Oralarda kimlər var: İnqilab İsaq

 

Tofiq ABDİN

 

İNQİLAB İSAQ (1)

 

 – Bioqrafiyanızla bir az geniş tanış olaq.

– Əslində mənim üçün ən çətin sual tərcümeyi-halım haqqında düşünməkdi. Çünki bu barədə fikirləşəndə boş-boşuna uzanan bir səhra gördüm. Bir də hardasa yellənən boş beşik... Səhra ilə beşik arasında ilğımlı yollar... Bu yollar mənim tale yollarımdı. Ömür təqvimini ələk-vələk eyləyib belə qənaətə gəldim ki, dünyaya gəlişim Tanrının işi, bir də ata və anamın əkinçi, biçinçi arzusu olub. Düz altmış il bundan əvvəl dağlar qoynunda – Daşkəsəndə doğulmuşam. Özüm iməkləməyə başlamamış yerim, yurdum iməklədi... Gah dağlı, gah aranlı oldum. Axır Gəncədə məskunlaşdım. Orta və ali məktəbi Gəncədə bitirdim. Həyatın qoynuna atıldım...

Atam İsaq kişi qara dinməz, həm də dəli-dolu adam idi. Baxışlarında həmişə ağır bir zəhm vardı. Amma bu baxışlar dünyanın ən məhrəm baxışı idi. Atam dünyanın gücü, dünyanın özü idi. Anam mağmun, fağır, ipək kimi bir qadın idi. Sonralar hiss etdim ki, həyatımızdakı tale sınaqlarında anamın sükutu ona baha başa gəldi. Əlbəttə, bütün bu söhbətləri açmaq zorunda olmasam da taleyimin səhifələri acılı-şirinli günlərlə açılıb, örtülür... Görünür insanın özünəməxsus elə dərdləri var ki, onu ömrü boyu öz-özünə pıçıldayır... Sonralar taleyimə gələn qəfil ögeyliyə uşaq çiyinlərimi verdim. Amma bu ögeylik məni əzdi, uşaq oyuncaqlarımı dağıtdı. Amma üzülmədim, içimdəki ümidlərin doğmalığına sığındım... Yaşadım, düşündüm, sabaha baxdım...

Bir əlim qələm tutanda, bir əlim də işdən-gücdən yapışdı ... Bütün bu ağrıları tərcümeyi-halım hesab edirəm. Bir də gördüm ki, Gəncədə Pedaqoji İnstitutun Filologiya fakültəsinə qəbul olmuşam. Onda ötən əsrin 70-ci  ili idi... Kitablarla ən böyük dostluğum o illərin payına düşür. Tələbə təqaüdümü elə ay olmurdu ki, çox hissəsini kitablara verməyim. Həyatla kitabı doğmalaşdırdım... İlk şeirlərim sevdalı günlərimə düşdü. O illərdən yaddaşımda qalan bir nümunə:

 

Baxışın könlümün ümid ocağı,

Həsrətin şeirimin sətirləridi.

Yollara tökülən çinar yarpağı,

Gizli sevgimizin ləpirləridi... 

 

Özümü ömrüm boyu nağıllar içində hiss etmişəm. İndi də nağıl içindəyəm. Bilmirəm bu duyğulardan xilas olmaq mümkündürmü? Elə içimdəki nağıllarla poeziyanın qapısını döydüm. Say etibarilə bir neçə kitabım olsa da, “Ümidə borclu dünya”, “Aydan axan bulaq”, (uşaqlar üçün), “Bir çəmənin çiçəkləri”, “Canım sənə desin...” kitablarımı özümə daha doğma hesab edirəm. Əslində ən dəqiq tərcümeyi-halım şeirlərimdi...

Bir də ki, sizin suallara yəqin bütün söhbət boyu yaşadığım ömrə söykənə-söykənə cavab tapmağa çalışacağam...

– İndinin özündə də yaradıcı adamlar mərkəzə çox can atırlar. Sizin Bakıda qalmaq imkanınız yəqin ki olub. Bə nədən əyaləti, belə deyək, Gəncəni seçmisiniz yoxsa siz oralısınız?

– Yaradıcılıq işi əkinçi işidi. Kimin dəni harda sünbül tutursa, harda torpağı üzünə gülürsə elə ora sözün Vətənidi. Amma bununla belə məşhur bir atalar sözü də var. “Balıq dəryada böyüyər”. Əslində  yaradıcı insan paytaxtla yaşadığı məkan arasında elə körpü salmalıdır ki, onun inkişafına təkan olsun, dairəsi genişlənsin. Bir də ədəbi prosesin qaynar həyatında kim yaşamaq istəməz ki? Mənə qalanda qəlbən, ruhən dağ havasına köklənmiş adamam. Mən öz sükutumu şəhərin səs-küyünə dəyişə bilmərəm. Şeirlərimin birində demişəm:

 

Ütülü yoldan bezmişəm,

Çəkir daşlı cığır məni.

