Əjdər Ol – böyük yolun 55-ci
addımında
Yazılarındakı sonsuz həyat eşqi, zərif ironiyası, özünəməxsus üslubu,
fərqli yazı manerası ilə usta ədibimiz Əjdər Ol məni
həmişə valeh
edib. Bütün janrları şərti hesab edən,“Mənim
üçün yalnız
ədəbiyyat janrı
var” deyən yazıçı həmişə
insan taleyini önə çəkir.
O, çox zaman adi insanlardan yazır. O insanlardan ki, biz onlarla hər gün metroda, işdə, yolda rastlaşırıq.
Ancaq Əjdər müəllim, əslində,
adi görünən insanların bizim görə bilmədiyimiz tərəflərini
işıqlandırır. Belə hekayələrindən
biri olan “Usta Yusifin kamançası”
əsasında qısametrajlı
bədii film də çəkilib.
Bu ilin iyun ayında AYB-nin “Natəvan” klubunda Gənc Ədiblər Məktəbinin üzvlərinə
ustad dərsi keçmək üçün
gəlmişdi Əjdər
müəllim. Tədbirdə yazıçılıq haqqında öz şəxsi təcrübəsini,
yaradıcılıq sirlərini
bizimlə bölüşdü. Gənc Ədiblər Məktəbindəki
bu görüşdən
sonra Əjdər müəllimi daha yaxından tanıdım.
Bu ünsiyyətdən sonra ondan bir
çox şeylər
öyrəndim. Ancaq ən
yaxşı ünsiyyət
vasitəsi kitabdır.
Biz kitab vasitəsilə,
heç vaxt üzünü belə görmədiyimiz, zaman və məkan baxımından bizdən çox-çox uzaqda olan müəlliflərlə
dialoq qura bilirik. Mənim aləmimdə, yaxşı
yazıçı oxucu
ilə ünsiyyət
yarada bilməlidir.
Əjdər Ol oxucu ilə ünsiyyət yaratmağı bacaran dəyərli yazıçımızdır.
Onun bu günə
qədər onlarla kitabı çap olunub, həmçinin Türkiyə, İran, Polşa, Almaniya və digər ölkələrdə kitabları
nəşr edilib. O, əsərlərilə ölkəmizin
sərhədlərini aşan,
bir çox nüfuzlu beynəlxalq mükafatlar qazanan qələm sahibidir. Əjdər Ol şeirlər və hekayələrlə
yanaşı, dram əsərlərinin
də müəllifidir.
2005-ci ildə Gənc
Tamaşaçılar Teatrında
“Molla Nəsrəddin və Əmir Teymurun filləri”, 2007-ci ildə isə “Son məktub”
pyesi Milli Akademik Dram Teatrında tamaşaya qoyulub.
Türkiyənin tanınmış ədibi,
yazıçı və
tərcüməçi İmdat
Avşarın fikrincə,
Əjdər Ol Azərbaycan insanının
yaşamını ustalıqla
qələmə alan ədibdir: “Əjdər Ol... yaşadığı dövrdəki
ağrılı ictimai
hadisələri, köklü
siyasi, iqtisadi, sosial dəyişiklikləri
və bu dəyişmə dalğasının
sahilə vurub atdığı insanları
həqiqi sənətkarlara
xas bir duyarlılıq
və böyük diqqətlə sərf-nəzər
edərək əks etdirən bir yazıçıdır. Bir
tarixi dövrün inşa etdiyi qaranlıq arxa planın önündəki
səhnədə Əjdər
Olun bəzən dramatik, bəzən tragik, zaman-zaman isə mizahi bir üslubla ələ aldığı,
böyük dəyişiklik
dalğasıyla sərt
qayalara çırpılıb
sahilə atılan Azərbaycan insanı, insanları vardır”.
“Dünya ədəbiyyatı”
dərgisinin baş redaktoru, şair Səlim Babullaoğluya görə, Əjdər Ol, ilk növbədə, müstəqillik illəri
ədəbiyyatımızda portret hekayələrin əvəzolunmaz ustasıdır:
“İlk növbədə
ona görə ki, məhz bu
mənada Əjdəri,
hansı ədəbi düşərgədə olmasından
və hansı estetik platformanı paylaşmasından asılı
olmayaraq, əksəriyyət
təqdirlə qəbul
edir, belə ədiblərimiz azdır.
Əjdər Ol gözəl lirikdir, müxtəlif məzmunlu şeirləri ilə eyni dərəcədə
ustadır.
Əjdər Ol maraqlı dramaturqdur, onun dramaturgiyasının başlıca xüsusiyyəti isə qəhrəmanların, obrazların diri və müasir dildə, ahəngdar tərzdə danışmasıdır. Oxuyanda düşünmürsən ki, bu dillə sənin aranda böyük zaman məsafəsi var, yersiz pafos var. Hətta Molla Nəsrəddin belə Əjdərin çağdaşıdır.
Əjdər yaxşı dostdur. Yaxşı dosta, yaxşı ədəbiyyatçıya isə yubileydə nə arzulamaq olar. Yalnız yaxşılıqlar, gözəlliklər. Çox yaşa, Əjdər Ol!”
Şair və publisist Tofiq Abdinin nəzərində Əjdər Ol bütünlükdə istedadı, yaradıcılığı, ad-sanı ilə bərabər, olduqca mütəvazi bir şəxsiyyətdir: “Yazdıqları bir yana, maşallah, görkəmi, boy-buxunu ilə də görünən, diqqəti çəkəndir Əjdər Ol. Amma bunlardan əlavə, Allah ona yaşadığı ortamda çox mütəvazi davranış tərzi də verib. Bu da onu çox dəyərli edən xasiyyətlərdəndir. Mənim düşüncəmə görə, onun “Rafiq Tağı ki Rafiq Tağı” yazısı son dərəcə maraqlı və çoxlarını, mənim özümü də son dərəcə qısqandırıcı bir əsərdir. Bu mənim son illərdə oxuduqlarım arasında xalis bir ədəbi portret yazısıdır. Əjdər Ol bizə bəlli olmayan cəhətləri elə gözəl, elə məqamında, elə rəvan təsvir edir ki, əlinə qələm alıb bu fikirlərin altını cızmaqdan özünü zorla saxlayırsan”.
“525-ci qəzet” olaraq, dəyərli ədibimiz Əjdər Olu 55 yaşı münasibətilə ürəkdən təbrik edir, ona cansağlığı, yeni uğurlar arzulayırıq.
Ramil ƏHMƏD
525-ci qəzet.- 2013.- 17 avqust.- S.17.