Çovğun (hekayə)
Ustad Əlövsət Bəşirliyə
Allah
bəlasını versin, belə rüzigara insan duruş gətirə
bilməzdi. Qabada çovğun yalquzaq kimi ulayır,hələ
yatıb yaprıxmamış qarı yerdən
götürüb göyə sovurur, getdikcə
azğınlaşır,min bir oyundan çıxırdı.
Bu nəhayətsiz çöllər, el arasında “Çala”
deyilən bu cansıxıcı qışlaq
yaranışından indiki kimi belə qar görməmişdi,
iliyə işləyən bu sayaq sazaq görməmişdi.
Axşamdan dəli kimi havalanan
çovğun bilmərrə səngimirdi,xam
ayğır kimi ipə-sapa yatmır, yerlə-göylə
oynayırdı.
Bənövşə
hiss eləyirdi ki, artıq onun işi bitib, bunun o yan –bu
yanı yoxuydu. Ayaqları getdikcə
heydən düşür,sözünə baxmırdı. Amma
hələ bədəni istiydi. Birdən nəfəsi təngişdi.
Hiss elədi ki, islanmış paltosu canına
ağırlıq edir. Ayaq saxladı,çıxarıb atdı,qoy
cəhənnəm olsun . Deyəsən, bir balaca yüngülləşdi,ürəyinə
işıq gəldi. Bədənini çulğayan bu ani
ümid hənirtisi kipriklərindəki qırovu isidib əritdi, gözlərini
qıyıb ətrafa qulaq verdi.
“Xançı binəsi” haradasa qabaqda olmalıydı.
Belə gecələrdə o ev neçə-neçə
ovçunun, yoldan azan
fağır-benavanın qanının arasına
girmişdi. Bəs indi o evin işığı nə
üçün görünmürdü, yoxsa Allah bəlasını
vermiş bu çovğundan qorxub çırağı
söndürmüşdülər? Ha baxdı,baxdı,işıq
adında bir şey görmədi, olan-qalan səbri tükəndi,
güclə özünü
küfr-nasaza eləməkdən saxladı,dedi Allaha acıq
gedər, cəhənnəmlik olaram, görünür
alnıma belə yazılıbmış. Elə bu dəm
hardansa yadına iyirmi il bundan əvvəlki ilaxır çərşənbə
gecəsi düşdü. Onda hələ subaydı.
Qışlağa köçməmişdilər, kənddə
yaşayırdılar. Bənövşəgil bir dəstə
nazlı-duzlu qızıydı. Həmin gecə çillə
çıxarırdılar. Dilək tası
qurmuşdular,ortalığa mis qab qoymuşdular.Qızlar
üzüklərini həmin qabın içinə atıb
qarışdırır, növbə il bayatı deyirdilər.
Bundan sonra kimin üzüyü qabdan çıxarılarsa,
deyilən bayatıdakı mətləb həmin
üzüyün sahibinə yozulardı. Bənövşənin
bəxtinə çıxan bayatı əntiqə
bayatıydı: “Karvan gəlir enişnən, yükün
tutub yemişnən, sənə xonça bəzənsin,
altun,axça gümüşnən”.
Həmin
bayatını deyən Turunc xalanın qızı difdiringi Narıncdı.
O, Bənövşənin ürəyinin
atdandığını görüb qızlara göz vurdu:
“Avaz haxdan gələr- dedi,-bu
yaxınlarda Bənövşəyə nişan
xonçası gələcək”. Narınc gözlərini
xumarlandırıb çırtıq vurdu: Pay verin,xalatım gəlsin,
noğulum , nabatım gəlsin...
