Bir “körpü”nün həqiqətləri
SƏYYAD ARANIN “SANDIQDA QALAN
MUŞTULUQ” HEKAYƏLƏR TOPLUSU ÜZƏRİNƏ
Səyyad
Aranla ədəbiyyata bir vaxtda gəlmişik; intəhası,
o – Yazıçı kimi, mən isə Oxucu kimi. Yəni: onun
ilk (və uğurlu!) hekayələr kitabı “Körpü”
1983-cü ildə çapdan çıxırkən, mən
Universitetin filolojisini təzəcə bitirirdim və yetkin
Oxucu demək olardı artıq mənə. O göy rəngli,
yığcam formatda, “Müəllifin ilk kitabı”
seriyasından Səyyad Salahlı imzasını da elə o
vaxtlar cızmışdım “tənqid dəftərçəm”ə...
“Körpü”
adında və eyni adlı hekayədə (1979) bir rəmzilik
də vardı; baxmayaraq ki, o zaman 24 – 30 yaş arası hekayələr
müəllifi gerçək həyat mənzərələrinə
daha həssas idi, olanların təfərrüatlı təsvirinə
son dərəcə təşnə görünürdü. Əhvalat
belədir ki: kəndin “böyüyü”nün əmri ilə
köhnə körpü bir qaldırıma sökülür,
təzəsinin qurulacağı vədi ilə. Camaat, o tərəf
– bu tərəf, uşağı-məktəblisi, gənci-yeniyetməsi,
yolda və gözü yolda olanı narazı-naəlac-səksəkədə
qalır... Gözünə döndüyüm Əsəd qəfil,
xəbərsiz, köhnə “hay-hayı gedib vay-vayı
qalmış qır maşını” ilə gəlib arxa
düşür, iki tay arasında təbii körpü “qurur”.
Və həmən bu sınıq-salxaq kuzovdan keçib,
hamı, hər kəs həyatına davam edir...
Səyyad
Salahlı da “Körpü”dən keçib yazıçı
oldu, Səyyad Aran oldu (1996-cı ildə çıxmış
“Soyuq günəş” kitabında artıq bu imza dururdu). Həmən
o “gerçəklərə təşnəliklə” daha da
uzaqlara getdi, ictimai-siyasi xadim oldu, millət vəkili oldu, Vətəni
uzaqlıqda təmsil edən konsul oldu... Bir müddət və
sonra tamlıqda onu Ədəbiyyat üfüqlərində itirdim;
belədir, həyat həmişə daha zordur... Təzəlikcə,
Səyyad Aranın “Sandıqda qalan muştuluq” hekayələrdən
ibarət bütöv bir kitabını (Bakı, “Qanun”, 2012;
276 səhifə!) görəndə, bilmirəm niyə, yaman
sevindim. Hekayələrdən birincisinin altında: 1976, sonuncusunda
isə “2012, iyul” tarixi dururdu! Bəlkə ona görə ki,
yanıldığımıza rəğmən: bəs
müstəqillikdən beləsinə Ədəbiyyatımızda
böyük bir zaman boşluğu var... – o (Ədəbiyyat) bu
və ya digər Fərdiyyətlərdən qayıdıb da
yerini tutmada...
lll
Yalan
sözdür ki: guya Səyyad Aranın hekayələrində
Zaman, “zaman təyinatı” yoxdur. Bəs o halda burdakı “təfərrüatlı
təsvir”in ləzzətləri necə olsun; o sıradan
“Kommunal Təsərrüfatı İdarəsi”, “koptorq”
(kooperativ ticarət), kolxoz (kollektiv təsərrüfat),
“Kolxozun İdarə Heyəti”, “Taara bazası idarəsi” və
s. kimi ani məfhumları nə təhər tərcümə
edək müasir oxucuya; ilk hekayələrində “universam”dan
(“Küdrü”) sonda “supermarket”əcən gəlişən
Zamanın izləri-ləpirlərinə nə deyək: “Gedək
marketimə. Birdən deyərsən ki, tripaçlıq edib
market deyir, mağaza demir. Mağazalar sovet dövründə
olurdu, özü də məhdud və konkret təyinatla. Amma
məndə quş südü də istəsən, taparsan...”
(“Dərs”). Çox şey “sovet dövrü”ndə qaldı,
bəli; və əslində, yazıçının
“sandıqdan çıxan” hekayələrinin önəmi-effekti
də elə bunda: bizə qalıb-qalmayanları
“muştuluqlaya” bilməsindədir. O ayrı söhbət ki:
İnsan elə bütün cəmiyyətlərdə
İnsandır; və sənətin də missiyası –
İnsan içindən boy verib görünən həqiqətlərə
bələdçilik etmək...
Bu ki: Səyyad
Aranın hekayələrində, əksinə, kəskin zaman
hissi var. Ucundan tutub, həmin bu ap-adi əhvalatlarda
böyük bir ölkənin çökməsi tarixçəsini,
milli cəmiyyət həyatında metastazlarını,
ardıyca gətirdiyi insan faciələrini izləmək olur.
