Məhəmməd
Əmin Rəsulzadə. Əsərləri
Araşdırıb toplayanı, ərəb
əlifbasından latın qrafikasına
çevirəni, ön sözün müəllifi, lüğətin
tərtibçisi.
Transliterasiya redaktorları:professor Şamil VƏLİYEV, elmi işçi Samir MİRZƏYEV
(1917-aprel 1918)
IV cild
Birinci iclas*
Pəncşənbə günü Türk Ədəmi-Mərkəziyyət
firqəsi “Müsavat” qurultayı özgə bir təntənə
və ruh qabarıqlığı ilə başladı. Ta saət 7-dən
“İsmailiyyə” binasının dairələri cəmaətlə
qaynaşaraq saət 8-də böyük salon xıncaxınc
dolaraq tamaşaçılardan bir çoxu ayaq üstə
durmuş, əksərinə bilet tapılmayaraq məyus
qayıtmışlardı.
Qurultayda yüzə qədər Azərbaycanın hər
tərəfindən gəlmə nümayəndələr var.
nümayəndələr yalnız şəhərlərdən
degil, uzaq kəndlərdən, əmələ rayonlarından
gəlmişlərdir. Qurultay heyət etibarı ilə ehtimal
Şərqi-İslamda toplanmış, əndüvə və
qurultayların ən demokratik bir heyətini təşkil
ediyor.
Nümayəndələrdən
yüzdə 90-ı kəndli və fəhlədən ibarət!
Qurultay firqənin Bakı heyəti-mərkəziyyəsi
rəisi Məhəmməd Əmin Rəsulzadə cənabları
tərəfindən açıldı.
Məhəmməd Əmin əfəndi rəyasət
mövqeinə çıxınca alqış tufanı
açılıb sürəkli surətdə davam elədi,
bir necə dəqiqə natiqi gözləmək məcburiyyətində
bulundurdu. Alqışlar dayandıqdan sonra nitq iftinahi
başladı. Natiq müvəqqətən Şərq
islamı ilə Türk aləminin əhvali-hazırə siyasətindən
bəhslə dedi ki:
Bütün Şərqi-İslam və Türklük aləmi
neçə əsrdən bəri ətalət zamanı
keçiriyordu. Həm də ətalət o dərəcəyə
gəlmişdi ki, Şərq millətlərinin tərəqqi
və mədəni olmasına ümid kəsilmişdi. Bunun da səbəbi məzkur millətlər arasında
amal, ideal, məqsəd yoxluğu idi. Əlbəttə,
millətin həyatına işıqlı yol göstərən
yıldız olan milli amal və məqsəd yoxalınca cəmaət
də halətdən qaldı və siyasətcə
öldü.
Fəqət
həmişə böylə gedəməzdi: son zamanlar Şərq
aləmi cünbişə gəldi. İmdi bir
dövri-intibah keçiriyoruz. Milli
oyanıqlıq böyük duyğu, böyük fikir Şərqi-islam
və Türk millətlərini oyatdı. Böyük
sarsıntılar, böyük fikir doğurdu. Biz qəflətdə olduğumuz zaman Avropanın
zülm və cəfası bir dərəcəyə
çatdı ki, nəhayət, Qərb imperializmi bizi əzdi,
sarsıtdı və əzilmək nəticəsində milli
duyğu oyandı. Şimdi dövri-intibah
keçiriyoruz.
