Məhəmməd
Əmin Rəsulzadə. Əsərləri
Araşdırıb toplayanı, ərəb
əlifbasından latın qrafikasına
çevirəni, ön sözün müəllifi, lüğətin
tərtibçisi
Transliterasiya redaktorları:professor Şamil VƏLİYEV, elmi işçi Samir
MİRZƏYEV
(1917-aprel 1918)
IV cild
Məsuliyyətli bir
etinasızlıq
Kiyevdəki
millətlər qurultayına iştirak eləmiş müsəlman
vəkilləri öz aralarında ictima edərək “Rusiya
müsəlman şurası başqarma heyəti”nin millətlər qurultayına nisbət
göstərmiş olduğu etinasızlığını
müzakirə eləmiş, bu xüsusda bütün milli
komitələrin nəzər-diqqətlərini cəlbə qərar
vermişlərdir.
Millətlər qurultayının müsəlman
fraksiyasından milli komitəyə gələn ixbarnamədən
anlaşıldığına görə Rusiya Müsəlman
Şurayi-Millisi naminə qurultaya nümayəndə degil, quru
bir təbrik teleqrafı olsa da göndərilməmişdir. Halonki Rusiyada
mövcud bütün milli cəmiyyətlərlə
ittifaqlardan məzkur qurultayı təbrik etməyən bir təşkilat
yox kibidir.
Millətlər qurultayının müsəlman
fraksiyası bütün qurultaylarında Rusiya idarəsinin
qoşma xəlq cümhuriyyəti (federasiya) əsasında
olmasını tələb edən müsəlmanlar naminə
mövcud Müsəlman Şurayi-Millisinin millətlər
qurultayına olan bu etinasızlığını protesto
ediyorlar.
Qəribədir,
Hindistan müsəlmanlarının qeydinə qalan, Afrika ilə
Asiyadakı miləli-islamiyyənin mənfəətlərini
müdafiə edən, Albaniyanın İtaliya tərəfindən
ilhaqına qarşı protestolar çıxaran Şurayi-Milli
nasıl olur da Rusiya daxilində Rusiya müsəlmanlarının
siyasi məqsədlərini, Rusiya idarəsi həqqindəki ən
qüvvətli, ən hakim bir arzularını müdafiə edən
millətlər qurultayını görəməyib də
etinasızlıqla keçiniyor?
Nədir böylə fahiş bir təzadın səbəbi? Əcəba, hanki səbəblədir
ki, Qərbdə, Şərqdəki uzaq vilayət müsəlmanlarının
arzu və mənfəətlərilə əlaqədar
görünən “Ümumrusiya Müsəlmanları
Şurayi-Millisinin başqarma heyəti” Rusiya müsəlmanları
mənfəəti ilə bilavasitə əlaqədar olan Kiyevdəki
federalistlər qurultayına etina etmiyor?
Səbəb məlumdur. Bu səbəb, Moskva
qurultayında işlənən xətanın nəticəsidir.
Moskva qurultayında məlum olduğu üzrə
iki müxalif fikri-siyasi mübarizə etmişdi. Bu fikirlərdən biri Rusiyanın qoşma xəlq
cümhuriyyəti üzrə idarəsini tələb edib, o
birisi qoşmalığa zidd olaraq mərkəzi bir
cümhuriyyət idarə tələbində bulunmuşdu.
Qurultayda birinci fikir hakim olmuş, Moskva qurultayı mərkəziyyətçilərin
hər növ səy və cəhdlərinə rəğmən
qoşma xəlq cümhuriyyəti tərəfində
olduğunu elan eləmişdi.
Qoşma xəlq cümhuriyyətinin atəşin
müarizi və mərkəziyyətçilərin yol
başçısı Əhməd bəy Salikov cənabları
idi. Qurultay Milli Şura seçkisinə gəlincə
Əhməd bəy Salikov cənabları ilə sair mərkəziyyətçiləri
də seçdi. Şura heyəti isə
öz arasından Əhməd bəy Salikovu Şurayi-Milli
başqarma komitəsi rəyasətinə intixab elədi.
Bu intixab parlaman üsuli-idarəsinə aşina olanlarca haman bir təzaddan ibarət idi. Çünki
Rusiya müsəlmanlarının amal və arzularını
ifaya məmur olan bir idarənin başına fikrən o amal və
arzulara müariz bir şəxs qoyulur idi.
