Axundzadə ziyarəti
Eyvanda oturub Tbilisinin Azadlıq meydanına, gecə biri
keçməsinə baxmayaraq, hələ də küçələrdən
yığışmayan adamlara, maşınlara tamaşa edirəm. Dilləri qəribədi,
elə bil danışmırlar, dalaşırlar. Axşamdan yatmaq keçsə könlündən,
işin əngəldi. Yuxunun şirin yerində iki nəfərin naməlum
səbəbdən, anlamadığın dildə
qışqırığından qaracinli ayılacaqsan. Pəncərədən qorxa-qorxa boylanıb bu
adamların qucaqlaşdığını görsən, təəccüblənmə.
Söhbətdi də, edirlər! Qulaq verəndə mübahisəyə
bənzətdiyin danışığın içində bəlkə
şirin sevgi etirafları, “pıçıltılar”ı da
var, qarşılıqlı ehtiram deyişməsi də...
Bunun səbəbin düşünüb tapmaq istəyirdim ki
yağış başladı... Elə həmin an hər
şey aydın oldu... Hər millətin dili onun
yaşadığı yerin təbiətinə bənzəyir
bir az! Tbilisidə
şimşək də gürcü dilində çaxır,
yağış da gürcücə yağır.
Bakının narın, həzin yağmurundan xeyli fərqlənir...
Dillərimiz fərqləndiyi kimi! Otağa
keçib pəncərədən bayıra baxır və ədəbiyyatın
necə böyük xəstəlik olduğunu fikirləşirəm.
Zamanla ədəbiyyat adamın qanına elə
işləyir, bütün düşüncələrini elə
çulğalayır ki, oxuduqlarını həyatda yox, əksinə,
reallıqda qarşılaşdığın nələrisə
ədəbiyyatda axtarırsan. Az qala
təbiət hadisəsindən tutmuş, insan mimikasına, ləhcəsinə
kimi hər şeyi bədii əsər kimi görürsən,
elə bil yaşamırsan, sadəcə kitab oxuyursan. Gəzdiyin yerlərə də “mən burda
olmuşam” yox, “mən bunu oxumuşam” yanaşması ilə
baxırsan. Və bu prinsiplə bəzən sənətin
cilaladığı təbiət, insan, məkan, şəhər,
kənd nədənsə bir az daha
doğma gəlir sənə. Şübhəsiz
ki, əsl sənətin.
...Elə
həmin azarın tələbiylə son günlərdə
Tbilisidə müşahidə etdiklərimi əsərlərdə
axtarmağa başlayıram. Mirzə Fətəli
gəlib durur gözümün önündə. Və
düşünürəm ki, onun əsərlərində
şimşək də çaxır, selləmə
yağış da yağır... Elə şimşək ki
bir çaxmasıyla yuxudan ayıltmalıydı
yatanları... Elə yağış ki beyinlərin minillik
kirini yuyub təmizləməliydi... Və həmin
şimşəyin, yağışın üstün cəhəti
azəricə olmasıdı. Bu fikirlərlə
küçəyə, islanmış ağaclara, qarşı
binanın dibində
yağışdan gizlənən pişiklərə
baxıram. Yağış bir az səngiyir, bayaqdan dil
boğaza qoymayan sakinlər evlərinə çəkiliblər,
şəhər bomboş görünür, sıxılıram nədənsə,
göz qapaqlarım ağrlaşır... Özgə yerdə,
dili, yeməkləri, adətləri fərqli, üz
quruluşları, gözləri, ağızları,
burunları, baxışları
yad olan adamların
arasında yaşamağın çətinliyini dərk edirəm
bir daha. Yenə Mirzəni düşünürəm... Bu günlük bəsdi. Sabah gedib ev muzeyini ziyarət edər, Tbilisinin mərkəzindəki
doğma ruhu öz gözlərimizlə görərik! Əlbəttə, əgər hava (belə
yağış olsa, qəliz məsələdi) və
Ülvi etiraz eləməsələr.
*****
Ev şəhərin qədim hissəsindədi. Şeytan bazar
adlanan yerdə. Gürcülər özləri bura Maydan deyirlər.
