“Ölüm mələyi”: Ənənədən
gələn notlar və yeni çalarlar...
Azərbaycan
ədəbiyyatında tarixi roman janrı artıq
özünün müəyyən ənənəsini
yaratmışdır. Bu fikri söyləyərkən biz
doğru-dürüst səksən yaşı olan tarixi
romanımızın keçdiyi inkişaf yolunu, bu yolun
bir-birindən fərqli dörd mərhələsini və əlbəttə,
o ənənənin yaranmasında mütləq mənada rolu
olan ayrı-ayrı əsərləri nəzərdə
tuturuq. Gəlin, sözün həqiqi mənasında XX əsr
ədəbiyyat tariximizdə silinməz izlər buraxan, təkcə
yazıldığı dövrdə deyil, əsrin
sonrakı illərində və
müasir dövrümüzdə də örnək olası və
az-çox diqqəti cəlb edən tarixi
romanlarımızı xatırlayaq: “Dumanlı Təbriz”,
“Qılınc və qələm” (M.S.Ordubadi), “Qızlar
bulağı”, “Qan içində” (Y.V.Çəmənzəminli),
“Odlu diyar” (A.Zöhrabbəyov), “Zəngəzur” (Ə.Abasov),
“Səhər” (M.Hüseyn), “Gələcək
gün”, “Pərvanə” (M.İbrahimov), “Yolumuz hayanadır”
(Mir Cəlal), “Qafqaz qartalı” (S.Rəhimov), “Dəli Kür”,
“Ölən dünyam” (İ.Şıxlı), “Qalada
üsyan”, “Şimal küləyi” (Q.İlkin) “Səttarxan”,
“Gizli zindan” (A.Makulu), “Məhşər” (İ.Muğanna), “Fətəli
fəthi”, “Doktor N” (Ç.Hüseynov), “Vətənə
qayıt”, “Aləmdə səsim var mənim”, “Yad et məni”,
“Bakı-1501” (Ə.Cəfərzadə), “Qətl günü”
(Y.Səmədoğlu), “Babək” (Ə.Məmmədxanlı),
“Nəğməyə dönmüş ömür”,
“Qızılbaşlar” (Ə.Nicat), “Qarlı
aşırım”, “Xudafərin körpüsü”,
“Çaldıran döyüşü”, “Təbriz namusu” (F.Kərimzadə),
“Köç” (M.Süleymanlı), “Mahmud və Məryəm”
(Elçin), “Xallı gürzə”
(M.Çəmənli).. Əlbəttə, Azərbaycan tarixi
romanının XX əsr mənzərəsi təkcə bu əsərlərlə
məhdudlaşmır, adını çəkmədiyimiz digər
əsərlər də var və onların sayı bunlardan da
çoxdur.. Amma həmin əsərlər adlarını
çəkdiyimiz əsərlərlə müqayisədə
o qədər də uğurlu deyil və təbii ki, hər
hansı bir mənzərədə müxtəlif və fərqli görüntülər ola bilər.
Yeri gəlmişkən
qeyd edək ki, tarixi roman yazmaq ənənəsi XXI əsrdə
də davam edir və burada Sabir Rüstəmxanlının,
Hüseynbala Mirələmovun, Elçin Hüseynbəylinin,
Yunis Oğuzun bu sahədə fəaliyyətini xüsusi qeyd
edirik.
Səksən
illik tarixi olan bir janrın təbii ki, müəyyən ənənəsi
var və bu haqda uzun-uzadı təfərrüata
varmırıq, yalnız bəzi xarakterik xüsusiyyətləri
nəzərə çarpdırmaq istəyirik: Tarixi
romanlarımızda Vətən tariximizin müxtəlif
dövrləri əks olunur. O hadisələrdən söhbət
açılır ki, Azərbaycan tarixində müəyyən
iz buraxıb və yazıçı, tarixçidən fərqli
olaraq öz bədii təxəyyülünü də işə
salır, olmuş tarixi hadisələrə yeni məna
verir. Yazıçı tarixə
o zaman müraciət edir ki, bu günün bir çox
suallarını cavab tapsın. Polşa ədibi Tadeuş Qoluy
deyir ki: “Keçmiş dövrə mən ona görə
müraciət edirəm ki, müasir həyatı daha
yaxşı başa düşüm”. Biz “bədii təxəyyül”
ifadəsini işlətdik. Bu, o deməkdir ki,
yazıçı xəyalı, yazıçı
uydurması tarixi romanda da əks oluna bilər, ancaq bir şətrlə
ki, bu təxəyyüldən doğan təsvirlər, hadisələr
və obrazlar real faktlara əsaslanmalı, tarixi həqiqətlərlə
səsləşməlidir. Məsələn, İsa
Muğannanın “Məhşər” romanında böyük
Fateh Teymurlənglə böyük şair Nəsiminin
görüşməsi barədə tarixi mənbələrin
heç birində bir qırıq da olsa, məlumat yoxdur. Amma “Məhşər”
romanının ən təsirli, yaddaqalan səhnələrindən
biri də məhz iki böyük şəxsiyyətin –
Teymurun və Nəsiminin görüşüdür. Burada iki
dünya, iki fəlsəfə üz-üzə dayanır.
