İnsan potensialı ölkənin ən böyük sərvəti kimi

 

Hər dəfə olduğu kimi bu dəfə də Vətəndən üzgün ayrılıram. Bu üzgünlüyümün hər dəfə bir başqa səbəbi olsa da, budəfəki üzgünlüyüm gündəlik ünsiyyətdə olduğum yaxın qohumum, iztirablarına şahid olduğum 9 yaşlı balaca qızın vəziyyətini dəyişməkdə gücsüz olduğum üçündü. Bu qızcığaz Bakının məşhur orta məktəblərindən birində (indi gimnaziyadır) 3-cü sinifdə təhsil alır. Nə yazıq ki, yaşının bu erkən çağından təhsilə olan marağını itirib və oxumaq həvəsi yox dərəcəsindədir. Onu ilk vaxtlarda qınasam da, zamanla başa düşməyə başladım. Bu qızcığazın məktəb proqramı ilə ilk tanışlığım Vətənə keçənilki səfərimdə olmuşdu. Mənə riyaziyyat fənnindən bir tapsırıq göstərib onu həll edə bilmədiyini söylədi. Kömək etmək istədim. Amma tapşırığın mətnini oxuyunca bunun o qədər də asan məsələ olmadığını anladım. Amma nə olursa olsun kömək etməli idim. Nə az, nə çox tam 45 dəqiqə məntiqi məsələ üzərində baş sındırandan sonra həll etməyə müvəffəq oldum. Orta məktəbin 2-ci sinif proqramındakı belə mürəkkəb məntiqi tapşırığı mən müvəffəqiyyətlə əldə etdiyim ali hüquqi təhsilimlə, həyat təcrübəmlə həll etməkdə çətinlik çəkirdimsə, bu kiçik yaşlı uşaq onun öhdəsindən necə gələ bilərdi? Sonralar qızın bütün dərsləri ilə daha yaxından tanış olmaq imkanım oldu. Anasının ona axşamdan gecə yarısına qədər uzun mətnləri, şeirləri nöqtə-vergülünə qədər necə əzbərlətmək istədiyini və artıq yorulmuş, bitkin uşağın mənasını belə anlamadığı cümlələri mexaniki şəkildə, robot kimi təkrarlamağa çalışdığını, müvəffəq olmayınca necə danlandığını və cəzalandırıldığını görüncə belə təhsilin faydasından daha çox zərərli olduğunu düşünməyə başladım. Anasına, övladına dərsləri mexaniki əzbərlətmək əvəzinə başa salmasını və verilən mətni bir neçə dəfə oxutdurmaqla kifayətlənməsini tövsiyə etdim. Uşaq o mövzunu qavrayıbsa yaddaşında qalanları ertəsi gün məktəbdə danışsa yəqin ki, yetərli olar, deyə düşünürdüm. Onun verdiyi cavab məni dəhşətə saldı. Dedi, ”müəllimə tələb edir ki, uşaqlar dərsləri əzbərləsinlər. Hətta bir dəfə dərsi danışdıqdan sonra müəllimə sinifdə “afərin, kitab cümlələri ilə danışdığın üçündeyib qızıma”.

Görəsən o müəllimə (o bu ada layiqdirsə!) daşıdığı müəllimlik missiyasının məsuliyyətindən, əhəmiyyətindən xəbərdardırmı? Orta təhsil məktəbinə qədəm qoyan hər bir uşaq ona gələcək həyatında lazım olacaq ümumi bilikləri məhz burda alır. Onun bir şəxsiyyət kimi formalaşmasının bünövrəsi məhz məktəb illərində qoyulur. Şagirdə verilən təhsil ona nəyisə öyrətməli və onun üçün ilk növbədə faydalı olmalıdır. Məktəbli aldığı biliyi həyatda tətbiq etməyi bacarmalıdır. Əgər şagirdin beyni, hafizəsi külli miqdarda lazımsız məlumatla doldurulursa, xüsusən bu bilik onun tərəfindən qavranmayaraq, qiymət almaq üçün bu gün əzbərlənib, sabah unudulursa, o bu bilikləri praktiki olaraq həyatda tətbiq etməyi bacarmırsa, belə təhsil kimə lazımdır? Bu yerdə A.Disterverqin kəlamı ilə razılaşmamaq mümkün deyil: “Təhsilin mahiyyəti biliklərin həcmində deyil, bildiyin hər şeyi tam şəkildə mənimsəyərək məharətlə tətbiq etmək bacarığındadır”.

