İtən nəfəs, bitməyən səs
Muğam və xalq mahnılarımız çox ovsunlu bir aləmdir. Dibi görünməyən bu
dəryaya hər kəs baş vura bilməz. Muğam ifaçısı
hər şeydən əvvəl qəlbəyatımlı,
şirin, yanıqlı
səsə, zilə qalxan hünərli avaza, bəmə enən sehirli nəfəsə sahibliyi ilə bərabər, zəhmətkeş, cəfakeş
olmalıdır. Yaranışından ona üz tutan
çox olub. Amma yaddaşlarda yalnız muğamın ən mahir ifaçıları iz salıblar. Azərbaycan muğamlarını oxuyan
xanəndələr məhz
öz yaradıcı fəaliyyətləri, qeyri-adi
ifaları ilə bu milli sənət
incilərimizin inkişafında,
şöhrətlənməsində, yaşamasında misilsiz xidmətləri olan xanəndələr kimi qiymətləndirilib, dəyərləndirilib,
xatirəsi əziz tutulub. Onlardan yadigar qalan ifalar həmişə nümunə göstərilib.
Belə bir fikir var
ki, xalqımızın
dünya mədəniyyətinə
bağışladığı birinci möcüzə məhz onun muğamlarıdır. UNESCO-nun Azərbaycan muğamlarını
bəşəriyyətin şifahi
və qeyri-maddi irs siyahısına
salması da bu mədəni sərvətimizin kamilliyindən,
zənginliyindən, bənzərsizliyindən
xəbər verir.
Muğamın sehrinə düşüb
onun odunda qovrulan xanəndələrimiz
çox olub. Bu ənənə indi də ləyaqətlə davam etdirilir. Qəlbi riqqətə gətirən,
insanı yaşamağa,
yaratmağa səsləyən
bu möhtəşəm
sənətin aşiqlərindən
biri də xalq artisti, bu
günlərdə ömrünün
80-ci pilləsində haqqa
qovuşmuş Tələt
Qasımovdur. Hələ
uşaqlıq illərindən
onun ifasında eşitdiyim “Rast”, “Zabul segah”, “Şur”, “Humayun” və s. muğamlar mənimlə bərabər
yol gəlib. Bu yaşımda da
qəlbimin ən zərif tellərini həmişə titrədib.
Köhnə kişilərdən olan, təkcə ifası ilə deyil, zahiri görünüşü
ilə də həmkarlarından seçilən
Tələt Qasımov
sözün həqiqi
mənasında ağır
taxtalı bir şəxsiyyət və böyük, həm də çox böyük sənətkar
idi. Rəhmətlik Bəxtiyar Vahabzadənin
1974-cü ildə yazdığı
“Muğam” poemasını
oxuyanda həmişə
gözlərim qarşısında
(həyatda görüb-görmədiyim)
muğam ustadlarının
cərgəsi canlanardı.
Qulaqlarıma Cabbar Qaryağdıoğlundan
tutmuş Arif Babayevə qədər sənətkarlarımızın səsləri gələrdi.
Qəribədir ki, bu sırada Tələt Qasımovun yeri bambaşqa idi. Və hərdən də mənə elə gələrdi ki, dilimin əzbəri
olan bu misralar
məhz onun ifasına biçilib:
Daş ürəklərdə yanıb,
daşları sındırdı
muğam,
Haqqa düşmən
olanı haqqa tanıtdırdı muğam.
Nə güman eyləmisən ondakı tilsimləri sən,
“Kürü ahıyla
qurutdu”, “salı yandırdı” muğam.
Onun hər guşəsi bir xatirə, bir canlı kitab.
Keçilən yolları hərdən bizə andırdı muğam.
...Repressiyaların Azərbaycanda
at oynatdığı dövrdə
Bakıda doğulmuşdu. Elə uşaqlıqdan
hamıdan fərqlənirdi.
Möhkəm yaddaşı, xoş
avazı, məlahətli
səsi, yanıqlı
zəngulələri onu
bir yerdə sakit dayanmağa qoymurdu. Dinli, imanlı ailədə
böyüyürdü. “Allahu-Əkbər” sədaları ruhunu tərpədirdi. Bu çağırışın ahəngindəki ilahi nur onun varlığına
özünün də
hələ dərindən
anlamadığı duyğular
bəxş edirdi.
