Yüz Gözəl
Sevgi Şeiri - Ürəyim Sərsəm...
Zəif sevgi olmur. O ya var, ya da yoxdu. Əlbəttə, aşiqliyi immitasiya edib hissiyyatlı adam
imicini uyduranlardan söhbət getmir. “Sevgi”yə sinonim sözlərdən
biri də “sevinc”di məncə... İnsan sevəndə,
sevinəndə güclüdü, sağlamdı, çox
şeyə qadirdi. Demək, sevgi güc
verir, dağları aşacaq, zərbələrə tab gətirəcək
güc. Ona görə əsl sevgi
ayrılıq bilmir, qorxu tanımır, mühitin
qanunlarına tabe olmur, zamana və məsafəyə meydan
oxuyur. Güclü olduğuna görə! Təkcə
ölümdü onun əlini-qolunu bağlayan qənimi.... Amma
yalnız əlini, qolunu... Ürəyi,
düşüncəni heç nə zəncirləyə bilməz.
Sevirsən! Ölüm onu həyatından
alıb, ovcunun içindən götürüb,
köksündən ki çıxarmayıb. Xəyallarına,
xatirələrinə nə mane ola bilər?!
Hamısı yerindədi... Təkcə sinonimdən
başqa. Dəyişilib çünki... “Kədər”lə
sinonim olub Sevgin, hüznlə eyniləşib.
Bütün hissin, düşüncən hüznlüdü, kədərləndirir,
ağrıdır... Keçmişdə qəhqəhə
çəkib güldüyünü yadına salırsan, indi
də gülməlidi, gülə-gülə
hönkürürsən. Dünən qəlbini sərinlədən
hiss, bu gün qarşına çıxan hər şeyi silaha
çevirib ürəyinə tuşlayır, səni zərrə-zərrə
yeyir, dağıdır. Gördüyün hər
nə varsa, keçmişdəndi. Elə
Sən özün də keçmişdəsən. Çünki sevincin orda qalıb. Musiqilər,
filmlər, rəsmlər, rənglər, arzular, kitablar,
bölüşdüyünüz dörd divar,
gülüşdüyünüz zarafatlar.... hamısı, hər
şey dünənindədi... Ona görə bacarmırsan, nə
bu gün, nə sabah yaşamağı...
Bacarmırsan! Yalnız DÜNƏN yaşamaq istəyirsən!
Anlayırsan ki, sevgi elə sevgidi... Güc,
sevinc, məna isə o idi, sevdiyin. Yanıb
tökülürsən. Nə maneə yaransaydı
aşardın, hər günahını
bağışlayardın, ərköyünlüyünü
sevə-sevə qəbul eləyərdin, min il
gözləyərdin, əzabını səbrlə çəkərdin,
təki Var Olaydı. Amma Ölüm! Onun
qarşısında acizsən. Ona çarə yoxdu...
Adi adam əvvəl
sevdiklərinin ölümü ilə üzləşir, sonra sadaladıqlarımı
pillə-pillə yaşayıb anlayır,
içindən keçirir. Fərqli,
istedadlı insan isə öncədən görür, başa
düşür. Nə itirəcəyini təxmin
edir. Çünki
yaşadıqlarının fərqindədi. Ona görə sevdiyi hələ sağ ikən
qorxur. İstər kişi olsun, istər
qadın, ağıllı adam həyatı boyu, ən xoşbəxt
günlərində belə özünü xəyalında
bir neçə dəfə dul görür. Qadın pərişan
saçlarını qara çarşab, kişi
isə çiynini tabut altda təsəvvür edir. Axı
dünyanı, insan münasibətlərini dərk eləyən
adamın Sonu fikirləşməməsi necə ola bilər?! Və məncə, sevənləri
mehribanlaşdıran, qədirbilən edən səbəblərdən
biri də budur.
...Ölüm
qorxusu içini aldımı, gözünə heç nə
görünmür! Sakit yaşamaq istəyirsənsə,
dəf eləməlisən o düşüncəni. Özü də tək yox, onunla birgə. Nazım Hikmət də bilirdi bunu. Hamımızdan yaxşı dərk edirdi. Sevgili Pirayəsinin ürəyini tez ovutmalıydı.
