Heydər Əliyevin elmi irsi əbədiyaşardır

 

Heydər Əliyev kimi dahi şəxsiyyətin ömrü zamana, məkana sığmır və ölüm tanımır. O bəşəri ideyalara, insanlığa xidmət etdiyi üçün əbədiyaşardır, əsrlərə yol yoldaşı olacaq, dünyanı zaman-zaman dolaşacaqdır.

Allah Heydər Əliyevi özünün ən xoş günündə yaratmışdı. Ona nəinki bir xalqın-azərbaycanlıların nicatı, səadəti, xoş günü üçün, eləcə də hər bir bəşər övladının taleyi və gələcəyi üçün düşünmək, çalışmaq, qurub-yaratmaq eşqi, qüdrəti vermişdi.

Günəş bizdən çox uzaqdadır, ancaq onun nuru bütün dünyanı işıqlandırır, ziyası milyonları isidir. Heydər Əliyev cismən bizdən ayrılsa da, o, hər an bizə yaxınlaşır, öz ölməz irsi, əməlləri, düşüncələri ilə insanların qəlbinə yol tapır, tarixə silinməz izlər açır.

Bu ölməz insan haqqında yazılan əsərlər, aparılan tədqiqatlar, ona ucaldılan abidələr, xatirəsini əbədiləşdirən küçələr, xiyabanlar, muzeylər ümummilli liderimizə bəşəri məhəbbətin, ümumxalq ehtiramın ifadəsi olmaqla bir ömrün əbədiyaşarlığına sübutdur.

Pedaqoji elmlər doktoru, professor, Yeni Azərbaycan Partiyası idarə heyətinin üzvü Zahid Qaralov da ulu öndərimizin həyat və fəaliyyətinə, elmi irsinə daim müraciət edən, bu dahi şəxsiyyətin Vətən, xalq qarşısındakı xidmətlərini, bəşəri ideyalarını yüksək qiymətləndirən və qələmə alan alimlərimizdən biridir.

Zahid Qaralovun bu günlərdə çapdan çıxmış “Heydər Əliyevin elmi irsi”(nəzəriyyə və təcrübə) iki cildlik kitabı Əliyevşünaslıq elminə bir töhfədir.

Ümummilli liderimizin 90 illik yubileyi ərəfəsində çap edilən bu kitablar Heydər Əliyevin yüksək insani keyfiyyətlərini özündə əks etdirməklə onun şəxsiyyətinin formalaşması, mütərəqqi partiya və dövlət qurucusu səviyyəsinə yüksəlməsinin elmi əsasları, metodologiyası barədə sistemli bilik mənbəyi kimi oxuculara təqdim edilir.

Zahid Qaralovun bu kitabları yazmaqda qarşısına qoyduğu məqsəd ali və müqəddəsdir. O, böyük tarixi şəxsiyyət, müdrik siyasi xadim Heydər Əlirza oğlu Əliyevin bu dünyada nələr qoyub getdiyini, axirət dünyasına nələr apardığını öz elmi gücü və dərrakəsi səviyyəsində sistemə salmağı, onları tam obyektiv, zərrə qədər şişirtməyə və ya qərəzli yanaşmaya yol vermədən qiymətləndirməyi, müasirlərimizə və bizdən sonra gələn nəsillərə son dərəcə dəyərli, hamı üçün istinad edilə bilən bir elmi əsər ortaya qoymağı özünə borc bilmişdir.

Heydər Əliyevin irsi böyük bir elmi məktəbdir, möhkəm təməldir, inkişafımız və gələcəyimiz üçün əsasdır.Kitabın giriş hissəsində Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi fikirlər bu əsərlərin məqsəd və mahiyyətini özündə aydın ifadə edir.”Biz bütün sahələrdə bugünkü Azərbaycan reallıqlarında Heydər Əliyevin irsini görürük. Güclü və möhkəm təməl, milli dəyərlər üzərində müasir dövlətin qurulması Heydər Əliyev siyasətinin əsas istiqamətlərindən biridir. Onun təşəbbüsü ilə dövlətimizin ideoloji əsasları formalaşmışdır. Azərbaycançılıq məfkurəsini cəmiyyətə təqdim edən məhz Heydər Əliyev olmuşdur. Bu gün azərbaycançılıq fəlsəfəsi bizim əsas ideoloji dayaqlarımızdan biridir.”