Beləcə, bu çağırışın cazibəsinə düşərək
dini mərasimlərdə,
təziyələrdə mərsiyyə
deyərdi. Amma quruluşun diktəsi,
dövrün amansızlığı
onu bu yolda
axıracan getməsinə
əngəl törətdi.
İlahidən bağışlanan səsi, bu səbəbdən
də onu Allahın yaratdığı
başqa bir möcüzəyə – muğama
çəkdi. Ömrünü də ona elə
əbədi bağladı.
Səsi,
avazı böyük sənətkarların diqqətini
çəkdi. Zülfü
Adıgözəlov, Hacıbaba
Hüseynov kimi ustadlardan muğamın sirlərini dərindən
öyrənərək onların
ənənələrini davam
etdirdi.
Bu günlərdə dünyasını
dəyişməsi ilə
əlaqədar verilən
nekroloqda oxuyuruq: “Məhz yüksək istedadı və məharəti sayəsində
Tələt Qasımov
qısa müddət ərzində öz dəsti-xətti ilə seçilən xanəndə
kimi tanınmışdır.
O, 1954-1993-cü illərdə Azərbaycan Dövlət Filarmoniyasının və
Azərbaycan Dövlət
Konsert Birliyinin solisti olaraq fəaliyyət göstərmiş
və ömrünün
sonunadək xanəndəlik
sənətinə sadiq
qalmışdır”.
Əslində, mənim diqqətimi nekroloqdakı “sadiq” sözü çox cəlb etdi. Onu tanıyanlar
yaxşı bilirlər
ki, Tələt Qasımov bir insan kimi həmişə
sözünün yiyəsi
şəxsiyyət olub.
80 il ömür
sürüb. Lap erkən yaşlarından muğama bağlanıb.
Bu illərin müxtəlif
olayları, quruluşların
təsirləri, ziddiyyətli
məqamları, diktələri
Allah tərəfindən ona
verilən xarakterinin yanından da keçə bilməyib.
Həqiqətən də muğam
ifaçıları ağırtaxtalı
olurlar. Onlar həmişə öz qəlblərinin kamanını çalırlar.
Bu səbəbdən də həmişə ciddi və yaxşı
mənada ağırtəbiətli
olurlar. Məsələ ondadır ki,
olumdan ölümə
gedən bu yol ərzində həmkarları təsdiqləyirlər
ki, Tələt Qasımov heç zaman dəyişmədi.
Tələt Qasımov üçün
həyat, millət, Vətən və muğam möcüzəsi
var idi. O kənar
təsirlərdən çox
uzaqda dayanırdı.
Muğamlarımızın şah ifaçılarından
oldu. Xalq mahnılarını da özünəməxsus
avazda ifa edərdi və onun səsi qulaqlıq yox, ürək üçün
idi. Elə dinləyicilər də onu ürəkdən
sevirdilər. Bu ağsaqqal və ustad sənətkarın dilindən bir dəfə də olsun “mən-mən” ifadəsi qopmadı.
Çünki o, çox sadə
təbiətə malik
idi. Sadəliksə böyüklükdür. Adilik içində çırpınanlar
bu adiliyi bəlkə də anlamazlar.
Mən bu böyük sənətkarın vurğunu olsam da, onunla ilk dəfə (hətta bir yerdə şəklimiz də var) 2003-cü ildə gözəl nəfəsli müğənnimiz Yaqut Abdullayevanın yaradıcılıq gecəsində görüşdük. Mərasim boyu xeyli söhbətimiz oldu. Əlbəttə, yüksək ifa mədəniyyəti, təkrarolunmaz səsi ona şöhrət gətirmişdi. Amma onun necə muğam bilicisi olması, xüsusilə də klassik şeirimizi – qəzəllərimizi necə dərindən bilməsi, izah etməsi, mətləb və məramını dəqiqliklə açması məni valeh etdi. Təkcə Əliağa Vahiddən deyil, Füzulidən, Şirvanidən və digər qəzəlxanların yaradıcılığından saatlarla şeir deyərdi. Maraqlısı da odur ki, beyitlərin ahəngindəki fars, ərəb sözlərinin də dərhal açmasını verər, şair nə demək istədiyini ustalıqla açardı. Mən əvvəlcə elə düşünmüşdüm ki, Tələt Qasımov ixtisasca filoloqdur. Çünki ən çətin şeirin, qəzəlin izahını o qədər dərindən və ustalıqla verirdi ki, inana bilməzdin. Onun bu sahədə ali təhsili yoxdur. Əslində, onun dünyagörüşü çox geniş, dərin savadı var idi. Çünki uşaqlıqdan öz üzərində ciddi çalışmışdı. Bütün klassik şairləri oxumuşdu, öyrənmişdi. O, həyat adlı bir universitetin məzunu idi. Bütün ömrü boyu da onun bu “təhsil”dəki əlaçılığı dadına yetirdi. İstənilən ədəbiyyatşünası, qəzəlxanı öz dərrakəsi, ağlı, yüksək səviyyəsi heyrətdə qoyardı.