Burada iki şeydən birisi olmalıydı. Ya
bütün Rusiya müsəlmanları öz qərarlarından
təkəffül etməlidir, yainki Əhməd bəy Salikov
öz məsləkindən əl çəkib hərəkətlərində
ümummüsəlmanların qərarına əməl etməliydi.
Birincisinə ehtimal yox idi. Çünki
qoşma xəlq cümhuriyyəti getdikcə müsəlmanlar
arasında kök atıyor, müxtəlif yerlərdə olan
qurultaylar haman bu qərarı təyid edib
duruyorlardı.
Demək
ki, əgər müsəlmanlar Əhməd bəyin Milli
Şura rəyasətində olduğunu protesto
etmiyorlardısa, inanıyorlardı ki, namuslu bir siyasət
adamı olduğundan Salikov öz rəyinə zidd olsa da, madam
ki, Milli Şura rəyasətini qəbul etmişdir, əksəriyyətin
fikrinə zidd getməmək əzmində bulunmuşdur.
İşin bu cəhətini nəzərə alaraq
federalistlər güc-bəla ilə qurulmaqda olan milli təşkilata
rəxnə salmaq istəmədilər. Salikov rəyasətini
protesto etməyib sükutla qaldılar. Fəqət
kəmali-təəssüflə qeyd etmək lazımdır
ki, bu sükut məzkur təzaddan gələn təsirin
qabağını ala bilmədi. Federasyona
bittəbii tərəfdar olan müsəlman vilayətlər mərkəzi
şuranın federasyon ziddində bir simaya malik olduğunu
görüncə təbii surətlə soyudular. Bu soyuqluq nəticəsi olaraq Kazandakı ikinci qurultay
ümummüsəlman qurultayı sayılsa da felən Volqaboyu
qurultayından ibarət olub qalmışdı. Həm Milli Şura heyətinin təklifi ilə
ikinci qurultay qoşma xəlq cümhuriyyəti həqqində
alınan Moskva qərarını gövşətməgə
belə meyl etmişdi.
Bu kərə millətlər qurultayına nisbət
göstərdigi etinasızlıqla Milli Şura artıq
ümumrusiya müsəlman qərar və arzularilə nə qədər
əlaqəsiz olduğunu göstərmişdir.
Görünüyor
ki, məmləkət ətrafında bulunan “Ukrayna”nın mənafeyi yalnız rus mərkəziyyətçiləri
degil, müsəlman mərkəziyyətçiləri tərəfindən
dəxi eyni ruh və zehniyyətə anlaşılıyor,
eyni etinasızlıqla idarə olunuyor. Başqa
dürlü bəlkə də olamaz. Çünki
bu qüsur, bu nöqsan mərkəziyyətçilərdən
ziyadə mərkəziyyətdədir.
Fəqət Petroqradda oturan xadimlər anlamalıdırlar ki, Rusiya müsəlmanlığı Petroqraddan, Moskvadan, hətta Volqaboyundan da ibarət degildir. Bilməlidirlər ki, müsəlman Şurayi-Millisi deyincə onlar Türküstan, Qırğızıstan, Başqırdıstan, Azərbaycan, Dağıstan, Krım kibi türk və müsəlman qitələrinin nümayəndəligini dəröhdə etmiş oluyorlar. Bunu sözdə degil, işdə də idrak etməlidirlər. Bu idrak onları hər növ xətadan, etinasızlıqdan saxlamalıdır.
Yuxarıda saydığımız türk və müsəlman qitələrinin hamısı Rusiyanın qoşma xəlq cümhuriyyəti tərəfində olduğunu istiyorlar. Volqaboyundakı türklər arasında dəxi bu fikrin tərəfdarları çoxdur.
Volqaboylu qardaşlarımız arasında bu fikrə zidd olanlar varsa da, Volqaboyunun qoşma xəlq cümhuriyyəti əleyhində səlahiyyətdar bir qərarından xəbərimiz yoxdur.
Böylə olunca Rusiya müsəlmanlığı naminə hərəkət edən bir şura bütün ruhu və hərəkəti ilə federalist olmalıdır.
