Elmimizin Azadə Rüstəmova səhifəsi: parlaq, zəngin və mənalı

 

300-ə yaxın məqalənin, 20 kitab və monoqrafiyanın müəllifi olan bu görkəmli alim əsasən klassik Azərbaycan poeziyasının nümayəndələri haqqında dəyərli tədqiqatlar aparmışdı. Azərbaycan şərqşünaslıq elminin nümayəndələrindən biri, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Azadə Rüstəmovanın fəaliyyətinin əsas istiqamətini orta əsrlər ədəbiyyatının tarixi-nəzəri problemlərinin tədqiq və təhlili təşkil edirdi. Fəaliyyətini orta əsrlər ədəbi mühitinin tədqiqinə bağlayan bu unudulmaz alim klassik şeirimizdə obraz və xarakterləri təhlil etmiş, ədəbiyyatşünaslıqda nisbətən az öyrənilmiş, ya da heç öyrənilməmiş məqamların açılmasına xüsusi diqqət yetirmiş, poeziyamızın metod, janr, üslub xüsusiyyətləri, sələf, xələf, varis, irs problemlərini, folklor ənənələrini mükəmməl araşdırmışdır. Azadə Rüstəmova ilə bağlı onun bacısı qızı, mənəvi övladı Fəridə xanımla söhbətləşdik. Fəridə xanım fəaliyyət sahəsi baxımından da Azadə xanımın davamçısıdır, filologiya elmləri doktorudur.

– Fəridə xanım, tanınmış ədəbiyyatşünas alimimiz Azadə xanım barədə daha çox nəyi yadda saxlamısınız?

– Müəllimin barədə yadda saxlamaq olar, dostun barədə yadda saxlamaq olar. Amma Azadə xanım mənim həyatımda mənəvi anam olub. Ana haqqında nə demək olar ki... Onun hər saniyəsi, onunla olan söhbətlərimiz, mərhəm danışığı, xanım davranışı bütünlüklə mənim yadımdadır...

– Sizin bu sahəni seçməyinizdə Azadə xanımın rolu olubmu?

– Orta məktəbə gedəndə valideynlərimin tövsiyəsi ilə rus bölməsinə yollandım. Xalam isə mənim Azərbaycan bölməsində təhsil almağımı istəyirdi. Amma demək olmaz ki, bu hardasa həyatımda mənfi faktor oldu. Çünki mənim ailəmdən gələn azərbaycançılıq hər zaman üstün idi, lap sovetlərin dövründə belə. Azərbaycan dili, Azərbaycan ədəbiyyatı rus dillilər üçün o qədər də önəmli olmayan zamanda mən şərqşünaslıq fakültəsinə daxil oldum. Burada da bir problem çıxdı. Xalam istəyirdi ki, mən onun yolunu davam etdirim. O 50 ilə yaxın zaman kəsiyində Azərbaycan şeirinin klassik nümayəndələri – Nizami Gəncəvi, Qazi Bürhanəddin, Əhvədi Marağayi, Nəsimi, Həqiri, Füzuli, Fədai, Əmani, Məsihi kimi sənətkarların yaradıcılığını dərindən öyrənmişdi. Çoxcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin II cildinin baş redaktoru, III cildinin isə əsas müəlliflərindən biri olmuşdu. Ümumiyyətlə, farsdilli ədəbiyyatla məşğul olurdu. Mən də belə qərarlı idim, ərizəmi fars dili bölməsinə yazmışdım. Amma son məqamda ərizəmi dəyişib yenidən ərəbşünaslıq bölməsinə yazdım. Bu da Allahın izni, Allahın göstərdiyi yol idi. Beləliklə, mən ərəbşünas oldum.

– Gözəl bir insan və ziyalı mücəssəməsi kimi özünə məhəbbət və nüfuz qazanmış Azadə xanımın ailəsi barədə məlumat verərdiniz...