Tarixi
romanlarımızda Azərbaycan tarixində silinməz izlər
buraxan şahların, sərkərdələrin, dövlət
xadimlərinin, qüdrətli söz ustalarının həyatı,
keçdiyi ömür yolları, mübarizələri əks
olunur və qeyd edək ki, bu sahədə müəyyən
bir ənənə də yaranmışdır. Elə əsərlər
var ki, yazıçılar tarixi şəxsiyyətlərin həyatını
bir az “bəzək-düzəklə”
eynilə bədii əsərdə əks etdirirlər və
bu olur sadəcə “bədii-tarixi xronologiya” (Mərhum
tarixçi Mahmud İsmayılovun “Ağ yapıncı”, “Uzun
Həsən”, “Xaqani”, “İki od arasında”, “Qara Yusif”
romanlarını xatırlamaq kifayətdir). Amma tutaq ki, İsa
Muğannanın “Məhşər”, Çingiz Hüseynovun “Fətəli
fəthi”, Fərman Kərimzadənin “Qarlı
aşırım” tipli romanlarda tarixi şəxsiyyətlər
həm də bizə məlum
olmayan fərdi cizgiləri ilə əks olunurlar və biz bu
tarixi şəxsiyyətləri sanki yenidən dərk edirik. Ən
əsası da odur ki, tarixi romanlarımızda hansı
dövrdən bəhs olunursa, dəxli yoxdur, həmin əsərlərdə
VƏTƏNPƏRVƏRLİK, AZƏRBAYCANÇILIQ
idealları öz əksini tapsın. Bunsuz tarixi romanın
yazılmasının mənası olarmı?
Artıq
iki tarixi romanın müəllifi olan Mustafa Çəmənli
Azərbaycan tarixi romanının bu ənənələri ilə
yaxşı tanışdır və hər iki
romanında bu ənənələrə
sadiq qalır, amma eyni zamanda, yazdığı əsərlərdə
tarixə münasibətdə özünün mövqeyini də
ortaya qoyur. Bu, o deməkdir ki, bir müəllif kimi o, tarixə,
tarixi hadisələrə və şəxsiyyətlərə
“necə varsa, elə” prinsipi ilə
yanaşmır, “belə də ola bilərdi” prinsipinə də
əməl edir. Biz Mustafa Çəmənlinin “Xallı
gürzə” romanı haqqında vaxtlə
yazmışdıq: “Hər bir tarixi roman, əgər belə
demək mümkünsə, yaşanılan tarixin bədii-fəlsəfi
dərkidir. Görkəmli yazıçı və tənqidçi
Mehdi Hüseyn məşhur “Yazıçı və tarix” məqaləsində yazırdı:
“Tarixçi psixoloq deyildir. Lakin sənətkar psixoloq
olmalıdır. Bunsuz tarix elmi yaransa da, tarixi-bədii əsər
yarana bilməz. Bir qədər də sadə desək,
tarixçi “nələr olmuşdur?” sualına cavab verirsə,
sənətkar “nələr ola bilərdi və necə ola bilərdi?”
suallarına da cavab verir. Yazıçının vəzifəsi
heç də tarixi şəxsiyyətlərin fəaliyyətini
başdan-başa izləyib bədii tərcümeyi-hal
yaratmaqdan ibarət deyildir”. Mustafa Çəmənlinin
“Xallı gürzə” romanı da tarixi dövrün
psixologiyasını təşrih edən bir əsərdir.
Doğrudur, bu əsərdə tarixi şəxsiyyətlərin
fəaliyyəti xronikal qaydada izlənilir, ancaq bu, romandakı əsas
qayəni heç də kölgədə qoymur. Pənah xan
gözlərimiz qarşısında
həm də bir insan və şəxsiyyət kimi
canlanır.