Bu baxımdan “Küdrüdə tennis oyunu” toplu(m)da yeganə
hekayədir ki, hələ nikbin ovqata köklənib. Hələ
1976-cı ildir, Sevgi dolu bir ailənin xoşbəxt olmaq
haqqı və sərgüzəştlərindən söz
açır hekayə: necə Sədəf xanım əri
Samirin uyduğu, univermağın təzə müdiri “Mil
ceyranı” Cilayəni ağlı və hünəriylə məğlub
edib, əlinə su tökməyə vadar edir. Və oxucu
omonimdən məmnun qalır: “əlinə su tökməyə”
layiqdir də!
Amma elə
buradaca sosial bərabərsizlik mühitinin doğurduğu xəstə
ab-hava da aşkar, detallarda yuva salmış: “Bağça
uşaqları “əli ətəyimin altındadır” sözlərini
tamamilə anlamasalar da, qaravayına başa düşdülər
ki, avtoinspektorun Vüqarın atasına işi
düşür...”; “Açılıb-qatlanan yumşaq stulda,
gözədəyən yerdə əyləşmiş “koptorq”
Eldarın zər-zibalı arvadı elə bil toya gəlmişdi...”;
“Başqa şeylər də eşitmişdi: ...Filankəs
ölmür-utanmır, filankəsə qoşulub yeyib-içməyə
gedir; Bəhmənkəsin toyu siftə Küdrüdə olub və
s. və i.” – kəndin bəhsabəhs dolu mənəvi
atmosferini təqdim edir.
Doğrudur,
bu dəfə Sevgi, mehr-ülfət, saf mənəviyyat qalib gəlir.
Amma həmişə və hər kəs üçün belə
olmur; xəstə toplumda sağlam həyat sevincləri
yaşamaq heç də mümkün deyil. “Bayramdan bir gün
qabaq” (1976) Əsədin ailəsinin keçirə bilmədiyi
xoş bayram-axşamısı kimi. Bu həmən Əsəddir
ki: qır maşını, hamının şəbədə
qoşduğu “traxtır”ı həm də elə dağılıb-gedən
quruluşu simvolizə edir. Qadını Nəzifənin
etirazları, uşaqlarının şadyanalığına
göz yumub, müdirin tapşırığı ilə soyuq
dekabr günündə qır dalınca Bayıla yola
düşən Əsəd, sarsılmış, zəmanə
və yoldan ötən harın insanlar (mazuta
bulaşmış maşın sahibləri) tərəfindən
döyülmüş, çarəsiz bayramı elə yoldaca
keçirməli olur: “Sonra düz-dünya başına hərlənə-hərlənə
aşağı düşdü, kapotu qaldırdı və məlum
oldu ki, ilişmə muftası qırılıb. Geri dönəndə
gördü ki, arxasınca elektrik məftili yoğunluğunda
mazut şırnağı uzanıb gəlir...”
İnsafən,
amma müdiri də qınayası deyil; bir yandan “yoldaş
Xalıqzadənin dos-doğma bacısı oğlu”nu iş
dalınca buyura bilmir, gümanı Əsədə gəlir;
digər tərəfdən: “Müqaviləyə görə
dünən xəstəxananın bütün
qızdırıcıları işləməliydi. Səhərdən
axşamacan baş həkimlə çənə-boğazda...
Bu gün də yanmasa, aləm qarışacaq bir-birinə.
Demaqoq oğlu ikimizi də çəkəcək raykoma...” dərdi.
Məsələ dağılıb-gedən ictimai sistemin
özündədir...
Həmincə
xəstə mühit, mənəvi deqradə dünyası “Məzahim
kişinin bu il onuncunu bitirmiş oğlu Ziyahim”in həyatına,
çox qəribədir ki, dünyanın gözdən uzaq,
üzdən iraq bir yerində, “mal nobatı” zamanı girir
(“Ziyahimin peşmançılığı”, 1980). Yenə də
detallara sığınmış: bir yanda dükançı
Qasımın oğlu və şəhərdən gəlmə
Bəbirə xas dördfara “Jiquli”li, “Vesna” maqnitofonlu, qara eynəkli,
qızlı-aşnalı, həsiri basma dolan gəl,
“Dünyaya gəldik bir kərə...” deyə balıq kimi
sürüşüb əldən çıxan,
sürtük, zatıqırıq, maddiyyat aləminin sehrli
cazibəsi; digər yanda saf, sadəzəmir Ziyahimin əliyalın,
çılpaq mərdlik illüziyası: “İçi
göynədi. Yana-yana hönkürdü. Başını əlləri
ilə tutub “niyə?”, “niyə?” deyərək inildəyirdi.
Ağladıqca səhərdən içinə
yığılıb qalmış dilxorçuluq,
yorğunluq, üzücü günün
ağırlığı göz yaşları formasında
canından çıxır, nisbətən yüngülləşirdi...”
“Əfəl”də
(1978) “xəstə mühit”i – sədrin dəbdəbəyə
aludə ailəsi, dörd ətrafı; bu saxtalığa, bərbəzəyə
üsyanı isə şəhərdən gəlmiş balaca
bacısı qızı Ülkər təmsil edir. Uşaq
dünyası saflığa tamarzıdır; bütün kəndin
məzə yerinə, “zarafat selbəsi”nə çevirdiyi dəli
İbişin saf, təmiz, insani duyğuları yalnız
“İlkər”in təmənnasız, səmimi ülfəti sayəsində
oyanır və elə buradaca “xəstə mühit” tərəfindən
tapdanır, təhqir olunur: “-İlkər, ay İlkər!..
