Aqil insanın
İradəli ömür yolu
Mən bu
xanımı müəllifi olduğu məqalələri, kitabları ilə yanaşı
(“Yol” və “Sarı odalar”ını oxumuşam), sosial şəbəkələrdəki
çox maraqlı və düşündürücü
statusları sayəsində bir qədər də yaxından
tanıdım. Əslində bir insanı
tanımağa bir ömür yetməz, bu, doğrudur, ancaq
nisbilik nəzəriyyəsinə əsasən yanaşsaq, nə
qədər mümkündürsə, təxminən elə o
qədər də tanıya bildim. Onu dostluğunda olan
insanlarla səmimi münasibətdə, yeri gəldikdə
“patron” (ona dəyər verən yaxın dostları öz
aralarında belə müraciət edirlər), bəzən vəfalı
dost, bəzən qayğıkeş bir insan timsalında
gördükcə tədricən tanıdım,
tanıdıqca da bu ziyalı insana sevgim qətrə-qətrə
artdı. İçimdən onunla həmsöhbət olmaq,
tanıdığım İradə xanımı
oxucularımızla da yaxından tanış
etmək istəyi keçdi... Əslində, onun təqdimata
ehtiyacı yoxdur, amma jurnalımızın ənənəsinə
sadiq qalaraq, bu xanımı bir daha oxucularımıza
tanıdaq... Bir az gizli, bir az sirli, hər
zaman ötkəm görüntüsü altında çox
kövrək, həzin, toxunsan ağlar kimi halı olan, həddən
ziyadə iradəli, ağıllı və çox savadlı
bir xanım...
İradə Tuncay kimi, həyat yoldaşı
tanınmış publisist və yazıçı Aqil Abbas da
dəyərli bir insandır. Və bu söhbətimizi
bir ailəni bütün zamanın qovğalarından
üzüağ çıxararaq birlikdə və eyni
yaradıcı əzmlə sürdürməyi bacaran iki
ziyalı insanla bir arada etmək qərarına gəldim.
Daha öncə kitab sərgisi və bir sıra
digər tədbirlərdə gördüyüm Aqil Abbas
yaddaşıma humanist və səmimi bir insan kimi həkk
olunmuşdu. Oxuduğum kitabları və ssenari müəllifi
olduğu “Dolu” filmi isə məni onun daxili
sarsıntıları və ağrıları ilə də tanış etdi...
Bu iki dəyərli ziyalı insanla görüşüm
onların evində baş tutdu. Əslində, içəri girəndə
bir az gərginliyim vardı, amma evlərindəki
rahat və səmimi atmosfer bu gərginliyimi aradan
götürdü. Və bu rahatlıqla da söhbətimiz
başladı...
Həyatımızı, əslində, daha çox təsadüf
sandığımız zərurətlər idarə edir. Mən də bu iki
insanın həyatını bir araya gətirən həmin təsadüfdən
doğan zərurətin marağı ilə, ilk
növbədə, tanışlıqlarının tarixçəsi
ilə maraqlandım...
Aqil Abbas:
Mən İradə xanımı Jurnalistika fakültəsində
təhsil alarkən universitetdə görmüşdüm və
çox xoşuma gəlmişdi. Amma yaxınlaşmağa ürək etmirdim,
çünki böyük bir şairin qızı olmaqla
yanaşı, bir az da qaraqabaq idi (İradə xanıma baxaraq
gülür). Onun tələbə
yoldaşları ilə də dostluq edirdim. Qısaca deyim
ki, xoşuma gəldi, vuruldum, sevdim, sonra da tanış
olduq. Bizim hekayəmiz belə başladı...
– İradə xanım, belə deyirlər ki, ad insanı
deyil, insan adı xarakterizə edir. Siz necə
düşünürsünüz, adınız sizi xarakterizə
edirmi?
İradə
Tuncay: Ümumiyyətlə, mən belə
düşünürəm ki, adı mələklər
valideynlərin qulağına pıçıldayır və
həmin ad insanın sonrakı həyatını, taleyini
müəyyən edir. Adın tələffüzü
belə, çox söz deyir. Təsəvvür
edin ki, hər hansı bir böyük vəzifəli şəxsin
gülməli bir adı olsun, bu, necə qəbul olunar?!
– Sizin
adınız necə, Sizi xarakterizə edirmi?
İradə
Tuncay: Əlbəttə, edir. Mən
özümü tanımağa başladığım andan
bunun asan olmadığının fərqindəyəm. Mənim
iradəm olmasa idi, indi mən İradə Tuncay ola
bilməzdim...
İradə xanım danışdıqca gözlərindəki
parıltının arxasında gizlənən o iradə dolu qəm-kədərə
sancılır baxışlarım, amma heç nə
soruşmadan susuram.
