"Füyuzat"ın başqa bir
müəllifi – Əhməd Kamal
Son dövrlərə qədər Osmanlı
imperiyasının torpaqları sayılan Bolqarıstan, Misir
haqqındakı yazılarında da Əhməd Kamal dəyişən
şərtlər daxilində türk-islam dünyasının
kifayət qədər dəyanət və əzmkarlıq
göstərə bilməməsinin səbəbləri üzərində
dayanırdı. Və burada da əsas amil kimi XV-XVI əsrlərdən
başlayaraq Avropanın imza atdığı uğurların
Şərq üçün yad, əlçatmaz olduğunu
göstərirdi.
Maraqlıdır ki, ictimai-siyasi məqalələrində
o, öz ölkəsində gedən mövcud siyasi proseslərdən,
“gənc türklər” hərəkatının fikir və
ideyalarının təbliğindən mümkün qədər
uzaq dayanmağa çalışmışdı. Bunu məcmuəni
deyil, özünü mümkün təhlükələrdən
qorumaq üçün etdiyini düşünmək
baxımından əlimizdə kifayət qədər əsas
var. Çünki yuxarıda da göstərildiyi kimi, Əli bəy
Hüseynzadə qorxub-çəkinmədən
“Füyuzat”ı sultan II Əbdülhəmid rejiminə
münasibətdə barışmaz mövqe tutan bütün
qələm sahiblərinin sərəncamına vermişdi.
İBRAHİM TAHİRLƏ “MÜBARİZƏ”
Əhməd
Kamal “Füyuzat”da Azərbaycan mətbuatını, şair və
yazıçıları “ədəbi imtahana” çəkmək
vədi versə də, bu “imtahanın” hüdudları
çox məhdud, prinsipləri isə ümumilikdə qərəzli
olmuşdu. Onun tənqidi sadəcə bir müəllif –
şair İbrahim Tahir Musayev və bir mətbuat orqanı –
Bakıdakı fars konsulluğunun maddi dəstəyi ilə
çap olunan, iranpərəst mövqeli “Həqayiq” məcmuəsi
ilə məhdudlaşmışdı. Bu da ilk
yazısında böyük vədlər verən, zəngin
biliyini, çoxillik ədəbi təcrübəsini sevdiyi
Qafqaz müsəlmanları ilə bölüşməyə
boyun olan türk qəzetçisinin milli ədəbi mühitə
yetərincə nüfuz edə bilmədiyinin, Azərbaycan ədəbiyyatının
ruhu və problemləri ilə yaşamağı
bacarmadığının göstəricisidir.
İbrahim Tahirlə “mübarizəyə” gəldikdə
isə hətta Əli bəyin yuxarıda istinad etdiyimiz
havadarlığına baxmayaraq bu ədəbi
qarşıdurmada Əli Kamalın haqsız və sənət
adamına yaraşmayan davranışı ilk baxışdan
diqqəti çəkirdi. Həmin fikir
toqquşmasında sərgilədiyi mövqe istər-istəməz
Əhməd Kamalı Mirzə Cəlilin məşhur
“Anamın kitabı” pyesindəki Səməd Vahidlə
müqayisə etməyə əsas yaradır.
Eyni ilə Səməd Vahid kimi o da İstanbul türkcəsində
danışmayanların fikir və mülahizələrini
süngü ilə qarşılayırdı. Onları
İran qarşısında əyilməkdə
suçlayırdı. Şair İbrahim
Tahirlə “Füyuzat” səhifələrində sözün həqiqi
mənasında palazqulaq yazılara yer açan münaqişə
də bu zəmində yaranmışdı.
İbrahim Tahir Musayev (1869-1943) Qarabağ ədəbi
mühitinin yetirdiyi istedadlı şair, tərcüməçi,
maarifçi ziyalı idi. Təhsilini doğma
şəhəri Şuşada almışdı. Köhnə
üsullu məktəbdə ərəb, fars
dillərinə yiyələnməklə bir sırada
dövrün yenilikçi meyllərindən də kənarda
qalmamışdı. XX əsrin əvvəllərindən
etibarən müxtəlif imzalarla “Şərqi-rus”,
“İrşad”, “Molla Nəsrəddin”, “Dəbistan” “Səda”
kimi qəzet və jurnallarda, sovet dövründə isə
“Yeni kənd”, “Yeni yol” və b. qəzetlərdə
ardıcıl çıxış edirdi. Onu
dövrünün Cəlil Məmmədquluzadə, Əhməd
bəy Ağayev kimi görkəmli nümayəndələri
ilə sıx dostluq əlaqələri bağlayırdı.