Hardasan? Sabah ora gələssən?.. / Qarnı üstə
hasarın başına sərələnib için-için
ağladı. Göz yaşları yanaqlarından
süzülüb istidən təndir kimi qızmış
daşların üstünə düşürdü:
“Cızzz!” “Cızzz!..”
“Ay Simurq
quşu” hekayəsində də (1988) böyüklərin
saxta, ikiüzlü, sırf pul münasibətləri üzərində
qurulmuş dünyası “uşaq prizması”ndan ifşa olunur.
Baratın qaynı dükançı Qasım “ilişdiyindən”,
yeniyetmə oğlunu da götürüb “uzaq qohumu, karlı
yerdə işləyən” Əlişin görüşünə
Bakıya gəlir. “Qasım Baratı göndərmişdi ki, Əliş
orada lazımi adamlara saqqal tərpətsin, dil bulasın. Sonra
Qasım durub, Əliş durub da! Avans üçün bir
çamadan pay-püş, bir də qədərini heç
Baratın özünün də bilmədiyi, yapışqanla
dörd bir tərəfdən suvanmış zərflə qəttəzə
əskinaz göndərmişdi...” Hadisələr hələ
ana uşağı olan, bərkə-boşa düşməmiş
oğlanın nəzərindən nəql olunur;
tanımadığı uzaq qohum qarşısında
atasının əyilməyi, onu “nökərindi” deyə təqdim
etməsi, hələ fürsətdən istifadə edib guya
oğulun gələcək instituta girmək məsələsini
də həll etməsi, üstəlik bütün bunlara Əlişin
oğlu Sahibin də şahid olması ( “-Qorxma, alə, papam hər
şeyi cağbacağ düzəldəcey. Belə şeylər
papamın əlində bir stəkan çexski pivədi./ ...
–Mənim atamın heç bir işi-zadı yoxdur./ –Bəs
onda nöş belə yalvarır?..”) – atanın üzünə
qayıdan oğulun həyatda ilk yediyi mənəvi zərbə
olur: “-Kəs, kopoyoğlu!/ Barat qolaylanıb oğluna bir sillə
çəkdi. Oğlan irəli-geri valay vurdu... Yaşlı
gözlərinin dumanı arxasından gördü ki,
küçədən keçən bir neçə adam
atasını ortalığa alıb təhdidlə ona nəsə
deyirlər...”
lll
S.Aranın
hekayələrində bir qayda: ağlayan qəhrəmanlara
heç əbəs diqqət çəkmirəm. İstər
uşaq, yeniyetmə nəzərlərindən, ya da cəmiyyətin
bu və ya digər məqamda incitdiyi insanların taleyində
olsun, yazıçının özünün diqqəti hər
yerdə məhz buna – “ağladan” sosial mühit mənzərələri,
“qayğıları”nadır. Həm də zamanla bu ab-hava daha
da qatılaşır, sabiq cəmiyyətin sanki son,
ölüm əsəri-əlamətlərindən xəbər
verir: “Nağı toz-torpağın içində – əzabdanmı,
ağrıdanmı, Allah xofundanmı – eşim-eşim eşələnirdi.
Elektrik plitəsinin üstündəki çaynik
çatdayıb çilik-çilik olmuşdu. Köşk od
almışdı. Çırtaçırt yanırdı.
Alov yeşiklərə tərəf gəlirdi...” 1988-ci ildə
qələmə alınmış “Brak” hekayəsinin
sonluğu belə bitir..
Hekayənin
əvvəlində də bir gərginlik, ictimai ajiotaj, məcazi
“yanmaqlıq” havası varsa da, bəs: “Taara bazası idarəsi
müdirinin günü bu yay qara gəlmişdi. Yolun
harasındasa yeşik taxtaları gətirən vaqonun “təkəri
deşilmişdi”. Hamı “yanırdı”: idarə də,
sifarişçilər də, qapısında tonlarla pomidoru
gözgörəti tələf olan icarədarlar, kəndlilər
də. Camaatın əli göydə idi...” –
bütünlükdə xoş, işgüzar, hətta zarafat
ovqatında gəlişən əhvalat heç də bəd
sonluq vəd eləmir. Belə ki, vaqon da gəlib
çıxır, taara bazasında şıdırğı
iş də başlayır; ara yerdə, müdiriyyətin
iş etibar etdiyi Nağı “uşaq-muşaqdan sezon
briqadaları” yaradıb, 20 qəpikdən yeşik tədarük
etməklə qaz vurub qazan doldurur, qəsdən “brak”a
çıxarmaqla (çıxdaş etməklə) hər fəhlənin
halal zəhmət haqqından filan qədər kəsir də.
Amma bütün bunlar “yanmaqda olan” cəmiyyətin üzünə
çəkilən bir pərdədir, bircə detal bəs edir
ki, yırtıla... İşləyənlər içərisində
bir yeniyetmə qız uşağı da var; dükanda
gördüyü 20 manatlıq donu almaq üçün
durmadan çalışır, “barama qurdu kimi dörd bir
yanını yeşiklərdən hörür”... Bax, həmin
bu əzmi-istəyi “brak”a çıxarmaq Nağı
üçün bir müşkülə dönür; və
qara nəfsindən xaniman od tutub-yanmağa başlayır...