Kürün sağ sahilində, görkəmli,
mənzərəli bir yerdi. Qarşıda
çox da hündür olmayan qayaların arasından şəlalə
axıb Kürə tökülür və məkana xüsusi
ovqat gətirir. İndiki ünvanı: Qorqasali
küçəsi 17. Mirzə Fətəlinin evidi bura... Qədimi ikimərtəbəli binadı. Muzey 1982-ci ildə dahi dramaturqun anadan olmasının
170-ci ildönümü münasibətilə yaradılıb.
Rəsmi adı Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti
Muzeyidi. 90-cı illərdə vətəndaş
müharibəsi dövründə fəaliyyəti bir müddət
dayandırılıb. Lakin 1993-cü ildə
Gürcüstan hökümətinin qərarı ilə
Muzeyin statusu özünə qaytarılıb. 2008-ci ilin dekabr ayında Muzeyin nəzdində Mədəniyyət
Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzdə musiqi və rəqs dərnəyi,
rəsm kursları, xalçaçılıq, incəsənət,
Azərbaycan milli çalğı alətləri kursları fəaliyyət
göstərir. Onu da deyim ki, bu il
Muzey yenidən təmir və bərpa olunub.
Elə
ayağımızı kandardan içəri qoyan kimi yeniliyi və
müasirliyi hiss
edirik. Amma bütün bu müasirliklə
yanaşı, o dövrün ovqatını da duymamaq
mümkünsüzdü. Gənc, gülərüz
xanımın bizi azəricə salamlayıb muzey haqda qısa
məlumat verməsi isə lap xoş gəlir. Qulaqcıqları taxıb
elektron bələdçini dinləyə-dinləyə
binanı gəzməyə başlayırıq. Fonda Üzeyir bəyin Aşıqsayağısı
səslənir. Mirzə Fətəlinin evində
Üzeyir bəyi dinləmək... Bundan gözəl nə ola bilər?!
Muzey 6
zaldan ibarətdi:
Birinci
zal: qədim Azərbaycan mədəniyyətinə həsr
olunub. Divarda Qobustan qayalarının fotoları
asılıb. Burda Azərbaycanın milli geyimləri və
xalq sənətinin müxtəlif sahələrinin –
dulusçuluq, zərgərlik, xalçaçılıq,
daş, ağac, sümük və dəri emalı nümunələri
ilə tanış oluruq. Bundan
başqa divarlarda rəssam və bəstəkarlarımızın
fotoşəkilləri və onlar haqqında qısa məlumatlar
da asılıb.
İkinci
zal: Mirzə Fətəli Axundzadənin həyat və
yaradıcılığını əks etdirir. Bu zalda Fətəlinin
1812-ci ildə Nuxa (indiki Şəki) şəhərində
anadan olduğu evin maketi, ailə üzvlərinin fotoşəkilləri
və yazıçının əlyazmalarının surətləri
var. Qızı Nisə xanımın fotosuna baxanda qəribə
hisslər keçirirəm. Başa
düşürəm ki, bu, elə həmin şəkildi.
Fətəli hamıdan gizlin aparmışdı
qızını foto atelyeyə. Tiflisdə
o vaxtlar bu sənət təzə-təzə dəbə
minirdi. Amma qız uşağının
fotosunun çəkilməsi ciddi qəbahət
sayılırdı. Görən, bilən
nə deyər?! Bu cür “yüngüllüyə”
görə qız da qarıya bilər Nisə! Amma
atasından savayı heç kəs bilməyəcəkdi
bunu. Şəklə baxıb səhnəni
gözümün önünə gətirirəm, balaca qızcığaz
dönə-dönə baxır fotosuna, sonra bapbalaca əlləriylə
sandığın dibində gizlədir. Həyatın qəribə
ironiyasına, üç-beş adamdan mübhəm
saxlanılmış şəklin indi milyonların
nümayişində olmasına gülümsəyirəm... Üçüncü zala, qonaq otağına
keçirik.
Üçüncü
zal: Mirzə Fətəlinin qonaq otağının surətidir.
Bu otağın interyeri arxiv materialları
arasında aşkar edilmiş köhnə fotoşəkil əsasında
bərpa edilib. Sadə mebel, divardan
asılmış ayı dərisi, keramik güldanlar adamda
mistik ovqat yaradır. Və elə bu ovqatla
buxarının üstündəki rəsm əsərinə
baxanda qəhərlənməyə bilmirsən. Hazırda muzeyin incəsənət sahəsi üzrə
elmi işçisi, rəssam İsmayıl Kartvelişvilinin əl
işidi bu. Fətəlinin həyatından bir epizodun rəsmini
çəkib.
