Nəsrin xam
torpağında
(Ədəbi
düşüncələr)
Körpə
nəsr iməkləyə-iməkləyə tarix yoluna
çıxanda dəliqanlı bir cavanla rastlaşdı; bu, poeziya idi...
Təzə bir nəsr kitabının ilk səhifələrini
oxuduqca, həqiqətin o qədər də
inanmadığım həmin qəribə analogiyanın qaibanə
pıçıltıları dil açırdı.
Təmkinli təhkiyə ilə ani bərqi,
gizli parıltısı göz güldürən poetik
ovqatın təbii vəhdəti, qəribə qan qohumluğu
kitabı qapamağa qoymur, sirli bir cazibəylə səhifədən-səhifəyə
çəkib aparırdı məni. Povest uşaqlıq
xatirələri miqyas və məkanında qurulmuşdu;
aydındır ki, xatirələr, xüsusilə,
uşaqlıq xatirələri struktur etibarı ilə poetik təbiətlidir;
necə deyərlər, səmimi xatirə ağıldan
çox hissin poetik havalanmasıdır. Və mən
yenicə oxuduğum povestin nasiranə təmkinli poetik xatirə
çöllərindən keçib getdikcə YENİ BİR
NƏSR XAM TORPAĞININ nəfəsini duyurdum...
Onun “Azərbaycan”,
“Ulduz”, “Literaturnıy Azerbaydjan”, “Qobustan” jurnallarında
başqa povestlərini, memuar yönlü yazılarını,
bir sıra nüfuzlu qəzetlərdə maraqlı hekayələrini,
çoxsaylı publisistika, poeziya və nəsr
kitablarını oxumuşdum, ürəyimdən bir yazı
yazmaq da keçmişdi; doğrusunu deyim ki, “Çarəsiz
yolçu” povestini, bu əsərin baş qəhrəmanı
Qıztamamın fədakar mücadiləsini, ciddi ədəbi
uğur səviyyəsinə yüksələn obrazını
unuda bilmirdim; yazıçı Novruz Nəcəfoğlunun
haqqında danışdığım təzə
kitabındakı “Keçən cavan çağım ola”
povestini oxuyandan sonra bu qeydlərimi yazmaya bilmədim...
Son illər
Azərbaycan nəsr təsərrüfatında davamlı
yazıları, ədəbi uğurları ilə diqqəti cəlb
edən Novruz Nəcəfoğlunun “Keçən cavan
çağım ola” povesti ənənəvi
janr standartlarından kənara çıxması, təbir-caizsə,
qeyri-ənənəvi strukturu, gözlənilməz süjeti,
məlum nəsr standartlarından fərqli orijinal inkişaf xətti
ilə seçilir. Artıq dediyim kimi, povestin bədii-estetik mənzərəsində
ağırtaxta nəsr axarıyla yüngül poetik
ovqatın sintezi, bir-birini tamamlayıcı vəhdəti maraq
doğurur. Əsərin qəhrəmanı
“Çox arif adam olan Kəlbi əmi nağılları,
dastanları da, xüsusən “Koroğlu”nu, “Qaçaq Nəbi”ni
oxumağı çox sevərdi və o dastanlardakı
qoşmaların bir çoxunu sinədəftər, əzbər
bilərdi. Hərdən
kefinin çağ vaxtlarında dodaqaltı öz-özünə
zümzümə etməyi də var idi.
Nədəndi
bilmirəm, bu gün ona baxdıqca elə istəyirdim ki, Kəlbi
əmi cavanlığından üzü bəri əzbər
bildiyi o qoşmalardan birini yenə də özünəməxsus
bir avazla ucadan desin.
...Bəlkə
də demişdi, mən eşitməmişdim.
Koroğluyam
savaşımda,
İgid dəlilər
başımda,
Nigar əylənə
qarşımda,
Keçən
cavan çağım ola...
Ya da bir
köks də ötürmüşdü: “Keçən cavan
çağım ola!...”