Heydər Əliyev  Azərbaycana rəhbərlik etdiyi bütün illərdə, əmək fəaliyyətinə başlayandan həyatının son anına kimi öz respublikamızın inkişafı, insanların maddi-rifah halının yaxşılaşması, dövlətimizin şöhrətlənməsi və bütün dünyada tanınması, elmimizin, təhsilimizin, mədəniyyətimizin tərəqqisi, müstəqilliyimizin qorunub möhkəmləndirilməsi, ölkə vətəndaşlarının hüquqlarının müdafiə edilməsi, qarşıdurmaların, bürokratizmin, anarxiyanin aradan qaldırılması, sosial-iqtisadi inkişafın sürətləndirilməsi, hüquqi, dünyəvi dövlət yaradılması  işinə sərf etmişdir.

Məhz buna görə də Zahid Qaralov Heydər Əliyevin elmi-nəzəri və praktik irsinin dinamik inkişaf istiqamətinin tarixi mərhələlərini özündə əks etdirən bir çox mənbələrə, elmi və bədii əsərlərə, insanlarla görüşlərə, söhbətlərə istinad edərək öz bilgilərini artırmış, zəngin elmi-pedaqoji təcrübəsinə, ictimai-siyasi dünyagörüşünə arxalanaraq, əsaslı təhlillər hesabına belə bir qiymətli kitablar yazmağa müvəffəq olmuşdur.

Müəllif Heydər Əliyev haqqında yazdığı bir çox əsərlərdən, məqalələrdən fərqli olaraq bu kitablarında ulu öndərin fəaliyyətini dövrlər üzrə deyil, ayrı-ayrı sahələr üzrə, yüksələn xətlər halında qələmə almışdır. Çünki Zahid müəllimin qeyd etdiyi kimi fəaliyyəti dövründə tutduğu vəzifələrdən, ictimai-siyasi quruluşun formasından asılı olmayaraq Heydər Əliyevin eyni, ictimai-siyasi, sosial-iqtisadi problemlərə, maarifə, mədəniyyətə, insan inkişafına, aqrar və sənaye sahələrinə baxışları elmi prinsiplərə,təbii inkişaf dialektikasına əsaslanmışdır. Onun elmi nəzəriyyəsi, təcrübəsi də həmin prinsiplər əsasında formalaşmışdır.

Zahid Qaralov ulu öndərin həyat və fəaliyyətinə, vətən, xalq qarşısında xidmətlərinə yaxından bələd olan və bu xidmətləri yüksək qiymətləndirən bir vətəndaş-alim kimi bu qənaətdədir ki “Heydər Əliyevin hazırladığı, həyata təqdim etdiyi, yüksək nəticələrə nail olduğu bütöv bir elmi irs cəmiyyətin, insan təfəkkürünün inkişaf dialektikasına, elmi-texniki və texnoloji tərəqqiyə əsaslandığından mükəmməl sistemdir, həyatidir, tərəqqi yoludur.”

Müəllif öz qənaətində haqlıdır və bu sistemin mükəmməlliyi, aktivliyi bugünki sosial-iqtisadi, mədəni inkişafımızda, beynəlxalq aləmdə qazandığımız nailiyyətlərdə özünü aydın göstərir.

Sadə dillə yazılmış, geniş müşahidələrin, fərdi yanaşmanın, həyat reallıqlarının və canlı hadisələrin, ən əsası əsl vətəndaş, alim və etibarlı silahdaş qəlbinin səsi olan bu kitablar ümummilli liderimizin həyat və fəaliyyətinə parlaq işıq salır, Heydər Əliyevə olan bəşəri məhəbbəti, ümumxalq ehtiramını özündə əks etdirir:

“Son dərəcə intizamlı, tapşırılan işlərə böyük məsuliyyətlə, ciddi yanaşmaq, işi səliqəli, vaxtından əvvəl keyfiyyətlə yerinə yetirmək, yığcam və konkret hesabat vermək Heydər Əliyevin iş üslubunun ana xətti idi.

Ciddi iş rejimi üzrə işləyirdi. Həmişə yalnız ciddi və konkret problemlərin həlli ilə məşğul olmuşdu.

Özü bütöv bir şəxsiyyət olduğundan silahdaşlarından da eyni keyfiyyət tələb edirdi. İstədiyinə nail olurdu. Yarımçıq işlərdən və insanlardan xoşu gəlməzdi.

Respublika rəhbəri olduğu dövrlərdə ölkədəki real vəziyyəti mükəmməl öyrənirdi, hər rayonda, şəhərdə, hətta kənd və qəsəbələrdə hansı hadisələrin baş verməsini, sahə rəhbərlərinin fəaliyyətini dəqiqliyinə qədər təhlil edirdi, müxtəlif səviyyəli yığıncaqlarda məsələlərin şərhini verir, qiymətləndirir, növbəti vəzifələri göstərirdi. Bir qayda olaraq  çıxışlarında kəskin tənqid olardı.

