“Vikipediya Azərbaycanın
təbliği baxımından gözəl layihədir”
Bu il
avqustun 7-dən 11-dək Honqkonqda “Vikimania-2013” beynəlxalq
konfransı keçiriləcək. Builki konfransda Azərbaycan
dilində olan vikipediyanı Elgün Atalıyev və
Rövşən Ramizoğlu təmsil edəcəklər.
Vikipediyamızın bu iki idarəçisi ilə söhbətimizə
də elə Vikimania mövzusundan başladıq.
– Əvvəlcə
oxucularımız üçün maraqlı olan ilk suala cavab
almaq istərdim: Vikimaniya nədir, burada hansı məsələlər
müzakirə olunur, onun keçirilməsində əsas məqsəd
nədən ibarətdir?
Elgün
Atalıyev: Vikimaniya, 2005-ci ildən etibarən hər il
dünyanın müxtəlif şəhərlərində
Vikipediya və digər əlaqəli layihələrin
redaktorlarının iştirakı ilə keçirilən
beynəlxalq konfransdır. Burada dünyanın onlarla ölkəsindən
yüzlərlə vikipediyaçı iştirak edir,
Vikipediyanın bu günü və gələcək
inkişaf perspektivləri müzakirə olunur, mühazirələr
və praktiki görüşlər təşkil edilir.
Mühazirələrdə vikipediyaçılar öz ölkələrində
və ya ümumiyyətlə, Vikipediyada və onunla əlaqəli
digər layihələrdə rastlaşdıqları problemlər,
onların həlli yolları, saytın quruluşunda və
yazılmasındakı yeniliklər və s. barədə məlumatlar
verirlər. Builki konfrans Çinin xüsusi inzibati ərazisi
olan Honqkonqda keçiriləcək və sevindiricidir ki, bu il
ilk dəfə olaraq Azərbaycanı Vikimaniyada iki
vikipediyaçı təmsil edəcək.
Rövşən
Ramizoğlu: Mən onu da əlavə edim ki, konfransın əsas
məqsədlərindən biri bütün dünyadakı
aktiv vikipediyaçılar arasında təmasların
qurulmasına vasitəçi olmaqdır. Yəni Vikimaniyada
sırf elmi konfranslardakı kimi mühazirəçi-dinləyici
münasibətləri hakim deyil. Hətta mühazirələrin
çoxu debatlar şəklində olur. Eyni vaxtda bir neçə
seksiyada bu cür mühazirələr təşkil edilir, hər
bir konfrans iştirakçısı onu maraqlandıran
mövzu müzakirə edilən seksiyanı seçə və
o müzakirələrə qatıla bilir. Müzakirə olunan
məsələlərin əhatə dairəsi isə həddən
artıq genişdir: internetdə müəllif
hüquqlarının qorunması məsələsindən
tutmuş veb dizayna qədər.
–
Növbəti illərin birində bu konfransın Azərbaycanda
təşkil olunması mümkündürmü və bunun
üçün nə etmək lazımdır?
