Şöhrət və... unudulmayan aktyor
Tanınmış teatr və kino aktyoru, Xalq artisti Kamal Xudaverdiyevin vəfatından artıq beçinci dəfədir ki, bir neçə gün keçir. O beş il öncə – 2008-ci il aprelin 23-də haqqın rəhmətinə qovuşdu. Ürəklə yaşayan bütün adamlar kimi Kamal müəllimin də ölümü ürəyindən oldu.
Amma ürək də ürək idi! Düz altmış doqquz il döyündü! Və o çətinlikləri ki o ürəyin sahibi çəkmişdi, o sıxıntıları ki, o ürəyin sahibi görmüşdü, buna hər ürək altmış doqquz il dözməzdi.
Kamal Xudaverdiyev 1938-ci ildə – qanlı-qadalı repressiya dönəmində, bir yaz günü – mayın 3-də, Bakıda doğuldu. Atasını erkən itirdi, evin tək uşağı oldu, ana ümidinə böyüdü. Nə qədər atasız böyüyən adamlar tanıyıramsa, əksərində bir sınıqlıq görmüşəm. Onlar böyüyür, ata, sonra baba olurlar. Aralarında şöhrət, sərvət qazananlar da olur. Amma ömürlərinin sonunacan atasızlıq kompleksinin daşıyıcıları –gözüqıpıq yetim uşaq olaraq qalırlar.
Kamal
müəllim bu yöndən bir istisna idi. O nə ailə, nə
həyat, nə də sənətdə ana uşağı
deyildi. Əksinə, güzəran çətinlikləri, mənəvi
sıxıntılar onda mərd, ləyaqətli bi insan
xarakteri formalaşdırmışdı. Zahirən bir az sərt,
bir az qaraqabaq, mahiyyətcə isə mehriban, mərd,
sözübütöv, gözütox, ağlamağı,
sızlamağı sevməyən, çox bilib az
danışan bir insan xarakteri. Və bu xarakter həyatda ona
çox maneələr yaradırdı. Bu da təbii idi –
xarakter varsa, öz sahibinə mane də olmalıdır. Amma məhz
elə həmin xarakter aktyora səhnədə, ekranda bir-birindən gözəl obrazlar
yaratmağa kömək də elədi. Böyük tamaşaçı məhəbbəti
qazanan onlarla obraza həyat nəfəsi verən bu istedadlı
aktyorun şah əsəri əslində onun özü – Kamal
Xudaverdiyev idi. Yaratdığı çoxsaylı obrazlar isə onun sadəcə zərrələriydi.
Kamal Xudaverdiyev istər səhnə, istərsə də kinoda
yaratdıqlarından qat-qat böyük obrazlara həyat verə
bilərdi. Amma neyləyəsən ki, taleyin səmt küləyi
həmişə əsmir və insan layiq olduqlarına nail
olmaq üçün üzücü sınaqlardan keçməli
olur. Həyatda üzləşdiyi çətinliklər, sənətdə
rastlaşdığı haqsızlıqlar onu təbii ki,
çox incidir, amma sındıra bilmirdi. O bu xarakteri
ömrünün sonunacan da qoruyub saxladı və Kamal müəllimin
həyat və yaradıcılıq yoluna az-çox bələd
olan hər kəs bilir ki, bu qədər çətinliklər
içində bu xarakteri altmış doqquz il qoruyub
saxlamağın ancaq bir adı var idi
– qəhrəmanlıq.
lll
Görkəmli
rejissor Tofiq Kazımovun təklifi ilə Milli Teatrın
truppasına daxil olan gənc Kamalın səhnəyə gəldiyi
60-cı illər Azərbaycan siyasi, mədəni və mənəvi
həyatının intibahı – milli özünüdərk
dövrü idi. Azərbaycan siyasi həyatı
özünün gələcək böyük liderinin – Heydər
Əliyevin zühurunu gözləyirdi. Musiqidə Ramiz
Mirişli, Emin Sabitoğlu, Elza İbrahimova, Zeynəb Xanlarova,
Müslüm Maqomayev, ədəbiyyatda Anar, Elçin, Yusif Səmədoğlu,
Vaqif Səmədoğlu, Ramiz Rövşən və digərlərinin
adları ilə təmsil olunan tamamilə yeni və
çoşqun bir yüksəliş başlamışdı.