S.Aranın
daha bir hekayəsində münaqişənin sonu təsadüfi
yanğınla nəticələnir – “İlin axır çərşənbəsi”ndə
(1984). Səbəblər ayrıdır sanki; Zalxabəyim
“üçüncü uşaq üstündə tələf
olmuş” gəlininin qırxı çıxmamış, Ayna
arvaddan “dədə-baba adəti ilə Səbinəni Sərvinazın
yerinə istəyir”. Bu, ailələr arasında
narazılığa, soyuqluğa gətirib-çıxarır,
Zalxabəyim az qala dəlilik həddinə gəlib-çatmış
Ayna arvadı iki nəvəsinin üzünə həsrət
qoyur ... Amma digər hekayədə olduğu kimi, burda da
yanğın son həddin, aşırı insan əməllərinin
göstərisi, əlaməti kimi təzahür edir...
Yazıçının
“son”u xəbər verən obraz-simvollarından daha biri –
uyuq-müqəvvadır; eyniadlı hekayədə (“Uyuq”,
1988-1990) cəmiyyətin mənən yadlaşdırıb,
sovurub-sovurub müqəvvaya çevirdiyi insan taleyindən
söhbət gedir. “-İnsan kimi yaşamaq, fərli gün
görmək istəyirəm. Yoxsa... Səhər naxıra,
axşam axura. Həmin yol, həmin pambıq, gözümü
açandan gördüyüm sədr...” – hekayənin qəhrəmanı
Ziyad lap əvvəldən cəmiyyətdə yer
tutmağın yolunu məlum-asan düsturda: “mən elə
qız alacam ki...” həqiqətində görür, dəfə-dəfə
buyruq qulu olarkən, başqalarının əli altında
çalışarkən bunun başqa bir yolu
olmadığına əminlik hasil edir. Nəticədə,
böyük vəzifə sahibi Zeynalovun qızı Zərinəyə
evlənir də, qaynanası Zinyət xanımın dediyi ilə
oturub-durur da, əla vəzifəsi də olur, pul da
yağır başından, ailəsi ilə birgə dünya
səyahətinə çıxır, Fransada olur;
“yaşıdlarının, tay-tuşlarının, o vaxt ona
nökər yerinə “sil-süpür” işi gördürənlərin
heç birində olmayan “Volqa”sı acığa göz
deşir: “düdüklər, durun indi qabağımda” – qanad
açıb uçmaq istəyir də: “Görün indi siz
hardasız, mən hardayam!” Amma əvəzində... Bir zaman
atasının istehzayla buyurduğu kimi, bəs: “adam olanda
qayıdar”, günlərin bir günü, doğma yerlərə
qayıdarkən, qarlı çölün düzündə
uyuq misalı quruyub-qalır... Bu bir ömür, həyat tərzi
deyil ki; bostan uyuğu qorxutmaq üçün olan bir müqəvvadır
sadəcə, metaforanın açması dərin, ibrətamizdir:
“Ağız-burun, qulaq – kim nə gəldi
yapdığından, quraşdırdığından əcaib
bir şey alınmışdı...”
lll
Səyyad
Aranın hekayələrində Zamandan da, zəmanədən
də üstdə duran İnsandır, – dedik. “Qeybullanın
qazancı” hekayəsində (2000-2001) Zaman sanki başqa
zamandır; əzilən, zəmanədən-dövrandan
barına bilməyib zülm görən fərd-İnsan isə
həmən olaraq qalır. Fəvvarələr bağında
fotoqraf kimi çalışan Balağa və onun
naturaçı – Şaxta baba kimi
çalışdırdığı Qeybulla bir qarın
çörəyin əsiridirlər. Yaxşı qazanc
üçün təbiətdən qar diləyən qəhrəmanlar
eləcə saf təbiətlərinə bənzər
qarın da qurbanı olurlar; yorğunluq və soyuqdan Şaxta
baba – Qeybulla oturduğu skamyadaca qar adama dönüb, donur: “Kənardan
baxan görüntüsündən bilərdi ki, get-gedə
yumrulaşan qar topası hər halda bəni-adəmdir, daha
uşaqların düzəltdiyi müqəvva-filan deyil...”
Hekayənin acı pritçası aydındır: bir zamanlar cəmiyyət
İnsanı mənən sümürüb uyuğa-müqəvvaya
çevirirdisə, indi o, (İnsan!) maddi-sosial çətinliklər,
dolanışıq ucbatından elə canlı müqəvva
timsalıdır ki, durubdur...
Nədən
belədir? – təzadlar, təzadlı mənzərələr
üzərində düşündürməklə
yazıçı bu suala cavab axtarır. Hələ 1991-ci ildə
qələmə aldığı “Qətl” hekayəsində
qanlı yanvar gecəsindən tükürpədici bir səhnənin
yaxından, bütün vəhşəti ilə təsvirilə
o, bir qələm sahibi olaraq, müstəqilliyin bizə necə
baha başa gəldiyini təsbit etmişdir. Uşaq
marağıyla “Azadlıq səngəri”ndə duran
böyük qardaşları Ağaismayılın yanından
uzaqlaşmaq istəməyən Ağababa və Atababa son halda
qanlarına qəltan olurlar; “ləhcəsindən rusa oxşamayan
saqqallı əsgərlər” İnsanlığa zidd,
amansız cinayətlərindən iz-şahid saxlamamağa
çalışırlar. Şahid isə vardır: “İsti
qan soyuq yanvar gecəsində buğlanırdı.