Həmin
çərşənbə axşamı diləktutma yığınağından sonra
qızların hərəsi Turunc xalanın təndirinin
külfəsinə bir yumurta qoymuşdu. Ürəklərində
qurbanı olduqlarımıza yalvarıb yaxarmışdılar
ki, bu Fatimeyi-Zəhra kənizlərinin
yumurtalarını qırmızı boyayıb arzu-kamlarına
çatdırsınlar. Sübh çağı qızlar su
üstündən qayıdanda görmüşdülər ki,
yumurtaların hamısının üstünə
kömür çəkilib. Bunnan sonra həmin qızların ürəyinə
xal düşdü. Çoxusunun üzü gülüb
könlü açılmadı. Qarlı bir qış
axşamı Turunc xalanın oğlu xırpa Abdul
yeyib-içib dəmlənənnən sonra tay-tuşlarına
demişdi ki, o yumurtalara kömürü mən çəkmişəm.
Qızlarla zarafat eləyirdim...
Xançı
binəsinin işığından əlini üzəndə həmin
ilaxır çərşənbə gecəsində
üstünə kömür çəkilmiş həmin o
yumurta gəlib Bənövşənin gözünün
qabaqında dayandı. “Mənə bax e,-dedi,-neçə
vaxtı nahaq yerə
xırpa Abdula qarğış eləyirəm,
Abdul zalım oğlunu da təndirə tərəf çəkən
qüvvə varmış. Haxdan gələn
yazıymış bu....”
Bir
şey də yadına düşdü. Həmin çərşənbə
axşamı difdiringi Narınc
demişdi ki, kim çöllü-biyabanda azsa qorxub eləsə,
gərək köməyinə Xızır peyğəmbəri
çağırsın... Hər halda bu da bir təsəlliydi.
Gücünü toplayıb “Ya Xızır...” demək istədi,
ancaq soyuqdan titrəyib şaqqıldayan çənəsi
sözünə baxmadı. Bir-iki dəqiqədən sonra yenə
təşəbbüs elədi, bir şey əmələ gəlmədi.
Əli qılınclı çovğunun qənşərində
bu fikrin mənasızlığını süurunun lap dərinliklərində dərk
etsə də,ümidini üzmədi. İliyə işləyən
soyuğun təsirindən tez-tez qırılan ,bir sap üstə
düzülə bilməyən
fikirləri beynində pırtdaşıq düşsə
də, bir şeyi yaxşı anlayırdı ki, bu qarın ,
çovğunun özü elə
Allah vadarıdı, iyirmi il bundan əvvəlki ilaxır
çərşənbənin dediyidi. Yoxsa ,vallah-billah, Adəmdən
Xatəmədək bu
çöl, başı batmış bu qışlaq belə həngamə görməmişdi.
İki saat bundan qabaq Bənövşə evdən
çıxanda hardan biləydi ki,
hava birdən-birə üzünü bu sayaq göyərdəcək,qızışıb
quduran çovğun
başına bu oyunu açacaq. Beş-altı il bunnan
qabaq da bir qış günü axşamüstü əri
Nuğayla indiki təkin bərk
sözləşəndə
acıq eləyib evdən çıxmışdı.
Yol-irizi əlinə alıb
yarım saata özünü qardaşıgilin qonşu
qışlaqdaki üstü kirəmidli evinə
çatdırmışdı. Onda, haqq üçün,
qardaşı Sultanəli onu bərk danlamışdı .
Demişdi, Bənövşə, bu nə hikkədi belə səndə? Gecə
gözü zənən xeylağı tumanuvun
balağını əlivə alıb düşmüsən- o
qışlaq sənin ,bu qışlaq mənim. Görən-bilən
nə deyər bizə? Balam,
acığın,dava-dalaşın
da yeri, təhəri var. Nə yaxşı ki,gecə
gözü qurd-quş rastuva çıxmayıb. İndi çilə canavarı adama gəlir...