Aqil Abbas:
Mən bu deyimin əksini düşünürəm. Yəni, əslində, ad insanı
formalaşdırır çox məqamda, səni həmin
adın formulasından çıxmağa imkan vermir. Yəni
ad insanın formalaşmasında çox böyük rol
oynayır, sahibini
əksər hallarda öz biçiminə sala bilir.
Mən həmişə səhv bir hərəkət
edəndə atam deyərdi ki, sənin adın
“ağıllı”dır axı, sən belə etməməlisən.
Demək istədiyim odur ki, insan öz
adını doğrultmalıdır. Milli
kimlik məsələsində bu, çox önəmli bir məsələdir.
Mən çox istəyərdim ki, insanlar ərəb
adlarından uzaqlaşıb övladlarına türk adları
versinlər.
–
Övladlarınızın adı nədir?
Aqil Abbas:
Toğrul və Tuncay. Toğrulun adını Məmməd
Araz, Tuncayın adını isə biz, daha doğrusu, anası
qoyub.
– Sənətiniz
kimi xarakterinizdə də oxşar xüsusiyyətlər
çoxdur, yoxsa?
Aqil Abbas:
Yalnız istedadımız oxşayır, xaraktercə çox
fərqli xüsusiyyətlərə malik insanlarıq. Onu deyim ki, İradə xanım çox dərin
qadındır, hər kəsin qismətinə belə
ağıllı və savadlı qadınla yaşamaq
düşmür. (Məmnunluq ifadəsi ilə
gülür).
Söhbətin bu yerində içəriyə
şirin-şəkər balaca qızcığaz daxil olur,
İradə xanımın sevgi dolu nəzərlərindən,
onu əzizləməsindən aydın olur ki, nəvələridir. İradə
xanım “şahzadəm də gəldi”, – deyərək onu
bağrına basır. Bundan zövq alan
balaca şahzadə gülərək stolun kənarında
sakitcə əyləşib bizi dinləyir. Mən
bu balacanı da söhbətimizə daxil etməyə
çalışıram.
– Sənin
adın nədir?
– Tansu.
–
Neçə yaşın var?
– 5
yaşım var.
– Nənə
nağıl danışırmı sənə?
Başı ilə təsdiq edir. İradə xanım gülərək onu bərk-bərk
qucaqlayır. “Hardaydı nənədə o qədər vaxt”,
– deyir...
– Yeri gəlmişkən
İradə xanım, nəvənizə nağıl
danışırsınız?
İradə
Tuncay: Xeyr, çünki ona nə hövsələm, nə də
vaxtım var. Mən uşaqla uşaq kimi rəftar etməyi
xoşlamıram, həmişə onunla böyük bir adam kimi danışıram. Onun
özünün dünyaya baxışını öyrənmək
istəyirəm ki, görüm bu balacanın içində nələr
var. Nəvəm ağıllı qızdır, lakin toplum onu
hara itələyəcək, necə olacaq, onu mən deyə
bilmərəm. Çünki bizim dövrümüzlə
indiki dövr bir az fərqlidir. Uşaqlarla böyük şəxsiyyət kimi
danışmaq lazımdır ki, böyük şəxsiyyət
kimi də formalaşsınlar. Onların
düşüncələrinə də hörmətlə
yanaşmaq lazımdır, çünki onlar safdırlar,
korlanmayıblar, çirkaba batmayıblar, məqsədləri,
təmənnaları yoxdur.
–
Neçə nəvəniz var?
İradə
Tuncay: İki nəvəmiz var, ikisi də qızdır. Tansu mənim şahzadəmdir.
–
Övladlarınız daha çox kimə çəkib?
Aqil Abbas:
İki oğlumuz var. Böyüyü mənə, kiçiyi
isə İradəyə çəkib.
Nənə-nəvə sevgisini bir anlıq rahat buraxmaq
üçün üzümü Aqil müəllimə tuturam.
– Aqil
müəllim, kitablarınızdan birinin adı “Ən
xoşbəxt adam” adlanır. Həmin kitaba görə müxtəlif
mükafatlara da layiq görülmüsünüz. Sizcə,
ən xoşbəxt adam kimdir?
Aqil Abbas:
Çox çətin sualdır. Məsələn, Qarabağ
məsələsi olmasaydı, mən ən xoşbəxt adam olardım. Düzdür,
xoşbəxtlik nisbi bir məfhumdur, amma buna baxmayaraq, mən
öz həyatımı qura bilmişəm. Belə ki, mənim
gözəl ailəm, İradə kimi xanımım, sağlam
övladlarım, nəvələrim var. Bununla yanaşı,
yazılarımla özümü cəmiyyətə təqdim
edə bilmişəm, həmçinin mənim insanlara,
insanların da mənə qarşı sevgisi var, xoşbəxtlik
daha necə olmalıdır ki?! Yenə də deyirəm,
Qarabağ məsələsi olmasaydı, mən ən xoşbəxt
adam olardım.
