İlhamə
Quliyevanın məhəbbət formulu
YUBİLEYİ
ƏRƏFƏSİNDƏ GÖRKƏMLİ
MÜĞƏNNİ HAQQINDA PUBLİSİSTİK
DÜŞÜNCƏLƏR
İfa etmək, səhnəyə çıxmaq,
hamının diqqət mərkəzində olmaq arzusu yəqin
ki, onda hələ lap uşaqlıqdan yaranıb. Axı o, musiqili atmosferdə
böyüyüb – xüsusilə də anası Tükəzban
İsmayılova öz həyatını və
yaradıcılıq taleyini görkəmli tarzən Həbib
Bayramovla bağlayandan sonra, praktik olaraq, həmişə
onların evində xalq mahnıları, klassik muğam
melodiyaları səslənirdi.
Məşhur
Hüseynqulu Sarabskinin yetirməsi Tükəzban xanım uzun
illər Azərbaycan Dövlət Filarmoniyasının və
1973-cü ildən həyat yoldaşının rəhbərlik
etdiyi A.Bakıxanov adına milli
çalğı alətləri ansamblının solisti olub.
O, Azərbaycanın hansısa rayonundakı çay
plantasiyasında, yaxud da xaricdə, prestijli musiqi hollunda – fərqi
yoxdur – “Qaragöz” yaxud “Heyratı”nı eyni ilham və
coşquyla ifa etməyi bacarırdı. Onu həmişə
tarla müşayiət edən çox sevdiyi həyat
yoldaşının ölümündən sonra Tükəzban
xanım səhnə fəaliyyətinə son qoyaraq qalan
ömrünü gənc muğam ifaçıları
yetişdirməyə həsr etdi. Deməli,
İlhamə Quliyevanın özünün də səmimi
şəkildə təsdiq etdiyi kimi, o, ailədə əsl
musiqi akademiyası bitirib.
Azərbaycan
estradasının Primadonnası
Erkən yaşlarından mahnı oxumağı sevən
bu qızcığaz məktəbdə ifaçı kimi
çıxış edirdi, heç bir tədbir onsuz
keçməzdi. Ancaq anası onun müğənni olmaq arzusunu təqdir
etmirdi, ona görə də İlhamə Tükəzban
xanımın iradəsinə boyun əyərək 60-cı
illərin əvvəllərində S.Kirov adına
Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə
qəbul olur.
Sonra qızın həyatını kökündən dəyişən
bir hadisə baş verir; 1962-ci ildə İlhaməni Moskvaya
Ümumittifaq Tələbə Festivalına göndərirlər,
orada o birinci yerə layiq görülür.
Qayıdanda
onu şirnikləndirici təklif gözləyirdi – Dövlət
Televiziya və Radiosunun estrada simfonik
orkestrinin bədii rəhbəri, Xalq artisti Tofiq Əhmədov
onu öz kollektivinə solist dəvət etdi. Sonralar
o uzun illər oranın solisti oldu. Beləcə,
onun bugünədək davam edən uğurlu musiqi karyerası
başladı. Həmin illərdə
İlhamə orkestrlə birgə xeyli qastrollara getdi,
bütün Sovet İttifaqını gəzərək tez bir
zamanda populyarlıq qazandı.
1972-ci ildə
gənc müğənninin həyatında dönüş
yaradan ikinci hadisə baş verdi: İlhamənin
oxu manerası görkəmli Azərbaycan bəstəkarı
Fikrət Əmirovun çox xoşuna gəldiyindən onu Moskvaya
İttifaq Bəstəkarlarının plenumuna dəvət
etdi. Orada İlhamənin SSRİ Dövlət Televiziya və
Radiosunun estrada simfonik orkestri ilə birgə
çox uğurlu çıxışı oldu.
Təbii
gözəlliyi və ulduz istedadı ilə parlayan İlhamə
xanımın sənətindən vəcdə gələn
dahi bəstəkar onun üçün silsilə lirik
mahnılar yazdı: “Gülür ellər”, “Göygöl”,
“Toy mahnısı”, “Neyləmişəm” və sair.
