Dini abidələrimiz: qədim alban məbədləri (davamı)
Azərbaycan etnik və dini
tolerantlığın nümunəvi
modeli kimi hazırda bütün dünyaya örnək sayılır. Əsrlərdir ki, ölkəmizdə məskunlaşan onlarla azsaylı xalq və etnik qrup
sülh şəraitində
birgəyaşayışın, etnomüxtəlifliyin
zəngin sintezinin, multikulturalizmin və mədəni mübadilənin
mükəmməl nümunəsini beynəlxalq ictimaiyyətə sərgiləyir.
Azərbaycan tarixən həm
də dini tolerantlıq ənənələrini
yaşadan ölkələrdən
hesab olunur. Bunun ən bariz sübutlarından
biri də ölkə ərazisində
yerləşən müxtəlif
dinlərə aid qədim
və unikal abidələrin, məbədlərin,
səcdəgahların həm
dövlət, həm də cəmiyyət tərəfindən həssaslıqla
qorunmasıdır.
Hazırda Azərbaycan ərazisində
–həm paytaxtda, həm bölgələrdə
məscidlər, kilsələr,
sinaqoqlar fəaliyyət
göstərir. Ancaq tarixən bunların hamısından daha qədim olan məbədlərimizin- ulu
əcdadlarımız albanlardan
qalma abidələrin də sayı az deyil.
Tarix etibarilə bu abidələr Azərbaycanın
nə qədər qədim bir tarixə malik olduğunu sübut etməklə yanaşı,
həm də ölkəmizin tolerantlıq
dərəcəsinin üstün
göstəricisi rolunda
çıxış edir. Silsilə yazılarımızda bu abidələr haqqında oxucularımızı
məlumatlandıracağıq.
(əvvəli ötən sayımızda)
Azərbaycan xalqının formalaşmasında
rol oynamış albanlar özlərindən
sonra maddi-mədəni
abidələr qoyub gediblər. Bunun ən bariz nümunələri isə
albanların xristianlığın
meydana gəldiyi ilkin və orta
dövrlərdə ölkəmiz
ərazisində mövcud
olan möhtəşəm
dövlətdə-Qafqaz Albaniyasında
inşa etdikləri qədim kilsələr, məbədlərdir.
Azərbaycanın bir sıra bölgələrində,
daha çox şimal-qərb regionunda belə abidələr üstünlük təşkil
edir. Bu arealda – Qax rayonu ərazisində
isə belə abidələrin sayı xüsusilə çoxdur.
Nəinki ölkəmizdə, bütün dünyada qədim kilsələrdən
hesab olunan “Kürmüx” məbədi
də Qaxda yerləşir. Eramızın I-III əsrlərində tikildiyi
ehtimal edilən, Albaniya dövrünə
aid olan və hazırda yaşayış
sahəsindən xeyli uzaqlıqda, əhalisini tamamilə azərbaycanlılar
təşkil edən Əmbərçay kəndi
ərazisində yerləşən
Kürmük məbədi
fəaliyyət göstərməsə
də ölkə əhəmiyyətli tarixi
abidə hesab olunur. Kürmük məbədi 1892-ci ildə Çar Rusiyası tərəfindən
alban kilsəsinin bazası əsasında rus kilsəsi kimi bərpa edilib. Lakin buna baxmayaraq
alban kilsəsinin qalıqları ətrafda açıq-aydın nəzərə
çarpır. Yerli
əhali tərəfindən
ziyarətgah kimi qəbul edilən və bir neçə
il öncə
təmir olunmuş kilsəyə ildə iki dəfə – may və noyabr aylarında dini mərasim keçirmək
üçün insanlar
toplaşır. Mərasimə gələnlərin əksəriyyətini
yerli, müsəlman azərbaycanlılar təşkil
edir. Qax rayonundakı təpələrdən
birində yerləşən
məbəd erkən orta əsr alban
məbədlərindən biridir
və öz adını eyniadlı çaydan götürüb.
“Kürmük” sözünün
mənasını iki
sözün birləşməsi
kimi izah edirlər: “kür” azğın, dəlisov və “muq” Hun tayfalarından birinin adıdır. XIX əsrdən
etibarən bu məbəd həmçinin
Müqəddəs Georgiy
kilsəsi kimi də tanınır. Kürmük məbədinin maraqlı
tarixi var. Abidə ildə günün sayı qədər məbəd tikdirən
Alban hökmdarı Cavanşirin
dövründə ucaldılıb.
Hələ qədimdən insanlar
Kürmük dağında
qeyri-adiliyi ilə seçilən böyük
daş topasını
ziyarət ediblər.
İllər keçsə də
bu ənənələr
bu gün də qorunub saxlanılır. Ziyarətdən sonra niyyət
tutularaq qurbanlar kəsilir. Abidədə yenidənqurma işləri
tamamlandıqdan sonra
2005-ci ildə məbədin
açılışı keçirilib.
