Azər Abdulla:
“Şeirlə nəsrin arasında əbədi və
etibarlı körpü var, məqamı gələndə
birindən o birinə asanlıqla keçmək olur”
Azər Abdulla əvvəlcə ilk qələm təcrübəsinin
necə yaranması haqqında bir hadisəni
danışdı. Bir çox nasirlər kimi o da
yaradıcılığa şeirlə başlayıb. Yaxın bir qohumunun itkisindən sonra yas mərasimində
müşahidə etdiyi hadisələrdən təsirlənərək
ilk şeirini qələmə alıb.
–
Qışın oğlan çağıydı, səhərin
gözü yenicə açılanda qapımız
döyüldü. Dedilər Telli xala (xalamın
qayınanası) ağırlaşıb. Anamla
xalamgilə çatanda Telli xala canüstəydi. Onu
odeyalın üstünə qoyub qibləyə çevirmək
istəyəndə, ayaq tərəfdən mən, baş tərəfdənsə
anamla xalam yapışıb qaldıranda gözləri devrilib
keçinməkdə olan Telli xala mənə sarı meyilləndi,
az qala qucağıma düşəcəkdi.
Qışqırmaqdan özümü güclə
saxladım. On dörd yaşımda ilk dəfəydi can
verməkdə olan adam görürdüm.
Qəbirstanlıq kənddən iki kilometr
aralıydı. Qar dizə çıxırdı. Maşın işləmədiyindən cənazə
məzarlığa çiyinlərdə getdi. O yas mərasimində
mənə ən çox təsir edən nə
qorxmağım, nə də kənddən iki kilometr
aralıda olan məzarlığacan tabutun çiyinlərdə
getməsini müşahidə eləməyim idi.
Mənim ilk qələm təcrübəm rəhmətlik
Telli xalanın “üç” mərasimində verilən ehsanla
bağlıdı. Şaxtalı gündə adamlar qəbirstanlıqdan
qayıdıb isti otağa yığışaraq
acgözlüklə yeməyə girişmələri,
qab-qaşıq, qaşıqlardan qopan şaqqıltı,
adamların gizlicə xısın-xısın gülməyi,
xörəyi yemədiyimi görəndə yan-yörəmdəki
adamların simsarlıqla, həm də ərklə danlayaraq
“ye, bala, ye, yeməsən günah olar” söyləmələri
mənə bəlli olmayan “günahdan” qurtulmaq
üçün öz ətimi yeyirmiş kimi o bozbaşı
yeməyim, ölənin anındaca unudulması mənim
yeniyetmə qəlbimi sarsıtdığından bir həftədən
sonra əgər ona şeir demək olarsa, ilk şeirimi
yazdım.
– İndi o şeir dururmu?
– Yox,
qalmır... Təsəvvür elə, həmin o ehsanda 40-50,
uzaqbaşı altmış adam olardı. Sonralar ömrüm boyu olduğum yaslarda, bəzən
lap üç-dörd yüz nəfərlik ehsan yeməyindəki
səs, ilk dəfə iştirakçısı olduğum o
balaca yas məclisindəki qab-qacaqdan, qaşıqlardan qopan
şaqqıltını hələ də üstələyə
bilməyib.
–
Yazıçılıq istedadınızı nə vaxt kəşf
etmisiniz?
– “Solfecio dərsi” hekayəm çap olunanda ilk dəfə
məni alqışlayanlar, təbrik edənlər oldu. O vaxtacan çap
olunmamış hekayələrimin əlyazmasını ədəbi
zövqünə, səviyyəsinə inandığım
tanınmış yazıçılara vermişdim. Onlar hekayələrimi bəyənməsələr,
çapa layiq bilməsələr də, ayrı-ayrı abzasların
qırağında bəzən müsbət, bəzən isə
nida işarələri qoyur, bəzi cümlələr barəsində
“bu, əsl nəsr materialıdır”, yaxud “bu cümlə bir
povestin mövzusudur” yazırdılar. Tanınmış
yazıçıların bu qeydləri məndə yazmağa
inam yaradıb.
– Təsirləndiyiniz
müəlliflər olubmu?
– Bu
sualı bir dəfə də mənə veriblər. Bəlkə iyirmidən çox şair, o qədər
də nasirdən təsirləndiyimi demişdim. Müsahibə çap olunandan sonra adlarını
unutduğum elə sevdiyim şair, yazıçılar
yadıma düşdü ki, sözün düzü,
peşmançılıq keçirdim. Bu
təsir məsələsi qəribə şeydi.
Şedevr sayılan əsərlər bir yana,
bəzən o qədər də tanınmayan, ədəbi aləmin
orta səviyyəli saydığı bir şairin, yaxud
yazıçının bir misrası, yaxud bir cümləsindən
havalanıb nəsə yaza bilərsən. Sənətçi
ömrü boyu oxuduğu, eşitdiyi həm söz, həm səs,
yaxud qoxu, dad, təam, gördüyü rəsm əsəri,
heykəltaraşlıq, memarlıq abidəsi, dağ,
çay, meşə, tək bir ağac... və hər
şeydən təsirlənə bilər.
