Foto müəllifindir
Dünyanın ən tanınmış fotoqraflarından
biri, “National Geographic”in əməkdaşı Rza Diqqəti
iftar süfrəsində qonağımız idi. Bu günlərdə
Azərbaycanda Ramazan atmosferini əks etdirən şəkillər
çəkən məşhur fotoqraf Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsinin dəvəti ilə bizə
də gəlmişdi. Rza bəy ilə birgə komitənin
əməkdaşı Əli bəy də iftara qatılırdı. Əslində qonaqlarımız gələndə
qısa müddət oturacaqlarını, çəkilişdən
sonra gedəcəklərini söyləmişdilər. Rza bəygili yola salanda gecə saat 3 olardı. Həmsöhbətimiz o qədər maraqlı insan
idi ki, vaxt necə gəldi, necə keçdi, heç
özümüz də bilmədik. O, müxtəlif
ölkələrdə başına gələn hadisələrdən,
çəkdiyi şəkillərdən danışdı. Mən şeirlərimdən söylədim. İş elə gətirdi ki, biz Rza bəyin
maşında yuxulamış şoferini oyadanda sahur vaxtı
çatmışdı. İftardan sonra
fotoaparatımızda və zehnimizdə yaranan şəkillərə
baxdım. Oxucular üçün həmin
şəkillərdən ibarət kiçik bir sərgi
düzənlədim. Gərək, məni
üzrlü sayasınız. Üstünüzə
sağlıq, bu aralar başım və gözlərim məni
yaman incidir. Sizi müşayiət edə
bilməyəcəm. Amma siz Allah, elə
bil öz evinizdə, yəni öz sərginizdəsiniz.
Buyurun... Qoy, bunu da deyim, lap yadımdan
çıxmışdı, istədiyiniz fotodan başlaya bilərsiniz.
1-ci foto
“Facebook”,
“Twitter”, “Instagram”... Şəkillərə açıqlama,
şərh yazmaq, adamları işarələmək,
onları kəsmək, “Photoshop” ilə insanların
üzünün tərini silmək, heç biri yox idi! Bizim evdə qırmızı albomlar var idi. Albomun səhifələrinə
yapışdırılmış şəkillərin
altında tarix, bir-iki cümlə və hətta şeir
yazılmışdı. Şəkillərin
bəziləri ağ-qara, bəziləri “qırmızı”
idi. Mən uşaq olanda elə bilirdim ki,
keçmişdə günəş olmayıb. Ona görə də o dövrün şəkilləri
ağ-qaradır. Sonra isə günəş
çıxıb. Şəkillər də,
adamlar da“qırmızılaşıblar”. Mən
balaca olanda ən gözəl şəkillərimiz yanıb
deyə anam pis olardı. Elə bilirdim, bu
şəkilləri günəş yandırıb. Onu da deyim ki, bu şəkil məsələsinə
görə bir dəfə yaman məyus olmuşdum. Evimizin yanındakı uşaq bağçasında
məcburi köçkünlər məskunlaşmışdılar.
Ən yaxın dostum – məndən bir neçə
yaş böyük kəlbəcərli qız da ailəsi ilə
birlikdə burada yaşayırdı. Bir gün dostum mənə
gizlincə ağ-qara bir ailə fotosu göstərdi: “Bax bu Məhəmməd
peyğəmbərdir, bu İmam Əlidir, Fatimə
xanımdır, bunlar da Həsən və Hüseyn. Heç kim görməyib ha şəkilləri! Nəbadə
kiməsə deyəsən...” Peyğəmbərin
şəklini gördüyüm üçün heç
cürə bağışlaya bilmirdim özümü.
2-ci foto
“Uşaq vaxtı bizlərdə də bundan
hazırlayardılar. Sevdiyim şorbadır” – Rza bəy toyuq
şorbasından bir-iki qaşıq aldı. Gözü atam ilə anamın Kəbədə
çəkilmiş şəklinə ilişdi. Məkkədə apardığı çəkilişdən
danışdı. Rza bəy necə də səmimi idi:
“Havadan şəkillər çəkmək üçün
kraldan vertolyot istədim. Düz bir həftə
vertolyot yiyəsi olmuşam ha!” O, Həcc ziyarəti ilə
bağlı bir əhvalat da danışdı: “Olmuş hadisədir.
Uşaq vaxtı bizə danışardılar.
Mənim ulu babalarımdan biri Həccə
gedirmiş. O vaxtı ziyarətə 6 aya gedirmişlər.