Milli amalımıza doğru yüzüyoruz. Lakin bizim amalımız başqalarına hakim olmaq, başqalarını əzmək degil, özümüzün rifa və səadətlə yaşamamız və sair millətlərlə bərabər bəşəriyyətə bir üzv, hamı ilə bərabər mədəni və mütərəqqi bir millət olmaqdır. Türklük fikri başqalarına təcavüz olmadığı kibi, İslama da müariz degil. Hürriyyətin böyük ərkanından birisi şəxsi təmin etməkdir. Bir millət isə bir camiə təşkil ediyor. Bir şəxsin özünə məxsus arzu və məqsədləri, dilək və istəkləri olduğu kibi, bir millətin, o camiəyi-noviyyənin də milli fikir amalı, məqsədi, ehtiyacı var. Yaşadığımız şərait altında bizim bu amal və arzularımızı ancaq böyük milli fikir ödəyə bilər. Firqəmizin müvəffəqiyyət qazanması, fəhlə, kəndli və tərəqqipərvər sinifləri bir yerə cəm edə bilməsinin sirri və hikməti də haman bu fikirdəndir. Bir cəmaətin, millətin, hətta bir şəxsin müəyyən amal və arzusu, müəyyən məqsədi olmazsa tərəqqi edəməz. Came olan millətin də bu milli məqsədi olmazsa milli qüvvələri birləşdirəməz, qaranlıq içində işıq olmaz. Əgər Türk milləti bu vəqtədək bunca fənalığa məruz qalmışsa, səbəbi başqalarının təcavüzündən ziyadə özünün amalsız, idealsızlığından, tarixini, mənligini bilmədigindən qalmışdır. Buna görədir ki, əsrlərdən bəri türk milləti qaranlıqlar, yolsuzluqlar-rahsızlıqlar, sarsıntılara uğramışdır və haman amillər səbəbilə nəhayət, gözü açıldı (gurultulu alqış). Türk millətinin məqsədi tərəqqi etmək, bəşəriyyət gülüstanında yaxşı qoxulu bir türk gülü yetişdirməkdir (sürəkli alqışlar). Bu gül isə islama mənsub olan islam beynəlmiləliyyəti təşkil edən heyətlə bir yerdə bir güldəstə təşkil edəcəkdir (alqışlar). Millət nə qədər bir came isə də, bir vücud degildir. Təbiiyatda qətiyyəti-riyaziyyə mümkün isə ictimaiyyatda böylə qətiyyət olamaz. Binaənileyh millət təşkil edən fərdlər bir vücud olamazlar. Bu səbəblədir ki, millətin məqsədi əksəriyyətin məqsədi deməkdir. Əksəriyyət isə fəhlə, kəndli, ümumiyyətlə demokratiyadan ibarətdir. Buna görədir ki, məkan və zaman şəraiti altında millətimizin məqsədi haman demokratiya məqsədidir. Son müzəffəriyyətimiz də firqəmizin demokrat firqəsi olduğunu isbat etdi (sürəkli alqışlar).
Rusiya türklərinə hürriyyəti Rusiya inqilabı gətirmişdir. Millətimizin gözəl xislətlərindən olan şükrani-nemət bizə vacib ediyor ki, inqilab şühədalarını qiyamla yad edəlim (məclis ayağa qalxıyor).
Bədə natiq cənabları vəfat etmiş firqə əzalarının tərxim ruhu üçün ayağa qalxmağı təklif ediyor. Yenə hamı qalxıyor.
İnqilab meydana əmələ, topraq, sülh, millətlərə öz müqəddəratını özü təyin etmək şüarları atdı. Millətlər Məclisi-Müəssisan və hüquq gözlüyordu, sülhə müntəzir idi. Amma sülhü cəngə mübəddəl edib millətlər hüquqlarını istədikdə köhnə dil ilə cavab verdilər. Nəticədə hərcümərc...
Bütün Rusiya Məclisi-Müəssisanə, seçkilərə hazırlanmaqda ikən hazırlıqlar içində anarşi başlandı. Bir dərəcəyə çatmış ki, sabah nə olacağını kimsə bilmiyor. Məmləkət daxilində əhval böylə ikən cəbhədə daha fənadır. Ordunun nəinki dava etməsinə, bəlkə cəbhədə durmasına imkan yoxdur. Silah yox, libas yox, ayaqqabı yox, yemək yox, ruh da yoxdur. Amma barışmaq da çətindir. Ona görədir ki, bir qism əhali barışıq tələb ediyorsa da, digər qismi sülhdən hədsiz dərəcədə qorxuyor. Nəticədə hazırda məmləkətin hər bir parçasında bir başsızlıq, hökumətsizlik, hərcümərc başlanmışdır.