Qərib bir cilvəyi-şüun ilə məzkur idarə başında olan mərkəziyyətçilər namuslu siyasət adamları isə, şübhəsiz ki, bu fikrə xidmət eləməli, bu məqsədi tərvic etməlidirlər. Yoxsa ya şuralarının adını dəgişdirsinlər və yaxud məlum nəticəyi qəbul etsinlər ki, Rusiya müsəlmanları naminə hərəkət edib də Rusiya müsəlmanlığının məqsədlərinə etinasızlıq göstərmək hüquqi-milləti qeyb etməkdir.
M.Ə.Rəsulzadə
“Açıq söz”, 30 oktyabr 1917, ¹580
Müariz – etiraz edən, qarşı çıxan
Təkəffül – zamin olma, öhdəyə alma
Cilvə – gözəl görünmə
Şüun – şan-şöhrət
Nömrəli seçkilər
Bir həftədən sonra vətəndaş seçkiçilər seçki ayağına gəlib öz qlasnılarını seçməlidirlər.
Vətəndaşlar kimi seçə biləcəklər? Ancaq 12 siyahıdan birisini. Bəli, nömrəli seçkinin qaidəsi budur. Bu seçkidə vətəndaş şəxs degil, siyahını, partiyanı, firqəni, məsləki intixab ediyor. Bu üsulun yaxşı tərəfi var. Odur ki, burada hamı firqələrin öz qüvvətləri nisbətində nümayəndələri keçə bilər. Əqəliyyətin hüququ təmin olunuyor. Heç bir məslək və firqə adamı deyə bilməz ki, başqa bir firqə öz çoxluğundan istifadə edib bənim həqqimi puç elədi, bənə yer vermədi. Ancaq bu üsulun böyük bir nöqsanı da vardır. Bu nöqsan bilxassə bizim kibi firqə və məslək həyatına ögrənməmiş cəmaətlərdən ötrü müəssirdir.
Təsəvvür ediniz bir müsəlman dumaya qlasnı seçmək istiyor. İstədigi adam nə 9-cu, nə də 12-ci nömrədə yoxdur. Nə etsin? Heç bir şey edəməz. İstədigi adamı seçəməz. Və yainki deyəlim, 9-cu nömrədəki adamlardan bir-ikisini istəmiyor. İstəmədigi o adamları poza bilməz. Çünki nömrəyə bir yerdə səs veriyor. İstədiginə də, istəmədiginə də səs vermiş oluyor. Həmçinin istərsə ki, 12-ci nömrədəki adamlara birini də əlavə eləsin, bacarmaz. Çünki 12-ci nömrə deyincə elan olunmuş 40 adamdan başqası oraya daxil olmaz.
Müsəlman siyahısına səs vermək istəyən bir müsəlman nömrəli seçki üsulunda iki şeydən birini qəbul etməlidir. Ya 9-cuya və yaxud 12-ciyə rəy verməlidir.
Müsəlman siyahısına səs vermək istiyorsa, üçüncü bir yol yoxdur.
Bu məcburiyyəti qəbul etdikdən sonra müsəlman seçkiçi bittəbii iki siyahıyı tutuşdurmalı, hankisinin daha müvafiq olduğunu qət eləməlidir.
9-cu nömrə diyor ki, bən Quranı, dini, müsəlmanlığı müdafiə edəcəgəm, bizim firqə İslamın pənahgahıdır. Sonra başqa vədələr də veriyor. Ərzaqı ucuzlaşdıracağam diyor.
Əlbəttə, seçkiçi diqqət etməlidir. Öz-özünə deməlidir: dumada din, məzhəb, Quran müdafiəsinə lüzum varmıdır? Və yainki dinə, məzhəbə, Qurana hücum edənmi var? Bir fərz var. Əcəba, bu iş üçün göstərilən namizədlərə, yəni 9-cu nömrə siyahının adamları bu işə yararlarmı, bu əsaslarla əlaqədarmıdırlar. Quran, din və məzhəb müdafiəsinə səlahiyyətdarmıdırlar?
12-ci nömrə dəxi diyor ki, millətin siyasi işlərində fəaliyyətləri görülmüş qüvvətlərini birləşdirməli, dumada şəhər işləri müdafiə olunurkən müsəlmanların milli mənfəətləri də müdafiə olunmalıdır.
