagəlməz yeni üslubun
yaradıcısı olan bu Mirzədən sonra şairlik
günbəgün tənəzzül etdi. Şükür
Allaha ki, hazırda onun ixtira etdiyi yol bütünlüklə tərk
edildi və qədim şairlərin qanunları bərpa olundu
”. Bu mətndə “...şairlik tənəzzül etdi” ifadəsini
indi biz şübhəsiz ki, “mövcud olan şairlik
anlayışı – həm də, şeir, poetik mətn
anlayışı kökündən dəyişdi” kimi
anlayırıq. Vaxtilə az qala qeyzlə yazılan bu iddia
indi bədii təfəkkürün yeni qatları, potensial
gücü anlamına gəlir və dünyada hərdən-birdən
belə oyunlar baş verəndə əvvəl ona
qarşı döyüşlər gedir, sonra yəni ən nəhayətdə
onu qorumaq, gözə təpmək yürüşü
başlanır. Hərəkətin, jestin özü qəribədir
və ibrətamizdir, bax bu “üslub” bu tərz Saibin
bütövlükdə yaradıcılıq stixiyasına xas
bir keyfiyyət idi, hamının normal, həyatın adi
gedişinin nəticəsi bildiyi şeyləri qəribə
bucaq altında mənalandırmaq, əvvəlcə oxucunu
karıxdırmaqla onun təxəyyül qatlarına işləmək,
onu yolundan elədikdən sonra şeirin üst qatındakı
“didaktik” qatı aradan qaldırıb, yəni pərdəni
açıb insana heç zaman görmədiyi həyatı
göstərmək. Sonradan XX əsrin nəhəng
yazıçılarının nəfəs aldığı
dünya nəsrində bu üslubun təsiri özünü
bir də göstərəcəkdi, məsələn, Heminquey
deyirdi ki, mən həyatı ədəbiyyatın içində
həqiqət kimi göstərmək istəyirəm. Yəni,
fani olan şeyin əsl sifətini. Saibin “Dişlərin
tökülməsi oyun qurtararkən fiqurların
yığılmasına bənzəyir, yəni həyat oyunu
başa çatmaq üzrədir”, yaxud “Torpaqdan yüksələn
qəbir daşları bizi torpaq altına çağıran əllərdir”
deyimləri istənilən dövrün müasir təfəkkür,
düşüncə sxemi ilə yüzdə yüz uyğun
gəlir. Saib şeirinin dünya ədəbi prosesinə təsiri
bununla da bitmir, Saib öz poetik məntiqi, fikir axarı və
sakit sualları ilə özündən sonra qələmə
sarılanları sual qarşısında qoyur: sizcə həyatda,
bu dünyada yazmalı, haqqında danışılmalı
şey nədir? Şeir heç də həmişə
yazılan şeylər deyil, yazılanın arxasından
boylanan və bir qayda olaraq sözə sığmayan şeylərdir.
Bax, bunu fikrimizcə, dünya ədəbiyyatında ilk kəşf
edənlərdən biri elə türk dilində cəmi 18 qəzəli
olan Saib Təbrizidir. Bu şairin, bu üslub, deyim, yaşamaq (ədəbiyyatda-!)
tərzinin ən mükəmməl tədqiqatçısı
isə bizim dostumuz, bizim elli Məsiağa Məhəmmədidir.
....Və
onun ən aşiqanə şeirlərində də həyat,
sevgi, ölüm... məsələsi çox incə
ştrixlərlə, nadir boyalarla elə təsvir edilir ki, daha
doğrusu təsvirin elə məqamları tutulur ki, burda sən
hər şeyi anidən görə bilirsən.
Bulud
qılan kimi covlan
urar da
ildırım tiği, –
Könül
pərdələrində
eşqi
pünhan eyləmək olmaz.
