Toğrul Nərimanbəyov
sənətinə Şərqdən və Qərbdən
baxış, yaxud xalq rəssamı ilə
son müsahibə
Zaman-zaman
ətrafında əfsanə və mif dolaşan
keçmiş sovetlər birliyİnin və Azərbaycan
Respublikasının Xalq rəssamı, Dövlət
mükafatları laureatı Toğrul Nərimanbəyov
böyük sənətə ötən əsrin 50-ci illərində
gəlib. O vaxt incəsənət özünün inkişaf
dövrünü yaşayırdı. Yeni
yarıdıcılıq cərəyanları, təzə
axtarış meyilləri yaranmışdı. Rəssamların bəziləri realizm üslubunda, bəziləri
sərt və poetik-romantik yöndə, bəziləri isə
modernist-abstrakt və digər yönlərdə
yaradıcılıq axtarışları aparırdılar.
Toğrulun yaradıcılığında Şərqlə
Qərb sənətinin sintezi üstünlük təşkil
edirdi. Onun əsərlərində Şərq
miniatür sənətinə məxsus gözəl dekorativlik,
Qərb incəsənətinə xas intellektuallıqla harmonik vəhdət təşkil
edir, bu əsərlərin hərəkətverici qüvvəsinə
çevrilirdi.
Gözləmək olardı ki, hamı Toğrulun yeni
görünüşdə olan, amma nahamar görünən bu
əsərlərini ilk baxışdaca sevib dəyərləndirəcək
və onları zamanın fövqündə duran nadir sənət
nümunələri hesab edəcək. Lakin tamamilə əksinə
oldu, çoxları bunu əllaməçilik, mücərrəd sənət cərəyanının
təsirinin təzahürü kimi qiymətləndirdi. Hətta
bəziləri dodaq büzüb Toğrulu qınadı, “milli
zəmindən uzaqlaşmış”, “cızığından
çıxmış rəssam” adlandırdı. Amma Toğrul bunların heç birinə məhəl
qoymadı, ürəyinin hökmü ilə özü istəyən
kimi işlədi. Nəticə də
uğurlu oldu. Rəssamın milliliklə bəşəriliyin
harmoniyasında yaratdığı digər unikal əsərlər
bir növ Şərqlə Qərb arasında ilk mənəvi
– mədəni körpüyə çevrildi. Onun əsərləri
dünyanın məşhur muzeylərinə,
tanınmış rəsm kolleksiyaçılarının özəl qalereyalarına
düşdü. Bundan sonra Toğrul Nərimanbəyovun
imzası “Dünyanın dahi rəssamları” incəsənət-məlumat
ensiklopediyasında dünyanın dahi rəssamları ilə
bir sırada yazıldı.
Toğrul Nərimanbəyov XX əsrin 80-ci illərinin
axırlarında Bakıdan Moskvaya, Moskvadan Amerikaya, oradan
Lüksenburqa, Lüksenburqdan isə Parisə
köçdü. Uzun illər idi ki, Parisdə
yaşayıb yaradırdı. Lakin tale elə gətirdi
ki, 2013-cü il iyunun 2-də o ürək
xəstəliyindən Parisin Jorj Pompedu klinikasında
dünyasını dəyişdi. Məlum səbəblər
üzündən bu dahi rəssamın dəfni düz bir ay, bir gün ləngidi.
Düz bir ay, bir gündən sonra, daha dəqiq desək,
2013-cü il iyulun
3-də narahat ruhu uzun müddət Paris üzərində
cövlan edən Toğrul Nərimanbəyovun cənazəsi nəhayət
ki, Passi adlanan məzarlıqda torpağa tapşırıldı.
Bu müsahibə mənim Toğrul Nərimanbəyovla
ölümündən xeyli əvvəl apardığım
son söhbətlərin bəhrəsidir. Güman edirəm
ki, oxucular üçün maraqlı olacaq.
– Həyatda
elə məsələlər var ki, hansı səbəbdənsə
onu danışmaq, açıqlamaq olmur. Buna
misal kimi sizin həyatınızı, ailə şəraitinizi
örnək göstərə bilərik. Yadımdadır,
sovetlər dönəmində sizin ailənizin 30-cu illərin
axırlarında repressiya olunması faktını xatırlamaq,
gündəmə gətirmək qeyri-mümkün idi. Bu barədə yazmağa özünüz icazə
vermirdiniz. Bəs indi necə, bu mövzuya
toxuna bilərikmi?
– Əlbəttə, toxuna bilərik. Amma hamıya
aydın və anlaşıqlı olmaq üçün
söhbətə bir qədər uzaqdan başlayacağam.
Öncə onu demək istəyirəm ki, bizim
ailəmiz bəy şəcərəsindən olub. Şuşa bölgəsində hektarlarla
torpaqlarımız, saraylarımız mövcud imiş. Qohum-əqrəbalarımız yüksək təhsil
almış, el arasında sayılıb-seçilən
tanınmış ziyalılar olublar. Atam
da yaxşı təhsil görmüşdü. O, gimnaziyanı
bitirdikdən sonra, 20-ci illərdə, Azərbaycan hökuməti
tərəfindən Fransaya ali məktəbdə
təhsil almağa göndərilmişdi. O, Fransanın Tuluza
şəhərində oxuyub mühəndis-elektrik
ixtisasına yiyələnmişdir. Elə gələcək
anam İrma ilə də orada tanış
olub evlənmişdilər.
Anam Fransanın cənubundan, daha dəqiq desək, məşhur
Qasqondan idi. Bu ərazi İspaniya sərhədində yerləşən
Biatris, Po, Priney dağları həndəvərindədir.
Mən sonralar Parisdə yaşamağa
başlayan dövrlərdə həmin yerlərə səfər
etmişəm. Həm təbiəti, həm
də insanları çox gözəldir. Qasqon
İspaniya sərhədində yerləşdiyi
üçün bu yerlərin adamları fransızlardan
seçilirlər. Onlar çox nikbin və
gülərüzdülər.