Deyilənə görə, bir gün Mirzə həyat yoldaşı Tubu xanımın eyvandan asdığı xalçanın oğurlandığını görür. Hay-küy salmadan durub düşür oğrunun dalınca. Düz bazara kimi gəlir. Oğru xalçanı satmağa gətiribmiş. Pulunu verib alır gəbəni və xahiş edir ki, “satıcı” ona evə qədər aparmağa kömək eləsin. Mənzilbaşına çatanda oğruya hər şey aydın olur və o, Fətəlinin ayaqlarına düşüb onu tutdurmasın deyə yalvarır. Mirzə cavab verir ki, onu həbs etdirmək niyyəti yoxdu, amma bir şərtlə o da söz versin ki, daha heç vaxt belə iş tutmayacaq... Bu əhvalatı eşidən hər kəsdə sual yaranacaq ki, görəsən, o adam həmin hadisədən sonra yenə oğruluq elədi ya yox... Düzünü deyim, məndə də ilk reaksiya belə oldu. Sonra isə düşündüm, məsələ bunda deyil axı... Hadisənin məğzində Fətəlinin xarakteri durur. Həm əsərlərində, həm də adi həyatda, məişətdə qəribə tərbiyə prinsipi, orijinal maarifləndirmə üsulu vardı onun. Səhvimizi, geriliyimizi güldürə-güldürə deyir, başımızı sığallaya-sığallaya tərbiyə edirdi... Və bütün bunları fikirləşib illər öncə bu divarlar arasında, Əbdürrəhim bəy Haqverdiyev dediyi kimi, “epoletlərlə, imtiyazlarla, xaç və medallarla bəzənmiş paltarın altında od tutub alışmaqda olan bir ürəy”in böyüklüyünə heyrət etməyə bilmirsən.
Dördüncü zal: şərti olaraq “musiqi” otağı adlandıra bilərik. Azərbaycan musiqisinə həsr olunmuş bu zalda məşhur müğənnilərin və onların ansambllarının, eləcə də o dövrdə keçirilən konsertlərin afişalarının fotoşəkillərini görmək olar. Burada Azərbaycanın bir neçə milli çalğı aləti – tar, kamança, saz, qaval nümayiş etdirilir. Həmçinin, Fətəlinin özünə məxsus milli musiqi alətləri də var ki, deyilənə görə sonralar bunlardan oğlu istifadə etmişdi. Növbəti otaq isə Muzeyin ən maraqlı hissəsi hesab oluna bilər.
Beşinci zal: Mirzə Fətəlinin iş otağıdır, burada yazıçının şəxsi əşyaları saxlanılır: yazı masası, kitab dolabı, divar saatı və lampa. Bu otaqda Mirzə Fətəli bir çox dəyərli işlər görmüşdür. Burada həmçinin onun müxtəlif illərdə bir neçə dildə nəşr edilmiş əsərlərinin üzqabıqlarının surətləri də var. Mirzənin masanın üstündəki əlyazmasına baxanda düşündüm ki, əşyaların da yaddaşı var. Bu masa sahibinin əl izlərini, ovqatını, həyəcanlarını, hisslərini, hamısını canına çəkib. Və Muzeyə də sehrli, mistik aura verən əşyaların, divarların yaddaşıdı.
Altıncı zal: Azərbaycan və Gürcüstan dostluğuna həsr olunub. Burada Azərbaycan və Gürcüstan heykəltəraşlarının əsərləri nümayiş etdirilir. Həmin zalda Tbilisi şəhərindəki Heydər Əliyev adına bağın, Mirzə Fətəli Axundzadənin adını daşıyan məktəb və kitabxananın, Bakıdakı Tbilisi prospektinin və “Dostluq abidəsi”nin fotoşəkilləri də yer alıb.