Əlbəttə, biz hər bir şeyi Məclisi-Müəssisandan gözləməliyiz, Məclisi-Müəssisandan ümidimizi kəsməmişiz, Məclisi-Müəssisana gedəcəgiz, ondan dərdlərimizə əlac istəyəcəgiz. Fəqət başımızı özümüz saxlamalıyız. Böylə etməzsək yaşıyamayız. Hazırda öylə müşəvvəş bir dövr keçiriyoruz ki, bərkişmək üçün çəkişmək, rahət yaşamaq üçün rahatlıq uğrunda mübarizə lazımdır. Hürriyyət tarixini bilənlər, hürriyyəti anlayanlar bundan darıxmazlar. Bu qədər böyük məsələlər, əlbəttə, bir neçə günün, ayın içində həll olunamaz. İttihad və ittifaqı olan mədəni millətlər arasında belə böyük fikirlər doğular, amallar böyük sarsıntı, əzəmətli hadisələr nəticəsində hasil olar. İştə, qurultayımız böylə bir dövrə təsadüf ediyor. Böylə bir zamanda qüvvəti-qəlb sahibi olan firqələr göstərərlər ki, böyük fırtınalar yaşamaya əzm etmiş böyük qüvvətə malik olan milləti həlak edəməz (gurultulu alqış). Böylə firqələr qüvvətli təşkilatlar yapar, böyük qüvvələr əmələ gətirər. İşıqlı yıldız yöni itirməz və işıqlı yıldız olan milli amalların dalınca gedərək sərmənzili-məqsudə yetişər (alqışlar).
Bundan sonra natiq əfəndi qurultayı təbrik edərək keçən gecə verilmiş olan qərarları oxuyor. Məclis tərəfindən qəbula keçəcək heyəti-rəyasətə namizədləri və etibarnamə komissiyası öz yerlərini işğal ediyorlar.
İkinci iclas
Məruzəçinin zənnincə heç zəhmət çəkilməmiş olan yerlər pulsuz olaraq əkinçilərə verilməli və mülk sahibinə heç dürlü mükafat verməməlidir.
Bəxşiş təriqilə verilib də sonradan zəhmət qonulmuş olan yerlər dəxi kəndlilərə vüsul olmalı, fəqət bunun müqabilində mülk sahiblərinə də zəhmətləri əvəzində müəyyən bir mükafat verməlidir.
Halal kəsblə alınmış, fəqət həddən ziyadə olan mülkün bir qismi alınıb xəlqə verilməli, fəqət toprağın bir qismi ilə həm də mülk sahiblərinin toprağa qoyduqları zəhmət və xərci müqabilində onlara müəyyən bir mükafat dəxi verilməlidir.
Topraq bu surətlə alınaraq cəmaətə (yəni əkinçilərə) verilməli və haman təqsim olunan yerlər əkinçinin öz mali-xüsusi olmalıdır. Ancaq kəndlinin toprağı satmağa ixtiyarı olmamalıdır.
Qafqasiya, Türküstan və sair kibi süni surətdə suvarılmağa ehtiyac olan yerlərdə topraq qədər su məsələsinə də əhəmiyyət verməlidir. Məruzəçi əfəndi suyu da elə qism ediyor: təbii su və süni surətdə çıxarılmış su (kəhriz, vadakaçka və sairə). Orucov cənablarının zənnincə təbii sular bilamükafat alınaraq cəmaətə verilməlidir. Fəqət süni surətdə çıxarılan kəhriz, vadakaçka və sairləri sahiblərindən alındıqda zəhmətləri və xərcləri müqabilində onlara mükafat verilməlidir.
Mirzə Məhəmməd Axundova səs veriliyor və məruzəçi cənabları məktəb və məarif məsələsi həqqində doklad oxuyur və bu əsasları müdafiə ediyor. Məktəbləri ibtidai, rüşdi, edadi və ali olmaq üzrə 4 sinfə bölüyor və bunların həpsi arasında öylə rabitə olmalıdır ki, bir məktəbi bitirən mütəəllim bilaimtahan o birisinə qəbul edilsin. İbtidai məktəblərdə tədris tamamilə ana dilində, Azərbaycan şivəsində olmalı və məktəbin idarəvə sairə işləri tamamilə öz əlimizə alınaraq heç vəchlə kənardan müdaxiləyə yer verməməlidir. Muxtariyyətimiz dairəsində yaşayan sair millətlərə də öz ana dilində oxumağa müsaidə edilməlidir. İbtidai məktəblərdə əsla rus və sair əcnəbi dillər tədris edilməməlidir.