Kişi hamı ilə görüşüb
halallaşıb. Anası oğlundan gələndə
ona Şamdan yaylıq almasını xahiş edib. Kişi yola düzəlib. Heç
iki-üç ay keçməmiş, bir də görüblər
ki, babam qayıtdı. Soruşublar, nə
məsələdir? Anasına deyib ki, sən
məndən yaylıq istəmişdin. Ölüm
var, itim var. Dedim birinci sənə yaylığı
çatdırım. Sonra ziyarətə
gedim. Yoxsa, fikrim yaylığın
yanında qalacaqdı”.
3-cü foto
Kiçik qardaşım Mirrəsul yeni aldığı
fotoaparatının fokusunu düzəltməyə
çalışırdı ki, bizim Rza bəylə ailəcə
şəklimizi çəksin. Bacarmadığını
görüb qonağımıza müraciət elədi: “Rza
müəllim, deyirəm, bəlkə sizin başınız
çıxa bu fotoaparatdan? Bəlkə bir baxasınız...”
Dünya şöhrətli fotoqraf – Rza Diqqəti gülümsədi:
“Mirrəsul, açığı, bir az başım
çıxır, ver baxım hələ”.
4-cü foto
Diqqəti iftar boyunca və iftardan sonra fotoaparatı ilə
bir çox şəkillər çəkdi. Birdən mənə
elə gəldi ki, Rza bəy snayperdir. Boynundan
asdığı makina da onun silahıdır. O nişan alır, düyməni sıxır,
flaş və... Bu fikirlər haradan gəlir axı mənim
ağlıma! Yəqin orucluqdandır, bütün günü
ac-susuz qalmaq məni lap birtəhər eləyib e! Lənət
sənə kor şeytan! Yox, amma bir şeyi deyim ki, Rza Diqqəti
çox silahlını, bombalını, lap elə
tanklını dişinə vurmuş adamdır. Soyqırımlarından, müharibələrdən,
teraktlardan foto-reportajlar hazırlayıb.
Qərəbağı
(Rza bəy “Qarabağ” sözünü belə tələffüz
edir), Yanvarı, Xocalı Soyqırımını, Qarabağ
həqiqətlərini dünyaya çatdıran insandır
Diqqəti! Əslən Ərdəbilli olsa da, Təbrizdə
anadan olub məşhur fotoqraf.
“Yox, baba, bu mollalar İranı basandan gedib-gəlişim
yoxdur. Düzü heç, şah ilə də yola
getmirdim. Üç il məhbəsdə
saxladı məni. Otuz ildir, Fransada
yaşayıram. Hə, uşaqlar var.
Sağ ol, Seyid. Oğlanın adı
Azaddır, qızın Canan. Əlbəttə,
azərbaycanlı adlarıdır. Yox, niyə
pis oluram? Təbrizə gedə bilmirəm,
Bakıya gəlirəm. Yurdun güneyi Vətəndir,
quzeyi məmləkət deyil?”
Rza bəyin Azərbaycanda sevənləri, qonaq
aparanları çoxdur. Ancaq o, ölkənin məşhur restoranlarının,
istirahət mərkəzlərinin yox, cəbhə kəndlərinin,
20 il öncə “yeddi” mərasimində iştirak etdiyi şəhidlərinin,
qaçqın düşərgələrinin, geyindiyi
oğlan paltarından məmləkət iyi gələn
qız uşaqlarının adlarını əzbər bilir.