Beləliklə, otaqları gəzib, baxıb çıxırıq. Üst qatda Konfrans zalı da fəaliyyət göstərir. Muzeyin xatirə kitabına ürək sözlərimizi yazırıq, işçiləriylə şəkillər çəkdiririk. Bələdçi xanımdan Mirzənin qəbrinin yerini soruşuram. Deyir ki, Nəbatat bağındadı. Amma bir az qəribə, sual dolu baxışından nə isə sezirəm. Özüm də anlamıram nə?! Növbəti cümləsindən aydın olur: “Bağın işçilərindən soruşsanız, deyərlər yerini, amma tanımırsızsa...” Gülə-gülə sağollaşıram, narahat olmayın, taparıq – deyirəm. Məzarın qəliz yerdə olduğunu bilirəm... Oxumuşam bu haqda. Amma indi Ülvinin bunu bilməsi əleyhimə olar. Ona görə xanımın izahına imkan vermirəm. Sağollaşıb çıxırıq. Hə, bir də onu deyim, Muzeyi ziyarət müftədi. Nə qədər də uyğundu Fətəlinin prinsiplərinə... Təki maariflənin, yetər ki, nə isə öyrənin!
Birinci mərtəbədə, (deyilənə görə, Fətəli evin bu hissəsini kirayə verirmiş həmişə, özü də havayı...) ədəbiyyatımızdakı ilk qərblinin şərəfinə “Misyo Jordan” kitab kafesi açıblar. Dincimizi almaq üçün həmin kafeyə giririk, pəncərə önündəki stollardan birinin arxasında əyləşirik. Birdən Ülvi “Onu gördün?” – deyə soruşur. Çevrilib baxıram, diksinirəm. Fətəli küncdəki masanın arxasında oturub, əlində qələm, qarşısında kağız, dərin bir xəyala dalıb. Yerimdən sıçrayıb ona yaxınlaşıram. Kaş ki... Kaş ki... Heyf... Əlbəttə ki, canlı deyil. Yanında durub şəkil çəkdiririk... Ülvi dramaturqun yazısında nə isə “səhv” də tapır, “elə yox, belə yaz” – deyir. Bundan şənlənir, gülüşürük. Masamıza qayıdıb xeyli danışırıq bu mövzuda... Görəsən nə fikirləşir, nə yazır, indi o da bizə gülürmü?! Jordanın sevdiyi fransız piroquyla Hatəmxan ağanın piyaləsindən çay içirik. Fonda səslənən fransız musiqisi çay dəstgahımıza rəngarənglik gətirir. Qarşıda isə bizi sözün əsl mənasında çətin və keşməkeşli yol gözləyir... Dəhşətli şeylər olacaq!
*****
“Bu asfalt yolla üzüyuxarı qalxın...” – deyir rus dilində qolun-qanadın sındıra-sındıra danışan xəzinədar xanım.
“Çoxmu getməliyik?”
“Təxminən iki kilometr...”
Yazıq-yazıq baxıram Ülvinin üzünə...
“Gəzmək istəmirdin? Lap yaxşı... Gedək!” – deyir.
Ürəklənirəm bir az. Amma revmatizmama və ayağımı əzən idman ayaqqabılarıma heç etibarım yoxdu. İki kilometr elə də uzun məsafə deyil, ancaq qabaqdakı yolun qəlizliyi bu başdan görünür, çox dikdi, sanki asfaltla dağa qalxırsan. Nə isə, üz qoyuruq deyilən istiqamətdə getməyə. Əvvəla onu deyim ki, bu bağ çox gözəldi. Gözəl zəif sözdü... İnsan səliqəsi görməyinə baxmayaraq, təbiət ibtidai sehrini heç itirməyib burda. Ətrafı sıldırım qayalardı, qayaların üstündə qədim qalalar var. Bağın ortasından şəlalə axır. Balaca körpünün üstündən keçib üzüyuxarı qalxırıq. Yolboyu əsrarəngiz təbiətə tamaşa edir, danışırıq. Müxtəlifdilli adamlar yanımızdan ötür, üzbəüz gəlirlər. Elə hey gedirik, gedirik. Axundzadənin məzarına istiqamətləndirəcək bir işarə belə yoxdu... Deyinirəm! Axı ötən il Fətəlinin yubileyi idi?! Yəni bunların ağıllarına gəlməyib ki, onun qəbrini ziyarət etmək istəyənlər olacaq?!
Qarşımıza çıxan uniformalılardan soruşuruq, elə hamı “bu yolla yuxarı qalxın” – deyir... Ülvi bir az irəlidə gedir. Yəqin onunla eyni sürətlə yeriməyə gücüm çatmır...
