Giliz kimi gəzərgi (esselər silsiləsi)
İSANIN
ZİRVƏSİ
İsanı çarmıxa çəkənlər,
baxdılar ki, İsa yenə onlardan yuxarıda dayanıb, bərk
məyus oldular. Tanrı İsanı ona görə çarmıxdan
qeyb etdi ki, yerə endirməsinlər onu, bununla da bəşəriyyətə
bu mesajı verdi: “Ey insanlar, mənim
qaldırdığımı heç kəs endirə bilməz”.
Frans Kafka
isə bu barədə belə deyirdi: “Din fədailəri bədənlərini
alçaltmazlar lazım olsa onu çarmıxa qədər
ucaldarlar”. Bu mənada onlar düşmənləri
ilə eyni fikirdədirlər.
MÜASİR
SOKRAT
J. Petan
deyib: “Çağdaş Sokrat: Mən bilirəm ki,
başqaları heç nə bilmir!”
Doğrundan da, indi özündən müştəbeh
olan adamları bu cümlədən gözəl nə ifadə
edə bilər ki?
HEYKƏLLƏR
Bakının bir tərəfində danos yazan şairin,
bir tərəfindəsə haqqında danos yazılan
şairin heykəli var. Deməli, tarix onların heç birini
unutmur. Amma biz hansı heykəlin yanında hansı hissi
keçiririk, bax, bu görk olmalıdır.
İSTEDADIN
ƏBƏDİ İSBATI
“Motsart və Salyeri” poemasında Motsart onun qədəhinə
zəhər qatmış Salyeriyə badəsini başına
çəkməmiş deyir ki, “istedadla xəyanət bir yerə
sığışa bilməz”. Motsart ölməmiş
Salyerinin canına narahatlıq dolur, bilir ki, əməli
artıq onu ifşa etdi. Salyeri Motsartı
öldürməklə, əslində, “özünü”
sübut edir.
Zənnimcə,
istedadlı adam paxıl ola bilməz, nə
də kinli. Bu gün adamların kini və
paxıllığı onların istedadı barədə deyilən
xoş sözləri şübhə altına alır.
Motsart,
Salyerinin zəhər satdığı qədəhi də
Salyerinin sağlığına içir, dahilik budur e...
İçirəm
sənin,
dostum, sənin
sağlığına,
Motsart,
Salyeri – iki sənət övladının,
iki
qardaşın
birliyinin
sağlığına.
Motsart hətta o qədər istedadlı idi ki, bilsəydi
ki, Salyeri onun şərabına zəhər qatıb, yenə
də eyni şövqlə onun sağlığına içib
ölərdi.
UNUTDUĞUMUZ
YOL
Beşikdən
ta qəbrə qədər yol var ki,
şəksiz.
Əldə əsa və əsasız keçməliyik
biz.
Arasında bunun yalnız fərq var ki bircə.
Kim həyatda həmin yolu keçəcək necə?
Mirzə
Şəfi Vazeh
Bəs biz necə irəliləyirik, necə gedirik,
tutduğumuz yerin nə qədəri, doğrudan da, bizimdir və
biz o yerə qalxmaq üçün hansı yollardan necə
keçirik?
Bədbəxtlik orasındadır ki, az
adamı keçdiyi yolun necəliyi, yanındakının
kimliyi maraqlandırır. Necə ki, bilgisayarda
axtarış edərkən onun daxilində hansı əməliyyatların
getdiyini bilmirik, bizi sadəcə
axtardığımızı tapmaq maraqlandırır, eləcə
də, insanları sadəcə son nəticələr ilgiləndirir.
Ucalığa gedən yol hansı
“cığırlardan” keçir? Bu
artıq unudulmuş maraqdır.
SUSMAQ
Dünyada iki şey adamı susdurur. Bir yaxşı
anlamaq, bir də heç anlamamaq. Bu iki
susqunluğun ən gözəl nümunələrindən
biri budur. Bir gün İbn
Sina bir din əhlindən soruşur, “Allah dünyanın
harasındadır?” . O da belə cavab verir:
“Sən də həkimsən, de görək, can bədənin
harasındadır?”
ŞEKSPİR
ÜÇÜN KÖLƏLİK
Şekspir bir mətn daxilində elə incə məqamlara
toxunur ki, insan heç cür onun dahiliyini inkar edə bilmir. “Hamlet” əsərində
Hamlet kralı birinci dəfə ona görə
öldürmür ki, kral dua edib
bağışlanmağını istəyirdi. Hamlet onu dua edən zaman bağışlana biləcəyi
ehtimalına görə öldürmür ki, onu günah edəndə
öldürəcəm ki, cənnətə düşüm.
