Pərvinin
yaradıcılığı haqqında bir neçə
söz
Ədəbi-bədii
yaradıcılığındakı ustadlığına, gənc
ədəbi qüvvələrə göstərdiyi təmənnasız
qayğılarına çox inandığım Rəşad
Məcidin “Nikbin sonluqlu hekayələr” sərlövhəli
giriş sözü ilə çap olunan bir kitab keçdi əlimə. Daha
doğrusu, onu mənə “Təhsil” nəşriyyatının
direktoru, elə Rəşad qədər çox istədiyim Bəhruz
Axundov öz kabinetində bağışladı. Gənc
yazıçı Pərvinin “Qar yağacaq” kitabı. Ömrümün
nisgilli bir vaxtında həyatıma, ruhuma həmişə təsəlli
olmuş bədii nəsrin təptəzə nümayəndəsinin
bir kitabı. Rəşad giriş
sözündə “Təhsil” nəşriyyatının son
vaxtlar iki gənc nasirin kitabını çap etdiyini dilə
gətirir və bu gənclərdən birinin Zərdüşt
Şəfi, digərinin Pərvin olduğunu bildirir. Zərdüşt Şəfinin adı mənə
çox şey deyir. Bir neçə vaxt əvvəl
Zərdüştün bircə hekayəsini oxuyub həmin o
hekayəyə iri bir məqalə yazmışdım. Və o məqaləni Zərdüşt
özünün ilk kitabına salmışdı.
Çox təəssüf ki, yalnız o ilk kitabının təqdimatında
gördüyüm Zərdüştü Tanrı bizə necə
vermişdisə elə də aldı və “Təhsil” nəşriyyatı
onun ikinci kitabını çap edə bilmədi...
Təsəllim bu oldu ki, Pərvinin əlimdə
tutduğum “Qar yağacaq” hekayələr toplusu elə
adının vəd etdiyi psixoloji ovqatı ilə mənə
nəsə tamam yeni bir şey deməli idi.
Mən haçansa yazılarımdan birində etiraf
etmişdim ki, hekayədən tutmuş böyük romanadək
hansısa bir bədii əsərin ilk cümləsini və ya
uzağı ilk abzasını oxumaq kifayət edir ki, onun
müəllifinin söz sənətinə bələd
olub-olmamasını özün üçün müəyyən
edəsən.
Pərvinin “Qar yağacaq” adlı bir kinopovest və
hekayələr toplusunu əlimə aldım və “Samir
üçün...” hekayəsinin elə ilk sətirlərindən
bu kitabın mənim üçün maraqlı olacağı
qənaətinə gəldim. Elə həmin
hekayəni oxuyub gördüm ki, bədii söz
dünyasına yeni ruhlu, yeni ovqatlı, yeni üslublu bir
yazıçı qədəm qoyur. “Qədəm
qoyur” ona görə deyirəm ki, bir tərəfdən bu hekayələr
Pərvinin ilk əsərləridir, digər tərəfdən
onların gənc nasirə məxsus olduğunu da hiss etməmək
mümkün deyil. Əsası odur ki, Pərvin
bu dünyanın rənglərini, çalarlarını
görür və təsadüfi deyil ki, hekayələrinin
bir çoxunda rənglər və çalarlar
obrazlaşdırılır. Əslində ədəbi-bədii
yaradıcılığın uğuru
yazıçılığa, şairliyə meyl edən
insanın dünyanı, həyatı, olanları, ola biləcəkləri və
hətta bir çox hallarda olmayanları, olmayacaqları, ola
bilməyəcəkləri görə bilməkdədir. Bütün bunlar təxəyyülün işidir və
təxəyyülün materialı da müşahidədən
gəlir. Təxəyyül və
müşahidə varsa, üslub öz-özünə
yaranacaq. Pərvinin dünyanı, həyatı duymaq
bacarığı, ətrafı müşahidə qabiliyyəti
onun bu günün özündə də iti görünən,
sabah bundan da iti olacaq təxəyyülünün
bünövrəsidir, informasiya bankıdır.
“Samir üçün ...” hekayəsi
yaşadığı mühitdə, yəni konkret olaraq
Samirin dolaşdığı mühitdə öz yerini tapa
bilməyən bir adamın həmin mühitdən
qaçıb qurtarmaq, banal şəkildə səslənən
“çörək pulu” qazanmaq məcburiyyəti üzərində
qurulub. Maraqlı mövzudur, tipik məsələdir,
çoxumuzun məcbur olduğumuz situasiyalardan biridir. Amma Pərvin bu situasiyanı bədii tipikləşdirmə
yolu ilə həm də elə fərdiləşdirir ki,
yazıçının bədii tapıntısı oxucunun
hisslərinə, duyğularına uzun müddətli bir təsir
mexanizminə çevrilir.
