BDU-nun “Gənc istedadlar” liseyi “Ən
yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin
qaliblərindən oldu
Müasir
dünyada hər bir ölkənin gələcəyi həmin
ölkədə təhsilin səviyyəsi ilə
ölçülür. Təhsilin
inkişafı hər bir ölkədə inkişaf
konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycan da bu ölkələr
sırasındadır. Ölkəmizdə
son illərdə təhsilin inkişafı ilə bağlı
həyata keçirilən tədbirlər deməyə əsas
verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı
və inamlı görmək əzmindədir. Bundan başqa, zəngin təbii sərvətləri
ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən
səmərəli istifadə ilə insan kapitalının daha
da inkişaf etdirilməsini başlıca istiqamət
seçmişdir.
Gənc nəslin tərbiyəsinin qarşısında
duran başlıca məqsəd hərtərəfli biliyə,
mütərəqqi dünyagörüşə, milli və
ümumbəşəri əxlaqa, mənəviyyata və mədəni
dəyərlərə yiyələnən şəxsiyyət
formalaşdırmaq və cəmiyyətimiz üçün
layiqli vətəndaşlar yetişdirmək olduğundan hazırda
məktəblərdə uşaqların tərbiyəsini
müasir tələblər səviyyəsinə qaldırmaq
çox vacibdir. Bakı Dövlət Universitetinin nəzdində
fəaliyyət göstərən “Gənc istedadlar” liseyi də
məhz bu məqsədlərə xidmət göstərmək
üçün yaradılıb. Cəmi 6
illik tarixi olan liseyin Prezident İlham Əliyevin sərəncamı
ilə 2012/2013-cü tədris ilində keçirilmiş
“Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin
qalibi olması qarşıya qoyulmuş məqsədlərin
reallaşmasından xəbər verir.
“Gənc istedadlar”ın yaranma tarixi
17 aprel 2006-cı ildə
Prezident İlham Əliyevin sərəncamı ilə
“Xüsusi istedada malik olan şagirdlərin (gənclərin)
yaradıcılıq potensialının inkişafı üzrə
Dövlət Proqramı (2006-2010-cu illər)” qəbul edilib.
Bu proqrama uyğun olaraq Bakı Dövlət Universitetinin (BDU)
rektoru, akademik Abel Məhərrəmovun təşəbbüsü
və səyi, həmçinin Təhsil Nazirliyinin
razılığı ilə 2007-ci ildən BDU-nun nəzdində
“Gənc istedadlar” liseyi fəaliyyət göstərir. Liseyin başlıca vəzifəsi milli amallara xidmət
edəcək gənc istedadları üzə çıxarmaq,
onların inkişafına hərtərəfli şərait
yaratmaq, gələcək inkişaflarını düzgün
istiqamətləndirmək, dərin biliyə, həmçinin
yüksək mənəvi keyfiyyətlərə malik gənclər
yetişdirməkdən ibarətdir. Liseyin
fəaliyyətə başlaması təkcə istedadlı
şagirdləri üzə çıxarıb, yetişdirməklə
məhdudlaşmır, eyni zamanda o, böyük sürətlə
inkişaf edən texnologiyalar dünyasında bu dəyişikliklərə
dinamik şəkildə uyğunlaşan şəxsləri tərbiyə
etməyi özünə əsas vəzifə bilir. Lisey hazırda təhsil sahəsində aparılan
islahatlar baxımından tələb olunan bilik və
bacarıqlara malik olan yüksək səriştəli kadr
potensialına və müasir maddi texniki bazaya malikdir. Liseydə təlim-tədris bir növbədə, Azərbaycan
və rus dillərində aparılır.