“Ölüm
mələyi” adlı yeni tarixi romanında da Mustafa Çəmənli
“Xallı gürzə”dəki yolu davam etdirir. Romanda Azərbaycan
tarixinin çox mürəkkəb və olduqca ziddiyyətli
bir dövrü bədii tədqiq obyektinə çevrilir. Azərbaycan
tarixi ərzində bəlkə də ən çox
şahlıq taxtında oturmuş (düz əlli iki
il-1524-1576) I Təhmasibin ömrünün son günləri təsvir
olunur. Amma “son günlər” ifadəsi şərtidir, zahiri
xarakter daşıyır, müəllif I Təhmasibin son
günlərinin təsviri fonunda onun bütün ömür
yolunu canlandırmağa cəhd edir. Romanda həmçinin II
Şah İsmayılın qısa sürən(1576-1577) hakimiyyətindən
də söz açılır. Beləliklə, “Ölüm
mələyi”ndə XVI əsr Azərbaycan tarixinin yarım əsrdən
artıq ictimai, siyasi, mənəvi həyatı
canlandırılır, bir sarayda baş verən hadisələr,
ziddiyyətli, təzadlı münasibətlər, hakimiyyəti
ələ keçirmək uğrunda davam edən mübarizələr
öz əksini tapır.
Azərbaycan
tarixində Səfəvilər dövrü iki əsrdən
artıq davam etmiş və bu iki əsrdə bir-birindən fərqli
hökmdarlar hakimiyyətdə olmuşlar: I Şah
İsmayıl, I Təhmasib, II İsmayıl, Məhəmməd Xudabəndə,
I Abbas, I Səfi, II Abbas, Süleyman, Sultan Hüseyn, II Təhmasib,
III Abbas. Tarixdən məlumdur ki, Nadir şah Əfşar
1736-cı ildə Səfəvilər sülaləsinin hakimiyyətinə
son qoymuşdur.
“Ölüm
mələyi”nin əsas qəhrəmanlarından biri- I Təhmasib
I Şah İsmayıldan sonra Səfəvilər
dövlətinin ən qüdrətli hökmdarlarından
olmuş, mərkəzi hakimiyyəti qüvvətləndirərək
dövlətin sərhədlərini xeyli genişləndirmişdi.
Təhmasib bir çox təzkirələrdə deyildiyi kimi,
savadlı bir şəxs idi, şairləri, musiqiçiləri,
rəssamları himayə edirdi, özü də bədii
yaradıcılıq və xəttatlıqla məşğul
olurdu.
Romanda
daha çox diqqət yetirilən obrazlardan biri də II Şah
İsmayıldır. Gəncliyində Osmanlı
qoşunlarına qarşı döyüşlərdə fərqlənən
İsmayıl, sonralar düşmən qüvvələrin təsirilə
atasının gözündən düşmüş və Qəhqəhə
qalasına-sürgünə göndərilmişdi. Düz
iyirmi ilə yaxın həbsdə olan İsmayıl,
atasının ölümündən sonra bacısı Pərixan
xanımın və qızılbaş əmirlərinin
köməyilə hakimiyyətə gəlmişdi. Uzun illərin
psixoloji əhval-ruhiyyəsindənmi və ya təbiətindəki
qəddarlıqdanmı, hakimiyyətdə olduğu bir il ərzində
atasının bütün övladlarını (Məhəmməd
Xudabəndədən başqa), yəni atadanbir, anadan ayrı
qardaşlarını və yaxın qohumlarını birgə-bircə
aradan götürmüş, qətlə yetirmişdi ki,
taxt-taca başqa namizəd olmasın. Amma II İsmayıl
özü də çox yaşamır, ancaq Səfəvilər
sülaləsinə vurduğu bu ağır zərbələr
də unudulmur.
Mustafa
Çəmənli də tarixdən məlum olan bu faktları
heç də təhrif etməyərək təqdim etdiyi
obrazları mümkün qədər reallıq müstəvisində
əks etdirməyə çalışmışdır. Əlbəttə,
burada yazıçı təxəyyülü də öz
sözünü demişdir. Beləliklə, tarixi həqiqətlə
yazıçı uydurması vəhdət halına gəlmişdir.