Seçkiçi yenə diqqət etməlidir. Milli mənfəətlərlə şəhər işlərinin əlaqəsi varmı? Məsələn, şəhər abadlığında ola bilərmi ki, müsəlman məhəlləsinin özünəməxsus tələbi olsun. Ola bilərmi ki, həkim, dərman və xəstəxana işlərində müsəlmanların xüsusi ehtiyacları olsun? Əlbəttə ki, olur və vardır. O halda bu xüsusların müdafiəsini kimlərə tapşırmalıdır. Daha nə cür işləyəcəkləri, nə məsləkdə olduqları bəlli olmayan adamlaramı, yoxsa təcrübələrilə, məsləklərinin aşkarlığı ilə məşhur və məruf olan xadimlərəmi?
İştə, bu cəhətləri seçkiçi müsəlman düşünməli, əqlinə, vicdanına müraciət eləməli, müsəlmanların hamısı əhli-Qurandır. Quran hamımız üçün müqəddəs və möhtərəmdir. Burasını bilməli 9-cu nömrə ilə 12-ci nömrəni milli mənfəət, şəhər işləri və cəmaət ehtiyacları nöqteyi-nəzərindən yanaşdırmalı, baxmalıdırlar görək kimə daha çox inanmaq, kimə tapşırmaq olar.
Siyasi qərəzlə din qovğası çıxarıb da Quran iddiası edənlərmi, yoxsa millətin dərdi üçün milli qüvvələri bir yerə yığmaq istəyənlərmi?
M.Ə.
“Açıq
söz”, 23 oktyabr 1917, ¹595
Müəssir – təsir
edən, təsir
bağışlayan
Birinci firqə qurultayı
Bu gün Rusiya türklərinin, daha şümullu, Rusiya müsəlmanlarının həyatında mühüm bir hadisə vaqe oluyor. Birinci firqə qurultayı quruluyor.
Bu gün Türk Ədəmi-Mərkəziyyət firqəsi “Müsavat”in illik qurultayı açılacaq!
Firqə demək, təfriqə demək degildir. Siyasi firqələr millətlərin qüvvətidir. Siyasi fikir, ancaq siyasi firqələr vasitəsilə cəmaət arasında yayıla bilir, özünə fədakar tərəfdarlar bulur.
Bir adam nə qədər idraklı olsa, nə qədər fədakar olsa, nə qədər qüvvətli olsa bir adamdır. Halbuki cəmaət idarəsi ilə idarə olunacaq məmləkətlərdə bu kibi adamlar bir firqə təşkil etməlidirlər ki, ümuri-məmləkət yerisin, millət qüvvət kəsb etsin!
Siyasi fikirlər müxtəlifdir. Bu fikirlərdən yalnız o qismi rəvac bulur, millətə, cəmaətə faidə gətirər ki, həm fənnə, həm də o millət və cəmaətin keçirməkdə olduğu dövri-tarixə münasib olsun.
Şərqi-islamın bulunduğu şəraiti-həyatiyyə ilə keçirdigi dövri-tarix milli intibah dövri olduğundan heç şübhə yoxdur bu nöqteyi-nəzərdən türkçülükdəki türkləşmək, islamlaşmaq və müasirləşmək fikri zamanımızın ən hakim və ən mətin fikirlərindəndir. Bunun dəlili isə bu gün toplanacaq qurultaydır. Bugünki qurultay Qafqasiyanın, Azərbaycanın ən əməlpərvər adamlarını, qəlbləri türk qüvvəti-imanı ilə dolu olan tərəqqipərvər və müasir müsəlmanlarını came olacaq. “Müsavat” firqəsi hürriyyətdən daha 5 il əvvəl təsis edib, hürriyyətdən sonra qüvvətlənmiş, bu günə qədər Qafqasiya və Rusiya həyati-siyasiyyəyi-milliyyəsində görkəmli vəzifələr görmüş, bu gün təşkilatını, proqramını daha mətin əsaslar üzərinə qurmaq üçün qurultay çağırmışdır.
Federalizm fikrini Rusiya müsəlmanları arasında yayan firqə Ədəmi-Mərkəziyyət firqəsi olmuşdur. “Müsavat” tərəfindən qaldırılan bu bayraq bu gün bütün Rusiya müsəlmanlığının şanlı bayrağını təşkil etmişdir. Fəqət bu bayrağa ideya-şan qazandırmaq, onu heç zaman ayaqlar altına salmamaq üçün Türk Ədəmi-Mərkəziyyət firqəsinin qüvvətli olması lazımdır. Bu gün iclasa başlayacaq firqə qurultayı işinə firqə öylə bir qüvvət və mətanət bəxş etməli, onu hər surətlə iqtidarlı bir müəssisə halına qoymalıdır.
