Dini abidələrimiz – qədim alban məbədləri
Azərbaycan etnik və dini
tolerantlığın nümunəvi
modeli kimi hazırda bütün dünyaya örnək sayılır. Əsrlərdir ki, ölkəmizdə məskunlaşan onlarla azsaylı xalq və etnik qrup
sülh şəraitində
birgəyaşayışın, etnomüxtəlifliyin
zəngin sintezinin, multikulturalizmin və mədəni mübadilənin
mükəmməl nümunəsini beynəlxalq ictimaiyyətə sərgiləyir.
Azərbaycan tarixən həm
də dini tolerantlıq ənənələrini
yaşadan ölkələrdən
hesab olunur. Bunun ən bariz sübutlarından
biri də ölkə ərazisində
yerləşən müxtəlif
dinlərə aid qədim
və unikal abidələrin, məbədlərin,
səcdəgahların həm
dövlət, həm də cəmiyyət tərəfindən həssaslıqla
qorunmasıdır.
Hazırda Azərbaycan ərazisində
–həm paytaxtda, həm bölgələrdə
məscidlər, kilsələr,
sinaqoqlar fəaliyyət
göstərir. Ancaq tarixən bunların hamısından daha qədim olan məbədlərimizin- ulu
əcdadlarımız albanlardan
qalma abidələrin də sayı az deyil.
Tarix etibarilə bu abidələr Azərbaycanın
nə qədər qədim bir tarixə malik olduğunu sübut etməklə yanaşı,
həm də ölkəmizin tolerantlıq
dərəcəsinin üstün
göstəricisi rolunda
çıxış edir. Silsilə yazılarımızda bu abidələr haqqında oxucularımızı
məlumatlandıracağıq.
Alban abidələri respublikamızın
daha çox şimal-qərb, qərb və mərkəzi arealında üstünlük
təşkil edir.
Bu yazımızda Azərbaycanın
şimal-qərb regionunun
ən səfalı və qədim şəhərlərindən sayılan
Şəkidə yerləşən
alban məbədlərindən
söz açacağıq.
Təkcə Şəkinin deyil,
bütövlükdə ölkəmizin
ən qədim abidələrindən sayılan
Kiş kəndindəki
eyniadlı məbəd
az qala
bütün dünyada
məşhurdur. Səbəb odur
ki, alban apostol kilsəsi Qafqazda, eləcə də bütün xristian dünyasında ən qədim kilsələrdən sayılır.
Eramızın I əsrinə
aid edilən Kiş məbədi əsrlər
boyu Qafqaz Albaniyası kilsəsinin dini maarif mərkəzi
olub. Albaniyada xristianlığın yayılması və ilk kilsənin yaradılması
apostolların adı ilə bağlıdır.
Alban müəllifi Musa Kalankatuklunun verdiyi məlumata görə, Albaniyada erkən xristian cəmiyyətinin yaranması apostollar Faddey, Yelisey, Varfolomeyin adları ilə bağlıdır.
Qədim
mənbələrdə də
ilk kilsənin Kiş kəndində (Gis) tikilməsi haqqında məlumatlar yer alıb. Maraqlıdır ki, məbədin
yerləşdiyi kənd
iki min ildən artıqdır ki, “din, etiqad, pərəstiş” mənasına gələn
“Kiş” adlanır.
Rəvayətə görə, İsa
peyğəmbərin din qardaşı
müqəddəs Yakov
xristianlığı təbliğ
etmək üçün
müqəddəs Yeliseyi
Albaniyaya göndərir.
Çola vilayətində missionerlik etdikdən sonra ölkənin Uti vilayətinin Kiş kəndinə gələn müqəddəs
Yelisey orada kilsə tikdirir. Bu kilsə yalnız
Qafqaz Albaniyası ərazisində deyil, ümumiyyətlə, Qafqazda
tikilmiş ilk xristian kilsəsidir. Əslində tədqiqatçıların Yeliseyin
kilsə tikmiş olduğu Kiş kəndi haqqında müxtəlif fərziyyələri
var. Z.N.Yampolski həmin
yaşayış məntəqəsinin
Şəkidə yerləşən
Kiş kəndi, R.B.Göyüşov isə
bu kəndin Xocavənd rayonundakı Kiş kəndi olduğunu iddia edib. Uti vilayətinin indiki
Şəki-Zaqatala bölgəsinin
ərazisini əhatə
etdiyini nəzərə
alaraq, bu məntəqənin məhz
Şəkidə olduğunu
söyləmək mümkündür.
Həmçinin keçmiş
Uti vilayətinin ərazisinə aid olan Şəki-Balakən bölgəsindəki
Qum (IV-V əsrlər), Ləkit
(V-VI əsrlər), Orta Zəyzid (VI-VII əsrlər) və s. kimi məbədlərin olması da bu fikri bir
daha təsdiqləyir.