İradə
Tuncay: Bir ömür xoşbəxt insan olmur, bu, nisbi bir məfhumdur.
Yəni insanın daha çox özünü xoşbəxt
hiss etdiyi anlar olur. Bu da, təbii ki, həmin
zamanla və məqamla daha çox bağlıdır. Bəzən elə olur ki, insana kənardan baxıb
xoşbəxt adlandırırlar, lakin onun içərisində
nələr baş verdiyini bilmirlər. Bir şey də
var ki, səni əhatə edən toplumun, mühitin
böyük əksəriyyəti xoşbəxtlik hissini
yaşaya bilmirsə, sənin hər şeyin olsa belə,
onların içərisində xoşbəxt ola
bilmirsən. Onların düşüncələri,
hissləri, duyğuları səndə öz əksini
tapır. Mən həmişə deyirəm
ki, bədbəxtlər içərisində xoşbəxt
olmaq mümkün deyil.
– “Sarı odalar” içərisində nələr
baş verir?
İradə
Tuncay: “Sarı odalar”ın içərisində 40-cı otaq
var ki, o otağın qapısını heç kəs
aça bilmir. Görünür, o qapının
açarını heç kəs tapa bilmir ki, insanlar da
xoşbəxt ola bilsin. O, yasaq odadır,
onu açmaq olmaz. 40-cı otağı mən xəyallarımda
yaratmışam, amma bəlkə də, cürət edib
aça bilməmişəm.
– Sirlərə
inanırsınızmı?
İradə
Tuncay: Bütün insanların sirri var. İnsan öz sirləri
ilə gözəldir. O elə bir varlıqdır ki, tam şəkildə
heç nəyi etiraf edə bilmir, hətta özünə
belə. Yəni özündən də gizlədiyi
məqamlar var. İnsanın özünü özünə
belə məhz həmin məqamların sirri maraqlı edir.
– İçinizdəki “mən” Sizə hər şeyi
deyirmi, ümumiyyətlə, “mən”inizlə
danışmağı, yoxsa onu dinləməyi sevirsiniz?
İradə
Tuncay: Mən daha çox dinləməyə
üstünlük verirəm. “Səbr” məsələsi var
ki, o məndə bir az artıqdır. Daha çox susmağa üstünlük verirəm,
lazım olmazsa, danışmıram. Özümü
çox dinləyirəm. İçimdəki
məni belə çox dinləyirəm. Bəzən
özümü dinləmək mənə mane olur, bəzən
də kömək edir. Amma hər zaman
doğruya tərəf aparır.
–
Sükut necə?
İradə
Tuncay: Yəqin ki, siz onun mənəvi halını nəzərdə
tutursunuz. İnsanların içində
yaşayıb tənha olmaq, onların fəryadını
eşitməmək və ya öz fəryadını
eşitdirə bilməmək mümkündür. Bu, müxtəlif formalarda təzahür edir. Yəni sükut da nisbidir.
– Aqil
müəllim, sizdə necədir, kim kimi
daha çox dinləyir?
Aqil Abbas:
Mən özümlə də söhbət edirəm, amma ətrafdakılarla
daha çox danışıram, çünki insanlarla
ünsiyyətdə olmağı çox sevirəm. İçimdəki mənlə danışmağa
gəlincə, düşünürəm ki, insan təklikdə
özü ilə danışmasa, əsər yarada bilməz, ən
kiçik bir hekayə belə özünlə təmas olmasa,
yarana bilməz. Bəzən elə olur ki,
özünlə dil tapa bilmirsən, çünki başa
düşürsən ki, sənin içindəki ilə
danışdığın tamam fərqli şeylərdir.
Özünlə danışanda nəyə
qadir olduğunu, nəyi səhv, nəyi düz etdiyini bilirsən.
Bu dediklərimi daha çox yaradıcı
insanlara aid edirəm. Mənə elə gəlir ki, hər
hansı bir yaradıcı insan, fərqi yoxdur, mühəndis,
memar, rəssam, jurnalist, fotoqraf və s. özləri ilə
danışmasalar, yarada bilməzlər.
– Amerikan
yazıçısı Stiven Kinqə görə, əsərlər
güclü hadisələrdən, böyük stresslərdən
və gərginliklərdən doğur, bəs Sizdə necə?