Vətənində “Şahnamə”nin mahir
tərcüməçisi kimi şöhrət
qazanmışdı.
Milli mətbuata
ictimai inkişafın hərəkətverici qüvvəsi kimi
baxan İbrahim Tahir
“Füyuzat”ın nəşrə
başlamasını böyük sevinc hissi ilə
qarşılamışdı. 26 noyabr 1906-cı il tarixli
3-cü sayda dərc edilmiş “Təbrik və izhari-təşəkkür”
adlı şeirində o, “Gülzari-vətəndə
açılıb bir güli-irfan, Ənbər
saçıyor millətə göftari-Füyuzat” misraları
ilə yeni məcmuəni alqışlayaraq belə nəşrə
böyük ehtiyac duyulduğunu və onun ciddi maarifçilik
vəzifəsi daşıyacağını müjdə
verirdi:
Çoxdan
var idim talibi-didari Füyuzat,
Nagah
bürüdü qəlbimi ənvari-Füyuzat,
Təqdirə
səzavar olacaq mündəricatı,
Bifeyz olamaz vaqifi-əsrari Füyuzat.
Ardıcıl
çap olunduğu “İrşad”, “Tazə həyat” qəzetləri
ilə yanaşı “Füyuzat” səhifələrində də
İbrahim Tahir həmvətənlərini inkişaf və tərəqqiyə
çağıran, maarifin əhəmiyyətindən, insan
azadlığından, ölkənin qanunlarla idarə
olunmasının vacibliyindən söz açan şeirlərlə
çıxış edirdi. Bu şeirlər ilk
növbədə müəllifin Vətən təəssübündən,
ölkəsini və vətəndaşlarını hür
görmək istəyindən xəbər verirdi. Məsələn,
aşağıdakı misralarda olduğu kimi:
Tərəqqidən
qalır bibəhrə qanun
olmayan
kişvər,
Düşər
izzü şərafətdən cəhlü
qəflətlə dolan kişvər,
Tənəzzül
kəsb edər
nik ilə
bəd
yeksan olan kişvər,
Müsavat
olsa vallahi olar
mədhi-aman kişvər,
Fərəh
əta edər qanda olsa
əmniyyət insana!
Şeiriyyət, poetik texnika baxımından onun
yaradıcılığına müəyyən iradlar tutmaq
mümkündür. Bu da tamamilə təbiidir. Anlaşılmayan Əhməd Kamalın Bakıda
bütün tənqidçilik fəaliyyətini İbrahim
Tahirə həsr etməsidir. Əsl ədəbiyyat
və böyük sənət barəsində danışacağını
vəd edən tənqidçi nə üçün
özünü sadəcə bir nəfərin
yaradıcılığı ilə məhdudlaşdırır?
Aydın məsələdir ki, həmin dövrdə
İbrahim Tahir Azərbaycan ədəbiyyatının yeganə
təmsilçisi deyildi. Tənqidi fikir
söyləmək, təhlil və müqayisələr aparmaq
üçün kifayət qədər zəngin ədəbi
material vardı. Amma Əhməd Kamal qərəzliliyə
varacaq bir ardıcıllıqla məcmuənin 19-cu sayından
son sayına qədər milli poeziyamızın bilicilərindən
Mir Möhsün Nəvvabın məşhur “Təzkireyi-Nəvvab”
əsərində “xoş əhvallı, düz əxlaqlı
bir gənc” və “xoş məzmunlu qəzəllər müəllifi”
kimi səciyyələndirdiyi İbrahim Tahiri qaralamaqda davam
etmişdi. Fikrimcə, bu təkcə türk
müəllifə deyil, bütünlükdə məcmuəyə
də başucalığı gətirməmiş, onun tərəfsizliyini
və ədəbi zövqünü şübhə
altında qoymuşdu.
Beləliklə, məqalələrindən birində “Sən
bəni, bən səni öyməkdən isə ey şair,
Yazalım şeir bizi alimi-tənqid öysün” prinsipini hər
şeydən uca tutduğunu bəyan edən Əhməd Kamal
“Tahir Musayev” adlı yazısı ilə (bu yazının
verildiyi sayda şairin portreti də özünə yer
almışdı) əslində həmin prinsipdən
uzaqlaşmağın konkret nümunəsini göstərmişdi. Nədənsə,
İbrahim Tahirin “İrşad” qəzetində tez-tez çap
olunması “Füyuzat” tənqidçisinin xoşuna gəlməmişdi.