“Sən tələsmə, yavaş-yavaş addımla. Mən bir az tez gedim, kimdənsə soruşum, tapım, uzaqdan əl edərəm, gələrsən...” – deyir. Hövsələsinə həsəd çəkirəm. Kaş bu səbrin yarısı məndə olaydı, düşünürəm. Mayak kimi qabağa düşür. Amma mən də asta getmirəm, özümü sındırmıram, sürətlə irəliləyir, onu gözdən itirməməyə çalışıram. Bu zəhrimar ketalar da bir yandan sürtür, didib-dağıdır ayaqlarımı... Hələ isti... Meşə olmağına baxmayaraq, asfalt yolun kənarındakı ağaclar alçaqdı, gün düz təpəmizə döyür, adamın kələyini kəsir. Dəqiq bilirəm ki, iki kilometrdən artıq getmişik. Məktəbdə oxuyanda bizim evdən məktəbə qədər yol bir kilometr idi, indi isə ondan beş dəfə çox yol qət eləmişik, məncə... Ayaqlarımı sürüyə-sürüyə gedirəm... Görəsən, bu günəş üzümün dərisin yandırmayacaq ki... Qadın ki, qadın. Heç yeridi?!
... Birdən dik atılıram. Qabağımdan sapsarı, yoğun bir ilan qıvrıla-qıvrıla keçib ağaclığa girir, ardınca da balaca balaları. Halımı pozmamağa çalışıram... Təbiətdə sarı rəngin belə çalarının olduğunu bilmirdim. Elə bil dırnaq boyası ilə laklayıblar ilanı... Günəş şüası altında par-par yanırdı lap. Amma özaramızdı yaxşı görünürdü... Belə rəngdə dırnaq boyası tapıb almaq lazımdı. Soruşanda – dırnaqların nə rəngdədi? Cavab verirsən - ilan rəngində. Nə qədər də orijinal?! Öz-özümə ironiya edib gülürəm! Və əslində bütün bu səfsəfəni uzun yolu və ayaqlarımdakı yorğunluğu, ayaqqabının açdığı yaraları düşünməmək üçün uydurduğumu bilirəm...
Başımı qaldırıb baxıram...
Ülvi görünmür. Və mən ilandan da, bu yerin
adamsızlığından da məhz indi qorxmağa
başlayıram. Asfalt bitib, daşlı yolla gedirəm.
Qabağıma çıxan adi quru budaqdan da, sarı yarpaqdan
da qorxur, eymənirəm. Sürəti artırıram, az qala qaçıram.
Ucsuz-bucaqsız yolda ins-cins dəymir gözə. Telefona
baxıram, şəbəkə yoxdu. Əməlli-başlı
təlaş içindəyəm. Lap rus
nağıllarındakı meşədə azan adamlar kimi
qışqırıb, “ulayıram”... Axundzadənin qəbrini
axtarmıram daha... Ülvini axtarıram! Görəsən, həmin
ilanlardan onun da qabağına çıxıbmı?! Telefonda
şəbəkə axtarıram. Nədənsə
qaçqınlar düşür yadıma. Deməli onları
idarə edən qüvvə qorxu olub... Qorxan adam heç nə
hiss eləmir, nə ağrı, nə yorğunluq, nə isti,
nə soyuq... Bütün hüceyrələr, beyin yalnız o
hissdən xilas olmağa işləyir! ...Valideynlər gəlir
fikrimə. Burda başımıza bir iş gəlsə,
öldürəcəklər bizi. Ağlayıb,
sızıldayıb, “daha eləmərik” – deyib bir təhər
yumşaldaram anaları... Amma bəs
Şamil dayı ilə atam?! Bir baxışları bəsdi ki
sarımızı udaq. Birdən telefonda şəbəkə
görünür. “Yaşasın müasirlik!” – deyərdim,
amma demirəm, pafoslu çıxar. Bu pafos da
öldürüb bizi, səmimi hisslərimizdən
danışmırıq ki, pafosdu. Nə isə, Ülviyə
zəng edirəm. Üzündəki təbəssümü elə
telefondaca, səsindən duyuram.“Üzüaşağı
düş, mən də gəlirəm.” – deyir. “Burda heç bir qəbir filan yoxdu,
tapa bilmədim...”
“Nə qəbir?”
Gülür. “Necə yəni? Kimi
ziyarət eləmək istəyirdin?”