Aqil Abbas:
Onun dediklərində həqiqət var, çünki müəyyən
bir hadisə, stress nəsə yazdırır. Başına hər
hansı bir hadisə gəlməsə və yaxud stress
keçirməsən, yaza bilməzsən. İnsan stressi təkcə
özü üçün keçirmir, əgər cəmiyyət
xoşbəxt deyilsə, o zaman sən də xoşbəxt ola bilməzsən. Demək istəyirəm
ki, burda cəmiyyətin keçirdiyi stress də mühüm
rol oynayır. Mən həmişə hər
hansı bir hadisədən sonra yazmışam, oturub fikirləşməmişəm.
Məsələn, ilk povestim Qədir Rüstəmovla
bağlı olub, o povesti onun oxumağı yazdırıb mənə.
İradə
Tuncay: Əslində, o vaxt Qədir Rüstəmov özü
bir hadisə idi.
Aqil Abbas:
Bəli, hadisə idi və həmin hadisə mənə o
povesti yazdırdı. Hər bir yazı nədənsə
qaynaqlanır. Mənə elə gəlir
ki, bu, yaradıcı insanların hamısında belədir.
Oğuzda Qədir Rüstəmovu sevənlər
çox idi deyə, xanəndə sonralar həmin rayonda
yaşadı. Orada Qədir Rüstəmova şərait
yaratdılar, belə ki, onun evini, yaşayışını
və s. təmin etdilər. Bununla yanaşı,
Oğuzdakı dağlar, təbiət və s. ona
Ağdamı xatırladırdı. Lakin Qədir
Rüstəmov təkcə təbiətinə görə
deyil, həm də o rayonun insanlarına görə Oğuzu
seçmişdi. Yəni onun Oğuza pənah
aparması oradakı insanların sevgisindən irəli gəlirdi.
– Sizin
olmazsa, “olmaz”ınız nədir?
İradə
Tuncay: Mən həmişə elə olmazların içərisində
yaşamışam. Özüm
üçün bəlli bir prinsip sistemi qurmuşam və
öz prinsiplərimdən kənara çıxmıram.
Aqil Abbas:
İradə xanımın bir insandan xoşu gəlməzsə,
ona açıq deyir ki, səndən xoşum gəlmir.
–
Doğrularınız nədir?
İradə
Tuncay: Yəqin ki, filosofların, din kitablarının bəşəriyyətə
aid dediyi o doğrulardan çox şey əxz eləyirəm. Demirəm ki, mən mələyəm və yaxud
insanlıq simvoluyam, amma nisbət faizini götürəndə
məndə o daha çoxdur. Bəlkə
də, ona görə insanlar mənə cəzb olunurlar.
–
Doğrularla yaşamaq Sizə mane olmur ki?
İradə
Tuncay: Olur, çətindir belə yaşamaq, amma ayrı
cür yaşasaydım, bəlkə də, dözməzdim. Çünki mən özümü tapdalayıb
keçə bilmərəm. Bəzən
çalışırsan ki, cəmiyyətə ala qarğa
kimi görünməyəsən. Amma istənilən
halda yalnız və yalnız doğrularıma sarılaraq mən
oldum.
– “Yol romanı”nda yazmışdınız ki, atam mənə
göz dili öyrədib. Bu dili öyrənmək çətin
oldumu və yaxud bu dil ilə yaşamaq Sizə nə verdi?
İradə
Tuncay: Talehin işidir, atam xəstələndi və
danışa bilmədi. O, danışa bilmədikdən sonra
artıq mən onun baxışları ilə
danışmağı öyrəndim. Bu,
ağrılı bir şeydir, bu haqda danışmaq istəmirəm.
(İradə xanımın gözü dolur, mən
də sarı simə toxunduğum üçün kədərlənirəm).
–
Ölümdən qorxursunuz?
İradə
Tuncay: Bəli, qorxuram. Nazim Hikmətin çox məşhur
bir misrası var. Deyir: “Nə ölümdən qorxmaq ayıb,
nə də düşünmək ölümü”. Demək istəyirəm ki, ölümdən qorxmaq,
ölümü düşünmək ayıb bir şey deyil.
Çox şeylər haqdır, amma biz onun fəlsəfəsini
bilmiriksə, o, bir az bizdə qorxu
yaradır, çünki məchuldur.
Aqil Abbas:
Ölməkdən hamı qorxur. Mən ölməkdən
bircə şeyə görə qorxuram, futbol olacaq, amma mən
baxa bilməyəcəm. Futbolu çox
sevirəm (gülür).
–
Ölümdən sonranı necə
düşünürsünüz?