–
Yazılarınızın çap olunmasında kimlərin
rolu olub?
– Əgər
bədii publisist yazıları da nəzərə alsaq, qəddar
rejim içərisində demokratik bir ada yaratmış
“Qobustan” dərgisinin baş redaktoru yazıçı
Anarın, həmin dərginin bölmə müdiri Tofiq
Abdinin, “Azərbaycan” jurnalının nəsr şöbəsinin
müdiri Mövlud Süleymanlının... İlk
şeir kitabımın nəşr olunmasında Əkrəm
Əylislinin rolu olub.
– Şeirdən nəsrə keçməyinizin
səbəbi nədir?
– Tək-tək
nasirləri çıxmaqla əksər prozaiklər
yaradıcılığa şeirlə başlayıb. Mənim bildiyimə görə Azərbaycan nasirlərindən
Yusif Səmədoğlu heç vaxt şeir yazmayıb. Bəzi adamlar belə düşünür ki,
dünyada şeirə maraq getdikcə azalır, şeir sənət
meydanını biryolluq tərk etməkdədir. Bəzən özümdən qat-qat
ağıllı, informasiyalı adamlardan bu fikri eşidəndə,
yaxud oxuyanda mənə qəribə gəlir. Axı, quşlar qanadıyla olduğu kimi insan
ağlı, yaddaşı, duyğusu, hissləriylə bir dəfə
yaradılıb. İnsanın
yaratdığı uçaq mühərriksiz, qanadsız, pərlərsiz
uça bilmədiyi kimi, yəni həmin hissələrsiz təyyarə
olmayıb uça bilmədiyi kimi hissiz, duyğusuz,
yaddaşsız insan da insan deyil. Şeirə
sevgini dənizin, okeanın çəkilib qabarmasına bənzətmək
olar. Bu çəkilib qabarma prosesi onillər, yüzillər,
bəlkə daha çox ola bilər. Ancaq şeir,
poeziya biryolluq yox ola bilməz. Deyəsən,
sualdan uzaqlaşdım. Qısası,
şeirlə nəsrin arasında əbədi və
etibarlı körpü var, məqamı gələndə
birindən o birinə asanlıqla keçmək olur.
– İlk kitabınız çap olunandan sonra ədəbi
mühitin buna reaksiyası necə oldu?
– Uzun illər
yazdıqlarımdan razı qalmamışam. Birinci
şeir kitabım barəsində ədəbi mühit, fikir
söyləməsini umduğum adamlar təvazökarcasına
susdu. Bu sükut məni daha da ümidsizləşdirdi.
Dostların, ədəbiyyata dəxli olmayan bir
neçə adamın sadəcə “təbrik edirəm”
sözlərindən başqa reaksiya olmadı. Bir il
ötəndən sonra Axundov adına Kitabxananın
üçüncü qatında Aydın Məmmədovla
qarşılaşanda kitabımı soruşub “yazmaq istəyirəm”
söylədi. Mən boyun qaçırdım.
Aydın bəy dünyasını dəyişsə də,
tarixçi alim, bənzərsiz
şeirlər müəllifi Elman Mustafa dediklərimə
şahiddir.
Ancaq uzun illər ötəndən sonra həmin
kitabımdakı şeirlər barəsində o qədər
xoş sözlər, təriflər eşitdim, gözümdən
düşmüş kitabımı götürüb yenidən
gözdən keçirdim.
–
Kitabınızı tərifləyən adamlar ədəbiyyat
adamlarıydı?
– 1980-in
sonları İrəvan Bakı qatarıyla gələrkən
tanımadığım gənc mənə
yaxınlaşıb “Bir durna qatarıyıq” adlı ilk
kitabımdan, özümün də unutduğum o qədər
misralar, bəndlər söyləyəndə
çaşdım, bir yandan da şübhələndim. Həmin
gəncin çağdaş şairlərimizdən gözəl
şeirlər söyləməsi, sonra da “Azər müəllim,
sizin kitabınız da əlimdən düşməyən
kitablardan olub” söyləməsi məni təəccübləndirdi.
Sonra həmin gəncin Cavanşir olduğunu
bildim. O Cavanşir sonralar Dərviş
Cavanşir olacaq, mən onun şeirlərini həvəslə
oxuyacaqdım. Beş-altı il bundan öncə gözəl nasir
Əlabbas Bağırovla tanış olanda başqa yazılarımla birgə həmin
kitabdakı şeirlər barəsində xoş sözlər
eşitdim. Bu dəqiqə adlarını unutduğum gənclər
var, onlar da ilk kitabımda çap olunmuş şeirlər barəsində
müsbət
fikirlər söyləyiblər. Qəribəsi
budur, eyni fakültədə oxuduğumuz, görkəmli
yazıçı Mövlud Süleymanlı otuz bir il ötəndən
sonra həmin kitab barəsində xoş sözlərini 2000-ci
ildə nəşr olunmuş “Gecə, əllərim hanı?”
kitabıma yazdığı ön sözdə bildirmişdi.