Elgün
Atalıyev: Vikimaniyanın təşkilində Vikimedia Fondunun
rolu böyükdür. Bu qeyri-kommersiya təşkilatı
özündə Vikipediya, VikiLüğət, VikiKitab, VikiMənbə
və bir sıra digər layihələri birləşdirir,
onların işini koordinasiya edir. Vikimaniyanı təşkil
etməli olan şəhərlər bir il əvvəldən
Vikimedia Fondu tərəfindən yaradılmış xüsusi
jüri heyəti tərəfindən namizəd şəhərlər
arasından seçilir. Hər ilin dekabr ayında
Vikimaniyanı öz şəhərində təşkil etmək
istəyən vikipediyaçılar tərəfindən
yaradılan təşkilat komitəsi tədbirin
smetasını, iştirakçılar üçün
yaradılacaq şəraiti və digər məlumatları
jüriyə təqdim edir və bir neçə aylıq
tanışlıqdan və araşdırmalardan sonra yekun qərar
verilir. Namizədliklərin verilməsi yerli viki-cəmiyyətlərin
səyləri nəticəsində baş verir, amma bu elə də
kiçik iş deyil və dünyanın hər yerindən
mindən artıq insanı qəbul etmək böyük maliyyə
resursları tələb edir. Konfransın indiyədək təşkil
edildiyi bütün şəhərlərdə bu iş yerli
hakimiyyət qurumlarının, ali təhsil müəssisələrinin,
könüllülərin və sponsorların birgə səyləri
nəticəsində mümkün olub. Üstəlik Vikimedia
Fondu konfransın smetasının kiçik olmasında
maraqlıdır, çünki bir sıra
iştirakçıların konfransda iştirakla bağlı
bütün xərcləri Fond tərəfindən təqaüd
şəklində ödənilir. Məhz bu səbəbdən
2014-cü ildə konfransın Tanzaniyanın Aruşa şəhərində
deyil, Londonda keçirilməsinə qərar verilib. Təəccüblü
görünsə də, konfransın Londonda təşkili xərcləri
Tanzaniyadakına nəzərən daha az olub. Odur ki, kifayət
qədər əsaslandırılmış və
yaxşı təşkil olunmuş layihə əsasında,
bu işdə həvəsli və peşəkar təşkilat
komitəsi ilə bu konfransın ən yaxşı halda 2015-ci
ildə Bakıda keçirilməsinə nail olmaq olar.
Vikipediya ölkəmizin təbliği baxımından
çox gözəl layihədir, çünki Vikipediya
dünyanın ən böyük onlayn ensiklopediyasıdır
və onu yazan insanların ölkəmizlə yaxından
tanışlığı yalnız müsbət nəticələr
verə bilər.
– Azərbaycan
dilində olan Vikipediyada hazırda vəziyyət necədir?
Vikipediyamızın inkişaf tempi sizi qane edirmi? Məqalələrin
sayının artırılması, keyfiyyətinin yüksəldilməsi
üçün hansı işlər görülür?
Elgün
Atalıyev: Hazırda az-vikidə (Azərbaycan dilli Vikipediya)
95 mindən artıq məqalə var, amma təəssüf ki,
onların heç də hamısı tam dolğun məqalələr
deyil, müəyyən hissəsi isə demək olar ki,
boşdur. Son 5-6 ildə fəal istifadəçilərimiz tərəfindən
məqalələrin keyfiyyətinin yüksəldilməsi
üzrə çox iş görülsə də, bu kifayət
deyil. Bu, həm
istifadəçilərlə, həm də Azərbaycan dilində
müasir məlumat mənbələrinin az olması ilə
birbaşa əlaqəlidir. Xüsusilə də yeni və təcrübəsiz
istifadəçilər Vikipediya qaydalarına
uyğunlaşana qədər köhnə və təcrübəli
istifadəçilərə və idarəçilərə
müəyyən qədər problemlər yaşadırlar.
Çünki bəziləri Vikipediya prinsiplərini qəbul
etmək istəmir, bəziləri qaydalara uyğunlaşa
bilmir, bir hissəsi isə kompüter bilikləri zəif
olduğu üçün işini düzgün qura bilmir. Bu
da son nəticədə məqalələrin keyfiyyətinə,
etibarlılığına və bitərəfliyinə təsir
edir.
Rövşən
Ramizoğlu: Bu deyilənlərin bir çoxu ilə mən də
razıyam. Amma inkişafın olduğunu da danmaq olmaz. Məsələn,
mən 2007-ci ildən Vikipediyada redaktələr etməyə
başlamışam. O zaman bizim Vikipediyada 10-15 min məqalə
vardı və bu məqalələrin də böyük əksəriyyəti
1-2 cümlədən ibarət idi. Bu gün isə məqalə
sayı artıq 95 mini keçib və müxtəlif sahələrə
aid kifayət qədər zəngin məqalələr var.