Onda
havada çovğun yoxuydu, qar da indiki təkin dizəcən
deyildi, ala-çalpodu. Bənövşə bu dəfə də
acıq eləyib evdən
çıxanda elə həmin o qış
axşamının havasına çıxmışdı. Bir
az yeriyənnən sonra
görmüşdü ki, baho ,bu xına o xınadan
döyü. Nuğay namərd
oğlu da heç olmasa, xala xətrin qalmasın deyə, gəlib
onu çağırmamışdı, əlinə
yapışmamışdı,deməmişdi bu rüzgarda hara
baş götürüb gedirsən, hələ bir təvaxül elə,
səhər açılar- o sən, o da qardaşuvun
xarabası, can sənin , cəhənnəm tarının. Namərd
oğlu bu ciyəzləri deməmişdi. Bənövşə
də dədəsinin qızıydı,
tüpürdüyünü yalayan deyildi. Neynəsin,
Nuğayın
pılxıs-pılxıs sözlərini bir batman balnan
yemək olmur. Əqrəb cinsinnəndi, sancdı,zəhəri
qana işləyir. Gəl duruş tap görüm necə
tapırsan. Axşam evə gələn kimi gəyirə-gəyirə
düşmüşdü Bənövşənin
üstünə :
–“O”
yenə gəlmişdi buyannara? Dinsənə, “O”nu deyirem e, “O”nu, gəlmişdi?!
Bənövşə özünü eşitməzliyə
vurdu, gördü əri yenə xubluca içib, içəndə
heyvərənin böyüyü olurdu, sol yırtdac
gözü sulanır, çil basmış ağız-burnu əyiş-üyüş olurdu. Bu görkəmdə adam ona
baxanda ödü ağzından gəlirdi.
Sənnənəm,
moltanı balası, “o” yenə gəlmişdi?- Nuğay təpiyini
yerə vurub israr elədi, rəfdəki boşqablar cingildəyib
qorxudan bir-birini qucaqladılar. Bu səs-küydən diksinən
sarı zolaqlı pişik
buxarının yanınnan
ehmalca sivişib o biri gözə
keçdi. Bənövşə səbrini basıb
özünü toxdaq tutdu, torbadan duz götürüb bayaqdan
hay-həşir salan, qaynayıb quruyan qazana atdı ,əlindəki
çömçəylə danışırmış kimi:
–Yenə
zəhirmardan içibsən,-dedi,-səni qara basır.
–Bəs həyət-bacadaki o kişi ayaqqabısının rəddi
nədi, əcinnələrindi?! – Nuğay bozardı
,yırtac gözü səyirdi, yanağını yenə
şor su basdı.
Bənövşə onun üzünə baxmadan bayaqki təmkinlə
dedi:
–Yeznən
gəlmişdi, deyir Nuğayın ucbatınnan işim
fırığdı, əlli-əyaqlı gedirəm. Pul istəyirdi,
bəlkə bir azdan yenə gəldi.
Nuğayın
bacısının əri naxırçı Bayramxan
Allahın məzlumuydu, qonşu binədə olurdu. Nuğay
dilə tutub onun adına bankdan
xeyli pul götürmüşdü. İndi o yazıq
da altınnan çıxa bilmirdi. Odu ki, Bənövşə
yeznəsinin adını çəkəndə
Nuğay göynədi , elə bil mazoluna ayaq basdın, atılıb
düşdü:
–Sən-dedi
,-yeznəni mənim gözümə soxma, “0nu” deyirəm e,
“onu”!- əlini kəndə tərəf uzatdı-Gəlmişdi?
–Sən
məni nə yerinə qoymusan, heyvərə, mən səninçin
nəyəm? Bənövşə bu dəfə səbrini
basa bilmədi:- Bəyəm küçədə qalmışam,
yoxsa sənin o
şortularınnanam? Məni bu xarabaya ötürənin
görüm sümüyü yansın, həşirdə vəlleyli
vursun, bəröürddə yanıb cızzığı
çıxsın.... Nədi yenə “0”, “0” salmısan?
İçəndə “0” yadıva düşür. Allaha
yalvarıram, sənin kimi “0”nun
da üzü gülüb, köylü açılmasın...
–Gözünün
içinəcən yalan deyirsən, qncıq. Gecə yuxuda
sayıqlayanda da dilivün əzbəridi “0”.
–Adamsan,
kişisən, bəsdi, bəsdi!..- Bənövşə
boğulan kimi oldu, əlini üzünə atıb sifətinə
divan tutdu, yanaqlarını isti qan basdı...
– Həəə,
belə olar, göynəyirsən, yanırsan...- Nuğay
irişdi, siqaretin saraldıb qovurduğu həvə dişləri
görsəndi.