Məqam
düşmüşkən onu deyim ki, mənim böyük
qardaşım, Azərbaycanın
Xalq rəssamı Vidadi Kayendə
dünyaya gəlib. Anam həmişə deyirdi: sizin
atanız torpaqcanlı adam idi.Yaxşı
yaşamamıza baxmayaraq, həmişə Azərbaycana gəlməyə
can atırdı. Ona elə gəlirdi ki,
atasının yanında olmalıdır. Yaşlı
vaxtlarında ata-anasına kömək etməlidir. Elə buna görə də, günlərin bir
günü atam-anamı və qardaşım Vidadini
götürüb Parisdən gəmi ilə Rusiyaya
yollanırlar. Həmin dövrlər
Rusiyada çox qarışıqlıq idi. Orada inqilab olmuşdu. Ona görə gəmi İstanbula istiqamət
götürür. Gəmi İstanbula
çatanda, onlar Odessadan gələn, rus mühacirlərini Qərbə
aparan başqa bir gəmi ilə qarşılaşırlar.
Həmin gəmidə bir knyaz mənim atamı
tanıyır və deyir ki, Fərman, gəl mənə qulaq
as, oralara getmə, otur bizim gəmiyə, yenidən Fransaya
qayıt. Qayıtmasan başına bəlalar
gələcək. Atam knyazın dediklərinə
məhəl qoymur, öz doğmalarının
görüşünə tələsir. Bakıya
çatanda heyrətindən donub qalır. Ona görə
ki, bir vaxtlar Bakının general-qubernatoru olmuş babası Əmirbəy
Nərimanbəyov ev dustağı edilmiş, bəzi
doğmaları isə sürgünə göndərilmişdi.
Bax, belə bir ab-havada atamla babam görüşüblər. Bundan bir qədər
sonra, daha dəqiq desək, 1930-cu ilin 7 avqustunda mən
dünyaya gəlmişəm. Ata və
anamın dediyinə görə, babam Əmirbəy məni
görüb öpüb, qısa müddətdən sonra
dünyasını dəyişib. Sonra atam
Bakıda əmək fəaliyyətinə başlayıb.
O, məsul işçi kimi Dövlət Layihə İdarəsində
çalışıb. Atamın layihələri
əsasında xeyli elektrik stansiyaları tikilib. O vaxt
dövr çox mürəkkəb olub. Kənar ölkələrdə
təhsil alıb gələnləri heç nədən
şərləyiblər, haqlarında “danoslar” yazıblar. Bu “danosları” əllərində əsas tutaraq
adamları heç nəyə görə həbs eləyiblər,
uzunmüddətli həbs cəzası kəsiblər və
Sibirə göndəriblər. Atamı da
bu yolla həbs ediblər. Ona beş illik müddətə
Sibirə, Marinski vilayətinə sürgünə göndəriblər.
Mən anamla birlikdə qalmışam. Amma bir qədər sonra anamı da həbs etdilər.
Onu Keşlə həbs düşərgəsinə
apardılar.
O vaxt mənim
5-6 yaşım vardı. Gördüklərimi
indi də xatırlayıram. Yadımdadır, anamı
Keşlə həbs düşərgəsinə aparanda
hay-küy salıb məni də özü ilə götürdü. Həbs düşərgəsində çox
çalışdılar ki, məni o yerdən
uzaqlaşdırsınlar. Amma mümkün
olmadı. Çünki anam xarici ölkə
vətəndaşı idi. Həbs düşərgəsində
mənim yeddi
yaşım oldu. Məktəbə getməli
idim. Bu isə həbs düşərgəsində
mümkün deyildi. Anam xarici ölkə vətəndaşı
kimi hay-küy salıb mənim məktəbə getmək məsələmi
ortaya qoydu. Anamın təkidi
ilə həbs düşərgəsinin rəisi məni 132 saylı orta məktəbin
birinci sinfinə qoydu. Beləliklə, mən oxumağa başladım.
Məni hər gün düşərgənin rəisi
“Sudabeker” maşını ilə özü aparıb gətirirdi. Bax beləcə, bir neçə
il həbsdə ola-ola məktəbdə təhsil aldım.
Sonra iş elə gətirdi ki, anamı yatabla əvvəlcə Kustanaya,
sonra isə Qaraqandaya apardılar. Müharibə
qurtarandan sonra isə, anama yalnız Səmərqənddə
yaşamağa izacə verildi. Çünki
onda Bakı bağlı – yəni qapalı şəhər
idi.
Bu yerdə bir faktı xatırlamaq
yerinə düşərdi. Anam Qaraqandaya
sürgün edildikdən sonra bir müddət təhsilimi
davam etdirə bilmədim. Xeyli sonra qohum-əqrəbanın
köməyi ilə 7-ci sinfi bitirib rəssamlıq məktəbinə
daxil oddum. Texnikumda oxuduğum dövrlərdə
artıq anam Səmərqəndə
köçürülmüşdü. Günlərin
bir günü anamı görmək üçün Səmərqəndə
getdim. Mən Səmərqənddə, qədim Teymurləng
mədəniyyətinə məxsus memarlıq abidələrini
görüb heyrətləndim. Bu əvəzsiz abidələri gördüyüm
üçün Tanrıya çox minnətdaram.
– Adətən,
sənətə gələnlər müxtəlif dönəmlərdə
hansı sənətkarı özünə örnək
seçir, və yaxud hansısa cərəyanlara meyilli olur. Yəqin siz də belə olmusunuz?
– Mənim həmişə fransız
romantizmdən xoşum gəlib. O zaman, yəni
başlanğıcda hələ rəssamlıq texnikumunda və
ali rəssamlıq məktəbində oxuyanda Ejen Delakria, sonra
Kyustav Kurbe mənim ən sevimli rəssamlarım olublar. Mən
sezanizmlə də çox maraqlanırdım. Ona görə də sezanizmi öyrənməyə
başladım. O vaxtlar Avropa rəssamları da
sezanizm məktəbindən bəhrələnirdilər. Bu da
dünya rəngkarlıq mədəniyyətinin
inkişafına çox böyük təkan verdi.
Buna səbəb dünya rəssamlarının
yeni sənətin yeni üsulları ilə silahlanmaları
oldu.
Düzdür,
sezanizm mənim
yaradıcılığımda da önəmli
rol oynayıb. Amma
mənim inkişafımda Azərbaycanın milli incəsənətinin,
Şərq mədəniyyətinin öyrənilməsi daha
böyük rol oynayıb. Mən Təbriz miniatür sənətini,
Çin və Yapon incəsənətini çox
xoşlayıram. Sözsüz ki, bütün
bunları Azərbaycan incəsənəti sayəsində dərk
eləmişəm. Bunu öncə dediyim
kimi, hələ ilk dəfə Səmərqənddə
yaşayarkən Teymurləng dövrünün mədəniyyət
abidələrini görəndə anlamışam.
