Tələsmə, Şef
Həmin gecə birdən-birə onun haqqında yazmaq istədim. Daha doğrusu
istəmədim. Sadəcə bir anın
içində yazı gəlib oturdu beynimdə. Qaldı ancaq kağıza köçürtmək.
Hətta özümü qınadım ki, niyə
bu vaxtacan yazmamısan onun haqqında? Fikirləşdim
ki, eybi yox, elə indi də gec deyil...
Səhərə yaxın isə qəfildən dişim
ağrımağa başladı. Damağım
şişdi. Ağrıkəsici dərmanların hesabına
günortayacan birtəhər yatıb, getdim həkimə.
Dedi sap-sağlam dişinin dibi qəfildən irinləyib, irin
yayılıb bütün damağına...
Beləliklə ağrılı müalicə
başladı.
İynələr, antibiotiklər.
Söndürülmüş telefon da ki evdə çantada...
Yalnız
üç gün sonra dişimi çəkdilər, bir az özümə gəldim və telefonu
yandırdım.
Və məlum oldu ki həmin gecə dünyasını
dəyişibmiş. Xəstələnməyini
bilirdim. Amma vəziyyətinin
ağırlığını hamıdan gizlədirdi deyə,
ölümü də qəfil xəbər oldu
çoxumuza... Həm
də məhz həmin gecə. Yuxuda diş itirmək
yaxın adamın itkisinə yozulur. Məndə isə bir az fərqli oldu.
Mən
dişimin qəfil ağrısından başımı az qala divara vurduğum həmin gecə, o da
Əzrayıla can verirmiş...
O gecənin
yazısını isə uzun müddət çap edə bilmədim.
Çünki xatirə yazısı yox, ümid
, inam yazısıydı... Nəhayət qərara
gəldim ki, vəfatının ildönümündə dərc
edim. Amma yenə də bilmirəm. Bəlkə
də lazım deyildi...
1 avqust 2013
1995-ci ildə atam xəbər tutdu ki, Bakıdakı əruz
məclislərinə gedib gəlirəm, şeir yazıram. Bir dəfə keyfinin
kök vaxtında məni dedi ki, eşitmişəm qəzəlxanların
dəstəsinə qoşulmusan? Dedim, hə.
Əvvəl güldü, sonra qayıtdı ki,
ağlını yığ başına, dəstəylə
futbol oynayarlar, şeir yazmazlar.
Əlbəttə ki, mən onun sözünü ciddi qəbul
eləmədim. Bilirdim , özü də cavan
vaxtı şeir-qəzəl yazıb. Amma ciddi
şəkildə məşğul olmayıb və
şairliyinin yadigarı olan iki qalın dəftər indiyəcən
şifonerin dibində, tozun içində yatmaqdadı. İndi də fikirləşdim ki, yəqin mənə
paxıllıq eləyir, özünün şairlik
karyerası alınmayıb axı. İstəyir
ki, məndə də alınmasın. Ancaq
dediyi söz, nədənsə beynimdə ilişib
qalmışdı. “Dəstəylə
şeir yazmazlar.”
Amma bu yazı atam haqqımda deyil, kiçik qardaşım
haqqındadı. Zərdüşt Şəfiylə
qardaşlığım əsl bakılı qohumluğuna bənzəyir.
Bir də görürsən hər həftə
görüşürük, bir də görürsən aylarla
bir- birimizdən xəbər tutmuruq. Amma
ürəyim həmişə onun yanındadı. Əslində onunla çox tez-tez görüşməməyimin
səbəbi başqadı. Onun
yaradıcılığının elə mərhələsidi
ki, gərək özünə qapansın, öz ruhunu
tanısın, öz yolunu tapsın. Həmin
mərhələdə yaşca böyük olan və xətrini
istədiyi istənilən bir yaradıcı adamla sıx
münasibət, sonda təsir altına düşməyə gətirib
çıxara bilər. Bunu isə istəmirdim.
O, özü olmalıdı. Hər şeydə
yalnız özü. Heç kimə bənzəməyən,
heç kimi təkrar eləməyən Zərdüşt...