Mikayıl Müşfiqin diliylə desək, hər gün bir
yeni nəğmə, hər gün bir yeni ilham...Teatr sənəti
sahəsində bu yeniliyi milli teatr sənətimizin reformatoru
kimi tanınan Tofiq Kazımovun
başçılığı ilə Həsənağa
Turabov, Amaliya Pənahova, Şəfiqə Məmmədova, Fuad
Poladov və digər gənclər təmsil edirdilər. Təbiidir
ki, Kamal Xudaverdiyev də teatra bu ümummilli mədəni-mənəvi
inkişaf dalğası üstündə gəlmiş və
süpürgəçidən tutmuş krala qədər onlarla
obrazı ilə bu inkişafa öz töhfəsini
vermişdi.
Qəhrəman
rolunu oynayacaq aktyora lazım olan hər şey varıydı
onda – uca boy, hərarətli səmimiyyətdən doğan təbii
temperament, ifadəli sifət cizgiləri, məlahətli
danışıq manerası... Səhnə ulduzuna, milyonların
sevimlisinə çevrilmək üçün daha nə
lazım idi ki? Onu sevirdilər də... Bu telli-toqqalı
bakılı balası qızların-qadınların kumiri
idi, həm də sadəcə, tamaşaçıların
yox, hətta dövrünün məşhur, adlı-sanlı
aktrisalarının da. Ona rollar da verirdilər –“Orlean
qızı”nda Raul, “Almaz”da İbad, “Kəndçi
qızı”nda Aslan, “Qəribə oğlan”da Otar, “Yalan”da Fərman,
“Hamlet”də Laert, “Maqbet”də Maqduf... Və o bu rolların
öhdəsindən əla da gəlirdi. Sadəcə, bu
rolların dramaturji tutumu aktyora öz böyük
potensialını bütün gücüylə üzə
çıxarmağa imkan vermirdi. Məsələn, “Maqbet”
tamaşasından söz gedəndə Kamal Xudaverdiyevin Maqduf
yox, Maqbet oynayan vaxtıydı. İstər rolun
özünün dramaturji fakturası, istərsə də
aktyorun istedadı və təxminən 20 illik sənət təcrübəsi
belə düşünməyə əsas verirdi. Amma
bütün ənənəvi teatrlarda olduğu kimi, Milli
Teatrda da dəyişməz rol bölgüsü varıydı
– kimlərsə həmişə baş rollar almalı, kimlərsə
daimi olaraq anturajları oynamalıydı. Eyni vəziyyət
kinoda da müşahidə olunurdu. 60-70-ci illərdə çəkildyi
“Dağlarda döyüş”, “İstintaq davam edir”, “Nəsimi”,
“Dədə Qorqud”, “Səmt küləyi”, “Ulduzlar
sönmür” və digər filmlərdə
yaratdığı Yusif, Bəybecan və s. epizodik, ən
yaxşı halda ikinci dərəcəli obrazlar aktyorun
bütün məharətinə baxmayaraq, onun istedadını
tam şəkildə ortaya qoya bilmirdi. Və bunun səbəbi,
əlbəttə ki, nə aktyorda, nə də rolda deyildi...
Səksəninci
illər gəlib çatdı. Kamal Xudaverdiyev artıq
tanınmış aktyor, əməkdar artist idi. Zaman isə
öz sözünü deyirdi, qara saçlar ağarır, gənclik
çöhrəsinə yaş hiss olunmadan öz
naxışlarını salırdı. Həyat şəraiti
də o qədər ürəkaçan deyildi. O səhnədə
kral saraylarını gəzib dolaşır, həyatda isə ən
böyük dayağı, mənəvi dəstəyi olan qoca
anası və ailəsi ilə birlikdə atadanqalma
birotqalı mənzilində yaşayırdı. Arzular,
arzular... bitib-tükənmək bilməyən arzular isə...
O sözünü deməli, təsəvvüründə olan
Kamalın obrazını özü gördüyü kimi
hamıya göstərməliydi.
Nəyin bahasına olursa-olsun! İradə, dözüm,
özünütəsdiq etmək inadı qalib gəldi!