Səmərqənddə
yaşayanda və Teymurləng dövrünün mədəniyyət
abidələrini görəndə bu şedevrlərin
yaranmasında Azərbaycan memarlarının və rəssamlarının da iştirak etdyinin şahidi oldum.
Hiss elədim ki, buradakı unikal mozaikaların müəllifləri Naxçıvandan, Gəncədən
və Təbrizdən olan
istedadlı Azərbaycan rəssamlarıdır.
Onların orada öz imzaları olan koloritli işləri ilə də
görüşdüm. Əlbəttə, bu
çox qiymətli və qürur doğuran bir işdir.
Bütün bunları xatırlamaqda, yada salmaqda məqsədim
həqiqəti söyləməkdir. O həqiqət budur ki,
yaradıcılığının ilkin çağlarında
kimləri isə özlərinə kumir seçsə, və yaxud
müxtəlif cərəyanlardan keçsə də sənətkar
nəhayətdə öz
kökünə qayıtmalıdır. Çünki
sənətkar milli və bəşəri olanda güclü,
yenilməz olur.
– Siz
yaradıcılığa çox çətin bir dövrdə
– köhnəni inkar
və rədd etmə
məqamında, yeni cərəyanların tüğyan etdiyi zamanda gəlmisiniz.
Çox təbii ki, zamanın bu təzadlı dövründən
yaxşı bir rəssam kimi sağ-salamat çıxmaq sizə
elə də asan başa gəlməyib?
– Mənim
sənətə gəldiyim illər qeyd etdiyiniz kimi çox qarmaqarışıq
və təzadlı illər idi. Onda elə bir
dövr idi ki, incəsənətdə sosialist realizm kimi bir istiqamət üstünlük təşkil edirdi. Həm də rəssamların
qarşısına “səyyar sərgicilər” kimi siyasi
bir məsələni həyata
keçirmək vəzifəsi qoyulurdu. Bilirsiniz,
bu nə deməkdir?! Bu istedadlı adamların
yaradıcılıq müstəqilliyini məhdudlaşdırmaq,
yalnız sosialist-realizm üslubunda trafaret rəsm nümunələri yaratmaq siyasəti idi.
Bizim isə,
o vaxtlar daim yenilik,
tərəqqi axtaran bütün gənclər kimi əsas diqqətimiz fransız avanqard incəsənətinin
öyrənilməsinə
istiqamətlənmişdi. Biz Pol Sezan, Van Qoqla
maraqlanırdıq. Pol Sezan, Van Qoq, Klod Mane, bir sözlə,
bütün impressionistlər, ekspressionistlər gənc rəssamların
kumirləri idi.
Rus avanqard incəsənətində də diqqəti
çəkən proseslər gedirdi. Bu işdə “Kərpiç-valet”
rəssamlıq cərəyanı xüsusi rol
oynayırdı. Bu cərəyan Moskvada
yaranmışdı, amma Sankt-Peterburqda da sürətlə
inkişaf edirdi və orada onun ətrafında çox
istedadlı rəngkarlar toplaşmışdı.
Maşkov, Konçalovski, Lintulov və onlarla başqaları bu cərəyanın
aparıcı üzvləri idi. Onlar çox
güclü mövqeyə malik idilər. Demək olar,
fransız avanqardı
ilə eyni səviyyədə dururdular. Fikir vermişəm,
onların yaradıcılıq nümunələri indinin
özündə həm Rusiyada, həm də bütün dünyada çox
yüksək qiymətləndirilir.
İmkan tapıb mənə yaxın olan bu cərəyanın
yaradıcılıq nümunələrini öyrəndim. Bu mənə,
mənim yaradıcılığıma olduqca böyük təsir
göstərdi. Amma mən yolumdan sapmadım. Bu cərəyanların
üstün cəhətlərindən yaradıcılıqla istifadə edib bir rəssam kimi milli
zəmin üzərində
formalaşdım.
– Yəqin
ki, fikir vermisiniz, bu gün bir çox rəssam Avropa sənətçilərini
təqlid edir. Bəziləri isə abstrakt əsərlər
yaratmağa üstünlük
verirlər. Dünya rəssamlığına həm Şərqdən, həm də Qərbdən baxan bir
təcrübəli rəngkar kimi bunu necə qiymətləndirirsiniz?
– Bu
mövcud dünyamızı gəzdikcə, müxtəlif xalqların mədəniyyəti,
incəsənəti ilə yaxından tanış olduqca,
onların necə rəngarəng, təzə, maraqlı
olduğunun canlı şahidinə çevrilirsən. Bəli,
dünya xalqlarının mədəniyyəti özünəməxsusluğu
ilə gözəldir! Mən həmişə belə
düşünmüşəm və indi də belə fikirləşirəm
ki, hər bir rəssam öz xalqına məxsus mədəniyyətin gözəlliyini açmalı,
onun dərinliyinə getməlidir. Başqa xalqların mədəniyyətlərini
təqlid edib onun içində əriyib yox olmamalıdır. Yalnız belə olduğu təqdirdə – yəni sən
öz milli sənətinlə, milli dəst-xəttinlə
dünya mədəniyyətinə unikal töhfələr verə
bilərsən.
Əlbəttə bunun üçün bir
ömür çox azlıq edər. Amma
Tanrı tərəfindən verilmiş bir ömür çərçivəsində
sən bunu edə bilsən bu çox qiymətli olacaq. Sənin
yaratdığın bu incəsənət sənin
xalqının həyatında, yaradıcılığında hansısa səhifəni
dolduracaq. Bu çox gərəkli və qiymətlidir.
– Bu
gün dünya sənətşünasları da, rəssamları
da, heykəltəraşları da həyəcan təbili
çalıb sənətdə deqradasiya, tənəzzül
proseslərinin getdiyini söyləyirlər. Və bu səbəbdən
də yeni Leonardo da Vinçilərin, Rafaellərin,
Tisianların, Penuarların, Van Qoqların, Rembrantların,
Sezanların, Modilyanilərin bir daha yetişməyəcəyini
şübhə altına alırlar.Sizcə həmkarlarınızın söylədikləri həqiqətdirmi?