Canlı
klassik olan, simfonik əsərləri müəllifi bu
böyük bəstəkarla gənc estrada
müğənnisinin tandemi öz dövrünün
melomanları arasında əsl sensasiya yaradaraq tufan qoparıb
desək, azdır. İlhamənin xalq nəğmələri
ruhunda ifa etdiyi lirik mahnılar dinləyicilərin ürəyinə
o qədər yaxındır ki, bu mahnılar ,
müasir dillə desək, uzun müddət televiziya və
radio efirlərində səslənən melodiya
siyahılarında ən yüksək reytinqə sahib oldu. Beləcə, İlhamə sözün həqiqi mənasında
məşhur olaraq bu günümüzədək daha yüksək
zirvələrə ucaldı.
O həmişə
mahnı müəllifi seçimində diqqətli olurdu, onun
üçün mahnıları milli musiqi mədəniyyətinin
korifeyləri bəstələyirdilər. Onların
sırasında Cahangir Cahangirov, Tofiq Quliyev, Rauf Hacıyev,
Ramiz Mirişli, Telman Hacıyev vardı. Emin Sabitoğlu,
Oqtay Kazımov, Elza İbrahimova, Hacı Xanməmmədov, Nəriman
Məmmədov kimi bəstəkarlar isə
mahnılarının bütöv bir silsiləsini ona həsr
etmişdilər.
80-ci illərin əvvəllərində İlhamə
Quliyeva Rəşid Behbudovun yaratdığı Mahnı
Teatrının solisti olur. Burada böyük
müğənninin rəhbərliyi altında daha bir musiqi
akademiyasını başa vurur.
Son illərdə
o, nisbətən yeni nəsil – Faiq Sücəddinov, Xanım
İsmayılqızı, Novruz Aslan, Aygün Səmədzadə,
Gövhər Həsənzadə kimi bəstəkarlarla işləyir.
İstedadlı müəlliflər onun
oxuyacağı mahnılara gözəl sözlər
yazırlar, o mahnılar əvvəllər olduğu kimi indiki
çağın hitinə çevrilir. Musiqi
olimpində bu heyrətamiz daimiliyin sirləri və səbəbləri
haqqında çox müzakirə, mübahisə açmaq
olar. Mənim üçün bir məsələ
aydındır: İlhamə sadəcə oxumur, o oxuduğu hər
bir mahınını yaşayır, hər bir nəğməyə
ürəyini qoyur. Buna görə də onun
kompozisiyaları belə isti, səmimi, emosional olur. Bəstəkarlar da onun temperamentini, əhval-ruhiyyəsini
nəzərə alıb yazırlar, çünki o heç
vaxt ürəyincə olmayan mahnını oxumaz. Elə
bu səbəbdən onun mahnıları da xarakterinə
oxşayır: lirik, yumşaq, eyni zamanda püskürən
emosiyaları, yaralı quşun naləsinə bənzəyən
yuxarı notları özündə ehtiva edən, dərin
ehtiraslarla dolu mahnılar.
İlhamə sanki öz xatirələrini bölüşür,
özünü mahnının süjetindən ayırmır,
əksinə, müəyyən mənada öz həyatını
onlara tən tutur. O gah səsini ucaldır, gah gizli şəkildə
pıçıldayırmış kimi oxuyur, artıq bəlli
və vacib deyil ki, mahnı özündə müğənninin
həyatını əks etdirir, yoxsa mahnı müəllifinin
təxəyyülünün məhsuludur. Bütün hallarda
bu, İlhamədir, onun hissləridir, yaşadığı və
hiss etdiyi təcrübədir...
Onu həmişə digər ifaçılardan fərqləndirən
– mövzusunun məhəbbət olmasıdır. Onun bitməyən
populyarlığının sirri bunda olmasın? Mənim fikrimcə, bizim estradamızda hələ
heç kəs məhəbbət barəsində İlhamə
Quliyeva kimi oxumayıb. İlhamə Quliyevanın dinləyicilərinə
təqdim etdiyi məhəbbət dastanında məhəbbət
özünü bütün çalarlarda göstərir: Məhəbbət
– ibadətdir, səcdədir, yandırıcı və kədərlidir,
eyni zamanda fərəhlidir, dünyada həyatın mənasıdır,
epatajdır, çağırışdır,
üsyandır...