Liseyə qəbul qaydaları
Liseyə
şagird qəbulu rektorun əmri ilə yaradılmış qəbul
komissiyası tərəfindən test üsulu ilə hər
ilin iyun ayında aparılır. Şagird qəbulu
zamanı ayrı-ayrı fənlərdən imtahan
suallarının hazırlanmasında BDU-nun müvafiq
kafedralarının müəllimləri yaxından iştirak
edirlər. İstedadlı şagirdlər,
onların inkişafı problemi liseyin əsas tədqiqat
obyekti, ən başlıca məqsədidir. Onlar lisey tərəfindən böyük
qayğı və diqqətlə əhatə olunurlar. Şagird nailiyyətlərinin monitorinqi və qiymətləndirilməsi
lisey daxili yoxlamalar, Təhsil Nazirliyinin və TQDK-nın
sınaq imtahanları, həmçinin digər qurumların
keçirdiyi “Bilik” yarışları vasitəsilə həyata
keçirilir. Lisey pedaqoji şurasının qərarı, valideynlərin
razılığı ilə riyaziyyat, fizika və kimya fənlərindən
şagirdlərin biliyi yazılı, digər fənlərdən
isə şifahi yoxlamalar yolu ilə qiymətləndirilir.
Bu üsul onların təfəkkürünün
və nitq mədəniyyətinin inkişafına kömək
edir. Buraxılış sinif şagirdlərinin
biliyinin müqayisəli təhlili və tədris illəri
üzrə lisey şagirdlərinin mənimsəmə və
keyfiyyət göstəriciləri bu fikri təsdiq edir.
BDU ilə əməkdaşlıq
BDU-nun müvafiq kafedralarının müəllimləri
mütəmadi olaraq lisey müəllimlərinin dərslərində
olur, onlara elmi-metodiki cəhətdən məsləhətlər
verir, XI sinif şagirdlərinin bilik səviyyələrinin
yoxlanılmasında iştirak edirlər. BDU-nun rektoru
akademik Abel Məhərrəmovun göstərişinə əsasən,
liseyin istedadlı şagirdlərindən əksəriyyəti
onların meyil və maraqları nəzərə alınmaqla,
yaradıcı potensiallarının daha da inkişaf etdirilməsi
məqsədilə müxtəlif fənlər üzrə
universitetin professor-müəllim heyətinə təhkim olunub.
Qeyd olunanlarla yanaşı, şagirdlərin
siyasi, ekoloji mədəniyyətinin
formalaşdırılması, vətənpərvərlik, əxlaqi
və estetik tərbiyəsinin təşkili, onlarda mənəvi-iradi
keyfiyyətlərin formalaşdırılması məqsədilə
keçirilən tədbirlərdə BDU-nun müəllimləri
yaxından iştirak edirlər. BDU-nun
professor-müəllim heyəti ilə yanaşı, tələbələri
də liseylə sıx əlaqə saxlayırlar. Artıq dördüncü tədris ilidir ki,
müvafiq fakültələrin tələbələri
pedaqoji təcrübəni liseydə keçirlər. Liseyin müəllimləri tələbələrə
diqqət və qayğı ilə yanaşır, onlara metodiki
məsləhətlər verir, müasir təlim
metodlarını izah edirlər. Bir qayda
olaraq, pedaqoji təcrübələr başa çatdıqdan
sonra BDU-nun müvafiq fakültə dekanları və kafedra
müdirlərinin, pedaqoji təcrübə rəhbərlərinin,
metodistlərin və lisey müəllimlərinin
iştirakı ilə yekun konfranslar keçirilir, pedaqoji təcrübənin
nəticələri təhlil olunur. BDU-nun
professor-müəllim heyətinin üzvləri müxtəlif
vaxtlarda liseyin ayrı-ayrı siniflərində nümunəvi
dərslər keçiblər. BDU-nun
rektoru Abel Məhərrəmov özü də X sinif
şagirdlərinə “Üzvi birləşmələrdə
kimyəvi rabitələrin elektron təbiəti” mövzusunda
nümunə dərsi keçib.
Əldə edilən nailiyyətlər
Altı illik tarixi olan “Gənc istedadlar” liseyinə maraq
çox böyükdür. “Gənc istedadlar”
liseyi qazandığı uğurlar və əldə etdiyi
yüksək nəticələrə görə ictimaiyyət
arasında böyük nüfuza malikdir.
Liseydə
təhsil alan hər bir gəncin
başlıca məqsədi orta məktəbi bitirdikdən
sonra seçdiyi ixtisas üzrə ali məktəbə qəbul
olmaqdır. Hazırda liseyi bitirən məzunlar
respublikamızın və xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil
alırlar.