İnkişaf göstəricisinin biri də qəzet, jurnal
materiallarında, hətta radio və televiziya verilişlərində
Vikipediya məqalələrinə istinadların
çoxalmasıdır. Düzdür, bir çoxları hesab
edir ki, Vikipediya etibarlı mənbə olmadığına
görə ona istinad etmək düzgün deyil. Amma hər
halda bir vikipediyaçı kimi mən məsələn,
hansısa qəzet, jurnal səhifəsində deyək ki, 3-5
ay öncə Vikipediyaya əlavə etdiyim məlumatın
cümləbəcümlə köçürülüb dərc
edildiyini görəndə sevinirəm. Bizim məqsədimiz də
elə budur – Vikipediyanın şüarında deyildiyi kimi,
biliklərimizin azad şəkildə paylaşılması.
Amma təbii ki, görüləcək işlər
çoxdur. Və Vikipediyanın inkişafı sonu olmayan bir
prosesdir. Yəni, bu gün azvikidə 95 min məqalə varsa və
biz yaxın zamanda 100 min məqalə həddini keçmək
üçün fəaliyyətimizi daha da
artırmışıqsa, sabah məqalə sayı 950 min
olanda biz 1 milyon məqalə üçün
çalışacağıq.
–
Vikipediyaya yeni istifadəçilərin, redaktorların cəlb
olunması üçün hansısa addımlar
atılırmı?
Elgün
Atalıyev: Vikipediya könüllü layihədir və bu səbəbdən
də yeni istifadəçiləri cəlb etmək dedikdə,
yalnız bu işə marağı olan şəxslərin
öz şəxsi istəkləri əsasında cəlb
olunmasından söhbət gedə bilər. Müntəzəm
olaraq Vikipediyaya yeni istifadəçilər qoşulur.
Onların bəziləri qısa müddətdən sonra bu
işdən yorulsalar da, elə istifadəçilər də
var ki, artıq 5-6 ildir Vikipediyanın inkişafı
üçün əmək sərf edirlər.
Rövşən
Ramizoğlu: Əgər son 5-6 ilin statistikasını
götürsək aktiv redaktorların sayının xeyli
artdığını görərik. Məsələn,
Vikipediyada “Son dəyişikliklər” səhifəsi
mövcuddur və bu səhifədə 1 gün, 1 həftə
və ya 1 ay ərzində yaradılan yeni məqalələrin,
məqalələrdə edilən redaktələrin
siyahısını görmək olar. Təsəvvür edin,
5-6 il bundan əvvələ qədər məsələn,
gün ərzində azvikidəki redaktələrin
siyahısına baxdıqda onların hamısının cəmi
2-3 redaktor tərəfindən edildiyinin şahidi olurduq. Bu
gün isə artıq mənzərə fərqlidir. Azvikinin təxminən
50-yə yaxın fəal redaktoru var ki, bu da Azərbaycan kimi
ölkədə elə böyük bir qəzet redaksiyası
deməkdir. Təbii ki, məqalə sayı artdıqca bu
cür redaktorların da sayı çoxalacaq. Çox istərdik
ki, belə redaktorların sayı minlərlə olsun.
– Azərbaycan
dilində olan Vikipediyanın əsas redaktorları kimlərdir,
hansı yaş qrupuna aid internet istifadəçiləridir?
Elgün
Atalıyev: Redaktorlar arasında yaş baxımından
üstünlük gənclərdədir, amma hər yaş
kateqoriyasından istifadəçilərimiz var. Əksər
istifadəçilərimiz tələbələr olsa da, bəzən
orta məktəb şagirdlərinə də rast gəlmək
olur. Amma yuxarı yaş kateqoriyasından olan istifadəçilərimiz
də az deyil və onların əksəriyyəti təcrübəli
istifadəçilərdir. İdarəçilərimiz
arasında da məhz yuxarı yaş kateqoriyasından olan
istifadəçilər üstünlük təşkil edir.