Ağacların, yarpaqların, daşların gözləri
önündə möcüzə baş verirdi. Dan yeri
ağardıqca asfalt başdan-başa qırmızı
güllərə bələnirdi. Birisi gün bunları dərib
şəhidlərin qəbri üstünə səpəcəkdilər...”
Bəs nədən
Müstəqilliyin özü, Azadlığını
qazanıb da sanki firavan həyata qovuşmuş milli cəmiyyət
başdan-başa təzadlı mənzərələrlə
doludur? – “Dərs” hekayəsinin (2011, noyabr) qəhrəmanı
Mürsəl üstündən 20 il ötəndən belə
yenə eyni dilemma qarşısındadır: “Həyat: dünən
və sabah...” Daimi opponenti, “məktəb yoldaşı, sonra
iki il fərqlə tələbə dostu, İqtisad
İnstitutunun qiyabiçisi, vaxtilə “əks cəbhənin
nümayəndəsi”, indi eşitdiyinə görə,
tanınmış tacir, mədəni dildə desək,
biznesmen” Səttar “taxtdan düşmüş” İqtidara həyat
fəlsəfəsi öyrədir: “Bilirsən, sənin də,
oturub-durduqlarının da ən böyük səhvi
ondadır ki, elə bilirsiniz, həyat yalnız bu gündən
ibarətdir. Xeyr, əziz sinif arkadaşım, həyat daha
çox sabahlardan ibarətdir. Yaşadığımız hər
gün saat 12-dən sonra tarixdir, dünəndir. Sabahlar isə
naməlum və qorxuncdur. Nə sürpriz
hazırlanacağı yaradandan başqa heç kəsə məlum
deyil...” Eləcə dilemmanı ürəyinin ağrı verən
çatlarında heç cür çözə bilməyən
qəhrəman həyatı ilə üzülüşməli
olur: “...O imtahana, o məhşər gününə
hazırsanmı?”
lll
Vaqif
Yusiflinin Səyyad Aran nəsri barədə dəqiq
müşahidələri var: “...onun təsvir etdiyi kənd
çağdaş Azərbaycan nəsrində məxsusi
koloriti, adət-ənənələrinin, insan xarakterlərinin
canlı sərgisi ilə seçilir. Bu kəndin konkret bir
adı, ünvanı olmasa da, təsvirlərin hədəfindən,
detalların konkretliyindən hiss edirsən ki, bura Aran kəndidir”.
Ümumən, Səyyad Aranın “kənd hekayələri”nin
aurasında Aran torpağının istisi, insanlarının
istiqanlığı aşkardır. Həm də bu halda məsələ
heç də ideya-məzmunda, xarakterlərin pozitiv, ya neqativ
mündəricəsində deyildir. Hər bir Azərbaycan kəndi
kimi, burda da icmadaxili münasibətlər, sosial mühitin rəngləri,
insanlar-fərdlər arasında qohumluq-qonşuluq,
dostluq-hampaçılıq, şadlıq-yadlıq
notları-çalarları həyat yüklüdür. Hətta
“mənfisi-müsbəti” ilə bir çox hekayələrdən
keçən “daimi” personajlar da var: dükançı
Qasım və onun İdbar oğlu, Qeysər müəllim,
sürücü Əsəd, Təhməz kişi, sədr Həmid
və sürücüsü Vəliş kimi... – hər biri nəsi-necəsi-kimliyiylə
xarakterində sabit, yerində möhkəmdirlər.
“İstilik” bu auraya həyatdan, həyatın mündəricəsindən,
insanların nə baş verir-versin, hansı əməlin
sahibi olurlarsa-olsunlar: yaşamaq həvəsi-ehtirası-mücadiləsindən
sızır...
Və
sanki Səyyad Aranın nasir qələmi də eləcə bu
torpaqdan-həyatdan-mündəricədən, min illərin
yaşam həqiqəti-müdrikliyindən gələn
gücü-həzzi-əxlaqı yazmaq, bununla qürrələnmək
üçün hesablanmışdır. Bir “Yay gecəsinin qəziyyəsi”ndə
(1987) suçu Talıb kişinin pritçası kimi;
“aylı-ulduzlu bir gecə”də “göyün üzündə
ulduzlardan, sərin havadan savayı” bir şeyin
olmadığı hündür talvarda Talıb kişi qəfil
peyda olan gürzə ilə həyat-ölüm əlbəyaxasında
məhz ona görə qalib olur ki: həyatında
“ayağını qıdıqlayan bu ilıq su” var, “hərdən
suyun ilıq və yuxu gətirən
şırıltısı” var, həmən suyu “nəhəng
suçəkən kimi bir anda canına çəkən
torpaq” var, göydə ulduzlarla bəhsabəhsə girib hər
dəfə “bir topa qaranlığın atasına od vuran kənd
evlərinin işığı” var; zəhməti-cəfası
ilə birgə bu dünyanın həm də əvəzsiz
naz-neməti var: “Bu pendir. Bu da yəqin, səhər tezdən
nehrədən çıxan yağdı. Bu da... bəh, bəh!