Xeyli keçəndən
sonra Ülvi görünür. Bir az
pərişan, bir az da yorğun-yorğun enir mənə tərəf.
Məlum olur ki, qabaqda sağa tərəf nə isə işarə
görüb gürcücə, düşünüb bəlkə
o istiqamətdə getmək lazımdı, ona görə
itirmişik bir-birimizi...
Bütün
yorğunluğum və ağrılarım qayıdır
canıma... “Eybi yox, əsas odu evini ziyarət elədik...”
- deyib təsəlli veririk özümüzə. Geri qayıdırıq. Amma hər
ikimiz yolu enə-enə sağa-sola boylanır,
axtarırıq. Ancaq çifayda... Nəbatat
bağının qapısına çatırıq.
Skamyada oturub dincimi
alıram. Ülvi gəzişir oralarda...
“Soruşdum,
deyir 5 kilometr getməlisiz. O kişi
tanıyır oranı... Dedim bizi maşınla apar,
haqqını verərik, razılaşmadı...” – deyir
Ülvi.
“Hansı
kişi?”
“Odey,
ordadı, maşınında oturub, buranın
işçisidi!”
Elə bu an, kişi
sanki özünü bizə göstərirmiş kimi
arabasını sürüb gəlib durur düz
qabağımızda, maşından enib başlayır
şüşələri silməyə, heç biz tərəfə
baxmır da...
“Yəni
ikimiz, bir də xahiş eləsək, razılaşmaz?”
– deyə məlul-məlul soruşuram...
Çiyinlərin çəkir...
Yaxında daha bir maşın var.
Düşünürəm bəlkə bu da işçilərindi?!
Qapının ağzındakı balaca
köşkə giririk. Rusca ədəb-ərkanla
salamlaşıb, monoloquma başlayıram:
“Bilirsiz, biz
Bakıdan gəlmişik. Mən “525-ci qəzet”in
yazarıyam. Axundzadəni ziyarət edib
yazı yazmaq istəyirəm. Xeyli gedib
qayıtmışıq, çox yorğunuq. Əgər siz bizi ora maşınla göndərsəniz
minnətdar olarıq.”
Bələdçinin
üzündə heç bir ifadə yoxdu, gözləri də
bomboşdu. Çaşıram
reaksiyasızlığından. Yaman pis öyrədib
bizi “525-ci qəzet”... Bakıda bank növbəsi,
yol polisi, notariat, daha nələr-nələr bilmirik nədi...Hər
yerdə yaşıldı işığımız. Ona görə burdakı biganəlikdən qəzəblənirəm.
Bir də təkrar edirəm: “525-ci qəzet”in yazarıyam.
Ülvi yaxınlaşıb pıçıldayır:
“Bakıda
deyilsən, bu nə bilir 525 nədi?”
Oğlan deyəsən,
insafa gəlir bir az. Köşkdən çıxır, biz də
onun ardınca, həmin adama yaxınlaşır. Yaşı 70-ə çatıb yəqin kişinin.
Üz cizgiləri qəribədi, elə bil
qarışıb hamısı bir-birinə. Başlayır onu yola gətirməyə ki, bizi
aparsın. Amma o da tərsdi deyəsən.
Heç vəchlə razılaşmır,
yanacağım azdı – deyir. Çıxaq,
maşına nə qədər istəsəz benzin alıb tökək,
sonra aparın bizi deyə yalvarırıq az qala. Yenə yox ki yox. Bələdçi
çiyinlərin çəkib gedir. Yəni
mən daha neyləyim, görürsünüz ki, razı
olmur. Hirsimdən zəncir çeynəyirəm.
Otururam skamyada, baxıram. İndi bu adam dünyada ən pis adamdı mənim
gözümdə. İstəyirəm yaxınlaşım
deyim ki, ay dayı səndən bizi diskotekaya aparmağı
xahiş eləmirik ey, Axundzadənin məzarına
aparmağını istəyirik, məzarına... Adam elə bil acıq verir bizə, eyninə də
deyilik. Dəsmalı
cürbəcür mayelərə batırıb silir eybəcər
maşınını... Gürcü dilində nəsə
zümzümə də edir... Daha da hirsləndirir
məni. Və qəribədi ki, bu hirsin içində
son günlərdə Tbilisidə müşahidə elədiyim
bütün çatışmazlıqlar, xoşuma gəlməyən
məqamlar hamısı bir-bir düşür yadıma...