Heydər Əliyev rəhbər işçilərin gözdən pərdə asmaq, yalan məlumatlar vermək kimi o dövrlərdə kök salmış hallara qarşı qəti etirazını bildirir, hətta ağır cəzalarla onları “mükafatlandırırdı”.

Yaxşı işləyənləri, vəzifəsini vicdanla yerinə yetirənləri, səmimi insanları maddi və mənəvi cəhətdən mükafatlandırmaq məsələsində Azərbaycana Heydər Əliyev kimi rəhbər gəlmədiyi barədə ciddi şəxsiyyətlərin etirafları bu gündə dünya mətbuatında xatırladılmaqdadır.

Heydər Əliyev möhkəm yaddaşa malik nadir dövlət xadimi idi.

Heydər Əliyev yüksək şəxsi mədəniyyətə malik olduğu kimi, onda yüksək səviyyədə ünsiyyət qurmaq, tapşırıq vermək, işləmək, hesabat dinləmək və işi qiymətləndirmək mədəniyyəti var idi.

Heydər Əliyev ən böyük və yeni strateji layihələrin hazırlanmasına və həyata keçirilməsinə nail olan nadir rəhbərlərdən biri idi.

Heydər Əliyev əsl millət atası, dahi bir insan idi...”

Heydər Əliyevin şəxsi keyfiyyətləri və səmərəli fəaliyyəti ilə əlaqədar kitabda yer alan bu kimi ifadələr təkcə Zahid Qaralovun deyil, ulu öndəri tanıyan, işi ilə tanış olan milyonların qənaətidir. Ancaq müəllif milyonların fikirlərini öz müşahidələri, istəyi və yaradıcılığı əsasında ümumiləşdirir, özünəməxsus ifadə edir, ölməz şəxsiyyətin həyatını mənalandıran insani xüsusiyyətləri, dövlət xadimi və vətəndaş keyfiyyətlərini daha dolğun, daha səmimi şəkildə insanlara çatdırmağı özünə borc bilir.

Ulu öndər haqqında dünyanın ən görkəmli ictimai-siyasi xadimlərinin, dövlət rəhbərlərinin, tanınmış şəxsiyyətlərin söylədiyi fikirlər düşündürücü və sevindiricidir. Siyasətdə nəhəngliyi, rəhbərlikdə dahiliyi, işdə böyük təşkilatçılığı, vətəndaşlıqda sədaqəti, mübarizədə mətinliyi və dönməzliyi, dostluqda etibarlılığı, ailədə böyük məhəbbəti, həyatda sadəliyi vəqayğıkeşliyi,uzaqğörənliyi, əməldə, mənəviyyatda paklığı ilə hər bir insana, rəhbər işçiyə, dövlət başçısına örnək olan Heydər Əliyevin ömrünün parlaq səhifələrini, onunla bağlı düşüncələrini, arzularını öz qəlbinin səsi ilə oxuculara çatdırmaq cəhdi Zahid müəllimim həyat amalı kimi qiymətləndirilməlidir.

Çünki müəllif ulu öndərimizə olan ehtiramını, sədaqətini bu gün deyil, onun vəzifədə olduğu dövrlərdə deyil Heydər Əliyevin vəzifədə olmadığı, təqiblərə, özümüzdən və xaricdən olan nadanlar tərəfindən böhtanlara tutulduğu, susdurulmağa cəhd göstərildiyi illərdə ifadə etməyi bacarmışdır.

1990-cı illərin əvvəllərində—ümummilli liderimizin həyatının böhranlı illərində mətbuata verdiyi açıqlamasında jurnalistin Heydər Əliyevlə Mixail Qorbaçovu müqayisə etmək cəhdinə münasibətini bildirən Zahid Qaralov: Heydər Əliyev uca dağdır, bu dağa kölgə salmaq olmaz deyir. Qorbaçovu isə o, kiçik təpəciyə bənzədir.

Bu bənzətmə indiki dövrdə daha canlıdır, daha obrazlı səslənir, daha tutarlı və məntiqlidir.Heydər Əliyev bu gün cismən aramızda olmasa da o milyonların qəlbində yaşayır, xalqına, bəşəriyyətə ruh verib düzgün yol göstərir, əməlləri, ideyaları ilə daim ucalır, əbədiləşir.