Bənövşə
əlinin dalıyla üzünü silib göyərdi:
–Bilmək
istəsən, sən heç “0” nun çölə
atılan dırnağına belə dəyməzsən... Sən
hara, “O” hara. “O” bəy oğlu bəydi, sənsə...
nimçə dibi yalayan sümsük...
–Odu bax, odu bax,- Nuğay
çömçəni qazanın üstündən
götürüb Bənövşənin başına
çırpdı.- gördün, içindəki
xıltını necə çıxartdım çölə.
Bunu de də... Mən əclafa
demək lazımdı ki, ərəmiyi neynirsən, niyə
bu moltanı balasının dalınan təpik vurmursan. Doğmayan düyənin nə
xeyri?! Bağrı mənnən badaş döyü ki!...
–Həddüvü
bil, zaylama , adam kimi danış, –əsəbdən Bənövşənin
dodaqları uçuqladı, gördü daha bunnan o tərəfə
kənd yoxdu, odu ki, daş altında düyün qoymadı:
–Mənə
ərəmik deyirsən,heç utanmırsan?- dedi.- De görüm, məni nə
üçün həkimə aparmadın, qorxdun, hə? Elə
bilirsən işdəklərindən xəbərsizəm,
qorxdun ki, pasın açılar, həkim deyər ki, hər
şey özünnəndi? De görüm, hanı o biri
arvadlarınnan uşaqların?
Yeddi qazanın damazdığı Xanımnisədən,
“dəvə onbası” lumadan,
“güllü” Göyərçinnən hanı
uşaqların? Bir göstər də mənə?!
Qıçuva oraq bağlamışdın, dözdüm,
dedim yorulub usanarsan, hır-hırdan düşüb Allahın
yoluna gələrsən. İndi də Elyaslı obasında təzə
yuva tapmısan, qayı-qədim olasan... bunnarı dedirtmək
istəyirdin mənə?
Nuğayın
sifəti ağardı, deyəsən ayılıb özünə
gəldi. Elə bil ki, sümüyünün iliyini çəkmişdilər,
heysizləşmişdi. Nə desin, nədən
yapışsın. Ha fikirləşdi,
ağlına yönlü bir şey gəlmədi, o sözlərin
qabağına diyirlətməyə bir köyük
tapmadı. “ Kəs,mumla!”-deyə qışqırıb
coşdu və o dəqiqə də səsi gözünnən
düşdü, hiss elədi ki, daha aralarında heç bir
şey qalmadı, öz əliylə ailə
yorğanını üstlərindən atıb eyiblərini
faş elədi. İllərlə müdam sozalayan, səngiyib
bir hovur toxtamayan köhnə irinli
yara, nəhayət, bu
qarlı qış axşamında deşildi. Onun çirkinin
kəsif iyi Nuğayın ağzınnan gələn araq iyinə
qarışıb otağın havasını daha da
ağırlaşdırdı. Bənövşə bu murdar iyə dözə bilməyib
öskürdü, ögüdü. O, çimçəşirmiş
kimi əliylə havanı yardı:
–Mən
ağzıma qovud atıb dinmədim, namusuma
sığındım,-dedi,-ömrümü sənin kimi əbləhlə
çürütdüm... Axırı da belə
...-Çiyinlərini çəkib hönkürdü, göz
yaşları yanağındaki qanlı
şırımları göynətdi:-kaş o günə
daş düşəydi, daş düşəydi o günə,
elə bil məni qan ucbatınnan göndərdilər bu viranəyə...Bənövşə
o gün deyəndə düz iyirmi il bunnan əvvəlki həmin
yağışlı-yağmurlu o noyabr gününü qaralayırdı.