Özü də uzaqdan, yazısı ilə... “Karıma
məktub” adlandırdığı, həbsxanadan
yazdığı şeiri ilə. Sadəcə
məktub idi, şeir idi. Sevdiyinin
ölümünü gözləyən, başı
sızıldayan, ürəyi sərsəm qadına təsəlli
kimi bu, zəif görünə bilər. Amma
Nazım sözüylə sığallamağı,
bağrına basıb sakitləşdirməyi
bacarırdı. İpi boğazına
keçirmək üçün zamanını gözləyən
zavallı bir çingənə ilə burun-buruna dursa belə.
Şeirin iki nəzərəçarpan özəlliyi var. Birincisi, ovqat dəyişikliyi... İkincisi, Nazımın hansı əhvalda olmasına baxmayaraq, sevgilisinə əvvəldən sona kimi yalnız və yalnız təsəlli verməsi. Xanımından “Səni asarlarsa, yaşayamam...” mətnli məktub alan şairin təlaşı açıq-aydın duyulur. Bir mövzudan o birinə keçməsi, rabitəsiz fikirləri ilə. Amma bu, Nazımdı... Rabitəsiz fikirləri poeziyaya çevirmək onun qələmi üçün çox sadədi. İndi isə şeir yazmaq hayında deyil şair. Bütün poeziya, fəlsəfə, estetika yalnız bir məqsədə xidmət edir: Pirayəni sakitləşdirməyə. Məncə, bəlkə hərəsi bir ayrı əsərə mövzu ola biləcək mətləbləri bir şeirə sığışdırmasının da səbəbi budu. Qəlbinin qızılsaçlı bacısını “En fazla bir yıl sürer yirminci asırlarda ölüm acısı” – misrası ilə düşündürən şairin “mavi gözlerimde korkuyu görmek için boşuna bakacaklar Nazıma” – deyib öz gücünü, xarakterini göstərməsi yerinə düşür... Nədənsə adama elə gəlir ki, şeir burda bitdi. Və bu məqamda Nazımın birnəfərlik, niyə birnəfərlik, bilmirəm, bəlkə də şeirdəki ilahi sehrə görə, kamerada var-gəl edib düşünməsi, vurnuxması kino kadrı kimi canlanır gözümün önündə. Həyatını azadlığa və sevdiklərinə qovuşmadan bitirmək təlaşı bir yandan, digər tərəfdən də xanımın qorxusu... Məhz belə anda insanın bütün ömrü fikrindən keçər, ona görə də Nazımın çıxardığı nəticə heç bir təəccüb doğurmur. Sanki ikinci nəfəslə şeirin, məktubun ardını yazır şair... Və burda ovqatının dəyişilməsi, duyğulanması aydın sezilir... Mavi gözlərində qorxunu gizlətməyi bacaran Kişi arxa plana keçir. Həyatının əsas mənasını anlayan, dadın, duzun nədə olmasından xəbərdar, müdrik, amma eyni zamanda ürkək bir aşiq önə gəlir. Yalnız müdrik adam son sabahının alaca qaranlığında dostlarını, sevgilisini xatırlayar. Dünya malının, şöhrətin boş və mənasız olduğunu yaxşı bilirdi Nazım... Yarıda qalmış eşq nəğməsinin acısından savayı nə götürə bilərdi ki torpağa?! Ancaq elə bu kədərli misraların özündə də təsəlli var... Pirayəyə təsəlli! Nazım günahkar bilir özünü, xanımın qanını qaraltdığı üçün təqsirkardı. Bu da insan hissinin qəribə, təzadlı bir tərəfidi. Dərdini bölüşmək, ürəyini boşaldıb yüngülləşmək, sakitləşmək istəyirsən. Axı, sirrini kimə deyə bilərsən, içini kimə aça bilərsən?! Yalnız ən yaxınına, qəlbinin bir parçasına... Ancaq ağrın onsuz da azalmayacaq bununla. Əksinə, niyə incitdim, niyə dərd verdim deyə söyəcəksən özünü. Nazım da söyürdü... Gözləri baldan dadlı xanımı əzizləyə-əzizləyə söyürdü özünü. Yalan da danışırdı hələ... Çünki Ölüm heç vaxt uzaq bir ehtimal deyil! Bir ah kimi, nəfəs kimi yaxındadı... Xüsusən vətən xaini hesab olunan məhbus üçün.