İradə
Tuncay: Mən bu mövzuda bir az buddizmə daha yaxınam ( gülür). Ümumiyyətlə, bütün hadisələrin
elmi izahını axtarmaq istəyirəm. İnsan
özü bir enerjidir və fizikada enerjinin itməmək qanunu
var, yəni enerji itmir, sadəcə olaraq bir şəkildən
başqa bir şəklə keçir. Bütün
bunlara əsaslanaraq mən də belə fikirləşirəm
ki, insan bu qədər hissləri, duyğuları, varlığı,
gözəlliyi, xeyirxahlığı, mərhəməti ilə
ölüb gedə bilməz, məhv ola
bilməz. Yəni insan da bir şəkildən
başqa bir şəklə çevrilir. Ola bilsin ki, əgər
o, yaxşı insandırsa, sonradan gözəl bir
çiçəyə, pis insandırsa, ilana dönür.
Burada bir az islamdan uzaqlaşıb buddist fəlsəfəyə
yaxınlaşıram, amma hər halda, mən belə fikirləşirəm.
– Bəs Sizin ruhunuz nəyə çevrilə bilər?
İradə
Tuncay: Bir az çətin sual oldu. Yəqin ki, qayaya çevrilər, gəlib qayaya
çırpılıb geri qayıtsınlar deyə
(gülür). Ümumiyyətlə, mən
yaddaşı güclü olan bir adamam, beynim də
tarixçi beynidir, yəni tarixdən nəticələr
çıxara bilirəm. İnsanın
fiziki yaşı onun ruhsal yaşını bəlli etmir.
Əgər bir insan böyük mətləbləri
öz daxilində həll edə və həyata
doğru-düzgün baxa bilirsə, o insan özünün gəncliyini
qoruyub saxlayır, içindəki uşağı ölməyə
qoymur, müdrikləşir və müdrikləşdikcə də
içindəki o uşağın qədrini bilir. Gözəllik insanın içindən gəlir.
İnsanın daxili böyük bir kainatdır, öz ayı,
planetləri, ulduzları ilə...
Aqil Abbas:
Habil Əliyevin yaxşı bir sözü var, deyir ki, filankəs
qocalmayıb, köhnəlib.
– İçinizdəki uşaq ən çox nəyi
xatırlayır?
İradə
Tuncay: Mənim içimdəki uşağın gözündə
həmişə yaş var, mən o uşağı hələ
böyüdürəm (gülür).
– İradə
xanım və ... Aqil müəllim, bu nöqtələrin yerinə nə
yazardınız?
Aqil Abbas:
Mənim Aqil Abbas olmağım və bu səviyyəyə gəlib
çıxmağımda İradə xanımın
böyük rolu olub. Hər bir güclü
kişinin arxasında güclü bir qadın dayanır.
Bir şeyi də deyim ki, savadlı və
ağıllı qadınla bir yerdə yaşamaq çətindir,
səndən də savadlı olsa, onda lap çətindir
(Bir-birlərinə baxaraq gülümsəyirlər).
– İradə xanım, sizcə qadın,
doğrudanmı böyük qüvvədir?
İradə
Tuncay: Hər qadın yox. Əgər ədəbiyyat
tarixinə baxsaq, görərik ki, böyük anlamda qadın
obrazları çox vaxt mənfi obrazlar olur. Nadir hallarda müsbət qadın obrazlarına rast gəlirik.
Şərq ədəbiyyatına müsbət
qadın obrazını ilk dəfə Nizami Gəncəvi gətirib.
Görünür, onun qarşısına
çıxan qadın gözəl, ağıllı bir
qadın imiş. Qadınların on faizi elə ola bilər. Bu dahi şairin
böyüklüyü idi ki, bu on faizi ön plana çəkdi
və istədi ki, elə qadınlar nümunə olsun.
Lakin qadın həm də dağıdan bir qüvvədir, məkrlidir
və onun məkrinin qarşısında heç kim dayana bilməz. Ancaq qeyd edim
ki, qadın beyni elə də mükəmməl deyil. Bu gün məni ən çox ağrıdan şey
bizim qadınların oxumaması, ancaq qeybət ətrafında
yaşaması və gözlərinin orda-burda olmasıdır.
Bu mənə çox qorxulu gəlir,
çünki bizim yaşadığımız coğrafiyada,
bu toplumun içində gələcəyi ancaq qadınla
müəyyən etmək olur. Bu gün
bizim toplumun içində Nizami Gəncəvinin əsərindəki
Afaqa bənzəyən qadın obrazlarına çox
böyük ehtiyac var.
– Sizcə,
bu çatışmazlığın səbəbi nədir?
İradə
Tuncay: Dialektika deyilən bir şey var, cəmiyyətin enməsi
və qalxması. Bu, təbii bir prosesdir, nə
inkişafın, nə də tənəzzülün
qarşısını almaq olmur. Biz indi tənəzzül
dövrünü yaşayırıq, lakin mən ümid edirəm
ki, yaxşı şeylərə doğru gedəcəyik.