5-ci foto
“Qərəbağda çəkdiyim fotolardan Parisdə sərgi açmışdım. Ərmənilər sərgiyə hücum elədilər. Şəkilləri cırdılar. Hə, bu oğru erməniləri az yandırmamışam” – Rza Diqqəti CNN-dəki Qarabağ ilə bağlı çıxışını göstərir – “Pəs, bir dəfə bu ərmənilərin Fransadakı səfiri mənə zəng elədi. Dedi, Rza bəy, vaxtınız olsa, sizinlə görüşmək arzusundayam. Xahiş edirəm, sözümü yerə salmayın. Məni Parisin ən bahalı restoranlarından birinə dəvət elədi. Bilirdim ki, ora giriş üçün “dress code” var. Mən də qəsdən ona uymadım. Restoranın qabağında gördüm səfiri. Girəndə buna dedilər ki, qonağınız “dress code”a uyğun geyinməyib. Baba, bu özünü ora vurur, bura vurur, bilmir, neynəsin. Mən də kənarda dayanıb dodaq altından gülürəm. Deyirəm ki, sən səfir adamsan, elə bildim, məni keçirdə biləssən. Zərər yox, gedək, mən səni ayrı restorana aparım. Hə, qiyamət idi! Bu qızarır, bozarır, heç nə eləyə bilmirdi. Axırda restorandan mənim kim olduğumu bildilər, bizi buraxdılar. Deməli, ordan-burdan danışır. Baba, mən bilirəm, axı, bunun qarnının qurdu nədi. Yaxşı ki, sözü elə özü açdı, dedi, Rza müəllim, dünyanın ən məşhur insanlarındansınız. Sizin ölkə ilə İranla bizim heç bir problemimiz yoxdur, axı. Prezidentlərimiz ağız-ağıza öpüşürlər – gülür, – xalqlarımız da ki dostdur, niyə belə işlər görürsünüz, bəs? Hə, Seyid, gördü, alınmır, keçdi “diplomatik” təhdidə. Dedi, bilirsiniz də, Fransada biz güclüyük. Sənə hansısa bir ərməni nəsə eləsə, çox üzülərik-zad. Ölmüşdü Rza, dedim, ayə, mənim Qərəbağ şəkillərimin çoxu hələ durur. Əmniyyətli yerə qoymuşam. Mənə görə heç narahat olma, ölsəm də onları üzə çıxardacaqlar. Hə, suyu süzülə-süzülə getdi”- ürəkdən gülür.
6-cı foto
Rza bəy kimi dəyərli bir həmsöhbətdən doymaq olmurdu. Yasər Ərəfatın, Səudiyyə Ərəbistanının kralının və digər onlarla məşhur insanların həmsöhbəti olmuş Diqqəti indi bizim “Vasmoy”dakı kiçik evimizdə oturmuşdu. Çay stəkanı dolur, boşalırdı. Rza bəyin çay içməyini görmək onun əsl azərbaycanlı olduğuna and içməyə kifayət edərdi. O çaydan udumlayıb boğazını arıtladı: “Rusiyada idik. Küçədə bir bomj gördüm. Sinəsindəki şəkil, hə, nə deyirlər buna... Tatu, tatu, tatuaj deyirsiniz də mən bilən... Tatuaj mənə maraqlı gəldi. Şəklini çəkmək istədim. Tərcüməçimlə ona yaxınlaşdıq. “Salam. Necəsiniz? Mənim adım Rzadır. Sizin adınız nədir?” Tərcüməçiyə dedim ki, di, tərcümə elə. Bomj ağlamağa başladı. Fikirləşdim ki, görən bu zalım nə tərcümə elədi ki, camaatı belə ağlatdı. Dedi ki, yox, vallah, düz tərcümə eləmişəm. Sadəcə bomj deyir ki, neçə ildir küçədə yaşayıram, mənə sədəqə verən olub. Amma heç kim salam verməyib. Heç kim adımı soruşmayıb...”
7-ci foto
Rza bəy Srebrenitsa qətliamı ilə də bağlı fotolar çəkib. Hadisələrin qızğın vaxtında foto-jurnalist kimi məlum bölgəyə yola düşüb.
“Bölgə serblər tərəfindən mühasirəyə alınmışdı. Mənim və digər jurnalist yoldaşlarımın sənədlərini yoxladılar. Dostlarımın sənədlərini təhvil verdilər. Məni isə dəstədən ayırıb məntəqəyə apardılar. Serb hərbçisi tapançasını çıxarıb başıma dirədi:
– Müsəlmansan? – Dedim, hə, müsəlmanam. Səsinin yoğun yerinə salıb bağırmağa başladı – Diz çök, diz çök, mənə yalvar ki, səni öldürməyim...
Bərkdən güldüm:
– Ə, bu nəmənədi ki sən məni bunnan qorxudursan?! Qulağını aç, yaxşı eşit! Mən Allahdan başqa heç kimin qabağında diz çökmərəm. Öldür, öldür də... Yox bir, tapançana görə sənə yalvaracam...
Hərbçinin əlləri əsirdi. Zırımağa başladı:
– Diz çök, diz çök də... Axı, sən niyə yalvarmırsan?
– Vallah, alınası iş deyil, öldürsən də yalvaran deyiləm...”
Belə, bir neçə foto və Rza Diqqəti.
Mən onu tanıdığım üçün
özümü, həqiqətən, çox xoşbəxt
sayıram. Allah onu millətimizə çox görməsin!
Mirbəhram Əzimbəyli
525-ci qəzet.- 2013.- 8 avqust.- S. 11.