Təzə təndir çörəyi! Ay sənə
malım qurban, Saray!”. Ən nəhayət: həmin gecə
yuxusunu qatışdırıb, sədrin də yuxusuna haram
qatan, sürücü Vəlişlə onun harayına yetən
Saray kimi qadını var... Adi əhvalatdır, amma məxsusi
bir şövqlə gündəlik həyat mündəricəsi
içrə sanki itib-batmış, “görünməyən”
İnsanın gücünü danışır,
nümayiş etdirir: “Səhər-səhər mal-qaranı
naxıra ötürənlər sədrin Villisini görüb
özlərini yığışdırır, üzlərinə
xoş görkəm verərək salam verməyə
hazırlaşırdılar. Amma Vəlişin yerində
Talıb kişini, sədrin yerində isə Saray arvadı
görüb gözləri bərələ qaldılar, bir də
baxdılar, iki də baxdılar, amma gözlərinə
inanmadılar...”
Yaxud
“Külçə” hekayəsində (1980), torpaq yox yerdən
qızıl yetirir; həm də əşhəddü-ehtiyacı
olan, yurd yeri götürüb kümə salan cavan bir ailənin,
dünyaya övlad gətirməyə hazırlaşan hamilə
Çimnazın qarşısına çıxarır bunu.
“Yox yer”i biz hekayə boyu görür, izləyirik: “Vasif narahat
idi, ürəyi tez-tez vururdu. Çimnaz bunu apaydın hiss
edirdi. Ərinin ona tanış və məhrəm iyinə
torpaq iyi də qarışmışdı: Gör neçə
vaxtdı əziyyət çəkir. Sağlam olanda nə olar...
Allaha şükür, beş-üç manat qazancımız
olur, qazanımız hər gün qaynayır, amma ev tikdirmək
hasand iş döyül. Tutaq ki, min manat ata, min manat da
qardaş əl tutdu. Axı bunnarnan başa gəlmir. Bunun
taxtası var, şiferi var, hörgü pulu, rəng –
azınnan beş yüz kilo, özü də gərək
xarici olsun... Bir ətək yox, on ətək pul
lazımdır”. Bununla belə, Çimnaz halal qismətini
gizlicə “arıq çəlimsiz” qardaşı Qabilə tərk
edir; bu səs ona ani, instinktiv, məhz icma-torpaq əxlaqı
ilə gəlir: “kənddə elə arxalı, qollu-budaqlı
nəsil deyildilər”, üstəlik atasız qalmaları,
“analarının nə zülmlə onları ərsəyə
çatdırması”... “Çimnaz qəti qərara gəlmişdi
ki, külçə qardaşına çatmalıdı.
Allah da belə məsləhət görər yəqin”.
lll
Səyyad
Aranın qəhrəmanları, bir qayda, mənəviyyat sahibidirlər.
Amma necə olursa, hər dəfə feyzindən çox, bunun
bədəlini çəkməli olurlar. “Gül iyi” hekayəsinin
(1982) qəhrəmanı Şahilə kimi; anasının
ölümündən sonra iki balaca bacı-qardaşına
analıq edən, dəmir-dümür ustası Zərgər Əlinin
evinin dirəyi Şahilə az qala namərd Qasımın
oğlunun güdazına gedə: “Yaxşı, ay it oğlu,
köpək oğlu, meymun oğlu, nəyə gəlmisən?
Kişi də papaqsız evə qədəm qoyarmı? Rədd
ol xarabanıza. İndilərdə dədəmin gələn
vaxtıdır...” Əslində, necə olur: hər şey mənəviyyatsızlıqdan
başlanır; S.Aranın hekayələrində bu obrazın
öz adı yoxdur, o eləcə harınlığın,
qudurğanlığın, pul əxlaqının yetirməsi
– Qasımın oğludur, sosial bəladır. Əgər
Qasım kənddə hələ hər kəsin yerini,
“hamının dilini bilir”sə, oğlunda hər şey əksinədir:
Zərgər Əlinin başını maşınını
düzəltməyə, yeyib-içməyə, aludəçisi
olduğu arağa qatışdırıb,
günün-günorta çağı evinə soxulur...
“-Axı
mən köpəyoğlu nağayrım, başıma
haranın daşını salım? Sən Həmid kişiyə
min dəfə dedim ki, ora mənim yerim deyil, başqasına
tapşır. Dedim, demədim?” – “Qarpız” hekayəsinin (1979)
qəhrəmanı Təvəkkül qəfil
düşdüyü gözlənilməz bəladan haray
qoparır; sədrindən, sədrin qonaqlarından tutmuş,
“əmioğlular, dayıoğlular, bibi nəvələri,
atasının əmisi oğlunun xalası uşaqları və
s. və i. a.” – kənd camaatının elliklə yediyi,
iş-işdən keçəndən sonra isə “vaqonu
doldurmaq üçün” dörd ton əskik qarpızın
yerini doldurmaq üçün heç kəsin yaxın gəlmədiyinin
bədəlini təklikdə çəkməli olur.
Vicdanları sanki azca tərpənirsə də, son halda, himayəsində
“üç uşaq, bir qoca ana, xəstə arvadı olan” qəhrəmanın
köməyinə gələn olmur...
