İnsan övladının
qurduğu cənnət
Təyyarə
Bakının işıqlarından yeni
uzaqlaşmışdı, nəvəm on altı yaşlı
Fikrət Qoca yerində qurdalandı, gülümsünüb
yanımda oturmuş həyat yoldaşım Raya xanıma tərəf
işarə etdi, pıçıltılı səslə:
– Nənəm
yatıb – dedi.
– Ey,
xanımıma sataşma, vaxt gələr xanımına
sataşarıq, görərik xoşuna gələr, gəlməz...
– Yox ey,
baba, elə oturan kimi yuxuya getdi. Baxırdım,
kəməri bağladı, kəmər şıqqıldayan
kimi gözü yumuldu.
–
Yaxşı, mən sənin bu dəyərli müşahidəni
ona danışaram.
Üçümüz də gecənin bu vaxtı, bu yolu
bu təyyarədə Amerika Birləşmiş
Ştatlarına uçmuşduq. O zaman Raya xanım Çikaqoya kimi
yata bilməmişdi, tez-tez aşağı baxırdı, “Bu
okean qurtarmadı?” deyirdi.
– Hələ
okeandan da o yana xeyli uçacağıq.
– O yandan
qorxmuram. Okeandan qorxuram, üzməyi bilmirəm,
axı.
– Sağ
ol, arvad, daha sənə sözüm yoxdu.
Təyyarə Çikaqo şəhərinə
uçurdu. Təyyarədə
kimi yuxuda, kimi xəyalında hərə bir yana
uçurdu. Aerobusdakı üç yüzə
yaxın adamın dünyası bu hava gəmisi idi. Yerdən on min metr yüksəklikdə
olmağımıza baxmayaraq, heç kəs narahat
görünmürdü. İnsanlar vərdiş
edib. Bu kreslolarda hər kəs özünü evindəki
kimi hiss edir. İnanırdılar ki, bizim bu
kiçik yer kürəmizin sükanı arxasındakılar
oyaq və son dərəcə ayıqdılar. Kainatdan baxanda yer kürəmiz də o qədər
böyük görünmür. O da öz sərnişinlərini
daşıyan bir hava gəmisidir. Ordakı
ölkə adlanan beş-on böyük ərazinin
sükanı arxasında oturan kapitanlar da bu təyyarəçilərin
keçirdiyi məsuliyyət hissini yaşayırmı,
daşıyırmı? Çünki
onların kreslosu altında elə silahlar var ki, onların
gücü yer üzünü bir neçə dəfə məhv
etməyə çatır. Bəs nə
üçün bu silahları belə qoruyub saxlayırlar?
Bəlkə, deyilən tərəflərə o
qədər inanıblar, daha özlərini ölümsüz
sayırlar? Belə böyük dövlətlərdən
və dövlət başçılarından bu qədər
məntiqsiz hərəkəti adam
ağlına sığışdıra bilmir. Amma
bizim təyyarəmiz uçurdu. Həm də
rahat uçurdu. Bəlkə yer kürəsindən
çox yuxarıda olduğumuza görə yolu
çala-çuxursuz, çox rahat idi. Yəqin biz yerdən,
zamandan bir az irəlidəyik. Xülasə, mən də bir yerdə oturub min yeri
qurdalayıram. Bu qaranlıq fikirləri başımdan
qovmaq üçün keçən ildən bu aerobusda
eşitdiyim, bu günə kimi qulağımda ilişib qalan
bir cümləni xatırlayıb gülümsündüm:
“Xanımlar və cənablar, Çikaqo hava limanına
eniş üçün alçalmağa
başlayırıq, kəmərlərinizi bağlayın”. Elə
bildim bu cümlə yenə qulağımda səslənəcək,
yox! Hava limanına enməyə hələ
çox vardı. Nə enmək, nə də
qalxmaq üçün alçalmaq lazım deyil, Amerika Birləşmiş
Ştatlarının bu qədim və məşhur şəhəri
zirehli cəngavər libasını geyinib. Macəra kitabları arasından çıxıb
dünyanı başqa cür görən yorğun və kədərli
Don Kixota oxşayır. Onu niyə belə
təsəvvür etdiyimi, gördüyümü özüm
də başa düşə bilmədim. Evlərdə,
yollarda, damlarda, səslərdə dəmir çoxdu.
Görəndə ki, bu şəhərdə dahi Pavlo Pikassonun
da iki işi qoyulub və o zaman üçün “abstrakt” hesab
olunan bu heykəllərə indi kimlərsə “modern”, yaxud da
“postmodern” deyə bilər. Bu əsərlər
də dəmir parçalarından yaranıb. Biz yalnız baxıb özümüzü, təsəvvürümüzü
zənginləşdirə bilirik. Biri Çikaqodur, o biri
Pikasso. Bu şəhərdə maşınla və ya piyada,
getdiyin yerdə qəflətən başınızın
üstündən haylı-küylü metro qatarı
keçsə də təəccüblənməyin,
Çikaqodur. Dünyanın ən böyük
iki şirin su ehtiyatı var. Biri İrkutsk şəhəri
yaxınlığında Baykal gölüdür. İkincisi Miçiqandır, sahilində dəmir
şlyapalı Çikaqo oturub. Əslində,
bunların hər ikisinə böyük göl, kiçik dəniz
desək, bəlkə doğru olar, dünyanındır,
dünyanın içməli su ehtiyatıdır. Dünyadakı bütün insanların,
bütün canlıların ehtiyatıdır. Bu qiymətini
müəyyən etmək mümkün olmayan nemət
Rusiyanın və ABŞ-ın ərazisində olduğuna
görə onların təmizliyini, saflığını
qorumaq, onların müqəddəsliyini insanların
şüuruna yeritmək hamının borcu olsa da, əsasən
ABŞ və Rusiyanın boynuna düşür. Onlar məsuliyyət daşıyırlar. Güclü omaq təkcə özünü qorumaq
deyil. Güclü olmaq gələcəyi
qorumaq, gücsüzləri qorumaq, dünyanı,
dünyadakı həyatı qorumaqdır. Güc
silahla, əzələ ilə ölçülmür. Güc dünyaya ürəkdəki məhəbbətlə,
mərhəmətlə, şəfqətlə
ölçülür. Böyük
dövlətlər üçün torpağa, havaya, suya,
xüsusilə insana məhəbbət, mərhəmət, ədalət
dövlətin təməl daşıdır. Çünki onların yaşadığı
qanunlar kiçik dövlətlər üçün dərslik
kimidir. Böyük dövlətdə yol
verilən kiçik səhv kiçik dövlətdə
böyük haqsızlığa gətirib çıxara bilər.
Bunların hamısının fəsadı sərnişini
olduğumuz yer kürəsi adı səyyarəyə dəyir.
Onun da imkanları tükənməz deyil.
1966-cı il idi. SSRİ
Yazıçılar İttifaqından İrkutsk, Maqadan və
Kamçatkaya ezamiyyət götürmüşdüm. Bu səfərimdə Baykala xüsusi yer
ayırmışdım. Ona görə
İrkutskda bir qədər çox qaldım. Mehmanxana
restoranında iki mühəndislə tanış
oldum. Söhbətimiz tutdu. Məlum
oldu ki, yeni tanışlarım Baykalın yanında
tikilmiş nəhəng kağız emalı zavodunda mühəndisdirlər.