2000-2004-cü illərdə Kiş apostol kilsəsinin ərazisində
arxeoloji qazıntılar
aparılıb. Vilayət Kərimovun rəhbərlik
etdiyi arxeoloji tədqiqatın nəticəsində
aşkarlanıb ki, Kiş məbədi sadə təkzallı bazilikadan günbəzli memarlığadək beş tikinti mərhələsi keçib. Kiş məbədinin memarlıq
xüsusiyyətləri Qafqaz
Albaniyası memarlığının
ilkin xristian mərhələsinə aiddir.
Məbədin ən aşağı
qatlarının arxeoloji
tədqiqi mübahisələrə
səbəb olan onun ilkin tikinti
tarixini təyin etməyə imkan yaradıb. Abidə dövrümüzə yeniləşdirilmiş görkəmdə
gəlib çatıb.
Məbədin divarları həm
içəridən, həm
də çöl hissədən qismən suvaqlanıb. Qapı və
pəncərələrə istinadən yenidənqurma işlərinin tikilinin yuxarı hissəsində aparıldığını söyləmək
olar. Kilsə özündə ilkin və sonrakı
tikililərin maraqlı
detallarını saxlayır. Arxeoloji qazıntılar zamanı
məbədin şimal-şərq
divarlarının yarımqövs
çıxıntısının altında torpaq qəbir aşkar olunub. Torpaq qəbir e.ə.
IV-III minilliyin qovşağına
aiddir. Arxeoloq N.M.Muxtarovun verdiyi
məlumata görə,
1864, 1930-cu illərdə kilsə
ermənilər tərəfindən
təmir olunub və nəticədə onun görünüşü
əsaslı şəkildə
dəyişdirilib. Belə güman
etmək olar ki, bu yenidənqurma
işləri 1836-cı ildə
Rusiya hakim dairələrinin
qərarı ilə
Alban kilsəsinin ləğv
olunmasından sonra Kiş məbədinin erməni kilsəsi memarlığına uyğunlaşdırılması
məqsədilə həyata
keçirilib. Vaxtilə məbədin
üzərində onun
müqəddəs apostol
Yelisey kilsəsi olduğunu və
1244-cü ildə Alban kilsəsinin
arxiadiakonu Serafin tərəfindən yenidən
qurulduğunu bildirən
kitabə olub. XIX əsrin 30-cu illərində
Alban kilsəsi Sinodun qərarı ilə rəsmən ləğv edildikdən sonra bir çox digər alban məbədləri kimi bu məbədin də kitabəsi tamamilə pozulub.
Şəkidəki daha bir alban məbədi XI əsrə aid edilən rayonun Bideyiz kəndində yerləşir. Ölkə əhəmiyyətli məbəd hazırda qəzalı vəziyyətdədir. Bölgədə daha bir abidə- III –V əsrlərə aid “Şəki” alban məbədi Qafqaz Albaniyası dövründə tikiib. Dairəvi plandadır. İlkin görünüşünü saxlayan məbədin üstü böyük gümbəzlə tamamlanır. Son dövrlərdə məbəddə əsaslı təmir-bərpa işləri aparıldıqdan sonra bina Şəki Xalq Tətbiqi Sənət Muzeyinin istifadəsinə verilib.
Şəkinin Orta Zəyzid kəndində yerləşən X-XI əsrlərin tikilisi hesab edilən “Zəyzid” məbədi elmi ədəbiyyatda “sərbəst xaç” tipli alban kilsələrindən biri kimi məlumdur. Sadə xaçvari kilsələr digər xristian ölkələrində olduğu kimi Qafqaz Albaniyasında da çox inşa edilib. Artıq VII əsrdə bu tip kilsələr Qafqazda çox geniş yayılıb. Orta Zəyzit kəndindəki məbəd kifayət qədər inkişaf etmiş konstruktiv və dekorativ xüsusiyyətlərinə görə XII-XIII əsrlərdə Qafqaz Albaniyasında xristian memarlığının ikinci çiçəklənmə dövrünün əvvəllərində inşa edilmiş abidələrə aiddir. Zəyzit kilsəsi birinci mərhələdə tikilmiş belə kilsələrə nisbətən daha zərif və dekorativ olmaqla estetik tələblərin yüksəldiyini əks etdirir. Tikilinin pəncərələri xaricdən üç yarımlülə profilli haşiyə ilə tərtib edilib. Cənub qolunun qərb divarında dekorativ tağlı dərin taxça var.
***
Şəkidəki bu qədim tarixi abidələr buraya axın edən turistlərin də diqqətini cəlb edir, onlarda ölkəmizin tarixi, mədəniyyəti və tolerantlıq ənənələri haqqında dolğun təsəvvür yaradır.
Bu abidələrin mövcudluğu və çağdaş dövrümüzədək qorunub saxlanması, gələcək nəsillərə ötürülməsi bir daha sübut edir ki, Azərbaycan xalqı və dövləti tarixən dini müstəvidə də tolerantlığın, dözümlülüyün, xoşgörünün ən yüksək səviyyəyə çatdırılmasına nail olub.
(Ardı var)
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2013.- 13 avqust.- S. 4.