Razılaşaq ki, məqalənin sonundakı
“az və gözəl” yazmaq təklifi məqbul səslənirdi.
Lakin təhlillər, xüsusən də iradlar
kifayət qədər əsaslandırılmamışdı.
Əhməd Kamal konkret nümunələr əsasında qələm yoldaşının
yaradıcılığı barəsində fikir
formalaşdırmaq əvəzinə ayrı-ayrı yerinə
düşməyən ifadələr, yaxud ümumi kontekstdən
çıxarılan tarixi faktlar üzərində daha
geniş dayanmışdı. Nəhayət,
yazının ruhu da səmimiliyi, dostluq ab-havası ilə
seçilmirdi. Müəllif nə qədər
büruzə verməməyə çalışsa da, müəyyən
bəyənməzlik, yuxarıdan aşağı baxmaq meylini
gizlətmək mümkün olmamışdı.
Əsl ədəbiyyatla bir araya sığmayan belə məqamlar
tənqid hədəfinin – İbrahim Tahirin diqqətindən
yayınmamışdı. O da öz növbəsində
“İrşad” qəzetinin 1907-ci il iyun
saylarından birində cavab haqqından istifadə etmişdi. Bakıya yeni gələn Əhməd Kamalın milli
ədəbiyyata yetərincə bələd
olmadığı ilə bağlı iradlarını
bildirmişdi. Yazıda deyilirdi: “Füyuzat” məcmuəsinin
on doqquzuncu nömrəsində bir nəfər türk şairinin şerimizi
tənqid və haqqımızda bəzi ixtaratda
bulunmalarını oxuduq. Təvarixdən və
qaideyi-şeiriyəmizə haqqınca aşina yeni
qonağımızın iradlarından məlum olur ki, onun
Qafqaza müraciətindən məramı sadə şeirlər
söyləyib millətimizi oyandırmaq deyil, məhz
izhari-kamal və kəsbi-şöhrətdir”.
Şairin incikliyini başa düşmək
mümkündür. O, hər hansı iddiadan uzaq tərzdə, bilik və
imkanları daxilində Vətən ədəbiyyatına xidmət
etmək istəmişdi. Buna nə dərəcədə
müvəffəq olduğu ilə bağlı kimsədən
tərif ummamışdı. Şəxsiyyət
və yaradıcılığını nəyin bahasına
olursa-olsun, gözə soxmaq istəməmişdi. Lakin
tarixə, poeziyaya dərin bələdliyinə şübhə
etmədiyi qonağın dəlləkliyi onun başında
öyrənməsinə, təşəxxüslü tərzdə yol göstərməsinə
dözə bilməmişdi.
Bəlkə də hər iki tərəfin
iradlarını qarşılıqlı şəkildə
bildirdiyi nöqtədə dayanmaq, mübahisəyə son
qoymaq olardı. Əhməd Kamal isə belə
düşünməmişdi. “...bu cürə ücubə
cavaba müstəhəqq olmamaq lazım gəlir isə də
bu cavab Kafkasyada bizim ilk dəfə
uğradığımız bir təcavüz olduğundan bu
yoldakı təcavüzlərə ilk və son dəfə
olmaq üzrə bir kaç sözlə müqabilə etmək
istəriz” – deyə cavab hüququndan yararlanacağını
bildirmişdir. “Bir neçə söz” əvəzinə
“Füyuzat”ın 21-ci sayının təxminən
üçdə birini tutan “Müxtəsər bir cavab”
adlı məqaləsində kifayət qədər kobud tərzdə
opponentini yerində oturtmağa
çalışmışdı. Bu yazı onun
təkcə İbrahim Tahir şəxsiyyətinə və
sözünə deyil, bütünlükdə Azərbaycan
türklərinin dilinə, tarixinə, ədəbiyyatına
münasibətini aydınlaşdırmaq baxımından
özündə bir sıra prinsipial məqamları ehtiva etməkdədir.