Soruşdum:
– Bunun Baykala ziyanı yoxdur ki?
– Var, niyə
yoxdur, var! Həm də necə var! Bəs,
zavodun ziyanlı, zəhərli tullantıları hara axır?
– Siz
buralı deyilsiz? Rus deyilsiz.
–
Buralıyıq, rusuq, həm də rusun əslindənik.
– Niyə
qoyursunuz? Dünyanın ən gözəl
gölünün, ən təmiz suyunun bu vəziyyətinə
niyə göz yumursunuz?
– Yummuruq.
Yazmışdıq. “Pravda” qəzetində
çap olundu. Bu göldə “omul” adlı
bir balıq növü var. Nəsli dünya sularında
qalmayıb. Yalnız Baykalda yaşayır.
Burda da azalmağa başlayıb. Yazdıq, çap elədilər. Hesabatda yazıldı ki, ekoloji cəhətdən
çox təmiz zavoddur. Xırda
nöqsanlar olub, onlar da aradan qaldırılıb. Günahkarlar töhmət alıb. Hərəmizə bir töhmət verdilər. Amma işdə saxladılar. İndi
onu qeyd edirik.
– Bəlkə
mən də bir məqalə yazım.
– Yaz! Sənə də bir töhmət verərlər.
Biz belə gördük ki, Baykalı
bağlamağa razı olarlar, zavodu yox. Yazma.
Sənə nə var, sən azərbaycanlısan,
başını dərdə salma. Bacarsan,
sən Xəzəri qoru.
Baykaldan söhbət gedirdi. Sibirli iki ziyalı
rusla söhbət edirdik. Mən beş
il Moskva Qorki adına Ədəbiyyat İnstitutunda oxumuşam.
Çoxlu rus dostlarım, tanışlarım
olub. Amma bu ruslar o ruslara
oxşamırdılar. Bu mühəndislər
Baykala oxşayırdılar. Nəhəng,
sakit, aydın idi. İlk dəfə
Baykalı görəndə çaşıb
qalmışdım. Soyuq, şəffaf, o qədər
şəffaf ki, elə bil suyun dibini zərrəbin – lupa kimi
böyüdüb göstərirdi. Adamın
gözü aldanırdı. Elə bildim
çox dayazdı. İstədim əlimi
uzadıb suyun dibindəki min rəngə çalan
daşı götürüm, əlim çatmadı. Onsuz da çimməyə
hazırlaşırdım, girdim suya, su mənə boy vermədi.
Suyun soyuğundan az qala nəfəsim kəsilmişdi,
qaçıb sahilə çıxdım. Yox,
bunları belə aydın və sakit göstərən
dayazlıq deyil. Onlar dərinlikdən,
saflıqdan və təmizlikdən belə görünürlər.
Onlar, yəni Baykal və sibirlilər, onları
nəzərdə tuturam. Başqa rus
dostlarım məndən inciməsinlər. Mən demirəm moskvalı, peterburqlu, yoxsa sibirli
yaxşıdır. İlkinliyini qoruyub
saxlamış sibirlilər ürəyimcədir deyirəm.
Baykalın ətrafında “gəzən kol” adlı kol
topası var – bu gün görürsən burdadı, sabah tamam başqa yerdə. Mən
onun heç kökünü də görə bilmədim.
Küləyin, ya nəyin köməyiylə
bilmirəm, amma gəzir, yalnız Baykalın sahilindən kənara
çıxmır. Bu deyəcəyim
sözlərə görə qabaqcadan üzr istəyirəm.
Mənə elə gəlir ki, bəzi sibirlilərin
Sibirdən kənarda havası çatışmır, onlar
üçün çətin olur. Lakin
başqa bölgələrdə yaşayan rusların əksəriyyəti
dünyanın hansı nöqtəsində desək,
yaşayar, uyğunlaşar, özünə yer edər. Demirəm pisdir, yaxşıdır, amma belədir.
Bu söhbətimizdən xeyli zaman keçib. İyirminci əsrdən
iyirmi birinci əsrə gəlmişik, ikinci minillikdən
üçüncü minilliyə keçmişik. Bu keçidlərin şahidi,
iştirakçısı olmaq bilmirəm xoşbəxtlikdir,
yoxsa bədbəxtlik, hər halda böyük hadisələrin
şahidi olmuşuq. SSRİ
dağıldı, zəlzələlər, sunamilər nə
qədər insan həyatına son qoydu, terror Nyu-Yorkda ekiz
göydələnləri çökdürdü, bir nömrəli
terrorçu Üsəma Bin Laden öldürüldü.
Baykalın son illər vəziyyətindən xəbərim
yoxdur. Xəbəri olanlar da ağzına
su alıb susurlar. Xəzəryanı
ölkələr Xəzəri saymır, Xəzərdən
çıxan neftin pullarını sayır. Təyyarədə isə zaman durmadan əriyir.
Zaman düz xətt deyil keçə qurtara, o
dairədir həmişə keçir, heç vaxt
qurtarmır.
Tələsməklə
deyil, bütün yollar əvvəl-axır sona çatır,
hətta ömür yolu da... İstanbul hava limanından
qalxanda bizə vəd edilən Çikaqoya kimi olan on bir
saatlıq yolun sonuna uçurduq... Böyük həvəslə
səma bələdçimizin elanını gözləyirdim:
“Cənablar və xanımlar, Çikaqo hava limanına
eniş üçün alçalmağa
başlayırıq”... Gerisi mənə
maraqlı deyildi. O limanda mənə aid olan mənzərəni
on min metr yüksəklikdən gözüyumulu görürəm:
Mənim səbirsiz Günay qızım Çikaqo hava
limanında o yana-bu yana qaçır. “Bu təyyarə niyə gecikir” deyə-deyə
limanda çalışanları bezdirib. Nəvəm
Pərviz özünü anasının gözündən xəlvət
bir küncə verib telefonunda maraqlı bir oyun oynayır.
Oyunu başa vurmaq üçün təyyarənin bir az da ləngiməsini arzu edir. Kürəkənim
Corc Seprium isə gözlərini sərnişinlərin
çıxdığı qapıya zilləyib. Qapı hər açılanda bizim görünəcəyimizə
ümid bəsləyir. Gözləyənlər
və mənimlə gedənlər haqqında sizə qısa
məlumat vermək istəyirəm.
Günay Azərbaycanda adı “Günay” olan ilk
qızdır.
Ona bir şeir də yazmışdım. Xalq artisti, böyük bəstəkarımız
Ramiz Mirişli o şeiri “Günayım” və ya
“Şıltaq qız” adlı mahnı elədi. Bu mahnının ilk ifaçısı da Xalq artisti,
təkrarolunmaz müğənni Flora xanım Kərimova olub.
