Bakıda “Gənc şairələrin beynəlxalq
Forumu” keçirilib
Aprelin
27-də “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Prezident yanında Gənclər Fondunun dəstəyi ilə Muğam Mərkəzində “Gənc şairələrin beynəlxalq Forumu” gerçəkləşdi. Forumda Avropa, Asiya, Afrikadan 20-dən çox gənc
şairə iştirak edirdi. Bir sıra ziyalılar,
tanınmış şairlər, yazıçılar və mədəniyyət
xadimləri bu tədbirə qatılmışdılar. Ulu
öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr
olunmuş Forumdan əsas məqsəd müxtəlif ölkələrdə
yaşayan istedadlı gənclərin
görüşünü təşkil etmək və
Bakıda beynəlxalq əməkdaşlıq ənənəsinin
bünövrəsini qoymaqdı. Tədbir “Yallı” rəqsi
ilə başladı. Daha sonra isə rəsmi
çıxışlara yer verildi. İlk öncə
yazıçı Günel Anarqızı qonaqları
salamladı: “İlk dəfədir ki, Odlar yurdu Azərbaycanda,
onun tarixi paytaxtı Bakıda gənc şairələrin beynəlxalq
forumu keçirilir. Biz ədəbiyyatçılar
üçün bu, çox əlamətdar bir hadisədir. Azərbaycan
sürətlə inkişaf edən dövlətlərdən
biridir. Burada demək olar ki, hər ay dünyanın ən
mötəbər toplantıları, tədbirləri,
forumları keçirilir. Təqdirəlayiqdir ki, bu forum da
bizim ölkəmizdə təşkil olunub. Azərbaycan
xalqı şairqəlbli xalqdır. Hamımız şair
olmasaq da, sözə, ədəbiyyata həmişə
hörmətimiz və rəğbətimiz var. Ölkəmizin
hər yerində böyük sənətkarlarımıza,
dahi şair və yazıçılarımıza ucaldılan
abidələr dediklərimin ən vacib nümunəsi və
göstəricisidir”. Günel Anarqızı
çıxışını nənəsi, unudulmaz şairə
Nigar Rəfibəylinin şeiri ilə tamamladı.
Daha sonra
Gənclər və İdman Nazirliyinin müavini İntiqam
Babayev Forum haqqında fikirlərini bölüşdü:
“Böyük İpək Yolu” Beynəlxalq Gənclər
İttifaqı gənc bir qurumdur. Lakin bir neçə ay ərzində
həm Azərbaycanda, həm də digər ölkələrdə
bir sıra beynəlxalq səviyyəli layihələrə
imza atdı. Gənc şairələrin beynəlxalq forumu
bahar ayında baş verən gözəl bir layihədir.
Düşünürəm ki, müxtəlif ölkələrdən
bu tədbirə qatılan insanlar Azərbaycandan böyük məhəbbətlə
öz Vətənlərinə dönəcəklər. Ola bilsin
ki, bu layihə təkcə Azərbaycanda yox, həmçinin
digər ölkələrdə də mütəmadi olaraq
keçirilsin”.
Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi, “525-ci qəzet” baş redaktoru Rəşad Məcid çıxışında dedi: “Azərbaycan xalqını şair xalq adlandırırlar. Bizim gözəl şairələrimiz olub. Bir neçə aydan sonra Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 900 illik yubileyini keçirəcəyik. Şeirləri ilə o da bizim sıralarımızdadır. Sonrakı dövrlərdə də Azərbaycanın çoxlu gözəl şairələri olub. Yəqin ki, siz burda olduğunuz vaxtda o şairələrin adlarını eşidəcəksiniz, onların yaradıcılıqları ilə tanış olacaqsınız. Poeziya ruh məsələsidir. Yazmaq ilahi bir işlə məşğul olmaqdır. Bir fransız yazıçısının övladı atasının nəçi olması barədə suala “yazıçıdır” deyə cavab verir. Müəllim isə deyir ki, yalan danışırsan, bütün yazıçılar çoxdan ölüblər. Amma bizim ölməyən yazıçılarımız, klassiklərimiz var. Bu gün gənclərlə birlikdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı, canlı klassik Anar iştirak edir. Anar müəllimin bu yaxınlarda yetmiş beş yaşı tamam olub, bu münasibətlə onu təbrik edirəm. O, gənclər üçün bir örnəkdir və yazıçının ölmədiyinə, yazıçının həmişə yaşadığına bir sübutdur. İnanıram ki, bizim gənc şairələrimizin də uzun və məhsuldar yaradıcılıq yolu olacaq. Onlar təkcə öz ölkələrində deyil, başqa ölkələrdə də öz şeirləri ilə uğur qazanacaqlar. Sözümü bizim böyük bir şairimizin misrası ilə bitirmək istəyirəm: “Yer üzünün son şairi öləndə, Göydən yerə ölü Allah düşəcək”.
Gənclər Fondunun direktoru Fərhad Hacıyev mədəniyyəti hər bir xalqın ən böyük xəzinəsi hesab etdiyini və bu cür mədəni layihələrin davamlı olacağını, Gənclər Fondunun bu işdə yaradıcı gənclərə həmişə dəstək verəcəyini vurğuladı.
Millət vəkili Fuad Muradov Forumun əhəmiyyətindən danışdı: “Beynəlxalq Gənclər İttifaqı bir ilə yaxındır ki, yaranıb. Bizim əsas məqsədimiz həm Azərbaycanı tanıtmaq, həm də Çindən Portuqaliyaya qədər ölkələri burada tanımaqdır. Bu ölkələrdə həyata keçirilən mədəniyyət, idman, sosial və digər məzmunda tədbirlərə dəstək olmaqdır. Bilirsiniz ki, gənc şairələrin beynəlxalq forumu ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub. Bu gün burda İordaniyanın səfiri, Yunanıstan səfirliyinin nümayəndələri, Yazıçılar Birliyinin sədri Anar, Xalq artisti Fəxrəddin Manafov və digər dəyərli şəxslər iştirak edirlər. Bu işdə bizə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm”.
Rəsmi çıxışlardan sonra sənətçi Mehriban Zəkinin ifasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Gecə” şeiri əsasında kompozisiya təqdim olundu. Daha sonra Misir, Yunanıstan, Türkiyə, Ukranya, Banqladeş, Qırğızıstan və digər ölkələrin gənc şairələri öz ana dillərində şeirlərini oxudular. İştirakçıların şeirləri həm Azərbaycan dilində, həm də ingiliscə ekranda işıqlandırıldı. Tədbirin ikinci hissəsində Günel Anarqızının, Nigar Həsənzadənin, Solmaz Süleymanlının moderatorluğu ilə “Özünüifadənin müasir vasitələri”, “Gənc şairələrin mədəniyyətlərarası dialoqda rolu”, “Ədəbiyyatda feminizm” kimi mövzularla bağlı müzakirələr təşkil olundu.
Ramil Əhməd
525-ci qəzet.- 2013.- 30 aprel.- S.7.