İkinci bir məqam, əlində hər bir işi
gördürmək bir çırtıq çalmaq qədər
asan olan kral, günahları bağışlansın deyə
tövbə edə bilmir. Səhnəni təsəvvür
edin: Kral tövbə edə bilmir və vurnuxur günah hissinin
önündə.
Əgər
biri tövbə edə bilmirsə,
Onda necə olsun? Ah, müdhiş,
əzab.
Şekspir obrazını o qədər müdhiş təsvir
edir ki, onun üzünə tövbə qapısını da
bağlayır və ən əsası Allah
qarşısında hökmdarın köləliyini çox
sadə yolla bəyan edir.
“HAMLET”İ MƏĞLUB
ETMƏK İSTƏYİMİZ
Qildensterin
Hamletə deyir: Biz nə edə bilərik, milord? – Hamlet cavab
verir:
– Həqiqətdən
başqa hər şey.
Sona qədər Hamlet ən yaxın adamları ilə
“böyük bir yalan”ı yaşayır. Sonda başa
düşür ki, hətta tale də yalandır,
çünki onun idealı önündə tale yalandan
başqa nə ola bilərdi ki? Şekspir bu düşüncə qəhrəmanını
böyük ağrılar önünə
çıxardır, Hamlet ona görə sarsılmır ki,
yaşamla, yaşam idealı arasında dəhşətli
uçurum onu həyatın içində həyatdan
yuxarıda saxlayır. Şekspir bu yolla qəhrəmanını cəmiyyətdən, insandan və
yamanlıqdan qoruyur. Hətta sevgi önündə
də belə olur. Səhnədə kiçik şeir
müqəddiməsi oxuyan aktyora baxan Ofeliya irad göstərərək
deyir:
– Bu lap
qısa oldu – Hamlet dərhal Ofeliya barəsindəki gələcək
“tikanlı həqiqət”ini həmin kontestə əlavə edərək
deyir:
–
Qadın məhəbbəti kimi.
Şekspir
idealist qəhrəmanla
hamını üz-üzə qoyur və
ideyanın, düşüncənin qalibliyini üzə
çıxarır. Hamlet Ofeliyanın atası Poloniyə
deyir: “Namuslu olmaq min nəfərdən biri olmaq deməkdir”.
Şekspir əsərdəki bütün qəhrəmanları
demək olar ki, əsas qəhrəmanla – Hamletlə üzləşdirir
və qalib edir. Amma nədənsə biz Hamletin “Olum ya,
ölüm? – budur məsələ”
sözlərini qabardırıq və vaxt-bivaxt
xatırlayırıq. Bu sualın
düşünüldüyü an, idealistin bəşəri
sual qarşısında məğlubiyyət məqamıdır.
Çoxları Hamleti bu bəşəri suala
görə sevir. Alber Kamyu məktublarının birində
yazırdı ki, “cəmiyyət gizli mazoxist”dir. Onlar
alçalanları, əzilənləri sevirlər. Bu heç də fəzilətdən doğan mərhəmət
hesabına başa gəlmir, onlar əzab çəkən
insanla şüuraltı olaraq baş qatmaq, əylənmək,
vaxt öldürmək istəyirlər”. Bu
məqamda bizi də Hamletin məğlub olduğu məqam daha
çox düşündürür. Biz
“olum ya ölüm” sualı qarşısında məğlub
Hamletə işıldayan gözlərimizlə heyran-heyran
baxırıq. Çünki o məğlubdur... Səd əfsus...
KAMYU NİHİLİSTDİRMİ?
Alber Kamyunun əsərlərini oxuduqca ədəbiyyatın
“ixtirasına” insan bir daha heyran olur. Yəni insan belə
yaza bilərmi? Bu qədər az, bu qədər
soyuq və bu qədər ümidli. Nədənsə
bizə elə gəlir ki, Kamyu və Jan-Pol Sartr həyatın
dibini göstərməklə bizi iyrəndirir, soyudur, bezdirir.