Günay Bakı Dövlət Universitetini
türk dili mütəxəssisi kimi bitirib. Yaxşı bir insanla ailə qurmuşdu. Birgə yaşaya bilmədilər. Pərviz qaldı, mənə qaldı. Dədə-bala birinci sinfə getdik, nənə, dədə,
bala yaşadıq, sevindik, kədərləndik. Günay Amerikada yaşayırdı. Pərviz böyüdükcə, Günay yerindən
arxayın olduqca ana-bala məhəbbəti də
böyüyür, güclənir, həsrət dözülməz
həddə çatırdı. Yəqin ki, Pərvizin
ana məhəbbəti, ana həsrətinin üstünə
bir az da Amerika cazibəsi,
parıltısı da gəlirdi. Səkkizinci
sinifdən sənədlərini səliqəyə saldım
anası ilə Corc gəlib apardılar. Uşaq
üçün heç bir nənə-baba ananı, atanı
əvəz edə bilməz. Qarılı-qocalı
biz yetim qaldıq. Elə ilk günlərdən hiss etdik
ki, uşaq bizə yox, biz uşağa
sığınmışıq. Onun adı sənədlərdə
Qocayev Pərviz Fikrət oğlu gedir. Rəsmi
sənədlərdə indi də elədir. Yanında uzanıb iməkləmək öyrətdiyim,
dil açanda dediyi hər sözü düzgün tələffüz
etməyi öyrətdiyim, hər gün bir buğda boyu
böyüyən Pərvizi axtarırdım. Ömrümdə o çatışmırdı.
Amma bunu nə Pərvizin, nə də
Günayın, heç həyat yoldaşım Pərvizin xəyalı
ilə yaşayan Raya xanımın da duymasını istəmirdim,
indi də istəmirəm. Amma bu belədir,
ondan qaçıb gizlənmək, gizlətmək də olmur.
Pərvizin atası, Günayın əvvəlki həyat
yoldaşı da pis adam deyildi. Niyə ayrıldılar? Nə bilim! Heç inanmıram ki, özləri də bunun səbəbini
dəqiq bilirlər. Bu həyatdır,
taledir. Mən bu yazını yazarkən 78
yaşındayam. Çox qəliz bir
ömür yolu keçmişəm. Ailəm
də dağılıb, yeni ailə həyatı da
qurmuşam. Niyə belə olub? Nə bilim. Min bəhanə
tapıb danışmaq olar. Dediklərimiz
hamısı bəhanə olacaq. Kökünə
baxsan biz heç nəyi bilmirik. Yaşadığımız
dünyanı barmaq havasına tanıyırıq. Olanlar hamısı sanki bir sehrli pərdə arxasında
yaranır. Biz yalnız o pərdəyə
qədər görə bilirik. Ordan o
yanı görmək imkanı bizə verilməyib. Bəlkə də indi bizim
yaşadıqlarımız o pərdə arxasında yüzlərlə
olanların məntiqi davamıdır, nəticəsidir.
Əgər uzaq keçmişimizi görmək, izləmək
imkanımız olsaydı, başa düşərdik ki,
bugünkü həyatımız başqa cür ola bilməzdi. Bugünkü həyatımız
on illərlə, yüz illərlə hazırlanıb bu
gün əcdadımızın düşüncəsinin,
işinin nəticəsini yaşayırıq. Bizim övladlarımız da bizim şüurumuzun, əməllərimizin
məntiqinin yaratdığı bir həyatı
yaşayacaqlar. Biz özümüz
üçün deyil, övladlarımız üçün,
onların həyatı, taleyi üçün
çalışırıq, yaşayırıq. Əgər sən ac və susuz, yorğun vaxtında
yol yanında meyvəli bir ağaca rast gəlirsənsə,
meyvəsini yeyib doyursan, şirəsini içib
yanğını söndürür, ağacın kölgəsində
sərinləyirsənsə, bil ki, illər əvvəl bu
ağacı yol yanına əkən olub. O adamın sənə
uzaq qohumluğu çatır. Bu qohumluq mənəvi də ola bilər, genetik də. O qohumu da bu yolun
yanına gətirən, yönəldən, ağacı əkdirən
var. Həyat bir səhnədir, biz də onun
oyunçuları. Bu tamaşanı yazan var. O
çox yuxarıdadır. Hər işi
bizim əlimizlə görür. Həyatdakı
haqsızlıqları da müəllifimiz qəsdən
yazıb. Həyat gərgin-maraqlı olsun,
maraqla izlənsin deyə. Oyunçular vəziyyətdən
çıxmaq üçün beyinlərini işlətsinlər.
Vəziyyətdən çıxış yolu
axtarsınlar. Yəni inkişaf etsinlər.
Hərdən biz də bu həyat adlı səhnəni
yaradan, yazan Allahımıza bənzəmək
üçün yazmaq, yaratmaq eşqinə
düşürük. Bu, yaradana məhəbbətdən
irəli gəlir. Bu, müqəddəs
eşqdəndir. Bizi qarşılayanlardan üçüncüsü
Corcdur. Amerikanın “məşhur “dəniz
piyadası” adlanan döyüşçülərindən
biridir. İlk və son döyüşləri
Vyetnamda olub. Əsl amerikalıdır.
“Qızıl dərililər” sayılan Amerika
hindularındandır. Günayın həyat
yoldaşıdır. Maraqlı
burasıdır ki, həmin illərdə mən də Vyetnama
ezam olunmuşdum. Corcla üz-üzə
duran cəbhədə idim. Danışıqlarda
iştirak edirdim. Çinşünas
Slatovskinin rəhbərlik etdiyi Afrika-Asiya ölkələri ilə
Həmrəylik Komitəsinin kiçik nümayəndə heyətinə
daxil idim.
Çikaqoda
bar,
Gözündə
qübar,
Dişində
siqar
Con
yarı
can.
Conun
üzünə
bir
kölgə düşür.
Baxır
Cona
Madam irişir.
Siqar
tüstüsü
Qalxıb
ilişir
Kipriyə,
Saça
Caz –
Ça! Ça! Ça!
Qanad yox
uça,
Ayaq yox
qaça
Con
yarı can
Caz –
Ça. Ça. Ça!
1978-ci ildə
Vyetnamdan qayıdandan sonra yazdığım “Vyetnam suitası”
adlı poemamdan yadımda qalan bir kiçik parçadı...
O zaman Vyetnamda düşmən kimi üz-üzə dayanan
Amerika “qızıl dərilisi” ilə Azərbaycan
türkü illər sonra 2013-cü ildə – həmin
amerikalı, həmin Çikaqoda, həmin Corc mənim yolumu həyəcanla
gözləyir. Şükür ki, bu poemada olan
bir ayağını itirmiş Con deyil. O
döyüşçülərdən biridir. Corcdur.
Bu, yaradanın sirli-sehrli bir sirri deyilsə, onda
bəs nədir? Siyasət insanları düşmən
salır, zaman yaraları sağaldır, düşmənləri
dost, qohum edir. Həyat başdan-başa belə
sirlərlə, sehirlərlə doludur. Öz
həyatınızı diqqətlə ağlınızın
süzgəcindən keçirin, görün həyatınızda
nə qədər möcüzələr baş verib. Görəcəksiniz ki, yaradan sizi həmişə
qoruyub, amma bəzən siz ona “şükür” etməyi
unutmusunuz.