Əski türklər qurultaylarında xan göstərər (seçər) və bu vasitə ilə göstərdikləri xanlar dünyaları titrədəcək qüvvətə malik olurlardı. İmdiki müasir türklər kəndi qurultaylarında əsrin xanı olan siyasi əqidə intixab edər və bu əqidə ilə dünyaları titrətmək degil, dünyada yaşamaq, milli ideal, milli mədəniyyət və şərəflə yaşamaq istərlər. Böylə böyük bir məqsədlə iştə, bu gün Türk Ədəmi-Mərkəziyyət qurultayı quruluyor.
Ay yoldaşlar, yollarınız aydın olsun!
M.Ə.Rəsulzadə
“Açıq
söz”, 25 oktyabr 1917, ¹597
Şümul – əhatə
edən
“Nagəhan” bir qələbə
Fəhlə vəkilləri şurasının seçkiləri bir-iki rayon müstəsna olaraq qurtarmış və hər tərəfdə Türk Ədəmi-Mərkəziyyət firqəsi “Müsavat” qələbə qazanmışdır. “Müsavat” firqəsinin müsəlman füqərayi-kasibəsi, türk demokratiyası tərəfindən bu surətlə iqbal olunması, bu firqəyə göstərilən etimad, bəzi yerli qəzetələrin dediginə görə fəhlə və əskər şuralarından ötrü gözlənilməz “nagəhan” bir hadisə təşkil etmişdir.
Bu hadisə məzkur dairələrdən ötrü doğrudan da “nagəhan” bir hadisə olmalıdır. Çünki daha dünə qədər bu dairələrdə “Müsavat” firqəsi özünün cəmaət və demokratiyaya bilxassə əmələ qisminə istinad etmiş bir firqə olduğunu “isbat” edəmmiyordu. “Əksinqilabla mübarizə bürosu” təşkil olunduğu zaman “Müsavat” müraciət eləmiş, özünə yer istəmişdi. “Müsəlman cəmaətinin geniş demokratiya sinfinə istinad etmədiyinizdən, sizə yer verilməz” eşitmişdi. Ümumi tətil edildigi zaman firqə yenə ümumi işin xatiri üçün tətil komitəsində nümayəndəlik istəmişdi. Xahişinə heç cavab verilməmişdi. Demokratik müəssisə və şuraların türk və müsəlman demokratiyasınca məqbul və mətlub olan “Müsavat” firqəsinə olan bu əlaqələrini firqə idarəsi protesto eləmiş, böylə “iğmaz” politikasından keçən məsuliyyətin tamamilə fəhlə şurasını idarə edənlərə gələcəgini cəvabən bildirmişdi.
Məsuliyyət və hesab günü çox çəkmədi, gəldi. Keçən yekşənbə günü, oktyabrın 22-də “Müsavat” firqəsi seçkilərə çıxdı. Qarşısında bir çox əngəllərə, maneələrə baxmayaraq siyahılarını çıxardı. Ay müsəlman demokratiyası, göstər dedi: görsünlər ki, hanki firqəyə etimad ediyor, hanki fikirlərə inanıyorsan!
Müsəlman demokratiyası, türk əmələsi göstərdi, seçkilərin qəti nəticəsi hələ məlum degilsə də, qismən məlum olan nəticələrindən aşkardır ki, əksəriyyət Türk Ədəmi-Mərkəziyyət firqəsi Müsavatdadır. Sovetin yarıdan çoxu haman Müsavatçı müsəlman əmələsindən ibarət olacaq! Yekşənbə günü, hürriyyətdən 7 ay keçdikdən sonra siyasi firqələr fəhlə hüzuruna çıxıb imtahan tuturlardı. Bu günü başqa “tələbə”lər arasında tələbəligə yeni “ərizə” vermiş bir firqə dəxi vardı – “Müsavat”. Müsavat imtahandan “əliyyüləla” nömrə ilə çıxdı. Demokratiya hökmünü verdi. Dedi ki, yanılırsınız. Müsavat geniş demokratiya sinfinə istinad ediyor. Biz mənafeimizi, ixtiyarımızı ancaq ona inanıyoruz.