– Gəldiyiniz
yolun əvvəli nə göstərdi, bu günü nə
deyir, sabahı necə olacaq?
Aqil Abbas:
Yolun biri işığa, biri də it hürən tərəfə
gedir. Babalarımız həmişə
işığa tərəf deyil, it hürən tərəfə
gediblər, ancaq mənə görə, işığa tərəf
gedib divlə vuruşaraq işığı onun əlindən
almaq lazımdır. Bir də
üçüncü yol var ki, o yol insanın
özünün yarada biləcəyi bir yoldur, mən o yol ilə
gedirəm. Bu yolda yıxılıram da,
aşıram da, çökəyə də düşürəm,
amma qalxıb yenə də o yolu gedirəm. O yol mənim
üçün harada bitəcəksə, oraya qədər
gedəcəyəm. İnsan ölür, ancaq
onun adı, əsərləri qalır.
İradə
Tuncay: Biz varıqsa, yol da var. Bunu “Yol” romanımın epiloquna
da yazmışdım. Mənim yol haqqında
fikirlərim orada tam ifadə olunub. Əslində,
bizim həyatımızın anlamı yoldur və o yol heç
vaxt bitmir. Başlayır, amma bitmir. Əgər yol bitəcəksə, deməli, hər
şey məhv olacaq, ona görə də bitmir.
– Bu yolda
çarəsiz qaldığınız bir məqam oldumu?
İradə
Tuncay: Əlbəttə. Hər şeyi dağıtmaq istədiyim
məqamlar olub. Mənə elə gəlir ki,
bu, bütün insanların həyatında olur, kimisi
çıxa bilir, kimisi yox, amma mən çıxa bildim.
– Yuxuya
olan münasibətiniz maraqlıdır. Çin
çıxan yuxularınız olubmu heç?
İradə
Tuncay: Yuxu insanın paralel həyatıdır, mən bunu qəbul
eləyirəm. Onun izahını heç kim
verə bilmir. Bəzən yuxumda tarixi şəxsiyyətləri
görürəm və səhər duranda o yuxu haqqında
fikirləşirəm. Sonradan baxıram ki, ya həmin
insanın yubileyinə az qalıb, ya da onun
ölüm tarixidir. Bilmirəm o adamlar nə
üçün gəlirlər yuxuma, bax, onu izah edə bilmirəm.
Heç düşünmürəm, amma yuxuma gəlirlər.
Aqil Abbas:
Bir dəfə “Beşiktaş”la “Dinamo-Kiyev” arasında futbol
matçı keçirilirdi. Həmin oyunu nə
Türkiyə, nə Rusiya, nə də Azərbaycan
telekanalları verirdi. Yalnız Ukrayna
telekanallarında baxmaq olardı. Nə qədər
axtardım, ancaq o futbola baxa bilmədim. “Beşiktaş”a
heç-heçə lazım idi. Mən hirslənib
gedib o biri otaqda yatdım, atam yuxuma girdi və mənə dedi
ki, narahat olma hesab heç-heçə olacaq. Sonradan
məlum oldu ki, hesab, həqiqətən də,
heç-heçə olub. Yuxu ilə
bağlı bir şeyi də qeyd etmək istəyirəm.
Bir yolu gedirsən və baxırsan ki, bu yol sənə tanış gəlir, elə bilirsən ki, nə
vaxtsa bu yoldan keçmisən.
–
Sevdiyiniz kitab və ya əsər hansıdır?
İradə
Tuncay: Mən, adətən, rus dilində oxuyuram. Tarixi kitabları oxumağı çox sevirəm.
–
Yazarlardan kimləri daha çox sevirsiniz?
İradə
Tuncay: Q.Q.Markez, T.Drayzer, Cek London və s. Bunlar hamısı
böyük yazıçılar idi. Bu gün
“Nobel” mükafatçısı var ki, faşist olduğuna
görə həmin mükafatı əlindən alıblar.
Mən bəşəriyyəti məhv edəcək
ideyaları, ümumiyyətlə, məhv etmək
ideyasını qəbul etmirəm.
– Həyat
eşqiniz nədir?
İradə
Tuncay: Mənə görə, həyat eşqi elə həyat
eşqidir, onun əsası və yaxud qeyri-əsası yoxdur. Bir aktrisa var, Odri Hepbern. O deyir ki, qadını
cazibədar edən nə onun saç düzümü, nə
də bədən quruluşudur, qadını cazibədar edən
onun gözlərindəki parıltıdır. Əgər
qadının gözləri parıldayırsa, deməli, onun
içində nə isə var, ya o, kiməsə aşiq olub,
ya kimsə onu sevir və s. O sevinc, o sevgi qadına
yansıyır və onun gözlərində parıltı
şəklində görünür. Fikir
verin, insan ölgün bir gözə baxmaq istəməz.