Amma düşünürəm ki, biz iyrəncliyi
və ədalətsizliyi gördükcə daha da
bağlanmalıyıq həyata. Çarli Çaplin
demiş: “Biz düşündürməkçün eləyirdik,
siz gülürdüz”. Kamyu da, əslində, elə
bizi həyata bağlamaq istəyirdi. Məsələn,
“Taun” əsərində göstərirdi ki, baxın, xəstəliyin
içində də Ryö həkim kimi sağlam qalmaq olar.
Öz dövründə bəzi tənqidçilər
“Yad” əsərini “hissini itirmiş insanın traktatı”
adlandırırdılar. Halbuki Kamyu “Yad” əsərində obrazın dili ilə
görün nə deyirdi: “Anam həmişə deyərdi ki,
insan heç vaxt tamamilə bədbəxt olmur. Həbsxanada səma
qırmızıya boyanıb kameraya yeni günün
işığı düşəndə başa
düşdüm ki, anam haqlı imiş... Axı,
həmin saatlarda addım səsləri eşidilsəydi, bəlkə
də, qorxudan ürəyim partlaya da bilərdi”.
Doğurdan da, insan tam bədbəxt olmur, nə də
xoşbəxt.
Əslində, bu ideya ilə Kamyu böyük
müharibələrdən, inqilabdan keçmiş Avropa cəmiyyətinə
ümid verir. Amma neyləyəsən ki, burası da var:
Adamın adı çıxınca, canı
çıxsın...
lll
SELİNCER “ƏLVİDA SİLAH”A NİYƏ “QƏLP
ROMAN” DEYİRDİ?
Devid Cerom Selincer “Çovdarlıqda uçurumdan qoruyan”
romanında baş qəhrəman Holdenin diliylə Ernest
Heminqueyin “Əlvida silah” əsərini “qəlp roman”
adlandırır. Guya Holden romanı kiminsə əlində görür və
ona qəribə gəlir ki, görəsən, bu
darıxdırıcı, “qəlp” əsəri həmin adam necə oxuyur. Maraqlısı odur ki,
Selincerin romanın məşhurlaşmasından təxminən
20-25 il öncə Heminqueyin romanı
“dünyanın damarı” adlandırılaraq, təqdir
olunurdu. Hətta sonradan etirazçı hippi hərəkatının
nümayəndələrinə belə ciddi təsir
etmişdi. Amma ədəbiyyat üçün son dərəcədə
az müddətdən sonra, belə desək
60-cılar dalğasıyla yaranan “etiraz təkanı” köhnə
ideyaları dağıtdı. Belə ki, insanların 10-15 il əvvəl tale kimi yaşadıqları faciələr,
müharibələr, “döyüşsüz müharibə” –
dinclik vaxtı artıq indi “qəlp”, saxta təsir
bağışlayırdı. Həyat necə də
tez dəyişir?
E.Heminquey
özü də dəyişikliyin tərəfdarı idi,
“Əlvida silah” əsərində bu barədə
yazırdı: “Heykəllər həmişə ürəyimi
sıxıb. Mərmər büstlər dəyişilməz
qəbiristanlığı xatırladır”.
Qəribədir deyilmi?
İLAHİ CƏZA AĞIRDIR, YOXSA HÖKUMƏT
CƏZASI?
Rus ədəbiyyatında
fikir verirsinizsə, bir sıra əsərlərdə
(F.M.Dostoyevski “Cinayət və cəza”, L.Tolstoy “Dirilmə” və
s.) sürgünə göndərilmək və ya kimə
görəsə katorqa həyatı yaşamaq heç də
qorxulu bir şey deyil. Amma reallıq başqa şey deyir:
əlbəttə, katorqa ağırdır, məşəqqətlidir.
“İncil”dən gəlmə bir əxlaq var ki,
dünyəvi cəzaların hesabına əbədi həyat
qazanmaq olar. Rus yazıçıları
obrazlarını katorqaya “göndərməklə”, əslində,
rus çarlığına sükutlu bir ironiya edirdilər və
başa salmağa çalışırdılar ki, siz nə qədər
güclü olsanız da verdiyiniz cəza İlahi cəza
deyil, ən uzağı hökumət cəzasıdır.
BAŞIMIZA
GƏLƏNLƏR
Mixail Şoloxovun “Sakit
Don” əsərini oxuyub onsuz da bir müddət sonra
unudacağıq. Bəs oxunanlar on, iyirmi ildən
sonra unudulursa, niyə oxuyuruq? Məncə,
obrazlar unudulur, amma hadisələr yox, çünki adi həyatda
da insanları bir müddət görməyəndə
adlarını unudursan, amma o adını unutduğun şəxslə
başına gələn əhvalatlarısa yox. Bu mənada, dahiyanə əsərlər həm də
bizim “başımıza gəlir”.