Əvvəla, “Cavab”ın tonu ədəbi etikadan
uzaqdır. Adi tənqidi mülahizəni “təcavüz” kimi dəyərləndirən
müəllifdən belə bir etika gözləmək də
sadəlövhlük olardı. “Bən gərək
İstanbulda, gərəksə vətənimdən xaric
bulunduğum zamanlar daima məmləkətdən məmləkətə,
mətbuatdan mətbuata dəvət olunan xidmətkaranə-qələmdən
biri olmaq üzrə fəxr edərəm” – deyə Bakıya əslində
çarəsizlikdən doğan gəlişini bir daha
xüsusi dəvətin nəticəsi və “yerli müsəlman
mətbuatına” yardım kimi qələmə verən
Əhməd Kamal sanki uşaqcasına acıq verirmiş kimi
opponentinin belə ədəbi nüfuz və qabiliyyətdən
məhrum olduğunu diqqətə çatdırırdı:
“İndi sən söylə, ey Musayev! Əcəba
səni də ömründə bir kərə olsun xidməti-qələmiyyəyə
dəvət etmək, yaxud haqqında bir ufacıq təqdiri-mütəzəmmin
olmaq üzrə – bənim o tənqidatımdakı bir-iki fəqəreyi-təşviqiyyədən
maəda – bütün mətbuatda bir cümlə olsun bizə
göstərə bilirmisin?” Belə mənasız
bir öcəşmənin “xidmətkari-qələmə”
yaraşmadığını sübut etməyə ehtiyac
yoxdur.
Əhməd Kamal uzun illərin qəzetçisi
olduğunu müxtəlif münasibətlərlə dönə-dönə
vurğulasa da, mətbuat etikasının adi tələblərini
bilməmiş, yaxud onları yerinə yetirmək istəməmişdi. Məsələn,
aşağıdakı təsadüfdə olduğu kimi.
Şair İbrahim Tahir
“Füyuzat” redaksiyasına şeirləri ilə
birlikdə fotosunun da çapını xahiş etmişdi.
Jurnal səhifələrində belə məşhurlaşmasının
müqabilində
Şuşada məcmuəyə əlli yeni abunəçi
tapacağına boyun olmuşdu. Mətbuatın
hər zaman yalnız yaradıcılıq deyil, həm də
kommersiya sahəsi olduğunu nəzərə alsaq, burada
qeyri-adi heç bir şey yox idi. Digər
tərəfdən, istər ötən əsrin əvvəllərində,
istərsə də indinin özündə belə məsələlər
redaksiya sirri sayılır,
açılıb-ağardılmırdı.
Lakin Əhməd Kamal opponentini mümkün qədər
çox aşağılamaq xatirinə redaksiya sirlərini
açmağı mümkün saymışdı. Həm də
bunu “Füyuzat” üslubuna yaraşmayan bir tərzdə
etmişdi. Aşağıdakı sətirlərin nə
jurnal redaksiyasına, nə də onun müəllifinə
hörmət və şöhrət gətirmədiyi göz
önündədir: “Boylə yalvarmıyormu idin? İştə
idarəmiz sənin təcizatından qurtulmaq, bir də sənə
bir əsəri-təşviq olmaq üzrə əksini nəşrə
qərar verdi. Lakin o şərtlə
ki, haqqında bir də tənqid yapalım. Bu tənqid yalnız əsərlərin haqqında
deyil, rəsmin haqqında dəxi olacaq idi və
yapıldı. Sən bilirsin ya, əksinin
qızıl kəmərinlə birlikdə nəşr
olunmasını istiyordun. Fotoqrafın da oylə idi...
Şimdi Musayevmisın-nəsən, insaf ilə söylə: kəsbi-şöhrət
etmək budalası mənmiyim, yoxsa sənmisin?”
Əhməd Kamalı şairə qarşı bu qədər
qəzəbli, hətta müəyyən dərəcədə
ədəbsiz mövqe tutmağa vadar edən nə idi? Bunun
kökünü ilk növbədə dil məsələsində,
dilə münasibətdə axtarmaq lazımdır. İbrahim Tahir Azərbaycan türkcəsini tam
müstəqil dil sayır, Osmanlı şivəsini
yamsılamağın əleyhdarı kimi
çıxış edirdi. Özünün
və qələm yoldaşlarının qarşısında
duran ən ümdə vəzifəni oxucularının
anladığı dildə xalqın və Vətənin dərdlərindən
söz açmaq bilirdi. Məhz bu baxımdan da Əhməd
Kamalın dillə bağlı fikirləri ilə
razılaşmayaraq yuxarıda istinad etdiyim cavabında
yazmışdı: “Əfəndim, biz Qafqaz şairləri isək
məqsədimiz açıq bir lisan ilə milli nəzmlər
deyib də əbnayi-vətənimizi təqazayi-zamanca tərəqqi
və təali yoluna sövq etməkdir”. İbrahim
Tahirin tutduğu yol Osmanlı türkcəsini Azərbaycanda ədəbiyyat
və təhsil dilinə çevirməyi başlıca hədəfi
sayan Əhməd Kamala xoş gəlməmişdi.