–Bəli,
dünya incəsənətində deqradasiya və tənəzzül
getməkdədir. Bilmirəm, fikir vermisinizmi, artıq rəngkarlıq
özünün dəyərini, spesifikliyini itirir. Xüsusilə bir vaxtlar ispan, italyan
xalqlarının nail olduğu keyfiyyət itkisi artıq bir ənənəyə
çevrilib.
Tarixi mənbələrdən
yaxşı bilirik
ki, ayrı-ayrı dönəmlərdə Fransanın təsviri sənət sahəsində böyük uğurları olub və
bütün dünya onlardan nümunə götürüb.
Amma dünya incəsənət tarixinə avanqardçı
kimi düşən fransız sənətçilərinin bir
bağışlanmaz nöqsanları olub. Onlar öz kəşflərini,
yeniliklərini inkişaf etdirməyib, başqa yeniliklər ardınca qaçıblar.
Amma onların kəşflərini başqa xalqlar
götürüb inkişaf
etdiriblər. Çünki yeni axtarışlar ardınca gedən fransızlar bunu yerbəyer etməyə vaxt tapa
bilməyiblər. Başqa xalqlar, məsələn,
italyanlar, almanlar o saat onu mənimsəyib
özününküləşdiriblər.
Mən
Fransada yaşadığım ilk gündən
açıq-aydın hiss etmişəm və görürəm
ki, bir vaxtlar onlarda olmuş böyük sənət və sənətkarlar
artıq yoxdur. Baxmayaraq ki, dəb sahəsində,
poliqrafiyada, memarlıqda müəyyən görkəmli,
aparıcı sənətkarları var, amma nədənsə
onlar rəngkarlıqda bu ənənələri itiriblər.
Əgər unutmamısınızsa, bir zamanlar bu ənənələr
onlarda ən yüksək ən ali səviyyədə
idi.
Artıq tam aydınlığı ilə görürəm
ki, rəngkarlıq sənəti televiziyaya keçib.
Televiziya rəssamları effekt yaratmaq
üçün şüşə borucuqlara, daha nələrəsə,
nə isə etmək barədə düşünürlər.
Amma bu artıq rəngkarlıq deyil. Başa
düşürsünüz, bu rəngkarlıq deyil! O
heç bir estetik zövq mənbəyinə çevrilə bilməz.
Yeri gəlmişkən bir faktı xatırladım. Artıq İtaliya rəssamları
Venesiyada rəngkarlıqdan çox binami deyilən bir şeylə
məşğuldurlar. Bizimkilər də Azərbaycanda bu
yöndə iş görməyə cəhd edirlər. Təbii ki, bu böyük pullar tələb eləyir.
Həmin səbəbdən də gənclərimiz
bununla məşğul olmurlar. Nə onu
inkişaf etdirir, nə də öyrənirlər. Bəzilərinə
elə gəlir ki, böyük pullar tələb edən bu
iş üçün lazımi mühit yoxdur. Amma
əslində belə deyil. Bizim xalq daha
çox ənənələr üzərində tərbiyə
olunub və azərbaycanlılar elə-belə havadan heç
nə eləyə bilmirlər. Onlar xoşlayırlar ki, işin qiyməti
olsun.
Fikir vermişəm, bizim gənclərimiz tamam özlərini
itiriblər.Onlar kor-koranə olaraq Avropanın dalınca
qaçır, elə düşünürlər ki, onları
yamsılamaqla böyük iqtisadi kommersiya qazana biləcəklər. Amma
anlamırlar ki, bu, avropalıların hansısa rəssamlar
üçün süni surətdə yaratdıqları
kommersiyadır. Ona görə də
hamı aldanır, elə bilir ki, bu satılırsa, deməli
yaxşıdır, satılmırsa, deməli pisdir. Başa düşürsünüz, hər şey
gedib kommersiya banklarına dirənir. Bu isə
incəsənətin romantikasını, yenilik, müasirlik
axtarışının romantikasını çətinləşdirib
ölümcül hala salır.
Yenə təkrarlayıram:
bu, aldadıcıdır. Bu, gəncləri əsl
yaradıcılıq və yenilik axtarışına maraqdan,
həvəsdən məhrum eləyir. Dünya
incəsənət tarixini diqqətlə nəzərdən
keçirəndə baxıb görürsən ki, Yer kürəsində
ən istedadlı xalq italiyanlardır. İtalyanlar
həm musiqidə, həm rəngkarlıqda, ümumiyyətlə
bütün sahələrdə böyük möcüzələr
yaradıblar. Bu günkü gün onlar da musiqi, rəssamlıq
sahəsində böhran keçirirlər. Düzdür,
fiqurativ rəngkarlıqda bir neçə rəssamları var.
Onlar xoşa gəlirlər və onları
sevib öyrənirlər. Amma dünyaya
çoxlu dahilər bəxş etmiş İtaliya
üçün bu çox azdır.
Bəli, indi incəsənət bütün dünyada
böhran keçirir. Hələ bu sahədə qeyri-adi
uğurlar yoxdur. Fikrimcə, incəsənətin
kommersiya tərəfi onun inkişafına olduqca mənfi təsir
göstərir. Mənə elə gəlir
ki, incəsənətin inkişafı Şərq mədəniyyətinin
dərk edilməsi, açılması yolu ilə gedəcək.
Şərq mədəniyyəti İran və Azərbaycanın bütün qədim
miniatürlərinin açılması, eləcə də
Çin, Yapon incəsənətinin dərindən öyrənilməsi
dünya incəsənətinin inkişafına və
çiçəklənməsinə təkan verəcək.
– Sizin
çox sevdiyiniz rəssam Van Qoq öz günəbaxanları,
siz isə öz narlarınızla məşhursunuz. Bu sizin yaradıcılığınızın rəmzidir,
yoxsa onun arxasında hansısa sirlər, müəmmalar gizlənir?
– Mənim
yaradıcılığımda nar yalnız rəmz deyil. O həm
də yaradıcılığımın prinsipi,
gücüdür. Mən bir rəssam kimi narla
tamaşaçıya rəng, forma, enerji, hərəkətin
ekspressiyası, təsiri ilə dopinq, güc vermək istəyirəm. Nar bütün bunları həm çalar, həm həcm,
həm də məzmun etibarı ilə özündə
daşıyır. Mən nar rəsmi çəkəndə
istəyirəm ki,
tamaşaçı ondan bir növ nar şirəsi
içdiyi kimi həzz alsın. Bu onun
üçün həyat çeşməsi olsun.