Bu
misralarda ifadə edilən fikir nə qədər adi məqamdırsa,
aşağıdakılar insana bu həyatdan nələrisə
göstərmək üçün yerlə göy
arasında qoyulan pərdənin anidən həm
açılması, həm də bərk-bərk
qapadılmasıdır:
Məni –
Məcnuni qail eyləmək
mümkün
deyil, naseh,
Söz ilən
müşki-nabi, qan ki,
bir qan eyləmək
olmaz.
Yadınıza
düşürsə, Məhəmməd Füzuli bu
dünyada öz işini, missiyasını yerinə yetirib onu
tərk etdikdən sonra onun bədii təfəkkürü
qarşısında da bu cür əngəllər, sir
torları qurulur, onun yaratdığı təlatümün ətrafa
yayılan dalğalarının “ziyanından” bəhs edilirdi.
Və nəticədə Füzuli anadilli ədəbiyyatda yeni
üslub, yeni poetik təfəkkür yaradan şairdən
çox ədəbiyyatın inkişafında bir “əngəl”
kimi dərk edilirdi. Şübhəsiz ki, bu, Füzulinin deyil,
o sözləri yazan insanların, daha çox isə Füzuli
“tədqiqatçılarının” əməli ilə
bağlı idi. Yaxud Axundovun “...Füzuli şair deyildir və...”
deyimi, fikir vermişəm az qala bütün
araşdırmalarda müstəqim mənada
götürülmüş, mətni anlamaq yerinə Axundovun
özü qınaq obyektinə çevrilib. Yeni metodun,
sözün enerjisini “sehrə çevirməyin” dərki, qəribidir
ki, elə bütün dünya ədəbiyyatında eyni
sürəkliliklə müşahidə edilib. Ədəbiyyat
tarixindən məlumdur ki, ənənə çərçivəsində
istedadlı, çox gözəl poetik nümunələr
yaradan saysız-hesabsız sənətkarlar olub. Ancaq necə
ki, hər şeyi ortaya töküb qarışdıran,
bununla da adi şeylərə başqa cür nəzər salan
sənətkar, qələm əhli yetişir, o ənənə
çərçivəsində qələm oynadan sənətkarların
da taleyini həll etmiş olur. Bax, bu məqamda da Məsiağa
Məhəmmədinin “Füzuli dilinin “sirri” məqaləsi
köməyimizə çatır. Bu məqalə, fikrimcə
füzulişünaslıqda mövcud olan cild-cildə əsərlərdən
daha mənalı, fikir, ideya tutumu etibarı ilə bir çox
mətləblərin qəti şəkildə
anlaşılmasına yol açan bir göstərici və
nümunədir. Əvvəlcə ondan başlayım ki, mənim
tərbiyəmə görə, klassik şeir, xüsusən
Füzuli poeziyası elə bir keyfiyyətə malikdir ki, onu gərək
təklikdə, sükut içində oxuyasan. Çünki
nümunənin özü hər an, hər bir məqamı ilə
səni təkliyə, Nizaminin “Sirlər xəzinəsi”ndə
adı çəkilən xəlvətə çəkir.
Ancaq şəhərə gəldikdən sonra nə
gördüm: Füzuli aşiqləri bu nümunələri
elə uca səslə oxuyurdular ki, elə bil cıdırda at
yarışıdır.
Uzun
sözün qısası, gördüyüm bu oldu ki, xəlvətdə
surətini göstərən şair ilə bu məmləkətdə
uca səslə oxudulan Füzuli arasında oxşarlıq
adına heç nə yoxdur. Hər şey hər hansı nəsnəni
necə qəbul etməkdən, onu içinə nəfəs
kimi necə çəkməkdən başlayır.
Füzulinin ortaya qoyduğu nümunələr “xalis poeziya”
nümunələridir: sən yorumunda yorulsan da, bu şeirlərin
mənzili sənə çatmaq, səni yenmək (məclislərdə
səslənib insanları bihuş etmək) və sair bu kimi
işlərlə bitmir. “Füzuli türk dilində,
ümumiyyətlə, nəzm yox, yüksək poeziya yaratmaqdan
söz açır, bunun çətinliklərinin
mövcudluğunu və onları aradan
qaldıracağını bəyan edir.