Rüşdiyyə məktəblərində muxtariyyətimiz daxilində yaşayan sair millətlərə heç vəchlə təzyiq edilməmək şərtilə təlim və tədris Azərbaycan şivəsində olmalıdır. Məsləhət görülərsə rüşdiyyələrin birinci sinfindən rus dili bir lisan kibi tədris edilməlidir. İbtidai və rüşdi məktəblərdə oxumaq ümumi, məcburi və məccani olmalıdır. Rüşdiyyələr nəzdində oğlanlar üçün sənət və qızlar üçün əl işi şöbələri də açılmalıdır.
Edadi məktəblərdə ülum və
fünun ana dilində olmalı, fəqət bir lisan surətilə
ümumi türk dili də tədris edilməlidir. Xüsusi
edadi sənət məktəbləri də
açılmalıdır. Şəriət dərsi təlimi
üçün edadilər sırasında məkatibi-diniyyələr
dəxi açılmalıdır. Müsəlmanların mərkəzi
olan hər nöqtədə kifayət dərəcədə
də darülmüəllimin və darülmüəllimatlar
təsis edilməlidir. Burada da ümumi türk dili bir lisan
kibi tədris edilməlidir.
Mərkəzdə bütün şöbələrilə
darülfünun açılmalıdır. Darülfünunda
tədris ümumi türk dilində, ülumi-diniyyə tədrisi
üçün də bir xüsusi şöbəsi olmalıdır.
Bütün məkatib və məarif işlərinin xərci
milli sandıqdan ödənməli və xüsusi məarif
vergisi təyin etməgə izn verməlidir.
Hələ darülmüəllimin və darülmüəlimat
açılanadək müəllim və müəllimələrə
olan ehtiyacımızı ödəmək üçün
tezliklə kurslar açılmalıdır.
Bu layihə üzərinə türk balalarına məxsus
məktəblər açılanadək hazırda mövcud məktəblərin
ixtiyarını imdidən öz əlimizə alaraq tamam mənasilə
milliləşdirməlidir.
Bundan sonra Məhəmməd Əmin Rəsulzadə cənabları
şəkli-idarə həqqində bir məruzə oxuyur. Natiq cənabları
keçən qurultaylarda da oxumuş olduğu məşhur məruzəsini
bir az daha genişlədərək bəzi
əlavələr daha edərək mərkəziyyət idarənin
mənfi cəhətlərini müfəssəl surətdə
bəyan ediyor. Eyni zamanda ədəmi-mərkəziyyətin
müsbət cəhətlərini göstəriyor; ədəmi-mərkəziyyət
üsulunun yalnız Rusiyada başlayıb da bu vəqtədək
məhkum olan millətlər üçün degil, bəlkə
hakim millət olan ruslar üçün də; yalnız
kiçik millətlərin mənafeyi nöqteyi-nəzərindən
degil, bəlkə ümumdövlət mənafeyi nöqteyi-nəzərindən
də ən məqul və məqbul bir üsuli-idarə
olduğunu isbatla Rusiyada qoşma xəlq cümhuriyyəti
(cümhuriyyəti-müctəmei-ənam) təsisi əsaslarını
müdafiə ediyor. Rusiya üçün
qoşma xəlq cümhuriyyəti istiyor.
İkinci
iclasın axırı
Məhəmməd
Əli Rəsulzadə cənabları fəhlə məsələsi
həqqində məruzə oxuyaraq bu əsasları müdafiə
ediyor: 1) İş günü 8 saətdən artıq
olmasın; 2) Hər işdə qulluq edən ərkək və
qadın üçün həftədə 24 saət bilafasilə
istirahət qanun tərəfindən mühafizə edilməlidir.