Unutmayaq ki, hər bir uşaq mənsub olduğu xalqın gələcəyidir. İnsana qoyulan investisiya dünyada ən ağıllı və perspektivli sərmayədir. Amma övladlarını məktəbə göndərən və onlar üçün hər cür şəraiti yaradan valideynlər görəsən bu gün sərf etdikləri bu sərmayənin sabah heç olacağını düşünürlərmi? Səbəb isə övladlarının tənbəlliyi və qabiliyyətsizliyində deyil, təhsil siyasətinin natamam və səmərəsiz olmasındadır. Məktəb dərslikləri saysız-hesabsız, bədii ədəbiyyatın nümunəsi olmaqdan çox uzaq olan mətnlərlə doludur. Həm də nədənsə dərsliklərə istedadlı şairlərin ölümsüz əsərlərini daxil etmək əvəzinə müxtəlif səbəblərlə anlamsız cızmaqaralar daxil edilir. Şagirdlərə bu cızmaqaraları səylə əzbərlətmək hansı pedaqoji məqsədlərdən irəli gəlir görəsən? Bu cızmaqaraları şeir adına dərsliklərə kim daxil edir (ya da daxil etdirir?) və hansı məqsədlə? Bu yerdə öz məktəb illərimi xatırlayıram. Bir şeir əzbərləməli idim. Düzü, müəllifin kim olduğu onda da yadımda qalmırdı, heç indi də xatırlamıram. Amma şeir 26 Bakı komissarlarına həsr olunmuşdu. Onu saatlarca əzbərləmək məcburiyyətində qalmışdım: “Ağcaqum çölündə qatar düz (guya qatar əyri gedə bilər!) gedir, Piter fəhləsindən xəbərsiz gedir...” O dövrün mənasız sovet ideologiyasının təsiri altında yazılmış bir şeir. Şeiri əzbərləməkdə çətinlik çəkdiyimi görən atam,- “qızım sabah dərsdə yaxşı qiymət almaq üçün əzbərləməyə çalış, elə ki qiymətini aldın, dərhal unut getsin, şeir adına ləkə olan belə mənasız misraları əsla yadında saxlama. Bir gün gələcək ki, bunların hamısını tarixin zibilliyinə atacaqlar”. Atamın dediyi kimi də olacaqdı, sonradan biləcəkdik ki, o şeir bir zamanlar düşündüyümüz kimixilaskarlaradeyil, əslində düşmənlərə həsr olunubmuş. Ona bədii ədəbiyyat nümunəsi deməyə adamın dili gəlmir. Kimə lazım idi o şeir? Mənə və o dövrün şagirdlərinə lazım idimi? Təbii ki, xeyr. Uşaq hafizəmizi elə mənasız və lazımsız cəfəngiyyatla doldurmaqdansa bizə gündəlik həyatda lazım olacaq biliklər öyrədilsə daha doğru olmazdımı? Deyək ki, onda sovet rejiminin əsiri idik, ideologiya, zaman bunu tələb edirdi. Bəs indi? İndi axı müstəqil dövlətik. İndi niyə eyni təhsil metodları tətbiq edilir? Dərsliklər yenə bədii dəyərdən məhrum anlamsız mətnlərlə doldurulmuş vəziyyətdədir.