“Şeytanın
qurbanı” hekayəsinin (1984) qəhrəmanı Təhməz
kişinin mənəvi imtahanı daha ağır olur;
çün bu – ətraf aləmlə,
mühitlə deyil, birbaşa iç mübarizəsidir. Təhməz
kişinin sosial mühitlə işi çoxdan
qurtarmışdır; üç oğul
böyütmüş, yaxşı-pis, Bakıda, “rayonda
hansı idarədəsə” və uzaq “rayonların
hansındasa” bir işin-vəzifənin qulpundan
yapışıb, yerlərini eləmişlər. Dürnisə
arvad rəhmətə gedəndən sonra bu dünyada məhz
Təhməz kişinin yeri tapılmır, nə
oğullarının həyatında, nə də “öz
ocağının başında, öz
işığının altında”. Ani boşluqdan qonşu
Töhfə arvad sanki Təhməz kişinin həyatını
doldurmağa can atırsa da, amma Şeytana uyduğunu
anşırıb, bacılığının ardınca o da
dünyasını dəyişir; növbə Əzrayıla
öc vermək istəməyən Təhməz kişiyə
çatır: “...özü ilə bağlı xudanın
sirrini ondan bir həftə əvvəl duymuşdu”.
lll
Səyyad
Aranın hekayələri 1960-1980-ci illərə xas
sosial-psixoloji nəsrin ən bariz, orijinal nümunələrindəndir.
Bir qayda olaraq, ayrıca fərd ətrafında “qurulub”, qəhrəmanı
gərgin psixoloji situasiyada haqlayır, amma məqalə boyu
vurğuladığımız təki: həmin situasiyalar
mütləqa sosial motivlənmiş olur. “Sandıqda qalan
muştuluq” hekayəsinin (1986) qəhrəmanı
Dünyamalı mühitin qurbanıdır; vaxtilə “bədxərcliyin,
kefcilliyinin ucundan, hər yoldan ötənə “qurbandır!”
deyib seçmə erkəkləri bir-bir səpələyəndə
yıxmışdı dədəsinin evini. Bir də
gözünü açıb gördü ki, fermada evdən gətirdiyi
bir həsir qalıb, bir də qoca çoban Məmmədnəsir...”
İndi budur, qəhrəman müddətini başa vurub, həbsxanadan
doğma kəndinə qayıdır. Hekayə onu böyük
sevinc, intizar ərəfəsində hədəfə
almış; üç gün qabaqdan “dostlar”a,
ayrı-ayrılıqda, adbaad beş teleqram vurmuş,
qabağına çıxacaqlarını, anasını
muştuluqlayacaqlarını gözləyir. Heyhat, Dünyamalının
illüziyalarına rəğmən, kənd onu ağır
sükutuyla “muştuluqlayır”; ta ki həyətlərində
qəfil, üç “yetim” balası, anası və
qadını qabağına çıxanacan. Və yalnız
bu zaman qəhrəman hər növ ictimai məngənədən
qurtulub, əsl azadlığın qoxusunu alır: “O ki var
ağlayıb, ürəyini boşaltdı. Ağladıqca
yüngülləşirdi, havası çoxalırdı...”
Amma Səyyad
Aran hekayəçiliyinin sosial-psixoloji məxrəcində bir
özəllik də var; belə ki: nə gəldi-gedər
sosial rənglərə çox aludədir – onun hekayələrində
bu, məcburi ictimai fondur; nə də fərdin-İnsanın
uzun-uzadı iç özünü-təhlili,
özünü-tanımasına –onun qəhrəmanları lap
əvvəldən mənən süslənmiş olur,
situasiyadan “yaranmır”, situasiyanı yaradırlar... Səyyad
Aran hekayəçiliyi birmənalı olaraq mənəvi
diskursa köklənib; cəmiyyətdə-mühitdə, ətraf
atributika dünyasında məhz mənəvi olanın, mənəvi
məqamın tərpəndiyi yerdən başlanır,
büsbütün onu ifadə edərək Oxucunu
ağrıdır-sevindirir-düşündürə bilir...
Bu mənada,
əlbəttə, Səyyad Aran üçün mövzu
plankası yoxdur. O hekayələrinin mövzu-süjet
çeşidini (milli) mənəviyyat ərazilərinin sabitqədəm
olduğu nöqtələrdən alır. Bu həməncə:
torpaq-iş-zəhmət əxlaqıdır, bu – ailə-el-oba-qövmi
dəyərlər, adət və gələnəklərdir,
bu – kənd-icma-birgəlik məqamıdır (diqqət etsək,
hekayələrində şenlik, toplantı, “bayramlar”a necə
həssaslıq var!); ən nəhayət, bu – İnsan-şəxsiyyət
amili, sevgi-ülfət-dostluq, çağdaş
kommunikasiya-ünsiyyət dünyasında İnsan
mövzusudur...
lll
Yaşar
Qarayevin S.Aran nəsri haqqında maraqlı bir qeydi var, deyir: “Səyyad
Aran... bədiiliyi maraqlı həyat hadisəsi hesabına
deyil, adi həyat hadisəsini bədiiliyin, istedadın
hesabına həm maraqlı, həm də ibrətamiz etmək
bacarığı ilə diqqəti cəlb edir...”
Yazıçının son hekayələrindən biri eləcə
“Günün günorta çağı” (2012, aprel) adlanır
və birbaşa Günün mənzərələrinə
açılır. Reportajvari qurulmuş, sanki bədii
oçerki xatırladan hekayədə Günümüzə
dair nə istəsən informasion xülasəsi var: ölkənin
inkişaf tempi də (“Allah verən payı sərf edirik
abadlığımıza, yollarımıza, tikintilərimizə...”),
“Avroviziya-2012” keçirən cəmiyyətin aşkar
görünən mədəni boyartımı da (“Daa...
