“Antikvariant” silsiləsindən
1. Metamorfoz
Ovidiyə
Dayanar yol kənarında
hər
gün bir uşaq.
Bir uşaq dayanar hər gün
yol kənarında,
çəkər yolların
tozunu kirpiklərinə,
yollardan soruşar atasını.
Atasının ayaqqabısını
geyinib qaçan uşaq
elə bilər ki, maşınları da ötüb keçər...
Bağlaya bilmədiyi ayaqqabının
ipləri
dolaşar ayaqlarına,
yıxılar üzü
üstə.
Hərif
hər gün ataya məktub yazar
hərfsiz bir əlifbada.
Tanrıdan, bir də mələklərdən başqa
kimsə bilməz
bu əlifbanı.
Tək qalınca,
çəkilib bir küncə,
göndərər bütün
parabüzənləri
atasının dalınca:
“Uç, uç, qarı nənə, mənə atamı gətir”...
Bir daşın üstünə
çıxıb
əllərini yuxarıya
uzadan uşaq
Allaha toxunacağını düşünər...
Qalxar hündürə, lap hündürə
–
barmaqlarının ucuna!!!
Amma yenə toxuna bilməz Ona...
Və bir gün...
Bir gün hürkər –
görəndə çiynindən
çıxan
ağappaq, ağappaq
lələkləri!
“Ata!
Ata!”, – qışqırar!
Qışqırar,
pərən salar çiynindəki mələkləri.
Atar özünü
lələklərinin ucundakı
həsrətdən,
nə ölüsünü
görən olar, nə dirisini –
yer üzündə
bir uşaq azalar,
göy üzündə
bir mələk çoxalar...
2. Üçü
birində
Müqəddəs Avqustinə
Bir qadın gedir –
bətnində körpəsi,
kürəyində ayağını
itirmiş əri.
O qədər sınıxıb
ki,
bir sümükdür,
bir dəri.
Bəlkə, qiyamətdir?
Yox, bu, qadın işi deyil!
İlahi
bir komediya,
bəşəri faciədir,
şeytani bir sənətdir!
Baxmayın yaşımın azlığına,
yaxşı tanıyıram
o qadını.
Kürəyindəki Kişini,
bətnindəki balanı:
içində arzularını,
çölündə ümidsiz
ümidlərini daşıyan
Məryəm xalanı.
Milli Teatrda yox,
milli teatrda görürəm hər gün,
yəni məhəlləmizdə:
Dante qəsəbəsi, Balzak küçəsi,
ev 66, mənzil 1-də.
Sol əlini sıxıb bətninə,
nəsə anlatmağa
çalışır şeytan
körpəsinə.
Sağ əlini ərinin əlində unudub,
Allahı
unutduğu kimi...
Kişi
utanır olmayan ayaqlarından,
hönkürtüsü yayılır
içinə,
ağlayır için-için,
islanır qadın,
islanır uşaq,
islanır küçə,
islanır gündüz,
islanır gecə...
Qadın
getdi... getdi... getdi...
gedir... gedir... gedir...
gedəcək.... gedəcək...
gedəcək...
Və...
sonra o qadın,
bətnindəki uşaq,
kürəyindəki kişi
gecənin qaranlığına
qarışacaq...
–Əlahəzrət Tarix müəllim,
üçadamlıq yer varmı
tozlu bir küncünüzə tolazlanacaq?
–Var, əlbəttə, var,
amma sizin Məryəminiz
bu dəfə İsanı yox,
İudanı doğacaq!
Müharibədən sonra
Müharibədə ayağını,
qolunu
itirmiş kişilərdən
qorxub
qaçardıq həmişə...
Hərdən yuxuma girirdi
Qədim
kişinin itkin əlləri,
tutub boğurdu məni.
Böyük uşaqlar ölümün
nə demək olduğunu bildiyindən
başa düşürdülər
atalarının öldüyünü.
Analarından gizlədərdilər
küçədə döyüldüklərini.
Taxtadan tapança düzəldərdilər
atalarının qisasını
almağa...
Canavarlar
Qarabağda qaldı,
hərə əlində
bir ovuc torpaq,
ağzında bir qurtum su,
ciyərlərində bir udum hava gətirdi
ordan...
Sözlü qızlar sevgilərini
qaçaqaçda salıb
itirdilər.
Hər şəhid bir ananın ümidiydi,
məryəm qızların
toppuş
cocuqlarının atasıydı...
Hər evə böyüdülmüş
bir əsgər şəkli qaldı və...
qızlar bu şəkillərə baxıb
doğdular...
Bu şəkil cocuqlar öz atalarının ögey balalarıydı...
Nə qonşulardan bir havar varıydı,
nə qohumlardan.