Oxucu bilmir və qətiyyən məlumatı yoxdur ki, Səfəvilər
sarayının qayda-qanunları necədir, burada hansı
prinsiplər, etik davranışlar hökm sürür. Niyə
şahlar hakimiyyətə keçən kimi ən yaxın
adamlarını, hakimiyyətə gələ biləcək
qohum-qardaşlarını məhv etməyə
çalışırlar? Təbii ki, XVI əsr bizdən ən
azı beş yüz il uzaqdadır və biz zamanı geriyə
çevirə biləcək elə bir texniki icadın sahibi
deyilik ki, I Şah Təhmasibin, II Şah İsmayılın
sarayına daxil olaq və onların əxlaq tərzini, rəftar
və münasibətlərini seyr edə bilək, nə
düşündüklərini öyrənək...XVI əsr Səfəvilər
dövlətinin, ayrı-ayrı xanlıqların
yürütdüyü siyasətlə tanış olaq,
saraydan üzüaşağı düşüb xalqın
içində olaq. Əlbəttə, bu, mümkün deyil.
Amma əsl yazıçının qüdrəti də elə
bundadır ki, XVI əsr mühitini də yarada bilir, gözlərimiz
qarşısında həqiqi, amma bədii bir dünya
yaradır. Bu yaranan “dünya” olsun ki, tarixi reallıqla düz
mütənasib deyil, amma ədib bizi inandırırsa, bunun
heç bir əhəmiyyəti yoxdur. Biz tarixi
romanlarımız olan “Qılınc və qələm”i, “Dəli
Kür”ü, “Məhşər”i, “Qarlı
aşırım”ı, “Qətl günü”nü, “Mahmud və
Məryəm”i belə qəbul etmişik və Mustafa Çəmənlinin
“Ölüm mələyi”ni bu sıraya qatırıq.
Təbii
ki, romanı geniş şərh etməyə ehtiyac duymuruq.
Mustafa Çəmənli Azərbaycan tarixi roman ənənəsini
bu yeni əsərində uğurla davam etdirmişdir,-deyə
bilərik. Yəni XVI əsr Səfəvilər dövlətinin
və bu dövləti biri əlli iki il, biri isə bir il idarə
etmiş iki hökmdarının, onları əhatə edən
insanların (saray adamlarının, məmurların və s.)
və orta əsrlərə məxsus şəxsi intriqa və
kolliziyaların məna və mahiyyəti kifayət qədər
əks olunmuşdur.
Azərbaycan
ədəbiyyatşünaslığında tarixi roman
janrı əsasən mövzu və problemlər üzrə tədqiq
olunmuşdur və biz bunun bariz ifadəsini görkəmli ədəbiyyatşünas,
əsasən tarixi roman tədqiqatçısı kimi
tanınmış professor Yavuz Axundlunun sanballı “Azərbaycan
tarixi romanı: mərhələlər, problemlər” (2005)
monoqrafiyasında da görürük. Amma mövcud tarixi
romanlarımızı bir başqa tipologiya üzrə də təsnif
etməyin vaxtı gəlib çatıb. Çünki tarixi
romanlar təkcə mövzu və problematika baxımından
yox, həm də fəlsəfi, psixoloji, sosioloji, mifoloji,
tarixi-sosioloji, etnoqrafik və s. baxımdan da bölgülənə
bilərlər. Məsələn, deyək ki, İsa Muğannanın “Məhşər”
romanı ilə Mövlud Süleymanlının
“Köç”, yaxud Yusif Səmədoğlunun “Qətl
günü” romanı ilə Fərman Kərimzadənin
“Qarlı aşırım” romanı mövzu-problematika
baxımından fərqləndikləri kimi, digər
bölgüylə də bir-birindən seçilirlər.
Mustafa Çəmənlinin “Xallı gürzə” və
“Ölüm mələyi” romanları sırf tarixi-sosioloji
romanlardır. Bu əsərlərdə tarix həm də
sosioloji aspektdə nəzərə çarpır. Bu tipli
romanlar isə Azərbaycan tarixi romanları içərisində
çoxluq təşkil edir. Mustafa Çəmənli təsvir
etdiyi dövrü təkcə tarixi həqiqətlər
baxımından deyil, həm də sosioloji baxımdan da izah və
şərh etməyə can atır. Demək istəyir ki, orta
əsrlər dövrünün də öz ictimai-siyasi
qanunauyğunluqları var, müəyyən sxemlər, qaydalar
çərçivəsi insanların da hərəkətlərini
tənzimləyir. Ölmək, öldürmək, qətllər,
müharibələr, savaşlar...bütün bunların
öz mahiyyəti var.