N.Aslanın bəstələdiyi “Yaşın nə fərqi
var ki” və “Gedirəm” mahnılarında İlhamə adilik
çərçivələrini dağıdır, ənənəvi
baxışlara, dünyagörüşünə mesaj
atır, qarşı çıxır. Ümumiyyətlə,
Novruz Aslan və İlhamə Quliyeva Azərbaycana xeyli gözəl
mahnılar bəxş etmiş çox uğurlu
yaradıcı tandemdir.
Dinləyciliər arasında böyük populyarlıq
qazanmış mahnılardan biri də Sona Vəliyevanın
sözlərinə bəstələnmiş “Qaragilə”
mahnısıdır. Ümumiyyətlə, mənim fikrimcə, yaxşı mətn
(İlhamə Quliyevanın oxuduğu mahnıların sözləri
S.Rüstəm, T.Elçin, V.Səmədoğlu, sonralar B.Vəziroğlu,
V.Əziz, X. İsmayılqızı və hətta Uilyam
Şekspirə(!) aiddir ) bu və ya digər kompozisiyanın
uğuru üçün başlıca şərtdir.
“Yaşın nə fərqi var ki, sevirəm səni....”
– budur sevginin formulu. Bu sətirdə ifadə olunan fikir
müğənninin həyat və yaradıcılıq
kredosudur. Bacarırsa, kimsə bu formulu inkar etməyə
cəhd göstərsin! İlhamə sevir, o sevginin sərhədsiz
himnini oxuyaraq bizim ürəyimizin qapısını döyməyə
çalışır: sevin, insanlar, öz ürəyinizin
qapılarını bu misilsiz hissin üzünə
açın, heç nəyə baxmayaraq sevin, təkcə
sevgi bu dünyanı xilas edə bilər.
İlhamə xanımı tez-tez görkəmli rus
müğənnisi Alla Puqaçova ilə müqayisə edirlər. Onu da Alla
Borisovna kimi Primadonna adlandırırlar. Bizdə epataja
meylli müğənnilər var ki, kadrlarda siqaret də
çəkirlər, alkoqollu içkilər də qəbul
edirlər, az qala yarıçılpaq
soyunurlar. Onlar məni bağışlasın,
onlardan heç biri kifayət qədər qapalı, hətta
dövrünün kanonlarına görə ciddi geyinən
İlhamə Quliyeva kimi seksopil görünüşü ilə
azərbaycanlı kişilərin ürəyini belə həyəcanlandırmayıb.
Bu
publisistik qeydlər üzərində çalışarkən
qəfildən düşündüm: axı, o həqiqətən
həm ustad səviyyəsi, professionallığı, uzun illik
tamaşaçı tələbatı, öz
kübarlığı, şıltaqlığı və ərköyün
xarakteri ilə birgə Azərbaycan estradasının
Primadonnasıdır. Hətta onun bəzi əxlaq
müdərrislərinin mənəviyyatını təlatümə
gətirən, etiraz doğuran sevgi macəraları, romantik
etirafları da onun imicinin, Primadonna imicinin bir hissəsidir.
Bu imic auditoriyanın diqqətini özündə
saxlamağa, onun yaradıcılığına marağı
alovlandırmağa imkan verir.
Mandatsız
millət vəkili
XXI əsrin əvvəllərində İlhamə
Quliyeva qəfildən ictimai-siyasi fəaliyyətə
başladı.