Şagirdə onun yaşına və səviyyəsinə uyğun olaraq qiraət etmək vərdişi aşılanmalıdır. Təhsilin məqsədi bu gün əzbərlədib sabah unutdurmaq olmamalıdır. Orta məktəblərdə mürəkkəb proqramlar əsasında şagirdlərə bəlkə də gələcəkdə onlara heç lazım olmayacaq biliklər aşılanır. Amma nə qəribə hikmətdirsə, Azərbaycandakı orta məktəblərdə adi yol hərəkəti qaydaları, misal üçün piyadaların işıqfordan istifadə etməsi və yolu təhlükəsiz keçmə bacarığı belə öyrədilmir. Bu adi bir yol hərəkəti qaydasıdır. Amma bu qaydaya Azərbaycanda yaşından asılı olmayaraq heç kim riayət etmir. Belə təsəvvür yaranır ki, yollardakı işıqforlar piyadalar deyil, ancaq sürücülər üçün nəzərdə tutulub. Nəticə isə insanı dəhşətə salacaq qədər qorxuncdur. İnsan ölümü və şikəstliyi ilə nəticələnən saysız-hesabsız qəzalar gündən- günə artır.

Diqqəti cəlb edən başqa bir üzücü fakt məktəblərdə şagirdlərə ancaq zehni təlim verilməsidir. Məktəb binalarının demək olar ki, heç birində həyət yoxdur. Məktəblər bir yana, Bakının hər tərəfində səmaya ucalan çoxmərtəbəli binaların hansının həyətində uşaqlar üçün oyun meydançası görmüsünüz? Uşaqlar harda qaçıb oynamalıdırlar? Yaşadıqları dörd divar arasındamı?( Dörd divar arasında yaşayan adam üçün ayın işığı evinin pəncərəsi ölçüsündədir. Dostoyevskinin qəhrəmanları kimi zirzəmilərdə, dar dörd divar arasında böyüyənlərin xəyal genişliyi elə yaşadıqları dörd divarın boşluğu qədər olur). Onların fiziki inkişafı üçün hərəkət, qəbul etdikləri qida qədər vacibdir. Bunu düşünən varmı görəsən? Məktəblərdə şagirdlər tənəffüs zamanı havasız dəhlizlərdə qəfəsdəki quş kimi saxlanılır. İnkişaf etməkdə olan azyaşlı uşağı yarım gün boyunca qapalı məkanda tutaraq ondan diqqət, maraq və bütün dərslərə hazırlılıq gözləmək ən azı haqsızlıq deyilmi? Uşaq deyil, yetkin yaşda olan adam belə uzun saatlar boyunca qapalı məkanda, təmiz hava almadan diqqətini toplayaraq elm öyrənə bilməz. Məktəblərin siniflərində 40-50 şagird təhsil alır. Bir dərsin 45 dəqiqə olduğunu nəzərə alsaq hər şagirdə müəllim cəmi 1 dəqiqə vaxt sərf etmək imkanına malik olur. Belə şəraitdə müəllim necə hər şagirdə fərdi yanaşa bilər? Bu mümkünmü? Təhsil, Volterin deyimi ilə, “ uşaqlarda qabiliyyət yaratmır, onun inkişafını təmin edir”.