İndianada, İndiana Polisdə olduğumuz bu bir ay ərzində
Corc bizim həm yolumuz, həm də yol yoldaşımız
olacaq. Kürəkənimdi – yaxın qohumumdu, onun
qonağıyıq. Həm də
Amerikanın ən qədim və əsl sakinlərindən
biridir. Orada maşınsız
mümkün deyil, maşını idarə etmək
yükü də Corcun boynuna düşüb. Onunla, onun barədə irəlidə söhbətlərimiz
olacaq. İndi isə bir az İndiana
haqqında. İndiana ABŞ-ın böyük
və zəngin ərazilərindən biridir. Hər il burada keçirilən kənd təsərrüfatı
məhsullarının geniş, zəngin sərgisi ən
çox görüb-götürmüş təsərrüfatçını
da heyrətləndirə bilər. Şəhərin
işgüzar mərkəzi səliqəli küçələr,
çoxmərtəbəli binalar, balkonlardan sallanıb
küçəyə boylanan güllər-çiçəklər,
“ay müştəri, gəl bəri” deyən qonaqları,
xüsusilə qadınları özünə aşiq edən
vitrinlər bizə tanışdır. Dünyanın
hər yerində bu mənzərə ilə köhnə
tanışlar kimi salamlaşırıq. Bir-birinə
sığınmış göydələnlər yoxa
çıxır. Yaşıl
çayırın və yaxud rəngbərəng
güllü-çiçəkli bağçaların,
süfrə kimi sərilmiş göllərin, yuyunub
daranmış ağacların arasında birmərtəbəli-ikimərtəbəli
evlərin bu rənglər qoynunda xumarlandığını
görürsən. Kənardan baxanda adama
elə gəir ki, ağaclar, göllər, çaylar,
yaşıllıqlar nəhəng daş binaları mühasirəyə
alıb, sıxışdırıb, yüksək binalara, bir-birinə
sığınıb öz varlığını, ərazisini
qoruyur. Hər səhər ətrafda
yaşıllıq qoynundan oyanan evlər adamlarını
işgüzar mərkəzə yola salır. Göydələnlərin rəngi özünə gəlir,
elə bil daşları yumşalır, canlanır. Burada yüngül maşınlar çoxdur, amma
tıxac yoxdur. Burada ən tez gözə
çarpan şey küçədə insan
azlığıdır. Görünür,
hər kəsin işi var. Hər kəs də öz işinin
başındadır. İşsiz olan da küçədə
dayanmır, veyillənmir, özünə iş axtarır. İndiana Polisdə restoranlarda gördüyüm, mənə
maraqlı görünən yenilikdən danışmaq istəyirəm,
bu sahədə çalışan insanlara cəlbedici
görünə bilər. Təxminən
axşam saat səkkizə kimi restoranların bir çoxu
menyusuzdu (yəni mətbəxdə hər cür yemək sərgilənir),
aşbazlar da öz yemək qazanlarının,
qablarının arxasında dayanır. Müştərinin
yeməklərlə bağlı verdiyi suallara nəzakətlə
cavab verirlər. Əsas odur ki, hər bir
müştəri restorana girəndə yemək pulunu ödəyir.
Qiymətlər hər kəs üçün
eynidir. Saat 12-yə kimi adambaşına
altı dollar, 12-dən 18-ə kimi on iki dollar. Seçim imkanı genişdir. Aşbazlar
suallarınıza hazır dayanıb. Nə
ətidir, hansı yağda bişirilib, balıq, quş və
ilaxır. Salatlardan başlamış meyvələr
və dondurma növlərinə kimi özün istədiyini
seç, istədiyin qədər götür. Hansı
xörəkdən neçə dəfə istəsən get
götür, ye. Sənə çox oturdun,
çox yedin deyən olmayacaq. Sizə qəribə
görünə bilər. Xeyr, insanlar
axşama kimi oturub, yeyib-içib orada laqqırtı vurmurlar,
səliqə ilə yeyir, doyur, təşəkkür edib
çıxıb gedirlər. Deyə bilərsiniz,
biz bunun üçün hələ yetişməmişik.
Mən də sizdən soruşuram, bəs nə
zaman yetişəcəyik? Əvvəla bu
növ xidmət xeyirsiz olsaydı, heç bir sahibkar bu işi
davam etdirməzdi. Öyrəndim ki, belə
restoranlar getdikcə artır. İnsanlar
ailəsi ilə gəlir. Orada mənim ailəm
də altı nəfər idi. “Qolden Korall”
restoranına gedirdik. Hər kəs
könlü istəyəni seçirdi, iştahla yeyirdi,
içirdi. Altı nəfərin yeməyi
bizə altmış-yetmiş dollardan baha başa gəlmirdi.
Dolu və gen-bol yeməkdən
danışıram. Bu baryeri keçmək
psixoloji məsələdir. Yeri gəlmişkən,
buna bənzər bir nümunəni sizə danışmaq istəyirəm.
Ulu Öndər Heydər Əliyev partiya rəhbərliyinə
yeni gəlmişdi. 1969-cu ilin sonu 1970-ci
ilin əvvəlləri olardı, indi dəqiq yadımda deyil.
Müşavirə keçirirdi. Bakı
Şəhər Sovetinin sədrini ayağa qaldırdı, sual
verdi:
– De
görüm bulvarda niyə gül yoxdur?
– Heydər
Əiyeviç, əkirik – dedi.
– Hanı
bəs? O boyda bulvarda bir gül də gözə dəymir. Hanı? Hanı əkdiyiniz
güllər.
Şəhər Sovetinin sədri susdu. Hiss olunurdu ki, demək istədiyini
deyə bilmir. Ulu Öndər ona kömək elədi:
– Demək
istəyirsən ki, kəsib aparırlar.
– Bəli,
Heydər Əliyeviç.
– Onu mən
də bilirəm. İndi neyləyək, gül əkməyək?
Siz o qədər gül əkin ki, onlar kəsib
qurtara bilməsinlər. İnsanların
gözü öyrəşsin. Bulvardakı
güllər üçün darıxsınlar.
İndi çıxın, nəinki bulvara, şəhərə,
xiyabanlara baxın, bir nəfər də gül kəsən,
gül üzən insan görməzsiniz. İnsanlarımız
gözəldir, həssasdır. Hər bir
gözəl işə, xeyirli başlanğıca
canla-başla qatılır. Hər kəs
öz sahəsində gözəl şeylər, yeniliklər
düşünsün, təklif etsin. Mütləq
o insan başa düşüləcək, tərəfdaşlar
tapacaq. Yalnız öz cibiniz
üçün yox, xalq üçün, cəmiyyət
üçün, ölkəmiz üçün xeyirli təkliflər,
başlanğıclar yaradın, başlayın. Əlbət ki, maneələr də olacaq. Qaçmayın, maneələri adlayın. Dostlarınız da, hörmətiniz də artacaq.
Nəhayət də öz cibiniz də halal pulla
dolu olacaq.
