Dini abidələrimiz – qədim alban məbədləri
Azərbaycan etnik və dini tolerantlığın nümunəvi modeli kimi hazırda bütün dünyaya örnək sayılır. Əsrlərdir ki, ölkəmizdə məskunlaşan onlarla azsaylı xalq və etnik qrup sülh şəraitində birgəyaşayışın, etnomüxtəlifliyin zəngin sintezinin, multikulturalizmin və mədəni mübadilənin mükəmməl nümunəsini beynəlxalq ictimaiyyətə sərgiləyir.
Azərbaycan tarixən həm də dini tolerantlıq ənənələrini yaşadan ölkələrdən hesab olunur. Bunun ən bariz sübutlarından biri də ölkə ərazisində yerləşən müxtəlif dinlərə aid qədim və unikal abidələrin, məbədlərin, səcdəgahların həm dövlət, həm də cəmiyyət tərəfindən həssaslıqla qorunmasıdır.
Hazırda Azərbaycan ərazisində –həm paytaxtda, həm bölgələrdə məscidlər, kilsələr, sinaqoqlar fəaliyyət göstərir. Ancaq tarixən bunların hamısından daha qədim olan məbədlərimizin- ulu əcdadlarımız albanlardan qalma abidələrin də sayı az deyil. Tarix etibarilə bu abidələr Azərbaycanın nə qədər qədim bir tarixə malik olduğunu sübut etməklə yanaşı, həm də ölkəmizin tolerantlıq dərəcəsinin üstün göstəricisi rolunda çıxış edir. Silsilə yazılarımızda bu abidələr haqqında oxucularımızı məlumatlandıracağıq.
Alban abidələri respublikamızın daha çox şimal-qərb, qərb və mərkəzi arealında üstünlük təşkil edir.
Bu yazımızda Azərbaycanın şimal-qərb regionunun ən səfalı və qədim şəhərlərindən sayılan Şəkidə yerləşən alban məbədlərindən söz açacağıq.
Təkcə Şəkinin deyil, bütövlükdə ölkəmizin ən qədim abidələrindən sayılan Kiş kəndindəki eyniadlı məbəd az qala bütün dünyada məşhurdur. Səbəb odur ki, alban apostol kilsəsi Qafqazda, eləcə də bütün xristian dünyasında ən qədim kilsələrdən sayılır. Eramızın I əsrinə aid edilən Kiş məbədi əsrlər boyu Qafqaz Albaniyası kilsəsinin dini maarif mərkəzi olub. Albaniyada xristianlığın yayılması və ilk kilsənin yaradılması apostolların adı ilə bağlıdır. Alban müəllifi Musa Kalankatuklunun verdiyi məlumata görə, Albaniyada erkən xristian cəmiyyətinin yaranması apostollar Faddey, Yelisey, Varfolomeyin adları ilə bağlıdır. Qədim mənbələrdə də ilk kilsənin Kiş kəndində (Gis) tikilməsi haqqında məlumatlar yer alıb. Maraqlıdır ki, məbədin yerləşdiyi kənd iki min ildən artıqdır ki, “din, etiqad, pərəstiş” mənasına gələn “Kiş” adlanır. Rəvayətə görə, İsa peyğəmbərin din qardaşı müqəddəs Yakov xristianlığı təbliğ etmək üçün müqəddəs Yeliseyi Albaniyaya göndərir. Çola vilayətində missionerlik etdikdən sonra ölkənin Uti vilayətinin Kiş kəndinə gələn müqəddəs Yelisey orada kilsə tikdirir. Bu kilsə yalnız Qafqaz Albaniyası ərazisində deyil, ümumiyyətlə, Qafqazda tikilmiş ilk xristian kilsəsidir. Əslində tədqiqatçıların Yeliseyin kilsə tikmiş olduğu Kiş kəndi haqqında müxtəlif fərziyyələri var. Z.N.Yampolski həmin yaşayış məntəqəsinin Şəkidə yerləşən Kiş kəndi, R.B.Göyüşov isə bu kəndin Xocavənd rayonundakı Kiş kəndi olduğunu iddia edib. Uti vilayətinin indiki Şəki-Zaqatala bölgəsinin ərazisini əhatə etdiyini nəzərə alaraq, bu məntəqənin məhz Şəkidə olduğunu söyləmək mümkündür. Həmçinin keçmiş Uti vilayətinin ərazisinə aid olan Şəki-Balakən bölgəsindəki Qum (IV-V əsrlər), Ləkit (V-VI əsrlər), Orta Zəyzid (VI-VII əsrlər) və s. kimi məbədlərin olması da bu fikri bir daha təsdiqləyir.