Vaxtı ilə nəsrimizdə lirik-psixoloji təmayül
kimi qiymətləndirilən xətdən (Bu məqamda
İlyas Əfəndiyev, Ənvər Məmmədxanlı kimi
böyük yazıçılarımızın, ustad sənətkarlarımızın
bənzərsiz ədəbi dilini, poetik-romantik nəsr imkan və
miqyaslarını dərin hörmət və ehtiramla yada
salmağı özümə borc bilirəm – S.E.)
fərqli olaraq, haqqında
danışılan nəsrdə dastan, epos texnologiyası və
bunun diqtə etdiyi, doğurduğu poetik ab-hava əsas,
aparıcı mövqe tutur. Əlbəttə, bu xəttin tam bədii-estetik
kamilliyindən, ədəbi-normativ səviyyəsindən
danışmaq hələ tezdir, məqsədim yeni
tendensiyanın ilkin nişanələrini qeyd və təqdir
etməkdir.
Müasir dünya nəsrində fövqəlinsanlar,
kiberqəhrəmanlar, supermənlər, yadplanetlilər....
erası sanki bitmək üzrədir; sanki ədəbiyyat getməyə
yeni bir yol axtarır və axtardığını tapa bilməyib
tragik sarsıntılar içində vurnuxur.
Modernizm, postmodernizm, impressionizm, sürrealizm və
başqa çoxsaylı “izm”lər, deyəsən, artıq
müasir ədəbiyyatın mənəvi ehtiyaclarını
ödəyə bilmir; nə xəyalpərəst romantizm, nə
həqiqətpərəst realizm, nə “Həqiqət Rusiyadan
böyükdür” deyən qraf L.Tolstoyun epoxal “Hərb və
sülh” miqyasları, nə “Dünyanı gözəllik xilas
edəcək” deyən F.Dostoyevskinin “Cinayət və cəza”,
“İdiot”, “Karamazov qardaşları” modelləri köməyə
gəlir. Müasir dünya
L.Tolstoy və F.Dostoyevskilərdən yan keçərək
DETEKTİV oxumaqla, hətta yaxşı halda, təxminən,
200 il əvvəlin nəsr hadisəsini –
Bronte bacılarını yenidən yada salmaqla, təkrar
mütaliə etməklə məşğuldur. (Əlbəttə,
Bronte bacılarının ədəbi uğurlarına
kölgə salmaq fikrindən uzağam; unutmayaq ki, onların təqdim
etdiyi bəzi romanlar dahi F.Dostoyevskinin ilkin nəsr
yürüşünə təkan vermişdir – S.E.)
Həqiqətin
təkcə Rusiyadan yox, bütövlükdə dünyadan
böyüklüyünü, həqiqi gözəlliyin
dünyanı xilas etmək qüdrətini dərk və təqdimə
nail ola bilməyən müasir nəsr,
çağdaş nəsr təfəkkürü durğunluq,
hətta deyərdim ki, bəzi məqamlarda böhran mərhələsini
yaşayır. Bəlkə
də oxucu ciddi nəsrdən, analitik-psixoloji təsvir və təqdimatıyla
seçilən ağır nəsr modellərindən yorulub, mənəvi
kolliziyalar gərginliyindən, ruhi hal və hadisələr
dramından bezərək fiziki hərəkətliliyə, necə
deyərlər, görünən “qaçdı-qovduya” –
detektivə meyl edir. Sanki Qərbi
bürüyən iqtisadi-siyasi-sosial böhranlardan, Şərqi
çaşdıran “Ərəb baharları”ndan əndişələnən
dünya işıqlı gələcəkdən daha çox
qaranlıq qiyamət haqqında düşünməyə
MƏCBUR EDİLİR...
Və
ƏN ƏVVƏL olan, deyəsən, həm də ƏN SON
olacaq SÖZÜN ÜRƏYİ AĞRIYIR...
Ağrıyan
ürəyin və sözün xilas nöqtəsi, son
sığınacaq sahili, adətən, saf, səmimi, unudulmaz
uşaqlıq xatirələri, dünya ilə ilk
tanışlığın əzəl ünvanı, “uzaq,
yaşıl ada”sı olur...