Neçə gündü tifilləri
ac qalan
dul Sürəyya
pəncərə önündə
çarmıxa çəkilmişdi,
yardım maşınını
gözləyirdi...
Qurdlu ciyər,
qaralmış ət,
iylənmiş ürək
satan qəssab Qulam
“Bu üç yetimi necə dolandırır,
bəlkə, ürəyini
satır xəbərimiz
yoxdu?”, – deyirdi...
Balaca qızcığaz
gizlənqaç oynayırdı
ki,
gözlərini açanda
atasını tapsın...
Sürəyya deyirdi:
“Boyu uzun buray
qızım,
saçı uzun suray qızım,
üç gecə
yatandan sonra atan gələcək”.
O üç gün gəlib çıxmadı
–
qızcığaz saymağı
bacarmırdı çünki...
Metrobohema
Əvvəlcə dostluq:
birlikdə kinoya getmək,
ikilikdə şam etmək,
İçərişəhərin antik kafesində
təzə eşqin
şərəfinə badə
qaldırmaq.
Gecə
zəngləri,
mesajlar,
telefonda açılan sabahlar...
Ehtiyatlı olun!
Ağlın qapıları bağlanır
–
növbəti stansiya xətayidir.
Siz sevgiyə doğru gedirsiniz,
ürəyə doğru...
Tuk...tak...tuk...tak...
Sonra ayrılıq,
hicran,
açılmayan sabahlar,
bitməyən axşamlar,
şəkilləri qayçılamaq,
mesajları silmək,
siqarı siqara calamaq,
sağlıqsız içmək
ucuz kafelərin birində
tostsuz,
dostsuz
və sevgisiz,
bir sözlə, bohema.
Rembo,
Mayakovski, Yesenin –
məlum tema...
...ağacdan asılan
naməlum meyit...
Ehtiyatlı olmaya bilərsiniz:
ürəyin qapıları
bağlandı...
..................................
Kasıb komalarından
qalxan tüstülər
Kasıb
komalarından qalxan tüstülər,
sevinclə küləyə
qoşulub
qaçmağa başlayırlar
sağa-sola, sola-sağa...
Kasıb
komalarından
hər səhər işsizliyə tələsən
kişilərsə,
xoşbəxtliyin heç
bir halını
tapa bilmir:
nə adlıq, nə yiyəlik,
nə qaz, nə maye, nə
bərk halını...
Sevgi elə bahalı ki,
kasıb uşaqların
onu almağa ürəyi yetməz...
Kasıb
komaların qadınlarının
xəyalları yoxluqlarda,
arzuları heçliklərdə,
ümidləri olmazlarda
var-gəl edir...
Külək adamı sorğu-suala
tutur,
nimdaş paltonun deşiklərindən...
Yağış qeyri-romantik tərzdə
birbaşa yağır
ayaqqabının içinə...
Soyuq deyir:
– Olarmı əllərinizi,
ayaqlarınızı qucaqlayım?
– Üşüyürəm, bədəninizdə
isinsəm olar?
Kasıb
komaların
qadınları, kişiləri,
uşaqları
yola verirlər:
saniyələri,
dəqiqələri,
saatları,
günləri,
ayları,
illəri,
ömrü...
“Yaşamaq” – sadəcə
fel kimi maraqlı...
Tanrının şeirləri
Qadına şeir yazmaq nəyə lazım –
bütün qadınlar
şeir deyilmi?
Tanrının şeirləri...
Bax, elə götürək bu qızı,
xatırladır əruzu:
xəfif danışığı,
rəcəz sükutu,
kamil geyimi,
həzəc saçları,
rəməl yerişi,
İbn Əhməd demişkən:
“Əruzluqdur hər işi...”
Bu qızsa hecadadır,
milli vəzndə yəni...
yerişi heca-heca,
gülüşü heca-heca,
saçı cığalı
təcnis,
gözləri gəraylı,
qaşları qoşma,
Molla Pənahın sözü olmasın:
“İndi oğulsan,
gəl, buna şeir qoşma,
Ay Allah, şeir qoşma!”
Saçları dağınıq,
saqqızını şar kimi şişirdən,
qulağında qulaqcıqlar,
mahnının ritminə
uyğun hərəkətlər
edən
o qızınsa vəzni yüngüldür,
yəni sərbəstdi.
Nazim Hikmət də yoxdu ki, desin:
“Qırma bu oğlanları,
ay evi tikilənin qızı, bəsdi!”
Oğluna
nəsihət verən
ana – ustadnamə,
ərini acılayan
qadın – həcv,
qırmızı köynəkli,
ucaboy,
sarışın,
uzaqdan gələn o qadın ...
Ramil, bəsdir çıxardın
filoloji qaşıqla
gözəlləmənin dadın!
Ramil Əhməd
525-ci qəzet.- 2013.- 8 avqust.- S. 30.