Qarşısıalınmaz arzu və dönməz iradə
qarşısında hətta tale də acizdir. Tale mələkləri
güzəştə getdi, Fortuna öz gəmisini ona doğru
yönəltməyə başladı. Tanınmış
aktyor və rejissor Lütfi Məmmədbəyovun bir-birinin
ardınca ekranlaşdırdığı və Kamal
Xudaverdiyevə bir qayda olaraq qəhrəman rolları verdiyi
teletamaşalar zirvəyə doğru uçuşda bir
hazırlıq mərhələsi, tramplin rolu oynadı.
Müəyyən
qədər retro səciyyəsi daşıyan bu tamaşalar
vaxtilə – 40-50-ci illərdə Milli Teatrda səhnələşdirilmiş
və bir qayda olaraq anşlaqla keçmişdi. Özünün
də gənclik illərində rol aldığı bu
tamaşaları həyata qaytarmaqda rejissorun bir əsas qayəsi
var idi – yeni nəsil tamaşaçıları bir neçə
on il uzaqda qalmış teatr inciləri ilə tanış etmək,
bərpa işi görmək. Amma Lütfi müəllim bilərəkdən,
ya bilməyərəkdən bir işi də yerinə yetirdi –
indiyə qədər daha çox ikinci dərəcəli
rollar, hətta antuarjlarda görünən Kamal Xudaverdiyevin
baş qəhrəman potensialını üzə
çıxardı. O sadəcə istedadlı bir aktyordan
milyonların tanıdığı və sevdiyi populyar aktyora
çevrildi. Üstünə atılan böhtanlara mətanətlə
sinə gərən Cəlal Qaşqay (“Alov”), yaxın
adamlarının fitnə-fəsadı nəticəsində səhvə
yol verən və ömrü boyu nakam sevgi ağrısı
yaşayan İldırım Atayev (“Atayevlər ailəsində”)...
Doğma balasını özü də istəmədən
şöhrət hissinə qurban verən və ömrü
boyu bunun ağlasığmaz əzablarını yaşayan
atanın faciəvi aqibətini göstərən Doktor (“Şöhrət və unudulan
adam”) obrazı isə təkcə aktyroun
yaradıcılığı yox, ümumən, Azərbaycan
aktyor sənətinin uğurlarından birinə çevrildi.
“Şöhrət və unudulan adam” öz baş qəhrəmanını
yaradan aktyora unudulmazlıq statusu verdi. Günahsız və ya
günahkar olmasından asılı olmayaraq, bu obrazları birləşdirən
bir cəhət var idi – vicdan! Və bu obrazları Kamal
Xudaverdiyev kimi yüksək mənəviyyat
daşıyıcısı olan, həyatda
ağrı-acılar yaşamış aktyora verməkdə təcrübəli
rejissorun nə qədər dəqiq seçim etdiyi hər
tamaşadan sonra bir daha aydın olurdu.
90-cı
illər... Uçub dağılan sovet
imperiyası...Qarabağ savaşı...illərlə təmirə
bağlanan teatr... Nə cəmiyyət təmir olunub
qurtarırdı, nə teatr. Nə də müharibə bitmək
bilirdi. Üstəlik də keçid dövrünün gətirdiyi
qaçılmaz güzəran çətinlikləri. Hərə
başını götürüb bir yana qaçırdı.
Zaman insanların sevgisini sınağa çəkirdi – Vətən
sevgisini, sənət eşqini. Kamal Xudaverdiyevin 90-cı illərdə
ana teatrın baş qəhrəmanına çevrilməsi bu
sınaqdan üzüağ çıxmasının əyani
təsdiqi oldu. Və söhbət sadəcə olaraq, Kamal
Xudaverdiyevin məhz bu illərdə Xalq artisti fəxri
adına layiq görülməsindən getmir. Söhbət
ondan gedir ki, qəhrəmanlar kritik məqamlarda, ağır
vaxtlarda üzə çıxır.
Sənət eşqi, dözüm, mətanət, tale, sınaq... bunlar öz yerində, amma aktyorun 90-cı illərdəki yüksəlişi və teatrın kralına çevrilməsində o vaxtlar teatra yeni gəlmiş Bəhram Osmanovun rejissor görümünün də əvəzsiz rolu oldu. Gənc rejissorla təcrübəli aktyorun əməkdaşlığı tutdu və bu, səhnəmizə Lir, Edip, Muxtarov və s. kimi bir-birindən maraqlı, möhtəşəm obrazlar qalereyası verdi.
