Soltanbuddan başlayan yol
Soltanbud
təpəsi...Hamımızın az qala gündə yüzdə dəfə yanından keçdiyi, bəlkə də diqqət yetirmədiyi 90 metrlik yüksəklik o gün möhtəşəm
görünürdü. Son illər köksündə
Azərbaycan bayrağını
daşıyan meydana çevrilmiş, ətrafı
xeyli dəyişmişdi
Soltanbudun. Gözəl park və xiyaban salınmış, əhalinin
mədəni istirahəti
üçün lazım
olan nə varsa artıq burda tapmaq olar.
Üzərində gəzdirdiyi 45
metrlik bayrağın səsi, soragı, həm də görüntüsü işğal
altında olan torpaqlarımızdan da aydın görünür...
O gün daha əzəmətliydi
Soltanbud. Sanki düşmənə
qıcıq verib öz varlığını
bir daha sübut etməyə çalışırdı...
Ağdam
RİH baçşısı Nizami Sadıqovun dəvəti ilə ilk dəfəydi ki, doğma Quzanlı qəsəbəsində keçiriləcək
yürüşə məndə
qatılacaqdım...
8:30
Hamı,
əli, ayağı yer tutan hər
bir ağdamlı, təhsil
şöbəsinin inzibati binasının yanına yığışırdı. İyirmi dəqiqə ərzində uzun illər görmədiyim sinif yoldaşlarımla, dərs dediyim şagirdlərlə və
digər həmyerlilərimlə
görüşdüm...
Bir anlıq xatirələrim məni 80-ci illərə Ağdamın qızıl dövrünə apardı. Hörmətli ziyalımız Sadıq Murtuzayevin rəhbərlik etdiyi dövrə. Şəhər sanki qaynar qazana bənzəyirdi o illər. Yerindən duran ya oxumağa, ya da alverə qaçardı. Ərzağın Bakıda talonla satıldığı bir vaxtda, şəhər heç nədən korluq çəkmirdi. Bu gün villa və “osobnyak” dediyimiz nəhəng qəsrlər-evlər Ağdamda o vaxtı artıq tikilmişdi. Hamıda bir fikir var idi. Əla yaşamaq, əla oxumaq, əla geyinmək və əla istirahət etmək. Kiməsə “quyu qazmaq” heç bir ağdamlının ağlına belə gəlməzdi. Əgər belə hal olardısa, demək o şəxs köklü ağdamlı deyildi. Söz deyilməliydisə, o məqamında deyilərdi..
Dünyanın bütün yaxşıları yox, ancaq əlaları şəhərdə ya olmalı, ya da satılmalı idi...
Hər görüşdüyüm şəxslə Ağdama gedəsi oldum. Şəhərin qızıl dövrünü sanki bir göz qırpımında yaşadım...
9:00
Çullu kəndinə
dönən yerdə yenicə istifadəyə verilmiş
Ağdam təhsil şöbəsinin inzibati
binasının yanında
addım atmağa yer yox idi. İynə atsan bəlkə də yerə düşməzdi.
Gələnlərin ardı-arası kəsilmirdi. Hamı elə
bil əmr gözləyirdi. Sıravisi, vəzifəsi
olmayan, ahıl yaşında olandan tutmuş vəzifəli
şəxslərə kimi, hamı
yaranmış fasilədə Ağdamdan
danışır, ağdamlı günlərə
qayıdır və həyata ümidlə baxmağa
çalışırdılar. Toplaşanlar iyirmi il ərzində ilk dəfə idi ki,
ağdamlıları bir araya toplamağı bacaran
icra başçısı Nizami Sadıqovun rayonda gördüyü işlərdən də
danışırdı. Həm- söhbət olduğum
şəxslər iyirmi ilin yalnız son iki ilini Ağdamın
dirçəliş dövrü hesab etdiklərini dilə gətirdilər.