Həmin gün atası kolxozun on beş baş
camışını
oğurlatdırmış
naxırçı Məmi kişi qızı Bənövşənin
zülüm-zülüm
ağlamasına,atılıb-düşməsinə baxmayaraq,
naçar qalıb ferma müdiri Nuğayın elçisinə “hə “ demişdi. İki həftə
sərasər əli qoynunda əyləşib evdən
bayıra çıxa bilməyən, bu gün –sabah dama
qatılacağını gözləyən fağır,
mağmun Məmi kişiyə Allahtala birdən-birə bağlı qapı
açmışdı. O belə
fikirləşirdi ki, madam Nuğay qapısına elçi
göndərib, demək on beş baş camışın
xata-balası da başınnan sovuşub gedib. Ağlamasına
baxmayaraq, Bənövşə də getdikcə Nuğayın elçisinə hə
deyilməsiylə barışırdı. Çünki bu
dünyada Bənövşənin ən çox istədiyi
adam atasıydı , əgər atasının başına
bir iş gəlsəydi Bənövşə çərləyib
ölərdi. Birdən camışlara görə
atasını dama atsaydılar, Bənövşə neylərdi?
Babal kişinin nə canı vardı ki, türməyə
dözsün, balalarından cida düşsün.
Nuğay da usta tərpənib göndərdiyi
elçiyə
çatdırmışdı ki,belə desin: “Mən də
Məmi kişinin necə bir oğlu, camışların
ölüm aktını bağlatdıraram, qoymaram ki,
kişinin başınnan bir tük belə əskik olsun.”
Nuğaygilin
toyunnan beş-on gün sonra həmin
camışlar qonşu fermanın örüşünnən
tapılıb gətirildi və bu xəbəri eşidən
kimi Allahın saya-sadıq bəndəsi Məmi kişi o ki
var, sevindi. Amma onnan xəbəri
yoxuydı ki, “ sovet hökumətinin camışlarının
“ itib- tapılması əhvalatı qonşu binədə üzü gülüb eyni
açılmayan Bənövşənin olan-qalan ətini
tökmüşdü, çünki, Bənövşə uşaq deyildi, hiss eləmişdi
ki, camış əhvalatı
Nuğayın öz fırıldağıdı...
***
Bir
hovur ayaq saxlayıb dincəlmək, canına rahatlıq vermək
ümüdiylə kol-kos
aradı ki, onnan yapışıb otursun, sonra da ustufca
ayağa qalxa bilsin. Lakin adamı qılınc kimi kəsən
küləyin arxadan, “Çala
“ qışlağından qovub gətirdiyi həmin o beyin çatladan kəsif iy bu fikri
başınnan çıxartdı. Qorxdu ki, bu murdar iy onu boğub öldürər.
Odu ki,ayağı tutduqca qabağa getmək istəyirdi.
Qabağda təmiz hava, qardaşıgilin binəsi vardı.
Son dəqiqələr
başınnan bu fikir keçirdi: bəlkə azmışam,
yoxsa yarım saatlıq yol bu qədər çəkməzdi.
Çovğun səngimirdi...
Bu
ara Qırmızıkənd tərəfdən gələn
yük qatarı yarımstansiyaya çatmamış qəflətən
dəli bir qıyha çəkdi?
Yoxsa, bu qarlı-çovğunlu gecədə Allahın
nəhəng maşını da xoflanmışdı?!
Qatarın səsinnən Bənövşənin ürəyi
işığlandı. Sanki qaramat bir yuxudan ayılıb özünə gəldi.
Səs gələn səmtə uçundu... Ay Allah, əli
isti kabinədə əyləşən saqqallı teplovoz
sürücüsünün əlinə bir
çatsaydı... Bəs nə üçün
saqqallı? Hə, təxminən
iyirmi beş il bunnan qabaq, yeniyetmə çağında rəhmətlik
anasıyla həmin bu yük qatarına minib Salyan bazarına
yağ-pendir satmağa gedirdilər. Onnarı yük qatarına mindirən teplovozçu
saqqallıydı. Yaxşı yadındaydı,
damağındakı siqaret
bığını,dodaqlarını saraltmışdı...