İndiana
Polisin işgüzar mərkəzinin
yaxınlığında, yaşayış sahəsində ev tikməzdən əvvəl tikiləcək
evin və ya evlərin qarşısında süni göl
yaradırlar. Evlər hamısı üzü
gölə, arxası yola tikilir. Yol tərəfdən
qaraj olur. Qarajın içindən də
birinci mərtəbəyə – evə qapı var, yol tərəfdən
də evin ayrıca kiçik qapısı olur. Çöl tərəfdən isə yaşıl
çəmənlik həyət kimi nəzərdə tutulur.
Orada güllər, ağaclar əkilir. Evin birinci mərtəbəsindən, mətbəxdən,
qəbul otağından göl tərəfə geniş balkon
açılır.
Balkonla
göl arasındakı yaşıllığa ev
sahibi ilə vəhşi ördəklər, qazlar da şərikdirlər.
Bu göllərin uzunluğu bəzən iki,
üç kilometrə çatır. Əsas
göldən kənarlara da qollar açılır. O
qolların da hər iki sahilindən evlər üzü gölə
tikilir. Evlərin ikinci mərtəbəsi yataq
otaqlarıdır. Birinci mərtəbədə,
İkinci mərtəbədə yataq otaqlarının da hər
birinin ayrıca hamamı, tualeti var. İkinci mərtəbənin
pəncərələri və balkonu gölə baxır.
Qızım Günayın qonşuluğunda belə
evlərdən birini bir aylığa kirayəyə götürmüşdük.
İlk səhərim küknar
ağacının budağından yataq otağına baxan dələ
ilə tanışlıqdan başladı. Aşağıda bir ördək ailəsi səs-küy
salırdı. Balkonumuzun lap yanına gəlmişdi. Ana
ördək yana basa-basa gələn səkkiz
balasını da gətirmişdi. Balkona
çıxıb bulaşdırmasınlar deyə çəmənliyə
endik. Əlimizdəki çörək
qırıntılarını gölə atdıq. Ördək və balaları gölə enincə
kiçik balıqlar suda çörəkləri didişdirməyə
başladı. İndiana Polisdə ilk
günümüz başladı. Bir neçə gündən
sonra görəndə təkrar yeksənəklik
başlayır Corca dedim ki, kompüterlə axtar
üç-dörd günlük hamılıqla görmədiyimiz
bir yerə gedək. Təklifi Corc sevinc hissi ilə
qarşıladı. Corc və nəvələrim
axtarışa başladılar. Axşam
bir neçə ünvanla qarşımda durmuşdular. Penselvanya ştatı ilə Ohaya ştatının
sərhəddində Amiş adlanan dağlıq ərazidə
Berlin adlı bir yaşayış yeri diqqətimi çəkdi.
Öyrəndim ki, 1523-cü ildə
Şvesariyada yaşayan almanlar arasında dini zəmində
ziddiyyət yaranır. Menenqlər adlanan
bir qrup Amerikaya köçür. Penselvanya
ştatında məskunlaşır. 1695-ci
ildə menenqlər də iki qrupa bölünür. Bir hissəsi Ohaya ərazisinə köçür,
Amişdə kök salır. Kiçik bir
qəsəbənin adını Berlin qoyurlar. Bu ziddiyyətin əsas səbəbi uşağı
xaç suyuna salmağın vaxtı üstündə olub.
Menenq Şvesariyada 1523-cü ildə alman dili cərəyanının
lideri olub. O, uşağı körpə ikən
xaç suyuna salmağın əleyhinə çıxıb.
Menenq deyirdi: “İnsan dini şüurlu şəkildə qəbul
etməlidir. Ona görə insan yetkinlik
yaşına çatmalıdır. Düşünüb-daşınıb
qəti qərara gələndən sonra dini qəbul etməlidir
(xaç suyuna girməlidir)”. Belə düşüncə
tərzi ilə o dövrdə menenqlərin bir yolu vardı, qaçmaq. Qaçdılar, amma Berlini də Ohaya
ştatının Millersburg ərazisində bir kiçik qəsəbə
kimi qurdular. Buradakı evlər, yollar,
parklar, səliqə “Mən almanam” – deyə
bağırır. Yalnız bu qəsəbədə
maşından çox fayton taksilər
çalışır. Faytonçu alman qızları
uzun don geyir, başları örtülü olur. Şəkillərinin çəkilməsinə icazə
vermirlər. Faytonlar qədim dəblə bəzənir.
Öndə və arxada qədim fanarlar
asılıb. Fayton taksi dayanacaqları da
ayrıdı. Kişi faytonçuların
dayanacağı ayrı, qadın faytonçuların
dayanacağı başqadır. Kişilər
də şəkil çəkməyə icazə vermədilər.
İcazəsiz bir-iki şəkil çəkdik,
Allah günahımızdan keçsin.
Ərazisi dağlıq-dərəlikdir. Əlli-altmış
kilometrlik bir məsafə – dağın ətəyi
bataqlıqdır. Dağla bataqlıq
arasında yol şüşə kimi tərtəmizdir. Yol işarələrini elə bil indicə rəngləmisən.
Gündə iki-üç dəfə göy
guruldayır, şimşək çaxır, yağış
yağır. Yağış kəsən
kimi yolda damcı qalmır. Yol yanında
gölməçə görməzsən. Bu təmizlik,
səliqə keçdiyimiz beş yüz
kilometrlik yolboyu eyni idi. Berlin qəsəbəsində
meyvə-tərəvəzdən tutmuş sabun, şampuna kimi
yerli istehsaldı. Biz də məmnuniyyətlə
onlardan istifadə edirdik. Hələ
özümüzlə aparmaq üçün hədiyyəlik
bəzi şeylər də aldıq. Bu yerlər
təkrarsız bir gözəlliyə malik idi. Bura elə bil Allahın yaratdığı ilk təbiət
guşəsi idi, mən Yaradanın xəlq etdiyi ilk insan idim.
Hər şeydən təəccüblənirdim.
Yox, yanımda bir insan da vardı – Corc Seprium.
O da səma kimi tez-tez tutulurdu, mənim duyduğumu görəndə
məcburən gülümsəyirdi, nəhayət təklikdə
ondan soruşdum:
– Corc, elə
bil buralar xoşuna gəlmir. İstəyirsən
qayıdaq İndianaya.
–Yox, yox! Çox xoşuma gəlir. Bura mənim
əcdadımın yurdudur. Heç burda
olmamışam. Nyu-Yorkda
yaşamışıq. Günayla evlənəndən
sonra köçdük Baltimora, Detronta. Nəhayət,
İndianada rahatlıq tapdım. Qızım
istədi söhbəti dəyişsin, ona susmaq işarəsi
elədim. Dedim:
– Qoy
yağsın. Qara bulud kimi dolub, qoy ürəyini
boşaltsın. Corc, necə olub ki,
heç bu tərəflərə gəlməmisən?
– Bilmirəm.
Mən bilmirdim bura mənə belə təsir
edə bilər. Yeddi arxa dönənim
buranı görməyib. İndi mən elə
bilirəm bütün həyatım burda keçib. Mən 1977-də Vyetnamda belə bir bataqlıqda
gözümə kimi suda gizlənib Amerikanı qoruyurdum.