Mənə elə gəlir ki, həyat eşqi, əslində,
sevgidən qaynaqlanır. Ümumiyyətlə,
bütün dünya sevgi prinsipinin üzərində qurulub.
Nizami Gəncəvi Nyutondan da əvvəl deyib
ki, kainatda hər şey cəzbə bağlıdır,
filosoflar bunu eşq adlandırır. Hər
kəs öz yarısını axtarır. Demosfen adında çox məşhur bir yunan natiqi
olub. O, başlanğıcda pəltək imiş,
düzgün söz deyə bilmirmiş. Bir gün Demosfen “mən
natiq olacam, heç kim mənə gülməyəcək”
deyir və istəyinə nail olur, çünki onun içində
əzm var idi ki, o əzmi də ona Allah verib. Bəzən
məqsəd də olur, amma əsasən, bu, Allah vergisidir.
Seçilmiş insanlar var və nə qədər
böyük kütlə ona baxıb düzəlmək istəyirsə,
deməli, onun qüdrəti daha böyükdür.
Aqil Abbas:
Allah heç bir bəndəsini vergisiz yaratmayıb, mənə
verdiyi istedaddan hamıya verib, kimi o istedadını üzə
çıxara, yəni özünü tapa bilir, kimi də
yox. Əgər kimsə özünü tapa
bilmirsə, hətta cinayətkar da olur. Allah
heç kimi cinayətkar yaratmayıb, sadəcə olaraq kimsə
özünü tapa bilmir və yaxud Allahın verdiyini
anlamır. Allah öz ağlından hamıya bir az verib, kimdən xoşu gəlmirsə, onu
öldürmür, sadəcə olaraq verdiyi ağlı əlindən
alır və deyir ki, sən onun qədrini bilmədin. İçki ona görə haram buyurulub ki, həmin
məqamda o ağıl bədəndən çıxır və
həmin insan Allahsız qalır. Hər adam
özünü tapa bilmir. Özünü
tapanda Nizami Gəncəvi, Üzeyir Hacıbəyli, Səttar
Bəhlulzadə olursan.
– İnsan özünü tapmaq üçün nə
etməlidir?
Aqil Abbas:
Oxumalıdır, dünyada nə var, nə yox bilməlidir. Mənə elə gəlir ki, dünyada hər
şey oxumaqdan yaranır. Kitab oxumayan
insanlar mənim üçün mənasız insanlardır, o
insanları heç vaxt sevməmişəm.
İradə
Tuncay: Elə ən çətini özünü
tanımaqdır. Səhv etmirəmsə, hələ
4-cü sinifdə oxuyanda M.Qorkinin “Dankonun ürəyi” və
İ.Turgenevin “Mumu” əsərlərini oxudum. Bu əsərlər mənim içimdə bəşəriyyətin
humanizm prinsiplərinin rüşeymini qoydu. Görünür, mənim heyvana olan sevgim də
oradan başladı. Mənə elə gəlir
ki, heyvanları sevməyən insanlar yaxşı insanlar deyil
(gülür).
– Sizin
üçün ideal insan obrazı kimdir?
İradə
Tuncay: Mənim üçün bəşəriyyətin bu
günə qədər yaratdığı ən ideal insan
İsa Peyğəmbərdir və bəzən
yaxınlığımdakı insanlarda onun zərrələrini
görürəm. Atamda, Elçibəydə
var idi o, yəni insanlar üçün çarmıxa gedə
bilmək bacarığı.
– Səyahət
edirsiniz?
İradə
Tuncay: Mən gəzməyi sevən bir insanam. Getdiyim
ölkələrdə tarixi yerlərə, kilsələrə
getməyi, həmçinin onların yeməklərini, necə
yaşadıqlarını, nə düşündüklərini
öyrənməyi çox xoşlayıram. Məsələn, bir dəfə oğlum
yoldaşı ilə birlikdə Vatikanda bir kilsəyə girib,
oradan mənə Müqəddəs Pyotr kilsəsinin
freskalarından yazırdı. Dedim ki, onu Mikelancelo, Rafael
işləyib. O isə “elə istəyərdim ki, sən burda
mənim yanımda olasan və mənə bunların tarixini
danışasan”, – dedi.
–
Getdiyiniz ölkələrdən Sizə doğma gələn
hansıdır?
İradə
Tuncay: Bilmirəm bu, ölkədəki vəziyyətlə
bağlıdır ya yox, amma mən özümü kənarda
daha rahat hiss edirəm. O ölkələrdə ki, qanun işləyir,
mən orada rahat oluram.
– Bəs
azadlıq necə?