3) İş müddətindən artıq işləmək qətiyyən
mən olunur. 4) Gecə işləmək məmnudur. Texnika və maşın şəraitindən iləri
gələn xüsuslarda gecə işləmək olar.
5) 16 yaşınadək məktəb yaşında olan
balaların xidmətindən istifadə etmək iş sahiblərinə
qətiyyən mən edilsin və 16-18 yaşında balalar 6
saətdən artıq işlədilməsinlər. Və haman iki saəti iş sahiblərinin hesabına
dərs oxumalıdırlar. 6) Qadınların vücuduna və
səhhətinə zərərli olan işlərdə
onların çalışmağı mən edilsin: hamilə
arvadlar doğmaqdan 4 həftə əvvəl və 6 həftə
sonra məvacibləri verilməklə işdən azad edilməlidirlər.
7) Qadınlar işləyən hər iş yerinin yanında
südəmər uşaqlar üçün xüsusi tərbiyəxanalar
olmalı və süd verən analar hər üç saətdə
bir dəfə və hər dəfə yarım saətdən
az olmamaq şərtilə işdən azad
edilməlidirlər. 8) İş və xidmət müqabilində
pul əvəzinə mal vermək qadağan edilməlidir;
iş muzdu 15 gündə bir dəfə verilməlidir. 9) Xidmət istedadını qismən ya tamamilə
qeyb edənlər dövlət tərəfindən
sığorta edilməlidirlər; 10) Sənaətxana və kəsbxanalar
üçün kifayət qədər fabrika nəzarəti təyin
edilməlidir. Ev qulluqçuları,
nökər və xidmətkarlar da nəzarət altına
alınmalıdırlar. Fabrika və xidmətxanalara məxsus
qanunların kamalınca icrasına nəzarət etmək
üçün əmələlər tərəfindən
seçilmiş və hökumətdən maaş
alan vəkillər dəxi nəzarət etməlidirlər. Hər
dürlü iş qəbul etmək və bəyənilməyənlərini
qaytarmaq və onların bəhasiyyəsini təyin etmək məsələsində
də fəhlə nümayəndələri iştirak etməlidir.
11) İş sahibləri tərəfindən əmələlər
üçün təyin edilmiş iş yerləri və mənzillər
hifzüssihhəyə müvafiq və onların kirayəsi
münasib olmalıdır. Bu işə hökumət
nümayəndələrilə bərabər fəhlə
nümayəndələri də iştirak etməlidirlər.
12) Hər bir karxanada müntəzəm surətdə səhiyyə
nəzarətləri təsis edilməli və bu nəzarət
tamamilə iş sahiblərinin nüfuzu xaricində
bulunmalıdır. 13) Zəhmət mühafizəsi həqqində
verilmiş qanunlara müxalifət edən sahibkarlar hökumət
tərəfindən məsuliyyətə cəlb edilməlidirlər.
14) Hər sənaətxana və kəsbxanada yarısı fəhlədən,
yarısı da iş sahiblərindən mütəşəkkil
bir məhkəmə təşkil etməlidir. 15) Yerli və kənardan gəlmə
işçilərə iş tapmaq xüsusunda vasitəçilik
etmək üçün hökumət tərəfindən fəhlələrin
iştirakilə məsai birjaları təsis edilməlidir.
3-cü
iclas
Qurultayın 3-cü
iclası açılmadan əvvəl Məhəmməd
Əmin Rəsulzadə cənabları növbətdən
xaric səs alaraq seçkilər münasibətilə siyasi
firqələr arasında icra olunan mübarizədən bəhs
ediyor, diyor ki, əlbəttə, siyasi firqələr
arasında mübarizə məqbul bir şeydir. Fəqət firqə adabı və siyasət qanunu
daxilində olması şərtdir. Dün
molla sinfindən olan Şeyx Qəni seçki təbliğatı
olmaq üzrə “Müsavat” firqəsini təkfirlə məzkur
firqəyə mənsub olanların həpsinin qanını hədər,
malını halal və əyallarını özlərinə
məhrəm elan etmişdir. Əvvəla,
bu hərəkət siyasi mübarizə qaidəsindən
xaricdir. Saniyən, biz islama zidd olmayan
müdafei-millət bir firqə təşkil etdigimiz
üçün üləmadan heç vəqt böylə hərəkətlər
gözləməzdik. Salisən, siyasi
mübarizədə məscid və minbər bitərəf
olub hətta mübarizələrdən dolayı firqələr
arasında bir soyuqluq əmələ gələrsə minbər
və məscid onların arasında etilaf hüsuluna
çalışmalıdır. Məscidə
daxil olduqda insan siyasət, firqə və məsləki kənara
qoyub hüzuri-ileyhidə xüzu, xüşu duraraq birlik,
qardaşlıq və sairə kibi sözlər eşitməlidir.