Ona
görə də kifayət qədər mədəni şəkildə
deyilmiş bu mülahizənin qarşılığında
Əhməd Kamal “Füyuzat” səhifələrindən
şairə təhqir sayılacaq ifadələr
yağdırmağı özünə rəva
görmüşdü: “Sən əbnayi-vətənin olan
qafqaziyalıları o qədər aşağı bir dərrakeyi-mərifətdəmi
görüyorsun ki, hətta tərəqqi və təali etmək
üçün sənin haşa şeir dediyin
ifrazati-dimağiyyənə möhtac olsunlar? Nəbahət və mərifətləri
ilə bütün cahani-islama bu gün səlahani-müsabiqət
olan Qafqazdakı müsəlman qardaşlarmı bu payeyi-əfsəldə
görmək üçün sənin qədər əmayi-bəsirət
tutulmuş olmalıdır!” İşin qəribə
tərəfi budur ki, türk müəllifin özünün
“Füyuzat”da çap olunmuş şeirləri hər hansı
qeyri-adiliyi, milliyyətçi və vətənpərvər
ruhu ilə seçilmirdi. Bunlar ən
yaxşı halda fransız dekadans poeziyasının zəif təqlidi
idi. 1905-ci ildən sonra fərqli dəyərlərə
köklənən cəmiyyət “özü
üçün” yazılan belə əsərlərdən
heç nə qazanmırdı.
Bu həssas məqamı tutan İbrahim Tahir öz
ölkəsində tam fərqli – maarifçi-didaktik ədəbiyyata
ehtiyac duyulduğunu diqqətə çəkirdi. Özünün və
çap olunduğu mətbuat orqanlarının mövqeyini
açıqlayaraq yazırdı ki, “yeganə arzuları Qafqaz
şüəralarının əfradi-millətə sadə və
riqqətbəxş mənzumələrini dərc edib də
bu yolda ehtimamları onlara bu vasiteyi-təşviqdir və biz
qafqazlılara “Atidə bir gecə” ünvanlı şeirlər
və ilaxirə biməna xəyalatlar bir səmərə verməyəcəkdir”.
Adı çəkilən şeir jurnalda
“yüksək poeziya” nümunəsi kimi təqdim olunmuşdu.
Əhməd Kamalın Azərbaycan dilinə və bu dildə
yaranan zəngin ədəbiyyata nihilist münasibəti məlumatsızlıqdan,
daha artıq dərəcədə isə ifrat panosmanizmə əsaslanan
ideoloji mövqedən irəli gəlirdi. Məqalələrində
də dəfələrlə vurğuladığı kimi onun
nəzərində Osmanlı bütün türk
dünyasının beyni, fikir mərkəzi idi. Digər
türk qövmlərinin məqsəd və məramı
özlərini Osmanlı türklərinə oxşatmaq, osmanlı kimi düşünmək,
danışmaq, yazmaq olmalı idi. Türk
qövmləri osmanlılaşmaq zəminində birləşməli
idilər.
Zəngin milli mədəniyyətə malik Azərbaycan
türklərinə də bu yolla getmək məsləhət
görülürdü. Əhməd Kamal yekəxana bir tərzdə opponentinin
başına “ağıl qoymağa” çalışaraq
yazırdı: “Şimdi qaldı sənin milli dediyin lisan ilə
Osmanlı lisanı arasındakı münasibət. Bunların arasında əsaslı bir fərq
vardır ki, o da sənin milli dediyin lisanın qəvaid və
sərf və nəhv və bəlağət və ilaxirə
kibi təsərrüfatca rəbt və zəbt altına hənuz
alınmamış olması və Osmanlı lisanının
isə bu gün ən mütəməddin əbnayi-bəşərin
təkəllüm elədikləri lisanlar dərəcəsində
məzbut bir lisani-ədəbiyyat olmasındadır”. Bu
sözləri yalnız Füzulidən üzü bəri Azərbaycan
türkcəsində yaranan ədəbiyyata, xüsusən
Vaqif poeziyasına, Mirzə Fətəli dramaturgiyasına,
“Əkinçi” publisistikasına,
nadir folklor incilərimizə bələd olmayan adam deyə
bilərdi.