Rövşən
Ramizoğlu: Vikipediyaçılar arasında gənclərin
üstünlük təşkil etməsi təbiidir. Bu
ümumən internet istifadəçiləri arasında gənclərin
çox olması ilə bağlıdır. Hətta bizim
redaktorlardan məktəbdə oxuyarkən
vikipediyaçılar sırasına qoşulmuş, bu gün
isə artıq universitet məzunu olmağa hazırlaşanlar
da var. Yəni Vikipediya çox qəribə bir cazibə
qüvvəsinə malikdir. Vikipediyada redaktələr etməyə
başlayan adam üçün burdan ayrılmaq çox
çətin olur. Lap müəyyən dövr redaktə etməyəndə
belə, 1 ay, 5 aydan sonra o internetdə hansısa məlumat
axtaranda, bu məlumatı Vikipediya məqaləsində tapanda
və məlumatda deyək ki, ən xırda bir hərf səhvi
görəndə artıq redaktə edib bu səhvi aradan
qaldırmaq istəyir.
– Bəs
idarəçilər kimlərdir və bu statusu onlar necə
alırlar?
Elgün
Atalıyev: İdarəçilər də adi istifadəçilərdir,
sadəcə onların bəzi əlavə
üstünlükləri var. Bunlar – səhifələrin və
istifadəçilərin bloklanması və blokun
götürülməsi, səhifələrin silinməsi və
silinmiş səhifələrin bərpa edilməsi və bəzi
digər inzibati hüquqlardır. İdarəçilər səsvermə
hüququ olan istifadəçilərin səsləri əsasında,
2 həftə davam edən səsvermə proseduru nəticəsində
seçilirlər. Hər bir istifadəçi idarəçi
seçilə bilər. Amma bunun üçün o bəzi
şərtlərə cavab verməlidir – Azərbaycan dilindəki
Vikipediyada qeydiyyat stajı 6 aydan az olmamalı və redaktələrinin
sayı 1000-dən az olmamalıdır. Səsvermə
başlayan tarixə kimi Azərbaycan dilindəki Vikipediyada
stajı 3 aydan az olmayan, ciddi redaktələrinin sayı 200-dən
az olmayan (ciddi redaktələrə sonradan ləğv
edilmiş redaktələr, məqalələrə intervikilərin
və şablonların daxil edilməsi, orfoqrafik səhvlərin
düzəlişi, mətnin bölmələrə
ayrılması daxil deyil), səsvermə başlayan tarixə
kimi Azərbaycan dilindəki Vikipediyada son 30 gün ərzində
redaktəsi olan istifadəçilər səsvermə
hüququna malikdirlər.
– Azərbaycanda
vikipediyaçıların toplantıları,
görüşləri keçirilirmi? Əgər
keçirilirsə, çox maraqlıdır, həmin
görüşlərə qatılanlar arasında məsələn,
şagirdlər, tələbələr, tədqiqatçılar
– kimlər üstünlük təşkil edir?
Rövşən
Ramizoğlu: Belə görüşlər son 1 ilə qədər
mütəmadi olaraq keçirilirdi. Son bir ildə təəssüflər
olsun ki, ümumi toplantı, görüş keçirilməyib.
Amma vikipediyaçılar iki-iki, üç-üç olsa da
görüşürlər, Vikipediyaya dair məsələləri
müzakirə edirlər. Məsələn, Vikipediyanın 10
illiyi ilə bağlı 2011-ci ildə Bakıda geniş bir
toplantı təşkil etmişdik. Analoji tədbirlər
dünyanın 100-ə qədər şəhərində
keçirilmişdi və onlardan 5-6-sı Vikipediyanın
yaradıcılarının diqqətini cəlb etmişdi ki,
Bakı toplantısı da onlardan biri idi. Bakıda yaşayan
idarəçilər də tez-tez görüşürlər.
Bundan başqa Vikipediya redaktorlarının universitetlərdə
tələbələrlə, rayonlarda fəal gənclərlə
görüşləri təşkil olunur. Məsələn,
keçən il 5 universitetdə, 1 məktəbdə, 9 rayonda
bu cür görüşlər təşkil etmişik.
Redaktorlarımızdan bəziləri öz təşəbbüsləri
ilə treyninqlər təşkil edirlər. Bizim Honqkonqdan
Vikimaniya konfransından geri dönəndən sonra fəal
vikipediyaçıların görüşünü təşkil
etmək planlarımız da mövcuddur.
Kamal PƏRVİZOĞLU
525-ci qəzet.- 2013.- 3 avqust.- S. 9.