Sözün qüdrəti
Xalq yazıçısı Elçinin
anadan olmasının 70, yaradıcılığının 55
illiyinə bir neçə söz
Azərbaycan
ədəbiyyatının canlı klassiki, görkəmli
dövlət xadimi Elçinlə şəxsi
tanışlığımın tarixi az qala 30 ilə
yaxındır. Açıq və səmimi deyirəm ki,
Elçin yaradıcılığı və ictimai fəaliyyəti
ilə bağlı o dövrlərdə yazmaq indikindən
qat-qat rahat idi. Hərçənd ki, həmin vaxtlarda da 60-cı illər ədəbiyyatının
yaradıcılarından və parlaq simalarından sayılan
Elçinin yaradıcılığı çoxşaxəli
və zəngin, fəaliyyəti coşqun və diqqətçəkən
idi. İllər ötdükcə Elçin irsinə və
şəxsiyyətinə daha məsuliyyətlə müraciət
etməyin vacibliyini şərtləndirən bir mühüm
amil var: Elçin zamanı qabaqlayır, əlçatmaz olur,
cəmiyyətin və ədəbi mühitin önündə
gedir. Elçinin yaradıcılıq texnologiyası o qədər
cazibədar, rəngarəng olmuş, eyni zamanda
yaradıcılıq tempi o qədər artmışdır ki,
hərdən adama elə gəlir ki, onun özü ədəbi
mühitin içində bir ədəbi mühitdir. Bəzən
onun ədəbi irsi – romanları, povestləri, pyesləri,
hekayələri, ədəbi-tənqidi görüşləri,
tərcümələri, ssenariləri, publisistika nümunələri
bir nəfərin yox, bir ədəbi nəslin irsi kimi
görünür. Lakin bunlarla iş bitmir, bu məsələnin
bir tərəfidir. Elçin eyni zamanda ölkəmizdə mədəniyyət
siyasətinin formalaşdırılmasında və onun istiqamətlərinin
müəyyənləşdirilməsində mühüm rol
oynayan simalardan biri kimi ədəbi-mədəni mühitin tərəqqisinə
təkan verir.
Yeri gəlmişkən qeyd olunmalıdır ki, Elçinin əmək yolu, idarəçilikdə və təşkilatçılıqda qazandığı zəngin təcrübə onu çalışdığı sahənin ən sanballı və görkəmli nümayəndələrindən birinə çevirib. AMEA-nın Ədəbiyyat İnstitutundan başlayan bu yol, Yazıçılar Birliyində və “Vətən” Cəmiyyətində daha da genişlənir, şaxələnir. Azərbaycanın hüdudlarından çıxır. Elçinin istər bədii, istər tənqidi, publisistik yaradıcılığı onun böyük istedad və zəka sahibi olduğunu təsdiqləməklə yanaşı, xarakterinin və portretinin ana xəttini, qabarıq cizgilərini də müəyyənləşdirməyə imkan verir: prinsipialdır, qətiyyətlidir, səmimidir, sədaqətlidir, məsuliyyətlidir, humanistdir, yalana, şərə, böhtana, simasızlığa dözümsüzdür. Öz təbiri ilə desək, Elçinin ən böyük müttəfiqi isə əlahəzrət həqiqətdir.
Əlbəttə, Elçin müxtəlif insanların nəzərində daha başqa-başqa üstün keyfiyyətlərə də sahibdir. Nəvəsinin gözündə Elçin dünyanın ən böyük babasıdırsa, yıxılmaqda, uçqunun bir addımlığında olan, lakin Elçinin yardımı ilə ölümdən geri dönən insana görə Elçin xilaskardır. Mən bəlkə də Elçində hamının hər gün gördüyü, müşahidə etdiyi, lakin çoxlarının fərqinə varmadığı tükənmək bilməyən, illərlə ondan ayrılmayan bir keyfiyyətindən iki-üç kəlmə ilə bəhs etmək istərdim.
Elçin heyrətlənmək, təəccüblənmək təşnəsidir. O, qarşındakı əsərinmi, yaxud həmsöhbətinmi onu təəccübləndirməsini, heyrətləndirməsini istəyir, arzulayır. Elçinin özü isə əsəri ilə, söhbəti ilə qarşısındakını heyrətləndirməyin, təəccübləndirməyin mahir ustasıdır. O, Baladadaşdan üzü bu yana – indiyədək obrazlarında daim buna meyl edir, buna can atır və istəyinə çatır. O, mövzu seçməsində, ədəbi üslub və düşüncələrində, tənqidi görüşlərində də belədir, həyatda da. Dəfələrlə bunun şahidi olmuşam. Dünyanın müxtəlif ölkələrindən, fərqli həyat və düşüncə tərzinə sahib, müxtəlif peşə sahibləri – yazıçı, şair, diplomat, şərqşünas, qərbşünas, rəssam, sənətşünas, hətta həkim... daha kimlər Elçinlə görüşün unudulmaz, zəngin təəssüratlarından uzun müddət ayrıla bilmədiklərini dəfələrlə söyləmiş, yazmışlar. 1990-cı illərin ortalarında xarici ölkələrdən birinin ölkəmizdəki sabiq səfiri Elçinin qəbulundan çıxanda şair-publisist Dilsuzla üz-üzə gəlir və qeyri-ixtiyari “bu adam dahidir, bu adam ensiklopediyadır” – deyir və tərcüməçi onun dediklərini şairə çatdırır... Sonradan Dilsuza məlum olur ki, Elçin səfirlə söhbətində toxunulan məsələ – din və vicdan azadlığı barədə danışanda öz fikirlərini səfirin təmsil etdiyi ölkənin , eləcə də dünya ədəbiyyatı klassiklərinin əsərlərindən gətirdiyi sitatlarla da əsaslandırırmış.
Mən Elçini 70 yaş ərəfəsində belə görürəm, arzu edirəm ki, o, uğurları ilə bundan sonra da heyrətləndirməyi, təəccübləndirməyi bacarsın.
Abid Tahirli
525-ci qəzet.-
2013.- 27 aprel.- S.20.