Türk qəzetçisi
daha irəli gedərək Bakıda çıxan bir məcmuənin
səhifələrində arasında yaşadığı
xalqın dilini yerli-dibli inkar edir, bunu açıq mətnlə
yazmaqdan çəkinmirdi: “... sənin lisanın pozuq bir
osmanlı lisanı olub ondan fəzlə olaraq ziyadə
İran ruhu ilə tərbiyələnmişdir. Sənin lisanının islah oluna-oluna vasil
olacağı müntəhayi-təkamül osmanlı
lisanıdır”. Yaxud: “Xülasə, demək istərəm
ki, sənin ayrıca bir “milli” lisanın yoxdur. Sənin
lisanın, daha başqa yerlərdəki türklərin
lisanı... hamısının qibləgahi-təkamülü,
yəni ən son varacağı yol osmanlı lisanıdır”.
Nümunə
kimi gətirdiyim mətnlərdən də
göründüyü kimi, Əhməd Kamalın Osmanlı
türkcəsi kimi təqdim etdiyi dil Azərbaycan türkcəsi
ilə müqayisədə kifayət qədər qəliz idi,
burada yerli-yersiz ərəb və fars
sözləri, ifadələri işlənirdi. Onun
özünün yazılarını isə tam əsasla məcmuənin
müasir oxucu üçün ən çətin
anlaşılan materialları sırasına daxil etmək
mümkündür. Məsələn, müəllif
türk dilinin zənginliyini aşağıdakı şəkildə
vəsf edirdi: “Lisani-şirini-farsinin tərkibi-lətifəsini,
lisani-vəsii-ərəbinin kəlimati-mətinə və
xüsusəti-iştiqaqiyyəsini intixab edib lisanlarına
qarışdırmaqda və onlara bir türkiyyat ruhu verməkdə
türklər böyük bir hüsni-təbiət və
müvəffəqiyyət göstərmişdir”.
Özü
belə dildə yazmasına baxmayaraq Əhməd Kamal azərbaycanlı
həmkarını ərəb-fars ifadələrindən
yersiz istifadədə günahlandırır, Azərbaycan
türkcəsini istehza ilə “iranzadə” (İrandan
doğulmuş – V.Q.) adlandırırdı: “Osmanlı qəzetlərinin,
kitablarının hər hankı birindən bir kaç sətir,
bir kaç misra al. Bir də “milli” dediyin sənin o iranzadə
olan dilində yazılmış əsərlərdən bir
kaç sətir, bir kaç misra al da hər iki tərəfdə
bulunan ərəbi və farsi kəlmələri say. Bax, hankısı daha ziyadə məxlutdur!” Türk müəllifin Azərbaycan klassikasına nabələdliyini
yuxarıda qeyd etdim. Lakin heç şübhəsiz,
Əhməd Kamal 1907-ci ildə Bakıda həmin sətirləri
yazdığı zaman “Molla Nəsrəddin” məcmuəsini təqib
etsəydi, Əhməd Ağayevin, Üzeyir Hacıbəylinin
məqalələrini oxusaydı, nə qədər
böyük yanlışlığa yol verdiyini anlaya bilərdi.
Amma o, özünü Azərbaycanda tam fərqli
bir missiyanın daşıyıcısı kimi
gördüyündən təbii ki, məhdud dairədən kənara
çıxmaq istəməmişdi.
Maraqlıdır
ki, Bakıda ədəbi həyatın ətalətdən
ayrıldığı, mətbuatın və ictimai fikrin
dirçəliş mərhələsini
yaşadığı dövrdə ana dili, milli ədəbiyyat,
bədii sözün siqləti kimi ciddi məsələlərdə
Əhməd Kamalla münaqişəyə çıxan sadəcə
bir əyalət şairi – İbrahim Tahir Musayev olmuşdu:
“İştə, bəy əfəndim, mənzumələrimizi
bu tezliklə tənqiddən dilxahınız bizlərə
Osmanlı qaşığı ilə ərəb
şorbası içirməkdir. Bizlərin isə
bu şorbaya iştahamız yoxdur. Bizlərə
ana dilində mənzumələr lazımdır” – deyə onun
Azərbaycandakı milli ədəbi hərəkata yad
mövqedə dayandığını, hətta emissar
funksiyası yerinə yetirdiyini bəyan etmişdi.