... Məktubun sonu yetişirdi. Nazım bütün təsəlli üsullarını işlədib bitirmişdi. Fəlsəfədən vurub psixologiyadan çıxmışdı. Amma zindana atılmış sevgilisi üçün təlaş keçirən qadına bunların təsir edəcəyi şübhəlidi. Nazımın aşiq kimi də, sadəcə ağıllı kişi kimi də, şair kimi də dahiliyi məhz bu məqamda, son misralarda fəvvarə vurur:
“Paran
varsa eğer bana fanila bir don al. Tuttu bacağımın siyatik
ağrısı. Ve unutma ki, daima iyi şeyler
düşünmeli bir mahpusun karısı...”
Evdə ər yolu gözləyən xanımın fikrini
bundan gözəl necə dağıtmaq olardı?! Bir də yalnız
istedadlı Aşiq qadını ilə bu qədər real
danışa bilər... Sanki səhər tezdən
isti mətbəxdə üz-üzə oturub şirin çay
içə-içə söhbət edirmiş kimi. Amma bu sadə istəyin, şirin
danışığın altındakı mənanı
düşünəndə havalanmaya bilmirsən.
Nazım yaşamaq
planlaşdırır... Ölməyə
hazırlaşsaydı, ayaqlarının ağrısı vecinə
olmazdı axı... Xanımdan da heç nə
istəməzdi. Həmin misraların da
yazılmasında əsas məqsəd budu, məncə.
Yəni bax, əgər ölüm uzaq bir ehtimal
olmasaydı, mən heç ağrılarımı
düşünməzdim.
Və ən
sonda! Məhbus xanımına balaca bir öyüd...
Xırdalamadan, səbəbi açıqlamadan... Axı bu
Nazım Hikmətdi! Onun demədikləri dediklərinin
arxasında durub! Pirayə
üçün isə gizlinləri duymaq çətin
olmazdı... Şeirin hər misrasından saçan
ölüm qoxusunu da hiss edəcəkdi sərsəm ürəyi
ilə! Ürəyi Sərsəm Qadın!
Nazım
Hikmət: “Bu ölüme bir türlü razı olmuyor
gönlüm”
Bir tanem!
Son
mektubunda:
“Başım
sızlıyor
yüreğim
sersem!”
diyorsun.
“Seni
asarlarsa
seni
kaybedersem;”
diyorsun;
“yaşayamam!”
Yaşarsın
karıcığım,
kara bir
duman gibi dağılır hatıram rüzgarda;
yaşarsın, kalbimin kızıl saçlı bacısı
en fazla
bir yıl sürer
yirminci
asırlarda
ölüm acısı.
Ölüm
bir ipte
sallanan bir ölü.
Bu
ölüme bir türlü
razı
olmuyor gönlüm.
Fakat
emin ol
ki sevgili;
zavallı bir çingenenin
kıllı,
siyah bir örümceğe benzeyen eli
geçirecekse eğer
ipi boğazıma,
mavi
gözlerimde korkuyu görmek için
boşuna bakacaklar
Nazım’a!
Ben,
alaca
karanlığında son sabahımın
dostlarımı ve seni göreceğim,
ve
yalnız
yarı
kalmış bir şarkının acısını
toprağa götüreceğim...
Karım
benim!
İyi
yürekli,
altın
renkli,
gözleri baldan tatlı arım benim;
ne diye
yazdım sana
istendiğini
idamımın,
daha dava
ilk adımında
ve bir
şalgam gibi koparmıyorlar
kellesini adamın.
Haydi bunlara boş ver.
Bunlar uzak bir ihtimal.
Paran varsa
eğer
bana
fanila bir don al,
tuttu
bacağımın siyatik ağrısı,
Ve unutma
ki
daima iyi şeyler düşünmeli
bir mahpusun karısı.
525-ci qəzet.- 2013.- 3 avqust.- S. 21.