Novruz Nəcəfoğlunun
“Ötən günlər” dəftərindən
başlığıyla povest-portret janrında təqdim olunan
“Keçən cavan çağım ola” əsəri
insanın təbii, fitri iç dünyasına, bu
dünyanın işığına, aydınlığına
üz tutur, o işıq, aydınlıq uğrunda mübarizə
aparır və qalib gəlir. Qalibiyyət ovqatını daha çox əsərin
dastan-epos ruhuyla “qan qohumluğu”, bədii fikir karvanını
daim nəzarətdə saxlayan təhkiyənin
işığa doğru getməsi, öz işığı
diqtə, təlqin edir. “İndi söhbətin bu yerində mən bir məhəbbət
dastanı danışmaq istəyirəm”. Yaxud
“Qayıdıram söhbətimin yenə o yerinə ki, bəli,
Kəlbi əmi olduqca əliaçıq adam
idi. Ataların
“Varını verən utanmaz” misalına əsl ünvan olan
kişilərdən idi”. “Vallah, lap nağıllardakı kimi”. “Bizim
evimizin Fərman adında da bir “qonağı” vardı”... Təhkiyənin
əsas ədəbi dil mənzərəsini təyin edən,
istiqamətləndirən, nəhayət, oxucu marağına
“işləyən” bu tipli cümlələr, etnoqrafik,
etnolinqvistik dil materialı, nəticə etibarı ilə, Kəlbi
əminin bütöv, monumental obrazının
yaradılmasına, onun nağıl-dastan
işığında – olduğu kimi göstərilməsinə
NAİL OLUR. Əsəri
oxuduqca müəllifin bu obrazı necə dərindən
tanıdığına, onu necə təmənnasız bir
mehr-məhəbbətlə sevdiyinə heyrət edirsən.
Və cəmiyyətdə belə güclü,
işıqlı, bütöv insan-şəxsiyyətlərin
çox olmasını, mənsub olduğun xalqın insan
potensialında onların çoxluq təşkil etməsini
arzulayırsan. Halal
torpağa əkilən halal buğda dənəsi necə
yaşıl bir möcüzə kimi baş qaldırıb
günəşə, dünyaya gülümsəyirsə,
İSTEDADLI OXUCU qəlbinə yazıçının səpdiyi
halal niyyət, arzu, ümid, işıq toxumları da eləcə
qəlbdə-qanda kök bağlayıb baş
qaldırır; ədəbiyyat
insandan qabaqda gedərək ona lazım olanları diqtə, təlqin
edir; və insan ondan öndə gedən ədəbi
sözün dediklərini, diqtə, təlqin etdiklərini
eşidəndə, qəlbində-qanında baş qaldıran
arzu və ümidlərin qaçılmaz tilsiminə
düşəndə ədəbiyyatın ZƏFƏR
ZƏNGLƏRİ eşidilir, yazıçının
xoşbəxtliyi görünür...
Onun povest
və hekayələrinin, eləcə də haqqında
danışılan “Keçən cavan çağım ola” əsərinin əsas qəhrəmanı
xatirələr tülünə bürünmüş, bəzən
hətta ilğım kimi görünən kənddir. Planeti
bürüyən şəhərləşməyə (həm
fiziki, maddi, həm mənəvi, ruhi-psixoloji mənada – S.E.)
qarşı sinə gərən, urbanizasiya, urbanik “tərəqqi”
qarşısında narahat olan, nigarançılıq
keçirən, əzəli milli-mənəvi dəyərlərini
itirməkdən qorxan, əndişələnən,
ÖZÜ UĞRUNDA MÜBARİZƏ APARAN KƏND! Bu kəndin adamları bulaq suyu kimi
təmizliyi, duruluğu ilə seçilir; “...suyunu çox bəyəndiyi
bir bulaqdan pinti bir adamın ağzını söykəyərək
su içdiyini xəbər verirlər. Kəlbi əmi o
gündən, susuzluqdan yansa da, bir də o bulaqdan su içmir.
Ələşrəf o bulağı
“bulayıb”, – deyib durur”. Bu kəndin adamı Kəlbi əmi dədələrin
“At igidin qardaşıdır” sözünə söykənib
yaşayır, oğurlanan atını tapmaq ümidiylə həftələrlə
“aramla yağan ağ yağış” altında yollar yorur,
öz canı bahasına atını tapır, ruhi bir xoşbəxtliyə
qovuşur. Yazıçı
belə uğurlu, yaddaqalan detallarla kənd adamının mənəvi
böyüklüyünü, bütövlüyünü,
onun şəxsiyyət kimi milli-mənəvi dəyərlərə
qəlbən, ruhən bağlılığını ön
plana çəkir, təsvir və tərənnüm edir. Bu yolla kəndin əsas
milli-mənəvi dəyərlər saxlancı olması,
xalqın əzəli etnogenetik yaddaş qalası kimi
sarsılmazlığı, alınmazlığı bədii-estetik
məntiqin nüvə enerjisinə çevrilir. Kəlbi əmi
ölsə də onun daşıdığı mənəvi
güc, etnogenetik yaddaş enerjisi qalib gəlir. Kəndin urbanizasiya
qarşısında məğlub yox, qalib durumda olması
oxucunu sevindirir.