Əvvəldə
də qeyd etdiyim kimi, Əhməd Kamalın tənqidi bir tərəfdən
o qədər də əhəmiyyətli olmayan təfərrüatlar,
xırdalıqlar üzərində qurulmuşdu (sözlərin
düzgün yazılmaması, üslub və ifadə
anlaşılmazlıqları, yanlış oxunuşlar, imla səhvləri
və s.), o biri tərəfdən isə iddialı-qərəzli
xarakter daşıyır, bir sıra hallarda etik normaların
hüdudlarını aşırdı. Bunu İbrahim Tahirin son
iradına verilən cavabdan da görmək
mümkündür: “Biz Musayevi Osmanlı qaşığı
ilə ərəb şorbası içməyə heç
bir zaman dəvət etmədik və etməyiriz. Çünki biz Musayevin Əcəm kəfçəsi
ilə (İran çömçəsi – V.Q.) nə yediyini pək
əla bilənlərdənik”.
Yaxud
aşağıdakı nümunələr: “Əgər səndə
əmsali-lətifeyi-ruhiyyə demək olan ədəbiyyatı
anlaya biləcək azacıq bir nəsibeyi-ədəbiyyə
olsaydı...”, “Bən səndə təhqirə dəyə
biləcək bir mövcudiyyət və mahiyyət görməm
ki, hətta səni təhqir edəyim” və s. Əli bəy
Hüseynzadə kimi yüksək mədəniyyət sahibi
olan fikir və qələm adamının baş
redaktorluğu ilə çıxan məcmuədə bu
cür etikadan kənar ifadə tərzinin yer alması ən
azı təəccüb doğurur...
MƏTBUATDAN MƏKTƏBƏ, ORADAN DA HƏBSXANAYA
“Füyuzat” nəşrini dayandırdıqdan sonra Əhməd
Kamal Bakını tərk etmədi. İkinci peşəsi
– müəllimliklə məşğul olmağa
başladı. Mətbuatda geniş təbliğatını
apardığı
İstanbul türkcəsini Azərbaycanda ortaq ədəbi
dilə çevirmək ideyasının tətbiqi
üçün burada daha geniş fəaliyyət meydanı
tapdı. O, tədris sahəsindəki nisbi sərbəstlikdən
və zəruri vəsaitlərin olmamasından yararlanıb dərsləri
Osmanlı türkcəsində aparırdı. Bunun
üçün də 1908-ci il fevralın 1-də anasına məktubda
“İstanbulda, məkatibi-edadiyyeyi-şahanade oxunan bir həndəsə,
bir kimya, bir kosmoqrafiya kitabının” təcili olaraq
ünvanına göndərilməsini xahiş edirdi.
“Məni Bakıya şiməndiförlə (qatarla – V.Q.)
iyirmi dəqiqəlik məsafəsi bulunan Balaxanıdakı məktəbin
başına keçirdilər. Bakıdakı münəvvər
kitabçıları İstanbula sövq etdim və
bütün tədrisatı İstanbul kitablarından
yapmağa başladım. Bu, digər məktəblərə
də örnək oldu. Bundan sonra
İstanbul kitabçıları ilə Bakı
kitabçıları arasında qüvvətli bir təmas
başladı. Və az zaman içində bütün
Kafkasiya İstanbul əvraqi-mətbəəsiylə doldu” –
deyə yarımçıq xatirələrində Bakıda
türkcə kitabların və türk ruhunun
yayılmasındakı rolunu xüsusi vurğulayırdı.
Hər halda yazdıqlarına inansaq Əhməd
Kamalın Balaxanıdakı müəllimliyi qəzetçilik
fəaliyyəti ilə müqayisədə daha uğurlu
olmuşdu. Bir müddət sonra Hacı Zeynalabdin
Tağıyevin yardımı ilə İstanbuldan Mehmet
Cövdət, Baha Səid və Darüşşəfəq məzunu
Beşikdaşlı Kiçik Fuad kimi müəllimlər
Bakıya gəlmişdilər. Onların fəal
iştirakı ilə yerli azərbaycanlılar arasında
qısa müddətdə müəllimlər hazırlamaq
üçün pedaqoji kurslar təşkil edilmişdi. Kursların mövcudluğu və buradan məzun
olanların fəaliyyəti çar üsul-idarəsinin
kosmopolit şəhərə çevirməyə
çalışdığı Bakı türklük
duyğusunun getdikcə daha sürətlə yayılmasına
təkan vermişdi.