Qorbaçov isə sağ ola-ola ölüdür, nifrət sahibidir. Sərsəm, acınacaqlı, tənha, mənasız bir ömrə məhkumdur.

Heydər Əliyevin böyüklüyü və dahiliyi ölümündən sonra bəşəriyyətin qəlbinə daha dərindəniz açmasında, insanlara sirdaş olmasında, ideyaları ilə Azərbaycan xalqını gələcəyə, inkişafa səfərbər etməsindədir.

Zahid Qaralovu da düşündürən və sevindirən məhz bu cəhətlərdir. O, kitablarında Heydər Əliyevin əbədiyaşar olduğunu önə çəkməklə, onun həyatının dünəninə və bu gününə nəzər salıb xalqımızı ulu öndərin ideyaları ətrafında səfərbər olmağa səsləyir. O, bu yolda Heydər Əliyevin elmi irsinə, fəaliyyətinə arxalanmağı vacib hesab edir.Bu yolu seçdiyini qeyd edərək yazır:”Heydər Əliyev özlüyündə ən zəngin, müasir ictimai-siyasi Elmlər Akademiyasıdır.Bu Akademiyanın əsas məzmunu onun elmi irsidir. Burada həm nəzəriyyə, həm də təcrübə zənginliyi əhatə olunmuşdur.”

Heydər Əliyevin siyasi portretini tam yaratmaq, fəlsəfi dünyasını hərtərəfli dərk etmək qeyri mümkün və hər kəsə nəsib olmasa da, ancaq ulu öndərin elmi irsindən bəhrələnərək onun fəlsəfi aləminin ayrı-ayrı çalarlarını öyrənmək, təbliğ etmək Zahid müəllim kimi hər bir azərbaycanlı, ziyalı,vətəndaş üçün qürurdoğurucu haldır.

Bu baxımdan Azərbaycan Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin fikirləri çox maraqlı, ibrətamiz və düşündürücüdür.” Heydər Əliyev Azərbaycan xalqının milli sərvəti, onun bəxtinə düşmüş tanrı payıdır” qənaətində  olan R. Mehdiyev bu sərvəti qiymətləndirməyin vacibliyini, bu tanrı payının müqəddəsliyini qeyd etməklə bərabər, həm də ulu öndərin coxşahəli fəaliyyətini qəyərləndirməyinvə onun daxili aləminə hüfuz etməyin çətinliyini xatırladaraq yazır: “Heydər Əliyev siyasi taleyinin mahiyyətini dərk etmək üçün müxtəlif hadisələrin fəlsəfi məğzini araşdırmaq və onun ideyalarını başa düşmək lazımdır.”

İki cildlikdən göründüyü kimi müəllif də bunu nəzərə almış, bütün vasitələrdən və qüvvəsindən istifadə edərək ümummilli liderimizin siyasi portretinin müəyyən cizgilərini özünəməxsus qaydada çəkməyə nail olmuşdur.

“Heydər Əliyevin elmi irsi” kitabının birinci cildi giriş və dörd fəsildən ibarət olmaqla, ulu öndərin həyat yolu barədə məlumatları, fəaliyyətinin sahələrini və dəyərlərini, siyasi partiya quruculuğu—xüsusilə YAP-ın yaradılması sahəsindəki fəaliyyətini, yeni cəmiyyət quruculuğu, insan haqlarının qorunması və müdafiəsi, ölkələrarasıəməkdaşlıq, qlobal təhlükəsizlik, qarşılıqlı soyqırım və terror anlayışları, korrupsiya və sair mövzuları əhatə edir.

Kitabın ikinci cildinin üç fəslində isə Heydər Əliyevin yeniyetmələrin və gənclərin ideya-siyasi, əmək və əxlaq tərbiyəsi, regional məsələlər, dövlətçilik nəzəriyyəsi və təcürbəsi, müasirləşmə və milli inkişaf strategiyası, xalq, vətən, mədəniyyət, elm, təhsil, cəmiyyət və insan haqqında və sair düşünülmüş müdrik kəlamları, düşüncələri və Zahid Qaralovun bu məsələrlə bağlı geniş şəhrləri verilmişdir.

Kitabda toxunulan mövzular əhəmiyyətli sahələri əhatə edir və verilən şəhrlər, təhlillər uğurludur. Zahid müəllim Heydər Əliyevin fəaliyyətinin ən mühüm cəhətlərinə işıq salmağa çalışmış, ulu öndərin fəlsəfəsini dərindən duymağa və bu fəlsəfənin mahiyyətini açmağa cəhd göstərmişdir. Müəllifin cəhdləri müvəffəqiyyətlidir.