Ora-bura var-gəl edib deyinirəm ürəyimdə: “Buna bax
bir, ələ salıb camaatı... Dörd mismarı
paslı məftillə bağlayıb bir-birinə, deyir bu sənətdi,
400 dollara sırımaq istəyir bizə... Bu
boyda şəhərdə bir dənə ayağıma
uyğun yüngül çəkmə tapa bilmədim. Elə bil div filanam bunun üçün. Gedib mənə 41 ölçülü qadın
ayaqqabısı gətirir. Hələ vağzal
kassasındakı süni təbəssümlü arvad...
Düz 5 dəfə dedim Batumiyə bilet ver, axırda alıb
baxıram Bakıyadı biletlər. Hələ bir 10 lari cərimə
də edir bizi... Elə bil mənim
günahımdı ki, buna söz gec çatır. Bir dəli
şeytan deyirdi, dəyişmə bileti, qayıt get
Bakıya... Amma Axundzadə, onu ziyarət eləmək istəyirəm
axı... Bu da qotur maşınının ora-burasına
keçməkdən yoruldu...” Qeyri-ixtiyari
sağa-sola boylanıram.
“Nə
axtarırsan?” - soruşur Ülvi.
“Azərbaycanlı...”
– deyə cavab verirəm. Və dəqiq
bilirəm ki, indi qabağımıza bir nəfər də olsa,
azəri çıxsa, kömək edəcək. Əlbəttə
buralara bələd olan azəri... Bayaqkı cavan oğlan təslim
olmaq istəmədiyimizi başa düşüb
yaxınlaşır:
“Adətən
bağın ərazisinə maşınla keçməyə
icazə vermirik. Amma siz gedib taksi tapıb gəlsəniz,
buraxarıq.”
Sevinirik.
Çıxıb ətrafa boylanır, gəzişirik,
taksi filan dəymir gözə. Ya
aşağı, parka tərəf enməliyik ya da gözləməliyik.
Gözləməyə üstünlük
veririk. Yorğunluq öz işini
görür. Bir az qabaqdan qədim
qalalara pilləkən qalxır, ətəyində sular satılır,
turistlər su azuqələrini burdan alıb yollarına davam
edirlər. Elə satıcının evinin
qabağıdı. Bəlkə buralarda
taksist var deyə rusca xəbər alırıq
satıcıdan. Soruşur neyləyirsiz?
Yenə rusca izah edirik problemimizi... Birdən sakit tərzdə
deyir:
“Siz
özünüz Axundzadənin qəbrini tapa bilməzdiz,
çətin yerdədi!” tərtəmiz Azərbaycan dilində
cavabdan diksinirəm, çaşıram. Həmsöhbətimiz
hiss edir deyəsən, gülümsəyir, deyir ki, gözləyin
indi maşın təşkil edib apararıq sizi yuxarı. Məmnun
halda Ülvinin üzünə baxıram... Yəni
gördün, mən deyən düz çıxdı.
Oğlan bir az aşağı
düşüb qoca kişiyə nə isə deyir, sonra
maşının qapısını açıb işarəylə
çağırır bizi.
...Maşını sürən
yaşlı kişi də azəricə
danışır. Bura elə azərbaycanlılar
məhəlləsi imiş, məscidin ətrafında
yaşayırlar. Dediklərinə görə
nəsilləri 200 ildən çoxdu burdadı. Heyrət edirəm. Dili heç
itirməyiblər. Təmiz azəri dilində, bir az da Gəncə ləhcəsində
danışırlar.
“Bəs necə
olub ki, dili unutmamısız?” – deyə
soruşuram.
“Öz aramızda ancaq azərbaycanca
danışırıq, bala...”
Hiss edirəm ki, kişi
çox bilir, maraqlı həmsöhbətdi..
Fürsətdən istifadə edib suallar verirəm...
“Yəni, doğrudan o zaman
burda yaşayan müsəlmanlar, qohumları Fətəliyə sahib
çıxmayıblar? Gürcülər muzdla
hamballar tutub aparıb dəfn eləyiblər?! Özü də bir neçə gün sonra?”
Kişi bir az
kədərli baxır maşının güzgüsündən.
“İnanmıram belə olsun, qızım. O vaxtlar Sovet idealogiyasına
görə uydurulmuş söhbətlərdi bunlar...”