“Keçən
cavan çağım ola” povesti maraqlı
dil, təhkiyə texnologiyası, etnolinqvistik zənginliyi ilə
də diqqəti cəlb edir. Bir
neçə cümləni bu məqamda ön plana, diqqət mərkəzinə
çəkmək istəyirəm:
“Çoxu da minilməmiş, bor gəzən xam atlar
olurdu”. “...mən şələkeşliyi
bacarmıram, vallah...” “Payız ağzı bir
bazar günü o dağ kəndlərinin uzun sürən
qış ehtiyaclarına tənəvənc eləmək
üçün...”. “...evlərindən yüz-yüz əlli
metr aralıda sısqa bir ginq bulaq vardı”. Bəzən yazıçı
ümumi oxucu auditoriyası üçün dialekt
ünsürü səviyyəsində anlaşılmaz olan,
lakin realist təsvir və təhkiyənin tələb etdiyi
ifadələrin linqvistik izahını verməkdən də
çəkinmir: “Arı ailələrini
köşərələrdə – nazik çubuqdan
hörülmüş, içəri tərəfi
palçıqla suvanaraq üzünə şirə çəkilmiş
səbət pətəklərdə saxlayırdı”. Yaxud “Elə biri zren
çörək! Deyim,
bilməyənlər də bilsin: xəmiri süddə
yoğrulan, arası xam halva ilə döşənib qatlama
büküləndən sonra üstü qızların, gəlinlərin
zərif barmaqları ilə naxış vurulub bəzədilən,
təndirə yapılaraq bişirilən bu şirin,
daddı-tamlı çörək nişanı taxılan, gəlin
köçən qızlar üçün qoyulan sovqatın
başı, xanım-xatın qadınlarımızın bu incə
işi görmək üçün özlərinə
azacıq “əziyyət” verdiyi vaxtlarda əziz dost evinə
yollanan payın-puşun başı, yaraşığı
idi”. Doğrusu, bu
heyrətamiz xam dil materialına, etnolinqvistik zənginliyə,
təsvir obyektinin tələb etdiyi təbii, realist təhkiyə
əlvanlığına bir vaxtlar ustad sənətkarımız,
unudulmaz Xalq yazıçısı Əli Vəliyevin
“Budağın xatirələri” romanında rast gəlmişdim
və heyrətlənmişdim.
Bu, dərin müşahidə qabiliyyəti
və fenomenal yaddaşın, xüsusilə, öz təsvir
mühitini, öz qəhrəmanlarını yaxından
tanımağın nəticəsidir. Bu, yazıçının bildiyi,
tanıdığı, inandığı
HƏQİQƏTƏ sədaqətinin, sözə etibar və
etimadının təsdiqidir, sənətə həyatdan gəldiyinin
diqtəsidir, nəhayət, onun
realist yazı tərzinin, vətənpərvər, fəal
sənətkar mövqeyinin göstəricisidir.
Və mən inanıram ki, nəsrin XAM TORPAĞINDA
özünəməxsus bar-bəhəriylə seçilən
daha uca, daha möcüzəli ağaclar yetişəcək. Qələm dostuma bu
ağır, əzablı yollarda yeni-yeni yaradıcılıq
uğurları, cənnətməkan sənət sevincləri
arzulayıram. Bir an qədər
ani, ötəri, min il qədər möhtəşəm olan
cənnət ətirli sənət sevincləri naminə o
ağır, əzablı yolları getməyə dəyər...
Sadıq Elcanlı,
Azərbaycan Televiziyası “Ədəbi-dram
verilişləri”
baş redaksiyasının baş
redaktoru,
Əməkdar jurnalist,
Naxçıvan MR Əməkdar İncəsənət Xadimi
525-ci qəzet.- 2013.- 8 avqust.- S. 25.