İndi gördünüzmü, mən bu meyvəni nəyə
görə sevib, rəsm edirəm?
– Cavan
vaxtlarınızda vokala böyük həvəsiniz vardı. İşləyə-işləyə zümzümə
etməyi çox xoşlardınız. Ömrünüzün
ahıl çağlarında mötəbər səhnələrdə
göründünüz. Bir neçə dəfə
opera səhnəmizdə, sonra İtaliya və digər ölkə
səhnələrində maraqlı, diqqətiçəkən
çıxışlarınız oldu.
Sizin bu çıxışlarınızı bəziləri
diletantlıq, bəziləri isə hoqqabazlıq kimi qiymətləndirirdi. Bəs
özünüz bu məsələyə necə
baxırsınız?
– Mən
diletantlığı qəbul etmirəm. Hesab eləyirəm
ki, əgər hansısa incəsənət növü ilə
məşğulsansa, istər rəngkarlıq, ya heykəltəraşlıq,
ya vokal, ya da poeziya olsun, onda bu, həmişə müasir
axtarışların zirvəsində olmalıdır. Mən yüksək musiqi təhsili almışam.
Vilnüsdə ali
rəssamlıq institutunda oxuyanda paralel olaraq konservatoriyada da təhsil
almışam. Sonralar Bakıda, Moskvada, Bostonda,
Nyu-Yorkda, Lüksenburqda və Parisdə olanda da rəssamlıqla
yanaşı, vokala da xüsusi önəm vermişəm.
Həmişə bu sahədə
özümü formada saxlamağa
çalışmışam.
Soruşa bilərsiniz, mən niyə vokala bu qədər
önəm verirəm və onu sevirəm? Çünki
bu çoxlu tapmacaları olan xüsusi bir sənətdir.
Bəli, daimi tapmacaları olan sənət! Həyatın qəribə
və maraqlı
bir fəlsəfi qanunu var: sən nə qədər
ki, hansısa sirləri açmaqla məşğulsan, deməli
yaşayırsan. Əgər artıq hər
şeyi dərk etmisənsə, onda yaşaya bilməzsən.Xatırladım
ki, insan, sirləri dərk etmək
üçün yaşayır. Məhz bu
maraq insanı həyatda hərəkətə gətirir, irəli
aparır. Mənim üçün bax
vokal budur. Nə qədər ki, bu sahədə hər
şeyi dərk eləməmişəm, hesab elə ki, mən
yaşayıram və
yaşayacağam.
Özünüz
çox yaxşı bilirsiniz ki, mən rəngkarlığa həyatımın
çox hissəsini həsr eləmişəm, çox iş
görmüşəm. Bu daha konkret, daha dünyəvi
yaradıcılıqdır və rəngkarlıqda mənim
üçün tapmaca daha
azdır. Mən o qədər işləmişəm
ki, artıq bilirəm, əgər buradan başlayıb, orada
bitirsəm necə olacaq. Amma vokalda bunu bilmək
çətindir.
– Bir vaxtlar
şeirlər yazardınız. Hətta
onların bəziləri mətbuatda işıq üzü
görüb. Deyirdiniz ki, şeirlər
kitabınızı buraxdıracaqsınız. Amma nədənsə bu kitablar bolluğu
dövründə sizin kitabla üzləşmədik. Deyə bilərsinizmi buna səbəb nədir?
– Vallah elə
bir səbəb yoxdur. Sadəcə olaraq
yazdıqlarımı toplayıb sahmana salmaq lazımdır.
Parisdə sifarişlərim çox olduğu
üçün bunu etməyə vaxtım çatmır.
İş belə getsə, şeirlərimin nəşri
məsələsini yəqin ki, mən dünyadan köçəndən
sonra (gülür) arxivimi araşdıran tədqiqatçılar
reallaşdıracaqlar.
– Sizin həyatınız
həmişə çətinliklərdən keçib. 4-5 yaşınız olanda həbsxana həyatı
görmüsünüz. Sürgünün
nə olduğunu ananızla birgə yaşamısınız.
Bu azmış kimi hətta sovetlər dönəmində
sizə dəfələrlə hücumlar olub. Buna səbəb qeyri-şablon
yaradıcılığınız, yoxsa ailənizin
repressiyaya məruz qalmasıdır?
– Totalitar
rejimin hökm sürdüyü dövrlərdə təsviri
sənətin böyük çətinlikləri vardı. Rəssamlar belə çətinliklərlə
tez-tez üzləşirdilər. Yadımdadır, bir dəfə
Moskvada Zaqafqaziya
respublikaları rəssamlarının böyük
və məsul bir sərgiləri açılmalı idi. Bu sərgidə Azərbaycan, Gürcüstan və
Ermənistan rəssamlarının əsərləri
nümayiş etdirilirdi. Mən bu sərgiyə
çox yaxşı əsərlərimlə gəlmişdim.
Sərginin açılışında keçmiş
Sovetlər Birliyinin Siyasi Büro üzvlüyünə namizəd,
SSRİ mədəniyyət naziri Yekaterina Furtseva da iştirak
etməli idi.
Bu an gəlib çatdı. Hərbi
orkestrin sədaları altında o öz maşınından
düşüb sərgi salonuna daxil oldu. Mənim əsərlərim
diqqəti çəkən yerdən asıldığına
görə düz gəlib onların yanında dayanıb
ötkəm səslə dedi: “ Yoldaşlar,
sosrealizmə yol Toğrul Nərimanbəyovun çəkdiyi əsərlərin
yolu ilə gedə bilməz. Mən buna yol verə
bilmərəm və verməyəcəyəm də!”
Hamı təşviş içində susurdu. Nə onun komanda üzvlərindən,
nə də sərgi iştirakçılarından danışan vardı.
Elə bu vaxt sərgini təşkil edən heyət üzvləri
arasından bir nəfər rəssam cəsarətlə irəli
yeriyib ötkəm səslə dedi: “Sən kimsən, bizim rəssamlar
ittifaqındansan, yoxsa kosmosdan gəlmisən?! Bu
bizim sərgidir. Biz nə istəyirik, onu
da təqdim edirik. Siz düz hərəkət
etmirsiniz. Sizin bizim milli mədəniyyətimizə
qarışmağa haqqınız yoxdur”.