Posledniye qodı azerbaydjantsı oçen vozvısilis...”),
özgələrin gözgötürməzliyi fonunda
gerçək ictimai geo-politika da (“Öz gözlərində
tiri görmürlər, bizimkində tük axtarırlar. Biz sizin
kimi özgə xalqlara xox gəlib dirsək göstərmirik
ki!”), toplumun rifah halı (“Cürbəcür qiyafəli,
müxtəlif fizionomiyaya malik adamlar idi ki, belədən-belə,
elədən-elə normal, asta-asta, yüyürə-yüyürə,
iti-iti,qaça-qaça, dabrıya-dabrıya yeriyirdilər,
gedirdilər, qaçırdılar... ”), rahat-qane-patriotik
duyğusallığı da...
Təbii,
Səyyad Aran nəsrinin artıq bələd olduğumuz təhkiyə
tərzi, detallaşdırma poetikası da buna tam rəvac
verir: bir yanda Dənizkənarı Parka sevişməyə gəlmiş
cavan qız-oğlan; o yanda “Bulvarın nərd oynayan daimi
sakinlərindən biri Həsənağa” və
oyundaşı Bəybala; onların qulağının
çaldığı, internasionallaşmış
Bakının (“Yenə də cürbəcür rəngdə
insanlar keçib gedirdilər: ağ, qara, sarı, qəhvəyi,
boz... Deyəsən, əksəriyyəti bulvara yaxın otellərdə
qalanlar idi...”) iki əcnəbi qonağının söhbətləri;
ailəlikcə parka istirahətə gəlmiş əlil Qoca,
oğlu-gəlini-nəvəsi... və s. daha da təfərrüatlı
çizgilər-ştrixlər...
Amma yox, bütün bu ürəkaçan mozaikanı bir yerə yığan heç də Vətənimin seyrinə çağırıram elləri! – deyə qürrələnmək istəyən sənədli qələm deyil; yenə də mənəvi diskursdur. Burda bir hekayə süjeti və daşıdığı mətləb var; cərəyan edən mənzərələr bu və ya digər personajın içindən, iç nəzərlərindən təhkiyə olunur. Skamyaya oturduqları dəmdən qızın ehtirası-coşqunluğu-şıltaqları oğlana nə qədər xoşdursa da, eyni qədər də bu açıq-saçıqlıq onu çimkindirir. Qarşı skamyadakı qınadıqları “heykəl” Qocanın kor olması üzə çıxırkən, bu mənəvi narahatlıq daha da artır, ürək ağrılarına keçir. Oğlanın da anasının ölümündən sonra, nə vaxtdır baş çəkmədiyi, “lap uşaq kimi inciyən, küsən” atası var, eynən bu Qoca kimi “hətta ağlayır da”...
Yazıçını bayaqdan bəri təsvir elədiyi Şəhərin isti mənzərələri fonunda insanların bir-birinə qarşı soyuqluğu-biganələyi, hətta açıq bir acıqla mənəviyyatsız davranışı heç də qane etmir. Sonda uzaqlaşan taksinin fonunda Oğlanın qəfil yıxılması, sürücünün laqeydliyi bu ictimai kontrastı daha da qabardır: “Əşi, nəyimə lazımdır. Mənimki kliyent daşımaqdır. Birdən həmin oğlan olar, qız da vay-şüvən salar, bayılar, bədbəxtçilik olar. Onda gərək düz bir il polisə gedəm. Başlayacaqlar ki, sən görəndə oğlanın vəziyyəti necəydi, hadisə baş verəndə gündüzdü, ya gecəydi? Qız oğlana nə dedi, oğlan qıza nə dedi? Eehh, at gedib, örkən aparacaq. Bas qaza ee!!!” İnsanların içində aşkar bir cəmiyyət xofu var... Nədən belədir? – sualına daha bir cavabı yazıçı “Girov” hekayəsində (2012, iyul) arayır. Tarixi bir əhvalatı qələmə götürən mətn bir zaman Kişilərin bir-birinə inamı-etibarından söz açır; o qədər ki, hətta bütöv mənəvi varlıqlarını, “saqqal girovu” şəklində risk edər və ona xəyanət etməzdilər. Mənəvi dünyamızda yaranmış böyük boşluqlar yanında yazıçı tarixi dəyərlərə üz tutmalı olur; hekayə yenə də S.Aran nəsrinə xas bütün atributlarıyla, təsvir-təfərrüat dürüstlüyü, tədricən gərilən hadisə-xarakter gücü, mənəvi qəhrəman örnəkləri ilə: babalarımız belə olub, bəs biz nədən özgə olmalıyıq?! – deyir.
lll
Öz dediyinə görə, Səyyad Aran daim cəmiyyətin içindədir. Bir zaman bir tayından ayaq basıb, durmadan o yanlara adladığı körpülərdə(n) hər növ dərdlərimizə əyandı, xoş günlərimizə şayan. Necə ki, hekayələri bizə xəbər verir: şadlıq və yadlıq həmişə iç-içədir; göz istəyir hüdudlarını çözə, içi qabıqdan ayıra bilə...
Ayırdıqmı, sevinməyinə dəyər. Sandıqdan çıxan hər muştuluğa sevindiyimiz kimi.
525-ci qəzet.-
2013.- 27 aprel.- S.24-25.