Və onun buradakı yeri çox tez
özünü göstərdi. Onun 2000-ci
ildə parlamentə keçirilən uğurlu seçki
kampaniyasını xatırlamaq olar. Həmin
vaxt İlhamə seçicilərinin böyük bir hissəsinin
səsini qazanmışdı (onun rəqibi bədnam Gülər
Əhmədova idi). Həmin vaxtdan etibarən
İlhamə özünü mandatsız millət vəkili
adlandırır. 2007-ci ildə ona təqdim
olunan, mərkəzi Vaşinqtonda yerləşən
Ümumdünya Federasiyasının Dünya səfiri titulunu
xatırlamaq da yerinə düşər. 2003-cü
ildən başlayaraq İlhamə Quliyeva Azərbaycanın
ziyalı qadınlarından ibarət qrupla birgə
Dağlıq Qarabağ münaqişəsində zərərçəkmiş
qadın və uşaqların hüquqlarının müdafiəsi
ilə bağlı Cenevrədə BMT-nin xətti ilə
müxtəlif tədbirlərdə iştirak edib. Hətta bir dəfə İlhamə Quliyevanın belə
tədbirlərin birində spiker olub. 2004-cü
ildə İlhamə xanım Brüsseldə Avropa Parlamenti
qarşısında torpaqlarımızın işğalı
ilə bağlı keçirilən etiraz mitinqində
çıxış edib. Həmçinin
bizim üçün ağrılı olan bu problemlə
bağlı Qeteborq, Strasburq, Paris, İstanbul və digər
şəhərlərdə müxtəlif simpozium və
konfranslarda çıxışları olub. Beynəlxaq aksiyalarda aktiv iştirakı onu Dünya
Azərbaycanlıları Konqresinə gətirdi. 2004-cü ildə onu konqresin Mədəniyyət
Akademiyasının prezidenti seçdilər.
Ümumiyyətlə,
İlhamə xanımın fəxr edə biləcəyi titulu
çoxdur – 2002-ci ildə Ümumdünya Qadınlar Konqresində
ona mədəniyyət sahəsində beynəlxalq
ifaçı statusu verilib, “Türk dünyası səhnəsinin
kraliçası”, dörd dəfə “Hümay
mükafatı” və sair...
Lakin şübhəsiz, onun üçün ən
mühüm və əziz olanlar Azərbaycanın dövlət
təltifləri, ən başlıcası da Xalq artisti
adıdır.
Yeri gəlmişkən Əməkdar artist adını o
1982-ci ildə, Xalq artisti adını isə 16 il
sonra – 1998-ci ildə alıb. Müğənni
özü 16 illik bu zaman kəsiyini ədalətli və məntiqi
hesab edir, çünki Xalq artisti adını qazanmaq
üçün gərgin zəhmət və dinləyici rəğbəti
qazanmağın vacibliyini düşünür.
İlhamə Quliyeva onun istedadını yüksək
qiymətləndirən, ailəsinə və özünə
həssas diqqətlə və sevgiylə yanaşan dahi Heydər
Əliyevin xatirəsini sonsuz sevgi və minnətdarlıq hissi
ilə yad edir.
Tükəzban İsmayılova prezident təqaüdü
ilə təmin edilən ilk sənətkarlardan olub,
“Şöhrət” ordeni ilə təltif edilib. İlhamə xanım o zamanlar Heydər Əliyevin
onların evinə zəng edib Tükəzban xanımın səhhəti
və məişət problemləri ilə
maraqlandığını minnətdarlıqla
xatırlayır.
90-cı
illərin əvvəllərində Rəşid Behbudov adına Mahnı Teatrında 8 Mart Qadınlar
Günü münasibətilə təşkil edilən
konsertdə İlhamə Quliyeva Prezidentə bəstəkar
Faiq Sücəddinovun bəstələrindən ibarət
musiqi albomunun siqnal nüsxəsini təqdim etmişdi. “Neylərsən” adlanan albom bu formatda Azərbaycanda
ilk toplu idi. Heydər Əliyev İlhamə
Quliyevanın yaradıcılığını izləyirdi,
onu prezident təqaüdü və “Şöhrət” ordeni ilə
təltif etmişdi.
“Mənim üçün təltiflərin zirvəsi Azərbaycanın
və Dağıstanın Xalq artisti adıdır. Səhnədəki
əlli illlik fəaliyyətim nəticəsində demək
olar ki, dünyanın bütün ölkələrində
qastrolda olmuşam. Hər yerdə də Azərbaycanı,
xalqımı ləyaqətlə təmsil etmişəm.
Zərərçəkənlərə
yardım üçün tez-tez xeyriyyə konsertlərində
çıxış etmişəm. Artıq
uzun illərdir qaçqın və məcburi
köçkün ailələrinə kömək edirəm.
Hal-hazırda müharibə nəticəsində ev-eşiyindən
didərgin düşmüş 7 ailəyə yardım
göstərirəm...