Mədəniyyət
naziri Yekaterina Furtseva əsəbləşib hirslə dedi: “Onu
buradan rədd edin!!”
Bu vaxt mədəniyyət
nazirinin müavini Vladimir İvanoviç Popov məni
görüb Yekaterina Furtsevaya barəmdə məlumat verməyə
başladı:
“Yekaterina
Aleksandrovna, bilirsiniz, bu hansı Nərimanbəyovdur? Yadınızdadırmı, bir vaxtlar mən
Fransanın mədəniyyət naziri Anri Molaro ilə birlikdə
onun emalatxanasında olmuşdum. Anri Molaro
onun yaradıcılığını çox bəyənib,
çox məmnun qalmışdı. Hətta
onu Fransaya dəvət etmişdi”.
Yekaterina
Furtseva bunları eşidib sakit səslə ətrafdakılara
dedi: “ Onda getdik!”
Beləliklə o, məndən əl çəkdi. Əgər əl çəkməsəydi
əsərlərim sərginin ekspozisiyasından
götürülüb haqqımda çox pis fikir
formalaşacaqdı. Uzun müddət
yaradıcılıqdan kənarda qalıb tədricən
formadan düşəcəkdim.
Düşünürəm ki, bu hadisənin baş verməsində
ailə şəcərəmin 30-cu illərdə repressiya
olunması heç bir rol
oynamamışdı. Bu sadəcə, nazirlə yaxın olub məni qəbul
etməyənlərin, istedadıma qısqanclıqla
yanaşan həmkarlarımın sifarişi imiş.
– Azərbaycan
xalqı bütün dövrlərdə və zamanlarda
böyük sənət inciləri yaradıb. Amma
indi yaradıcılıq məsələləri bir qədər
çətinləşib. Maddi problemlər mənəvi dəyərləri
üstələdiyi üçün
böyük yaradıcılıq potensialları olan gənclər
əməlli-başlı tərəddüd
içindədirlər. Yəqin təcrübəli bir rəssam
kimi siz də bunu hiss edib görmüsünüz?
– Bəli,
siz çox düz qeyd etdiniz ki, Azərbaycan xalqı çox
istedadlı xalqdır. Çünki bu xalqın üzərində
dayandığı torpaq, lap deyək ki, Bakı, Lənkəran,
Naxçıvan, Gəncə, ya da Qarabağ torpağı
olsun, bu torpaq qeyri-adi yaradıcılıq enerjisi
saçır. Bəlkə də bu ona görə belədir
ki, biz neft gölünün üzərindəyik, bəlkə
bu şüalar
oradan, torpağın altından gəlir.
Mən Azərbaycanın
gənc rəssamlarının əsərlərinə baxanda çox böyük
yaradıcılıq potensialı
hiss eləyirəm. Amma bununla paralel, siz deyən
kimi, bir tərəddüd də görürəm. Bu, təbiidir.
Çünki indi bütün dünyada elə bir
çaşqınlıq var ki, hətta hər şeyi görmüş, hər
şeyi bilən tanınmış xalqlar belə – italyanlar,
almanlar, fransızlar da bu tərəddüd
içindədirlər. Onlar özlərinə hansısa
istiqaməti, hansısa
estetikanı seçə bilmirlər, incəsənət növləri öz spesifikliyini itirib. Hər şey
bir-birinə qarışıb. Bu məcrada bizim gənc rəssamlarımız
da dolaşığa düşüb. Onlar da
özlərinə Azərbaycan xalqının ənənələrinə
məxsus, onların öyrənilməsinə əsaslanan qəti
bir istiqamət seçə bilmirlər.
– Adətən,
rəssamları ədalət daşıyıcısı kimi
dəyərləndirirlər. Təcrübəli
bir rəssam kimi siz bu məsələyə necə baxırsınız?
– Bəli,
düz deyirsiniz. Doğrudan da, rəssam bu
dünyada ədalət daşıyıcısı kimi
tanınır. İstər
yaradıcılığın, istərsə də
yaşın sayəsində böyük həyat təcrübəsi
qazanmısansa, onda hiss eləyirsən
ki, həyatının son damlasına qədər ədalətə,
öz xalqının ənənələrinin, mədəniyyətinin
qorunmasına düzgün münasibət bəsləməlisən.
Çalışmalısan ki, bu mədəniyyət
bütün xalqların nailiyyətinə çevrilsin,
dünya mədəniyyətinə daxil olsun. Çünki xalqımız buna layiqdir. Belə
layiqli işlərimiz
isə olduqca çoxdur.
Əgər xatırlayırsınızsa, bir zaman
muğamlarımız qəbul edilmirdi. Ona arxaik, dünya mədəniyyətinə
qovuşa bilməyən bir musiqi növü kimi
baxırdılar. İndi isə dünyanın
mötəbər konsert salonlarında muğamlarımız
ucalır. Onu sevib qiymətləndirirlər.
Amma muğam Azərbaycan xalqının yeganə
dəyəri deyil. Bir çox başqa ənənəvi
dekoraitv sənət növləri də var.
– Söhbət musiqidən düşdüyü üçün soruşmaq istəyirəm: vokal sənəti müşayiətçi, konsertmeyster və bir çox vokalistlərin birgə səyini tələb edir. Siz bu çətin vəzifənin öhdəsindən necə gəlirsiniz?
– Düzdür, vokal sənəti birgə səy
tələb edir. Harda olumsa-olum, hər zaman yeganə konsertmeysterim həyat
yoldaşımdır. Hər yerdə o məni müşayiət edir. Onun
yüksək musiqi təhsili var. Biz daim onunla birlikdə
müasir musiqinin
ritmlərini öyrənirik. Məhz bunun nəticəsidir
ki, mənim planlaşdırdığım təzə konsertlərin əksəriyyəti
artıq hazır və işlək vəziyyətdədir. Mən istənilən vaxt, istənilən şəhərin
musiqi salonunda konsert verə bilərəm.
– Keçmiş Sovet İttifaqı dağılmağa başlayan ərəfədə sizin xarici ölkələrə tərki-vətən səfərləriniz başladı. Əvvəlcə Moskvada, sonra Amerika və Lüksenburqda, daha sonra isə Parisdə qərarlaşdınız. Bilirəm, bu ölkələrin heç birində şəxsi mənziliniz olmayıb. Həmişə kirayənişin qalmısınız. Bu səfərə səbəb nə idi, bir rəssam kimi dünyanı gəzib görmək marağı, yoxsa art-biznes ehtirası?