Qaxın Qum kəndinin mərkəzində,
kiçik dağ çayının sahilində
yerləşən daha
bir alban abidəsi- Qum məbədi
tetrakonx (dördbucaqlı
yarım qövs künclü) formasındadır. Tikilinin
uzunluğu 26,4 metr, eni 19,3 metrdir. Qum məbədinin
tikintisində əsasən
yonulmuş çay daşından istifadə olunub. Daxildəki konstruksiya işləri
isə bişmiş kərpiclə aparılıb.
Tədqiqatçıların fikrincə, Qum məbədi
öz memarlıq xüsusiyyətlərinə görə
V əsrin sonlarında
Qafqaz Albaniyasının
hökmdarı III Vaçaqan
(487-510-cu illər) tərəfindən
inşa edilib.
Qaxda yerləşən məşhur alban abidələrindən biri də rayonun eyniadlı kəndində yerləşən Ləkit kilsəsidir. Məbədi alban memarlığının ən gözəl nümunələrindən hesab edirlər. İnşaat texnikası araşdıran mütəxəssislər kilsənin inşa tarixini IV-VI əsrlərə aid edirlər. Ləkit məbədi Cənubi Qafqaz tetrakonxlarının təşəkkül tapması üçün əsas olub. Kilsə qədim zərdüşt məbədi əsasında yaradılıb. Məbədin elmi cəhətdən öyrənilməsi və bərpa işləri XX əsrin 40-cı illərində P.D.Baranovskinin rəhbərliyi ilə aparılıb. Məbədin ətrafı meşəlikdən təmizlənib və dağılmaqda olan divarlardan biri möhkəmləndirilib. Tarixçilər məbədin təqribən IV əsrdə Albaniya hökmdarı III Mömün Vaçaqanın hakimiyyəti dövründə kilsəyə çevrildiyi güman edirlər. Belə ki, Musa Kalankatlı məhz bu hökmdarın dövründə Albaniyada xristianlığın geniş təbliğ edilməsi, digər dinlərin isə təqib edilməsi haqqında yazılarında məlumat verib. Belə bir dövrdə Qafqaz Albaniyasında bir çox əski dinlərə məxsus məbədlərə xristian elementləri əlavə edərək kilsələrə çevirirdilər. Mütəxəssislərin müəyyənləşdirdiyinə görə, Ləkit məbədi kilsəyə çevrilərkən onun əsas memarlıq quruluşuna toxunulmayıb, (özündə güclü bütpərəstlik elementləri əks etdirməsinə baxmayaraq), yalnız xristian dininin ehkamlarına uyğun olaraq səcdəgah əlavə edilib. Məbədin tikilmə tarixi haqqında isə müxtəlif tədqiqatçılar fərqli fikirlərlə çıxış edirlər. Rus alimi P.D.Baranovskinin fikrincə, məbəd VII əsrə aiddir. K.M.Məmmədzadə isə bu məbədin Kilsədağ kilsəsindən sonrakı dövrdə, təxminən VI əsrin ortalarında inşa edildiyini qeyd edir.
Qax rayonunda, Ləkit Kötüklü kəndi ərazisində, indi xalq arasında “Yeddi kilsə” adı ilə məşhur olan möhtəşəm alban monastır kompleksi, uzun müddət alban kilsəsi yepiskopluğunun mərkəzi olub. Məhz bununla əlaqədar olaraq bu ərazi qədim dövrlərdən “Kax”, yəni dini mərkəz, din sarayı adlanır. Kompleksdə eramızın əvvəllərinə aid doqquz abidənin qalıqları vardır. Kompleks 1980-ci ildən sonra baxımsızlıqdan sürətlə dağılmağa başlayıb. Hazırda qəzalı vəziyyətdədir. Məbədin tarixi ilə bağlı kifayət qədər məlumat qorunmayıb. Lakin məbədin IV-V əsrlərdə Qafqaz Albaniyasında xristianlığın çiçəkləndiyi bir dövrdə inşa edildiyi güman olunur.
Bu qədim tarixi abidələr ölkəmizə axın edən turistlərin də diqqətini cəlb edir, onlarda tariximiz, mədəniyyətimiz və tolerantlıq ənənələrimiz haqqında dolğun təsəvvür yaradır.
Bu abidələrin mövcudluğu və çağdaş dövrümüzədək qorunub saxlanması, gələcək nəsillərə ötürülməsi bir daha sübut edir ki, Azərbaycan xalqı və dövləti tarixən dini müstəvidə də tolerantlığın, dözümlülüyün, xoşgörünün ən yüksək səviyyəyə çatdırılmasına nail olub.
(ardı növbəti
sayımızda)
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.-
2013.- 15 avqust.- S.4.