“Ölüm
mələyi” həm də xarakterlər romanıdır.
Mustafa Çəmənli “Xallı gürzə”də Pənahəli
xanın parlaq obrazını yaratmışdı. Bu əsərində
də o, Şah Təhmasibin, II Şah İsmayılın, həmçinin
Pərixan bəyimin, Heydər Mirzənin obrazlarını
dolğunluqla yaradıb. Romanda hərəkət, dinamika, hadisələrin
sürətlə bir-birini əvəz etməsi diqqəti
xüsusilə cəlb edir və belə görünür ki,
oxucu bəzi maraqlı macəra
romanlarını oxuyurmuş kimi bu əsəri də əlindən
yerə qoymayacaq. Amma belə deyil. Romanda “sürətli
oxunuş” deyilən bir proseslə üzləşmirik,
çünki təsvir olunan hadisələr nə qədər
cəzbedici olsa da, macəra örtüyünə
bürünməmişdir. Yazıçı hadisələri
və tarixi şəxsiyyətləri elə təsvir edir ki,
sanki bu hadisələri və şəxsiyyətləri
yaxından seyr edirsən. Buna səbəb odur ki, Mustafa Çəmənli
Azərbaycan tarixi roman ənənələrinin ən
yaşarısına sadiq qalır: o, tarixi şəxsiyyəti
həm də İNSAN kimi təsvir edir. Şah Təhmasib
onlarla hadisə içində təsvir olunur,bir şah kimi əlli
ildə keçdiyi yollar, apardığı müharibələr
(bunlar haqqında onun xatırlamaları təqdim edilir),
övladları və müxtəlif təriqət
başçıları ilə münasibətləri
heç də onun bir insan kimi keçirdiyi daxili iztirabları
kölgədə qoymur.
Əslində,
o bir Şah kimi çox zəif, bir İnsan kimi isə
çox maraqlı və güclüdür. Xüsusilə,
çoxsaylı hərəmləri içərisində sevdiyi
Sultanıma münasibəti, yaxud atası Şah
İsmayılın şeirlərini əzbər deyərkən
keçirdiyi zövq-səfa, təklikdə Pərixan bəyimlə
ata-qız söhbəti nə qədər təbiidir. Hətta
deyə bilərik ki, Mustafa Çəmənli Təhmasibi
şah-moralist kimi də təqdim edir. O, Çehelsütun
sarayında bir məclis təşkil edir, bütün
övladlarını, qohumlarını ora toplayır. Məqsədi
nəydi: “Şah xəstə yatarkən sarayda baş verənləri
unutmaq istəsə də, bu məclisi keçirməklə,
həm də qanından, iliyindən gəlmiş
övladlarına, doğmalarına ibrət dərsi vermək
istəyirdi”. Əlbəttə, əlli iki il ərzində
hakimiyyəti əldə saxlamaq, dövləti idarə eləmək
son dərəcə mürəkkəb məsələ idi və
Təhmasib buna öz ağlı ilə nail ola bildi. Amma ən
böyük səhvi onda oldu ki, özündən sonra varis təyin
edə bilmədi və II Şah İsmayıl kimi
ağılsız və rəhmsiz bir adamın-iyirmi il həbsdə
saxladığı və içi kinlə, qisas hissilə
dolmuş bir hakimiyyət hərisinin şahlığına
yol açdı. Bunu o görmədi...
Səfəvilər
sülaləsinin sayca üçüncü hökmdarı-II
Şah İsmayıl da ziddiyyətli bir şəxsiyyət
olmuşdur və M.Çəmənli onu təsvir edərkən
tarixi həqiqətə sadiq qalmışdır. Amma təbii
ki, II Şah İsmayılla bağlı tarixi faktlar cüzidir
və burada yazıçı ustalığı
lazımdır ki, azdan da faydalansın və bədii təxəyyüllə
reallıqları birləşdirə bilsin. M.Çəmənli
II Şah İsmayılı təkcə qəddar və rəhmsiz
bir hökmdar kimi deyil, həm də faciəvi bir insan kimi təqdim
edir. Atasına qarşı ağılsız hərəkətlərinə
görə gözdən düşüb 7 min 138 gün həbsxanada
ömür çürüdən, qadınsız, məhəbbətsiz
yaşayan, saraydan, dövlətdən,
döyüş meydanından uzaqlaşdırılıb həbsxana
küncünə sıxışdırılan bir insan nə
etməliydi. Ona görə də onun “Mən Allahın yer
üzündəki ölüm mələyiyəm. Ölüm
mələyi! Əzrail!” deməsi tamamilə doğrudur. Bu,
onun törətdiyi qətllərə haqq qazandırmasa da,
xarakterini düzgün səciyyələndirir.