Samirin
bacısı-bu dünyanı, zamanı, mühiti Samirdən
bir az artıq duyan bacısı onun xaricdə
işləmək üçün hansısa bir firma ilə
müqavilə bağlamaq, ölkədən çıxıb
getmək məcburiyyətinə qarşı
çıxır və bunun əvəzində ona bir hekayə
yazacağını vəd edir. Günlər
keçir, bu hekayənin motivasiyası tapılmır. Qəflətən
ortaya çıxan Samirin 5 yaşlı oğlu atasının
qazanc dalınca evdən çıxıb gedəcəyini bilən
kimi, neçə vaxtdan bəri yığıb
saxladığı on, beş, üç və bir qəpikliyi
gətirib bibisinə-Samirin bacısına verir ki, bunlar atama bəsdi,
heç yerə getməsin, deyir. Hekayənin
ağır nöqtəsidir və Pərvinin
yazıçı qəhrəmanı elə bu hadisəni
hekayə kimi qəbul edərək sadəlövh uşaq təfəkküründə
atasına bəs edəcək o qəpiklərlə
bağlı hadisəni maraqlı bir mövzuya çevirir.
Əlbəttə, ilk baxışda hadisə
banal görünə bilər. Lakin uşaq təfəkkürünün,
uşaq sadəlövhlüyünün təmiz dünyası
bizi düşünməyə, ali təhsilli
cavan bir insanın öz mühitində yaşamaq çətinliyinə
qəribə bir həmrəylik hissinə çağırır.
“Şərq
şirniyyatı”nda ikiüzlülüyün, öz nəfsinə
işləməyin dəbə mindiyi zamanın ironik, bəlkə
bir az da sarkastik faktı ilə üzləşirik.
Şirniyyat mağazasında xırda bir
alış-verişə gələn qızın özündən
çox yaşlı bir qadınla təsadüfi
tanışlığı və elə şirniyyat rəfləri
arasındakı atüstü dialoqu ilk baxışda hər
ikisinin yüksək mədəniyyəti, tərbiyəli,
bir-birinə qayğılı davranışları ilə
yaxşı adamlar təsiri bağışlayır.
Lakin çox keçmir ki, onlardan birinin ağıllı bir
oğlu olduğunu güman etdiyi və içində bir anlığa
qurduğu xəyalları ilə yaşlı qadına
özünü “göstərmək” cəhdi, digərinin
satıcı oğlanla bir münasibət qurmaq arzusu ilə,
indicə mağazanı tərk edən qızın
ünvanına yağdırdığı bəyənməməzlik
faktı ilə ifşa olunması maraqlı bir süjet
yaradır. Hekayə novellavari bir sonluqla bitir və
yenə də müəllifin təxəyyülündən
doğan maraqlı bir səhnə yaranır.
Pərvinin hekayələri, yuxarıda da qeyd etdiyim kimi,
assosiasiya, ovqat məqamlarından yoğrulur. Əlbəttə,
sənət adamı müşahidə ilə yaşayır.
Bu, doğrudur, ancaq müşahidə o zaman sənətin
mövzusuna çevrilir ki, bu görümlər və duyumlar
tipiklik xarakteri daşıyır. Pərvinin
müşahidələri bu xarakterdədir və onun hekayələrində
ən adi həyat səhnələri, adi gerçəklik
qeyri-adi ifadə ilə tamam yeni bir çalara
düşür. “Qar yağacaq” hekayəsində
olduğu kimi. Hekayədə işin,
gücün, adi həyatın stereotipliyindən nevroz tapmaqda
olan bir qızın müalicə cəhdindən bəhs
edilir. “Xəstə” özü də xəstəliyinin
nə olduğunu hələ əməlli-başlı kəsdirə
bilmir, bəxtinə düşən həkim də diaqnozdan
çox nitqinə güc verən bir kəsdir. Ancaq
bununla həkim ona bu “pis zəmanədə”
yaxşılığı da görməyi,
narazılıqları içindən çıxarıb
atmağı tövsiyə edir, ətrafdakı müsbət
enerji verən hadisələrə diqqət etməyi
tapşırır və s. “Xəstə” qız həkimin
yazdığı “reseptdəki” dərmanlar haqqında
düşünə-düşünə getdiyi yerdə
“çörək pulu” istəyən yazıq bir qız
uşağı ilə qarşılaşır. Ona çörək pulu da verir. Qız
ritmik bir mahnı oxuya-oxuya aralanır və onun bu halında
ritmik mahnı oxuması “xəstə” qıza qəribə gəlir.
