Etnik baxımdan zəngin bölgələrimiz-
Lənkəran
Azərbaycan etnik tərkibi baxımdan da dünyanın ən zəngin ölkələrindəndir. Ümummilli lider
Heydər Əliyev də əbəs yerə demirdi ki, Azərbaycanın zənginliyi həm də burada yaşayan müxtəlif xalqların sayının çoxluğu ilə səciyyələnir.
Ölkəmizdə əsrlərdir müxtəlif xalqların nümayəndələri əl-ələ, çiyin-çiyinə dostcasına, qardaşcasına yaşayırlar. Ölkənin bütün bölgələrinə səpələnərək yaşayan etnik qruplar, azsaylı xalqlar bəzi regionlarda xüsusilə üstünlük təşkil edirlər. Tarixi proseslərin nəticəsi bir sıra xalqların məskunlaşmasında da özünü göstərib. Buna müvafiq olaraq bəzi etnik qruplar, azsaylı xalqlar bəzi regionlarda pərakəndə, bəzilərində isə sıx halda məskunlaşıblar. Azərbaycan ümumiyyətlə, etnik cəhətdən zəngin ölkə olsa da, bu etnik zənginlik çaları özünü bəzi bölgələrdə, bəzi rayonlarda daha qabarıq şəkildə büruzə verir. Yəni, bəzi ərazi vahidlərimizdə etnik rəng özünü daha tünd çalarda göstərir, bəzi etnik qruplar, bəzi xalqlar bir sıra rayonlarda daha kompakt şəkildə yaşayırlar.
Ölkəmiz etnik rəngarənglik baxımından palitranı xatırladır. Azərbaycanın cənub, cənub-şərq ərazisi də bu baxımdan istisna deyil. Bu yazımızda adını çəkdiyimiz regiondakı etnik mənzərəni konkret olaraq Lənkəran şəhərinin timsalında oxucularımızın diqqətinə çatdıracağıq.
Bakıdan 268 kilometr məsafədə yerləşən, Azərbaycanın ən gözəl guşələrindən biri olan Lənkəran respublikanın cənub-şərqində əlverişli fiziki coğrafi şəraitə malikdir. Lənkəran Azərbaycan Respublikası daxilində mövcud olan beş təbii coğrafi vilayətdən biridir. Lənkəranın ərazisi şimaldan Kür-Araz ovalığı, şərq və cənub-şərqdə Xəzər dənizi ilə hüdudlanıb. İnzibati baxımdan Lənkəran Astara, Masallı, Lerik inzibati rayonları ilə əhatə olunub. Relyefinə görə ərazisi əsasən düzənlik və müəyyən qədər dağlıq hissədən ibarət olmaqla cənuba doğru getdikcə ensizləşir. Hündür dağətəyi sahədə 200 metr hündürdə, Xəzər dənizi sahilində okean səviyyəsindən 28 metr aşağıda yerləşir.
Lənkəran Azərbaycanın çox qədim yaşayış məskənlərindən biridir. Bölgə ərazisində aparılmış arxeoloji qazıntılar bu yerlərdə hələ tunc dövründən, yəni eramızdan əvvəl III-II minilliklərdə insanların yaşadığını təsdiq edir. Əlverişli iqtisadi-coğrafi mövqeyi, füsunkar təbiəti, geniş əlaqələri, Qərblə Şərqi birləşdirən əsas karvan yollarının üstündə və Xəzər dənizi sahillərində yerləşməsi onun inkişafını xeyli sürətləndirib.
1747-ci ildən Lənkəran Talış xanlığının mərkəzi şəhərinə çevrilib. Münbit torpaqları, bol suyu və mülayim iqlimi olan Lənkəranda əhalinin ən qədim məşğuliyyəti əkinçilik, maldarlıq, bağçılıq, balıqçılıq, ipəkçilik və arıçılıq olub. Lənkəranda dəmirçilik, misgərlik, dulusçuluq və başqa sənətlər geniş yayılıb, xanlığın iqtisadi inkişafında ticarət mühüm rol oynayıb, İran, Türkiyə, Rusiya, Orta Asiya dövlətləri ilə, Çin, Pakistan, Hindistanla ticarət əlaqələri qurulub. XVIII əsrdə Talış xanlığı yaradılıb. Qaraxanın hakimiyyəti dövründə xanlığın paytaxtı Astaradan Lənkərana köçürülüb. Şəhər genişlənməyə başlayıb. Xanlığın iqtisadi, siyasi və mədəni həyatı inkişaf edib, dəmirçilik, misgərlik, zərgərlik məmulatlarının istehsalı genişlənib. Lənkəran uzun müddət Talış xanlığının paytaxtı kimi qalıb və Azərbaycanın İranla, Orta Asiya, Hindistan və Rusiya ilə ticarətində mühüm rol oynayıb. Şəhərdə yaşayış binaları ilə əhatə olunmuş 9 bazar var idi. 1795-ci ildə İran şahı Ağa Məhəmməd şah Qacarın ordusu Lənkəranı qarət edəndən sonra cənuba çəkilib. 1813-cü il yanvarın 1-dək Lənkəran xanlığı Rusiya tərəfindən işğal edilib. Sonradan Gülüstan müqaviləsinə əsasən Lənkəran xanlığı Rusiyaya birləşdirilib. Lənkəran rayonu 1930-cu ildə təşkil edilib.