2009-cu ildə
liseyi 24 nəfər bitirmiş və hər biri ali məktəbə daxil olmuşdur. Onlardan 4 nəfəri
600-dən, 12 nəfəri isə 500-dən çox bal toplamışdır. 2010-cu ildə liseyi
bitirən 18 nəfərdən 5-i 600-dən, 7 nəfəri isə
500-dən çox bal
toplamışdır. 2011-ci ildə
liseyi 19 şagird bitirmiş, onlardan 7 nəfəri 600-dən,
12 nəfəri isə 500-dən çox bal toplayaraq
respublikamızın və xarici ölkələrin nüfuzlu
ali məktəblərinə daxil olub. 2012-ci ildə
Liseyi 42 nəfər bitirmişdir. Onlardan 2 nəfər
liseyi qızıl medalla bitirmişdir, 6 nəfəri 600-dən,
15 nəfəri isə 500-dən çox bal
toplamışdır. Ümumiyyətlə
4 il ərzində liseyi bitirən 103 nəfərin
hamısı ali məktəblərə qəbul
olunmuşlar. Onlardan 21 nəfər
600-dən, 36 nəfəri isə 500-dən çox bal toplayıb. Məzunlardan 3 nəfəri
Prezident təqaüdünə layiq
görülmüşdür. Hazırda
liseyin məzunlarından 35 nəfəri BDU-da təhsillərini
davam etdirir. Bu il 7 nəfər
şagird Liseyi qızıl medalla bitirmişdir və
bütün məzunlar qəbul imtahanlarında yüksək
ballar toplayıblar. Şübhəsiz ki, bu il də Liseyi bitirən
məzunların
hamısı istədikləri ali məktəblərə
qəbul olacaqlar.
TQDK-nın açıqladığı statistik məlumata
görə 2009, 2010, 2011 və 2012-ci illərdə lisey orta bala
və müxtəlif fənlər üzrə cavabların
faizinə görə respublikada ən yüksək nəticə
göstərmişdir.
Pedaqoji
kollektiv elmi-pedaqoji nailiyyətləri, yeni təlim metodları
və texnologiyalarını öyrənib tədris prosesində tətbiq etməyə
çalışır. Tədris prosesində şagirdlərin
bilik və bacarıq səviyyəsinin daha da artması
üçün test yoxlamaları və olimpiadaların, inşa yazı
müsabiqələrinin, əlavə məşğələlərin
təşkilinə, mühüm tarixi gün və əlamətdar
hadisələrin qeyd olunmasında şagirdlərin fəal
iştirakına xüsusi diqqət yetirilir. Bütün
bunların nəticəsidir ki, liseyin şagirdləri respublika
fənn olimpiadalarında, müxtəlif bilik və idman
yarışlarında bir sıra uğurlar qazanmışlar.
Şagirdlərdən Elvin Eyvazlı 2009-cu ildə tarix fənni,
2011-ci ildə Orxan Həsənli fizika fənni, Sona Quluzadə
isə kimya fənni üzrə keçirilən respublika fənn
olimpiadalarının qalibləri olmuşlar. Bununla
yanaşı, Rəcəb Rəcəbov respublika fənn
olimpiadasında riyaziyyat fənni üzrə 2008-ci ildə III,
2009-cu ildə isə II yerə, Aytac Bayramlı isə 2011-ci ildə
kimya fənni üzrə III yerə layiq
görülmüşlər.
2012-ci ildə
Respublika Olimpiadasında şagirdlərdən 3 nəfəri
I yer, 3 nəfəri III yer tutmuşdur. 2013-cü ildə
Respublika Olimpiadasında şagirdlərdən 4 nəfəri
I yer, 1 nəfəri III yer, 2 nəfəri IV yer tutmuşdur.