Kitabların rəsmi dildə yazılmaması, hadisələrin  və faktların xroniki mahiyyət daşımaması, dialoqlara, Heydər Əliyevin ailə üzvlərinin, silahdaşlarının, görkəmli ictimai-siyasi xadimlərin, dövlət rəhbərlərinin, ziyalıların, ayrı-ayrı vətəndaşların ulu öndər haqqında fikirlərinə, real faktlara istinad edilməsi əsərlərin dəyərini qat-qat artırmışdır.

Bu kitablar Azərbaycanın müasir tarixini dərk edib öyrənmək və qiymətləndirmək baxımından əhəmiyyətlidir. Heydər Əliyevin bütün həyatı və səmərəli fəaliyyəti xalqımızın xoşbəxtliyinə və respublikamızın inkişafına həsr edildiyi üçün XX əsr Azəbaycan tarixini onsuz təsəvvür etmək mümkün deyil və bu əsri Heydər Əliyev əsri adlandıranlar öz qənaətlərində haqlıdırlar. Zahid müəllim də öz fikirləri, gəldiyi nəticələrlə bu qənaətləri daha da möhkəmləndirir.

Heydər Əliyev irsinin öyrənilməsinin vacibliyindən və bu ursinqiymətləndirilməsinə yanaşmadan söz açarkən Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoş məramlı səfiri, Millət vəkili Mehriban xanım Əliyeva yazır:” Heydər Əliyev kimi böyük bir tarixi simanın irsinin öyrənilməsinə üç başlıca mövqedən—onun xalqına və ölkəsinə sonsuz sədaqət nümunəsi olan vətəndaş, qüdrətli şəxsiyyət və dövlət xadimi, nəhayət bütün dünyada şəksiz lider kimi tanınması mövqelərindən yanaşmaq lazımdır.”

Zahid Qaralov da Heydər Əliyevin böyüklüyünü, dahiliyini səciyyələndirərkən məhz bu cəhətlərə istinad etmiş, ulu öndərin əsl vətəndaş, əsl azərbaycanlı olduğunu, azəbaycançılıq ideologiyasının banisi kimi dünya azərbaycanlılarının birliyi uğrunda son nəfəsinə kimi mübarizə apardığını açıb göstərmişdir.

Müəllif dönə-dönə qeyd edir ki, Heydər Əliyevin müdrikliyi, iradəli və inamlı olması, onu başqa dövlət xadimlərindənfərqləndirən ən mühüm keyfiyyətlərindən biri onun daim xalq arasında olması, onların ehtiyaclarını və istəklərini özlərindən öyrənməsi, fikirlərini səmimi bölüşdürməsi idi.

Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində xalqına arxalandığı və xalqa xidmət etdiyi üçün güclü, inamli və qətiyyətli idi. O müdrikliyini xalqdan almışdı və ən çətin anlarda xalqına arxalanır, azərbaycanlı olduğu üçün fəxr edirdi.Buna görə də ulu öndər həmişə deyirdi:” Məni yaşadan, məni siyasi uzunömürlü edən ən əsas amil odur ki, mən həmişə xalqın dəstəyinə əsaslanmışam.”

Ümummilli liderimiz xalqına, Vətəninə xidmət edib xalqdan dəstək aldığı üçün ölməzdir, unudulmazdır. Buna görə də Heydər Əliyevin şəxsiyyətinə hörmət edib ehtiram göstərənlərin, onun irsini öyrənmək və qiymətləndirmək istəyənlərin sayı durmadan çoxalır.

Akademik Ramiz Mehdiyevin yazdığı kimi, “Heydər Əliyev fenomeninə maraq illər ötdükcə azalmır, əksinə, daha da artır”. Dahi şəxsiyyət Heydər Əliyev haqqında yazılan çoxsaylı kitablar, elmi əsərlər, aparılan araşdırmalar, ucaldılan abidələr ümumxalq, bəşəri məhəbbətin ifadəsi kimi bunu deməyə əsas verir.

Professor Zahid Qaralovun “Heydər Əliyevin elmi irsi” kitabları da müəllifin ulu öndərimizə, onun ölməz irsinə olan sonsuz məhəbbətinin, dahi rəhbərimizin ideyalarına sədaqətinin ifadəsi olmaqla Əliyevşünaslıq elmi ilə tanış olanlar və bu elmi öyrənənlər üçün dəyərli mənbədir.

 

 

Tahir Rzayev,

Milli Məclisin deputatı

 

525-ci qəzet.- 2013.- 30 aprel.- S.4.