Qızın bu halında niyə belə şən ovqatda
olmasının səbəbini soruşduqda qız cavab verir: sabah qar yağacaq. Nevroza
tutulmuş “xəstə” qıza bu cavab çox qəribə
gəlsə də, onun ətrafa, mühitə, xəstəliyinə,
hətta müalicəyə belə münasibəti dəyişir.
Həkimin yazdığı resepti dörd
bölüb zibil qutusuna atır.
Beləcə,
Pərvinin “Eee... dayan!..”, “Mən... Yuxu... Sənət”, “Professional” kimi digər hekayələri
və “Balerina” kinopovesti də onun yazıçı
müşahidələrinin peşəkarlıqla nəsrə
çevrilmiş faktları kimi mənə çox maraqlı
gəldi.
Pərvinin belə gənc yaşında kinopovest
janrına müraciət cəsarəti məni çox
maraqlandırdı və mən onun “Balerina”sını oxudum. İlk
növbədə qeyd edim ki, bu kinopovestin süjet xəttindən,
kompozisiyasından tutmuş vizuallıq elementlərinədək
hər şeydə maraqlı bir rejissorluq materialı var. Bu
materialda rejissoru müasir kinosənətinin çətin
sınağı gözləyir. “Masmavi musiqi”,
“Çarpayının üstündə uçuşan
nağıllar”, “tünd, həsrət rəngi”,
qızın “əlilə
nağıllara toxunması”, “qorxaq pəncərə pərdəsi”,
hərəkət edən “ümidlər”, “qabın içindəki gizli istəklər”,
masmavi musiqinin “göyərib soyuq dəniz rəngi alması”,
“arzu geyimli qadın”, “dəniz rəngli musiqi”, qadının
“yaşından bir qədər soyuq görünməsi”,
“uşağın səsinə diksinən kamera”, “səhəri
əyninə geyinmək”, “döşəməyə səpələnmiş
laylalar” və s. kimi onlarca qeyri-adi ifadə kiçik
yaşlarından balerina olmaq arzusu ilə yaşayan bir
qızın və bu arzunu özünə qismət olmayan
balerina arzusunu qızında da gerçəkləşdirə
bilməyən bir ananın mistikaya, xəyala bənzər
obrazlarının bütöv alınmasına kömək edir.
Doğrudur, Pərvinin bir yazıçı kimi
bu əsərdəki görümlərini vizuallaşdırmaq
çox çətindir, bəzən mümkünsüz
görünür, amma bu da Pərvinin orijinal bir eksperimentidir və
mən inanıram ki, bu ideyanı haçansa, kimsə
gerçəkləşdirə bilər. İndiki
halda isə, məncə, Pərvinin heç vecinə deyil ki,
bu kinopovest filmə çevriləcək, yoxsa yox. Əsası budur ki, “Balerina” indiki halında elə nəsr
təsiri ilə də mükəmməldir.
Yazıçı üçün fərdi üslub
uğurun əsas faktıdır. Fərdi üslub
olmayan yerdə sənət əsəri yaranmır. Pərvinin
maraqlı fərdi üslubu var. Bu üslub ilk növbədə
onun həyatı görümünə və bu
görümü ifadə tərzinə aiddir. Bu
üslubda adamı heyrətə salmaq üçün
qışqıran sərlövhələr yoxdur. Kitabdakı hekayələrin sakit ahəngə məxsus
adi sərlövhələri var. Əsas mahiyyət həmin adiliyin
altındadır və məncə, Pərvinə uğur gətirən
faktlar sırasında elə bu sakit təhkiyə üslubu əsas
yer tutur.
Mən Pərvinin “525-ci qəzet”də
publisistikasını, esselərini də maraqla oxuyuram. Bu əsərlərində
də Pərvin nəinki üslubu ilə, habelə
tematikası, predmetə baxışı ilə tamam orijinal
bir yazıçı-publisistdir. Çox güman edirəm ki,
lap yaxın gələcəkdə biz bu gənc
yazıçının yeni-yeni kitabları ilə
qarşılaşacağıq.
Cahangir MƏMMƏDLİ
525-ci qəzet.-
2013.- 3 avqust.- S. 20.