Ümummilli
lider Heydər Əliyevin anadan olmasının
ildönümü münasibətilə 2008 və 2009-cu illərdə
Müasir Təhsil Kompleksində 35 komandanın iştirakı
ilə keçirilmiş intellekt yarışlarında liseyin
şagirdləri I, XXI əsr Beynəlxalq Təhsil və
İnnovasiya Mərkəzi tədris müəssisəsində
2008-2010-cu illərdə keçirilmiş intellekt
yarışlarında isə I-III yerləri tutmuşlar. “Araz” kurslarının təşkil
etdiyi məktəblilərarası ənənəvi bilik
yarışlarında şagirdlərin əksəriyyəti yüksək nəticələr
göstərmiş, Bakı məktəbləri arasında
lisey III yerə layiq görülmüşdür.
Liseyin ən
son nailiyyətlərindən biri də yekun turu hər ilin may
ayında ABŞ-da keçirilən “Sabahın alimləri”
müsabiqəsində əldə edilən uğurlarla əlaqədardır.
Qeyd edək ki, yuxarı sinif şagirdlərinin elmi
axtarışlara sövq edilməsi, onların müasir tədqiqat
metodlarına yiyələnməsi, bu sahədəki fəaliyyətlərinin
stimullaşdırılması, elmi-tədqiqat fəaliyyətinə
meyli olan istedadlı şagirdlərin aşkara
çıxarılması, ali təhsil müəssisələri
ilə ümumi təhsil müəssisələri arasında əlaqələrin
genişləndirilməsi, təhsil sahəsində daha
böyük uğurlar qazanmağa şərait yaradır. Bu məqsədlə
Bakı və Sumqayıt şəhərlərində
fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin
IX-XI sinif şagirdləri tərəfindən yerinə
yetirilmiş tədqiqat layihələrinin “Sabahın alimləri”
adlı beynəlxalq müsabiqəsi keçirilib. Bu
müsabiqə 60 ildən artıqdır ki, keçirilir və
iştirakçılardan sonralar Nobel mükafatına layiq
görülənlər az deyil. Azərbaycan MDB məkanında Rusiya, Ukrayna,
Qazaxıstandan sonra dördüncü ölkədir ki, bu
müsabiqədə iştirak edir. Təhsil
Nazirliyinin məsul əməkdaşları ABŞ-da layihə
ilə bağlı bütün detalları öyrənib və
onun Azərbaycanda reallaşmasına
çalışıblar. Müsabiqəyə təqdim
olunan layihədə elmi yenilik olmalı, həmin iş gələcəkdə
tətbiq sahəsi tapmalıdır.
2012-ci ildə
“Sabahin alimləri”
Respublika müsabiqəsinə əsasən
Universitetin professor-müəllim heyətinin rəhbərliyi
ilə Lisey şagirdləri tərəfindən təqdim
olunmuş 9 işin hamısı müsabiqə nəticəsində
I, II və III yerləri tutmuşdur. Həmin müsabiqə nəticəsində
2012-ci ilin may ayında ABŞ-da kecirilən yekun müsabiqəyə
göndərilən 3 işdən 2-si Lisey şagirdlərinin
işi olmuşdur. Bu il keçirilən
“Sabahin alimləri” müsabiqəsində Liseyin 14 şagirdi 10
Layihə ilə iştirak etmişdir. Müsabiqə
nəticəsində 3 Layihə (5 şagird) I yer, 4 Layihə
(7 şagird) II yer tutmuşlar. Bu ilin may ayında da
ABŞ-da keçirilən “Sabahın alimləri” Beynəlxalq
müsabiqəsində Respublikamızı təmsil edən 3
layihədən 2-si “Gənc istedadlar” lisey şagirdlərinə
məxsus olmuşdur.
Lisey
kollektivinin qazandığı uğurların nəticəsidir
ki, onun əməkdaşları müxtəlif vaxtlarda Azərbaycan
Respublikasının “Əməkdar müəllimi” fəxri
adına, Təhsil Nazirliyinin “Qabaqcıl təhsil
işçisi” döş nişanına, Fəxri Fərmanına,
təşəkkürünə, BDU rektorluğunun Fəxri Fərmanına,
təşəkkürünə və pul mükafatına
layiq görülüblər.
Aydın KAZIMZADƏ
BDU-nun Elm və innovasiyalar üzrə
prorektoru, professor
525-ci qəzet.-
2013.- 8 avqust.- S. 8.