Amerika üçün
döyüşürdüm. Amma mənim əcdadımı
dörd yüz ildir burdan qovublar.
– Yox Corc,
insanı doğma torpağından qovmaq mümkün deyil.
Onlar beş yüz ildir Almaniyadan ayrılıb.
Dünyanın o biri üzündə bir qəsəbəyə
Berlin adı qoyublar. O adın qoynunda yaşayırlar. Sən də burda heç olmamısan, amma görən
kimi qan yaddaşın oyandı. Onu
torpağın ətri oyatdı. Vətən
torpağı yüz illərlə, min illərlə nəsil-nəsil
insanların canında, qanında yaşayır. Yeri gəldikcə Vətən duyğusunu oyadır.
Vətəni heç kəs itirmir, özü
ilə gəzdirir. Hər kəs
özü boyda Vətən torpağıdır, gəzir,
yaşayır, Vətəni canında yaşadır.
İndianaya
qayıdandan bir neçə gün sonra Corc mənə dedi
ki:
– İstəyirəm
sabah hinduların milli muzeyinə gedim. Siz də getmək istəyirsiniz?
– Gedərəm,
– dedim. Bir an susub – o muzeyə keçən il
məncə getmişdik – əlavə etdim.
–
Getmişdik. Bəli, getmişdik. O yerləri
gəzəndən sonra muzeyə bir də baxmaq istəyirəm.
– No
problem! – dedim, – gedərik!
“Səni anlayıram” demədim. Onsuz da qəlbində
sızlayan, göynəyən sarı simə
toxunmamağı üstün tutdum. Muzeyə
getdik.
Vaxt da
gedirdi, günlər də... Günay əlində telefon
qaça-qaça gəldi:
– Ata,
Saşa dayı səni axtarır, Aleksandr Qriç!
Aleksandr köhnə bakılıdır, şair dostumdur. 1988-ci il
Moskvada “Sovetski pisatel” nəşriyyatında çap
olunmuş “Odu söndürməyin” adlı beşinci
kitabım yalnız Aleksandr Qriçin tərcümələrindən
ibarət idi. Mənə bağışladığı yeni
kitabına belə bir avtoqraf yazıb: “Şeirləri və həyatı
mənə yaşamaqda həmişə kömək edən əziz
Fikrət Qocaya məhəbbətlə. Aleksandr Qriç,
Los-Anceles, 07.07.2013”.
Kitabın
arxasında çox xəsisliklə yazılmış həyatı
verilib:
“ (Aleksandr
Romanoviç Qureviç)
1944-cü ildə Bakı şəhərində
doğulub. Peşəkar ədəbiyyatçıdır.SSRİ
Yazıçılar İttifaqının və Jurnalistlər
İttifaqının üzvüdür. Şeir
kitablarının, tərcümə kitablarının, məqalələrin,
sənədli filmlərin müəllifidir. Bakıda 12 ildən artıq “Bayatı televiziya” almanaxının
müəllifi və aparıcısı olub. 1992-ci ildən Los-Ancelesdə yaşayır”.
Qriçin fəailiyyətində böyük əhəmiyyəti
olan kiçik bir əlavə etmək istəyirəm. 1992-ci ildən Los-Ancelesdə
yaşamasına baxmayaraq, 1993-cü ildə ulu öndər
Heydər Əliyevin yetmiş beş
yaşına “Space” televiziyasının sifarişi ilə
beş hissəli sənədli filmin müəllifi olub. Film təkrar-təkrar nümayiş etdirilib,
tamaşaçılara yaxşı tanışdır.
Elə bu qısa məlumat sizdə təsəvvür
oyadır ki, iyirmi il görmədiyim insan mənim
üçün nə qədər arzu olunandır. Söhbətarası
Saşa dedi ki, keçən il də
görüşə bilmədik. Bu
görüşü mən də, Lyuda da çox istəyirik
(Lyudmila xanım Aleksandrın həyat yoldaşıdır).
Dedim, görək də, çalışaram. Dedi sənin
çalışmağın lazım deyil. Mən
İndianadan Los-Ancelesə, oradan da geri münasib reysə bilet
tapmışam, bir saat ərzində pulunu keçirməliyəm.
Evdəkilərə de, məni
bağışlasınlar, hamını dəvət edə
bilmirəm. Sənə icazə versinlər.
Bileti Günayın e-mailinə göndərəcəyəm.
Etiraz qəbul eləmirik,
hazırlaşmışıq, gözləyənlər var.
Xülasə, bir saatdan sonra gedəcəyimə söz verdim.
Günay biletin elektron versiyasını
çıxartdı. İki gün sonra
Los-Ancelesin nəhəng aeroportunda hansı səmtə getməyi
düşünürdüm. Nəhayət,
axına qoşulub şəhərə
çıxmağı qərara aldım. Eskalatorla enəndə:
– Fikrət
Qocayeviç – eşitdim.
Döndüm,
bu bir yaşlı, dolu bədənli kişi
idi. Gülümsünən kimi oldu Saşa.
Təbəssümü qocalmamışdı.
Elə bil özü də bir az dəyişdi.
Düşündüm ki, iyirmi il
keçib. Gələn il bunun yetmiş
yaşı olacaq. Yaxşı qalıb. Görüşdük.
– Qorxdum
ki, səni burda itirərəm. Telefonunu da götürməmisən,
zəng elədim, Günay dedi telefon götürməyib.
–
Heç ağlıma gəlməyib. Özüm
də bu böyük aeroportu, insan axınını
görüb həyəcanlanmışdım.
– Alo,
Günayçik, papanla görüşdük. Nigaran
qalma. Günay nigaran idi. Bu da belə. İndi bütün
işlər qaydasındadı. Gedək.
Axşam Aleksandrın üçmərtəbəli
evinin ikinci mərtəbəsində Aleksandr, Lyudmila xanım,
mən oturmuşduq. Lyudmila xanım da bakılı idi. Yazıçılar İttifaqından Ədəbiyyat
Fondunda çalışırdı. Əvvəlki
ərindən bir qızı vardı. Tağıyeva Lola
– Lyudmila xanımın üç yaşlı qızı
şair dostum Mənsur Vəkilovun şeir deyən ən
sevimli aktrisası idi. Öyrəndim ki, Lola indi
də atasının familiyasını daşıyır.
İndi də Tağıyevadır, həkimdir,
psixoloqdur. İnstitutdan sonra təcrübəsini
artırmaq üçün beş il
türmədə çalışıb. Həyat
yoldaşı Yura Arlov əslən Ukraynadandır. Hüquqşünasdır. Nadiya
adlı gözəl bir qızları var. Altı yaşlı
Nadiya Azərbaycan mahnılarını eşidəndə bir
yerdə dura bilmir, ritmi tutur, mızıldanır, rəqs edir.
Öyrəndim ki, Aleksandrın birinci ailəsindən
olan oğlu Roman Qüdsdə Yerusəlimdə yaşayır.
Yaşanı soruşdum. Onlar
Amerikaya köçəndə iki, ya üç yaşı
olardı.