Ziyalılar bu yürüşün
gənc nəslin təlim-tərbiyəsinə verəcəyi faydadan danışır. Bəziləri yürüşdə
az adam ola
biləcəyindən ehtiyatlanır. Hətta üç
kilometrlik yolu necə
qət edə biləcəklərindən danışanlar da
tapılırdı. Amma ağdamlı olmaq sonda yenə özünü
göstərdi. Hər şey anındaca dəyişdi. Bir saat ərzində on mindən artıq adam
toplaşdı magistral
yola. İki saat ərzində
yol bağlanası oldu. Quzanlıya toplaşan ağdamlılar
hərəkətə keçdilər.
Bu dəfə Soltanbuda
doğru...
10:00
Yürüşə start verilir. Rayon
İcra Hakimiyyətinin
başçısı Nizami
Sadıqov və rayon rəsmiləri, o cümlədən qonaqlar və ağdamlılar hərəkətə gəlir.
Qonaqlar arasında Xocavənd
RİH-nin başçısı
Eyvaz Hüseynov diqqətimi çəkir.
Bayaqdan
on min nəfərin iştirak
etdiyini düşündüyüm
halda iyirmi mindən artıq adamın yürüşdə
iştirak etdiyinin şahidi oluram. Üç kilometrlik yol adamla dolu idi.
Hamı qürurla, şəstlə
addımlayır. Elə
bil Ağdama qayıdacağımız gün
üçün hazırlıq
keçirdi. Otuz beş dəqiqəyə Soltanbuda
çatırıq. Amma
bu otuz beş
dəqiqənin necə
keçdiyini belə heç kim hiss etmir.
10:35
Ağdam
RİH başçısı Nizami Sadıqov çıxış
edir: “Öz yaşadığı rayonun,
uşaqlıq xatirələri
ilə dolu olan doğma kəndinin, şəhərinin işğal gününü yad etmək, xatırlamaq Vətənini sevən hər bir insan
üçün olduqca
ağırdır. Bugünkü
gün bizim həyatımızda həmişə
acı bir xatirə kimi qalacaqdır”...
İcra
başçısının kövrək notlara köklənmiş çıxışı
hamının diqqətini
çəkir..
Mən isə artıq Ağdamda idim. Quzanlıdan saat
8-də yola düzələn
avtobusla bir saata şəhərdə
idim. Bir nomrəlinin yanından keçib
iti addımlarla “Tagı”nın kitab mağazasına daxil oluram. Ensiklopediyanın növbəti
nəşrini soruşuram.
Bir neçə yeni kitabı vərəqləyib “Lenin bagı”
ilə “Ziya” kitab mağazasına, ordan da “Lenin yolu” qəzetinin redaksiyasına dəyirəm...
12:00
1964-cü
ildə istifadəyə
verilmiş və yalnız
2010-cu ildə əsaslı
şəkildə təmir
edilmiş, hazırda Ağdam Dram Teatrının
ixtiyarında
olan, Mədəniyyət
evinin qarşısında keçirilən
kitab və rəsm sərgisindəyik.
Sərgidən sonra Mədəniyyət evində
“Ağdam-Qafqaz Xirosimasi” fiminə və musiqi kollektivlərinin iştirakı ilə yüksək peşəkarlıqla
hazırlanan “Salamat qal ana” və “ O gürünən bizim kəndimizdir” musiqi nömrəsi nümayiş olunur...
Tədbirin sonunda söz alan icra başçısı
Nizami Sadıqovun “Böyük Ağdamın bizə əmanəti olan AGDAMLILIQ
ilk növbədə hər
birimizin çalışdığı
sahədə Vətəninə
vicdanla xidmət etmək, dövlətə
və dövlətçiliyə
sədaqət nümayiş
etdirmək və BÖYÜK AĞDAMI sonsuz məhəbbətlə
sevməkdir” deməsi
isə günün zirvə nöqtəsi olur...
O gün, hamı kimi məndə də Ağdama qayıdacağımız günün
heç də uzaqda olmadığına inamımı bir xeyli artırdı...
Beləliklə, Böyük Ağdama
yol Soltanbuddan başlandı...
Vüqar Tofiqli
525-ci qəzet.- 2013.-
3 avqust.- S. 8.