Amma mən deyərdim ki, orta təhsilin məqsədi böyüməkdə olan hər bir uşaqda hələ gizli olan potensial qabiliyyəti, istedadı, onun gələcəkdə hansı ixtisasa, peşəyə yiyələnsə cəmiyyətə daha faydalı ola biləcəyini üzə çıxarmalıdır. K.D.Uşinskinin dəyərli bir fikri yada düşür: “Əgər pedaqogika insanı hər cəhətdən tərbiyə etmək istəyirsə, onda o, hər şeydən öncə onu hər cəhətdən öyrənməlidir”. Məhz budur uğurlu pedaqogika. Bu gün məktəblərdə hər şagirdin xarakteri, dünyagörüşü, potensial əqli imkanları öyrənilirmi? Sinifdə olan 40 şagirdin hamısı eyni potensial əqli imkanlara, qavrama qabiliyyətinə malik ola bilməz. Bu, mümkün deyil. Hər insanın doğuşdan əldə etdiyi genetik sərvəti var; birində bu az, digərində çoxdur! Hamıya eyni yanaşma yanlışdır. Hər bir şagirdə fərdi münasibət olmalıdır. Ona görə oxumaq qabiliyyəti yüksək və orta səviyyədə olan şagirdlər bir sinifdə toplanmalı, ümumi təhsil proqramını mənimsəməkdə çətinlik çəkən şagirdlər isə xüsusi siniflərdə təhsil almalıdır. Bunun uğurlu nümunəsi yaşamaqda olduğum Finlandiyada mövcuddur. Fin təhsil sistemi və onun dünyada aparıcı yerlərdən birini tutması ilə bağlı əvvəllər oxuculara məlumat vermişdik. Bu ölkədə təhsilə verilən yüksək dəyər ölkəyə önəmli insan qaynaqları qazandırır. Bunu son illərdə Avropada tüğyan edən iqtisadi böhranın öhdəsindən Finlandiyanın digər ölkələrlə müqayisədə daha az zərərlə gəlməsi sübut edir. Daha öncə də qeyd edildiyi kimi, nefti, qazı və bu kimi başqa təbii sərvətləri olmayan, sərt qayalar üzərində yerləşən və ilin yarısını soyuq, şaxtalı qış şəraitində keçirən bu ölkə dünyada uğurlu təhsil siyasəti, rüşvətxorluğun yox səviyyəsində olması, dürüst və zəhmətkeş, qanunsevər xalqı ilə tanınır. Burda təhsilin vəziyyəti ilə bağlı daha öncə oxuculara məlumat vermışdik. Bu ölkədə orta məktəblərdə hər sinifdə ən çox 20 şagird təhsil alır. Şagirdlərin sayının belə az olmasına baxmayaraq, müəllim dərsləri təkbaşına keçirmir, ona yardımçı kömək edir. Bütün məktəblərdə psixoloq, tibbi personal, kurator (şagirdin ailəsi ilə birbaşa təmasda olub əməkdaşlıq edən şəxs) çalışır. Bütün şagirdlərin tək təlimi deyil, tərbiyəsi və davranışları da məktəbin pedaqoji heyətinin müşahidəsi altında həyata keçirilir. Əgər hansısa şagirdin təlim və ya davranışla bağlı çətinlikləri aşkar edilirsə, onları himayə qrupu toplanır. Bu qrupa hər məktəbdə məktəbin direktoru, psixoloq, kurator, tibb bacısı, müvafiq şagirdin təhsil aldığı sinfin rəhbəri kimi şəxslər daxildir. Onlar şagirdin təlimdəmi, yoxsa tərbiyədəmi çətinlikləri olduğunu müəyyənləşdirirlər. Psixoloq müvafiq şagirdlə testlər keçirir. Əgər şagirdin problemlərinin ailəsindən irəli gəldiyi müəyyən edilərsə məktəb rəhbərliyi uşaqlara himayəçilik orqanlarına müraciət edir. Beləcə dövlətin əlaqədar strukturları bir şagirdin problemləri ilə belə ciddi- cəhdlə məşğul olmaq üçün səfərbər olurlar. Bu təsadüfi deyil, hər bir uşaq cəmiyyətin bir hissəsidir və ona bu gün göstərilən dəstək, qayğı cəmiyyətin gələcək rifahını təminat altına almaq deməkdir. Məktəblərin aşağı siniflərinin dərs proqramları qısa, yığcam və şagirdlərin qavrayacağı səviyyədədir. Aşağı siniflərdə oxuyan şagirdlərə evə verilən tapşırıqlar həcm etibarilə elə miqdarda olmalıdır ki, şagird onlara gün ərzində 1 saatdan artıq vaxt sərf