İtdim şəhər səs-küyündə,

A dağ çayı, cığır məni...

  

Mən o dağ çayının çağırışına həmişə oyağam. Əslində mən Gəncədə yox... Gəncənin yaxınlığında Göygöl rayonuna məxsus Üçtəpə kəndində yaşayıram. Şəhərdən qopub bir kəndə sığınmışam. Bu kəndə gəlişim də tale işidi. Qayalıqda narahat bir parça torpaq alıb balalarıma yuva qurmaq istədim. İşim daşa yamandı... Daşla əlləşə-əlləşə axır ki, torpağı ram etdim, nazını çəkdim, imtahanından üzüağ çıxdım. Ağac əkdim, bağ saldım, ev tikdim... İndi çox şükür yer üzündə əkdiyim ağaclar, tikdiyim ev var...

 

Kim qoydu əlini çiynimə birdən,

Nə sağda görünür, nə də solumda.

Dərdi daşa basan dostlarım kimi,

Əkdiyim ağaclar durur yolumda...

 

Bax, beləcə könlümün qızındığı bir məkanda – Üçtəpədə yaşayıram. Tikdiyim Evin hər daşının xasiyyətinə bələdəm...

...Əlbəttə, yaradıcı adam bir budaqda oturub, min budağı silkələyən, sirr çözələyən adamdı. Onun harada yaşamasından asılı olmayaraq nə yaratdığı daha ciddi məsələdir.

Bir də qəlbimin yaralı yerinə toxunursunuz...

Bəzən belə olub ki, paytaxt mərtəbəli qələmdaşlarımdan ürəküzücü soyuqluq görmüşəm. Hətta çap olunmuş yazılarımın altına əyalət möhürü də vurublar. Bax onda susmamışam  demişəm: – Qardaş, sən özün hansı rayondan, kənddən gəldiyini deyən tamam unutmusan. Sözün əyaləti olmaz. Axı, söz eyni günəşdən işıq alır... Bax, söhbətimizə belə notlar da daxil olur. Bunlar giley-güzar kimi, çıxmasın... Olanını dedim...

Bir halda sözümüzün ana xəttini Gəncəyə yönəltmək gərəkdi, onda ürəyim səslə, işıqla, təbəssümlə dolur. Gəncə bəlkə də dünyada  yeganə şəhərdi ki, qaçmağı yox səbrlə, düşüncəylə addımlamağı sevir. Bəlkə Gəncə yeganə şəhərdi öz dağından, öz oylağından, öz havasından enmir. Bu şəhərin havası ilə yaşamaq Adamı biganəlikdən, laqeydlikdən xilas edir. Özüm Daşkəsəndə doğulsam da, bütün uğurlarım bu şəhərlə – Gəncəylə bağlıdı...

–Hər bir yaradıcının taleyində mütləq kimsələrin yardımı və köməkliyi olur. Sizin həyatınızda belə bir insan olubmu?

– Hər bir yaradıcı adamın özünəməxsus taleyi var. Mən uzun illər kağızla qələm arasında ayrılıq yaşamışam. Sözdən ehtiyat etmişəm... Sözdən çəkinmişəm... Ona görə də bir şeirimdə etiraf etmişəm:

 

Deməyə sözüm var, deyim hər zaman...

Qəribliyə salmayasız sözümü.

Gec olsa da ürəyimin odundan,

Sözə büküb saxlamışam közünü...

  

Mən ürəyimin közünü gec alışdırdım. Amma bilmirəm bu odu alışdırmağa dəyərdimi? Qaldı ədəbi taleyimdən ən böyük müəllimim həyatın özü olub. Çünki qayğılar içində o qədər çək-çevirdə olmuşam ki, ən böyük dərsi oxuduğum kitablardan, yollardan, taleyimə çıxan adamlardan almışam. Bu adamlar yenə taleyimin dostlarıdı. Qələm dostlarımdan Qərib Mehdi, Bahadur Fərman ədəbi güvənc yerim olub... Ədəbi taleyimdə Aleksandr Blok, Sergey Yesenin, Vaqif Səmədoğlu mühüm rol oynayıblar.

Poeziya isə həmişə taleyin və Tanrının işidi...

–Mərkəzdən uzaqda yaşamağın bir çox çətinlikləri var və sizcə bu çətinliklər adamı bezdirmirmi?