Qərar qəti və nafiz idi.
Fəqət bu qərar yalnız “Müsavat” həqqində verilməmişdir. “Müsavat”dan sonra ikinci dərəcədə əksəriyyət qazanan firqə erməni “Daşnaksaqan” firqəsidir. Bu hal göstəriyor ki, bəzi firqələrin düşündügi kibi milliyyət fikri füqərayi-kasibəyə, əmələlərə yabançı bir fikir degildir. Bu fikrə etina etməyənlər, milliyyətçi – deyə milli demokrat təşkilatlarını etinayə almayanlar cəzalanıyorlar. Qəflətlərinin, xətalarının cəzasını çəkiyorlar. Təbiət öz işini görüyor. Demokratiya milliləşiyor. Fəqət bu milliləşmək təəssüb demək degildir. Əgər beynəlmiləlçilər, etiqad ilə digəri əsaslarda təəssüb göstərməsəydilər, bu milliyyətçilikdir – deyə müəyyən millətlərə mənsub olan əmələlərin təbii hissiyyatlarına, təbii amal və arzularına etina etməsəydilər, o zaman bu gün qeyri-təbii sandıqları “nagəhan” hadisə qarşısında bulunmazlardı.
“Müsavat” firqəsinin demokratiya, füqərayi-kasibə arasındakı məqbuliyyəti, məzkur firqənin şura seçkilərindəki qalibiyyəti bizim həyatımıza, xüsusiyyət və təbiətimizə az etina edən dairələrdən ötrü “nagəhan bir hadisə” isə, bizdən ötrü təbii bir nəticə, bir nəticeyi-məntiqədir. Başqa dürlü olsaydı, o zaman qeyri-təbii olacaqdı.
Fəqət şura seçkilərinin böylə “nagəhan bir hadisə” ilə nəticələnməsi fəhlə mətbuatında və məğlub firqələrə mənsub fəhlə və əmələ dairələrində qərib bir haləti-ruhiyyə hasil etmişdir ki, əsl nagəhan olan burasıdır. Seçkilərin nəticəsi başqa dürlü olsaydı, əmələ mətbuatı zurna-təbil dögəcək, aləmə küy salacaqlardı. Halbuki imdi seçki rayonlarındakı nəticələri quru xəbər qismində olsa da elan etmiyor, xəbər vermiyorlar. Biləks dünki “İzvestiya Soveta Raboçix Deputatov”da əmələ sabraniyalarının qərarları dərc olunuyor ki, guya seçkilərdə həqsizlik olmuş, müsavatçılar başqa seçicilərə əngəl olmuş, onların iradələrini zorlamışlardı.
Türkcədə bir məsəl var: “Çərx cırıldamaqdasa can cızıldıyor”. Həqsizlikdən şikayətə qalırsa müsəlman əmələsinə olunan həqsizligi saymaqla qurtaramaz. “Müsavat”çılar seçkilərin icrası əsnasında seçki güzarışından narazı olduqlarını söyləyib duruyorlardı. İmdi başqaları şikayət ediyorlar. Əvət, məğlubiyyət acıdır. Fəqət bu təşəbbüslər bicadır. Seçkiləri tazədən təyin etmək üçün meydanda heç bir səbəb yoxdursa, seçkinin tərtibi, qaidəsi, idarəsi tamamilə başqalarının əlində olmuş, “Müsavat” bu seçkilərdən nömrə qazanmışdır. Burada Müsavatın həqsizligindən bəhs eləmək bəhsin yerini bilməməkdir. Qalibiyyət başqa tərəfdə olsa idi, o zaman sabraniya qətnamələrinin başqa misallarda çıxacağını görəcəkdik.
Fəqət bu kibi şəklə aid məsələlərlə olmaz. Məsələyə dərindən baxmalı, “Müsavat” qələbəsinin səbəbləri daha dərinlərdədir. Bir dəfə degil, min dəfə seçki edilərsə, qalibiyyəti yenə “Müsavat” qazanar. Çünki bu təbiidir. Çünki müsəlman əmələsi əksəriyyətdədir. Çünki bu əksəriyyəti təşkil edən müsəlman və türk əmələsi “Müsavat”a etibar ediyor. Ancaq ona inanıyor. Bunu dərk etməli. Ona görə rəftar etməlidir. Müsəlman əmələsi ilə münaqişəyə degil, müsalihəyə gəlməlidir. “Müsavat” əmələ qisminin ideallarına, iqtisadi və siyasi amallarına xadim bir firqədir. Həqiqi əmələ firqələrilə üz-üzə degil, yan-yana getməgə hazırdır. Qoy füqərayi-kasibə tərəfdarı olan firqələr böyügü müttəfiqlərilə əl-ələ versinlər – demokratiyanın qələbəsi, inqilabın faidəsi bunu iqtiza ediyor.