Olduqca maraqlı şəxsiyyət idi Tələt Qasımov. Həm ona qulaq asmaqdan doymazdım, həm də məsləhətlərini eşitməkdən, dinləməkdən bir mənəvi rahatlıq tapardım. O, yaxşı sənətkarları, istedadlı ifaçıları dinləməyi, onlara məsləhət verməyi çox sevərdi. Xalq artisti Mənsum İbrahimov söyləyir: “Onunla tez-tez zəngləşərdim. Məsləhət yerim idi. Çətinə düşən kimi müraciət edərdim. Əslində, Tələt Qasımov bizim hamımızın qeyri-rəsmi müəllimi idi. O təkcə bizim səsimizə deyil, oxuduğumuz qəzəli necə çatdırmağımıza diqqət yetirərdi. Həmişə söyləyərdi ki, seçdiyiniz mətnin – qəzəlin mənasını dəqiq bilməsəniz, ifanız süni alınacaq. Ərəb və fars tərkibli sözlərdən ibarət qəzəllərdəki çətin anlaşılan beytləri elə asan izah edirdi ki, elə bil min illərdir ərəb və fars dillərində dərs deyib. Möcüzəli adam idi. Allah rəhmət eləsin. Biz onu heç vaxt unutmarıq”.
Son illərdə muğama göstərilən diqqət və qayğı bu qocaman sənətkarımızı çox fərəhləndirirdi. Xüsusilə də, Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş Beynəlxalq Muğam Evi onu qanadlandırırdı. “Nəhayət, bizim də yığışacağımız bir ünvanımız var” – deyirdi. Muğamla bağlı keçirilən müsabiqələr də ürəyincə olmuşdu. “Muğam elə bir dəryadır ki, ora hər kəs baş vura bilməz, bu seçim çox gərəkli oldu” – deyə fikrini bizimlə bölmüşdü. Səsin şeiriyyətini, sözün gizli mənasını, nağılımızı, əfsanəmizi ötənlərin buludlarından süzə-süzə ruhumuza çatdıran muğamlarımıza dövlət tərəfindən göstərilən müntəzəm diqqət Tələt Qasımovu vəcdə gətirirdi. O, söyləyirdi ki, heç kəsə demək olmaz ki, mütləq muğamı sevsin, milli musiqiyə meyl etsin. Gərək bu hər bir insanın öz içindən gəlsin. Nə yaxşı ki, muğam taleyi ilə əlaqədar narahatlıq keçirən Tələt Qasımov kimi ustad sənətkarların üzüntüsünə son qoyuldu. Söhbətlərində deyərdi ki, muğam Qarabağda pərvazlanıb. Allahdan arzum budur ki, torpaqlarımız işğaldan azad edilsin, Arifin, Mənsumun, Nəzakətin, Yaqutun... səslərini öz doğma yurdlarında eşidək...
O, bu dünyaya bir muğam aşiqi kimi gəldi. Aşiqi kimi də yaşadı, sevdi, sevildi, bu sənətin zirvəsində yerini əbədiləşdirdi. Günlərin birində isə bu korifey ifaçının nəfəsi qeybə çəkildi, o məlahətli, qəlbəyatımlı səsi isə bitmədi. Lent yazılarında qızıl fondda saxlanılır. Zaman-zaman ona qulaq asdıqca bir fikri mütləq təkrar edəcəyik: gedən nəfəs, qalan səsdi. Bu səsin rəngləri, onun pərdələrində çağlayan muğamlar, xalq mahnıları eşidildikcə biz ustadı xatırlayacağıq. Səsi onu əbədi yaşadacaq.
Flora XƏLİLZADƏ
Əməkdar jurnalist
525-ci qəzet.-
2013.- 1 avqust.- S.4.