– Bakıda tacir ailəsində böyümüşdü. Atası Cəfər Rəhimzadə imkanlı bir ailənin övladı idi. Bolşeviklər gələndə onların var-dövlətləri, mülkləri əllərindən alındı, xarici banklarda qoyduqları pullar itdi-batdı. Onun qarşısına şərt qoyuldu ki, sən bütün varını verməlisən ki, uşaqların ali təhsil ala bilsinlər. O da heç tərəddüd etmədən bunu etdi. Ailə çox böyük idi: 5 qardaş, 4 bacı idilər. Böyük qardaşı əməkdar mühəndis Kazım Rəhimzadə dəmiryolunun direktoru idi. İkinci qardaşı Mustafa Rəhimzadəni görkəmli neftçi kimi müharibədən sonra İjevsk-Udmurtiyaya yollamışdılar, Əməkdar neftçi adına layiq görülmüşdü. Böyük bacısı Sitarə xanım Əməkdar müəllim idi. Vaxtilə Bakı Sovetində Təhsil şöbəsinin müdiri və başqa vəzifələrdə işləmişdi. Anam Tibb İnstitutunda təhsil almışdı. Bir bacısı kimya müəlliməsi idi. Çox təəssüf ki, kiçik qardaşı II-ci dünya müharibəsində həlak olmuşdu. Azadə xanım 132 saylı şəhər orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində təhsilini davam etdirmişdi. Universiteti fərqlənmə diplomu ilə bitirən xalam Moskva Şərqşünaslıq İnstitutunun aspiranturasına daxil olur. Bu barədə xatirələrində yazır: “XX əsrin görkəmli şərqşünası Bertelsin aspirantı idik. Qəzənfər Əliyev, mən və uzun müddət Azərbaycan radiosunda fars dilindən baş tərcüməçi vəzifəsində çalışan Tamara Əliyevaya bu böyük alimin son aspirantı olmaq nəsib olmuşdu. Mən müdafiə edib Bakıya qayıtdım”. Azadə xanım Y.E.Bertelsin rəhbərliyi altında Füzulinin “Leyli və Məcnun” poeması mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdi. Bertels o zaman həyatının son günlərini yaşayırdı. O Azadə xanıma müstəqil bir elm adamı kimi baxır, onun bir alim kimi tam yetişmiş bir insan olduğunu əminliklə qeyd edirdi. Çünki gənc olmasına baxmayaraq özünə qarşı çox tələbkar idi. Bununla da müəllimlərini valeh etmişdi. O Moskva məktəbini keçmiş, Rusiya şərqşünaslığının ənənələrini öyrənmiş, bu məktəbdə yetişmiş yeni baxışlı gənc bir tədqiqatçı kimi Azərbaycan elminə qədəm qoymuşdu. O eyni zamanda milli ədəbiyyatı farsdilli və ərəbdilli ədəbiyyat və Avropa ədəbiyyatı kontekstində dəyərləndirməyi bacaran tədqiqatçı idi. Azərbaycana dönəndən sonra Akademiyanın Nizami adına Ədəbiyyat İnstitutunda ayrı-ayrı illərdə Orta əsrlər Azərbaycan Ədəbiyyatı və Nizamişünaslıq şöbələrinin müdiri işlədi, 1971-ci ildə isə doktorluq dissertasiyası müdafiə etdi.

– Özündən sonra zəngin ədəbi irs yadigar qoyan Azadə xanımın elmi vərdişləri ilə bağlı eşitmək istərdik.

– Çox sistemli insan idi. Hər zaman stolu kitablarla dolu olardı. Hətta ona aid olmayan sahələrə dair yenilikləri izləyərdi. Müasir dövr, xarici ədəbiyyat... Heç bir yeni işi, yeni alimin tədqiqatını nəzərdən qaçırmazdı. Fədakar insan idi, elmdən maddi və mənəvi heç nə gözləmirdi. Düşünürdü ki, məşğul olduğun iş sənin həyat tərzin olmalıdır. Necə ki, insanın dini-imanı olur, insanın elmə də bu səviyyədə yanaşması olmalıdır. Bilirsiz, insan bütün zirvələrə çata bilər, ancaq gözəl təəssürat yaratmaq, gənclərin ürəyində yaşamaq, iz buraxmaq – bu, məncə, çox nadir insanlara xasdır.