Vilayət
Quliyev “525-ci qəzet”də çap olunan “Bir daha Mirzə Fətəli
Axundovun dəfni haqqında” adlı yazılarında izah eləyir
bu məsələləri və deyilənlərin həqiqətə
uyğun olmadığını məntiqlə sübut edir.
Doğrusu, mən də inanmaq istəmirəm buna, ola bilməz ki, hələ
sağlığında o cür sevilən, nüfuzlu şəxsiyyətin
sonu elə bitsin. Yadıma salıram, deyəsən, muzeyin
divarında Fətəli ilə vida mərasiminin şəkli
vardı axı... Növbəti dəfə buna xüsusi diqqət
eləmək lazımdı...
... Asfalt
yolla bir az gedəndən sonra sola
dönürük. Ülvi pıçıldayır:
“Gördün harda səhv eləmişik? Burdan
dönmək lazım imiş. Nə biləydik?
Bir işarə də yoxdu...”
Buralar müsəlman qəbiristanlığı imiş. Bir neçə il qabaq bağı “səliqə”yə salmaq
üçün qəbrlərin hamısın söküblər,
yol çəkiblər. Kim xəbər tutub, çatdırıbsa,
qohumun nəşini götürüb burdan, kim
çatdırmayıbsa...
Nəhayət, gəlib
yetişirik lazımi yerə... Dünən gecədən
yağan aramsız yağış qəbirləri əməllicə
isladıb. Bir parça torpaqda dörd böyük Azərbaycanlı
uyuyur: Mirzə Fətəli Axundzadə, Mirzə Şəfi
Vazeh, Fətəli xan Xoyski, Həsən bəy Ağayev. Fətəlinin həyat yoldaşı Tubu xanım,
övladları, Tubu xanımın qohumları da burda dəfn
olunublar. Xanımın qəbrinə
baxıb kövrəlirəm. Sağlığında 11
övlad tapşırmışdı torpağa...
“Neçə il qabaq
Yaponiyadan nəticəsi gəlmişdi Mirzə Fətəlinin
qəbrini ziyarət eləməyə...” – deyir yaşlı kişi. Başa düşürəm
ki, söhbət Yaponiyada Tokio Universitetində məruzə
oxuyan qız nəticəsi Pərixanımdan gedir.
Bağın içində
bir az piyada gəzişib burda yaşayan həmyerlilərimizin
məişətindən, adətlərindən, oxuduqları məktəbdən,
hökümətin onlara münasibətindən
danışırıq.
...Geri
qayıdanda maşınını qadın kimi əzizləyən
bayaqkı gürcü daydayla üz-üzə gəlirik. Ülviyə baxıb mənalı gülümsəyirəm.
Başını yelləyir, “istədiyini eləməsən,
bağrın çartlayar...” – deyir.
Bağın yaxınlığındakı məscidə giririk. Dualar edib nəzir veririk. Birdən yadıma düşür, axı bu gün Ramazan bayramıdı... Orda fitrə qutusu da var. Lari ilə fitrə verməyimizə şənlənir, gülürük.
Minnətdarlığımı ifadə etməyə söz tapmıram. Eləcə, “çox sağ ol”ları bir-birinin ardınca düzüb vidalaşırıq.
“Yazacam haqqınızda... Amma heç adlarınızı soruşmadıq...”
“Mənim adım Fərhaddı, bu da kürəkənimdi, adı Füzulidi...” – deyə cavab verir yaşlı kişi... Adlarında da özümüzü ifadə eləmələri xoşuma gəlir.
“Bəs bu balanın adı nədir?” – deyə sığallayıram balaca oğlanın başını. Kişi mənalı gülür, “Fətəlidi” – deyir. Ülvi Fətəli ilə yekə kişi kimi əl sıxıb sağollaşır.
Üz qoyuruq Kürə tərəf enməyə.
Geri çevrilib bir az
yüksək tonla deyirəm:
“Sağ ol, Fətəli. Xoş oldu səninlə görüşmək!”
Qəmbərlik yolla, yorğun-yorğun üzüaşağı düşürük. Və beynimdə yeni yazının konturları cızılır...
11-13 avqust. Batumi.
PƏRVİN
525-ci qəzet.-
2013.- 17 avqust.- S.18-19.