Amma bir
neçə il əvvəl daha
sıx-sıx görüşürdük, mən “Xəzər”
Universitetində “Yaradıcı yazı” fənnindən dərs
deyəndə bütün dərslərimdə iştirak
edirdi. Həmin mərhələdə onun ədəbi
yazı əlifbasını düzgün öyrənməyi
lazım idi. Çünki hər şey əlifbadan
başlayır. İlk
yazılarındakı istedadlı “xaos” mərhələsindən
çıxmağını və içində süjet
instinktinin, düzgün dramaturji hissiyyatın
yaranmısını gözləyirdim, bu mərhələni
keçməyi üçün çox
çalışırdım.
Və “Meşə-adam” hekayəsindən
sonra rahatlandım. Artıq onda süjet
instinkti, dramaturji hiss, struktur anlayışı
yaranmışdı. İndi rahat kənara
çəkilmək olardı. Və
çəkildim. Həm də sevinərək çəkildim. İndi qalır öz fərdi fəlsəfəsini,
dünyagörüşünü
formalaşdırmağı. Burda isə istedadlı adam üçün kənar
təsirlərə ehtiyac yoxdu. Öz içinə
düşməlidi.
Çox sevinirəm. Çünki onun
yaradıcılığa gəlməsində rolum olub. Düzdü, yaradıcı adamların belə
sözlərdən xoşu gəlmir, hər şeyi öz zəhmətləri,
öz istedadları ilə bağlayırlar. Kimsə belə şeyləri tez- tez başa vuranda, əsəbləşirlər.
Mən də Zərdüştə
söz verirəm ki, daha heç vaxt bu barədə yazmayacam. Amma indi yazmaq istəyirəm.
Onun ilk dəfə “Ulduz”a gəlməyini
xatırlamıram. Yazı gətirən çox olur deyə,
sifətlər yadda qalmır. Amma
oxuduğum hekayələrin içində mənə ən
çox maraqlı gələn birini gözüm tutdu. Xaotik də olsa, çox maraqlı yazı tərzi,
özünəməxsus ironiyası, bütün problemlərə
yuxarıdan aşağı baxan bir yumoru vardı. Nədənsə
Pelevini, Dovlatovu xatırlatdı mənə. Səhv
eləmirəmsə “Zəlzələ” hekayəsiydi. (Əgər yanılıramsa, Zərdüşt səhvimi
düzəldər.)
Hekayənin sonunda əlaqə telefonu vardı. Götürüb
zəng elədim. Anası
götürdü. Özü yox idi. Xahiş elədim ki, Yazıçılar Birliyinə
gəlsin.
Gəldi,
tanış olduq və ilk olaraq hiss elədim
ki həyalı oğlandı. Sonra ədəbiyyatdan-filandan
söhbət elədik və mənə maraqlı gəldi ki,
hələ orta məktəbi bitirməyən bir yeniyetmə
ciddi əbədiyyat barədə necə doğru-
düzgün fikirlər yürüdür.
Sonra da təbii ki, dostlaşdıq. Çoxlu-çoxlu
çap elədim hekayələrini.
Onu ilk dəfə dənizə mən aparmışam. Elçin Hüseynbəyli,
Qismət və Cavid Zeynallı da bizimləydi. Zirədə dəniz
sahilində balıq yeyəndən sonra dənizdə
çimdik və sudan çıxan Zərdüştün
sifətinin ifadəsi nədənsə mənə qəribə
gəldi. Qəfildən dedi ki, su duzludu. Hamımız
heyrətlə ona baxdıq, məlum oldu ki, bu vaxtacan dənizdə
çimməyibmiş.
Onu ilk dəfə futbola da mən aparmışam. Yenə də Qismət və
Cavid bizimləydi... Yaxşı oyun oldu,
Bakının “İnteri” hansısa Avropa komandasını
darmadağın elədi. O isə gülürdü. Oyuna yox, mənim oyunun gərgin məqamlarında
uşaq kimi qışqır-bağır salmağıma
gülürdü.