 

– Deyirsiniz ki, mərkəzdən kənarda yaşamağın çətinlikləri olur... Amma həyatı quran insandı. İnsan istəsə ən ucqar dağ kəndində də normal həyat tərzi keçirə bilər. Amma söhbət yalnız rahat otaqdan, çoxmərtəbəli evdən getmir. Söhbət insan nəyi necə  düşünür, o, bir vətəndaş olaraq niyə narahatdı? Yaşadığı cəmiyyətin havasını sinirə bilirmi? Ədalət hissi pozulanda o, özünü necə hiss edir? Vətəndaş cəmiyyətinin formalaşmasında öz borcunu dərk edirmi? Suallar çox, cavablar müxtəlif... Ona görə də ucqarda yaşayan adam daha çox darıxır... O, yalnız həyatının tələbatı haqqında düşünür, yaşadığı cəmiyyətin sabahını da unutmur... Amma laqeydlik bataqlığına düşənlər də az deyil... Belələrinin işi istər ucqar olsun, istər paytaxt fikri yalnız talançılıq, nə yolla olur-olsun para qoparmaqdı. Nə kəsilən ağac, nə xəstə bir adamın solmuş bənizi, nə imkansızlıqdan içində qovrula-qovrula yaşayan adamın kədərini duymamaqdı. Belələrinin ordusu arta-arta gedir, adamı üzən budu...

Bax, istər mərkəzdə yaşa, istər ucqarda baxır özünü yaşadığın dünyanın vətəndaşı hesab edirsənmi?

 

ONLAR NƏ DEDİLƏR: BAHADUR FƏRMAN

 

Bu gün Azərbaycanda şair bolluğudur. Mübaliğəsiz demək olar ki, dünyanın heç bir yerində Azərbaycandakı qədər şeir yazılmır. Bu, Gəncədə də belədir. Lakin Bakıdan şair deyib Gəncəyə baxanda şair kimi ilk yada düşənlərdən, görünənlərdən biri İnqilab İsaqdır. Barat Vüsal Qazaxdan, Ramiz Qusarçaylı Qubadan, Məmməd Dəmirçioğlu İncədərəsindən, Nurafiz Təhlədən, Sahib Camal Gədəbəydən, Qərib Mehdi, Sahib İbrahimli Gəncədən Gəncəyə baxanda sayılıb-seçilən qələmdaşlarımızla yanaşı  öz təmkini, ağayana davranışı, sadəliyi, səmimiyyəti, ən əsası isə şairliyi ilə seçilən qələm qardaşımız İnqilabı görürlər.

Özəl nəşriyyatlar qalın-qalın şeir kitablarını nəşr etmək üçün xəsislik etmirlər. Sağ olsunlar, onların bu “səxavəti” istər-istəməz “poeziya  tıxacı” yaradır.Və bu tıxacın arasından keçib, əsl oxucunu tapmaq çox çətindir. Çünki məhəlli ədəbiyyatı, məhəlli poeziyanı büt kimi qəbul edən, ondan bir addım o yana gedə bilməyən sadəlövh oxucu müasir düşüncəni, forma və məzmun cəhətcən yeni  olan ədəbi nümunələri qəbul edə bilmir. O buna hazır deyil. Bu, əsl şairlərin gündəmdə duran ən çətin problemidir. Bəli, tıxac problemi.  İnqilab bu tıxacın içindən çoxdan çıxıb və ondan ötrü daha tıxac qorxusu yoxdur.

Müasir oxucu hər  yazılana əsər, hər uzun, gödək misraların cəminə şeir demir. Bunu dərk edən, ümumiyyətlə şair  kimi şöhrətdən qaçıb məsuliyyət  hissini  önə  çəkən qələm əhli “mən şairəm” deyə bilər. Mən İnqilabın  daimi oxucusu kimi, müşahidələrimə əsaslanıb deyə bilərəm ki, İnqilabın “mən şairəm”  deməyə iki qat səlahiyyəti çatır, çünki onun yaradıcılığı bütünlüklə özünə məxsusdur. Onun şeirlərində heç kimin izini, ləpirini tapmaq mümkün deyil. İnqilabın şeir köşkündə ucuz heç nə yoxdur.

İnqilabın şeirləri öz daxili quruluşuna  görə o qədər də sadə deyil. Həssas oxucu İnqilabın şeirlərini oxuyarkən mütləq diqqətli olmalıdır, düşünməlidir,  əks halda uduzar, böyük bir zövqdən özünü məhrum etmiş olar.

İnqilabın şeirlərində hər bəndin, hər misranın öz fikir yükü var. Bəndlər də, misralar da öz yüklərini mənzil başına – oxucunun hüzuruna uğurla daşıyır...

 

(Davam edəcək)

 

 

525-ci qəzet.- 2013.- 8 avqust.- S. 23.