Daha
yadında nə qalmışdı? Hə, Qənbər də
həmin qatara minmişdi. O, vaqonun açıq pəncərəsinnən
yulğunluğda quzu otaran uşaqlara, dəmir yolunun kənarında
süfrə açan naxırçılara əl edirdi. Onun
yol-boyu sanki arxaya qaçan adamlarla salamlaşması Bənövşənin
xoşuna gəlirdi və Bənövşə
büsbütün əmindi ki, qonşuları Püstə
xalanın oğlu Qənbər bunları onunçun eləyir.
Ay Allah, o vaqon nə yaxşı idi, dəmir yolunnan bir az kənarda,
su qırağında əyləşmiş o ovçular, quzu
otaran uşaqlar... necə mehribandılar...Pəncərəsi
qırılmış həmin o vaqonda həmin o ilıq
payız günəşi yeniyetmə qızcığaza necə
mübhəm şirin vədlər verirdi. O vədlər hələlik
bağlı boğça
olsada, onların ətrinnən Bənövşə
uçunur, məst olurdu. Bənövşə istəyirdi ki,
qatar heç vaxt dayanmasın, dünyanın o başına
çıxıb getsin. Qənbərlə onu əlçatmaz,
ünyetməz yerlərə aparsın...O Qənbərlə
ki, bir gün əsgərlikdən qayıdıb gələnnən
sonra Bənövşəni evlərində görməmişdi
və bu dünyanın vəfasızlığına
tüpürmüşdü, əlinə qələm alıb
“sovet hökumətinin
camışlarının əvəzində girov
götürülən bir
etibarsıza...” tənəli bir məktub yazmışdı.
İndi o hər dəfə çiyninə tüfəng
alıb Bənövşəni görmək bəhanəsiylə
“Çala qışlağı” na ova gələndə,
Nuğayı cin atına mindirirdi ...
***
Çovğun lap iki addımlığında
qarı eşib göyə sovurdu, yalquzaq kimi dişlərini
ona qıcıtdı.
Bənövşə qışqırmaq, anasını köməyə
çağırmaq istədi,
amma buna heyi-hərəkəti çatmadı.
Ağ kəfənə
bürünmüş səhrada
onun köməyinə
kim gələcəkdi?
Haradasa yaxınlığda çaqqal
uladı, Bənövşə
səsə dikəldi,
qulaq verdi.
Hər halda ölü təkin uzanmış çöldə bu səs həyat rəmziydi. Gücü çatsaydı, onu çağırardı.
Sönməkdə olan şüurunda
bu fikir dolaşırdı. Sonra bunu
ayrı bir şey əvəz elədi. Özü də bu, lap son, son məqamda oldu... Yaz idi, rəhmətlik
anası alaçığın
böyründə, gün
düşən yerdə
süfrə açmışdı.
Qənddanda alabəzək Salyan
nabatı ləbaləbdi.
Böyürlərində dovşan şəkli
olan fincanlara qaymaq tökülmüşdü
və bu qaymaqdan min bir çiçəkli yaşıl
çölün ətri
gəlirdi. Bənövşə
əlini çörəyə
vurmurdu, arasına bənövşə taxdığı gur, eşmə hörükləriylə
oynayırdı. Anası
Bənövşəylə Qənbər barədə
qonşuları Püstə
xalaya nəsə deyib gülürdü, elə hey gülürdü...
Bu gülüşə
nə qorxu, nə çovğun, nə tənhalıq, nə də lənətə gəlmiş onbeş baş camış yaxın düşə bilməzdi. Anası süfrədə buğlanan
çaya əl uzadanda Bənövşə
hörüklərini kürəyinə
atıb ona qısıldı. Burnuna doğma bir qoxu gəldi... Oxxxay... caan... Bəs sonra, sonra?! Sonra isə... araya qara bir
örtük çəkildi,
birdən-birə dünya
zülmətə yuvarlandı,
əzab,heyrət,doğma qoxu-hər
şey, hər şey bir göz
qırpımında heç-puç
oldu, donub qaxaclanmış cəsədi
qar basdı, beş-altı addım kənarda sülənən
tülənmiş çaqqal
üşəndi, ürək
eləyib bu qar topasına yaxın düşmədi...
Böyükxan Bağırlı
525-ci qəzet.- 2013.- 8 avqust.- S. 29;
31.