Yaşasın türk-müsəlman demokratiyası! Yaşasın bütün demokratiyanın ittihadı, var olsun Müsavat!
M.Ə.Rəsulzadə
“Açıq
söz”, 26 oktyabr 1917, ¹598
İğmaz –
böhtan
Nafiz – nüfuzlu
Təəssüb
– fanatizm
Bu gün imtahan
günü
Bakının saəti gəliyor. Bu gün bakılı vətəndaşlar seçki ayağına gəlib meydanda olan 12 siyahıdan hankisi həqqində nə hökmdə bulunduqlarını bildirməlidirlər.
Millətdaşlar, bu gün siz hakim olmalısınız, göstərməlisiniz ki, kimə daha artıq etibar ediyor, kimə daha çox inanıyorsunuz.
Biz sizə bu siyahıya səs veriniz, o siyahıya səs veriniz demiyoruz. Biz istəriz ki, siz tamamilə azad olub öz vicdanınızla, öz qanacağınızla hərəkət edəsiniz!
Siz baxmalı, həqq ilə batili ayırmalısınız! Siz bilməlisiniz ki, cəmaət işini cəmaət işini bilənlər görə bilərlər. Siz bilməlisiniz ki, bir millətin ruhunu, ehtiyacını o millətdən olanlar yaxşı bilər. Siz qəbul etməlisiniz ki, şəhər dumasında milliyyət, yəni məktəb, dil, yazı məsələsi varsa da, din, məzhəb məsələsi yoxdur.
Bunları bildikdən və nəzərə aldıqdan sonra alınız doqquzuncu nömrəni, götürünüz 12-ci nömrəni, baxınız beşinci nömrəyə və sairlərinə. İstərsəniz onların siyahısını diqqətlə oxuyunuz. Bilxassə 9-cu nömrə ilə 12-ci nömrə adamlarının adları qəzetəmizin qismi-məxsusində dərc edilmişdir. Onu gözdən keçiriniz, görünüz kim şəhər işlərinə idarəyə, cəmaət dərdlərini anlamaya, millət arzularını dərk etməyə mühəyyadır.
Hanki nömrəyə səs verəcəksiniz
veriniz. Fəqət
idrakla, qanacaqla səs veriniz. Onu biliniz ki, bu gün
diqqət etməsəniz, bu gün yanılsanız, bu gün
zəiflik göstərib qoçuların, zorbaların
sözünə qulaq assanız, istəmədiginiz
adamların nömrəsini versəniz sabahki məsuliyyət
kimsəyə degil, özünüzə aid olacaq. O
adamları ki, ancaq bu seçki günlərində cəmaət
işində görüyorsunuz, əvvəlcə
görmüyordunuz, çox çəkməz seçkilər
keçər, yenə də görməz, peşiman
olarsınız. Sonrakı
peşimançılıq isə faidə verməz.
Ehtiyatlı olunuz, özünüz-özünüzü
yıxmayınız, yıxılsanız o zaman şikayətə
həqqiniz qalmaz.
Çünki
özü yıxılan ağlamaz!
“Açıq söz”, 29 oktyabr 1917,
¹600
Mühəyya – hazırlanmış
“Müsavat”
qurultayı
Keçən nömrədə xəbər verilmiş
olduğu üzrə “Müsavat” firqəsinin iclası ayın
25-də açılmayaraq rəsmi-kəşad ayın 26-a təxir
edilmişdir.
Ayın 25-də ancaq xüsusi məşvərət
məclisi təyin edilmişdi.
Hələ
saət 5-dən İsmailiyyə binasında, xüsusən
“Müsavat” bölməsində böyük cünbiş ruhlu
hərəkətlər müşahidə olunur; yüzlərcə
adam cəm olub, içəri girmək
üçün bilet istiyor; firqə nümayəndələrinə
kağız veriliyor; şura əzasına xüsusi
nişanlar paylanıyor...