etməsin. Əgər şagird ev tapşırığına 1 saatdan artıq vaxt sərf edirsə bu, tapşırığın onun səviyyəsinə uyğun olmadığını və ya onun üçün çox olduğunu göstərir və müəllim bunu nəzərə alaraq onunla əlavə məşğul olur (bizdəki məktəblərdən fərqli olaraq Finlandiyada məktəblərdə müəllimlər dərsdən əlavə məşğələləri valideynlərin hesabına deyil, dövlətin hesabına keçirirlər, beləcə təhsil alverə çevrilmir və müəllimlər şagirdin zəifliyindən sui-istifadə edərək valideynlərə təzyiq göstərib varlanma mənbəyi əldə etmirlər), verilən ev tapşırıqlarının həcmini azaldır və s. Yəni nəticə etibarilə azyaşlı uşaq ağır dərs proqramı altında əzilmir. Onun uşaq psixologiyası, fiziki imkanları nəzərə alınır. Uşaq yetkinlik yaşında olanlar kimi saatlarla gərgin zehni əməklə məşğul ola bilməz. Onda olan enerji fiziki hərəkəti, yaşıdları ilə yaşına uyğun oyunlar oynamasını, idman növləri ilə məşğul olmasını tələb edir, bütün günü evdə masa arxasında dərs oxumağı deyil. Təəssüf ki, yazımızın əvvəlində haqqında bəhs etdiyimiz azyaşlı məktəbli qızın timsalında bizim məktəblərdə vəziyyətin tamamən fərqli olduğunu görürük. Bizdə təhsil almaq sanki bir yarışa çevrilib. Valideynlər evdə, müəllimlər məktəbdə şagirdi ən yüksək zirvəyə doğru durmadan sövq etməklə məşğuldurlar.Amma hansı metodik üsullarla, nə yolla? Bu marafonun şagird üçün nə qədər stressli, gərgin olduğunu yəqin ki, düşünən yoxdur. Bu qədər hərtərəfli təhsil alan şagirdlərimiz təşəbbüskarlığa malik deyillərsə, güclü iradələri formalaşmadığından ən adi məqamlarda belə ancaq valideynlərin ağızlarına baxırlarsa, müstəqillik hissinin nə olduğunu bilmirlərsə, daha öncə də qeyd etdiyimiz kimi, piyada kimi yolu təhlükəsiz keçməyi, yollarda maşını yol hərəkəti qaydalarına uyğun bir şəkildə idarə etməyi, lazım gəldiyi məqamlarda növbə gözləməyi, ixtisasa yiyələnərək çalışdıqları vəzifələrdə xalqına, Vətəninə təmənnasız, vicdanla və dürüstcə xidmət etməyi bacarmırlarsa (çünki onlara məktəbin ilk sinfindən etibarən “sənə aid olmayana toxunmaq qadağandır” qaydası öyrədilməyib), ən acınacaqlısı isə ümumi dəbə uyub doğma Azərbaycan dilində danışmaq əvəzinə öz həmvətənləri ilə bir zamanlar müstəmləkəsi altında olduğumuz bir dövlətin dilində, yəni rus dilində danışmağı şərəf bilirlərsə onlara verilən təhsilin nə qədər səmərəli və faydalı olduğuna siz qərar verin (belə gənclər xoşbəxtlikdən çoxluqda deyil. Fəxr edə biləcəyimiz və dünyada bizi layiqincə təmsil edən gənclərimiz çoxdur). Unutmayaq ki, hər bir ölkənin ən böyük sərvəti insan potensialıdır. Dövlətin inkişafı, rifahı onun bütün strukturlarında işini mükəmməl bilən və məsuliyyətlə çalışan insanlardan asılıdır. İnsan işini sevincə və onu həvəslə yerinə yetirincə onun ölkəsinə verəcəyi fayda misilsiz olur. Belə insan potensialını isə körpəlikdən doğru yanaşma ilə, diqqətlə yetişdirmək lazımdır. Məktəblərimizdə hər bir şagirdə fərdi yanaşılmalı, yalnız müəllim deyil, psixoloqların və digər mütəxəssislərin yardımı ilə böyüklər uşağı “dinləməyi” bacarmalıdırlar. Bu gün dinləyə biləcəyimiz övladlarımızın sabah bizə deyəcəkləri sözlərin və edəcəkləri əməllərin doğruluğu onlara vaxtilə ədalətlə və məsuliyyətlə davranmağımızın ən böyük sübutu olacaq.

 

 

Gülzar İsmayıl,

Hüquq elmləri namizədi

 

525-ci qəzet.- 2013.- 30 aprel.- S.2.