... qolunda Muğam saatı

 

İndi milli musiqimiz Xam çobanlarla doludu. Onlar (muğam)atı hər yerə səyirdirlər. Efirlərin qarşısında elan asmalı:

 

Gedin, deyin Xam çobana

Gəlməsin bir də Muğama...

 

İndi milli musiqimiz cürbəcür çay reklamlarının səhnəyə axıtdığı Saralarla da doludu. Onların məsələsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin baxmağı məsləhətdi. Ceki Hollun cırtdan boyda hekayəsi var. Onu mənə müəllif özü danışmayıb. Oxumuşam və xoşuma gəlib. “Bazar günü səhər kilsə ibadətindən sonra beş yaşlı nəvəm bir vərəq götürüb şəkil çəkməyə başladı. – Nə çəkirsən? – soruşdum. –Tanrını. – Axı, onu heç kim görməyib.- Çəkərəm, görərlər...”

Oxuyanın işinin adı Səsi çəkib bizə göstərməkdi.

Dünyada elə peşələr var ki, mütləq təbliğ olunmalıdı. Məsələn, yeraltı tədqiqatçılar. Onlar piara möhtacdı. Xanəndəninsə reklama ehtiyacı yoxdu: ya oxuyur, ya da paltar-maşın-ev-... gördüsünə çıxır.

Muğamatdan indi çox danışılır. O üzdən mən susuram. Bunu da Nəzakət xatirinə yazıram. Etika yox ha, Teymurovadan söhbət gedir. Bu xanımın üstündə qır-qızıl görməmişəm. Taxsa da, eyib eləməz. Onun bircə aksesuarı var: saat. Özü də Muğam saatı. O, ömrünü Muğam saatıyla qurur. Məhz qurur! Çünki hələ qurub-qurtarmayıb. Bütün fəxri adları alsa da, hədəfə çox qalıb. Bunu bilir. Ona görə, səsinin yanğısı günü-gündən artmaqda. Bir də görürsən, cavan müğənni elə şövqlə oxuyur... şöhrət, ad, pul qazanan kimi sönür, elə bil, Novruz tonqalının üstünə yaz yağışı yağıb.

Mən Nəzakət Teymurovanın müxtəlif konsertlərində olmuşam. “Leyli və Məcnun” operasındakı partiyası ayrı aləmdi. Həyatdakı təvazökar və utancaq Nəzakət xanım səhnədə Leyli obrazını ustalıqla yaradır. Söhbət artistizmdən gedir. İfası göz önündədi, bayaq dedim. Onun Leylisi üsyankar deyil, amma səmimi və inandırıcıdı. Həm də elə yanğıyla oxuyur ki, onun xoşbəxt olacağına tamaşa başlayandan şübhə eləyirsən.

Nəzakət Teymurova mühafizəkar və... yeniliyə meyillidi. İkinci cəhətindən danışacam. Son solo konserti Beynəlxalq Muğam Mərkəzində idi. Hər ifasında novatorluq vardı. Düzdü, bunu ansamblla birgə hazırlayıb, ən çox da istedadlı tarzən Əliağa Sədiyevin köməyilə, amma hər xalq ifaçısı yeniliyə açıq deyil, axı! Nəzakət xanım yerində improvizəni duyur və bacarır.

... Heydər Əliyev Sarayında birinci hissəni tamam-kamal bitirəndən sonra on-on beş dəqiqə antrakt oldu. İkinci hissədə səhnəyə qayıdan xalq artisti nə desə yaxşıdı:

– Axşamınız xeyir, xoş gəlmisiniz. Başım oxumağa elə qarışdı ki, salam vermədim, bağışlayın...

Auditoriya bağışlamadı. Çünki xanəndənin bizə bağışladığının əvəzində ona verəcək hədiyyəmiz yoxuydu: güldən savayı. Nəzakət xanım yaşda məndən balacadı. Ömrün bu illəri xanəndə üçün ən düşəri vaxtlardı. Sağlıq olsun, hələ biz onun çox görüşlərinə gedəcəyik. Ola bilsin, yenə tamaşaçıları salamlamağı unutsun. Çünki başı yenə oxumağa qarışacaq. Müğənninin işi elə budu da!..

 

 

Qulu Ağsəs

 

525-ci qəzet.- 2013.- 27 aprel.- S.20.