...
Füzuli belə demək mümkündürsə. Sözlə
işləyən şairdir; o, yaradıcılıqda ideya,
fikir ardınca yox, dilin stixiyası ardınca getmişdir. Bir
çox şairlərdən fərqli olaraq, onun poeziyası hər
hansı dini-fəlsəfi və ideoloji sistemin ifadəsinə
xidmət etmir. Bu mənada, Füzuli poeziyası – “xalis poeziya”dır.
Böyük Mirzə Fətəlinin Füzulini şair yox,
“nazimi-ustad” saymasının səbəbi də,
görünür bundadır. Belə ki, Mirzə Fətəlinin
çıxış etdiyi forma-məzmun dixotomiyası
Füzulinin adekvat dərkinə və şərhinə imkan
vermirdi. Məsələ burasındadır ki, Füzuli qəzəlinin
özü hardasa, formadır və burada qəribə heç
nə yoxdur. Lirik növün ən mühüm
qanunauyğunluqlarından biri məzmunun formaya daimi
çevrilməsindən ibarətdir: əvvəllər
sırf məzmun kimi çıxış edən şey
sonralar tematik elementə, təsvir momentinə çevrilir. Bu baxımdan
sufizmin özü də, məsələn, Nəsimidən fərqli
olaraq, Füzuli üçün poetik dünya duyum ifadə
formasıdır. Odur ki, indiyə qədər Füzuli və
sufizm problemi həll olunmamış qalır...”
Sonra: ... fikrimizcə, Füzuliyə alim və filosof münasibəti (bizdə bu münasibət çox geniş yayılıb) şairin bədii irsini anlamaq baxımından bir şey vermir.... bax, bu fikirləri də o çox qısa məqaləsində böyük alimimiz Məsiağa Məhəmmədi yazıb. Başqalarının (and içsəm də ki, “başqaları” sözünü mətnə gətirməyəcəyəm, görünür bunsuz da keçinmək olmur) cild-cild kitablarının üstündən bu sadə fikir nə qədər hökm kimi səslənsə də həqiqətdir. Görün nə vaxtdır: bizdə, məsələn, Seyid Əzimdən yazarkən (məsələn lirikasından), bütün külliyyatını ortaya töküb çox ciddi cəhdlə bu mətnlərdəki Seyid Əzim adlı böyük şairi tapırıq, sonra şübhəsiz ki, onu öldürürük və əsas işimizə başlayırıq: sufizm belə gəldi, ədəbiyyat belə getdi.... Yuxarıda dediyim bu kimi qənaətlərdən sonra əvvəlcə ona yaman acığımız tutur, ürəyimizdə nifrət toxumlarını hazırlayırıq ki, xam tarlaya səpək, sonra göy gurlayır, ildırım çaxır, sizi bilmirəm, mən ürəyimdə deyirəm: bu zalım balasını sevmiyəsən, neyləyəsən...
Mən bu yazıda Məsiağanın olsa-olsa bir neçə məqaləsinə toxundum, Saib Təbrizi ilə bağlı monoqrafiyasından bəhs etdim. Digər yazılarından, tərcümə, tərtib və şərh işlərindən söz açsaydım, yəqin ki, onun obrazı oxucular üçün daha aydın olardı. Adını çəkmədiyim, vaxtilə digər yazılarımızda bəhs etdiyimiz araşdırmalarda hər şeydən öncə tədqiqatçı zövqü, tükü tükdən seçək qabiliyyəti, ustad yanından gəlməsi, sözü demək tərzi və bütün bunları yaradan təbiəti, xarakteri – xeyirxahlığı, insanı sevməsi, insanları sevgi ilə tərbiyə etməyə çalışması ...bütün bunlar barədə düşünəndə öz-özünə deyirsən: əlli yaş nədir ki?
Cavanşir Yusifli
525-ci qəzet.-
2013.- 27 aprel.- S.15.