2000-2004-cü illərdə Kiş apostol kilsəsinin ərazisində arxeoloji qazıntılar aparılıb. Vilayət Kərimovun rəhbərlik etdiyi arxeoloji tədqiqatın nəticəsində aşkarlanıb ki, Kiş məbədi sadə təkzallı bazilikadan günbəzli memarlığadək beş tikinti mərhələsi keçib. Kiş məbədinin memarlıq xüsusiyyətləri Qafqaz Albaniyası memarlığının ilkin xristian mərhələsinə aiddir. Məbədin ən aşağı qatlarının arxeoloji tədqiqi mübahisələrə səbəb olan onun ilkin tikinti tarixini təyin etməyə imkan yaradıb. Abidə dövrümüzə yeniləşdirilmiş görkəmdə gəlib çatıb. Məbədin divarları həm içəridən, həm də çöl hissədən qismən suvaqlanıb. Qapı və pəncərələrə istinadən yenidənqurma işlərinin tikilinin yuxarı hissəsində aparıldığını söyləmək olar. Kilsə özündə ilkin və sonrakı tikililərin maraqlı detallarını saxlayır. Arxeoloji qazıntılar zamanı məbədin şimal-şərq divarlarının yarımqövs çıxıntısının altında torpaq qəbir aşkar olunub. Torpaq qəbir e.ə. IV-III minilliyin qovşağına aiddir. Arxeoloq N.M.Muxtarovun verdiyi məlumata görə, 1864, 1930-cu illərdə kilsə ermənilər tərəfindən təmir olunub və nəticədə onun görünüşü əsaslı şəkildə dəyişdirilib. Belə güman etmək olar ki, bu yenidənqurma işləri 1836-cı ildə Rusiya hakim dairələrinin qərarı ilə Alban kilsəsinin ləğv olunmasından sonra Kiş məbədinin erməni kilsəsi memarlığına uyğunlaşdırılması məqsədilə həyata keçirilib. Vaxtilə məbədin üzərində onun müqəddəs apostol Yelisey kilsəsi olduğunu və 1244-cü ildə Alban kilsəsinin arxiadiakonu Serafin tərəfindən yenidən qurulduğunu bildirən kitabə olub. XIX əsrin 30-cu illərində Alban kilsəsi Sinodun qərarı ilə rəsmən ləğv edildikdən sonra bir çox digər alban məbədləri kimi bu məbədin də kitabəsi tamamilə pozulub.
Şəkidəki daha bir alban məbədi XI əsrə aid edilən rayonun Bideyiz kəndində yerləşir. Ölkə əhəmiyyətli məbəd hazırda qəzalı vəziyyətdədir. Bölgədə daha bir abidə- III –V əsrlərə aid “Şəki” alban məbədi Qafqaz Albaniyası dövründə tikiib. Dairəvi plandadır. İlkin görünüşünü saxlayan məbədin üstü böyük gümbəzlə tamamlanır. Son dövrlərdə məbəddə əsaslı təmir-bərpa işləri aparıldıqdan sonra bina Şəki Xalq Tətbiqi Sənət Muzeyinin istifadəsinə verilib.
Şəkinin Orta Zəyzid kəndində yerləşən X-XI əsrlərin tikilisi hesab edilən “Zəyzid” məbədi elmi ədəbiyyatda “sərbəst xaç” tipli alban kilsələrindən biri kimi məlumdur. Sadə xaçvari kilsələr digər xristian ölkələrində olduğu kimi Qafqaz Albaniyasında da çox inşa edilib. Artıq VII əsrdə bu tip kilsələr Qafqazda çox geniş yayılıb. Orta Zəyzit kəndindəki məbəd kifayət qədər inkişaf etmiş konstruktiv və dekorativ xüsusiyyətlərinə görə XII-XIII əsrlərdə Qafqaz Albaniyasında xristian memarlığının ikinci çiçəklənmə dövrünün əvvəllərində inşa edilmiş abidələrə aiddir. Zəyzit kilsəsi birinci mərhələdə tikilmiş belə kilsələrə nisbətən daha zərif və dekorativ olmaqla estetik tələblərin yüksəldiyini əks etdirir. Tikilinin pəncərələri xaricdən üç yarımlülə profilli haşiyə ilə tərtib edilib. Cənub qolunun qərb divarında dekorativ tağlı dərin taxça var.
lll
Şəkidəki bu qədim tarixi abidələr buraya axın edən turistlərin də diqqətini cəlb edir, onlarda ölkəmizin tarixi, mədəniyyəti və tolerantlıq ənənələri haqqında dolğun təsəvvür yaradır.
Bu abidələrin mövcudluğu və çağdaş dövrümüzədək qorunub saxlanması, gələcək nəsillərə ötürülməsi bir daha sübut edir ki, Azərbaycan xalqı və dövləti tarixən dini müstəvidə də tolerantlığın, dözümlülüyün, xoşgörünün ən yüksək səviyyəyə çatdırılmasına nail olub.
(Ardı var)
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.-
2013.- 14 avqust.- S.4.