Hüzuri-ileyhidə duran cəmaət və minbəri-xitabətdə
üləma siyasətdən kənar olmalıdır. Buna görədir ki, Türk Ədəmi-Mərkəziyyət
firqəsi “Müsavat” molla sinfinə daxil olaraq adını din
alimi qoyan bir şəxsin bu tövr hərəkətinə qarşı
tamam vücudiyyətimizlə protesto ediyoruz.
Bundan əlavə “Rusiyada Müsəlmanlıq” firqəsilə
əlaqəmizi təyin etmək üçün məzkur
firqə rəsmi surətdə bəyan etməlidir ki, Şeyx
Qəni firqənin rəsmi natiq sifətiləmi böylə rəftar
etmişdir, yainki xüsusi bir şəxs sifətilə.
Bundan sonra növbəti məsələlərin
müzakirəsinə keçilir.
Yusifbəyli Nəsib bəyin sədarətilə
açılaraq topraq məsələsinə baxan şöbənin
qəbul etdigi qərarları Məhəmməd Əmin Rəsulzadə
cənabları oxuyur. Məruzə maddəbəmaddə müzakirə
olunaraq aşağıda yazılan qərar ilə qəbul
olunur:
1)
Əmlaki-miriyyə ərazi xassə və xanədanə məxsus
topraqlar, həmçinin mülkdarlara və xüsusi maliklərə
məxsus olan topraqlar ələlümum əvəzsiz olaraq zəhmətkeşlərə
verilməlidir. (Bir səslə qəbul olunur.)
2) Hər
bir əldə olan toprağın miqdarı təyin edilərək
kimsə ondan artıq toprağa malik olmamalıdır. (Bir səsə qarşı ittihadi-ara ilə qəbul
olunur.)
3) Zəhmətkeşlərə
veriləcək topraq onların mülkiyyətinə verilməli
və mal məxsusi olmaq üzrə topraq üzərində
bütün hüquqa malik olunur. (Bir səsə
qarşı qəbul olunur.)
4) Əllərindən
topraqları alınan xüsusi maliklərə bundan dolayı
çəkdikləri zərər müqabilinə xəzinə
tərəfindən, varlı siniflərdən alınacaq
xüsusi vergidən hasil olan xüsusi bir sərmayə
hesabına olaraq mükafat verilməlidir. (3 səs
bitərəf qalıb 2 səsə qarşı əksəriyyətlə
qəbul ediliyor.)
5) Topraq
altında olan mədəniat milli olub beytülmala məxsus
olmalıdır. (2 bitərəf və 6 səsə
qarşı əksəriyyətlə qəbul olunur.)
6) Meşə,
cəngəl və axarsular ümumi elan olunur. (İttihad-ara
ilə qəbul olunur.)
Bundan sonra tərzi-hökumət və şəkli-idarə
məsələsinə baxan komissiya tərəfindən yenə
Məhəmməd Əmin Rəsulzadə cənabları məruzə
veriyor.
1) Rusiya
dövlətinin əsası milli və məhəlli muxtariyyət
əsası üzərinə qoşma xəlq cümhuriyyəti
olmalıdır.
2)
Hürriyyəti-kəlam, mətbuat, vicdan, ictima və tətil
kibi hürriyyətlər muxtariyyətlər daxilində
hökumətlərin xəlq cümhuriyyəti olması ilə
işçi və topraq məsələləri cümhuriyyət
qanun əsasilə daxil olub dövlət tərəfindən
mühafizə edilməlidir.