– Siz məni çox yaxşı tanıyırsınız. Bilirsiniz ki, mən torpağa çox bağlı adamam. Bununla yanaşı, dünya malında zərrəcə gözü olmayan bir rəssamam. Mən həmişə sənətlə nəfəs almışam, sənətlə yaşamışam. Xaricdə yaşamağıma səbəb sadəcə dünya miqyasında əsərlərimin dəyərini özüm üçün müəyyənləşdirmək olub. Və mən bunu uzun müddətdən sonra dəqiqləşdirə bilmişəm.
Açığını deyim, həyat yoldaşım xaricdə yaşamağı xoşlasa da, mən xarici ölkələrdə yaşamağı o qədər də xoşlamıram. Bilirsiniz niyə? Ona görə ki, xarici ölkələrdə insanların bir-birinə münasibətlərində emosionallıq yoxdur. Birinin digərinə münasibəti həddən ziyadə soyuqdur. Sözun düzü, bu soyuqluq məni üşüdüb kədərləndirir.
Bakıda isə tamam əksinədir. İnsanlar bir-biri ilə çox mehribandırlar. Əgər səni bir sənətkar kimi tanıyıb dəyərləndirirlərsə, küçəyə çıxanda bunun təzahürləri ilə qarşılaşacaqsan. Səni yaxından tanıyan da, tanımayan da sənə xoş üz göstərib salamlaşacaq, müxtəlif yollarla səninlə bir şəhərdə yaşamaqları ilə fəxr edəcəklər. Parisdə və digər qərb şəhərlərində adamların biri-biri ilə belə isti münasibətləri yoxdur. Bir sözlə, qərbdə insanlar ordu əsgərləri kimi bir şeydir. Hamısının baxışları soyuq, emosiyaları donuqdur. Mənim kimi emosional, həyat və yaşamaq eşqi güclü olan insanlar bu soyuqluq içində dona bilər.
– Sizin müxtəlif məkanlarda bir neçə monumental divar rəsmləriniz var. Onların hər biri zaman-zaman çox yüksək dəyərləndirilib. Bilirəm, bu boyda monumental rəngkarlıq nümunələrini heç bir rəssam təkbaşına reallaşdıra bilməz. Bunun üçün güclü dayaq gərəkdir. Bilirəm ki, sizin belə güclü dayağınız olub. Sirr deyilsə bunu açıqlayın...
–Siz çox doğru deyirsiniz. Həqiqətən, belə böyük işləri rəssam heç vaxt böyük kömək olmadan gerçəkləşdirə bilməz. Mənim xoşbəxtliyim onda idi ki, belə bir böyük köməyim vardı. Həmin şəxs o vaxtlar Azərbaycana rəhbərlik edən Heydər Əliyev idi .O, incəsənətə çox diqqət yetirirdi. O, həmişə mənim yaradıcılığımı səhnə sənətinə, divar rəssamlığı istiqamətinə yönəltməyə çalışırdı. O vaxtlar mən bəstəkar Fikrət Əmirovun “Min bir gecə” baletinin tərtibatını vermişdim. Heydər Əliyev bir dəfə bizim yaradıcı qrupla görüşəndə dedi: “Toğrul, sənin monumental rəssamlığın çox xoşuma gəldi. Sənin çox böyük potensial imkanların var. Gərək sən diqqəti çəkən yerlərdə monumental divar rəsmləri yaradasan. Qoy uşaqlarımız bu nəhəng əsərləri görüb onların təsiri altında estetik tərbiyə alsınlar”. O, bunları dedi və həm də lazımi şərait yaratdı. Beləliklə, mən bir neçə il ərzində həm Dövlət Kukla Teatrında, həm keçmiş “Moskva (Bakı) mehmanxanasında, həm keçmiş Puşkin adına Gəncə şəhər kitabxanasında və həm də Milli Məclisin foyelərində müxtəlif ovqatlı möhtəşəm divar rəsmləri yaratdım.
– Vaxtilə siz Ejen Delekuranı, Qustav Kurbeni çox sevib qiymətləndirirdiniz. Artıq o vaxtdan xeyli illər keçib. Nəsə dəyişibmi?
– Elə əvvəllərdən mənim
üç rəssamın yaradıcılığına
böyük hörmət və məhəbbətim olub. Onun biri Ejen Delekura, digəri Qustav Kurbe, o birisi isə Van Qoqdur. Onlar dünya incəsənəti üçün
çox şeylər ediblər.
–
Yaxşı bilirəm ki, sizin 40-dan çox əsərinizi əldə
edən professor Berind R.Sezinger Amerikanın Priston şəhərində
“Toğrul Nərimanbəyov” adına özəl incəsənət
muzeyi yaradıb. Yadımdadır, ölkə rəhbərimiz
İçərişəhərdə də belə bir muzeyin
yaradılmasını təklif etmişdi. Belə hiss
edirəm ki, bu işin reallaşması gecikir...
– Yadımdadır, Heydər Əliyev mənim yeni divar rəsmimlə tanış olanda dedi: “ Toğrul, sən mütləq öz əsərlərinlə “İçərişəhər”in tarixini yaratmalısan!”. Onun “İçərişəhər”in tarixini yaratmalısan” ideyası mənə əməlli-başlı inam və güc verdi. Artıq o vaxtdan bu ideya ətrafında düşünürəm. Hətta bu layihə ilə əlaqədar xeyli eskizlər də etmişəm. Çünki bu mövzu mənim ürəyimi isidən mövzudur. Həm də “İçərişəhər”in təsviri sənətdə özünə əbədi yer tapması bir növ Azərbaycanın əbədi varı, dövləti deməkdir. Çünki indi dünyanın elə bir xalqı, elə bir milləti, elə bir şəhəri yoxdur ki, yaşadıqları şəhərin mərkəzində qədim şəhər yerləşsin. Və günü bu gün bu qədim şəhərin qorunub saxlanması, daha da zənginləşdirilməsi üçün xüsüsi diqqət, qayğı göstərilsin, çoxlu vəsait sərf edilsin.