Nəhayət, saət 8 oluyor. 500-dən ziyadə hazirunin gurultulu
alqışları altında Türk Ədəmi-Mərkəziyyət
firqəsinin ən çalışqan müəssislərindən
Məhəmməd Əmin Rəsulzadə cənabları məclisi
açaraq bu qurultayın əhəmiyyətindən bəhslə
diyorlar ki: Türk Ədəmi-Mərkəziyyət firqəsi
“Müsavat”ın birinci qurultayı bütün Türk və
Şərqi-islam aləmi üçün böyük əhəmiyyətə
malikdir. Zira siyasi firqələri olmayan bir millətin
siyasi duyğusu, siyasi düşüncəsi olamaz. Siyasət
meydanına hər milləti siyasi firqələr
çıxarar, siyasi fikirlər siyasi firqənin ehtimamilə
xəlq arasında intişar tapar. Fəqət bir firqə xəlqin hüsni-rəğbətini
o vəqt qazanar, milləti öz başına o vəqt toplaya
bilər ki, cəmaətin milli amal və arzusuna müvafiq
proqram yürüdərək təşkili təbiətə
yaxın olsun. Bir siyasi firqə o vəqt
müvəffəq olar ki, millətin təbii yolunu dərk edə.
Firqəmizin tərəqqipərvərlər,
füqərayi-kasibə, demokratiya və ümumqərəzsizlər
tərəfindən hüsni-təvəccöh və rəğbəti
qazanmış olduğu doğru yol getdiginə bir dəlildir.
Bugünki etibar və təvəccöh ayrı
firqə əzasının çalışması və
niyazı sayəsində degil, hər şeydən artıq
Türk Ədəmi-Mərkəziyyət firqəsi
“Müsavat”ın bütün millətimizin arzu və
amallarını doğru surətdə dərki və təbii
bir cərəyanla hərəkət etməsindədir.
Siyasi firqələr birər hökumət kibidirlər. Hər firqənin
təşkilatı gələcək hökumətin necə təşkil
olunmasını istədigini göstərir. Fəqət firqə təşkilatı hökumətin
ancaq icraiyyə müəssisələri kibidir. Qanun vəz etmək ixtiyarı isə ancaq firqə
qurultaylarına məxsusdur. Bundan
dolayıdır ki, mütərəqqi millətlər və
siyasi firqələr firqə qurultaylarına çox
böyük əhəmiyyət veriyorlar.
Bədə
natiq əfəndi qurultaya gəlmiş olan nümayəndələrin
adlarını oxuyaraq bəyan ediyor ki, Naxçıvan, İrəvan,
Ağdaş və sairlərindən gözlənən vəkillərin
həpsi gəlməmiş, yaxud yenicə gəlib də
yorulmuş olduğundan qurultayın rəsmi-kəşadı
ayın 26-a təxir edilərək bu gecəyi boş
keçirməmək üçün ancaq xüsusi məşvərət
məclisi qurmağa və tərtibat və bəzi
hazırlıq məsələsinə baxılması təklif
olunur. Əzcümlə, bu gecə heyəti-rəyasətə,
etibarnamə komissiyasına və tərtibati-məclis işlərinə
baxan heyətə namizədlər göstərilməlidir.
Heyəti-rəyasətə Məhəmməd Əmin Rəsulzadə,
Nəsib bəy Yusifbəyli, Məhəmməd Həsən
Hacınski, Cavad Məlikyeqanov (fəhlə), Əbülqasim əfəndi
(Quba mahalından) namizəd edildilər. Katibligə: Mirzə Məhəmməd
Axundzadə ilə İslam bəy Qəbulov namizəd göstərildilər.
Etibarnamə
komissiyasına: Oruc Orucov, Qulamrza Şərifov, Zülfüqar
Məhəmmədov, Ərimullah əfəndi və Mirzə Məhəmməd
Axundov namizəd göstərildilər.
Tərtibi-müzakirat
bu qərar ilə təyin edildi:
1) Təşrifat,
təbrikat, 2) Mərkəzi heyətlərin məruzələri,
3) Etibar komissiyasının məruzəsi, 4) iş cəhəti.
(Ardı var)
Şirməmməd HÜSEYNOV
525-ci qəzet.-
2013.- 3 avqust.- S. 26-27.