3) Müəyyən
məhəlli olmayan millətlərə milli və mədəni
muxtariyyət verilməlidir.
4)
Muxtariyyət hüdudlarını, daxili qanun əsasılərini
öz daxili məclisi-müəssisanlarında təyin etməlidirlər.
5) Hər
bir muxtariyyətli əyalətin topraqları xüsusi bir fond
təşkil edib ümumi cümhuriyyət fonduna daxil
olmalıdır.
Qurultay dün gündüz və gecə iclas quraraq məsələləri
sürətlə müzakirə ediyor. Bu gün
qurultayın qurtaracağı ümid olunur.
4-cü
iclas
Türk Ədəmi-Mərkəziyyət firqəsi
“Müsavat”ın 4-cü iclası oktyabrın 29-u axşam saət
10-da açılaraq Nəsib bəy Yusifbəylinın sədarəti
altında fəhlə və məarif məsələlərini
müzakirə etmişdir. Rəsulzadə Məhəmməd
Əli cənabları fəhlə məsələsi həqqində
şöbə tərəfindən məruzə oxuyor; məsələ
maddabəmaddə müzakirə ediliyor və bəzi mübahisələr
vaqe oluyor. Nəticədə 16 maddədən
ibarət məruzə qəbul olunur. Maddələr
bunlardır:
Fəhlə məsələsi
1) Hər
bir qulluq və ücrətlə xidmət edən kimsə
üçün gündəlik iş müddəti 8 saatdan
artıq olmamalıdır.
2) Hər
bir iş və xidmətlərdə qulluq edən ərkək
və qadın əmələ və xadimə
üçün həftədə bilafasilə 24 saatlıq
istirahət müddəti qanun tərəfindən qərara
alınsın.
3)
İş müddətindən xaric işləmək qaidəsi
qətiyyən mən edilsin.
4)
Axşam saət 9-dan səhər saət 6-yadək gecə
xidməti qətiyyən mən edilsin. Fəqət
texniki və makina əhval və şəraitindən nəşət
edən və əmələ təşkilatı tərəfindən
savab görülən xüsuslarda bu xidmət icra oluna bilər.
5) 16
yaşınadək məktəb sinnində olan
çocuqların xidmətindən istifadə etmək qətiyyən
məmnudur. 16-dan 18 yaşınadək olan çocuqların
iş müddəti 6 saətdən artıq olmamalıdır.
6)
Qadınların vücud və səhhətinə zərərli
olan yerlərdə onların çalışmaları mən
edilsin və hamilə olan qadınların həmldən əvvəl
4 həftə, sonra da 6 həftə işdən azad edilərək
haman müddətin məvacibini tamamilə
almalıdır.
7)
Qadınlar işləyən fabrika, zavod və sair kəsbxanələr
nəzdində südəmər uşaqlar üçün
xüsusi tərbiyəxanalar açılmalıdır.
Süd verən qadınlar hər 3 saatdan sonra yarım saatdan az olmamaq şərtilə xidmətdən azad
edilsin.
8)
İş və xidmətə istedadını qismən
yatmasilə qeyb edən, yaxud ixtiyarlıq cəhətilə
xidmətə qadir olmayan fəhlələr dövlət tərəfindən
xüsusi sərmayə hesabına sığorta edilməlidirlər.
Məzkur sərmayə sərvətdarlardan
alınacaq ayrı bir vergidən əmələ gələcəkdir.
9)
İş və xidmət müqabilində mətah vermək
caiz degildir. Hər bir ücrət və məvacib
nəqdən hər həftə verilsin.
10)
İş sahiblərinə hər dürlü ittifaq və səbəblərdən
dolayı fəhləlik həqq-hesabından pul çıxmaq
qaidəsi qətiyyən mən olunur.(cərimə
və sairə)
11) Hər
dürlü iş və kəsbxanələr
üçün kifayət qədər fabrika müfəttişligi
təyin edilsin. Əmələlər tərəfindən
seçilən və dövlət tərəfindən maaş alan vəkillər dəxi iştirak edərək
müdiriyyətlə bərabər qanunların icrasına və
əmələlərə iş və mənzil və sair təshilat
tədarükünə mübaşir olmalıdır.
