Sevgi adası
Dünyanın cənnətidir gözəl
Türkiyəm... Bu müqəddəs
torpağın hər
qarışını gəzmək,
dolaşmaq — hər daşı, qayası tarix olan yerləri görmək,
duymaq, hiss etmək böyük xoşbəxtlikdir.
İllərdir xəyal edərdim,
həsrətini çəkərdim,
babamın doğulduğu,
dünyaya göz açdığı Türkiyəmin
nəfəsini duymağı,
səmalarını, günəşini
doya-doya seyr etməyi... Tanrı bu əlçatmaz
günləri görməyi
mənə nəsib etdi. İndi mən qarış-qarış
gəzmək arzusunda olduğum bu diyarın əfsanəvi daşlarına, qayalarına,
meşələrinə, dağlarına
heyran oluram.
Səhərinin günəşi, axşamının
qürub çağı
dağların-daşların rəngi, günəşin
şəfəqlərinin dənizə
qovuşduğu təsvir
edilməsi mümkünsüz
mənzərələrdir.
Başdan-başa tarixin sirrləri süzülən bu torpağın tayı-bərabəri
dünyanın heç
bir yerində yoxdur.
Mənim builki səyahətim Kuşadasına oldu. Gözəlliyindən, nəğməsindən, doymadığım
Kuşadasına. Amma mən
bu adaya Sevgi adası deyərdim. Səhər-səhər
adanı qoynuna alan, dənizdən səpələnən sevdalı günəşiylə...
Çırpınan dalğaların
səsiylə oyanan şəhəri çiçəklərin
ətri, meşələrin
nəfəsi oxşayır...
Kuşadasında olmaq, EFES də
olmaq, müqəddəs
Məryəmin yaşadığı
evi ziyarət etmək, yüz illərin nəfəsi duyulan daşlara toxunmaq,
duyduğun gözəllikləri
ruhunla yaşamaq nə qədər sehirlidir, gözəldir...
Sıldırım qayaların başında ucalan səs çatmayan, ün yetməyən qalalar sanki ulduzların ecazkar qüvvəsindən
yaranıb.
Efesin isə hər daşı, qayası bir əfsanədir. Selcuk bölgəsində yerləşən Efes qədim yunan dövründə İyonyanın
on iki şəhərindən
biriydi. Qurulması daş dövrünün
6000 illərinə bağlıdır.
Selcuk Kuşadası yolunun 8 kilometrliyində yerləşən Efes Böyük
İsgəndərin generallarından
Lysimakhos tərəfindən
qurulub. Roma imperatoru
Augustus zamanında Asiya
əyalətinin mərkəzi
olub, əhalisinin sayı 200000 olub.
1330-cu ildən Türkiyənin ərazisində olan və ildə 1,5 milyon insan
tərəfindən ziyarət
edilən Efes dünyanın əfsanəsidir.
Dünyanın 7 möcüzəsindən biri olan Artemiş Tapınağının
təməli e.ə.
7 əsrə qədər
getməkdədir.
Efesdə yerləşən Məryəm Ana evi müqəddəs Məryəmin son illərini keçirdiyi ziyarətgahdır. Burada 431-ci ildə tikilmış Məryəm kilsəsi Məryəm adına inşa edilmiş ilk kilsədir.
Mərym ana evində olarkən, bu möhtəşəm ziyarətgahın içində düşündüm ki, dünyanın bütün insanları eyni, tək bir Tanrıya dua edir.
Hər insan isə bir dünyadır... Yer üzünə ədalət,
mərhəmət, sevgi
yayan insanlar hər kəs üçün müqəddəsdir.
Bu əfsanəvi yerlərin
suyunu içib, nəfəsini duyunca hiss etdim ki, insanın
ruhu sevinəndə həyat nə qədər gözəldir....
Efesin kitabxanası, tədbirlər keçirilən və konsertlər verilən 1400 nəfərlik zalı vardı; atəşin sönməməsi əbədi həyat kimi qorunan salon və kitabxana meydanında teatra qədər uzanan küçələr insanın düşüncələrini uzaqlara, çox uzaqlara aparır... Neçə yüz illər öncə bu qədər dərin təfəkkürlə, məntiqlə qurulmuş bu şəhərdə xəstəxananın, məktəbin belə izləri qalib. Bəlkə bu insanlar öz güclərinə inandıqlarından bu gücü istiqamətləndirməyi, yönəltməyi də bacarıblar.
Efesin əfsanəvi qurucusu Androklosun tikdirdiyi evlərdə divarlar mərmər və rəsmlərlə örtülüb, evlərin hamısında kanalizasiya sistemi və hamam olub. 24000 nəfərin yerləşə biləcəyi teatr dünyanın ən böyük açıq hava teatrıdır. İdman oyunları, qladiator döyüşləri keçirilən stadion və böyük teatrdan Antik Limana uzanan 600 metr uzunluğunadək yol... Heç bitməyəcək, sonsuz yol... Gözəl Türkiyəmə aparan bütün yollar unudulmayan əfsanəvi tarixin sehrindən keçir.
Kuşadasının tarixi yerlərinin tanıtmasında, bütün bu gözəlliklərin – sanki sehrli dünyanın oğlum Anara və mənə bəxş edilməsində sevimli dostumuz Yaşar Çələbiyə ürəkdən təşəkkür edirəm. Doğmalıq, isti münasibəti duymaq və Kuşadasının hər qarışını gəzmək yalnız Yaşar bəyin köməkliyi, sayğısı sayəsində bizə nəsib oldu. Öncə Zeytun muzeyinə birlikdə səyahətimiz, çox sevdiyim Varlıqlar- mübariz, cəsarətli, yenilməz atların saxlandığı yerlərə mənim istəyimlə getməyimiz; sahilləri dənizin nəfəsin çəkən adalara gəmi gəzintiləri, daha sonra isə bütün tarixi yerləri, muzeyləri dolaşıb zövq almaq Yaşar Çələbinin bizə ən böyük hədiyyəsi olduğunu söyləyə bilərəm. İndi mənə əziz olan xatirələr və unudulmayan Kuşadası nəğməsi...
Kuşadası nəğməsi
Günəşə sevdalı, dəniz nəfəsli,
Açılan sabahın çiçək çələngli,
Hiss etdim mən sənin gözəl ətrini
Doymadım sehrindən qağayı səsli.
Kuşadası – nəğmən ürəyimin
susmayan səsi....
Çağlayır dənizin, dalğalar coşur,
Ləpələr titrəyir, sahillər susur,
Gecələr ulduzlar dənizdə yatır,
Mavi sularında nağıllar axır.
Kuşadası – qayaların,
daşların sevilməyi öyrədir.
Köksündən tarixin izləri keçir,
Səmanda həsrətin atəşi yanır,
Sevgi məbədində
Savab yazan mələklər,
Müqəddəs Efesin keşiyin çəkir.
Kuşadası – işığın məşəldir
dünyaya yetir...
Səadət quşudur səmanda uçan,
Dağlardır səninlə məğrur dayanan,
Meşə pıçıltını külək oxşayan,
Kuşadası – Egeyə şəfəqlər saçan,
Həsrət damlaları qəlbimə axan,
Sonsuz xəyalımdır sənə bağlanan...
Bu nəğmə heç bitməsin – istəyirdim...
Zöhrə ƏLİYEVA
525-ci qəzet.- 2013.- 3 avqust.- S. 8.