ZÖVQÜMÜZ
– HƏQİQƏTİMİZ
Zövq həqiqətdən yaranır. Həqiqət
məcbur edir ki, biz nəyəsə inanaq, inanandan sonra isə
təsdiqləyərək seçirik. Əsərlərindən
imtina edən yazarların imtina səbəbi: həqiqətlərini
dəyişməsidir. Bugünkü həqiqətləri
dünən yazdıqlarının düzgün olduğunu təsdiqləmir.
Bu mənada, insanların zövqləri yox, həqiqətləri
fərqlidir. Elə dəyişən də
zövqlər yox, həqiqətlərdi.
ALLAHI KİM ÇOX DÜŞÜNÜR?
Allahı həm də ateistlər çox
düşünür. Çünki insan, daim olmayan şey
haqqında düşünür. Bütün bunlar
dünyada “olmayan”lar həm də, öz
isbatını istəyir, bu isbat isə hələm-hələm
tam yoxluğu ifadə etmir. Yox olanları isbat
etmək isə, əslində, bir qədər də onları
var etmək demək deyilmi?
BİZİM
YAZILAR
İnanmaq
istəyirəm: bir vaxt gələcək ki, bizlərin
yazılarını janrlara yox, eləcə iki yerə böləcəklər:
“Ürəklə yazılanlar” və “ürəksiz
yazılanlar” (nəyəsə və kiməsə görə).
Onda o dövrün insanları çox
asanlıqla həm bizləri, həm də bizim ürəksiz
yazdığımız məqalələrin dəlalət
etdiyi məsələləri və kəsləri kolayca
ifşa edə biləcəklər. Məncə, o “ədəbi
sur”un çalınacağı vaxt
çox dəhşətli olacaq, görəsən, biz daha
çox ifşa olunacağıq, yoxsa onlar?
NİZAMİNİN BƏRAƏTİ
“Xosrov və Şirin” əsərində Xosrovun Şirini əldə etməsi üçün hansı fırıldaqlara əl atması, hansı qana bais olmasını bilirsiz. Amma əsərin sonunda Xosrov ölərkən Şirini yuxudan oyatmır, narahat etmir onu. Xosrov bütün çirkinlikləri bu hərəkəti ilə yuyurmu? Görünür, yuyur. Yamanlıqlar unudulur. Dini kontestdə Xosrovun son hərəkəti yəqin ki, onu cəhənnəmdən xilas etməyə bəs etməz. Lakin bircə o hərəkət Xosrovu həm insan, həm də ədəbi qəhrəman kimi ədəbiyyatda saxlayır. Nizami nədənsə heç bir obrazını tam pis insan kimi əks etdirmir, İbn Salam obrazı da elədir, onu istəməyəni alır, amma namərdlik eləmir. Yaxşı ilə pisin sərhəddi o qəhrəmanları qoruyur, ona görə də Nizami obrazlarının bir çoxuna hansı məqamdasa haqq qazandırmaq olur.
SƏNƏTİMİZ HƏQİQƏTİMİZDİR, YOXSA HƏYATIMIZ?
Vaqif Səmədoğlu haqda olan “Şair və zaman” adlı kitabda bir sıra ziyalılar şair haqda xoş söz yazıb. Amma görün Vaqif müəllimin həyat yoldaşı Nüşabə xanım nə yazır: “Mən bilirəm ki, dünyada sənin ən böyük həqiqətin poeziyadır, bəlkə də o sənin sürdüyün həyatın özündən də həqiqidir”.
Necə dəhşətli həqiqətdir, qadın öz həyat yoldaşının (hər şeydən əvvəl şairin) həqiqətinin (həqiqət nədir? Yəni sənin doğru bilib yaşadığın və doğru bilib seçdiyin) poeziya olduğunu vurğulayır. Yəni, şairin sevgisi də, bəzən həyatı da həqiqi (səmimi) olmaya bilər... Nüşabə xanımsa şairin elə əsl həqiqətini sevgi, güzəran yox, poeziya olduğunu qeyd edir. ...sətiraltı həm də bununla razılaşır. Nə böyük səadət, nə böyük ürək!
Ardı var...
Fərid Hüseyn
525-ci qəzet.-
2013.- 17 avqust.- S.21.