– Bizim evdə
əsl amerikalı odur – dedi Saşa.
– Nəhəng
olub, hərəmizi bir qoltuğuna vurub gəzdirər, hələ
bu azmış kimi saqqal da saxlayır.
– Evlənməyib?
– soruşdum.
– Yox,
özünə təzə ev alıb.
Deyir dəyməyin, bir az azad ömür
sürüm. Hara qaçacaq, evlənəcək – dedi
Saşa.
– Evlənən
kimi arvad onun saqqalını qırxdıracaq – dedim.
Lyudmila
xanım güldü:
– Tərsin
biridir. İnanmıram. Sizi
evinə aparmaq istəyirdi, razı olmadıq. Heç bura da gəlməyə qoymadıq.
– Niyə?
– Təəccüblə soruşdum.
– Qripdir. Hərarəti də var. Demirəm, nəhəng bir
uşaqdır. Xəstəlik-zad saymır.
Bu xatalı qripdir.
Lyudmila xanımın qərarı qətidir, şikayət
qəbul olunmur. Xülasə, qarşıdakı dörd
günümün proqramını müzakirə etdik. Mən kiçicik bir əlavə etdim.
“Çox görüşmək yox, çox görmək istəyirəm”
dedim. İki əsas görüşü
saxladı. 1976-cı ildən Amerikada
imiqrant həyatı yaşayan yazıçı-publisist
Aleksandr Polovetslə görüş idi. Onun
üç yaxşı cəhətini əsas
götürdülər. Birinci, Amerikaya gələn mədəniyyət
və ədəbiyyat adamları onun qonağı olur, ikinci,
Bulat Akudjava ilə ən yaxın dost olublar. 1991-ci ildən
Bulat Akudjava adına ümumi Amerika Mədəniyyət
Fondunun prezidentidir. Üçüncüsü,
gözəl yeməklər ustasıdır. Xüsusilə balıq yeməklərinin
xiridarıdır. İki gün sonra mən
Polovets haqqında eşitdiklərimin şahidi oldum. Aleksandr Polovets çox yaxşı həmsöhbət
idi. Hazırladığı növbənöv
yeməklər də söhbətləri kimi fərqli və
bir-birindən maraqlı idi. Rus
imiqrantlarının canlı ensiklopediyası idi. Görüşləri, məclisləri haqqında
hazırladığı ikicildlik kitabın birinci cildi
çapdan çıxmışdı. Birini
mənə yazdı. “İkinci cilddə artıq
hazırdı, bəzi texniki işlər qalıb” – dedi. 477 səhifəlik birinci cild yalnız şəkillərdən
və qısa olduqca xəsis məlumatlardan ibarət idi.
Neçənci ildə çəkilib, kimlərdir
şəkildəkilər. Hərdən
şəkildəki vəziyyətlərə dadlı, qısa
yumoristik komentariyalar verir. Kitabda,
şübhəsiz çox dəyərli məlumatlar,
oxunaqlı mətnlər də var. Kitab məndə artıq
vardı, amma indi əsl qazanc onun öz
danışıqları olardı. O da xəsislik eləmirdi,
danışırdı. Geniş otaqları
vardı, amma divarlar hamısı fotoşəkillərlə bəzənmişdi.
Böyük qadın şəkli fikrimi çəkdi.
Yaşlı, yorğun, ziyalı bir qadın
şəkli idi. Oturuşundan,
üzünün cizgilərindən, baxışından
şübhəm yox idi ki, bu yəhudi qadındır. Tez-tez baxışlarım o şəklə
ilişib qalırdı. Bu yorğun,
arıq, balaca qadında böyük güc vardı. Düşünürdüm o qadın qalxıb harasa
çox uzaqlara gedəcək. Şəklə çox
baxdığımı görüb sözarası:
–
Anamdır – dedi.
– Bilirəm
– dedim.
– Hardan
bilirsən?
– Bilmirəm
hardan bilirəm, özü dedi.
Aleksandr Qriçə və Lyudmila xanıma böyük
qardaş ərkinin olduğunu göstərmək istəyirdi. Həyat
yoldaşı çoxdan dünyasını dəyişib, illərdir
tək yaşayır. Oğlu, nəvəsi
uzaq səfərlərdə olur. Başa
düşdüm ki, familən qıpçağam deyən
Aleksandr Polevets köklü bir ziyalı yəhudi ailəsində
doğulub. Bunu da mənə şəkil
demişdi. Birdən xatırladım ki, mən
həyatımda heç ziyalı olmayan yəhudi ailəsi
görməmişəm. Musa peyğəmbər
onları qırx il gəzdirmişdi. Amma yəhudilər o vaxtdan indiyə kimi
dünyanı gəzir. Bəlkə
ziyalı olmayanları bu uzun yollarda ələnib,
tökülüb qalıb. Arada sözgəlişi
Polovets:
– Bax belə,
tək yaşayıram. Məndən sonra bu gördüklərinizin
ağırlığı düşür Aleksandr Qriçlə,
Lyudmila xanımın boynuna. Biz bu cümləni,
ondakı bədbin notu eşitmədik.
Başqa söhbətə keçdik. Aleksandr
Polovetslə mən ilk cümləmizdən yaşıd
olduğumuzu bildirdik. Mən hətta uzaq qohum
olmağımızı da dedim. Axı, polovetslər qıpçaqlar olub. Mən yaxşı bilirəm adamlar bu yaşdan
sonranı tez-tez düşünür. Yeri
gəldikcə bəzən yeri olmasa da sözarası
başqalarına da eşitdirir. Bu cümlə
ortalıqda ölü kimi sahibsiz qalmasın deyə, köhnə
bir anekdotla üstündən keçdik.
Sovet
dönəmində yəhudinin doldurduğu anketini ona göstərib
deyirər:
–
Yazırsan ki, xaricdə heç kəsim yoxdur.
–
Doğrudur.
– Atan-anan
İsraildədir?
–
Doğrudur.
–
Bacın Amerikada, qardaşın İtaliyadadır?
–
Doğrudur.
– Bəs
niyə yazırsan xaricdə heç kimim yoxdur.
– Xaricdə
onlardı, yoxsa mən?- dedim və əlavə
elədim: əzizim Aleksandr, bizim
yaşıdlarımızın çoxu ordadır. Xaricdə bizik. Bu ağlamalı
günümüzə ürəkdən güldük.