Mən Kamal Xudaverdiyevin bu obrazları haqqında əvvəlki rollarından fərqli olaraq qəzetlərdən, kitablardan oxumamış və ya bu rolları ekrandan, efirdən izləməmişəm, onların birbaşa, canlı səhnə təcəssümünü görmüşəm. Özü də bu tamaşalara bir dəfə, iki dəfə yox, dönə-dönə baxmaq şərtilə. Əgər indi də “Kral Lir” və ya “Çar Edip” tamaşalarının afişalarını görsəydim, yəqin ki, yenə də eyni ardıcıllıqla Milli Teatrı ziyarət edərdim. Ona görə ki, bu tamaşalar antik və klassik faciə ehtişamı ilə süslənmişdi! Ona görə ki, bu tamaşalara sənətini sevdiyim bir orijinal düşüncəli bir rejissor quruluş vermişdi! Və əlbəttə ona görə ki, bu tamaşalarda baş rolun ifaçısının – Kamal Xudaverdiyevin oyununda heyrətamiz səmimiyyətdən doğan sarsıdıcı təsir gücü, inandırıcılıq keyfiyyəti var idi! O bu obrazlarla səhnəmizdə Hüseyn Ərəblinski, Abbasmirzə Şərifzadə, Ələsgər Ələkbərov sənətinə məxsus klassik faciə ehtişamını canlandıran sonuncu tragediya aktyoru olduğunu sübut elədi. O XX əsr səhnəmizin sonuncu tragiki idi! Və təkcə elə Lir və Edip obrazları kifayətdir ki, Kamal müəllimin adı Azərbaycan teatrı tarixinə qızıl hərflərlə yazılsın.
Qaranlıq, ümidsiz 90-cı illərdə səhnələşdirilən bu tamaşalardan tamaşaçı öz evinə bir ovuc ümid, bir zərrə işıqla qayıdırdı! Bu Şekspirin, Sofoklun əsrləri, minillikləri yarıb keçən dühasının işığıydı. Bu, Bəhram Osmanovun düşüncəsindən, Kamal Xudaverdiyevin ürəyindən düşən işıq idi!
Elə o illərdə bu işığı tutub Kamal müəllimin yanına getdim, ondan müsahibə aldım. Müsahibə də bir bəhanə idi, həmişə efirdən, səhnədən eşitdyim, gördüyüm aktyoru birbaşa ünsiyyətdə görmək, şəxsən tanımaq istəyirdim. Tanıdım və daha çox sevdim. Sadəliyinə, təvazökarlığına, səmimiyyətinə görə... Görünür ki, söhbətimiz onu da qane etmişdi. Elə olmasaydı, üstündən illər keçəndən sonra, vəfatına bir ay qalmış təsadüfən küçədə rastalaşanda “Bir aydan sonra ad günümdür, vaxt elə gəl teatra, bir yaxşı söhbət edək” deməzdi. Həmişəkindən daha kədərli və daha ciddi görünürdü. Və mən bunu son vaxtlar onun səhhətində yaranan problemlərə yozdum. Üstündən bir ay keçməmiş teleekrandan görkəmli aktyorun dünyasını dəyişməsi xəbərini eşitdim. Və Kamal müəllimlə son söhbətimiz küçədə ayaqüstü elədiyimiz bir neçə dəqiqəlik görüş oldu.
Mən ruhun əbədiyyətinə və insanın ölməzliyinə inanıram. Bilirəm ki, əbədiyyət dünyasının sakinləri bizi bizdən daha yaxşı görür və tanıyırlar. Və əgər bu yazı Kamal müəllimin arzusunda olduğu, amma eləyə o söhbətimizin yerini verə bilsəydi, nə vardı ki!
Aprelin 23-dən – Kamal Xudaverdiyevin vəfatından bir neçə gün keçir. Mayın 3-nə – Kamal Xudaverdiyevin doğumuna bir neçə gün qalır. Çünki əsl istedadlar və və əsl sənətkarlar səməndər quşu kimidirlər – öldükləri andanca yenidən doğulurlar.
Əsəd
Cahangir
525-ci qəzet.-
2013.- 27 aprel.- S.22.