Telman Orucovun yeni kitabı nəşr edilib
Bu günlərdə Telman
Orucovun “Həyat kaleydoskopu” adlı yeni kitabı işıq üzü görüb. “Adiloğlu” nəşriyyatında nəfis
şəkildə tərtib
edilən kitabda yer alan
məqalələr “525-ci qəzet”də
və rus dilində nəşr olunan “Novoye Vremya” qəzetində dərc olunub.
Bu yazılarda dövrün
və tarixin bir sıra aktual
məsələlərinə, xüsusən faciə timsallı Qarabağ probleminə toxunulub. Hadisələrin təhlili cəhdi oxuculara heç də hazır cavab təklif etmək məqsədini güdmür, onların özlərini düşünməyə,
problemləri daha geniş və hərtərəfli dərk
etməyə dəvət
edir. Oxucu müəmmalar qarşısında
da fikrə dalmalı olur. Axı tarixdə bəzən ağıla sığmayan qərarlar qəbul edilməsi və onların xalqların taleyinə təsir göstərməsi
halları az
deyil. Xalqımızın
ağrılı yeri olan Qarabağ probleminə incəliyinə
qədər nüfuz edən müəllif bütün
bunları ustalıqla
qələmə alıb.
Həmçinin Ermənistanda keçirilən
seçkilərin Qarabağ
probleminə təsirinə
də toxunan müəllif burada bir çox maraqlı məqamlara diqqət çəkib.
Müəllif iri dövlətlər
barədə yazdığı
məqalələri də
kitaba daxil edib. Kitabda həmçinin terrorizmdən,
İslam dininə qarşı həyata keçirilən qara niyyətlərdən də
söz açıb.
Bəşər sivilizasiyasının inkişafı
heç də daim düz və
ya yüksələn xətlə getməyib, uzun fasilələr də, reqress anları da mövcud olub. İnsanlar xilas
olmaq üçün
hətta böyük risqli üsullara əl atıblar. Məhz bu cəhətdən, yazılardakı bir qədər ziddiyyətli kimi görünən fikirlər məhz təhlil olunan məsələyə geniş
bucaq altında baxmaq zərurətindən
meydana gəlib.
Kitabda həmçinin
müəllifin bir hekayəsi də yer alıb. Ümumiyyətlə müəllifin kitabda ayrı-ayrı ölkələrə
həsr etdiyi məqalələrdə səmimi
hisslər, nəcib cəhətlərə vurğunluq
öz əksini tapıb. Məqalələr və onlarda
irəli sürülən
düşüncələr çoxcəhətliliyinə görə
geniş əhatə dairəsinə malikdir.
Müəllif onların necə
təqdim olunmasına
münasibət və
ən başlıcası,
ədalətli rəyi,
intellektin sarsılmaz qayasına söykənən
oxuculardan gözləyir
və onların istənilən qərarına
hörmətlə yanaşmağı
vəd edir. İstedadlı insanların ətraf
mühitin qayğısına
möhtac olduğunu qeyd edən müəllif yaradıcı
insanlara gəldikdə,
əgər onlar insanlığa xidməti ön plana çəkirlərsə,
özləri də minnətdarlıq şəklindəki
cavab payı ummaqda haqlı olduqlarını bildirir.
Bütövlükdə cəmiyyət, xüsusən
onları əhatə
edən adamlar bu kövrək təbiətli varlıqlara,
büllur şüşə
ilə davrandıqları
kimi, ehtiyatla və qayğı ilə yanaşmalıdır.
Qeyd edək
ki, T.Orucov çoxsaylı siyasi, tarixi və fəlsəfi məqalələrin,
həmçinin üçcildlik
“Ümumdünya tarixi”
kitabının müəllifidir. İngilis dilində
də tərcümələr
edən müəllif
Barak Obamanın “Ümidin
cəsarəti” kitabını
da Azərbaycan dilinə çevirib.
AQİL
525-ci qəzet.- 2013.- 3 avqust.- S. 10.