Lənkəran da bir çox rayonlarımız kimi tarixən burada məskunlaşan azsaylı xalqların, etnik qrupların vətənidir. Burada tarix boyu azərbaycanlı, talış, rus, ukraynalı, türk, kürd, tatar, ləzgi və digər millətlərin nümayəndələri dostcasına yaşayıblar.
Lakin tarixin müəyyən dönəmində xarici qəsbkar qüvvələr tərəfindən idarə olunan bəzi şəxslər bu birliyi, həmrəyliyi, qardaşlığı pozmağa cəhd ediblər. Müstəqilliyimizin ilk illərində, ölkəmizin Ermənistanla münaqişə vəziyyətində yaşadığı bir vaxtda xaricdən idarə edilən bəzi separatçı qüvvələr Azərbaycanın cənub zonasının bir hissəsində qısa müddətli separatçı rejim qurmağa nail olmuşdular. Ancaq ümummilli lider Heydər Əliyevin şəxsi iradəsi, səyi nəticəsində xalqımızı parçalamağa çalışan bu qüvvələr zərərsizləşdirildi, xalqlararasında nifaq salmağa, təfriqə yaratmağa çalışanlar haqlı cəzalarını aldılar. Hazırda da burada müxtəlif xalqlar qaynayıb qarışaraq həyatlarına davam edirlər.
Bu bölgədə say nisbətinə görə talışlar digər azsaylı xalqlara nisbətən üstünlük təşkil edir. Talışlar Azərbaycanda cənub-şərqində, əsasən Lənkəran, Astara, Lerik və qismən Masallı rayonlarında, eləcə də İranın şimalında, əsasən Gilan və Ərdəbil ostanında- Talış, Rizvanşəhr, Masal, az sayda Astara, Fumən və Nəmin şəhristanında yaşayırlar.
1999-cu ilin məlumatına əsasən Azərbaycanda talışların sayı 77 min nəfərə yaxındır. Talışlar faktiki olaraq ölkədə yaşayan ruslar və ləzgilərdən sonra üçüncü azsaylı xalqdır. Azərbaycanda hazırda tədris proqramında talış dili öyrənilən 240-dan artıq məktəb fəaliyyət göstərir. Bu məktəblərin ibtidai siniflərində həftədə 2 dəfə talış dili tədris edilir.
Talışlar talış dilində danışırlar. Talış dili Hind-Avropa dillərinin Hind-İran qoluna daxildir. Talışlarla çox yaxın dildə danışan və etnik olaraq müəyyən mütəxəssislər tərəfindən gah talışlara, gah da tatlara aid edilən kiçik etnik qruplar da mövcuddur. Talışlar ənənəvi olaraq müsəlmandırlar. İranda yaşayan talışların bir qismi sünnidir.
Bu bölgənin özünəxas keyfiyyətləri mövcuddur. Belə ki, Lənkəran dedikdə ilk növbədə ağlımıza Lənkəran çayı və limonu gəlir. Eyni zamanda talışların özünəməxsus ləziz mətbəxi var. Müxtəlif növ ləvəngi, çox çeşidli plov buraya gələn turistləri ən azı buranın təbiəti qədər özünə cəlb edir.
Bu bölgənin xalqları arasında yetişən xeyli sayda görkəmli elm, incəsənət, ədəbiyyat adamları Azərbaycanın ictimai həyatında mühüm rol oynayır, dövlət idarəçiliyində fəal iştirak edərək ümumi işə öz töhfələrini verirlər.
Bütün bunlar göstərir ki, Tanrı Azərbaycan adlı bu məmləkətdən səxavətini və lütfünü əsirgəməyib, yeraltı və yerüstü sərvətlərlə yanaşı, bir ölkə ərazisində iç-içə qaynayaraq qarışan, bir respublikanın bərabərhüquqlu vətəndaşları kimi çiyin-çiyinə yaşayan dost xalqlar bəxş edib. Bu qiymətli bəxşişlərin qədrini bilmək, qorumaq hər birimizin mənəvi borcudur.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2013.- 6 avqust.- S. 4.