– Onun barəsində bir məqalədə oxumuşdum: “Bir alim var, yerişi elədir ki, elə bil buludların üzəri ilə yeriyir, üzündən nur saçılır, dilindən heç zaman narazılıq ifadə edən söz eşitməzsən...”

– Elə idi. İnsanları sevirdi. Təbii ki, insanın müsbət və ya mənfi neqativ halları da ola bilər. Amma o, insanlara mələk kimi baxırdı. Onun müdrik təbəssümü göz yaddaşıma həkk olub. Poeziyanı həddindən çox sevirdi, xüsusilə Füzulini. Rəhbərliyi altında işləyən gənc alimlər bilirdilər ki, o adama nə qədər sərbəstlik verirsə, bir o qədər də hər bir fikir ətrafında düşünməyi tələb edirdi. Elmi uğurlarından vəcdlə danışıb onları yeni elmi axtarışlara həvəsləndirir, ana nəvazişi ilə qollarından tutub, pərvazlandırırdı. Gənc tədqiqatçılar ondan sonuna qədər öyrəndilər. Çox sakit və həssas idi. İstəməzdi ki, daxilində qoruduğu duyğularını ətraf görsün. Kitabları, tədqiqatları ədəbiyyatşünaslıq elminin tarixində əbədi yaşamaq hüququ qazanıb. Onun kiril hərfləri ilə olan yazılarını latın qrafikasında 15 monoqrafiya kimi, 3 cilddə hazırlayırıq. Ədəbiyyatşünaslıq sahəsindəki fəaliyyətinə görə “Şərəf nişanı” ordeni, Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdü. 2001-ci ildə isə AMEA-nın müxbir üzvü seçildi.

– Vəfatını necə xatırlayırsız?

– Ölümü də mərdanə qarşıladı. Son gününədək işə cox ciddi yanaşırdı aspirantlarına elmi köməklik göstərirdi. Müalicə olunduğu ərəfədə, həkimlərin yasaqlarına baxmayaraq, elmi işinin davamında idi. Elmi işçilər, dostları onun başına yığışıb elmi müzakirələr aparırdılar.

... Fəridə xanım görkəmli alimin barəsində qəzetlərdə gedən məqalələrdən bir neçəsini mənə göstərir. Barəsində hətta şeirlər, müxəmməslər də yazılıb. Onu “iki cahan gözəli”, “insanlara örnək olacaq tanrı sirri” adlandırıblar. Aspirantı olmuş filologiya elmləri namizədi Firudin Qurbansoy isə “Azad ruhlu, ağ işıqlı alim” başlıqlı məqaləsində yazırdı: “Təbabətə aid ərəb qrafikası ilə yazılmış qədim bir kitabda oxumuşdum ki, gözün işığını artırmaq üçün başqa vasitələrlə yanaşı, alim üzünə baxmaq da yaxşı təsir edir, hansı bir nadinc əl isə 30-cu illərdə latın əlifbası ilə, qırmızı karandaşla dərkənar qoymuşdu; “İndi belə alimi haradan tapasan?!” Mən o vaxt həmin qeydi oxuyub xeyli düşündüm, kaş ki, o nadinc əlin sahibi indi sağ olaydı. Əgər qocalıqdan gözləri zəifləsəydi, ona nəcib əsilli alim Azadə xanım Rüstəmovanın nurlu üzünə baxıb şəfa tapmağı məsləhət görərdim”...

 

 

Saminə HİDAYƏTQIZI

 

525-ci qəzet.- 2013.- 30 aprel.- S.6.