Balaxanı
məktəbindəki fəaliyyətinin ilk dövrünə
yekun vuran Əhməd Kamal yazırdı ki, onun səyi nəticəsində
gənclər, xüsusən də uşaqlar Osmanlı
türkcəsi ilə danışmağa başlamış, hətta
yaşlılar da bu prosesdən kənarda
qalmamışdılar. Təliq xətti öz
yerini riqəyə vermişdi. Şiəlik
və sünnilik ucbatından biri-birinə əl uzatmayan
insanların övladları bir yerdə oxumağa razı
olmuşdular.
Məlumdur ki, Balaxanı məktəbinin müəllimləri
arasında böyük Mirzə Ələkbər Sabir də
vardı. 1910-1911-ci illərdə Əhməd Kamalın
müdir olduğu bu məktəbdə ana dili və şəriət
dərslərini aparırdı. Artıq həmin
dövrdə “Hophopnamə” müəllifi və həqiqi xalq
şairi kimi böyük şöhrət
qazanmışdı. 1920-ci illərdən sonra bu
şöhrət az qala kulta
çevrilmişdi. Lakin nədənsə Əhməd Kamal nə
Bakı mətbuatında çap etdirdiyi məqalələrdə,
nə də həyatının sonuna yaxın qələmə
aldığı xatirələrdə Sabir haqda bir kəlmə
də yazmamışdı...
1908-ci ilin iyulunda İstanbulda “gənc türklər”
inqilabı qələbə çaldı. Sultan II
Əbdülhəmidin bir qərinəlik mütləq hakimiyyətinə
son qoyuldu. Ölkədə 1876-cı il
Konstitusiyası yenidən qüvvəyə mindi, parlament təsis
olundu. Əhməd Kamalın əqidə
dostları iqtidara gəldilər. Müxtəlif
ölkələrdə siyasi mühacirətdə yaşayan “gənc
türklərin” əksəriyyəti vətənə
qayıtdı. Xatirələrində “1323-1324 (miladi
tarixlə 1907-1908-ci tədris ili – V.Q.) sənəsi
tədrisatını ikmalə bir-iki ay qalmış Türkiyədə
məşrutiyyət elan edildi və hamımız sənələrdən
bəri mütəəsiri olduğumuz vətənə
döndük” – yazsa da, qayıdanların arasında Əhməd
Kamal yox idi. Nəinki geri dönməmişdi, hətta
yay tətilini Azərbaycanda keçirmişdi. İyulun
sonlarında anasına göndərdiyi məktubda
yazırdı: “Şimdilik yaz olduğundan üç ay tətilimiz
vardır. Bu üç ay Kafkasiyanın ötəsinə
bərisinə səyahətlə ümrari-vəqt və təbdili-hava
ediyorum. İştə bunu da sizə Zəyəm
denilən bir səfiyədən yazdım”.
Türk tədqiqatçısı
M.Kayahan Özgül də onun məşrutiyyət
elanından dərhal sonra Türkiyəyə qayıtmamasını
Bakıdakı müəllimlik fəaliyyəti ilə əlaqələndirir:
“Çünki Kafkasiyada idarə etdiyi məktəbdən ilk məzuniyyət
bir sənə sonra olacaqdı. Bu müvəffəqiyyəti
görmədən əvdət etməyə könlü
razı olmadı”.
Fikrimcə, tək səbəb bu deyildi. Sadəcə,
“gənc türklər” zəfər çalandan və
İstanbulda vəzifə bölgüsü başlayandan sonra
hərəkatın bir çox sıra nəfərləri kimi
Əhməd Kamalı da yada salan olmamışdı. O da
“qurdlar süfrəsindən pay qapmağı bacarmayanlar”
(M.Kayahan Özgül)
arasına düşmüşdü. Bu baxımdan Bakıda qalması seçimdən daha
çox məcburiyyət üzündən atılan addım
sayılmalıdır.
(Ardı var)
Vilayət QULİYEV
525-ci qəzet.- 2013.- 3 avqust.- S.
14-15.