Saat on ikidən keçmiş evə gəldik. Otağıma
keçdim. Yuxum gəlmirdi, xeyr, bu həyəcandan,
təəssürat bolluğundan deyildi. İndiana
ilə Los-Ancelesin arasında üç saat vaxt fərqi
vardı. Los-Ancelesdə əqrəbi
üç saat irəli çəkmişdim. Televizoru açdım. Xəbərlər
gedirdi. Bağdadda bir-birinin ardınca
dörd partlayış olub, 47 insan həlak olub. Yüzdən
artıq yaralanan var. Yaddaşımda hansı filmdənsə
eşitdiyim sözlər səsləndi: “Bağdadda
sakitlikdir”. Şeirlərin, nağılların
qəhrəmanı Bağdadı indi öz övladları
dağıdır. Körpələr,
qarılar, məktəblilər ölür. Terror ən Allahsız və əxlaqsız
insanların əməlləridir. Başqa
bir ərəb ölkəsində iki nümayişə
çıxmış dəstə bir-birinə hücum
çəkir. Vitrinlər
qırılır, maşınlar əzilir. Polis dəstələrin hər ikisinə
qarşı su şırnağı vurur, səs bombası
atır, gözyaşardanlar atır. Televizoru
söndürdüm. Bu hadisələr
burdan baxanda daha eybəcər görünür. Qanun işləməyəndə belə olur, xaos
yaranır, xaos ölkəni dağıdır. Belə dağılan ölkələr güclü
ölkələrin yemi olur. Sonra daha
hansı axmaq fikirlər başımdan keçib bilmirəm, nə
zaman yatdığımı da bilmirəm.
Saşa çox böyük həvəslə hər
gün səhər tezdən axşama kimi məni Los-Ancelesi gəzdirdi. Finkulyora
qaldırdı, dərə yolu ilə şəhərin bir
başından o biri başına getdik. Dəniz
kənarı ilə şəhərin ətrafında
dolandıq, daha böyük masştabda, bizim Ağsu
dolaylarını xatırladan dağlardan keçdik. Orada olan hər kəs yaxşı bilir ki, Hollivud
özü adamı çəkib aparır. Bu, şəhərdən çox şəhər
reklamına bənzəyir. Hər ev,
hər həyət qucaq dolusu gül-çiçəklə
gələni qarşılayır, gedəni yola salır. Şübhəsiz, maşın Los-Ancelesdə
Bakıdan daha çoxdu. Amma orada tıxaca
rast gəlmədim. Bəlkə orada da
olur. Yəqin o qədər də çox
deyil ki, mən orada olduğum dörd gün ərzində rast
gəlmədim. Təəccüblü
burasıdır ki, maşın siqnalı da eşitmədim.
Yox, bir dəfə qəribə bir maşın
siqnalı eşitdim. Tez Aleksandr
maşını yolun kənarına çəkdi. Saxladı, gördüm bütün maşınlar
yolun kənarına çəkilir. Düşündüm,
Kaliforniya ştatının rəhbəridir, elə bu vaxt
qıy çəkə-çəkə yanımızdan
keçən maşının təcili yardım olduğunu
gördüm.
– Qanun belədir,
bu maşının səsi gələndə hamı kənara
çəkilib yol verməlidi. Burda ikinci söz ola bilməz. Ölüm-dirim məsələsidir
– dedi Aleksandr.
Yaxşı qanun ölkə ziyalılarının,
siyasilərinin, müdrik rəhbərlərin səviyyəsini
nümayiş etdirir. Lakin o gözəl qanunları müqəddəs
yazı kimi qəbul etmək, qorumaq və itaət etmək hər
bir vətəndaşın əxlaqını, mədəniyyətini,
mənəviyyatını nümayiş etdirir.
Qonağı olduğum sonuncu mənzil Lola xanım
Tağıyevanındır. Lolanın atası azərbaycanlıdır.
Anası Lyudmila xanım rusdur. Atalığı şair dostum Aleksandr Qureviç Qriç
isə yəhudidir. Lolanın həyat
yoldaşı Yura Orlov isə əslən ukraynalıdır.
Hərbi xidmətini dəniz piyadası kimi
qulluq edib. Hüquqşünasdır.
Lola ilə Yuranın bir qızı var, altı
yaşındadır. Şaftalı kimi
dadlıdır. Mən bu yazıdan əvvəl
gözəl Nadiya haqqında bir şeir, daha doğrusu,
mahnı mətni yazmışdım. Qız
özü şıltaq bir mahnıya bənzəyir. Ona mahnı diskləri bağışladım.
Azərbaycan mahnılarını eşidən
kimi ritmi tutdu, rəqs etdi. İndi gəl
bu balaca mələyi bağrına basma görüm,
mümkün deyil. Los-Anceles məncə mələklər
şəhəri deməkdir. İndi siz mənə deyin
Nadiya kimdir – azərbaycanlıdır, yoxsa rusdur? Bəlkə ukraynalıdır, yəhudidir deməsək,
Aleksandrın qəlbinə dəyərik, axı onun sevimli nəvəsidir.
Bu qız tipik amerikalıdır. Bu ailə tipik Amerika ailəsidir. Bunların vətəndaşlığı da, dini də,
dili də amerikalıdır. Onların
birinci növbədə səcdə etdikləri müqəddəs
kitab Amerika konstitusiyasıdır. Ondan sonra
hər kəs öz dini, öz dili ilə toxunulmazdır.
Bu evdə soruşan yoxdur kim kimdir. Hamı bir-birini çox sevir. Bir
yerdə xoşbəxtdirlər, insana daha nə
lazımdır?! Elə ona görə bir
yerdədirlər ki, xoşbəxtdirlər. Xoşbəxt yaşamağa, xoşbəxt olmağa
çox şey lazım deyil. Ailəni,
dostlarını, ətrafındakıları sevmək, sənin
olana qane olmaq, şükür etmək. Əlbət ki,
Amerikada da hamı xoşbəxt ola bilmir. Yuxarıda dediyimiz o adi şeyləri bacarmır,
çətin deyil, amma belədir, hamı bacarmır.
O gecə
Lola xanımın süfrəsində hər şey vardı. Amma heç nə olmasa da belə, şən, səhərə
yaxınacan deyib güləcəydik. Lolanın
bizə açdığı süfrə hindli Paramahansa
Yoqanandanın Los-Ancelesdə aldığı malikanənin Ten
Lkr gölü kimidir. Paramahansa Yaqonanda 1893-cü il yanvarın 5-də Hindistanda dünyaya gəlib,
7 mart 1952-ci ildə Los-Ancelesdə dünyasını dəyişib.
On beş yaşından induizm dini ilə
ciddi məşğul olmağa başlayıb. 1920-ci
ildə Bostonda Dünya Dindarlarının Konqresində 27
yaşlı Paramahansa da iştirak edir. 1925-ci
ildə Los-Ancelesdə bir mülk alır. Əslində
mülk özü bir şey deyildi, mülkün həyətindəki
gölü bəyənmişdi. O bu ərazini cənnətin
bir guşəsinə döndərir. Bu yeri dünyanın beş dininin məbədi elan edir. Yaqonanda bu
gölün ətrafında dünyanın beş
dinini birləşdirib. Buranı beş
dinin birgə məbədi edib. Xristianlıq,
buddizm, müsəlmanlıq, hinduizm, iuddaizm. Bu gölün ətrafında bu dinlər bir süfrə
başında oturmuş qardaşlardır. Hərə öz kitabını oxuyur. Bu kitabların hər biri Yaradanın kitabından bir
fəsildir. Onlar belə yanaşı olanda
Yaradanın kitabı bütöv olur, onun üzü
gülür, dünya işıqlanır.
Fikrət Qoca
525-ci qəzet.- 2013.- 8 avqust.- S. 18-21.