12)
İş sahibləri tərəfindən əmələ
üçün mənzil olaraq verilən odaların əhvali-səhiyyəsi
və tərtibatı nəzarət altına
alınmalıdır. Nəzarətdə əmələlər
tərəfindən seçilmiş vəkillər dəxi
iştirak etməlidir.
13)
Qulluqçu və işçi tutan hər bir karxanədə
müntəzəm və mütəşəkkil səhiyyə
nəzarəti təsis olunmalı və bu nəzarətlər
iş sahiblərinin nəzarət və müdaxiləsindən
kamilən azad olmalıdırlar.
14) Zəhmət
və səyin mühafizəsi həqqində qanunlara
müxalifət edənlər cinayət qanunları mucibincə
məsuliyyətə cəlb edilməlidirlər.
15) Hər
bir kəsbxanədə heyətin yarısı əmələlərdən
və yarısı iş sahiblərindən olmaq üzrə
xüsusi bir məhkəmə təşkil etməlidir.
16) Yerli və
kənardan gəlmə işçilərə qulluq tapmaq
xüsusunda vasitəçilik etmək üçün
xüsusi kantorlar təsis etmək vəzifəsi məhəlli
idarə müəssisələrinə həvalə ediliyor.
Məarif
həqqində
Fəhlə məsələlərindən sonra məarif
məsələsi müzakirə edilərək
aşağıdakı maddələr demək olar ki, bir səslə
qəbul olundu.
1) Məarif
işlərində ümuməhali, din və millət ayırmaqsızın
ərkək və qadın müsavidir.
2) Məktəb
işlərində təşəbbüsi-şəxsi və
məhəlli idarələr təşəbbüs heç
bir vəchlə təhdid edilməyəcəkdir.
3) Tədrisat
sərbəst olmalıdır.
4) Məktəb
arasında irtibah olub ibtidailərdən rüşdilərə,
oradan edadilərə və buradan ali məktəblərə
kolaylıq ilə tələbə qəbul ediləcəkdir.
5)
Darülfünun və sair ali məktəblər
daxili işlərində muxtariyyətli və tədrisat
xüsusunda sərbəst olacaqdır.
6)
Əvam arasında elm və mədəniyyət uğrunda ali məktəblər tərəfindən edilən
təşəbbüslərə mümanəət göstərilməyəcəkdir.
7) Məhəlli
idarələrin təlim və tərbiyə xüsusundakı
təşəbbüslərinə mümanəət edilməyəcəkdir.
8) Təlim
ibtidai və rüşdi, ümumi, məccani və məcburi olmalıdır.
9) Məhəlli
idarələr tərəfindən böyüklər
üçün açılacaq məktəb kitabxana və
qiraətxana işlərinə müsaidə edilməlidir.
10) Sənaye
və ziraətə məxsus kafi miqdarda xüsusi məktəblər
açılacaqdır.
11)
İbtidai və edadi məktəblərdə tədris dili hər
bir muxtariyyətli əyalətin əksər əhalisinin
danışdığı dil və şivə olacaqdır.
12) Edadi məktəblərdə
rus dili və Osmanlı şivəsi bir lisan olaraq tədris
edilməsi məcburi olacaqdır.
13) Ali məktəblərdə
ülum və fünunun həpsi Osmanlı şivəsində
tədris ediləcəkdir.
14) Müəllim
və müəllimələr hazırlamaq üçün
kafi dərəcədə darülmüəllimin və
darülmüəllimat açılmalıdır.
15)
Qırx çocuq toplana bilər isə əqəliyyətdə
qalan millətlər üçün açılmış məktəblərdə
tədris öz dillərində olması məcburidir.
16) Kafi dərəcə
tələbə bulunursa əqəliyyət təşkil edən
millət çocuqları üçün tədrisat öz
dillərində olmaq şərtilə rüşdi və edadi
məktəblər açılacaqdır.
*M.Ə.Rəsulzadənin
giriş nitqi – Ş.H.
(Ardı var)
525-ci qəzet.- 2013.- 8 avqust.- S.
26-27.