Romanda bir
obraz da var ki, o öz dolğun və bütöv səciyyəsi
ilə heç də iki hökmdardan-atasından və
doğma qardaşından geridə qalmır. Bu, Təhmasibin
qızı Pərixan bəyimdir. Roman boyu müəllif onun
hakimiyyətlə bağlı fikir və duyğularını
izləyir və əvvəlcə qardaşı
İsmayıla rəğbət bəsləyib onu hakimiyyətə
gətirməkdə böyük rol oynayan Pərixan bəyim
sonda get-gedə qardaşının qəddar hərəkətləri
müqabilində dərin peşimançılıq hissləri
keçirir..Və onun özü də hakimiyyət hərisliyinin
qurbanı olur, boğulub öldürülür. Romandakı
bu ölüm, daha doğrusu, qətl səhnələri
bir-birini sürətlə əvəz etsə də, bədii
təsirliliyini itirmir, hər biri bir faciənin sonluğuna
çevrilir.
Tarixi
romanda dil faktoru də mühüm rol oynayır və bu, sənətkarlıq
baxımından müəllifin uğurunu ya da
uğursuzluğunu müəyyənləşdirən amillərdən
biridir. Azərbaycan tarixi romanlarının ən parlaq
nümunələrində biz həm də DİL MƏDƏNİYYƏTİ
ilə qarşılaşmışıq. Bu fikri söyləyərkən
Məmməd Səid Ordubadinin oxucunu ələ alan obrazlı
dilini, təhkiyeyi-kəlamını, Mirzə İbrahimovun səlis
publisistik ifadə tərzini və dil xüsusiyyətlərini,
İsa Muğannanın məntiqli və fəlsəfi dialoq və
monoloqlarını, psixoloji təsvir manerasını, Yusif Səmədoğlunun
mifdən, folklordan, xalqdan gəlib ədəbi dil kimi
formalaşan bədii nitqini, Mövlud Süleymanlının
başdan-ayağa etnoqrafik səciyyə daşıyan
danışıq tərzini xatırlamamaq olmur. Mustafa Çəmənlinin
romanındakı dil də canlıdır, şirəlidir,
koloritlidir və burada XVI əsrin Səfəvilər
sarayına məxsus bəzi dil elementləri ilə müasir
dil xüsusiyyətləri birləşir. Məqsəd
heç də o deyil ki, XVI əsrin şahını və
dövlət məmurunun nitqini həmin dövrün dil
materialı ilə yükləyəsən. O zaman bədii mətndə
arxaizm kök salar. Amma XVI əsrin
tarixi olaylarını və şəxsiyyətlərini təsvir
edərkən bu günün oxucusunu nəzərə almaq daha
münasibdir.
“Ölüm
mələyi” romanı fikrimizcə, son illərin uğurlu nəsr
əsərlərindən biridir və bir tarixi roman kimi də
seçilir, fərqlənir. Doğrudur, müəllif romanda
çox zaman saraydan qırağa çıxmır, I Təhmasibin
apardığı müharibələr haqqında məlumat
çox azdır, daha çox hakimiyyət intriqaları bədii
tədqiq hədəfinə çevrilir, amma bu heç də
romanın sanbalını azaltmır. Biz I Şah Təhmasibi və
II Şah İsmayılı tarixi şəxsiyyətlər və
faciəvi insanlar kimi dərk edirik.
Roman belə
bir həqiqəti təlqin edir ki, istənilən dövrdə
hakimiyyət hərisliyi, bunun üçün törədilən
qətllər, ağıllı insanlara qarşı törədilən
cinayətlər, nadanlığın, zorun, zülmün ayaq
tutub yeriməsi yolverilməzdir və nə qədər belə
dəhşətlər, vəhşətlər baş verirsə,
ÖLÜM MƏLƏKLƏRİ
məmləkətin başı üstündən əksilməyəcək...
Vaqif YUSİFLİ
525-ci qəzet.-
2013.- 27 aprel.- S.19.