Onu fikirləşəndə, atamın uzun illər əvvəl
dediyi söz yadıma düşür. Şeiri dəstəylə
yazmazlar. Zərdüştün elə ən
gözəl xasiyyəti də ədəbi mühitə yox, ədəbiyyata
meyl eləməsidi. Hamı şahiddi ki, ədəbi
mühitdə müxtəlif dəstələr, qruplaşmalar
olur. Bu da təbii haldı. Amma Zərdüştü
heç vaxt belə qruplaşmalara meyl göstərən
görmədim. Fikrinin diqqətinin
hamısı yalnız ədəbi yaradıcılığa
köklənib. Özü də sırf ədəbiyyata.
Ədəbiyyatdan kənar nə varsa, ona
qeyri-ciddi görünür.
Bir
neçə il əvvəl onu kinoya istiqamətləndirmək
istədim. Filmlərimizin ssenari
yazılışı mərhələsində iştirak elədi.
Amma alınmadı. Özünün
çox da meyli yox idi. Başa
düşdüm ki, onun yaradıcı enerjisi sırf kitab
materialı üçündür. Hekayələr,
povestlər, romanlar.
Hələ roman yazmayıb. İlk kitabında da
hekayələrdir. Amma artıq bu
kitabında onun ciddi ədəbiyyatın qapısını
araladığı görünür. Ələlxüsus
son dövr hekayələrində daha əvvəlki xaos yoxdur.
Düzgün ideya qoyuluşu, dramaturji
quruluş, süjet xətti, sistemlilik bu hekayələri
artıq ciddi ədəbi material səviyyəsinə
qaldırır. Amma nədənsə bu sistemlilik onun
yaradıcılığının ilk mərhələsindəki
incə yumoru, özünəməxsus kinayəni arxa plana itələyib.
Zərdüşt böyüdükcə ciddiləşib
elə bil. Mənsə istərdim ki, həmin
o yeniyetmə Zərdüşt də itməsin, onun ciddi fəlsəfi
hekayələrinin arasından hərdən boylansın,
özünəməxsus təbəssümüylə hər
şeyi lağa qoyub gülsün, hətta qəhqəhə
çəksin.
Axır vaxtlar şeir də yazır. Ancaq şeirlərindən
xoşum gəlmir. Neçə dəfə
özünə də demişəm. Bəlkə
də inciyib məndən. Bəlkə də
inciməyib. Hər nədisə, onun
şeirlərində mən özünəməxsus spesifik
ruhu, yazı manerasını hələ ki görmürəm.
Hekayələrdəki Zərdüşt
şeirlərdə sanki hələ gözə
çarpmır, gizlənir. Lakin bilmək
olmaz, bəlkə nə vaxtsa şeiri də elə həddə
çatdı ki, orda da sırf öz nəfəsini hiss elədik.
Ən çox bəyəndiyim cəhəti isə səbrli
olmağıdı. Elə ilk kitabının çapına da tələsmədi,
əlindəki yazıları da ortaya qoymağa tələsmir,
ciddi- cəhdlə materialın üstündə işləyir,
cilalayır, sanki sığallayır... Çünki
Zərdüşt beşgünlük yazıçılardan
deyil. Onun bütün fikri,
düşüncəsi uzunmüddətli, davamlı və daim
yüksələn xətlə inkişaf edən
yaradıcılığa malik yazıçı olmaqdır.
Məhz yazıçı.
Təbii ki bu ağır və uzun yoldu. Və mən
inanıram ki, Zərdüşt Şəfi zəhmətkeşliyi,
istedadı və səbri sayəsində bu yolu qət edəcək.
Mütləq... Ona isə hələ ki yalnız bir
sözüm var. Tələsmə Şef, səbrli ol...
2012.
Avqust
P.S. Mən
daha heç kimə, səbrli ol, deməyəcəm. Heç vaxt.
İlqar FƏHMİ
525-ci qəzet.-
2013.- 3 avqust.- S. 29.