Lap qəribəsi bənzərsiz, gözəl şair Vaqif Bayatlının həmin
birinci kitabıma olan münasibətidir. 60–cı illərin
sonralarından bir-birimizi tanıyıb çox yaxın, mərhəm
münasibətdə olduğumuz Vaqif Bayatlı həmin
kitabımın işıq üzü görməsinə
çox sevindiyini, ancaq şeirlər barəsində fikir söyləmədiyini
xatırlayıram. Dördmü, beşmi il
bundan öncə Vaqifin həmin kitabda “Bir mahnı
yaşayır – İzabella” silsilə şeirləri dönə-dönə
tərifləməsi mənə qəribə gəldi.
Hansı şairinsə söylədiyi kimi, bəlkə, mənim
şeirlərim də illər keçdikcə, zaman
ötdükcə çaxır kimi gücünü,
“dozasını”
artırıb?! Şübhəsiz,
bu, bir zarafatdır.
– Daha
çox günün hansı vaxtlarında
yazırsınız? Müəyyən yazı
qrafikiniz var?
– Qabaqlar ancaq gecələr
yazırdım. Son vaxtlarsa əlimə fürsət düşəndə.
Buraya həm də “yazmaq ovqatı” gələndə, yəni fürsətlə
ovqatın üst-üstə düşdüyü zaman. Axı, çoxları kimi mən də peşəkar
yazıçı deyiləm.
– Peşəkar
deyəndə nəyi nəzərdə tutursunuz?
–
İstedadlı olduğunu dərk edib, çox şeyindən
– istirahətindən, kefindən, dünyanın bir çox ləzzətlərindən,
nəfsindən
keçib özünü yazıya həsr edən
sənətçiləri deyirəm. Bu
yaxınlarda televiziya verilişində Rəşad Məcidin
ironiya ilə dediyi fikir yadıma düşdü. Deyir dörd-beş kitabını öz puluyla nəşr
etdirən bəzi gənclər artıq özünü
oturuşmuş yazıçı sayır. Dəqiq söylənmiş fikirdi.
– “Kaş ki, bu əsəri mən yazaydım” dediyiniz bir
əsər varmı?
– Bu
sorğunun cavabını yığcamlaşdırmaq
üçün Azərbaycan ədəbiyyatına şamil edək.
Bir az da qısaltmaq amacıyla klassik və çağdaş
məşhurlardan məsələn, Mirzə Fətəli
Axundzadə, Mirzə Cəlil,
İsa Hüseynov, İsmayıl Şıxlı, Sabir Əhmədli,
Yusif Səmədoğlu, Əkrəm Əylisli, Anar,
Elçin, Mövlud Süleymanlının elə əsərləri
var. Bunlarla müqayisədə nisbətən az
tanınanlardan deyə bilərəm, təbii ki,
oxuduqlarımdan Məmməd Orucun “Oyun havası” hekayəsi,
Şahmar Hüseynovun “Kefcil Məhəmməd”, “Gündə
bir buğda boyu”, Əli Həsənlinin “Qayıq”, “Xof”,
“Ağ yol” hekayələri, Afaq Məsudun “Dahi”, “İkinci İohan”, Rahim Dünyamalının “Geriyə sürünən kölgələr” povesti, Kamal Abdullanın “Sehirbazlar dərəsi”
romanı, Xanəmirin “ağğğbaaağ” romanı...
– Sizin
zamanınızdakı gənclərlə bugünkü gənclərin
əsas fərqi nədir?
– Bizim gəncliyimiz sıxıntı içində
keçib. Özümüzü ifadə etmək
baxımından indiki gənclər kimi azad olmasaq da, dolayı
yolla yazımızı
yazırdıq. Mən istər rus, istər
doğma dilimizdə kitab bolluğuna görə, demokratik
mühitə görə indiki gənclərə qibtə edirəm.
Ancaq indiki bəzi gənclər bu azadlıqdan sui-istifadə
edib oturuşmuş milli dəyərlərimizi, islam dinimizi, hətta
insanlığın son
sığınacaq yeri olan Allahı daşlayırlar. İndiki gəncliyin çoxunda mədəniyyət,
etika, yaşlıya, ağsaqqal-ağbirçəyə
hörmət, ehtiram çatışmır.
– Ədəbiyyatda ilk
addımlarını atan gənclərə nə məsləhət
görərdiniz?
– Bu suala cavabın
bir qismini bayaq dedim. Əlavə olaraq
onu söyləmək istərdim,
əgər hər hansı gənc istedadlı olduğuna əmindirsə,
ömrünün çoxunu
oxuyub yazmağa həsr etsin. Ən yaxında,
qulağının dibində olan düşməninə, yəni içindəki
tənbəlliyə qalib gəlsin.
Ramil ƏHMƏD
525-ci qəzet.- 2013.- 3 avqust.- S. 19.