İradə
Tuncay: Bu mənə mane olmur. Özümün bəlli
etdiyim prinsiplər var. Əgər mən o prinsipləri
pozmuramsa, başqa adamın mənim haqqımda nə
düşündüyü mənə maraqlı deyil.
–
Haqsızlığa uğrayan insan görəndə ilk
reaksiyanız nə olur?
İradə
Tuncay: Gücüm çatanda kömək edirəm, müdafiə
edirəm, nə isə onun xeyrinə bir söz deyirəm.
– Sahiblənmə
hissi Sizdə daha çoxdur, yoxsa Aqil müəllimdə?
İradə
Tuncay: İndi kimdən soruşsanız, deyəcək ki, Aqil
müəllim kimi əliaçıq, səxavətli, insanlara
kömək edən adam yoxdur. Doğrudan da, onun indiyə kimi kimisə naümid
geri göndərdiyini görməmişəm.
Aqil Abbas:
Qadın çox böyük qüvvədir. Əgər
bir ailəyə qadın sahiblənmədisə, o ailənin
sonu olmayacaq. Mənim bəxtim İradə
ilə tamamlandı. Onun sahibləndiyi
çox şey məni də Aqil Abbas etdi. (İradə xanıma sevgi dolu nəzərlərlə
baxması mənə də gözəl və kövrək
hisslər yaşadır. İradə
xanım da onu dinlədikcə gülümsəyərək dərin
düşüncələrə dalır. Sanki
ötüb-keçən illər bir film lenti kimi gözlərinin
qarşısında canlanır.)
– Sizcə,
həyat yaşanaraq öyrənilən məkandır, yoxsa
insanın şəxsiyyət olması yaradılışa
bağlıdır?
İradə
Tuncay: Bunlar topludur və mənə elə gəlir ki,
bunları bir-birindən ayırmaq düzgün deyil.
Aqil Abbas:
Əgər insan yaşayır, lakin öyrənmirsə, o
zaman qazanmaq da mümkün deyil. Söhbət
maddi qazancdan getmir. Yəni pul varsa,
yaşam var, yaşamda öyrənmək var və öyrənməyin
də sonunda qazanc var.
–
Axtardığınız nə olub həyatda?
İradə
Tuncay: Saflıq, səmimiyyət, sevgi, diqqət,
anlayış.
Aqil
müəllim də İradə xanımı dinlədikcə
simasındakı məmnunluq ifadəsi ilə təsdiqləyir
xanımının dediklərini...
– Anlamaq
çətindir, yoxsa anlatmaq?
İradə
xanımın üzünə xəfif kədər
çökür və düşünmədən cavab verir:
– Hər ikisi də çətindir. Arif olana bir
işarə kifayət edər. Olmayana isə
dastan oxusan kar etməz.
Aqil Abbas:
Özün hər şeyi anlayırsan, amma
qarşındakı insana anlatmaq daha çətindir. Anlatmaq asan olsa, cəmiyyətdə hər şey
qüsursuz olardı.
Söhbətimiz
doyumsuz olsa da, bəzən hər şeyi dadında və
anında tamamlamaq lazım olduğunu bildiyim üçün
bu məqamda söhbətə yekun vurmaq istəyirəm...
– Sonda
bizim oxucularımıza nə demək istəyərdiniz?
Aqil Abbas:
Oxumaq qədər insanı formalaşdıran heç bir
şey ola bilməz. Mən
xüsusi ilə gənclərimizə üzümü tuturam
ki, mütləq oxuyun. Gec olmadan
özünüzü formalaşdırın.
İradə
Tuncay: Oxuyun! Oxuyun! Oxuyun!(gülür)
Və mən bu ailəyə, hər iki yaradıcı
insana təşəkkürümü bildirərək
qapıdan çıxıram. Həyətdə bəzi
güllər solmuşdu. Sürücümüz həmin
güllərin budanmasını Aqil müəllimə deyəndə
Aqil Abbas “hə, güllər də xüsusi qulluq istəyir...”, – deyir.
Beləcə,
çox xoş təəssüratla həmin döngədəki,
həmin evdəki, həmin insanlardan ayrılırıq,
düz redaksiyamıza sarı...
P.S. Elə
insanlar var ki, onlarla bir dəfə belə söhbət bir
ömür unudulmaz xatirəyə çevrilir. Mənim
də bu evdəki iki gözəl insanla isti və içdən
olan söhbətim daimi yaddaşımda qalacaq bir xatirə səhifəsinə
həkk olundu. Həmin gün keçdi... Amma
hər zaman və dönə-dönə “Gün keçdi”yə
baxmaq mənə xoş olacaq.
Gülnar MAYİSQIZI
525-ci qəzet.- 2013.- 8 avqust.- S.
16-17.