Mən İçərişəhərdə dünyaya gəlmişəm və 13-14 yaşıma kimi burada yaşayıb ilk əsərlərimi də qala divarları arasında çəkmişəm. Vaxtı ilə mən burada Şirvanşahlar sarayını, onun ətraf ərazisini dönə-dönə kətan üzərinə köçürmüşəm. Bu gün mənim evim də, yaradıcılıq emalatxanam da burada yerləşir. Gənclik çağlarımda olduğu kimi, indi də İçərişəhəri çəkməkdən doymuram. Güman edirəm ki, Amerikanın Priston şəhərində olduğu kimi Bakının İçərişəhərində də mənim bu qədim şəhərin təsvirinə həsr etdiyim saysız-hesabsız əsərlərim toplanmış muzey yaradılacaq. Çünki bu, mənim yox, məndən daha çox ulu öndərimiz Heydər Əliyevin arzusu idi.
– Bir
vaxtlar sizin Bakıda çoxlu dostlarınız vardı. İndi onların bəziləri dünyasını
dəyişib, bəziləri isə sağdır. Qürbət eldə onlardan kimləri daha çox
xatırlayırsınız?
– Təbii
ki, Səttar Bəhlulzadəni, Qara Qarayevi, Fikrət
Əmirovu, Anarı və bir də Nazim Rzayevi. Çünki
onlarla həqiqi və sədaqətli dostlar olmuşuq. Həm də sənət naminə bu şəxslərlə
böyük işlər görmüşük. Ölənlərə
rəhmət, sağ olanlara can sağlığı və
uzun ömür arzulayıram!
– Həyatın
qəribə paradoksları var. Böyük dramaturqumuz Mirzə
Fətəli Axundov Tiflisdə, Əlimərdən bəy
Topçubaşov, Ceyhun Hacıbəyli və Ünbül Banu
Parisdə, Məhəmmədəmin Rəsulzadə isə
İstanbulda dəfn ediliblər. Bu gün qürbət ellərdə
yaşayan hər
bir azərbaycanlı hər an həyatın bu
gözlənilməz reallığı ilə
qarşılaşa bilər. Siz bu gözlənilməz
reallığa necə baxırsınız?
– Sizi başa düşdüm. Və yadıma təəssüf ki, adını unutduğum bir azərbaycanlı şairin şeiri düşdü. Şeirdə fikir təxminən belə idi: “Ölsəm məni Vətən torpağında dəfn edin. Qoy mənim nəşim torpağa qarışıb onu bir az da artırsın “. Olduqca gözəl fitkirdir və mən də bu fikirlə həmrəyəm.
– Sizin “Kral Lir” adlı bir rəngkarlıq nümunəniz var. Bu əsərdə Kral Lirin həyatının dramatik və faciəvi anları təsvir edilib. O əsəri görənlər həmişə eyni fikri söyləyirlər: “-Toğrul, “Kral Lir” əsərində təkcə Kral Lirin iç dünyasını yox, həm də özünün zahiri və daxili aləmini təsvir edib”.Siz bu deyilənlərə necə baxırsınız?
– İndiyə qədər dünya incəsənət
tarixində belə şeylər çox olub. Siz çox
yaxşı bilirsiniz ki, dahi Leonardo da Vinçinin “Cakonda”
portretində dul qadın Mona Liza təsvir edilib. Amma XX əsrin
axırlarında bu portret tərs üzünə çevrilərək alimlər tərəfindən kompüter altında araşdırılıb.
Məlum
olub ki, bu portret Leonardo da Vinçinin öz portretidir. Çəkdiyim “Kral Lir” əsərində
mənim zahiri görkəmimdən, daxili aləmimdən, həyatımın
dramatik və faciəvi anlarından müəyyən məqamlar,
görüntülər hiss edilirsə buna təbii
baxmaq lazımdır. Çünki onu mən
çəkmişəm. O hisslər, duyğular məndən
süzülüb o rənglərə qarışaraq kətan
üzərinə köçüb. Həm də
görünür, obrazını reallaşdırmağa çalışdığım qəhrəmanla mənim bir
tale oxşarlığım var. Mən sənət bilicilərinə,
sənətsevərlərə minnətdaram ki, bunu o dəqiqə
hiss ediblər, görüblər.
Sənət
adamlarının əsas məqsəd və məramı
orijinal üslubda unikal əsərlər yaradıb həyatda, həm də məşğul
olduğu sahədə iz qoymaqdır. Toğrul Nərimanbəyov
bir ömür çərçivəsində bunu edə
bildi. Əlbəttə, bu, dünyanın məşhur
incəsənət, ədəbiyyat və elm adamlarının
gözündən
qaçmadı. Görkəmli sənətşünas
Andre Malero, dahi yazıçı Çingiz Aytmatov, dünya
şöhrətli alim Lütfi Zadə, məşhur
musiqiçi Mistislav Rastrapoviç, Qara Qarayev, Səttar Bəhlulzadə,
Rəsul Rza, Anar müxtəlif dönəmlərdə onun
çoxçalarlı yaradıcılığına çox yüksək dəyər
verdilər. Çingiz Aytmatov onu
“...Dövrümüzün dahi rəssamı”, “...Rəssamlığın
özünü bir boy ucaldan sənətkar”, görkəmli
yapon rəssamı Ueno Mokato isə “...Əsərləri nəhəng
musiqi notunu xatırladan rəssam”, “...Öz
torpağının gözəlliklərini böyük səxavətlə
dünyaya göstərməyi bacaran çox istedadlı sənətkar”
adlandırırlar. Məşhur fransız sənətşünası
Andre Malero isə
“Toğrul Nərimanbəyovun əsərləri böyük dəyərə
malikdir. Onlar özlərində Şərq və
Qərb mədəniyyətinin nadir sintezini yaradır” söyləmişdi.
Bəli, Toğrul Nərimanbəyov əsl rəssam həyatı,
rəssam ömrü yaşadı. Və dünyadan da
dahi rəssam kimi köçdü. Biz onun həyat və
sənət ömürlüyündə Van Qoqun, Qogenin,
Modliyaninin, Pablo Pikassonun vaxtilə keçib gəldikləri
dramatik və faciəvi
yolun bir növ təkrarını, davamını
görürük.
Dahilər həmişə belə olurlar. Həyatları
boyu eyni yolu keçib, eyni taleləri yaşayırlar.
Möhbəddin Səməd
525-ci qəzet.-
2013.- 3 avqust.- S. 24-25; 28; 29.