Mənim həmişə bir mövqeyim və bir sifətim
var, mən həmişə dövlətə və Heydər
Əliyev ideyalarına sədaqətlə xidmət göstərirəm. Bu gün mən
İlham Əliyevin komandasındayam, ömrümün sonuna qədər
də həmin komandada olacağam” – deyir İlhamə Quliyeva.
Ustad
müğənninin belə danışmağa mənəvi
haqqı var: hamının yadındadır, 2003-cü ildə
o, öz pərəstişkarlarını İlham Əliyevə
səs verməyə çağırırdı. Həmin vaxt çətin məqam idi,
çoxları, hətta gələcək prezidentin çevrəsindəkilər
də onun qalibiyyətinə tərəddüdlə
yanaşırdılar, qalib gələcəyinə
inanmırdılar, bəziləri hətta getməyə, geri
çəkilməyə hazırlaşırdı.
Bununla
yanaşı, İlhamə xanım sadəcə öz işi
ilə məşğul olurdu: regionlarda konsertlər verirdi,
öz namizədinin xeyrinə təbliğat aparırdı,
beləcə, İlham Əliyevin seçki kampaniyasına
öz töhfəsini verirdi.
Yeri gəlmişkən,
bir çox ölkələrdə kino, estrada,
teatr, yəni, kütlə içərisində populyar olan
insanların öz namizədlərinin lehinə təbliğat
aparması normal praktikadır. İlhamədə
bu, əla alınır, çünki o, xalqın sevimlisidir.
“Mən
şou-biznes sözünü sevmirəm” –
deyir
İlhamə Quliyeva. Onu “estrada müğənnisi”
adlandıranda da xoşuna gəlmir. Onun
ruhuna sənətkar sözü yaxındır.
İlhamə həqiqətən bizim musiqi mədəniyyətimizdə
hadisədir və estradamızda sarsılmaz mövqeyə
malikdir.
Birincisi, onun yaradıcılığı lirik musiqi janrına uyğun gəlsə də müasir estrada çərçivəsindən çox kənara çıxır. Məsələn, o xalq mahnılarını da, muğamı da oxumağı sevir. Son dövrlərdə isə məmnuniyyətlə əvvəllər unudulmaz Tükəzban İsmayılovanın ifa etdiyi Üzeyir Hacıbəyovun “Qaragöz” mahnısını oxuyur.
İkincisi, müəyyən məbləğ müqabilində toylarda oxuyan ( əgər dövlətə vergi ödəyirlərsə, bunda da pis bir şey görmürəm) böyük və kiçik sənətçilərlə müqayisədə İlhamə yalnız qonaq qismində iştirak etdiyi yaxın adamlarının toyunda təmənnasız oxuyur. Xatırlayıram, 7 il bundan əvvəl mənim oğlumun toyunda musiqiçiləri ilə tam proqramla elə çıxış etmişdi ki, elə bil onu çoxminlik auditoriya dinləyirdi. Bax, bu əsl professionallıqdı: bir şəxs üçün sanki bütün ölkə üçün oxuyurmuş kimi oxumaq, çoxmilyonlu auditoriya üçün oxuyanda isə hər kəs elə düşünsün ki, İlhamə Quliyeva təkcə onun üçün oxuyur.
Hazırda İlhamə Quliyeva həyatı ilə yanaşı yaradıcılığının da yubileyinə hazırlaşır. Onun hazırkı planlarına Azərbaycanın regionlarına, eləcə də Kreml Sarayına səfəri daxildir. Təntənəli yubiley konserti isə Heydər Əliyev adına Sarayda keçiriləcək.
Bu il daha bir möhtəşəm tarix qeyd olunacaq: dekabrın 21-də Tükəzban İsmayılovanın 90 illik yubileyidir. Və İlhamə xanım bu tarix üçün anasının ifa etdiyi mahnı və muğamlardan ibarət albom hazırlayır. İnanıram ki, dəyərli müğənninin bütün planları zamanla həyata keçəcək, o hələ uzun illər öz əsas kumirinə – Musiqiyə sədaqətlə xidmət edəcək. İnanıram ki, o bundan sonra da bizi böyük Məhəbbətin, xilaskar Sevginin əsrarəngiz labirintlərindən keçirərək pərəstişkarlarının ürəyini mahnıları ilə riqqətə gətirəcək.
525-ci qəzet.- 2013.- 17 avqust.- S.16.